December 24, 2013

İlk avtonom süni ürək köçürüldü

Fransız kompaniyası "Karmat" dünyada ilk avtonom süni ürək transplantasiyası əməliyyatının yerinə yetirildiyi xəbərini yaydı. Unikal süni ürək modelini inkişaf etdirən məşhur kardiocərrah Alen Karpantyedir.

Əvvəlki modellərdən fərqli olaraq yeni süni ürək insanın fiziki yükünün intensivliyi dəyişildikdə kənardan düzəliş tələb etmir və praktiki olaraq bioloji ürək kimi işləyir. Bundan başqa model təzyiqə dərhal reaksiya göstərərək sirkulyasiya sisteminin sürətini artıra və azalda bilir.

Başda Alen Karpantye olmaqla bir qrup mütəxəssis Parisdə yerləşən Jorj Pompidu adına hospitalda ürək çatışmazlığından əziyyət çəkən bir kişini əməliyyat etdilər. Xəstənin bir ay qədər ömrü qaldığı hesab edilirdi. Hal-hazırda isə o reanimasiyadadır və həkimlər vəziyyətinin stabil olduğunu qeyd edirlər.

Mütəxəssislərin dediyinə görə yaxın zamanlarda daha bir neçə bu tip əməliyyatların həyata keçirilməsi planlaşdırılır.

"Bişa" Paris hospitalından olan ürək-damar cərrahı Patrik Nataf deyir:

"Bu, kardiologiyada orijinal inqilabdır. Buna oxşar aparatlar mövcud idi, lakin onlar xəstənin avtonomluğunu nisbətən təmin edə bilirdi. Yeni ürək xəstələrə daha asan hərəkətdə olmağı təmin edəcək, koaqulyasiya təhlükəsi isə daha az olacaq. Bütün dünyanın tibb ictimaiyyəti ilk əməliyyatların nəticələrini və bu üzrə aparılacaq tədqiqatları böyük maraqla izləyəcək."

Yeni süni ürək modeli artıq 20 ildir ki hazırlanmaqda idi. 900 qram çəkisi olan aparatın qiyməti hal-hazırda 80 min yevro təşkil edir.

Qaynaq: naked-science.ru
daha ətraflı...

December 23, 2013

Elektroşok vasitəsilə xatirələr silindi

Neymeqen Universitetindən (Hollandiya) olan Marijn Kroes və həmkarları 42 nəfər üzərində elektroşok terapiyası eksperimenti apardılar. Elektroşok terapiyası beyinə taxılmış ötürücülər vasitəsilə elektrik buraxaraq spazmaya səbəb olur. Tədqiqatın nəticələri Nature jurnalında dərc edildi.

Alimlər tədqiqatda yaddaş rekonsolidasiyası nəzəriyyəsinə əsaslandılar. Nəzəriyyəyə əsasən ağla xatirələr gəldikdə beynin müəyyən bir hissəsi qorunmasız halda aktivləşir, bu özünü qoruya bilməyən hissə də bir müddət məlumatın dəyişdirilməsi və ya yeni məlumatın əlavə edilməsi üçün şərait yaradır. Məhz bu müddət ərzində beyindəki xatirələr nəinki dəyişdirilə, hətta silinə də bilər.

İlk öncə tədqiqatçılar üzərlərində sınaq aparılan insanlara avtomobil qəzası və hücumu təsvir edən iki dəst fotoşəkil göstərdilər. Ardından onlara fotoşəkillərin bir hissəsini göstərək həmin hadisələrdən bəzilərini xatırlatdılar. Dərhal sonra isə elektroşok tətbiq etdilər. Bundan təxminən 2 saat sonra insanlar həmin xatirələri kifayət qədər aydın xatırlamağa davam edirdilər.

Növbəti gün aparılan sınaqda isə insanlar həmin xatirələrin detallarını çox çətinliklə xatırladılar. Ağla gəldikdən (fotoşəkillər göstərildikdən) dərhal sonra elektroşok tətbiq edilən xatirələr unudulurdu, digər, daha əvvəlki xatirələrsə yaddaşda qalmağa davam edirdi. Alimlər belə qənaətə gəldilər ki, xatirədən dərhal sonra elektroşoka məruz qalan insanlarda həmin xatirənin bərpa edilməsi səyləri gostərilməsə, xatirə unudulacaq.

