Bekon, kolbasa və sosiska kimi dadlı ət məhsullarından imtina etmək asan iş deyil. Tarix göstərir ki, əslində donuz əti Yaxın Şərqdə də bir vaxtlar, daha dəqiq desək eramızdan əvvəl birinci minilliyin sonlarına qədər məşhur olub. Elə isə yerli xalqların donuz ətindən üz döndərməsinə səbəb nə olub?
Bu fenomen artıq əsrlərdir ki, müxtəlif izahlar təklif edən tədqiqatçıların marağına səbəb olur. Ən populyar izahlardan biri xalqların köçəri həyat tərzinə işarə edir: donuzlar "tələbkar" heyvanlardır və yaşayış yerini davamlı dəyişdikdə onları qovmaq çətinləşir, arabalarda daşımaq isə daha ağır əziyyətə çevrilir.
Digər bir versiya su istehlakı və tələbatına əsaslanır - hesablasaq, hər istehsal edilmiş ət kilosu üçün tələb olunan su miqdarı 6 min litrə bərabərdir ki, bu da quraq ərazilərdə həddindən artıq böyük məhdudiyyət faktoru ola bilərdi. Amerikalı antropoloq Riçard Reddinq isə hesab edir ki, bütün bunlar əsas səbəbin xırda detallarıdır: donuzlar toyuqlarla rəqabətdə uduzdular.
Quşları saxlamaq və yemləmək, həmçinin bir yaşayış məntəqəsindən digərinə daşımaq daha asandır. Onlar, dəfələrlə az su istehlak edərək ət verməklə yanaşı, həm də yumurta kimi dəyərli dietik məhsul istehsal edirlər. Və nəhayət, iri donuz cəmdəyini hazırlamaq üçün hisə vermə və duza qoyma kimi ağır və uzun prosedurlar tələb edildiyində (artıq ətin xarab olmaması üçün), adi kəsilmiş toyuq əti bir-iki saat ərzində bişirilərək, kiçik bir ailəni doyuzdura bilər. Hərarətli iqlim şərtlərində bu faktor həlledici xarakter daşımış olmalıdır.
Professor Reddinq sıravi quşçuluğun erkən donuzçuluqla müqayisədə iqtisadi cəhətdən daha effektiv mövqe tutduğunu və donuz ətinin iqtisadi əlverişsizliyinin də zamanla dini və mədəni qadağalara gətirib çıxardığını qeyd edir. Regionun istisna oluna biləcək bəzi nadir meşəli və rütubətli rayonlarını nəzərə almasaq, donuz ətindən imtinanın səbəbinin, ərəblər və yəhudilər kimi yerli xalqların əcdadlarının üzləşdiyi çətinliklərdən qaynaqlandığını demək olar.
Həmçinin oxuyun:
* Mal əti istehsalı ətraf aləm üçün daha zərərlidir
* Neandertalların qida rasionu ürək bulandırır
* Mumiyalarda yüksək xolesterin və tatu aşkar edildi
daha ətraflı...
Hansı daha əvvəl yaranıb - zülalların sintezi üçün lazımi instruksiyaları daşıyan genom, yoxsa genomun sintezi və funksiyası üçün tələb olunan zülallar? Bu, hətta toyuq və yumurta problemindən daha qəliz məsələdir, çünki nəticə etibarilə hər ikisi membranı formalaşdıran lipidlərə ehtiyac duyur, - lipidlərin sintezi üçün isə yenə də zülallar və onları kodlaşdıran DNT və RNT mütləqdir...
Müasir elmdə həyatın mənşəyi ilə bağlı ən məşhur model olan "RNT-dünyasına" əsasən, həm genom, həm də fermentlərin funksiyası RNT molekullarından asılı idi və nəticədə bütün digər komponentləri yaratmağı "öyrəndilər". Bu versiya ilə başabaş yarışmaqda olan "Öncə maddələr mübadiləsi" hipotezi isə ön plana hələ cansız, abiogen prosesləri çıxarır ki, bunlar da nuklein turşuları, zülallar və lipidlərin bir əvvəlki nümayəndələri olan molekulların sintezinə gətirib çıxarmalı olur.
Göründüyü qədərilə, alimlər yalnız indi bu çətinliyi həll etməyi bacarıblar: bunların hər birisi eyni andaca yarana bilərdi. ABŞ-dan olan kimyaçılar qəliz reaksiya zəncirlərini nümayiş etdiriblər. Bunlar, prosesdə ultrabənövşəyi şüaların iştirakı ilə bir cüt sadə birləşmələrlə baş verə və hər üç əsas biomolekul növləri komponentinin, yəni nuklein turşuları üçün nukleotidlər, zülallar üçün aminturşuları və hüceyrə membranı üçün lipidlərin parallel olaraq meydana gəlməsini mümkün edə bilər.
