November 30, 2013

Nəhəng ördəkburun fosilləri tapıldı

Tədqiqatçılar Avstraliyanın şərqində ördəkburunların nəsli kəsilmiş növünə aid fosillər tapdılar. Fosillər qədim ördəkburunların bu günkilərdən 2 dəfə böyük olduğunu və kiçik onurğalılar, həşəratlar və planktonlarla qidalandıqlarını təsdiq etdi. Nəsli kəsilmiş ördəkburun növü Obdurodon tharalkooschild adlandırıldı. Nəticələr Journal of Vertebrate Paleontology jurnalında dərc edildi.

Kolumbiya Universitetindən olan Rebecca Pian:


"Yumurtaqoyan məməlilər, misalçün, ördəkburun və yexidnalar cənub qitələrdəki məməlilərin təkamülünün son izləridir. Yeni tapılan ördəkburun növləri müasir yumurtaqoyanların necə təkamülləşdikləri mövzusunda məlumatlar gətirəcək."


Pian və həmkarları Queensland bölgəsində orta və gec Miosen dövrünə aid yataqları araşdıraraq Avstraliya sularında yaşayan müasir ördəkburunların potensial yaxın qohum növünü tapdılar. Alimlər burada iri kisəli məməlilərə aid bir neçə diş fosili nümunəsinə rast gəldiklərini dedilər. Fosillərin analiz və müqayisə etmə işlərindən sonra, elm adamları qalıqların qədim nəhəng ördəkburuna aid olduğu qənaətinə gəldilər.

Diş qalıqlarının analizləri növün təkcə planktonlarla deyil, həm də kiçik onurğalılar və həşəratlarla qidalandığını göstərdi. Qida rasionunda balıqlar və amfibiyaların olduğunu qeyd edən alimlər, növün təxminən 15-5 milyon il əvvəl yaşadığını açıqladılar.

Qədim ördəkburunların daha iri olduğu faktı bu növlərin təkamülünün hesab etdiyimiz kimi asan baş vermədiyini göstərir. Alimlərin dediyinə görə, Avstraliyada nəsli kəsilmiş nəhəng ördəkburunlarla birlikdə, həm də bu günki kiçik ölçülərə qədər təkamülləşmiş ördəkburunların əcdadları yaşamış ola bilər.

Qaynaq: Live Science , The Conversation
daha ətraflı...

November 29, 2013

Yeni "Big Bang" baş verə bilər

Keçən il kəşf olunan Hiqqs bozonu kainatın sonuna dair məlumatlar verə bilər. Fermi adına sürətləndirici Milli laboratoriyadan olan fizik Joseph Lykken hər il keçirilən AAAS konfransında kainatın məhvini izah edən nəzəriyyəni təqdim etdi.

Lykken'in dediyinə görə keçən il Böyük Adron Kollayderinin detektorları tərəfindən tapılan Hiqqs bozonu kainatın qeyri-stabil olduğu hipotezini təsdiq edir. Bu da kainatımızın gec və ya tez bir zamanda məhv olacağına dair məlumatlar təmin edir.

Peter Higgs 1964-cü ildə elementar hissəciyin mövcudluğuna dair nəzəriyyə hazırladıqda, onun kütləsinin 114 geV-dən bir neçə yüz geV (qiqaelektronvolt) arasında olduğunu hesab edirdi. Kəşf olunan subatom hissəciyin qeyri-stabil xüsusiyyətləri kainat vakuumunun əvvəllər hesab ediliyi kimi çox da "boş" olmadığını göstərdi. Əgər vakuum müəyyən enerji ehtiyatına sahibdirsə məkanın hər hansı bir nöqtəsində təsadüfi olaraq yeni "həqiqi vakuum" yarana bilər.

Lykken izah edir:


"Kvant fluktuasiyası səbəbindən anidən yeni bir kainatı formalaşdıracaq kiçik vakuum şarı meydana gələ bilər. Aşağı enerji səviyyəsi də onu, ətrafındaki hər şeyi udaraq işıq sürətilə genişləndirəcək."


