January 18, 2018

Planetimizin ilk çiçəklərindən biri ilə tanış olun: Montsexia


Bəlli yarpaqları olmasa da, Montsexianın Yerdə meydana çıxan ilk çiçəkli bitkilərdən biri olduğu düşünülür. Çiçəkli bitkilər, yəni elmi dildə "örtülütoxumlular", hal-hazırda ən çox müxtəlifliyə sahib olan bitki qrupudur. Otlardan alma ağaclarına qədər təxminən 300 min növü var. Lakin eyni zamanda 130 milyon il əvvəl ortaya çıxmış ən gənc bitki ailəsidir. 

Çiçəkli bitkiləri düşünərkən, diqqətimizi çox vaxt çiçəyə cəmləyirik: ağlımıza səhləbçobanyastığının görünüşləri gəlir. Əslində örtülütoxumluları xarakterizə edən, adlarından da göründüyü kimi toxumlarının meyvə strukturlarının içində bağlı olmasıdır. Meyvələr həm qiymətli toxumları qoruyur, həm də toxumları inkişafı etmək üçün lazım olan qida ilə təmin edir. 

Fosil qeydlərində örtülütoxumluların görülməyə başlandığı zaman, Təbaşir Dövrünün əvvəlləridir. Bununla birlikdə, Dinozavr Dövrünün sonlarına qədər çox yayılmamışdılar. Sonra isə çılpaqtoxumluların hakimiyyətinə son qoyub, üstün bitki qrupu oldular. 

Olduğu kimi qalmış Montsexia fosili nümunəsi

Arxaefruktusdan Daha Qədim

Çindəki fosillərlə zəngin məşhur Yixian Yaranışı'nda rast gəlinən Arxaefruktus (Lat. Archaefructus sinensis, "qədim meyvə") bitkisi, uzun illər ərzində bilinən ən qədim çiçəkli bitki hesab edilirdi. Bu otabənzər su bitkisi, təxminən 125 milyon il əvvələ aid edildi. Müasir çiçəklərdəki yarpaq və kasacıqlara sahib olmasa da, çiçəklərin səciyyəvi çoxalma orqanları olan dişicik və erkəkciyə sahib idi. 

2015-ci ildə isə bir bitki fosilinin yenidən qiymətləndirilməsi nəticəsində, "fosili olan ən qədim çiçək" adının Arxaefruktusdan alınması gündəmə gəldi. Qeyd olunan fosil 100 ildən də artıq bir müddət əvvəl İspaniyada tapılmışdı. Montsexia (Lat. Montsechia vidalii) olaraq adlandırılan bu canlı, Avropa göllərinin dayaz sularında, tamamilə suya batmış vəziyyətdə yaşayırdı. Fosilləri isə 130-125 milyon il əvvələ aid edildi, yəni böyük ehtimalla Arxaefruktusdan daha yaşlı idi. 

Fosillər Nə Deyir? 

ABŞ, Fransa və Almaniyadan olan araşdırmaçılar, bu kiçik bitkinin 1000-dən çox fosilini analiz etdilər. Yarpaqları və kökləri süxurlardan təmizləmək üçün xlorid turşusu damlalarının tətbiq olunduğu yorucu bir prosesdən sonra, bitkinin qoruyucu üst pərdəsini diqqətlə ağartdılar və nümunəni stereomikroskop, işıq mikroskopu və elektron mikroskopu altında araşdırdılar. Bu ətraflı araşdırma nəticəsində, Montsexia yeni status qazandı: bu kiçik ölçülü və örtülütoxumluların xarakterik xüsusiyyətlərindən məhrum olan bitki, çiçəkli bitki olaraq qəbul edildi. Yarpaqları və nektar istehsal edən orqanları olmasa da, Montsexia meyvə verirdi. Hər meyvənin içində də bir ədəd kiçik toxum olurdu. 
Montsexia meyvələri (A) və toxumu (B)

Fosillər, Montsexianın həyat tərzi barəsində də müxtəlif ipucları verirdi. Aydın olur ki, bu bitki suda yaşayan bir növ idi. Montsexia çiçəkləri suyun üzərində üzmür, tamamilə suyun altında qalırdılar. Hər bir çiçəyin başındakı açıqlıq, suda üzən tozcuqların mayalanma üçün içəri süzülməsinə şərait yaradırdı. Montsexianın başqa maraqlı xüsusiyyəti də kökünün olmaması idi; bu səbəbdən dayaz sularda "gəzişirdi". Sadalanan xüsusiyyətlərin hamısı, hələ də varlığını davam etdirən başqa bir çiçəkli su bitkisi qrupunu xatırladır: Buynuzyarpaq (Lat. Ceratophyllum). Akvarium həvəskarlarının yaxşı tanıdığı bu bitkinin daxil olduğu qrup, görünüşə baxılsa Montsexianın qrupu ilə birlikdə, örtülütoxumluların ilk nümunələrini təmsil edirlər. Bunu Arxaefruktusun həyat tərzi haqqında bildiklərimizlə birlikdə düşününcə, çiçəklərin təkamülünün suda başlamış ola biləcəyi aydın olur. Bu isə çiçəklərin ortaya çıxmasına səbəb olan seçmə təzyiqləri ilə bağlı bəzi suallar doğurur. 

Paleobotaniklər hal-hazırda Montsexia ilə Arxaefruktus arasında əlaqə yaratmalarını təmin edəcək dəlillər axtarır. Örtülütoxumluların təkamül prosesinin daha yaxşı başa düşülməsi baxımından, belə bir əlaqənin tapılması böyük əhəmiyyət daşıyır.


Mənbə: bilimfili.com

Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top