Əksər xəstələr üzərində elektroşok terapiyasının tətbiq edilməsi yolverilməzdir, lakin alimlər hesab edirlər ki, əldə etdikləri nəticələrlə yaddaş rekonsolidasiyasının yeni metodlarını inkişaf etdirmək lazımdır. Gələcəkdə bu üsullarla posttravmatik stress, asılılıq və nevroz xəstəliklərini müalicə etmək mümkün ola bilər.

Həmçinin oxuyun:

Oksitosin kişilərdə bağlılıq yaradır
Altshaymerin mənşəyi tapıldı
Musiqi ritmi beyni inkişaf etdirir
daha ətraflı...

December 22, 2013

Saturn halqalarının yaşı hesablandı

Alimlər arasında nə vaxt meydana gəldiyi mövzusunda müzakirələrə səbəb olan halqaların, Saturnun peykləri ilə birlikdə yaxın vaxtlarda meydana gəldiyi hesab edilirdi.

Astronomlar Saturnun halqalarının yaşını hesablamağa nail oldular. Cassini kosmik aparatının göndərdiyi məlumatlar halqaların təxminən 4,4 milyard il əvvəl meydana gəldiyini göstərdi. Amerika Geofizika Birliyinin təşkil etdiyi konfransda təqdim edilən araşdırma nəticələri qaz nəhənginin halqalarının peyklərindən əvvəl mövcud olduğu fikrini dəstəklədi.

Colorado Universitetindən olan Sascha Kempf deyir: 

"Cassini məlumatları halqaların yüz milyonlarla deyil, milyardlarla il əvvəlinə aid olduğunu göstərdi."

Saturnun əsas halqa sistemi nəhəng ölçüdə olsa da, kosmik ölçüdə yalnız bir ülgüc qalınlığındadır. Təxminən 280 min kilometr genişliyindəki Saturnun əsas halqa sistemi vertikal mövqedə yalnız 10 metr qalınlığa sahibdir. Buz halını alan sudan ibarət halqalar meteor yağışlarının səbəb olduğu çox kiçik ölçüdəki meteroitlərdən də ibarətdir.

Kempf və həmkarları kiçik hissəciklərin (kosmik toz) halqa sisteminə nə qədər müddətdən bir daxil olduğunu anlamaq üçün Cassini'nin "Kosmik Toz Analizi" cihazını istifadə etdilər. Nəticələr sistemə daxil olan hissəciklərin gözlənilməz dərəcədə aşağı olduğunu göstərdi. Saniyədə planetdən 5-50 Saturn diametri qədər məsafəyə düşən hissəcik nisbəti 0,00000000000000000001 qramdır. Buradan yola çıxaraq astronomlar halqa sisteminin meydana gəlməsi üçün lazımlı olan müddətin təxminən 4,4 milyard il olduğunu qeyd etdilər.

Qaynaq: io9 , Sky&Telescope
daha ətraflı...

December 21, 2013

Virus texnologiyanın çətinliyini aradan qaldırır

ABŞ-dan olan tədqiqatçılar genləri dəyişdirilmiş mutant virusu mikroskopik elektrod kabellər üzərində sərbəst buraxaraq əhəmiyyətli bir irəliləyişə imza atdılar. Tədqiqatda litium-hava batareyaları gücünün artırıla biləcəyi aydınlaşdırıldı.

Massaçusetts Texnologiya İnstitutu (MTİ) tədqiqatçıları elektronik cihazlarda mühəndisləri ən çox yoran mövzulardan biri olan batareya ömürlərində əhəmiyyətli addım atdılar.

Litium-hava batareyaları ağırlıqları artırılmadan tutumları genişləndiyi üçün xüsusilə elektrik avtomobillərdə uzun səfərlərin "açarı" hesab edilir. Ancaq batareyanın elektrodlarını uzun ömürlü etmək üçün lazım olan texnologiyanın hələ inkişaf etdirilməmiş olması, enerji toplanması müddətinin gözləniləndən qısa olmasına gətirib çıxarır.

