April 29, 2013

Ziqot-əvvəli və Ziqot-sonrası Baryerlər

Yazı silsiləmizin bu yazısında, bir əvvəlki yazılarımızda açıqladığımız növləşmə hadisələrinin meydana gəlməsi nəticəsində yaranan yeni növlərin, cütləşdirilməyə çalışılmaları nəticəsində nələr ola biləcəyini öyrənəcəyik və səbəb Bioloji Növ Tərifi ilə Filogenetik Növ Tərifinin ürəyində "məhsuldar döl verə bilən fərdlər" sözlərinin iştirak etdiyini görəcəyik.

Dünya səviyyəsində elm dünyasınca ən çox qəbul edilən növ xarakterinin artım üzərinə olmasının çox əhəmiyyətli səbəbləri var. Bunların başında da, təbiətdə görülən artım baryeri gəlir. Artım baryeri, iki canlının cütləşməsinə mane olan mexanizm, vəziyyət, səbəb deməkdir.

Artımın ən əhəmiyyətli nöqtələri, cinsi birləşmədən sonra spermaların (və ya bitkilərdə tozcuqların), dişi yumurtasını tapması və qaynaşa bilməsi nəticəsində meydana gələn döllənmə və bunun nəticəsində yaranan ilk hüceyrə olan ziqotun formalaşmasıdır. Bu səbəblə, artım baryerlərini iki əhəmiyyətli qismdə araşdırmaq lazımdır:


1) Ziqot-əvvəli maneələr






Ziqot-əvvəli maneələr, adından da aydın ola biləcəyi kimi, canlıların cütləşməsində hələ ziqotun meydana gəlməsindən əvvəl maneə törədən baryerlərdir. Yəni bu tip baryer peyda olarsa, canlılar onsuz da cinsi birləşmə yaşaya bilməzlər və bunun nəticəsində də ziqot meydana gələ bilməz. Bu baryeri tək-tək araşdıraq:


a) Habitat izolyasiyası:

Bu tip maneələr, populyasiyaların ya da növlərin, növləşmə əvvəli, zamanı və ya sonra, yaşadıqları mühiti və ümumi olaraq mühit vərdişlərini dəyişdirmələri nəticəsində meydana gəlir. Növləşmə ilə əlaqədar yazımızdaki Rhigoletis cinsindən olan ağcaqanadları xatırlayın: Fərqli meyvələr üzərində yaşamağa və törəməyə öyrəşən növlər, seçimlərini təşkil edən meyvələrin fərqli mövsümlər və aylarda yetkinləşməsi səbəbiylə, habitat olaraq təcrid olurlar və bir-birləriylə törəyə bilməz hala gəlirlər. Bu tip izolyasiya, ziqotun meydana gəlməsinə mane olduğu üçün (fərqli habitatlarda yaşayan canlılar cütləşmə fürsəti tapa bilmirlər) ziqot-əvvəli baryerlərdən biri sayılır.


b) Zaman izolyasiyası:

Bir çox canlının nəsil artırmaq üçün seçim etdiyi müxtəlif zamanlar mövcuddur. Bir başqa deyimlə, hər canlı, hər mövsümdə və ya dövrdə cütləşmir. Bir-birinə yaxın olan növlər və ya bir növün alt növlərinin cinsi artım dövrləri bir-birindən zaman baxımından fərqlənirsə, bir-birləriylə cütləşə bilmirlər və bunun nəticəsində yenə növləşmə meydana gəlir. Bu da, ziqot meydana gəlməsindən əvvəl çoxalmağa mane olduğu üçün, ziqot-əvvəli baryer olaraq tanınır. Bunun tipik nümunəsi Cənubi Amerikada yaşayan 3 yaxın növ leopard qurbağalarıdır. Bu 3 növün cütləşmə zamanları bir-birindən tamamilə olmasa da, fərqlidir. Az miqdarda olan zaman toqquşmasında da ümumiyyətlə növlər arası cütləşmə meydana gəlmir. Bu da növlərin təkamülünü ön plana çəkir.

c) Mexaniki izolyasiya:

Fərqli növ fərdlərdə, uzun nəsillər boyunca fərqliləşməkdən ötəri cinsi orqanların boyu və şəkli dəyişə bilir. Bu, erkəklərin orqanları ilə dişilərin orqanlarının bir-birinə uyğun gəlməməsi vəziyyətini ortaya çıxarır. Buna mexaniki izolyasiya deyilir. Məsələn bir at ilə pişiyin cütləşə bilməməsi (bəzi başqa əhəmiyyətli genetik səbəblər xaricində) bu səbəbdəndir. Bitkilərdəki mexaniki izolyasiya isə, ümumiyyətlə tozlaşdırıcı canlının (pollinator) quruluşunun uyğunsuzluğundan qaynaqlanır. Məsələn Cryptostylis adlı bir orxideya növü, çöl arıları dişilərinə görünüş və qoxu baxımından bənzəyir. Erkək çöl arısı, orxideyanı dişi bir çöl arısı sanır və cütləşməyə çalışır. Ancaq artım reallaşmır. Bu sırada orxideya tozcuqlarını erkək çol arısına yapışdırmağı bacarır.

d) Davranış izolyasiyası:

Bir-birindən fərqliləşən növlər, bir-birləriylə cütləşmək istəməyə bilirlər və ya cütləşmə çağırışlarına uyğun gəlməyə bilirlər. Bu davranış bir izolyasiyanı özü ilə gətirir. Məsələn, bir növə aid erkək qurbağanın artım çağırışı, eyni növün dişiləri tərəfindən asanlıqla qəbul edilir. Eyni növdən olan dişilər erkəyi tapır və cütləşirlər. Amma fərqli ya da fərqli növlərdən olan qurbağalar bu çağırışa cavab vermirlər. Richard Dawkins, "Əcdadın Hekayəsi" adlı kitabında bundan ətraflı bəhs edir. Bitkilərdə isə, tozlaşdan heyvanın davranış və qidalanma üsulu bu izolyasiyaya səbəb ola bilər. Məsələn Kaliforniya dağlarında yaşayan bir bitki cinsi olan Aquilegia'ya aid iki növdə fərqli rəng, görünüş və duruş müşahidə olunur. Aquilegia "formosa" asqı şəklindədir və qısa bir çiçəyə malikdir və arıquşu tərəfindən tozlaşdırılır. Digər tərəfdən Aquilegia "pubescens" növünün uzun, açıq rəngli və yuxarıya baxan çiçəkləri var. Bu bitki, aşağıya doğru baxaraq qidalanan və uzun qidalanma orqanı olan şahin güvələr tərəfindən tozlaşdırılır. Güvənin quruluşu və qidalanma forması, çiçəyin duruşu və boyu ilə uyğundur. Nümunələri sayca və formal baxımdan çoxalda da bilərik.

e) Qametik izolyasiya:

Bəlkə də ziqot-əvvəli baryerlərdən ən əhəmiyyətlisi qametik izolyasiyadır. Daha əvvəldən, növləşmə nəticəsində yalnız müəyyən görünən orqanların deyil, artım sisteminin də, uzun müddət əcdad fərdlərlə cütləşməmə səbəbindən fərqliləşə biləcəyindən bəhs etmişdik. Bu fərqliləşmə nəticəsində, çox vaxt, sperma və yumurtaya aid biokimyəvi quruluş da dəyişir. Bu fərqliləşmə nəticəsində, bir nöqtədən sonra köhnədən tək bir növ və populyasiya olan canlılar bir araya gətirilsə və cinsi birləşmə meydana gəlsə belə, sperma ilə yumurtanın biokimyəvi və genetik strukturları uyğun olmayacağı üçün ziqot meydana gələ bilmir. Bunun başlıca səbəbləri, spermanın, yumurtanın ifraz etdiyi və spermaların onu tapmasını təmin edən kimyəvi qarışığı tanımaması və ya yumurtanı tapmalarına baxmayaraq yumurtaya qaynaması üçün istifadə etdikləri kimyəvi maddələrin artıq bir-biriylə uyğun olmamasıdır. Bu və bənzəri səbəblərdən ötəri sperma və yumurta bir-birinə qarışmır və ziqot meydana gəlmir.


İndi isə ziqot-sonrasını araşdıraq:


2) Ziqot-sonrası maneələr

Beləliklə, ziqot-əvvəli ortaya çıxan maneələri tək-tək araşdırdıq, indi isə zigot-sonrası artım baryeri mövzusuna keçək.

