December 8, 2013

Yeni nəsil spermalar: Transgenik heyvanlar

Doğulacaq uşağınızın xüsusiyyətlərini özünüz təyin etmək istəyərdiniz? Boyu 1,80 olsun, mavi gözlü olsun, ağıllı olsun və s. Bəs başqa nələr istəyərdiniz? Bir çoxumuzun arzusu əslində doğulacaq uşaqlarımızı proqramlaşdıra bilməkdir. Genetika elmi spermaları proqramlaşdırmada daha bir əhəmiyyətli maneəni aşır və atadan uşağa keçəcək genlər üzərində dəyişiklik edə bilir. Bu irəliləyişin əsas məqsədi isə tədqiqatçıların gələcəkdə uşaqda meydana gələ biləcək xəstəliklərin qarşısını ala bilməkdir.

London Krallıq Kollecindən olan tədqiqatçılarının apardığı araşdırmanın nəticələrinə əsasən, viruslar vasitəsilə siçan spermalarına bəzi DNT hissəcikləri əlavə olunaraq spermada istənilən genlər aktivləşdirilə və ya əlavə oluna bilər. Normal şərtlərdə hüceyrələr yad DNT hissəciklərini təhdid kimi görürlər və dərhal yox etməyə çalışırlar. Tətbiq olunan xüsusi üsullar sayəsində əlavə edilmiş DNT məhv edilmir və edilən müşahidələrə görə siçanlarda üç nəsil boyunca ötürülməsi baş verir.

Bu kəşf tibbdə bir çox xəstəliyin meydana gəlməsinin qarşısını əvvəldən almaq üstünlüyü qazandırır. Sperma DNT-si dəyişdirilərək çox sayda xəstəlik aradan qaldırıla bilər və orqan yenilənməsi kimi bir çox gizli qalmış xüsusiyyətimiz ortaya çıxarıla bilər. Tədqiqatçılardan prof. Avil Chandrashekran transgenik texnologiyanın bütün xəstəlik tədqiqatlarında və bioloji problemləri anlamada ən əhəmiyyətli vasitə olduğunu qeyd edir.


Chandrashekran və qrupu transgenik heyvanlar yaratmaq üçün lentivirusları istifadə etdi. İçlərinə yaşıl fluoressensiya zülalı kodlaşdıran genlər əlavə onunan viruslar siçan spermalarıyla eyni mühitdə gözlədildi və virusların bu spermalara yoluxması təmin edildi. Viruslara yoluxmuş siçan spermaları laboratoriya mühitində reallaşdırılan döllənmə işlərində istifadə edildi. Döllənmə nəticəsində əldə edilən embrionların 42%-ində yaşıl fluoressensiya zülalı tapıldı. Bu, viruslara yoluxmuş heyvanların 42%-inin transgenik olduğunu göstərdi. Yaşıl fluoressensiya zülalı testislər də daxil olmaqla siçanların bir çox toxumasında tapıldı. Daha da vacibi, süni olaraq köçürülən bu yaşıl işıq yayan zülallara yalnız transgenik heyvanlarda deyil, bu heyvanların balalarında və balalarının da balalarında rast gəlindi.



Tədqiqatın dərc edildiyi FASEB jurnalının baş redaktoru prof. Gerald Weissmann araşdırmayla əlaqədar bunları deyir:

"DNT ötürülməsində istifadə edilən dəyişdirilmiş spermalar yalnız elmi araşdırmalarda deyil, klinika tətbiq etmə sahəsində də çox böyük imkanlara sahibdir. Dəyişdirilmiş spermalar transgenik heyvan modellərinin inkişafını asanlaşdırır. Gələcəkdə isə klinika tətbiqlərində insanlara yardım edə bilər. İllərdir təsirli ola biləcək genetik müalicələri tapmağa çalışırdıq və çox sayda müsbət-mənfi nəticələr alırdıq. Əgər gələcək nəsillərə daha sağlam həyat verə biləcək spermalar istehsal etsək, tibbdə inanılmaz irəliləyişlərə imza atarıq."


Qaynaq: ScienceDaily
daha ətraflı...

"Niyə əslində həyat mövcud deyil"

Hələ qədim yunan filosofları həyata müəyyən izahlar verməyə çalışırdılar. Aristotel hesab edirdi ki, cansızlıqdan fərqli olaraq canlılıq ruha malikdir, ruh da 3 növə bölünməlidir: bitkilərin ruhu, heyvanların ruhu və insanlarda olan rasional ruh.

Ferris Jabr

Uşaq vaxtlarımdan canlı varlıqlar məndə marağa və heyranlığa səbəb olurdu. Uşaqlığımı Kaliforniyanın şimalinda keçirmişdim. Dostlarımla, çiçəkləri tozlandıran arıları izləyirdik, onları paketlərə salıb obsidian gözlərini və qızılı tüklərini daha yaxşı seyr etdikdən sonra gündəlik işlərini görmələri üçün azadlığa buraxırdıq. Bəzən kolluqlardan oxlar və yay hazırlayırdım; simləri eyni kolluğun qabıqlarından düzəldirdim, yarpaqlar ilə isə oxları stabilləşdirirdim. Ailəmlə dənizkənarına səyahət edərkən dərhal krab və buğumayaqlıları kəşf etməyə başlayırdım. Və çox dəqiq xatırlayıram, aşağı siniflərdə oxuyarkən Santa-Krusda yerləşən evkalipt oyuğuna yollanırdıq, orada danaid kəpənəkləri ilə qarşılaşdıqda isə dinc almaq üçün dayanırdıq. Onlar qurumuş yarpaqları xatırladan qanadları ilə ağac budaqlarından tutunurdular. Anidən kəpənəklərdən biri tərpənirdi və onun qanadlarının iç hissəsinin narıncı rəngdə olduğu məlum olurdu.