Görünür ki, söhbət yeni bir Böyük Partlayışın baş verməsindən və yaranan kainatın əvvəlkini əvəz etməsindən gedir. Buna baxmayaraq kainatımızın yaranışından bu ana qədər davam edən 14 milyard ilə yaxın müddətdə belə bir partlayış baş verməmişdir, baş versəydi belə bu proses çox sürətli şəkildə inkişaf edəcəkdi. Alimlər, belə bir partlayışın baş verməsi üçün hələ qarşıdaki bir neçə milyard ilin keçməsi lazım olduğunu hesab edirlər.

Yeni kainatın yaranmasına təkan verəcək hipotetik şar mümkün olan maksimal sürətlə inkişaf edəcək, bu da kainatımızın sonunun nə vaxta təsadüf edəcəyinə dair məlumatlara yiyələnməyəcəyimizi göstərir. Bu proses çox az vaxt tələb edəcək və bir kainatın yaranmasıyla digərinin məhvi üst-üstə düşəcək.

Bu nəzəriyyə üçün planlaşdırılan tədqiqatlar 2015-ci ildə Böyük Adron Kollayderində aparılacaq.

Qaynaq: ScientificAmerican
daha ətraflı...

November 28, 2013

Dinozavr beyni rekonstruksiya edildi

Alimlər dinozavrların beynini rekonstruksiya etdilər. Dediklərinə görə, dinozavrların beyni alliqatorlar və quşlar arasında "orta dərəcəyə" sahib olmalıdır.

Yumşaq toxumalar, misalçün beyin toxumaları fosillərdə yaxşı qorunmurlar. Bu səbəbdən Erich Jarvis və həmkarları quş və alliqator beyinlərinin məlumatı əsasında dinozavr beyninin xəritəsinin hazırlamağa çalışdılar. Alliqatorlar dinozavrlarla ortaq əcdada sahibdir, quşlarsa dinozavrlardan ayrılan son qoldur. Bu məlumata əsaslanaraq alimlər dinozavr beyninin digər iki qrup arasında orta dərəcəyə sahib olduğunu hesab edirlər.

Tədqiqatçılar, səslə ünsiyyət qura bilən canlıların beynindəki bu xüsusiyyətə cavabdeh olan hissələri yaxşıca araşdırdılar. Bunun üçün onlar beynin müxtəlif hissələrində gen fəaliyyəti qeydinə əsaslanan texnika istifadə etdilər.

Həmkarları ilə birlikdə Jarvis, quşları və alliqatorları qaranlıq otağa yerləşdirdilər və səslərini qeydə almağa başladılar. Daha sonra onları öldürərək dərhal beyinlərini çıxardılar, dondurdular və ardından beynin müxtəlif hissələrindəki gen fəaliyyətini müəyyən etmək üçün onu nəzik dilimlərə kəsdilər.


Dinozavrların beyni haqqında təsəvvür əldə etmək üçün alimlər alınan məlumatları birləşdirdilər və tirannozavr, allozavr və arxeopteriksin əcdadlarının kəllə sümüyü ölçüşünə böyütdülər.

Nəticələr dinozavrların beyninin olduqca inkişaf etmiş olduğunu göstərdi. Tədqiqatçıların dediyinə görə diozavrlar hətta bu günki bəzi davamçıları kimi xüsusi səslərlə ünsiyyət də qura bilərdilər. Belə vəziyyətdə dinozavrlara yırtıcı olmaqla bərabər, həm də xüsusi davranışlara sahib olan canlılar kimi baxmaq lazım olacaq. Tədqiqatın nəticələri həmçinin dinozavrların bundan başqa bir çox digər çətin xüsusiyyət və davranışlarının da ola biləcəyi məlumatına işıq tutdu.

