December 26, 2014

"Elmə qarşı müqavimətin" psixologiyası

İnsanların əksəriyyətini elm qane etmir və bunun başlıca səbəbi ziyalı olmadıqları deyil, infantil (uşaqlıq dövrünün xüsusiyyətlərini saxlayan) düşüncə və xasiyyətə sahib olduqlarıdır.

Psixoloqlara çoxdan məlumdur ki, rasional kateqoriya kimi "bilik" həyatımızın istənilən sferasında çox az rola malikdir. Psixologiyada hətta belə bir xüsusi termin mövcuddur ki, insan üçün faydalı olan hər hansı bir şeyin daxili qeyri-rasional xoşagəlməzliyini xarakterizə edir - müqavimət. O cümlədən, elmə qarşı müqavimət maariflənmə yoxluğundan və ya savadsızlıqdan bir o qədər də qaynaqlanmır; əsasən, insanın bu biliklərə yiyələnmək istəmədiyindən dolayı meydana gəlir. İnsan üçün yaradana, ruha, qeyri-maddi aləmə və s. inanmaq daha rahatkomfortludur, çünki psixologiya nöqteyi-nəzərindən bu qərar daha bəsit və təhlükəsizdir. "Əgər tanrı yoxdursa, mən və yaxınlarımın qayğısına kim qalacaq", "məni incidən insanı kim cəzalandıracaq", "niyə yaşayıram", "kimə (nəyə) bel bağlaya bilərəm" və ya "əgər ölsəm cənnətə filan düşməyəcəm, sadəcə yox olacam", "çəkdiyim əzabların qarşılığında mükafatlandırılmayacam", "əgər tanrı yoxdursa, demək hər hansı bir etik norma da yoxdur, istədiyimi edə bilərəm" və s. - bir çox insanlar acı reallıq çərçivəsində bu suallarına cavab tapmağı bacarmırlar.

Amerikalı tədqiqatçıların gəldiyi qənaətə görə, cəmiyyətdə elmi biliklərə qarşı yönləndirilmiş kütləvi xoşagəlməzliyin və batil inancların sürətlə yayılmasının ən vacib səbəblərindən biri, müasir elmi nəticələrin insan psixikasının anadangəlmə xassə və meyllərilə, habelə ictimai şüura oturuşmuş stereotiplərlə uyğunsuzluq təşkil etməsidir. Beləliklə, "elmə qarşı müqavimət" adını almış fenomen inkişaf etməkdədir.

Son bir neçə il ərzində bu mövzunu maraqlandıran bir çox araşdırmalar aparılıb. Nəticələrə əsasən, "elmə qarşı müqavimətin" bəzi aspektləri, göründüyü qədərilə, bütün xalqlara və mədəniyyətlərə xasdır və bunların mənşəyi uşaq psixikasının dərin xüsusiyyətlərində gizlənir.

Əslində "körpələr dünyaya tam biliksiz göz açır" demək yalnış olardı. Onlar çox yaxşı dərk edir ki, əşyalar qalın, müəyyən bir sıxlıqda və zamanda sabit olurlar (bəli, körpələrdə zaman anlayışı da var, sadəcə bir qədər fərqlidir). Anlayırlar ki, insanların bu və ya digər bir hərəkətinin məqsədi var, onların emosiyaları hər hansı bir hadisəyə verdikləri reaksiyadır və s.

Uşaqların bu "təməl bilikləri" olmasa idi, öyrənmə bacarığına da sahib olmazdılar. Amma bu biliklər bir yandan da uşaqlara (dolayısı ilə də bir neçə il sonra uşaq ağlını itirməyən yetkinlərə) zərərlidir, çünki onların "darıxdırıcı" və "anlaşılması çətin olan" elmi məlumatları qavramasına maneəçilik törədir. Bütün əşyaların hər hansı bir dəstək olmadan yerə düşməsi ilə bağlı uşaq təsəvvürü, müəyyən bir yaşa qədər (8-9 yaş) onlara Yerin dairəvi olduğu faktını anlamağa mane olur.