Bu anlar, həmçinin Devid Attenboronun filmləri planetin canlılığına olan marağımı artırdı. Kiçik qardaşım, ona hədiyyə edilmiş K'nex konstruktoru ilə məşğul olarkən, mən bizim pişiyimizin necə hazırlandığını dərk etməyə çalışırdım. O, dünyanı necə görürdü? Niyə mırıldayırdı? Caynaqları, tükləri nədən hazırlanmışdı? Yeni İl üçün heyvanlar ensiklopediyası xahiş etmişdim. Küknar ağacının altında oturub saatlarla, mənim ölçümün yarısı qədər olan kitabı oxuyurdum. Bu səbəbdən qazancımı təbiət və elm haqqında hazırladığım məqalələrlə almağım təəccüblü deyil.

Lakin bir qədər əvvəl məndə dünyaya yeni baxış bucağından baxmağıma səbəb olan fikirlər formalaşdı. Məsələ burasındadır ki, insanlar həyatın nə olduğunu müəyyən etmə işi üzərində çalışa-çalışa onun nə olduğunu dəqiq olaraq hələ də izah edə bilmirlər. Hətta alimlərin də bu gün həyata verə biləcəkləri səlis açıqlamaları yoxdur. Bu problem üzərində düşünməyə başladıqda, qardaşımın necə konstruktoru ilə oynadığı və mənim necə pişik üzərində baş sındırdığım gözümün qarşısına gəldi. Niyə bizə elə gəlir ki, konstruktor cansız, pişiksə canlıdır? Məgər nəticədə hər ikisi də "maşınlar" deyildirmi? Pişik - sözsüz ki, konstruktorun qətiyyən təkrar edə bilməyəcəyi inanılmaz hərəkətlərə qadir olan daha mürəkkəb mexanizmdir. Amma təməl səviyyədə cansız mexanizmlə canlı orqanizm arasında fərq nədir? Məgər insanlar, krablar, pişiklər və digər orqanizmlər bir kateqoriyaya, konstruktorlar, kompyuterlər, ulduzlar və qayalar isə digər bir kateqoriyaya daxildir? Mənim gəldiyim nəticə budur: Xeyr. Bundan əlavə, həyatın əslində mövcud olmadığı qənaətinə gəldim.

İcazənizlə, izah edim.

Həyata təyin edici izahlar vermək arzusunda olanlar hələ qədim dövrlərdə yaşayırdılar. Aristotel canlılıqla cansızlığın təməl fərqinin "ruh" olduğuna inanırdı. Ondan sonralar Qalen canlılığın mürəkkəb orqan quruluşundan ibarət olduğunu və yenə də ruhla doyuzdurulduğunu hesab edirdi. 17-ci əsrdə alman həkimi və kimyaçısı olmuş Qeorq Ernst Ştal və digər alimlər canlılığı cansızlıqdan ayıran bir qeyri-maddi elementin mövcud olduğunu və cansızlarla canlıların fərqli prinsipləri olduğunu irəli sürdülər. Bundan başqa, orqanik maddələrin qeyri-orqanik maddələrdən sintez oluna bilməyəciyini iddia etdilər. Ammma yeni tədqiqatlarla onların fərziyyəsinin nə dərəcədə dayanıqsız olduğu məlum oldu: qeyri-orqanik maddələr nəinki laboratuar şəraitlərdə, hətta laboratoriyadankənar mühitlərdə də orqanik maddələrə çevrilə bilirdi.

Digər alimlərsə, canlılara naməlum qeyri-maddi qüvvə qoşmaqdan əlavə, onlarla cansızları fərqləndirəcək fiziki xarakteristikaların axtarışına başladılar. Bu gün canlılara xas olan xüsusiyyətlərin bunlar olduğu hesab edilir: mürəkkəb struktur (fərqli hüceyrələrdən ibarət quruluş), inkişaf (görünüşün və ölçünün dəyişilməsi), homeostaz (daxili tarazlığı və biofizioloji funksiyaları qoruma), maddələr mübadiləsi (yaşlanmağın yavaşlaması və inkişaf üçün enerji istifadəsi), qıcıqlandırıcı reaksiyalar (davranışın işıq, temperatur və kimyəvi maddələrə reaksiyayla dəyişilməsi), artım (vegetativ artım və cütləşmə ilə genetik informasiyanın bir nəsildən digər nəslə ötürülməsi) və təkamül (zamanla populyasiyaların genetik xarakteristikalarının dəyişikliyə uğraması).


Bu siyahıların məntiqini təkzib etmək olduqca asandır. İndiyəcən heç kimə canlılığın və ya cansızlığın xüsusi fiziki xüsusiyyətlərinin dəqiq siyahısını yaratmaq qismət olmayıb. Hər zaman istisnalar olur. İnsanların əksəriyyəti kristalların cansız olduğunu düşünür, amma onlar yüksək səviyyədə təşkil olunmuşdurlar, həmçinin inkişaf edə bilirlər. Eynən bakteriyalar və xərçənglər də qəflət yuxusuna daldıqda orqanizmlərinin inkişafı dayanır, maddələr mübadiləsi baş vermir və ümumiyyətlə dəyişilmirlər, amma buna görə onları cansız adlandırmaq doğru olmazdı.

Təklif olunan bütün həyat xarakteristikaları belə çətin vəziyyətə düşürlər. Ətraf aləmə reaksiya təkcə canlılara xas deyil. Bu işi uğurlu şəkildə yerinə yetirən cansız hesab etdiyimiz maşınlar hazırlamışıq. Hətta artım belə canlılığın xüsusiyyəti hesab edilməməlidir. Tənha heyvan təbiətdə heç vaxt arta bilməz. O zaman belə çıxır ki iki əks cinsdən olan, genetik informasiyalarını növbəti nəslə ötürən pişiklər canlıdır, amma tək olduğu üçün arta bilməyən pişik cansız?! Turritopsis nutricula meduzasını xatırlayın, hansı ki yetkin formasından davamlı olaraq "uşaqlıq" mərhələsinə keçid ala bilir. Bu canlı nəsil artırmır, vegetativ yolla nəsillər təmin etmir və ənənəvi obrazla yaşlanmır - amma insanların yenə də əksəriyyəti qəbul edəcək ki, meduza canlıdır.