Qaynaq: LiveScience
daha ətraflı...

Parazitlər geri təkamül keçirir



Michigan Universitetindən olan tədqiqatçılar, çox geniş əhatəli DNT ardıcıllama üsulları istifadə edərək Psoroptidia fəsiləsinə aid ev gənələrinin ətraflı filogenetik keçmişini ortaya çıxardılar. Olduqca parazitar həyat sürdürən bu xüsusiləşmiş gənələrin təkamül keçirərək yenidən, azad və parazitar olmayan əcdadlarına oxşar şəkildə dəyişdikləri məlum oldu. Tədqiqatçılardan prof. Klimov mövzuyla əlaqədar bunları dedi:

"Parazitlər evlərini istismar etmək üçün nəsillər içərisində olsa da, çox sürətli bir təkamül müddətindən keçə bilirlər və bu sayədə olduqca mürəkkəb xüsusiyyətlər təkmilləşdirirlər. Oxşar təkamülü, bu xüsusiyyətlərini itirərək evlərdən ayrılmaq üçün də keçirə bilərlər. Evlərin həm həyat sahəsi, həm də qida təmin etdiyi mühitlərdə bu parazitlər bir çox genlərini ya tamamilə itirirlər, ya da bu genlər funksiyasız hala gəlirlər; çünki bu genlərə artıq ehtiyac yoxdur və bu genlərin təmin etdikləri xüsusiyyətlər, evdən istismar edilərək əldə edilə bilər. Bir çox tədqiqatçı bu dərəcə mürəkkəbləşmiş şəkildə təkamülləşən xüsusiyyətlərin geri döndürülə biləcəyinə inanmırdı."

Amma aparılan tədqiqatlar, təkamül prosesi içərisində "geri təkamül" adıyla tanınan bir dəyişmə dövrünün mümkün olduğunu göstərir. Daha əvvəllər də geri təkamülə dair saysız nümunə kəşf edilmişdi (qurbağaların çənə dişlərinin geri təkamülü, balina və delfinlərin qurudan dənizlərə dönməsi və s.). Bu kəşflər bir növün əcdadlarının xüsusiyyətlərinə doğru geri təkamülləşə biləcəyini sübut etmişdir.

Beləcə təkamülün davamlı olaraq təkcə irəli və yeni, daha inkişaf etmiş xüsusiyyətlərə doğru baş vermədiyi, ekoloji faktorlara ən uyğun xüsusiyyətlər hansılardırsa, onların təkamülləşdiyi və lazım olsa köhnə xüsusiyyətlərin yenidən təkmilləşə biləcəyi bir daha təsdiq edilmiş oldu.

Qaynaq: ScienceDaily
daha ətraflı...

November 26, 2013

Qriplər necə təkamül keçirir?

Mikrobioloqlar, qrip viruslarının hansı hissələrinin mutasiyalara uğradığını və gələcəkdə bu viruslara qarşı hansı daha effektiv peyvəndlər hazırlamaları lazım olduğunu müəyyən etməyə çalışdılar.

Science elm jurnalında dərc edilən xəbərə görə, Cambridge Universitetindən olan elm adamları qrip viruslarının təkamülünü daha yaxşı anlamaq və onlara qarşı mübarizədə daha effektiv peyvəndlər hazırlamaq üçün yeni tədqiqata imza atdılar.

Hazırlanan peyvəndləri qeyri-effektiv edən virusların amin turşularının dəyişərək davamlı olaraq təkamül keçirmələridir. Hər iki-üç ildən bir viruslar mutasiyaya uğrayaraq peyvəndlərə qarşı müqavimət qazanırlar və hər dəfəsində işi yenidən başlamaq lazım olur.