Reaksiyanın qaynaq birləşmələri olduqca sadədir: sianid turşusu (HCN) və hidrogen-sulfid (H2S) üstəgəl az miqdarda digər maddələr, xüsusilə də nuklein turşuları üçün lazımi fosfor. Məlum olduğu kimi, bütün bu komponentlər erkən yerüzündə kifayət miqdarda təmsil olunmuşdur. Xüsusi əlverişli şərtlər isə istilikli və zəngin mineral tərkibli geotermal qaynaqlar və ilk reaksiyaların baş verməsini mümkün edən kameralara sahib deşikli gillər köməyilə yaranmış olmalı idi.
Bununla belə reaksiya şərtlərinin bir azca dəyişilməsi, temperatur fərqlilikləri və ya hər hansı bir metallik katalizator faktoru nəticədə əldə edilən komponentlərin dəstində aşkar fərqlərin ortaya çıxmasına gətirib çıxara bilərdi. Beləliklə, kimyəvi təkamül prosesinə start verən çeşidliliyin təməli məhz bu yolla qoyulmuş olmalıdır.
Həmçinin oxuyun:
* Zülallar DNT-yə ehtiyac olmadan digər zülalları yaradır
* Miller-Urey təcrübəsi təkrarlandı
* Həyatın yaranması prosesi laboratoriyada təkrar edildi
daha ətraflı...
Tarixdə ilk dəfə olaraq Böyük Britaniyada üç valideyndən olan körpələr dünyaya gələcək. Britaniya parlamenti uzun sürən debatlardan sonra nəhayət qanunvericiliyə əlavə düzəlişlər edilməsini təsdiqləyib.
Süni mayalandırma ilə bağlı qanuna edilmiş dəyişikliklər Lordlar palatası tərəfindən dəstəklənib (48-ə qarşı 280 səslə). Fevral ayının əvvəlində Britaniya İcmalar palatası da bu təşəbbüsü təqdirəlayiq qiymətləndirmişdi. Beləliklə, süni mayalandırma üsulunda əsas valideynlər və ikinci donor-ana olmaqla, artıq üç insanın genlərindən istifadə etmək mümkündür. Bu sayədə alimlər körpələrdəki irsi xəstəliklərin qarşısını ala biləcəklərinə ümid edirlər.
Konsepsiya "mitoxondri ötürülməsi" adlanan metodika əsasında inkişaf etdirilib. Ata və anaya aid genetik materialla yanaşı, körpə kənar qadından da genetik informasiya ala biləcək. Hər il mitoxondri genlərində pozulmalar rast gəlinən körpələr dünyaya gəlir ki, bu da onların müxtəlif ciddi xəstəliklərdən əziyyət çəkməsilə nəticələnir. Yeni texnologiya köməyilə isə təhlükəli gen mutasiyası daşıyıcıları olan qadınlar dünyaya tam sağlam körpələr gətirə biləcəklər.
Yeni metodika sözsüz ki, mübahisələrdən yan keçməyib. Konsepsiyaya qarşı çıxanlar arasında siyasətçilər, hüquq müdafiəçiləri və katolik kilsəsi var. "Üç valideynli uşaqlara" əks düşərgədə yer alanlar bu gedişlə insanlar üzərində hətta genetik modifikasiyaların da təşkil ediləcəyindən ehtiyatlandıqlarını bildirirlər. Hüquq mudafiəçiləri isə tədqiqatçılarda yetərli təcrübə olmadığını əsas gətirərək, bu addımın qarşısıalınmaz nəticələrə səbəb ola biləcəyini vurğulayırlar.
Bütün bu xəbərdarlıqlara baxmayaraq Britaniya parlamenti yekun qərarını verib. İlk üç valideynli körpənin artıq gələn il dünyaya göz açacağını gözləmək olar.
Həmçinin oxuyun:* Üç valideyndən olan uşaqlar gəlir
* Süni DNT-ə sahib orqanizm yaradıldı
* Y-xromosomu və kişilər yox olmayacaq
daha ətraflı...
Amerika elminin inkişafına dəstək assosiasiyasının (AAAS) təşkil etdiyi konfransda iştirak edən ABŞ alimlərinin dediyinə görə, digər planetlərdə yaşaya biləcək sivilizasiya səviyyəsinə qədər inkişaf etmiş üstün zəka nümayəndələri ilə aktiv əlaqə yaratmaq istəyiriksə, indi bunun əsl vaxtıdır. Onlar, gələcək fəaliyyəti şübhə altında olan SETI (yerdənkənar sivilizasiyaların axtarışı üzrə tədqiqat mərkəzi) layihəsinə daha artıq dəstək verilməsi və Yerdən kosmosa siqnal ötürülməsi işinin davam etdirilməsi lazım olduğunu vurğulayırlar.