Bəs təkamül? DNT və RNT molekullarında dəyişilmiş informasiyanı saxlama bacarığına malik olmaq və onları gələcək nəsillərə ötürə bilmək - yenə də yalnız canlılara xas deyil. Son illərdə alimlər təkamül üzərində dayanıb, məhz bu xüsusiyyətin canlılıqla cansızlığı ayırd etməyimizə yardım edəcəyini deyirdilər. 1990-cı illərin əvvəllərində Skripps Elm-Tədqiqat İnstitutundan olan Cerald Coys, NASA-nın Yerdənkənar mühitin biologiyası proqramına başçılıq edən Con Rammelin konsultativ qrupunda yer alırdı. Digər planetlərdə həyat axtarışının optimal üsulları haqda diskussiyalarda həmkarları ilə birlikdə Coys hələ də olduqca populyar olan canlılıq tərifini irəli sürdü: "Darvinin təkamülünə qadir olan azad sistem". Aydın, qısa və əhatəli müəyyənləşdirmədir. Amma praktikada da işləyir?

İndi gəlin həyatın müəyyənləşdirilməsi axtarışlarını çətinləşdirən viruslara göz gəzdirək. Viruslar əslində zülal örtüyünə bükülmüş DNT və RNT saplarıdır. Hüceyrələri yoxdur, maddələr mübadiləsinə sahib deyillər, lakin genləri mövcuddur və inkişaf edə bilirlər. Coysun dediyinə görə "azad sistem", Darvinin təkamülü üçün zəruri olan orqanizmin bütün informasiyaya sahib olması xüsusiyyətidir. O, virusların bu müəyyənləşdirməyə uyğun olmadığını qeyd edir. Axı virus, özünüistehsal üçün hüceyrəyə nüfuz edib onu işğal etməlidir. Bu yaxınlarda alınan intervyuda Coys deyirdi: "Virus genomu yalnız sahibi olduğu hüceyrə daxilində inkişaf edə bilər."


Yaxşıca düşündükdə NASA-nın bu müəyyənləşdirməsinin heç də digərlərindən üstün olmadığını görmək olar: bu da virusların anlaşılmaz tərifindən ibarətdir. Çoxlarının iyrənc, buna baxmayaraq canlı hesab etdiyi, insanın bağırsağında yaşayan parazit qurd genetik informasiyanın artımı üçün lazımlı olan hər şeyə sahibdir. Amma qurd insanın bağırsağındaki hüceyrə və molekullar olmadan arta, onlardan enerji almadan da varlığını davam etdirə bilməz. Eynən virus da genetik informasiyayla artmaq üçün lazımlı olanlara sahibdir, amma onda hüceyrə mexanizmi yoxdur. Qurdun vəziyyəti ilə virusun vəziyyəti arasında radikal fərqlər olduğu arqumenti olduqca zəifdir. Qurd da, virus da yalnız öz "sahibinin" içində arta bilirlər. Əslində virus qurddan daha effektiv şəkildə inkişaf edir. Virus dərhal işə başlayır və böyük ölçülərdə nəsil artırmaq üçün yalnız hüceyrə nüvəsi içərisindəki bir neçə zülala ehtiyac duyur. Parazit qurd üçünsə artmaqda başqa heyvanın bütöv orqanına ehtiyac var, üstəlik bu işi belə hər zaman yerinə yetirməyə nail ola bilmir, çünki yumurtaqoyma dövrünə qədər sağ qala bilməsi o qədər də asan deyil. Yəni, əgər NASA-nın ümumiləşdirməsi əsasında virusları canlılar kateqoriyasından kənar qoysaq, onda gərək o kateqoriyadan qurdları, göbələkləri və bəzi bitkiləri də çıxarmalı olaq.

Darvinin təkamülü əsasında düşünülmüş "azad sistem" kateqoriyasına hazırladığımız bir çox kompyuterlər də daxil ola bilər. Misalçün, genetik alqoritmlər məsələnin optimal həlli üçün təbii seçməni təqlid edirlər. Bunlar əlamətləri və xüsusiyyətləri kodlaşdırırlar, təkmilləşirlər, bərpa işi uğrunda mübarizə aparırlar və informasiya ötürürlər.

Mən deyərdim ki, Coysun laboratoriyası NASA tərəfindən irəli sürülən həyat tərifi işinə son zərbəni qoydu. O, bir çox digər alimlərlə birlikdə həyatın mənşəyi mövzusunda "RNT Dünyası" nəzəriyyəsinə üstünlük verir. Bütün planetdə həyat DNT və RNT-dən asılıdır. Müasir canlı orqanizmlərdə DNT, birlikdə hüceyrəni meydana gətirən zülalların və molekulyar mexanizmlərin yaranması üçün informasiya saxlayır. Əvvəllər alimlər hesab edirdilər ki, hüceyrə strukturunun formalaşması üçün yalnız enzim zülalları kimyəvi reaksiyada katalizator roluna malik ola bilər. Lakin 1980-ci illərdə Tomas Çex və Sidney Altman kəşf etdilər ki, müxtəlif enzim zülalları ilə bağlı olaraq bir çox RNT enzim tipləri (və ya ribozimlər) DNT-yə kodlaşdırılmış informasiyanı sayırlar və addımlarla hüceyrənin fərqli bölgələrini qururlar. "RNT Dünyası" hipotezinə görə planetimizdə ilkin orqanizmlər bu işləri DNT-yə ehtiyac duymadan, genetik informasiyanın RNT-də saxlanılması yolu ilə yerinə yetirirdilər.