Uşaqlarda olduğu kimi, uşaqlıq ağlını qoruyub-saxlayan yetkin insanlarda da təkamülə qarşı kütləvi "inancsızlıq" bununla əlaqələndirilir ki, uşaq onu əhatə edən ətraf-aləmində bir "məna", kiminsə "məqsədyönlü fəaliyyətini" görməyə meyllidir. Ümumiyyətlə uşaq psixikası olduqca eqosentrikdir - o, özünü bir çox hadisələrin səbəbi, dünyanın mərkəzi kimi görür. Şüursuzca davranır və etdiklərinin mənasını anlamır. Düşünür ki, "əgər valideynləri dalaşırsa, demək burada günahkar o özüdür" və ya "analar uşaqlarını böyütmək üçün yaşayırlar". Ağlına belə gəlmir ki, digər insanlar (ana) yorula, xəstələnə və ya pis əhval-ruhiyyədə ola bilər. Bunların hər birisi uşağın normal və təbii eqoizmi, eqosentrizmi ilə bağlıdır, hansını ki tədricən, əlavə şiddətə yol vermədən, uşağın hansı yaşda olduğunu nəzərə alaraq və mütləq surətdə aradan qaldırmaq lazımdır. Bununla yanaşı uşaqda anadangəlmə, bioloji ümumi üstünlüyə meyllilik var: "Mən - ən yaxşısıyam". Bunun, qismən, uşaqlıq acizliyinə kompensasiya olaraq formalaşdığını demək olar. Bu səbəbdən bizim möcüzəvi şəkildə cənnət bağında tanrı tərəfindən yaradılmış olmadığımız və meymunlardan ayrılaraq təkamülləşdiyimiz qalsın bir yana, bu gün də taksonomiyada meymun qrupu içərisində yer aldığımız kimi faktları qəbul etmək bir çox yetkin insanlara dəhşətli dərəcədə çətin görünür.


"Dörd yaşlı uşaqlar əmindir ki, mövcud bütün əşyalar nəyəsə görə mövcuddur" - bu, bir müddət əvvəl aparılmış xüsusi bir tədqiqatın nəticələridir. Məhz; şirlər ona görə mövcuddur ki, insanlar zooparkda onlara baxsın, buludlar ona görə mövcuddur ki, yağış yağsın və s. Bu tədqiqat həmçinin uşaqların, onları əhatə edən hadisələrə kreasionistik izahlar tələb etmələrinə olan meylliliyini təsdiqləyir (ətraf-aləmdəki hər şeyi bir kimsənə üçünsə yaradıb). Eyni xarakteri bəzi yetkin insanlarda da müşahidə etmək olar: "İnsanın həyatında bir məna var", "Başıma gələnlər etdiklərimin qarşılığıdır", "Tanrı insana qaldıra bilməyəcəyi yükü daşıtmaz", "Alın yazısından qaçmaq olmaz", "Bu iş qismətdə var idi" və s. Həyatda bir çox hadisələr həqiqətən əvvəldən "planlaşdırılmış" kimi görünə bilər, lakin bunun "alın yazısı" və ya "qismətlə" deyil, şüursuz uşaqlıq travmaları ilə əlaqəli olduğunu bir çoxlar bilmir.

Uşaq ağlının daha bir özəlliyi dualizmdir. Bu ideyaya əsasən, maddiyyat və mənəviyyat arasında (bədən və ruh, beyin və şüur arasında) prinsipial fərq var. Bütün bu xüsusiyyətlər yetkinlərdə də qorunub-qalaraq, qəribə, bəlkə də mənasız sosial diskussiyaların yaranmasına gətirib çıxarır: heyvanlar, insan embrionları və ya kök hüceyrələri üzərində eksperimentlər aparmaq olarmı, axı onların da "ruhu" ola bilər. Hətta bəzi hallarda vəkillər cinayətkarların törətdikləri cinayətdə günahlandırılmalı olub-olmadıqları sualını qaldırırlar - onlar ki, axır-əvvəl, "beyin fəaliyyətinin əmr etdiyi kimi" davranırlar. Belə çıxır ki, burada günahkar olan insan deyil, onun beynidir...

