January 6, 2018

Darvini çətinə salan davranışlar: xeyirxahlıq və altruizm


İnsanlıq, eqoizmin bu qədər təşviq edildiyi bir dövr görmədi bəlkə də. Amma buna baxmayaraq, yaxşılıq etmək domino təsiri yaradaraq bizə sanki rahatlıq gətirir. Mərhəmət və başqalarını da düşünmək, həm insanlar həm də digər heyvanlar arasında tez-tez müşahidə olunan davranış formasıdır. İnsanlar müxtəlif xeyriyyə təşkilatlarına yardım etdiyinə görə özünü daha xoşbəxt hiss edir. Bir çox növ, qarşıdurma yarandıqda zorakılıqdan çəkinərək mərhəmət davranışı sərgiləyir. Hətta bəzi heyvanlar, döyüş zamanı qarşılıqlı zərər verməmək xüsusiyyətini belə mənimsəyə bilirlər. Bala erkək xərçənglərin yuva uğrunda döyüşləri əsnasında təhlükəli qısqacları ilə bir-birinə əsla zərər verməmələri, zınqırovlu ilanların bir-birini sancmadan güləşmələri, qarşı tərəfdən bir kömək çağırışı edilməsə belə bonoboların kənardan gələnlərə kömək etmələri kimi bir çox nümunə heyvanlar aləmindəki mərhəmət nümunələrindəndir. 

Xeyirxahlıqla qarşılaşmaqdan əldə edilən faydalar, intuitiv olaraq aydındır. Lakin, yaxşılıq etməyə dair motivasiyalar ümumiyyətlə azdır. Faktdır ki, mərhəmət və altruizmin mövcudluğu, ən yaxşı uyğunlaşanın həyatda qaldığını irəli sürən Darvinin təkamül nəzəriyyəsi ilə zidd görünür. Məsələn, koloniyasını təhlükəli ovçulardan qoruyan steril qarışqalardakı yalnız özünü düşünməyən davranış forması Darvinə çətinlik yaratmış və o əvvəlcə bu vəziyyəti "izah edilməsi çətin və nəzəriyyəm üçün ölümcül" olaraq qiymətləndirmişdir. 

Bəs xeyirxah davranmaq necə təkamülləşmiş və nəyə görə təbii seçmə tərəfindən ələnməmişdir? Bir çox nəzəriyyəçi bu problemlə illərlə məşğul olmuşdur. Aşağıda ən ağlabatan fikirləri gözdən keçirmişik. 

Xeyirxahlığın izahı 

Darvindən 1960-cı illərə qədər olan ilk yanaşmalar, xeyirxahlığın təkamülünü, şəxsi çıxarlarına baxmayaraq fərdlərin qrup və ya növlərinin yaxşılığı üçün birgə fəaliyyət göstərdiklərini fərz etmə ilə izah etməyə çalışdı. "Qrup seçimi nəzəriyyəsi" adlandırılan bu nəzəriyyə, onilliklər ərzində yeganə şərh olsa da indi şübhə ilə yanaşılır. Rəqabətçi populyasiyalara nisbətən daha yaxşı həyatda qaldıqları iddia edilən kollektiv populyasiyalar ilk növbədə necə təkamülləşdi? 

Cavabın bir qismi, Richard Dawkinsin "Eqoist Gen" kitabında bəhs etdiyi "eqoist gen" nəzəriyyəsidir. Buna görə təbii seçmə, bizə bənzəyən və genlərimizi paylaşan yaxın qohumlarımıza mərhəmət göstərməyi dəstəkləyir. Bir qohuma kömək etmək, öz genlərimizin kopiyalayarının sonrakı nəslə köçürülməsinin bir yoludur və kömək edilənin yaxınlığı ilə mütənasib olaraq kömək edənə də fayda verir. 

Ancaq bu hər hansı bir genetik əlaqənin olmadığı insanlara göstərilən mərhəməti izah etmir. Bu nöqtədə qohum olmayan fərdlər arasındakı vəziyyət üçün başqa bir nəzəriyyə ortaya çıxır: Qarşılıqlı altruizm nəzəriyyəsi. Bu nəzəriyyəni bir növ faydalan-faydalan strategiyası olaraq təyin edə bilərik. Yəni, "əl əli yuyar, əl də üzü." Əgər qohum olmayan iki fərd bir-birinə mərhəmət göstərsə, hər ikisinə də fayda verən davamlı əməkdaşlıq əlaqəsi yaranır. Günahkarlıq, minnətdarlıq və simpatiya kimi müəyyən ictimai duyğular bu sistemdəki hiylələri təsbit etmək və qarşısını almaq, beləliklə də insan təkamülündə son dərəcə əhəmiyyətli olan qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün təkamülləşmiş ola bilər. 

Bəs yadlar? 

Yuxarıdakı nəzəriyyə, bəlkə də bir daha qarşılaşmayacaq olan yadların bir-birinə göstərdikləri xeyirxahlığı izah etmək üçün yetərli deyil. Belə qısa müddətli əlaqələrdə, xeyirxahlıq dolayı qarşılıqlılıq yolu ilə ortaya çıxa bilər. Bu hadisə, insanlar başqalarına xeyirxahlıq göstərdikdə və əvəzində xeyirxahlıq gördükdə baş verir. Real həyat dəlilləri göstərir ki, daha əvvəl özünə qarşı xeyirxahlıq görən insanlar yadlara kömək etməyə meylli olur. Nəticədə, başqalarının şahid olduğu bir alicənab davranış, onlarda xeyirxahlıq motivasiyasını yüksəldə bilər. Belə bir şöhrət başqalarında da xeyirxahlıq yarada bilər və beləliklə uzun müddətli faydalar əldə edilər. 

Lakin bu da, bir müşahidəçinin olmadığı hallarda xeyirxahlığı izah etmir. Burada "altruist cəza konsepsiyası" təklif edilmişdir. Bu nəzəriyyəyə görə, bəzi insanlar, kobud və eqoist insanları uzaqlaşdırmaq və ya onlarla birbaşa kəllə-kəlləyə gəlib cəzalandırmaq mövzusunda bir instinktə sahibdir. Bu cəzalandırma, fədakarlıqdır. Çünki, cəzalandıran üçün vaxt, əmək və mümkün risklər kimi bəzi itkilərə səbəb olsa da ictimai fayda verə bilər. Altruist cəzalandırmanın, böyük ölçülü ictimai və mədəni nümunələri mövcuddur. Bu cəzaya məruz qalma riski, bunu kimsə görməsə belə xeyirxah davranma mövzusunda ictimai təzyiq meydana gətirir. 

Bütün bu nəzəriyyələrə baxdıqda, xeyirxah davranmanın təbii seçmə prosesi ilə zidd olduğunu deyə bilmərik. Xeyirxahlıq məntiqlidir. Bəs məntiqlilik onun spontan baş verməsinə zərbə vururmu? Xeyirxahlıq eqoizm daxilində gizlənmiş bir davranış ola bilərmi? Altruizm həqiqətən də varmı? Bütün bu suallar fəlsəfi mübahisə mövzularıdır. Lakin, motivasiyanız necə olursa olsun, xeyirxah davranaraq yalnız ictimai rifahı artırmaqla kifayətlənməz, eyni zamanda özünüzü də yaxşı hiss edə bilərsiniz.


Mənbə: theconversation.com

Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top