Bu necə baş verə bilərdi? Belə: təxminən 4 milyard il əvvəl ilkin Yer bulyonundaki, DNT ilə RNT-nin quruluş daşı hesab edilən azad nukleotidlər birləşərək davamlı daha qəliz və daha uzun reaksiyalara səbəb olurdular və zamanla, özlərini kopiyalamaq üçün kifayət qədər böyük və qəliz olan ribozimləri yaratmış oldular. Beləcə onlar özünüistehsal mövzusunda uğursuz olan RNT-lərlə müqayisədə sağ qalmada daha üstünlüklü oldular. Bu ilk enzimlər, ilkin hüceyrəni formalaşdıran membranaları örtüklərlə sarırdılar. Ribozimlər həm daha çox RNT istehsal edirdilər, həm də nukleotidləri zəncirvari olaraq DNT-yə birləşdirirdilər. Nukleotidlər həmçinin spontan olaraq DNT formalaşdıra bilirdilər. Elə ya belə, axır əvvəl DNT informasiyanı qoruyan molekul olaraq RNT-ni əvəz etməli oldu, çünki daha stabil idi. Zülallarsa katalizator rolunu oynadılar. Amma müasir orqanizmlərin hüceyrələrində hələ də ilkin RNT dünyası qalıqlarına rast gəlinir. RNT və zülal dəstini təmsil edən ribosomlar məhz ribozimlərdir. Həmçinin, RNT-ni əsas genetik material kimi istifadə edən bir virus qrupu da mövcuddur.

"RNT Dünyası"nı test etmək üçün Coys və digər alimlər, bir vaxtlar Yerin ilkin şorbasında olmuş bu cür özünüistehsal bacarığı olan ribozimləri yaratmağa çalışdılar. 2000-ci illərin ortalarında Coys və Treysi Linkoln laboratuar şərtlərdə milyard illər əvvəl rəqabət aparmış qədim RNT-lərə oxşar olan trilyon qədər təsadüfi və əlaqəsiz RNT ardıcıllıqları yaratdılar. Bundan başqa onlar iki digər RNT hissəsini birləşdirən izolə edilmiş ardıcıllıqları yaratmış oldular. Bu ardıcıllıqları bir-birinə qarşı qoyaraq, cüt zamanla, bir-birini sonsuzluğa qədər təşkil edə biləcək iki ribozim istehsal etdi, amma ribozimlərin yetərli qədər nukleotid almaları da zəruri idi. Bu lüt RNT molekulları təkcə özünüistehsala deyil, həm də mutasiyaya uğrama və təkamülləşməyə qadir idi.

Coys deyir: "Onlar həyatın müəyyənləşdirilməsi işinə uyğundurlar. Bu, Darvinin azad sistem nəzəriyyəsidir." Amma ribozimlərin həqiqətən də canlı olduqlarını təsdiq edə bilmir. Doktor Frankenşteynə çevrilməmək üçün, Coys, yaratdıqlarının necə yeni xüsusiyyətlər qazanmasını müşahidə etmək istəyir. Deyir: "Hesab edirəm ki, burada çatışmayan keçid ribozimlərin yaradıcı olmalı, yeni qərarlar verməli olduğundan ibarətdir."

Mənsə hesab edirəm ki, Coys ribozimlərə lazımlı olanı vermir. Təkamül - zamanla baş verən genlərin dəyişilməsidir. Təkamül fəaliyyətini müşahidə etmək üçün donuzların qanad qazanmasını, RNT-nin əlifba hərflərinə yığılmasını gözləməyə ehtiyac yoxdur. 6000-10000 il əvvəl meydana gəlmiş mavi göz rəngi sadəcə iris piqmentinin fərqli bir növüdür. Eynən ilk lələkli dinozavrlar kimi. Əgər biz həyat müəyyənləşdirilməsini Darvinin azad sisteminə uyğun olaraq irəli sürsək, onda ribozimləri də, virusları da işin içinə qatmalı olacağıq.

Niyə həyata bir tərif vermək bu qədər çətindir? Niyə alimlər uzun illərdir canlılığı digər kateqoriya - cansızlıqdan ayırd edə bilən konkret fiziki xüsusiyyət və ya əlamətləri tapa bilmirlər? Çünki bu əlamətlər onsuz da mövcud deyil. Həyat - bizim uydurduğumuz bir anlayışdır. Ən təməl səviyyədə mövcud olan bütün materiyalar - təşkil olunmuş atomlar toplusu və onların tərkib hissələridir. Bu, elementar hidrogen atomu və kompleks beynin daxil olduğu inanılmaz dərəcədə mürəkkəb topludur. Həyata bir tərif vermə cəhdlərimiz, mövcud materiyaları, onların mürəkkəblik səviyyələrinə görə ikiyə bölməyimizə səbəb oldu. Əslində bu fərqlər yalnız bizim beynimizdədir. Elə bir hadisə yoxdur ki, onun astanasında atomlar anidən canlana bilsinlər; canlılıqla cansızlıq arasında heç bir ciddi fərq yoxdur, Frankenşteynin qığılcımı mövcud deyil. Bu səbəbdən biz həyata tərif verə bilməyəcəyik, çünki həyatda tərif veriləsi bir şey yoxdur.

Bu ideyalarımı telefonda Coysa dedikdə, onun güləcəyini və absurd adlandıracağını gözləyirdim. Nə də olsa o, NASA-ya həyatın müəyyənləşdirilməsi işində yardım etmişdi. Lakin Coys həyatın yalnız anlayış və ya ideya olduğu arqumentimi "ideal" olaraq qiymətləndirdi. O, həyata tərif verməyin müəyyən mənada zaman itkisi olduğu fikri ilə razıdır. Müəyyənləşdirmə yalnız işdə ünsiyyət rahatlığı üçün istifadə edilə bilər. "Biz NASA-ya Yerdənkənar həyat axtarışları üçün yardım edirdik. Ona tərif vermədən hər abzasda həyat sözünü istifadə edə bilməzdik." - Coys deyir.

Həyatı bir anlayış və ya ideya kimi qəbul edərək, biz onu öz möhtəşəmliyindən qətiyyən uzaqlaşdırmırıq. Bu, canlılar və cansızlar arasındaki maddi fərqlərin yoxluğundan qaynaqlanmır. Çox güman ki heç vaxt canlılıq və cansızlıq anlayışlarına tərif verə bilməyəcəyik, çünki bunlar əslində fəaliyyət deyil, eləcə anlayışlardır. Canlı təbiətin hər şeyi uşaqlıqda məni heyrətləndirirdi, hətta mənim yeni həyat dərkimlə indi də heyrətləndirir. Düşünürəm ki, canlı adlandırdığımız obyektlər əslində onlara xas olan hər hansı əlamətlərin cəmi deyil; onları, bizim onlar haqda təsəvvürlərimiz, onlara sevgimiz, əgər səmimi olaraq desəm, təkəbbürümüz və özümüzdən razı olduğumuz birləşdirir.