Bəzi reaksiyalar da müəyyən qədər sivil ənənələrdən qaynaqlanmış olmalıdır. Misal üçün, müasir elmin beşiyi dövlətlərindən biri olan ABŞ-da təkamül nəzəriyyəsinə düşmən kəsilən insanların sayı avropa ölkələrilə müqayisədə daha çoxdur. Lakin digər qütbdə yerləşən Rusiyada "elmə qarşı müqavimət" daha zəifdir.

Elmi ideyalar cəmiyyətdə dəstəklənməyəndə, yetkin insanlarda infantil düşüncə tərzinə meyllilik daha da möhkəmlənir. Əgər belə bir cəmiyyətin elmi ideyaya qarşı "elementar sağlam düşüncəyə" zidd olmayan və pərəstişəlayiq "qaynaqlara" əsaslanan psevdoelmi alternativi varsa, "elmə qarşı müqavimət" olduqca güclənəcək. ABŞ-da təkamül biologiyası və neyrobiologiyanın qarşılaşdığı vəziyyət, faktiki olaraq, belədir: bu elm sahələrinin çıxardığı nəticələr, adlı-sanlı siyasətçilər və din xadimlərinin dedikləri qalsın bir yana, hətta adi uşaq ağlına belə ziddir.

Nəyə görə zidd göründüyünü bu yazı ərzində izah etməyə çalışdıq. Ən azından bir şey təsəlli verir ki, psevdoelm yoluxdurucuları olan kreasionistlər, astroloqlar və metafiziklərin heç bir günahı yoxdur. Günahları varsa belə, bu, təbiidir. Onlar, "beyinlərinin əmr etdiyini" yerinə yetirirlər.

İstinad buradadır

Həmçinin oxuyun:

"Niyə əslində həyat mövcud deyil"
Darvinin iki əsri: Onun və bizim səhvlərimiz
Ruhları biz yox, beynimiz görür
daha ətraflı...

December 25, 2014

İnsanı ağılzıslaşdıran virus tapıldı

Nebraska Universitetinin Con Hopkins adına məktəbindən olan mütəxəssislər gözlənilməz kəşfə imza atıblar. Onlar, intellektə təsir göstərə bilən virusu aşkar ediblər.

Yayılan məlumata əsasən, virus növünün tapılması tamamilə təsadüfi baş verib. Alimlərdən ibarət komanda insanın boğazında yaşayan mikroorqanizmləri aşardırarkən, yaşıl yosunlara yoxulan infeksion agentin DNT-si ilə genetik uyğunluq təşkil edən bir virusu ayırd ediblər.

Tapıntı alimlərin marağına səbəb olduğundan, araşdırmanı davam etdirmək qərarına gəliblər. Eksperimentdə iştirak edən 90 könüllüdən 40-ının bu virusun daşıyıcısı olduğu bəlli olub. Ardından alimlər diqqət səviyyəsi və vizual dərk etmə göstəricilərini maraqlandıran əlavə testlər keçiriblər. Nəticədə virus daşıyıcısı olan könüllülərin yekun göstəricilərinin daha aşağı olduğu məlum olub.

Araşdırmanın başında duran doktor Robert Yolken güman edir ki, hətta ilk baxışdan zərərsiz kimi görünən mikroorqanizmlər belə insanın davranışına və onu əhatə edən reallığın hansı formada dərk edilməsinə təsir edə bilər. Məlum olduğu kimi, insanın bədəni trilyonlarla bakteriya, virus və göbələklər üçün yuvadır ki, bunların da böyük bir hissəsinin orqanizmə hər hansı bir təhlükəsi olmadığı hesab edilir.