Bu yerdə, mövzuya girmədən əvvəl çox əhəmiyyətli bir məsələyə toxunmaqda fayda görürük: Bir-birindən bir qədər və ya tamamilə fərqli növlərin bir araya gətirildiklərində törəmələrinə hibridizasiya, bu artım nəticəsində ortaya çıxan fərdlərə isə hibrid deyilir. Yəni, hər nə qədər Bioloji Növ Tərifi daxilində fərqli növlər bir-biriylə cütləşə bilməyən fərdlər olaraq təyin olunmuş olsa da, filogenetik Növ Tərifi, morfoloji, davranış kimi çox daha əhatəli sahələri də növ tərifinə qatdığı üçün, fərqli növ olaraq təriflənmələrinə baxmayaraq (çünki davranışları, morfoloji, genetik xüsusiyyətləri bir-birindən çox fərqli ola bilər) bəzi növlər bir-biriylə cütləşə bilirlər. Bu hadisəyə hibridləşmə deyilir. İndi, bu hibridləşmənin nəticəsi olaraq ortaya çıxan vəziyyətlərə və ziqot-sonrası baryerlərə baxaq:







Növləşmənin tamamilə reallaşması və növlərin artıq yuxarıda sayılan izolyasiyalardan biri ya da birdən çoxu daxilində fərqliləşmələri nəticəsində ümumiyyətlə fərdlər artıq bir-birləriylə cütləşə bilmirlər. Amma bəzən də növləşmə üçün kifayət qədər vaxt və nəsil keçməmiş ola bilər və fərqliləşən növlər, bir-birlərindən tamamilə ayrılmamış ola bilərlər. Bu vəziyyətdə, bir araya gətirilən növlər qismən də olsa cütləşə bilirlər. Buna yuxarıda açıqladığımız kimi, hibridləşmə deyilir. Lakin bu artımın reallaşmasına baxmayaraq, əsasən, növləşmənin başlamasından ötəri ziqot-sonrası baryerlər olaraq adlandırılan maneələr dövrəyə girir və balalar ya qalıcı olmurlar, ya da törəyə bilmirlər. Yəni, bu vəziyyətdə cütləşmə nəticəsində ziqot meydana gəlir, ancaq ya bu ziqotda ya da ziqot nəticəsində doğulan fərddə, normal fərdlərdə müşahidə edilməyən hallar meydana gəlir. Bunlara az sonra toxunacağıq.

Ziqot-sonrası maneələr, ziqot-əvvəli maneələr kimi təyin olunmaqdan çox, hibrid (fərqli növlərin cütləşməsi nəticəsində yaranan fərdlərin) həyat keyfiyyətinə və yaşaya biləcəklərinə, törəyə biləcəklərinə görə təyin olunur. Bunlara baxacaq olsaq:



a) Hibrid Ziqotların Aşağı Həyat Səviyyəsi:

Ümumiyyətlə, hibridizasiya nəticəsində meydana gələn ziqotların yaşamaq ehtimalı çox aşağıdır. Növləşmənin xüsusilə irəli mərhələlərində müşahidə edilən bu vəziyyət, spermanın yumurtaya qaynaması və ziqotu meydana gətirməsi, lakin ziqotun bütövlüyünü və canlılığını qoruya bilməməsi nəticəsində ölməsiylə ortaya çıxır. Bu tip baryerə ilişən ziqotlar, ya ziqot meydana gəlməsindən dərhal sonra, ya da embrionun inkişafı əsnasında bir mərhələdə ölürlər. Bəzi hallarda bu baryer aşılır və bala doğulur, amma bu kimi halların hər birində, balanın yetkin hala gəlmədən öldüyü və ya gəlsə belə cütləşə bilməyəcək qədər ciddi anormallıqlara sahib olduğu müşahidə edilir.

b) Hibrid Yetkinlərin Aşağı Həyat Səviyyəsi:

Bu vəziyyət, sadəcə belə təyin oluna bilər: İki növün hibridləşməsi nəticəsində, yuxarıda və əvvəlki yazımızdaki baryeri aşaraq doğula bilən və yetkin hala gələ bilən fərdlərin, bu iki ayrı növün öz içərisində cütləşmənin nəticəsində meydana gətirəcəkləri fərdlərdən çox daha aşağı həyat nisbətinə sahib olmalarıdır. Qısaca, hibridlər təbii seçmə ilə ümumiyyətlə dəstəklənmir və məğlub olurlar. Bunun səbəbi, fərqli növlərin genetik strukturlarından qaynaqlanan dəyişikliklərin bir fərddə toplanması nəticəsində anormallıqların ortaya çıxmasıdır. Əlbəttə bəzi hallarda mühit şərtlərinə görə üstünlük hibridlərə keçə bilər, lakin bunun məşhur bir nümunəsini tapmaq çətindir.

c) Hibrid sonsuzluğu:

Bəzi hallarda isə bu anormallıqlar görülmədən fərd həyatını davam etdirə bilər. Amma bu fərd sonsuz olacaq. Bu səbəbdən nəsil artıra bilməyəcək və yeni bir populyasiya meydana gətirməyəcək. Bunun ən məşhur nümunəsi, at ilə eşşəyin cütləşməsi nəticəsində meydana gələn və
"qatır" olaraq adlandırılan növdür. Qatırlar sağlam olaraq həyatlarını davam etdirirlər, ancaq hamısı sonsuzdur. Bu səbəblə törəyə bilmirlər və saylarını artıra bilmirlər. Bir digər nümunə, ağac sərçəsi və yer sərçəsi olaraq adlandırılan iki növün cütləşməsidir, ancaq balaları yenə də sonsuz olur.