İlk öncə, biz Yerdəki hər şeyi iki qrupa böldük: canlı və cansıza, üstəlik hansını daha üstün gördüyümüz sirr deyildi. Daha sonra, biz yalnız özümüzü üstün qrupa aid etməklə kifayətlənmədik, biz həm də təkid etdik ki, digər obyektləri bizimlə müqayisə edərək qiymətləndirmək lazımdır. Bu obyekt nə qədər bizə yaxındırsa, nə qədər çox danışırsa, nə qədər çox hərəkət edirsə, hiss edirsə, düşünürsə, bir o qədər canlıdır.

Sözün düzünü desəm, canlılıq adlandırdığımız şey, cansızlıqdan ayrı və ya onsuz mümkün deyil. Əgər biz planetimizin fundamental mahiyyətinə baxa bilsəydik, onun strukturlarını hər səviyyədə, mikroskopik və makroskopik olaraq, eyni zamanda anlaya bilsəydik, dünyanı bir növ saysız qum dənəsi toplusu kimi, nəhəng titrək atom sahəsi olaraq görərdik. İnsan dənizkənarında minlərlə qum dənəsindən qum qalaları, meduzalar və təsəvvür edə biləcəyi hər hansı başqa bir şeyi hazırlaya bilər. Eynən bu cür, bizim planetdəki hər şeyin ibarət olduğu saysız atomlar davamlı olaraq birləşirlər, dağılırlar və dəyişgən materiya kaleydoskopunu yaradırlar. Bu hissələrin müəyyən qədəri dağlar, okeanlar, buludlar olur, digərləri isə ağaclar, balıqlar və quşları meydana gətirir. Bəziləri nisbətən dəyişilməz halda qalır, digərləri isə inanılmaz sürətlə dəyişir və quruluşlarını mürəkkəbləşdirir. Bir şeydən K'nex konstruktoru meydana gəlir, başqa bir şeydənsə pişik.

Qaynaq: Scientific American
daha ətraflı...

Avropa Şurası Parlament Assambleyasının 1580 saylı Qətnaməsi

Qətnamənin məqsədi hər hansı bir inancı sorğuya çəkmək və ya onunla mübarizə aparmaq deyil – inanc azadlığı hüququ buna icazə vermir. Məqsəd, inancın elm kimi qəbul edilməsi tendensiyalarına qarşı xəbərdar etməkdir. İnancı elmdən fərqləndirmək vacibdr. Burada məsələ antoqonizmdə deyil. Elm və inanc birlikdə mövcud ola bilərlər. İnanc və elmi müqayisə etmək məsələnin məğzi deyil, lakin inancın elmlə qarşı-qarşıya qoyulmasının qarşısına almaq zəruridir.

1. Bəzi insanlar üçün dini inancdakı Yaradılış həyata məna qazandırır. Buna baxmayaraq, Parlament Assambleyası kreasionist ideyaların geniş yayılmasının təhsil sistemimiz üzərindəki yan təsirləri və demokratiyaya qarşı törətdiyi təhlükə qarşısında narahatdır. Əgər biz diqqətli olmasaq, kreasionizm, Avropa Şurasının əsas prinsiplərindən olan insan haqları üçün təhlükə yarada bilər.

2. Təbii seçmə yolu ilə növlərin təkamülünün inkarı kimi meydana gəlmiş kreasionizm uzun müddət ərzində müstəsna olaraq amerikan fenomeni idi. Bu gün kreasionist ideyalar Avropaya da yol tapmağa və öz təsirini Avropa Şurasının bəzi ölkələri üzərində göstərməyə başlamışdır.

3. Çoxu xristian və ya islam dininə sitayiş edən zəmanəmiz kreasionistlərinin əsas hədəfi təhsildir. Kreasionistlər öz ideyalarının məktəb proqramına daxil edilməsi üçün çalışırlar. Lakin kreasionizm elmi fənn olmağa iddia edə bilməz.

4. Kreasionistlər müəyyən bilik sahəsinin elmi xarakterini şübhə altına alır və təkamül nəzəsiyyəsini elmi interpretasiyalardan yalnız biri kimi qəbul edirlər. Onlar alimləri, təkamül nəzəriyyəsini elmi cəhətdən qəbuledilən nəzəriyyə kimi təsdiq etmək üçün kifayət qədər sübut göstərməməkdə günahlandırırlar. Bunun əksinə olaraq, kreasionistlər öz müddəalarının elmi xarakterli olmasını iddia edirlər. Onların heç biri obyektiv təhlilin tərəfdarı deyillər.

5. Biz təbiət, təkamül, mənşəyimiz və kainatdakı yerimiz barədə bərqərar olmuş biliklərin sorğuya çəkildiyi düşüncələrin artımına şahid oluruq. 

6. Uşaqlarımızın şüurunda, inanc, əqidə, müxtəlif cür ideallar və elmlə əlaqədar təqdim olunan faktlarla əlaqədar çaşqınlıq yaranması ilə bağlı ciddi risk mövcuddur. “Hər şey bərabərdir” yanaşması cəlbedici və tolerant görünə bilər, lakin fakt olaraq təhlükəlidir.

7. Kreasionizmın bir sıra ziddiyyətli aspektləri var. Kreasionizmın ən son, daha təkmil versiyası olan “ağıllı dizayn” ideyası təkamülün müəyyən dərəcədə mövcud olmasını inkar etmir. Buna baxmayaraq, daha hiyləgərcəsinə təqdim edilən ağıllı dizayn bu yanaşmanı elmi olaraq təsvir etməyə çalışır və bunun altında ciddi təhlükə yatır.