Doktor Yolken təcrübədə iştirak edən könüllülərin koqnitiv bacarıqları arasındaki bir çox fərqlərin, hər şeydən əvvəl, genlərdən qaynaqlandığını qeyd edir. Lakin istisna hallarda insanın intellekt gösrəcilərinə orqanizm içərisində yaşayan bəzi mikroorqanizmlər də təsir göstərə bilər.

Daha əvvəl isə amerikalı alimlər herpes virusunun intellektual bacarıqların düşməsinə səbəb ola biləcəyi qənaətinə gəlmişdilər. Belə ki, intellekt testi zamanı, qanında yüksək virus göstəricisi olan iştirakçıların digərlərindən 25% zəif nəticə göstərdiyi məlum olmuşdu.

Həmçinin oxuyun:

İntellekt geni kəşf edildi
İnanclı insanlar intellektual baxımdan geridədirlər
İmmun sistemi geninin deaktiv edilməsi uzun ömürlülük təmin etdi
daha ətraflı...

December 24, 2014

Dinozavrların qırılmağına səbəb asteroid deyildi

Qəbul edilmiş ümumi versiyaya görə, qədim kərtənkələlərin nəslinin kəsilməsinin səbəbi Yerlə toqquşmuş nəhəng asteroiddir. Lakin aparılmış yeni genişmiqyaslı tədqiqat dinozavrların qırılma səbəbinin fərqli olduğunu irəli sürür.

Prinston, Massaçusets, Lozanna və Amravati universitetlərindən olan mütəxəssislər dinozavrların nəslinin kəsilməsində iştirak edən əsas faktorun asteroid deyil, vulkanlar olduğu qənaətinə gəliblər. Yeni hipotezə əsasən, buna səbəb Hindistanın qərbi və mərkəzi hissələrində yerləşən Dekan yaylası trapplarıdır (böyük maqmatik strukturlar). Alimlər trapplardaki geoloji strukturları araşdıraraq, mümkün püskürmələrin müddəti və təxmini vaxtını hesablamağa nail olublar.

Tədqiqatçıların köməyinə urantərkibli mineral olan və vulkanik püskürmədən sonra maqmada aşkar oluna bilən sirkon gəlib. Belə olan halda kimyəvi "saatlar" rolunda uran izotopları yer alır. Məlum olub ki, asteroidin düşməsindən 250 min il əvvəl planetdə genişmiqyaslı vulkan püskürmələri baş verib. Belə püskürmələr asteroid toqquşmasından sonra da 500 min il müddətində davam edib. Belə vəziyyətdə dinozavrların nəslinin kəsilməsinə gətirib çıxaran əsas amilin vulkanlar olduğunu vurğulamaq olar.

Bu fəlakət planet üzərində ciddi dəyişikliklər meydana gətirib. Xüsusilə də artmış karbon qazı nisbəti okeanların turşulaşmasına səbəb olub ki, bu da bir çox suda yaşayan canlıların nəslinin kəsilməsini zəruri edib. Tədricən ənənəvi qida qaynaqları yox olmağa başlayıb və müxtəlif növlər məhv olma təhlükəsi ilə üz-üzə qalmalı olublar.

Bu mövzu üzrə daha əvvəllər irəli sürülmüş başqa bir zəif versiyaya əsasən isə qədim kərtənkələlərin yumurtaları və balaları o müddət aralığında təkamül səhnəsinə çıxmış ilk yırtıcı məməlilər tərəfindən yeyilmiş ola bilər.

Həmçinin oxuyun:

Dinozavrların "bəxti gətirmədi"
Dinozavrların ən yaxın qohumu toyuq çıxdı
Dinozavrların "qatili" həyatı kosmosa yaydı
daha ətraflı...

Onurğasızların beyni təkamül keçmişinə işarə edir

Amerikalı neyrofizioloqlar onurğasızların beynində cüt struktur olan "göbələkvari bədənlər" üzərində araşdırma aparıblar. Nəzəriyyəyə əsasən, bunlar, öyrənmə qabiliyyəti və yaddaşa cavabdehdirlər.