MTİ tədqiqatçıları litium-hava və litium-ion batareyalardaki problemi aşmaq üçün batareyanın istehsal prosesində qırmızı qan hüceyrəsi böyüklüyündəki nanokabellərə bio-texniki məhsul olan virusları əlavə etdi. M13 adı verilən virus zamanla kabellərin səthində yayılır və batareyanın doldurularkən və ya enerjisi tükənərkən elektrokimyəvi fəaliyyətinin sahəsini genişləndirir. M13 virusunun yardımını alan nanokabellər otaq temperaturundaki sudan metal molekullarını çəkir. Ardından bu molekullar M13 tərəfindən spesifik strukturlu formalara çevrilir. M13 virusu elektrokimyəvi qarşılıqlılığın iştirak etdiyi geniş sahəni iti səthə sahib manqan oksid meydana gətirərək ortaya çıxarır. Prosesin son mərhələsində isə nanokabellərin keçiriciliyini artırmaq üçün mühitə palladium metalı əlavə olunur.


MTİ-dən olan tədqiqatçılar uğur əldə etsələr elektron cihazlarda istifadə edilən batareyanın ömrünü 2-3 qat qaldıra biləcəklərini hesab edirlər.

Qaynaq: Gizmag , io9
daha ətraflı...

Asqırmaq nədir?

Asqırmaq burun selikli qişasını narahat edən hissəciklər səbəbindən meydana gələn və ciyərlərdəki havanın çox sürətli şəkildə burun və ağızdan çölə çıxması vəziyyətidir. Asqırmanın sürəti saatda 160 kilometrə qədər çata bilər. Səbəbinin parlaq işığa ani olaraq məruz qalmaq, istiliyin ani dəyişməsi, soyuq hava əsməsi, qismən dolu mədə, viral infeksiyalara reaksiya olduğu hesab edilir.

Ümumiyyətlə asqırmanın məqsədi burun ilə əlaqəli yolları açmaqdır. Bununla belə allergiyalar və bəzi xəstəliklər də bu refleksə səbəb ola bilər. Asqırma beynin beyin sapı hissəsindən nəzarət edilir.

Həmçinin maraqlı bir məlumat olaraq yatdığınızda heç vaxt asqıra bilməyəcəyinizi deyə bilərik. Bunun səbəbi REM atoniyası adı verilən vəziyyətdir. Bu vəziyyətdə olarkən neyronlar xəbərdar edicilərə reaksiya verə bilmədiyi üçün asqırma prosesi də baş vermir. Amma əgər xəbərdar edicinin şiddəti artsa fərd əvvəlcə oyanacaq, ondan sonra asqıracaq.
daha ətraflı...

Yaşlanma prosesi dal-dalı getdi

Alimlər "qırılma" baş verdikdə hüceyrələri yaşlandıran molekulyar mexanizmi aşkar etdilər və onu bərpa etməyə nail oldular. Tədqiqatın nəticələri 19 dekabr 2013 tarixində Cell jurnalında yayımlandı.

Yaşlanma prosesində əsas rolu öz DNT-ləri olan mitoxondrilər oynayır. Onlar funksiyalarını yaxşı yerinə yetirə bilmədikdə altshaymer və diabet kimi qocalıq xəstəlikləri meydana gəlir. İndiyəcən hesab edilirdi ki, bu xəstəliklər mitoxondri DNT-sində baş verən, geri çevirilməsi mümkünsüz olan mutasiyalarla bağlıdır.

Harvard Tibb Məktəbindən olan David Sinclair və həmkarları sirtuinlər adlanan gen qrupunu araşdırdılar. Onlar, SIRT-1 geni olmayan siçanlardan birini ələ aldılar. Siçanlarda yaşlanma əlamətlərinə rast gəlinirdi, bununla belə hüceyrələrdəki bütün zülalların səviyyəsi, mitoxondrial DNT-nin kodlaşdırdığından başqa, normal idi. 