8. Assambleya daima iddia edir ki, elm təməl əhəmiyyətə malikdir. Elm yaşayış və əmək şəraitində nəzərəçarpan irəliləmələri mümkün etmiş və iqtisadi, texnoloji və ictimai inkişafda əhəmiyyətli amil rolunu oynayır. Təkamül nəzəriyyəsinin ilahi vəhylərlə heç bir əlaqəsi yoxdur, o, faktlara əsaslanır.

9. Kreasionizm elmi dəqiqliyə əsaslandığını iddia edir. Həqiqətdə isə kreasionistlər tərəfindən tətbiq edilən metodların üç tipi var: xalis ehkamçı fərziyyələr; bəzən möcuzəvi fotolarda təsəvvür edilən, elmi ifadələrin təhrif olunaraq istifadə edilməsi; və çox vaxt bu məsələlərdə mütəxəssis olmayan az və ya çox dərəcədə məşhur alimlərin dəstəyi. Bu yolla kreasionistlər mütəxəssis olmayan insanlara təsir göstərir və onlarda şübhə və çaşqınlıq yaradırlar.

10. Təkamül sadəcə olaraq insan və növlərin təkamülü deyil. Onun inkarı cəmiyyətimizin inkişafı üçün ciddi fəsadlara səbəb ola bilər. QİÇS kimi ciddi yoluxucu xəstəliklərlə mübazirə aparan tibbi tədqiqatların inkişafı təkamülün hər bir prinsipinin inkarı ilə qeyri-mümkün olur. Əgər təkamül mexanizmləri dərk olunmayıbsa, bioloji müxtəlifliyin nəzərə çarpacaq dərəcədə geriləməsi və iqlim dəyişikliyi risklərindən agah olmaq mümkün olmaz.

11. Müasir dünya qədim tarixə əsaslanır ki, elm və texnologiyanın inkişafı onun əsas hissəsini təşkil edir. Bununla bərabər, elmi yanaşma hələ də yaxşı dərk edilməyib və bu, fundamentalizm və ekstremizmin müxtəlif növlərinin inkişafı üçün zəmin yaradır. Elmin tam şəkildə inkarı insan və vətəndaş haqları üçün ən ciddi təhlükələrdəndir.

12. Təkamül nəzəriyyəsi və ona qarşı çıxanlar arasında müharibə tez-tez, sağ cinahın siyasi hərəkatları ilə sıx əlaqədə olan dini ekstremizmin formalarından qaynaqlanır. Kreasionist hərəkatlar həqiqi siyasi qüvvəyə malikdirlər. Faktlar və bir sıra hadisələr əsasında görünən odur ki, xalis kreasionizm tərəfdarları demokratiyanın teokratiya ilə əvəz edilməsinin lehinədirlər. 

13. Əsas təkallahlı dinlərin öndə gələn liderləri daha mötədil yanaşmaya malikdirlər. Məsələn, XVI Papa Benedikt, sələfi II Papa Con-Pol kimi, bu gün elmin bəşəriyyətin təkamülündəki rolunu tərifləyir və etiraf edir ki, təkamül nəzəriyyəsi “hipotezdən daha irəliyə gedib”.

14. Buna görə də təməl elmi nəzəriyyə kimi təkamülə aid bütün fenomenlərinin təlimi cəmiyyətimiz və demokratiyanın gələcəyi həlledicidir. Bu səbəbdən o, dərs proqramları və xüsusilə də elmi fənlərdə mərkəzi mövqedə olmalı və digər nəzəriyyələr kimi, təfərrüatlı elmi təqdiqat nəticəsində ayaqda durmağı bacarmalıdır. Təkamül hər yerdədir, dayanıqlı bakteriyanın peyda olmasını stimullaşdıran antibiotik maddələrin reseptindən həşəratların mutasiyasına səbəb olan pestisidlərin ifrat istifadəsinə qədər, bunun nəticəsində pestisidlər artıq heç bir təsirə malik olmurlar.

15. Avropa Şurası mədəniyyət və din haqqında təlimlərin önəmini vurğulayıb. İfadə və fərdi inanc azadlığı naminə, digər dini mövqelər kimi, kreasionist ideyalar mədəni yə dini təhsilə əlavə kimi təqdim oluna bilər, lakin elmiliyə iddia edə bilməz. 

16. Elm intellektuallıq üçün əvəzedilməzdir. O, “şeylərin nə üçün” olduğunu deyil, “şeylərin necə fəaliyyət göstərdiyini” araşdırır.

17. Kreasionistlərin artan təsirinin tədqiqi göstərir ki, kreasionizm və təkamül arasında arqumentlər intellektual debatdan kənarda yerləşir. Əgər biz ehtiyatlı olmasaq, Avropa Şurasının təməlində dayanan dəyərlər kreasionist fundamentalistlər tərəfindən təhlükədə olacaq. Avropa Şurası parlament üzvlərinin rollarından biri də gec olmadan buna reaksiya verməkdir.

18. Bu səbəbdən Parlament Assambleyası üzv ölkələri və xüsusilə də təhsillə bağlı şəxsləri:

19.1.  elmi təfəkkürü və bilikləri müdafiə etməyə və təbliğ etməyə;

19.2.  Obyektiv elmi biliyin tədrisi  ilə bərabər, elmin əsaslarının, tarixinin, epistemiologiyası və metodlarının tədrisini gücləndirməyə;

19.3.  Elmi daha aydın, cəlbedici və müasir dünyanın gerçəklərinə yaxın etməyə;

19.4.  Kreasionizmin təkamül nəzəriyyəsi ilə birlikdə elmi fənn kimi və ümumiyyətlə kreasionist ideyaların dindən kənarda bir fənn kimi təqdim edilməsinə qarşı çıxmağa;

19.5.  Məktəb tədris proqramlarında təkamülün təməl elmi nəzəriyyə kim tədris edilməsini təbliğ etməyə çağırır.


Assambleya Avropa Şurasının 27 elmlər akademiyasının 2006-cı il iyun ayında təkamülün tədrisinə dair deklarasiyanı imzalamalarını təqdir edir və bunu etməyən digər elmlər akademiyalarını da bu deklarasiyanı imzalamağa çağırır. 4 oktyabr 2007-ci il tarixli Assambleya debatı (Bax: 11375 saylı hesabat sənədi, Mədəniyyət, Elm və Təhsilə dair Komitənin hesabatı, məruzəçi: Mrs Brasseur). Mətn Assambleya tərəfindən 4 oktyabr 2007-ci ildə təsdiq edilmişdir (35-ci iclas).