EcdysozoaLophotrochozoa (spirallılar) tipi və tipüstü beyinlərinin göbələkvari bədənlərinin neyroanatomik və kimyəvi tərkibini öyrənən alimlər, göbələkvari bədənlərdə yerləşən "individual" neyronların oxşarlığını aşkar etməklə yanaşı, həm də bu orqanın müxtəlif həşərat və buğumayaqlılarda eyni təşkil prinsipinə sahib olduğunu aydınlaşdırıblar. Alimlər bütün cəhdlərdə göbələkvari bədənlərdə CD0, Leo, CaMKII kimi zülallara rast gəliblər.

Beləliklə, müxtəlif onurğasızların beyin quruluşunun fundamental birliyinin olduğu təsdiqlənib. Bunun isə yeganə izahı budur ki, bütün bu canlılar keçmişdə, təxminən 600 milyon il əvvəl ortaq əcdada sahib olublar.

Beynin "göbələkvari bədənləri" neyron qatına deyilir, miqdarları 12-ə qədər qalxa bilər. İlk dəfə 1850-ci ildə fransız tədqiqatçısı Feliks Düjarden tərəfindən izahı verilib. Bu orqan, müxtəlif analizatorlardan daxil olan informasiya inteqrasiyasının mərkəzi hesab olunur.

Alimlər bundan sonra da araşdırmalarını davam etdirəcəklərini bildirirlər. Bəlkə də növbəti dəfə onurğalı və onurğasızların beyninin müxtəlif hissələrinin ortaq mənşəyi sübuta yetirilə bilər.

Həmçinin oxuyun:

Ən qədim sinir sistemi tapıldı
Təkamül nəzəriyyəsinə əlavələr edilə bilər
Bionik beyin hazırlanacaq
daha ətraflı...

December 23, 2014

Dəri rəngləri niyə fərqli şəkildə təkamülləşmişdir?

İnsan növünün ən geniş və nəzərə çarpan müxtəliflik nümunələrindən biri şübhəsiz dəri rəngidir. Dəri rəngi mövzusundakı müxtəlifliyi (variasiyanı) araşdıran bioloqlar, bu rəngin melanin adı verilən bir rəng piqmenti ilə əlaqədar olduğunu müəyyən etmişdirlər. 

Sanıldığının əksinə dəri rənginin günəş şüaları ilə birbaşa əlaqəsi yoxdur. Günəş şüaları ilə dəri rəngi arasındakı əlaqə dolayıdır. Belə ki, günəş şüaları, xüsusilə də ultrabənövşəyi (UB) şüalar, melanosit hüceyrələrini xəbərdar edərək daha çox melanin yaranmasına səbəb olmaqdadır. Bunun səbəbi, UB şüaların növümüzün dərisində 3 əsas təsirə malik olmasıdır:

1. Həddindən artıq UB şüaları hüceyrələrə və orqanizmdəki kimyəvi proseslərə ziyan verməkdədir.
2. UB şüalar artdıqca, fol turşusunun (Vit.B9) parçalanması sürətlənir. Fol turşusu, DNT sintezində istifadə edilməkdədir; buna görə bədəndə kifayət qədər fol turşusu hər vaxt olmalıdır.
3. UB şüalar 7-dehidroxolesterol maddəsinin Vitamin D-yə çevrilməsini sürətləndirir. 