Alimlər gördülər ki, yaşlanma prosesinin molekulyar səviyyəsində əsas rolu hüceyrə nüvəsi genomu ilə mitoxondriləri arasındaki koordinasiya pozuntuları oynayır. Nikotinamid-adenin-dinukleotid (NAD) fermenti səviyyəsinin aşağı düşməsi ilə bu tip koordinasiya səhvləri meydana gəlir. O olmadan SIRT-1 kodlaşdırdığı zülal transkripsion faktorların aktivliyini idarə edə bilmir - HIF. HIF-in səviyyəsi artır və beləcə genomlar arası ötürülmədə səhvlər meydana gəlir. Zamanla da hüceyrələrin enerji istehsal etmə qabiliyyəti zəifləyir və orqanizm yaşlanmağa başlayır.

Sinclair və həmkarları NAD hüceyrələrində dəyişərək hüceyrə içindəki genomların ötürülməsi mexanizmini bərpa edən maddəni tapdılar. Onlar, bu maddəni həftə ərzində iki yaşlı siçanlara verdilər və gəmiricilərin əzələ toxumasının 6 aylıq siçanlardakı kimi olmasını təmin etdilər.

Bundan başqa tədqiqat ərzində yaşlanma və xərçəng xəstəliyi arasındaki əlaqəyə rast gəlindi. Yaşlanma prosesində iştirak edən HIF amilinin xərçəng xəstəliyinin meydana gəlməsində də rol oynadığı məlum oldu.

Qaynaq: SMH , Cell
daha ətraflı...

December 19, 2013

Naməlum insan növünə aid izlərə rast gəlindi

Alimlər dəqiqlik və bütövlük baxımından əvvəlki "kopiyaları" üstələyən yeni neandertal genomu versiyasını əldə etdilər. Yeni genom kəsişmə prosesində nəinki bizim əcdadlarımız və denisovalar, hətta Homo erectus'dan təkamülləmiş naməlum bir qədim insan növü izləri daşıdığını göstərdi. Tədqiqatın nəticələri 18 dekabr 2013 tarixində Nature jurnalında yayımlandı.

Elm adamları 50 min il əvvəl Rusiya, Altayda yerləşən Denisova mağarasında yaşamış neandertal genomunu bərpa etdikdən sonra belə qənaətə gəldilər ki, qədim insanlar dörd növə bölünürdü. Bu mağarada neandertallarla birgə 2010-cu ildə alman genetiklər tərəfindən genomları oxunmuş denisovalar da yaşayırdı.

Leipzig'də yerləşən Təkamül Antropologiyası İnstitutundan (Almaniya) olan Svante Pääbo və həmkarları DNT fraqmentlərini istifadə edərək ayaq barmağı sümüyündən neandertal qadına aid genomu bərpa etdilər. Gözlənilməz olan, bu fosillərdə genom qeydlərinin mükəmməl qorunması idi, bu səbəbdən elm adamları genomu dəqiqliklə və tam olaraq "canlandıra" bildilər.

Əldə olunan ardıcıllığı insan və denisova genomları ilə müqayisə edən alimlər, neandertal DNT-sində bir neçə maraqlı xüsusiyyətə rast gəldilər. Birincisi, genom özündə bir neçə nəsillər ərzində davam edən populyasiya daxili yaxın qohum çarpazlama izləri daşıyırdı. Bu tapıntı neandertalların "nəsli kəsilən" insan növü olduğu iddiasına ciddi arqument hesab edilir. İkincisi isə, mağara sakini olan qadın genomunda kromanyonlara, denisovalara və hələlik haqqında heç nə bilmədiyimiz naməlum insan alt-növünə aid izlərə işarə edən faktlar var.

Kaliforniya Universitetindən olan Montgomery Slatkin deyir:

"Artıq bildiyimiz qədərilə, bir çox çarpazlama epizodu baş vermişdir. Bəlkə də hələlik haqqında bilmədiyimiz daha çox gen ötürülməsi hadisələri olmuşdur. Bu gen qarışmasının yalnız bir dəfə neandertallarla ilk insanların qarşılaşdıqlarında baş verdiyi, yaxud gen ötürülməsinin davamlı olaraq neandertal və insanların yaşadıqları bir-birinə yaxın ərazidə baş verdiyi haqda hələlik məlumat yoxdur."

Qaynaq: Nature , ScienceDaily
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top