SETI institutundan olan tədqiqatçılar artıq 30 ildən çoxdur ki, kosmosdan yayılan siqnalların dinlənilməsi ilə məşğuldur. Bunun üçün onlar Hat-Trik, Kaliforniyada yerləşən radioteleskopların massivlərindən yararlanırlar. Lakin indiyədək üstün şüurlu yadplanetli həyatına aid hər hansı bir əlamət aşkar edə bilməyiblər.
"Axtarışı aktivləşdirməyin vaxtıdır. Bizlərdən bir çoxu təkcə kosmosdan yayılan siqnalların dinlənilməsi ilə deyil, həm də yaxın məsafələrdə yerləşən bir neçə ulduzlara məktub göndərilməsi ilə maraqlanır. Bu, günlərin birində cavab alacağımız şansını artırır", - SETI təşkilatının rəhbəri doktor Set Şostak konfrans iştirakçılarına müraciət edərək, qeyd edib.
Yerlilər artıq bir neçə dəfə kosmosa məktub göndəriblər. Misal üçün, 1974-cü ildə Puerto-Rikoda yerləşən Aresibo radioteleskopu vasitəsilə Herkules bürcündə yerləşən, Yerdən 23 min işıq ili uzaqdaki M13 ulduz qrupuna məktub ünvanlanmışdı. Ancaq qeyd etmək lazımdır ki, həmin siqnal hələ heç Süd Yolu qalaktikasının hüdudlarını tərk etməyib.
Bəzi mütəxəssislər aqressiv yadplanetlilərin Yerə hücumundan ehtiyatlanaraq, belə addımı birmənalı qarşılamırlar - haqlı da ola bilərlər, axı mümkün yadplanetlilərin hansı məqsədlərlə yaşadıqları məlum deyil. Lakin Şostak hesab edir ki, bu, elmi-fantastik ədəbiyyat süjetindən başqa bir şey deyil: əgər yadplanetli zəkasını aqressiyaya təşviq etməsək, ona heç vaxt əl atmayacaqlar.
"İstər-istəməz yerdənkənar sivilizasiyalara bir çox şeylərdən danışmışıq, çünki son 70 ildə bəşəriyyət kosmosa çoxlu sayda məktub yayımlayıb ki, bunların da böyük bir hissəsi bilərəkdən edilməyib. Planetimizi məhv edə biləcək yadplanetlilər bizim mövcudluğumuzu artıq öyrənmiş olmalıdırlar", - doktor Şostak deyir.
Bir çox skeptiklərsə düşünür ki, kosmosa məktub yayımı faydasız vaxt itkisidir. Görüşə dəvət olunan fantast-yazıçı, fizik, NASA-nın konsultantı Devid Brin də bu fikirlə razıdır.
"Tarixçilər sizə izah edə bilər, inkişaf etmiş sivilizasiyalarla torpaqları mənimsənilməmiş yerli xalqların görüşü heç vaxt çətinliksiz ötüşməyib. Zənnimcə, hollivud stilindəki yadplanetli hücumunu gözləməli deyilik, əlaqə ehtimalı belə olduqca azdır. Lakin risk çoxdur, potensial yaşayış ola biləcək planetlərə siqnal göndərməzdən əvvəl yaxşıca düşünmək lazımdır. Xeyli mümkündür ki, nəvələrimizin həyatını ciddi təhlükəyə atırıq", - Brin izah edir.
Qabaqcıl astronom, antropoloq və sosioloqlar SETI-nin fəaliyyət planlarını konkretləşdirməyə çalışıblar. Əsas suallardan biri bəşəriyyətin kosmosa ünvanlamaq istədiyi məktubun necə olmasının müzakirəsi idi. Diskussiya iştirakçılarının əksəriyyətinin gəldiyi qərara görə, yadplanetlilərə göndərilməsi lazım olan məktub özümüz haqda nəcibləşdirilmiş informasiya olmalıdır - tariximizin xoşagəlməz rəhbərlərini bir kənara ataraq, fəxrlə bəşəriyyətin nailiyyətlərindən bəhs etməliyik. Set Şostaksa yadellilərlə görüşdə səmimi qalıb, özümüzü olduğu kimi təqdim etməyin daha yaxşı olacağını bildirir.