Bu situasiyadan çıxış yolunu tapdıqlarını açıqlayan elm adamları, bu dəfə qrip viruslarının hansı istiqamətdə dəyişikliklərə uğrayacağını əvvəlcədən proqnozlaşdırmağa çalışdılar. Bunun üçün virusun dəyişiklik detallarının daha ətraflı öyrənilməsi lazım oldu. Bu məqsəd üçün çalışan mikrobioloqlardan ibarət beynəlxalq qrupun başında Derek Smith və Ron Fouchier durur.

Alimlər laboratuar şəraitdə müxtəlif amin turşusu variasiyalarına sahib virusların fərqli versiya qruplarını yenidən yaratdılar. Tədqiqatda mikrobioloqlar, ştammların necə dəyişildiyini anlamaq üçün virusları müqavimət təsirinə məruz qoydular.

Tədqiqatçılar, virusdaki bir-birinə yaxın olan 7 mövqedə əsasən bir amin turşusu dəyişilməsi nəticəsində yeni qrip ştammının yarandığını gördülər. Əvvəllərsə alimlər dəyişilməyə maraqlı 4 amin turşularının olduğunu və bu dəyişikliklərin də 130 fərqli mövqedə baş verdiyini hesab edirdilər.

Yeni tədqiqat qrip viruslarının təkamülü haqqında gözlədiyimiz məlumatları çatdıra bilər. Bu tapıntı yeni ştammların strukturunun proqnozlaşdırılmasında qrip virusunda baxılacaq hissələrinin spektrini əhəmiyyətli şəkildə daraldır.

Qaynaq: ScienceDaily
daha ətraflı...

Oksitosin kişilərdə bağlılıq yaradır

Oksitosin bağlılıq və sevgi hissini meydana gətirən və inkişaf etdirən hormondur. Amerikalı alimlərin apardığı yeni bir tədqiqatın nəticələrinə görə, bu hormon kişilərin beynində "tərif sisteminin" fəaliyyətini gücləndirir və sevdiyi insana olan marağı daha da artırır.

Bonn Universitetindən olan Rene Hurlemann deyir:


"İnsanlar arasında uzun müddətli əlaqələrin təməlində dayanan bioloji mexanizmlər aydın deyillər. Oksitosin müxtəlif növlərdə qarşılıqlı əlaqələrin meydana gəlməsi ilə bağlıdır. Amma biz, hansı neyrobioloji faktorların, əsasən insanlarda düzgünlüyə cavabdeh olduğuna dair çox az məlumata sahibik."


Hurlemann və həmkarları əvvəllər oksitosinin, kişilərin cəlb edici qadınlardan uzaq durmalarına səbəb olduğunu sübut etmişdilər (hormon bir fərdə bağlılıq yaradır). 

İndi isə onlar, hər birində 20 kişinin iştirak etdiyi daha iki təcrübəyə imza atdılar. İştirakçılar əvvəlcədən öz sevgililərininki ilə birlikdə, həm də əlaqədə olmadıqları tanışları olan cəlb edici qadınların şəkillərini tədqiqatçılara göndərdilərTədqiqatdan yarım saat əvvəl onlara burun spreyləri vuruldu: bəzi kişilərə oksitosin, digərlərinə isə plasebo tərkibli spreylər vurdular.

Təcrübələrdən birində bir kişiyə öz göndərdiyi, ikinci təcrübədə isə digər iştirakçı kişilərin göndəriyi, həmçinin tanımadığı cəlb edici qadınların şəkilləri göstərildi. Alimlər, maqnito-rezonans tomoqrafiyası üsuluyla kişilərin beyin aktivliyini izlədilər. Ardından test edilən kişilər yenidən şəkillərə baxıb, hansının daha gözəl olduğuna dair qiymətlər verməyə çalışdılar.

Sonda alimlər, müxtəlif spreylər istifadə edən iştirakçıların nəticələrini müqayisə etdilər və oksitosin təsiri altında olan kişilərin öz sevdikləri qadınların şəkillərinə baxdıqda, beyində "tərif sistemi" fəaliyyətinin gücləndiyini təsdiqlədilər. Həmçinin nəticələrə görə kişilərə, əlaqədə olduqları qadınlar digərləri ilə müqayisədə daha cəlb edici görünürdülər.