Qaynaq: Sekulyarizm.org
daha ətraflı...

Alimlərin izah edə bilmədiyi ekzoplanet tapıldı

HD 106906b adlı nəhəng qazlı ekzoplanet indiyə qədər Günəş sistemindən kənar kəşf edilmiş ən böyük, ən gənc və ulduzuna ən uzaq məsafədə yerləşən planet olma xüsusiyyətini daşıyır.

Arizona Universitetindən olan elm adamları və tələbələrdən ibarət beynəlxalq tədqiqatçı qrupun apardığı araşdırma Günəş sistemi xaricində yerləşən nəhəng planetin mövcudluğunu üzə çıxardı. "HD 106906b" adı verilən ekzoplanet Yerdən 299 işıq ili uzaqlıqdaki HD 106906 ulduzunun ətrafında dövr edir. Kütləsi Günəş sistemindəki ən böyük planet olan Yupiterdən 11 dəfə ağır olan HD 106906b, nəhəng quruluşu və ulduzu ilə arasındakı 97 milyard km-lik məsafəsi ilə astronomiya dünyasında çaşqınlığa səbəb oldu.

Space.com rəsmi saytında yayımlanan məqalədə ekzoplanetin ulduzu ilə arasındakı məsafənin, Yerin Günəşə orta hesabla uzaqlığının 650 qatı olması səbəbilə, planetlərin yaranmasını izah edən nəzəriyyələri "darmadağın" etdiyi bildirildi. Oort buludundan başqa, Günəş sisteminin böyüklüyü 500 AB olduğu düşünüldüyündə, təkcə planetin ulduzuna olan məsafəsi bütöv Günəş sistemindən çox daha böyük olduğunu göstərir. Bundan 4,5 milyard il əvvəl mövcud olan Yer ilə müqayisədə 13 milyon il əvvəl meydana gəlmiş gənc planet olan HD 106906b meydana gəlmə mərhələsindəki istiliyinin bir qismini hələ də saxlayır. Bu səbəblə 1500 santiqrad dərəcəlik səth istiliyinə sahib olan planet ətrafa gözlə görülə bilməyən infraqırmızı işıq saçır.

Planeti, Çilidəki Atakama çölündə yerləşən "Magellan" teleskopu üzərinə yerləşdirilən termal infraqırmızı kameralar köməyiylə kəşf edən alimlər, planetin bağlı olduğu ulduzla birlikdə hərəkət etdiyini isə Hubble kosmik teleskopunun 8 il əvvəl, başqa bir tədqiqat proqramı üçün əldə etdiyi məlumatları araşdıraraq təsdiq etdilər. Magellan teleskopu üzərindəki  "folded-port Infrared Echelette (FIRE)" spektroqrafı sayəsində kəşf etdikləri səma cisminin təbiəti və strukturu haqqında ətraflı məlumata yiyələnən tədqiqatçılar beləcə HD 106906b'nin bir ulduzun orbitində dövr edən planet olduğunu elmi olaraq ortaya qoydular.



Astronomiya dünyasında qəbul edilmiş nəzəriyyələrdən birinə görə, Yer kimi cismlər, bağlı olduğu ulduzun yaxınlığında yerləşən, meydana gəlmə halındakı bir ulduzun ətrafındakı, başlanğıc diski olaraq adlandırılan disk formasındakı toz və qaz buludu içərisində yer alan kiçik asteroid bənzəri strukturların bir araya gəlməsiylə meydana gəlir. Ancaq bu nəzəriyyə çox ağır işləyən müddət tələb etdiyi səbəbilə, HD 106906b kimi çox gənc, bağlı olduğu ulduzdan çox uzaqda yerləşən və nəhəng quruluşdakı bir planetin necə meydana gəldiyini izah etməyə qadir deyil.

Digər nəzəriyyə isə nəhəng planetlərin, başlanğıc diskini meydana gətirən materialın birbaşa çökməsi vəziyyətində sürətlə meydana gələ biləcəyini iddia edir. Ancaq başlanğıc disklərinin xarici sahəsindəki kütlələrinin HD 106906b kimi bir planeti meydana gətirəcək böyüklüyə çatmasının çox çətin olması səbəbiylə, bu da nəhəng kütləli planetin meydana gəlməsini açıqlamaq üçün yetərli hesab edilmir.

Tədqiqatçı qrupun başında duran, Arizona Universiteti Astronomiya fakültəsində yüksək lisenziyali tələbə olan Vanessa Bailey etdikləri kəşfin, planet və ulduzların meydana gəlməsini izah edən heç bir modelin müşahidə edilən bu sistemi açıqlaya bilməməsi səbəbiylə xüsusi əhəmiyyət daşıdığını vurğuladı.

Qaynaq: Space , Sci-News
daha ətraflı...

December 7, 2013

Çin Ay səthinə kosmik aparat göndərdi

Çin kosmik aparatı "Çanye-3" (Chang'e-3) dekabrın 2-si gecə saatlarında Yerdən Aya yola düşdü. Aparatın Aydaki "Sinus Iridum" kraterinə eniş edəcəyi gözlənilirdi. Bu addımla Çin keçmiş SSRİ və ABŞ-dan sonra Ay səthinə aparat göndərmiş üçüncü ölkə adını qazandı.

Xinhua agentliyinin və CCTV-nin yaydığı məlumatlara görə, Çanye-3 kosmik aparatı 6 dekabr tarixində Ayın orbitinə daxil oldu. Çanye-3 aparatı transfer orbitindən dairəvi orbitə səthdən 100 kilometr hündürlükdə keçid aldı. Aparat 14 dekabr tarixində peykə eniş etdi. Bunun 1976-cı ildən bəri edilmiş ən uğurlu eniş olduğu hesab edilir.