Günəş şüaları lazım olandan çox olduqda xoşagəlməz nəticələr doğura bilər. Məsələn həddindən artıq UB şüalar hüceyrə quruluşunu və dövrlərini pozaraq xərçəngə və ölümə səbəb ola bilər. Fol turşusu əskikliyi, DNT sintezinə təsir edərək hüceyrənin bölünmə dövrlərini pozur. Həddindən artıq Vitamin D istehsalı isə Vitamin D zəhərlənməsi olaraq bilinən və qusma, susuzluq, həssaslıq, yorğunluq, qəbizlik və əzələ ağrıları ilə özünü biruzə verən bir xəstəliyə səbəb olur. Ancaq Vitamin D əskikliyi də təhlükəlidir; bu vəziyyət də sümük yaranmasına mənfi təsir etməkdə və bir sıra xəstəliklərə səbəb ola bilməkdədir. Bu səbəbdən bədənin aldığı UB şüaların miqdarı ən uyğun (optimal) səviyyədə olmalıdır.

Bu optimallıq, melanosit hüceyrələrinin yaratdığı melanin piqmenti ilə təmin edilir. Melanin artdıqca, bədənə daxil olan UB şüaları daha çox əngəllənmiş olur. Melanin artımının nəticəsi olaraq dəri rəngi tündləşir. Daha çox Vitamin D istehsalı, dolayısıyla daha çox UB şüası lazım olduğunda isə melanosit hüceyrələri melanin istehsalını kəsərək UB şüalarına maneə törətməyi dayandırır və melanin az yarandığından dəri rəngi açıq olur.

Təkamül müddətində, Afrikada və ümumiyyətlə ekvator xəttinə yaxın ərazilərdə yaşayan əcdadlarımızın və müasir insanların dəri rəngi, şaquli düşən günəş şüalarından ötəri həddindən artıq UB şüa alışına, bu səbəbdən həddindən artıq Vitamin D istehsalına mane olmaq üçün ana bətnində dəri toxumasının meydana gəlməsindən etibarən genetik olaraq çox melanin yaradan melanosit hüceyrələrinə malikdir. Buna görə dəriləri qara rəngdədir. Daha şimal paralellərdə isə günəş şüaları üfüqi düşdüyündən və dolayısilə UB şüalar az olduğundan, bu şüalardan daha çox faydalana bilmək üçün melanosit hüceyrələri az melanin yaradırlar və fərdlər ağdərili olur. Bu iki bölgə arasında qalan paralellərdə isə, bu rənglərin arasında qalan çalarlarda rənglər görülməkdədir.
daha ətraflı...

December 21, 2014

İllüminatlar kimdir?

Suiqəst nəzəriyyələri həvəskarları illüminatların boynuna nələri yazmır ki? Napoleonun məğlubiyyəti, Kennedinin qətli, 11 sentyabr hadisəsi, hətta Barak Obamanın seçkilərdəki gözlənilməz qələbəsini belə... Bəs illüminatlar əslində kimdir? Və ya onlar ümumiyyətlə mövcud olublarmı, bu günədək mövcuddurlarmı?

Den Braunun "Mələklər və iblislər" bestselleri və eyni adlı film işıq üzü gördükdən bəri "illüminatlar" sözü birmənalı reaksiya doğurmur. Bəziləri hesab edir ki, gizli illüminat ordeni müəllifin fantaziya məhsulundan başqa bir şey deyil. Digərləri isə Den Braunun romanının gizli tarixi köklərini aşkar edir.

Bəs kimdir bu illüminatlar?

Belə bir təşkilat həqiqətən mövcud olub. Təsisçisi Bavariya hüquq professoru Adam Vayshaupt yəhudi əsilli olsa da, katolik kilsəsində xaç suyuna salınmış və iezuitlər tərəfindən tərbiyə edilmişdir.

Vayshaupt dəfələrlə katolik kilsəsinə qarşı tənqidi fikirlər səsləndirir. Katolik kilsəsinin o dövrdə Bavariya höküməti və universitetləri üzərində təsiri az deyil. Professor kilsəni "saxtakarlıq və ikiüzlülükdə" günahlandırır. O, cəmiyyətin maarifləndirilməsi, batil inanclardan xilas olması və hökümətin təzyiqinə qarşı ayağa qalxması işlərinə böyük töhfə verir.

