January 27, 2015

"Bəlkə yadplanetli axtarışı strategiyamız yalnışdır?"

Yerdənkənar sivilizasiyaların axtarışı və onlarla əlaqə yaradılması üsullarına dəyişikliklər edilməlidir, alimlər hesab edir. Yarım əsrə yaxındır axtarışda olan ağıllı kosmik qardaşlarımızdan səs-soraq yoxdur. Yüksək intellektli yadplanetli varlıqların kosmosa yaydığı siqnalların axtarışı nəticə verməyibsə, bəlkə səhv bizdən qaynaqlanır?

Kainatımız o qədər böyük bir yerdir ki, burada həyatın yalnız Yerdə inkişaf etmiş ola biləcəyi versiyası şübhəli səslənir. Bir neçə onillikdir ki, alimlər həyat əlamətləri ola biləcək, həyat üçün əlverişli şərtlərə malik astronomik obyektlərin axtarışındadırlar. Hər hansı bir planetdə həyatın hansı yollarla yaranmış ola biləcəyi və ya uzaq kosmosda yadplanetli varlıqların sivilizasiya səviyyəsinə qədər inkişaf edib-etmədikləri məhz astrobiologiya adlı gənc elm sahəsinin cavab tapmağa çalışdığı suallardır.

Bununla əlaqəli olaraq ötən əsrin ortalarında SETI (yadplanetli sivilizasiyalarının axtarışı üzrə tədqiqat mərkəzi) layihəsinin təməli qoyuldu. Layihənin məqsədi dar diapazonda yüksək intellektə sahib yadplanetlilərin kosmosa yaydıqları radiosiqnalların axtarışından ibarət idi. Lakin SETI digər ehtimalı da gözardı qoymur: işdir, əgər qabaqcıl texnologiyaya malik yadplanetlilər bizimlə könüllü şəkildə əlaqə yaratmaq istəsə, onların ünvanlı mesajını cavabsız qoymaq nə dərəcədə düzgün olardı?

Berklidə yerləşən Kaliforniya Universitetindən olan Devid Messerşmitt kosmosa yayılmış ola biləcək potensial yadplanetli sivilizasiyası siqnallarının axtarışı strategiyasına bəzi dəyişikliklər edilməsinin lazım olduğunu irəli sürür. Hesab edir ki, dar diapazonda davamlı siqnal ötürmək üçün yadplanetli sivilizasiyaların enerji ehtiyatı kafi miqdarda olmaya bilər və ya belə diapazonda böyük enerji israfının qarşısını almaq üçün, ona qənaət etmək istəyə bilərlər. Başqa deyimlə, əgər söhbət bizdən dəfələrlə artıq inkişaf etmiş varlıqlardan gedirsə, belə üsul onlara əlverişsiz və "baha" başa gəlməlidir. Professor Messerşmitt qeyd edir ki, əvəzində daha geniş tezlik diapazonunda tək-tək və qısa siqnalların axtarışı ilə məşğul olmaq daha effektivdir.

Bunun üçün Messerşmitt rəsədxanaların qəbul edici cihazlarını yenidən tənzimləmək və qeydə alınan siqnalların bərpasına nəzarət edən proqram təminatını modifikə etməyi təklif edir.

"Lakin Yerdənkənar sivilizasiyalara aid izlərin dar diapazonda da axtarışı davam etdirilməlidir", - hər iki axtarış texnikasının vacib olduğunu hesab edən Messerşmitt, deyir.

Yadplanetlilərlə heç vaxt əlaqə qura bilməyəcəyimizə bir çox səbəblər var. Onlar bizdən xeyli uzaqda ola da, bizimlə əlaqə yaratmaq istəməyə də bilərlər. Doğma planetimiz olan Yerdə bu qədər qarışıq və müxtəlif canlı davranışlarına rast gəliriksə, oxşar amma bizim üçün yad ola biləcək, anlamadığımız yadplanetli zəkasının bizə qarşı "biganəliyini" niyə nəzərə almayaq ki? Hər halda Dreyk tənliyi qalaktikada tənha olduğumuz ehtimalının olmadığını göstərir. Bəlkə də bu mühüm sirrə məhz professor Messerşmittin irəli sürdüyü yeni üsulun tətbiqi sayəsində aydınlıq gətirilmiş olacaq və nəhayət anlayacağıq: "onlar" yoxdur yoxsa biz səhv edirdik?

Həmçinin oxuyun:

"Yadplanetliləri taparıq... siyasətçilər qoysa"
Kainatdaki həyatı qamma-partlayışlar məhv edir
20 il sonra yadplanetlilərlə ilk əlaqə yaradılacaq
Yazını dostlarla bölüş

2 şərh var:

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top