Çanye-3 kosmik aparatı eniş modulu və qədim Çin tanrıçası Çanyenin dovşanı "Yuytu"nun adı verilmiş kəşfiyyatçı aparatdan ibarətdir. Ay üzərində gəzəcək kəşfiyyatçı aparat Yuytu saatda 200 metr sürətlə hərəkət edə bilir. Üç ay davam edəcək tədqiqat ərzində aparat Ayda geoloji araşdırmalar aparacaq. Aparat 14 dekabr tarixində peyk səthinə eniş etdikdən dərhal sonra Ay səthinin fotoşəkillərini çəkib Yerə göndərdi.

Çin kosmik aparatı Çanye-3'ün proqramına 3 mərhələ daxildir: Ay ətrafında tam dövr, Ay səthinə eniş və Aydan Yerə dönüş.

Qaynaq: Spaceflight Now , Independent
daha ətraflı...

Ağ köpəkbalığının genom xəritəsi hazırlandı

Ağ köpəkbalığı (Carcharodon charcarias) ən qədim və iri yırtıcı balıqlardandır. Alimlərin marağına səbəb olan bu növ bu gün yox olma təhlükəsi ilə qarşı-qarşıyadır. Bu canlılar elm üçün uzun müddət genetik tapmaca olaraq qalmışdır. 

Cornell Universitetindən (ABŞ) olan Michael Stanhope və həmkarları ağ köpəkbalığının genom xəritəsini hazırlamaq qərarına gəldilər. Onlar, brakonyerlər tərəfindən tutulmuş və hüquq mühafizə orqanları tərəfindən tədqiqat üçün alimlərə göndərilmiş ağ köpəkbalığının ürəyini araşdırdılar. Alimlər ağ köpəkbalığının genom ardıcıllığını həll edib, onu Danio rerio balığı və insan genomu ilə müqayisə etdilər. Tədqiqat BMC Genomics jurnalında yayımlandı.

Nəticədə ağ köpəkbalıqlarının danio balıqları ilə çox az oxşarlığı olduğu aydın oldu. Alimlər, bu nəticənin onlar üçün gözlənilməz olduğunu qeyd etdilər: təkamül nöqteyi-nəzərindən danio balıqları dəniz yırtıcılarına yaxın olmalıdır. Bunun yanında ağ köpəkbalığı və insan genomlarının müqayisələri bu nəticələri verdi: köpəkbalıqlarında maddələr mübadiləsinə cavabdeh olan zülallar, insanda anoloji funksiyaları yerinə yetirən zülallara oxşar idi.

Məqalənin müəllifləri qeyd edirlər ki, bu vəziyyəti belə açıqlamaq olar: ağ köpəkbalıqları qismən istiqanlı balıqlardır və onlarda maddələr mübadiləsi digər soyuqqanlı balıqlarınkı ilə müqayisədə daha intensivdir. Alimlər həmçinin gələcəkdə ağ köpəkbalığı genomunu digər istiqanlı yırtıcılarla müqayisə edərək hipotezlərinin nə dərəcədə doğru olduğunu aydınlaşdıracaqlarını bildirdilər.

Qaynaq: Nature World News
daha ətraflı...

December 6, 2013

Yaşanmış qorxu irsən ötürülür

Heyvanlar üzərində aparılmış təcrübələrdən məlum oldu ki, əvvəlki nəsillərin həyatında mövcud olmuş hadisələr genetik yaddaş vasitəsi ilə yeni nəsillərin davranışında öz əksini tapır.

Atlantanın Emori Universiteti Tibb mərkəzinin tədqiqatçıları Brayn Dias və Kerri Restlerin Nature Neuroscience jurnalında dərc olunmuş məruzəsində qeyd olunur ki, müəyyən iydən qorxmağa vərdiş etdirilən siçanlar bu halı irsən öz yeni nəsillərinə ötürürlər. Ekspertlərin fikrincə, bu kəşf qorxu və fobiyaların meydana gəlməsinin öyrənilməsində vacib əhəmiyyət daşıyır.

Aparılmış tədqiqat zamanı siçanları meşə gilasının çiçəklərində olan ətirdən (asetofenon maddəsindən) qorxmağa alışdırdılar. Onların saxlanıldığı yerə bu maddəni buraxarkən siçanlar zəif elektrik cərəyanı zərbəsi ilə vuruldular və beləcə, iy özlüyündə çəkindirici təsirə malik olmasa da, elektrik cərəyanının təsiri siçanları saxlama yerinin həmin seksiyasından qaçmağa məcbur etdi. Növbəti dəfələrdə həmin maddə buraxılarkən, elektrik cərəyanı olmadan da, siçanlar dərhal qaçmağa başlayır və beləcə, onlarda həmin iyə qarşı qorxu yaranmış olur.

Bu siçanlardan əmələ gələn nəsillər başqa bölmələrə yerləşdirildi, onların ünsiyyətinin qarşısı alındı. Yetkin həddə çatdıqdan sonra onlar üzərində eyni təcrübə aparıldı. Məlum oldu ki, yeni nəsildə asetofenon maddəsinə qarşı qorxu həssaslığı yaranmışdır. Saxlama kamerasına həmin maddə buraxılan kimi (baxmayaraq ki, elektrik cərəyanı daha tətbiq olunmur) siçanlar həmin bölmədən qaçmağa başladılar. Yeni nəslin erkək fərdləri üzərində DNT tədqiqatı iy reseptorlarının işinə cavadeh olan Olfr151 sahəsində metilasiyanın baş verdiyini üzə çıxardı.

Tədqiqat nəticələri epigenetik irsiyyət nəzəriyyəsini təsdiq edir. Bu nəzəriyyəyə görə, ətraf mühitin davamlı təsirləri genetik strukturda öz əksini tapır ki, bu da irsən yeni nəsillərə ötürülür.

Qaynaq: BBC
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top