Vayshauptun belə açıqlamaları iuzeitlərlə münaqişəyə gətirib çıxarır - bu, az qala onun akademik karyerasının sonu ilə nəticələnəcəkdi. Nəhayət Vayshaupt belə qərara gəlir ki, düşmənlə "açıq" şəkildə mübarizə aparmaq uğurlu sonluq tapmır. Hesab edir ki, "alçaq" və "şərəfsiz" din adamları ilə yalnız azad düşüncəli insanlardan ibarət gizli təşkilat yaradaraq mübarizə aparmaq olar.

Vayshaupt mason lojasına üzv olmağa çalışsa da, maddi vəziyyəti bir o qədər də yaxşı olmadığından, bu istəyi yerinə yetmir. Bundan başqa o, masonların məşhur olduğunu və kilsəyə qarşı mübarizə aparmadıqlarını anlayır.

1776-cı ilin 1 mayında Vayshaupt digər dörd üzvlə birgə İllüminatlar Ordenini yaradır. Gizli təşkilat sürətlə böyüyür, cəhalətlə mübarizə üçün buraya bütün Avropanın ziyalı insanları toplaşır. Ordenin genişlənməsinə məşhur alman diplomatı Adolf Frants Fridrix Kniqqe yardım edir. O, mason lojalarından Ordenə yeni üzvlər toplayır. 

Lakin sürətlə yayılan bu yeni "hərəkatın" dağıdılması çətin başa gəlmir. Bir müddət sonra Ordenin "gizliliyi" açığa çıxır və təşkilat əbədi olaraq bağlanır. 1784-cü ildə Bavariya hökmdarı Karl Teodor bütün gizli təşkilatların qadağan edilməsi əmrini verir. 1785-in martında o, illüminatların əslində qeyri-leqal mason cəmiyyətlərinin bir qolu olduğu ilə bağlı fərman imzalayır. Orqanlar Orden üzvlərinə qarşı ova başlayır və Vayshaupt Bavariyanı tərk etmək məcburiyyətində qalır.

1786-cı ildə hökümət Ordenin başçılarından birinin evində axtarış apardıqda 200-dən çox məktub aşkar edir. Bu məktublar Vayshaupt və digər üzvlərin Orden dağıldıqdan sonra belə bir-biri ilə əlaqədə olduqlarını sübut edir. Məktublardan gizli ordenin bütün məqsədləri aydın olur. Hökümət dərhal dokumentləri Ordenin məşhur üzvlərinin adları ilə birlikdə çap etdirir.

1787-ci ilin avqust ayında Bavariya hersoqu gizli ordenin rəsmi tarixindəki son nöqtəni qoyur. Belə ki, təşkilata üzv olmuş hər bir kəsin axtarışa verilməsi və ardından onlara ölüm hökmü oxunması imzalanır.

İllüminati əfsanələri

Orden dağılsa da, əfsanələri hələ də yaşayır. Bir çox təşkilatlar heç bir əsas olmadan özlərini illüminatların davamçısı kimi təqdim edir. Hətta 1789-cu ilin Böyük Fransız İnqilabı belə illüminatların üzərinə yazılır. Bu və oxşar iddialar bir sıra Avropa yazıçılarının əsərlərində irəli sürülür.

Fransız keşişi Oqüsten de Barüelin "Yakobluq tarixi haqda qeydlər" və Edinburq universiteti professoru Con Robinsonun "Avropanın bütün dinləri və hökümətlərinə qarşı gizli suiqəstlərin sübutları" kimi məşhurluq qazanmış kitablardan Avropa siyasətçiləri istifadə edərək, kütləni hökümətə qarşı gizli mübarizələrin getdiyinə inandırmağa çalışaraq, onları manipulə etməyə başlayırlar. "İblis illüminatlar" haqda söz-söhbətlər hətta ABŞ-a qədər yayılır.

Bu və bunun kimi bir çox yazı və kitablar 1810-cu ilədək "sönməyə" başlasa da, 1820-30-cu illərin antimason yürüşləri zamanı yenidən gündəmə gəlirlər.