Həmçinin oxuyun:* "Bəlkə yadplanetli axtarışı strategiyamız yalnışdır?"
* Əlaqənin çətinlikləri
* "Yadplanetliləri taparıq... siyasətçilər qoysa"
daha ətraflı...
Rejissor Kristofer Nolanın elmi-fantastik filmi "Interstellar" mütəxəssislər tərəfindən çoxlu sayda müsbət rəylər qazanmaqla, beş "Oskar" nominasiyası almağı bacarıb. Lakin məşhur filmin qazandırdıqları bununla kifayətlənmir. Məlum olub ki, filmə konsultant kimi çıxış edən astrofiziklər, filmin hazırlanması və təhlili prosesində yeni elmi kəşfə imza atıblar.
Classical and Quantum Gravity jurnalında dərc edilən məqalənin ABŞ və İngiltərədən olan müəlliflərinin "Interstellar" filminin ərsəyə gəlməsində əməyi keçib. Dediklərinə görə, ilk dəfə kompüter modeli köməyilə qara dəlik yaxınlığında olan kameranın, qara dəliyi və yanında yerləşən qalaktikaları necə göstərə biləcəyini nümayiş etdiriblər.
Alimlər məqalədə ümumi tənlikləri qeyd edirlər. Dövrə vuran qara dəlik yaxınlığında işığın yayılmasını izah edən proqramın hazırlanması üçün məhz bu tənliklərdən yararlanılıb. Mütəxəssislərin bu yeni metodik yanaşması bununla fərqlənir ki, ayrı-ayrılıqda işıq şüalarının deyil, bir yerdə şüa yığınının yayılması modelləşdirilməsini nəzərdə tutur. Bu sayədə adi sxematik görüntülərin əvəzinə yüksək keyfiyyətli realistik animasiyalar əldə etmək olar.
Astrofiziklər belə bir texnologiyanın gələcəkdə aparılması planlaşdırılan daha dəqiq kosmik tədqiqatlarda istifadə olunacağını qeyd edirlər. Sözün qısası, hərəkətdə olan deformasiyalı işıq şüaları səbəbindən keyfiyyətsiz olaraq əldə edilmiş görüntülərlə bağlı problemlər gələcək araşdırmalarda artıq aradan qaldırılmış olacaq.
Xatırladaq ki, "Interstellar" filmi ötən ilin noyabr ayının əvvəlində böyük ekranlara çıxmışdı. IMDb statistikasına görə 2014-cü ilin ən yüksək reytinqli filmi seçilən bu elmi-fantastik kino lentində hiperməkan uçuşları, qara dəliyə daxil olma, beşölçülü sferaya düşmə və zaman səyahəti kimi insanları düşündürən müxtəlif və geniş elmi əsaslı ideyalar yer alır. Filmin konsultantlarından biri məşhur astrofizik Kip Torndur.
"Bir neçə il əvvəl dostum Kip Tornla, onun və Linda Obstun köstəbək dəlikləri haqda bəhs edəcək elmi-fantastik film ideyaları barədə diskussiya aparırdım. Bu ideyalar Kristofer Nolanın "Interstellar" filminin bir hissəsinə çevrildi. Kip və mən 29 oktyabrdakı Böyük Britaniya premyerasına yollandıq", - britaniyalı nəzəri fizik və kosmoloq Stiven Hokinq də filmdən razı qaldığını deyir.
Həmçinin oxuyun:
* "Interstellar" və zaman səyahəti mövzusu
* Qara dəliyin içərisində yaşayırıq?
* Bizi əhatə edən reallıq holoqram ola bilər
daha ətraflı...
Koreyalı alimlər Phoneutria cinsindən olan hörümçəyin zəhərində bu gün apteklərdə satılan potensiya artırıcı preparatları gələcəkdə sıxışdıraraq, əvəz edə biləcək zülalı aşkar ediblər.
Phoneutria cinsindən olan braziliyalı gəzərgi hörümçəyin (Brazilian wandering spider) zəhərini cinsi zəifliyin müalicəsində istifadə etmək olar, alimlər hesab edir. Koreyalı mütəxəssislərin əldə etdiyi nəticələrə görə, Phoneutria nigriventer-in zəhəri insanın qanına düşdükdə ağız sulanmasının artımı və bir neçə saatlıq tənəffüs çətinliklərinə gətirib çıxara bilər. Lakin zəhərin insan orqanizminə ən maraqlı təsiri budur ki, priapizmə, yəni seksual coşma ilə əlaqəsi olmayan uzunmüddətli ereksiyaya səbəb olur.