Göründüyü kimi, hər üç vəziyyətdə da, ayrı-ayrı fərdlər Təbii və cinsi Seçmə qarşısında məğlub olurlar. Çünki hər vəziyyətdə həyatda qalmağı və törəməyi bacarmırlar. Bu səbəblə, Təkamül Nəzəriyyəsinin möhtəşəm bir xüsusiyyəti olaraq, Təbii Seçmə, ziqot-əvvəli baryeri ziqot-sonrası baryerlərə qarşı dəstəkləyir. Yəni, ziqot-sonrası baryerlərə sahib olan (ilişən) fərdlərdənsə, ziqot-əvvəli baryeri dəstəkləyir. Beləcə, bir canlı "lazımsız" (unutmayın, təbiət qarşısında həyatda qala bilmir və nəsil artıra bilmirsinizsə lazımsızsınız) doğulub, həm ana-ata olan fərdlərə zaman və enerji itkisi olmayıb, həm də gərəksiz yerə vəsait xərcləməmiş olur. Bu vəziyyətə “reinforcement” deyilir. Bunun nümunələri Phlox cinsi bitkilərdə və qurbağa populyasiyalarında görülə bilər.

Bəzən, fərqliləşməyə və növləşməyə başlamış ya da növləşməni tamamlamış canlıların həyat sahələri bir-biri ilə üst-üstə düşə bilər. Əgər ki bu fərqli növlər, yuxarıda açıqlanan səbəb və formalarla bir-birləriylə cütləşə və törəyə bilirlərsə, bu iki habitat arasında, fərqli növlərin qarşılaşmaları və cütləşmələrinə görə “hibrid bölgəsi” deyilən sahələr meydana gəlir. Bu sahələrdə əsasən hibrit fərdlər olur, ancaq bunlar öz aralarında cütləşmədikləri üçün dəyişilərək yeni bir növ əmələ gətirə bilmirlər. Bu hibrid sahələrinin ən məşhurlarından biri, bütün Avropanı əhatə edən ərazidə meydana gəlir. Atəş-qarınlı qurbağa (Bombina bombina) Şərqi Avropanın demək olar ki hər bölgəsində yaşayır. Onunla yaxın qohum, ancaq fərqli bir növ olan sarı-qarınlı qurbağa (Bombina variegata) isə Qərbi və Cənubi Avropada yaşayır. Bu iki növün həyat sahələri, Almaniyadan Qara dənizə qədər uzanan 4800 kilometrlik bir xəttdə kəsişir və bu sahədə bu iki növün hibridi yaşayır. Bu hibridlərin çoxunda ciddi və ölümcül səhvlər olur və çox yaşamadan və nəsil artıra bilmədən ölürlər. Bu səhvlər arasında skelet pozğunluğu, onurğalardan bir qisminin bir-birinə qaynaması, səhv ağız strukturları, qaynamış qabırğa sümükləri və s. olur. Bu hibrid sahələri ümumiyyətlə dardır, çünki fərdlər üzərində çox ciddi bir Təbii seçmə mexanizmi var. Amma bu hibrid sahələri bəzən qalıcı ola bilər, çünki əks iki növ davamlı olaraq qarşılaşa (həyat sahələri üst-üstə düşdükdə) və nəsil artıra bilərlər. Beləcə ölən hibrid fərdlərin yerinə davamlı olaraq yeniləri gələ bilər.

Bu əhəmiyyətli baryerləri və vəziyyətləri anlamaq, Təkamül təlimini anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Oxucularımız, ümid edirik ki bütün silsiləni addım-addım oxuyaraq, Təkamüllə əlaqədar biliklərinin artıracaqlar. Təkamül sıravi və sadə bir mövzu deyil, üzərində yüz minlərlə alimin və araşdırmaçının hələ də işlədiyi bir elm sahəsidir. Bunu öyrənmək və haqqında fikir icra etmək istəyən şəxslərin daim həqiqi elmi tədqiqatlardan və məlumatlardan xəbərdar olmaları lazımdır.

Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top