Bavariya Ordeni İllüminatları çoxdan tarixdə qalsalar da, müasir konspiroloqlar "seçilmiş maarifçilərin" repressiyalar zamanı sağ qaldığını, yeni qüvvə qazandığını və bu gün artıq real gizli təşkilat olaraq dünyaya təsir göstərdiklərini iddia edirlər.

Demək olar ki, hər bir ABŞ prezidentinə qarşı illüminati ittihamı irəli sürülüb. Ən son qurban Barak Obamadır. Qeyd etmək vacibdir ki, Obamanı həm də marksist, mason və müsəlman olmaqda ittiham edənlər var.

Bəzi ABŞ prezidentləri həqiqətən mason lojası ilə əlaqədə olsalar da, onlardan heç biri əsrlər əvvəl əbədi olaraq dağıdılmış "maariflənmişlər" Ordeninə üzv olmayıblar.

Tarixçilərin dediyinin əksinə olaraq konspiroloqların əsassız iddiaları yağışdan sonra çıxan göbələklər kimi sürətlə artmağa davam edir. Böyük Fransız İnqilabı təşkili ilə yanaşı Napoleonun Vaterloodaki məğlubiyyəti, Con Kennedinin qətli və hətta dünyanın yeni kommunist nizamı kimi bir sıra iddialar, görünür ki, hələ uzun müddət gündəmi zəbt edəcək.

İstinad buradadır
daha ətraflı...

December 20, 2014

Stiven Hokinqin xəstəliyinin səbəbi tapıldı

Tomas Cefferson Universitetindən olan alimlər dünya şöhrətli fizikin uzun illərdir əziyyət çəkdiyi xəstəliyinin nədən qaynaqlandığını açıqlayıblar.

Britaniyalı nəzəri fizik Stiven Hokinq yan amiotrofik skleroz (YAS) diaqnozu ilə yaşayır. Bu, kiçik addımlarla proqressivləşən və bu gün sağalmaz hesab edilən, mərkəzi sinir sisteminin degenerativ xəstəliyidir. YAS üst və alt hərəkət neyronlarını zədələyərək, iflic və əzələ atrofiyasına səbəb olur. Xəstəlik həyati təhlükə daşıyır -  nəfəs yollarının infeksiyaya yoluxması və ya nəfəs muskulaturası problemlərinin ölümlə nəticələnə biləcəyi ehtimalı olduqca yüksəkdir.

ABŞ-dan olan mütəxəssislərin gəldiyi qənaətə görə, xəstəliyin meydana gəlməsi C9orf72 geninin mutasiyaya uğraması ilə əlaqəlidir. Belə mutasiya nəticəsində orqanizmdə beyin neyronlarını məhv edən zülal yaranmağa başlayır. Təcrübədə yoxlanılan nümunələrin hər birisi 72 saat müddətinə ölüblər. Başda Devid Trotti olmaqla, alimlərdən ibarət qrupun əldə etdiyi mühüm məlumatlar xəstəliklə mübarizədə yeni ümidlər vəd edir. İndi tədqiqatçıların qarşısında növbəti hədəf dayanır. Belə ki, onlar təhlükəli zülalın hasilinin qarşısını ala biləcək mexanizmi hazırlamaq niyyətindədirlər.

Bir müddət əvvəl alimlər YAS diaqnozu qoyulan insanların vəziyyətinin, ilk növbədə, beyin kürəsinin motor neyronlarından asılı olduğu ilə bağlı qərar qəbul etmişdilər. Daha əvvəl isə bunun onurğa beynin motor neyronlarından asılı olduğu hesab edilirdi.

Həmçinin oxuyun:

Stiven Hokinq sağala bilər
Hokinq: "Sağalmaz xəstələrə intihar hüququ verilməlidir"
Stiven Hokinq: "İntellektual maşınlar bizi qabaqlayacaq"
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top