December 7, 2013

Ağ köpəkbalığının genom xəritəsi hazırlandı

Ağ köpəkbalığı (Carcharodon charcarias) ən qədim və iri yırtıcı balıqlardandır. Alimlərin marağına səbəb olan bu növ bu gün yox olma təhlükəsi ilə qarşı-qarşıyadır. Bu canlılar elm üçün uzun müddət genetik tapmaca olaraq qalmışdır. 

Cornell Universitetindən (ABŞ) olan Michael Stanhope və həmkarları ağ köpəkbalığının genom xəritəsini hazırlamaq qərarına gəldilər. Onlar, brakonyerlər tərəfindən tutulmuş və hüquq mühafizə orqanları tərəfindən tədqiqat üçün alimlərə göndərilmiş ağ köpəkbalığının ürəyini araşdırdılar. Alimlər ağ köpəkbalığının genom ardıcıllığını həll edib, onu Danio rerio balığı və insan genomu ilə müqayisə etdilər. Tədqiqat BMC Genomics jurnalında yayımlandı.

Nəticədə ağ köpəkbalıqlarının danio balıqları ilə çox az oxşarlığı olduğu aydın oldu. Alimlər, bu nəticənin onlar üçün gözlənilməz olduğunu qeyd etdilər: təkamül nöqteyi-nəzərindən danio balıqları dəniz yırtıcılarına yaxın olmalıdır. Bunun yanında ağ köpəkbalığı və insan genomlarının müqayisələri bu nəticələri verdi: köpəkbalıqlarında maddələr mübadiləsinə cavabdeh olan zülallar, insanda anoloji funksiyaları yerinə yetirən zülallara oxşar idi.

Məqalənin müəllifləri qeyd edirlər ki, bu vəziyyəti belə açıqlamaq olar: ağ köpəkbalıqları qismən istiqanlı balıqlardır və onlarda maddələr mübadiləsi digər soyuqqanlı balıqlarınkı ilə müqayisədə daha intensivdir. Alimlər həmçinin gələcəkdə ağ köpəkbalığı genomunu digər istiqanlı yırtıcılarla müqayisə edərək hipotezlərinin nə dərəcədə doğru olduğunu aydınlaşdıracaqlarını bildirdilər.

Qaynaq: Nature World News
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top