Quetzalcoatl, qədim Mezoamerikan (Mərkəzi Amerika) panteonunda ən qüdrətli tanrılardan biri idi. Quetzalcoatl, Nahuatl (Asteklərin dili) sözləri olan quetzal (zümrüd lələkli quş) və coatl'ın (ilan) birləşməsindən yaranıb. Bu səbəbdən, Quetzalcoatl əsasən "tüklü ilan" olaraq tanınır.
Quetzalcoatl'ın Mənşəyi
Bu tanrı, digər Mezoamerikan sivilizasiyalar tərəfindən də bilinirdi. Məsələn Maya xalqı Quetzalcoatl'ı Kukulkán, Guatemala Quiché isə Gucumatz adlandırırdı.
Quetzalcoatl'ın mənşəyi, ya da heç olmasa tüklü ilan forması, e.ə. 13-5 əsrlər arasında mövcud olan Olmec sivilizasiyasına qədər uzanır. İlahi tüklü ilan təsviri, La Venta Abidəsi olaraq bilinən məşhur bir Olmec oyması üzərində tapılıb. Lakin, Quetzalcoatl kultu yalnız bir neçə əsr sonra, Erkən Klassik dövrdə ortaya çıxmışdır.
La Venta Abidəsi |
Quetzalcoatl'ın Yeni Xüsusiyyətləri
Quetzalcoatl'ın ibadət edildiyi bu dövrün mədəniyyətlərindən biri, 3-8-ci əsrlərdə mövcud olan Teotihuac sivilizasiyası idi. Bu sivilizasiya insanları Quetzalcoatl'a, yağış tanrısı Tlaloc'a bağlı bir bitki, torpaq və su tanrısı olaraq sitayiş edirdilər. Toltecs hakimiyyətə gəldikdə Quetzalcoatl kultunda bəzi əhəmiyyətli dəyişikliklər meydana gəldi. Quetzalcoatl, səhər və axşam ulduzu (Günəş) tanrısına çevrildi. Hansı ki, bu mədəniyyətin müharibə və insan qurbanı kimi mərkəzi xüsusiyyətləri göy cisimlərinə sitayişlə əlaqələndirilirdi.
Quetzalcoatl'ın günəş tanrısı rolu Astek dövründə mühafizə edildi və ona bir sıra digər vəzifələr də verildi. Məsələn, Venera planeti ilə əlaqələndirildi, zərgərlərin və başqa sənətkarların qoruyucusu oldu, təhsil, elm, incəsənət və əkinçilik tanrısı hesab edildi. Quetzalcoatl'ın, Astek sivilizasiyasının iki səciyyəvi xüsusiyyəti olan təqvim və qarğıdalını da yaratdığı qeyd edilir. Bundan əlavə, əkinçilikdən asılı bir cəmiyyət üçün olduqca vacib olan yağış buludlarının gətiricisi olaraq güclü küləklərlə əlaqələndirildi.
Yaradılış Əfsanələrində Quetzalcoatl
Ən əsası isə, Quetzalcoatl'ın yaradıcı tanrı statusuna yüksəlməsidir. Asteklərə görə, Quetzalcoatl əsas yaradıcı tanrılar olan Tonacateuctli və Tonacacihuatl'ın dörd oğlundan biri idi. Quetzalcoatl və qardaşı Tezcatlipoca'ya dünya yaratmaq vəzifəsi verildi.
Mifin başqa versiyasına görə, iki qardaşın bir-biri ilə daim mübarizə aparması bir neçə ardıcıl dövrün yaranmağı və məhvi ilə nəticələndi. Məsələn, 1-ci dövrdə Quetzalcoatl daş dəyənəklə Tezcatlipoca'ya hücum edərək, qəzəbli qardaşının bütün insanları yemək üçün yaquarlarına əmr verməsinə səbəb oldu. Asteklər, bu yaradılış və məhv hadisəsinin 4 dəfə baş verdiyinə və hazırda 5-ci dövrdə yaşadığımıza inanırdı.
Bir versiyada da iki qardaş birgə fəaliyyət göstərir və özlərini nəhəng ilanlara çevirərək Tlaltcuhtli (və ya Cipactli) adlı sürünən dişi bədheybəti yarıya bölərək yeri və səmanı yaratmağı bacarırlar. Bu 2 tanrı sonra ilk kişi və qadını, günəşi, ayı və digər tanrıları da yaratdı.
Quetzalcoatl'ın Sonu
Quetzalcoatl'ın sonunu izah edən bir Toltec əfsanəsi var. Bu əfsanədə tanrı, Tula'nın kahin-kralı idi və əsla insanları deyil, yalnız bitki və ya kiçik heyvanları qurban etmişdir. Tanrı insan qanını deyil, alternativ olaraq bu qurbanları qəbul etdi. Hər halda, Tezcatlipoca Quetzalcoatl'dan razı deyildi və ondan yaxa qurtarmaq istədi. Tezcatlipoca, Quetzalcoatl'ı sərxoş etməyi bacardı və onun bacısı Quetzalpétatl ilə insestinə səbəb oldu. Quetzalcoatl oyandıqda çox utandı və Atlantik okeanı sahilinə qədər bütün yolu getdi. Əfsanənin bir versiyasında, dəfn tonqalı qaladi və özünü ora atdı. Başqa birində, ilanlardan hazırlanmış bir sal üzərində şərqə doğru yola çıxdı.
Mənbə: ancient-origins.net
0 şərh var:
Post a Comment