Alimlərin dediyinə görə, sonuncu "əlavə" effekt bununla izah olunur ki, penisin erektil toxumasının kavernoz cisimləri bolluca qanla doludur. Bu təsirə isə Phoneutria cinsindən olan hörümçəyin zəhərinin tərkibində yer alan PnTx2-6 zülalı səbəb olur.
Koreyalı alimlər artıq siçovullar üzərində bir sıra təcrübə həyata keçiriblər. Qeyd edilir ki, toksik zülal heyvanlara müsbət təsir göstərib, onların erektil funksiyaları əhəmiyyətli dərəcədə artıb. Qana azot-oksid (NO) azad olması ilə əlaqəlidir ki, qan damarlarını genişləndirərək, qan dövranını yaxşılaşdırır.
Hal-hazırda mütəxəssislər PnTx2-6 zülalı əsasında yeni preparatın hazırlanması işi üzərində işləyirlər. İmpotensiyaya qarşı yeni dərmanın əvvəlkilərdən fərqli olaraq daha az əks təsirə səbəb olacağı hesab edilir. Alimlər viaqra qəbulundan sonra belə müsbət nəticə əldə etməyən kişilərə yeni preparatın yardım edəcəyini güman edirlər.
Həmçinin oxuyun:
* Seks beyin fəaliyyətini gücləndirir
* QİÇS-ə qarşı mutasiya
* İlk avtonom süni ürək köçürüldü
daha ətraflı...
Mars One layihəsi təşkilatçıları Qırmızı planetin ilk potensial sakinləri olacaq könüllülərin siyahısını bir az da qısaldıblar. Belə ki, 2024-cü ildə Marsa göndəriləcək namizədlərin sayı yüzə endirilib. Bu könüllülərin bir neçəsi həyatlarının sonuna qədər orada qalmaq şərtilə, Marsa yola düşəcəklər.
Qırmızı planetin kolonizasiyası üçün təşkil edilmiş Mars One layihəsində iştirak etmək istəyənlərin sayı əvvəldən 202.586 nəfər idi. Psixoloji, fiziki və intervyu test mərhələlərindən sonra onların sayı yüzə endirildi. İndi bu namizədlərdən hər birisinin insan ayağı dəyməmiş Marsın ilk sakinləri olaraq, adlarını tarixə yazdırma şansları var.
Layihənin rəsmi saytında xəbər verilir ki, növbəti ixtisar mərhələsi 16 fevral tarixində baş tutub. Geriyə qalan yüz nəfər namizədi daha bir neçə seçmə mərhələsi gözləyir ki, yekunda onların sayı cəmi dörd nəfərə endiriləcək. Məhz bu dörd nəfər kolonizasiya proqramı çərçivəsində Marsa yollanaraq, oradaki vəzifələrinə başlayacaq.
Könüllü astronavtların uçuşunun 2025-ci ilədək yerinə yetiriləcəyi gözlənilir. Yer sakinləri onların Marsdaki yaşayışını canlı yayımlanacaq realiti-şou formatında izləyə biləcəklər. Marsdaki ilk insanlar yaşayış üçün vacib hər şeylə təmin ediləcək kiçik bir düşərgədə yerləşdirilərək, ömürlərinin sonuna qədər orada yaşayıb-yaradacaqlar. Daha sonraki Mars ekspedisiyalarında isə növbəti seçilmiş namizədlər oraya göndərilərək, əvvəlkilərin işini davam etdirmiş olacaqlar və beləcə bəşəriyyət tarixində ilk dəfə bir planet insanın yaşayışı üçün əlverişli hala salınacaq.
Bu ana olan nəticəyə görə yüz könüllüdən 39-u amerikalı, 31-i avropalı, 16-ı asiyalı, 7-i afrikalı və 7-i okeaniyalıdır. Ən gənc iştirakçının yaşı 20, ən yaşlınınsa 60-dır. Onların arasında tələbələr, mühəndislər, hətta alimlər belə var. Kişi və qadınların sayı tam bərabərdir.
Qeyd etmək lazımdır ki, ötən həftə The Guardian nəşriyyatı "If I Die on Mars" (Əgər Marsda Ölsəm) adlı sənədli film təqdim edib. Qısametrajlı filmdə Mars One layihəsi iştirakçılarından bəziləri hansı səbəblərdən Yeri Marsa dəyişməyə hazır olduqlarından bəhs edirlər.
Mars One layihəsi haqda ətraflı məlumat almaq üçün klikləyə bilərsiniz.
Həmçinin oxuyun:
* "Mars One" layihəsi üçün 1058 nəfər seçildi
* Marsın ilk sakinləri uşaq doğmayacaqlar
* "Yerlilərdən" Marsa 90 min məktub
daha ətraflı...