Qaynaq: pnas.org
daha ətraflı...

NASA-dan yeni ion mühərrikləri

Bir çoxları üçün "İon mühərriklərini işə salın!" daha çox Star Wars kimi fantastik filmlərdən tanıdığımız sözlərdir. İnsanların bəzilərinin bundan xəbəri olmasa da, kosmik missiyalarda artıq 40 ildir ki həmin mühərriklərdən istifadə edilir.

NASA Jet Propulsion Laboratory tədqiqat laboratoriyasından olan alimlər ion mühərriklərinə yeni dizayn fikirləşdilər. Açıqlamaya görə, bu yeni mühərriklər gələcəkdə atıla biləcəyimiz Günəş sistemindən kənar missiyalar üçün qapı olacaq.

Müxtəlif ion mühərrikləri NASA tərəfindən 1964-cü ildən, suborbital uçuş proqramı SERT'ə start verildikdən bəri kosmik missiyalar üçün istifadə olunur. Bu hadisədən sonra bir çox kosmik uçuşlarda həmin mühərriklərdən istifadə edilməyə başlanmışdı.

Lakin ion mühərriklərinin üstünlük təmin edə biləcək imkanları yalnız uzaq kosmosa planlaşdırılan uçuşlarda aşkar olundu: NASA Deep Space OneDawn, həmçinin, ion mühərriklərinin müxtəlif mərhələlərlə aktivləşdiyi, Yaponiya Aerokosmik Tədqiqat Agentliyinin hazırladığı Hayabusa missiyalarında.



İon mühərriklərinin iki əsas növü var: Elektrostatik və elektromaqnetik. Elektrostatik ion mühərrik yanacaq ionizasiyası prinsipi üzrə işləyir. Əvvəlcə elektrondan yüklü ion alınır (təbii ki onun özü əvvəlcədən enerji ilə təmin edilərək). Ardından, yüklü ion elektrostatik sahə yaradan iki xüsusi çəpər arasına yerləşdirilir. Bu, ionları o qədər sürətləndirir ki, sanki ionlar mühərrikdən dartınıb-çıxacaqlar kimi bir vəziyyət yaranır. Beləcə ionlar lazımlı itələmə qüvvəsini təmin edə bilirlər.


Elektromaqnetik ion mühərriki də yanacaq ionizasiyası üsuluyla işləyir. Amma bu dəfə, ionizasiyalaşmış anod və katod arasında sanki bir körpü (axın) yaranmış olur, bu da plazma meydana gətirir. Həmin bu axın, maqnit sahəsini elektik sahəsinə çevirərək yüklü ionların sürətlənməsinə təkan verir. Bunlar da mühərrikdən "Lorentso qüvvəsi" sayəsində çıxırlar.

Bu izah edilənlər kifayət qədər elektrik enerjisi tələb edə bilər.

Elm adamlarının bu məsələyə yeni yanaşımı, maqnit qalxan yaratmaqla kameranın divarlarını yüklü ionlardan qorumaqdan ibarətdir. NASA alimlərinin açıqlamasına görə, kameranın divarlarına təzyiq göstərməyəcək maqnit sahə yaratma üsulu artıq hazırdır və ilkin sınaqlar uğurlu nəticələr vermişdir.

Sözsüz ki gələcəkdə daha böyük ion mühərriklərinin hazırlanmasıyla alimlər daha çox çətinliklərlə üzləşəcəklər, amma həll oluna bilməyəcək hesab edilən əsas çətinlik aradan qaldırıldı. Başqa sözlərlə, indiyə qədər bizə fantastik görünən kosmik missiyalara bir addım da yaxınlaşdıq. Kim bilir, bəlkə də kosmik səyahətlərə çıxmağımıza çox az qaldı.

Qaynaq: SpaceNASA
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top