January 22, 2017

Peyvənd və Peyvənd Əleyhdarlığı


Tibb elminin çox az mövzusu geniş kütlələr arasında peyvənd qədər böyük əks-səda doğurmuşdur. Tibblə məşğul olan insanların müxtəlif mövzular üzərində bitib tükənməyən mübahisələr yaşaması, fikir ayrılıqlarına düşməsi çox normaldır və hətta lazımlıdır. Ancaq məlumat asimmetriyasının yüksək səviyyədə olduğu bir mövzuda kütləvi şəkildə fikir ayrılıqlarının yaşanmasının başlıca iki səbəbi; peyvəndin xəstə olmayan, sağlam olaraq təyin oluna biləcək insanlara tətbiq olunması və onların insanın ən qiymətli varlığı olan övladları olmasıdır.

Təxminən 200 illik inkişaf müddətində, peyvənd mövzusunda yığılmış elmi məlumatlar demək olar ki ayrıca bir tibb sahəsi meydana gətirəcək səviyyəyə çatdı. Hər keçən an bu məlumatlara yeniləri əlavə olunmaqda və bu məlumatlar işığında, tətbiqlərin arzu edilən nəticələri istər fərdi, istərsə də kütləvi sağlamlıq baxımından ən az zərərlə verməsi üçün davamlı olaraq yeni araşdırmalar edilməkdədir.

Müasir məlumatlar əsasında edilmiş qiymətləndirmələrin dəyişməz olmadığını, ancaq yalnız elmi yolla əldə olunmuş məlumatlara görə dəyişə biləcəyini də vurğulamaq istəyirik.

"Ata"lar…

Qədim Çin və Hind tibb mənbələrində rast gəlindiyi bildirilsə də, qeydə alınmış və elmi üsullarla təsdiqlənmiş ilk müvəffəqiyyətli peyvənd 18-ci əsrin sonlarında, immunologiya elminin atası olaraq şərəfləndirilən Edvard Cenner tərəfindən edilmişdir. Hər elmi kəşfdə olduğu kimi güclü müşahidə, keçmiş təcrübələrin toplanması və yeni məlumatların əlavə olunması ilə, 1980-ci ildən bəri xəstəlik törədici bir amil olaraq qarşımıza çıxmayan (ABŞ və Rusiyadakı 2 laboratoriyada hələ də canlı çiçək virusu mövcuddur) çiçək virusuna qarşı ilk tədbirlər məhz o günlərdə təmin edildi. Klinik olaraq çiçək xəstəliyinin bütün xüsusiyyətlərini daşıyan ancaq əlamətlərin daha yüngül baş verdiyi mal çiçəyi xəstəliyinə davamlı məruz qalan süd sağıçılarında çiçək xəstəliyinin görülmədiyi müşahidəsindən yola çıxan Cenner, İngilislərin Türklər və Çərkəzlərdə görərək 1720-ci illərdə Adaya gətirdikləri "çiçəkləmə" üsulu ilə dəridəki mal çiçəyi yarasından götürdüyü mayeni sağlam insanların qoluna "əkərək" xəstəliyi yüngül şəkildə keçirmələrini və sonra bu ölümcül virusa qarşı həyat boyu davam edən bir müdafiə inkişaf etdirmələrini hədəfləmiş, bacarmış və bu üsulu qeydə almışdır.

Təxminən yüz il sonra, böyük nailiyyətlər qazanmasına səbəb olacaq işləriylə mikrobiologiyanın atası Lui Paster ortaya çıxmışdır. İnsanlarda müxtəlif xəstəliklər törədən və Pasterin adını daşıyan (Pasteurella multocida) toyuq xolerası bakteriyası üzərində apardığı araşdırmalardan sonra sibir yarası və quduzluğa qarşı etdiyi uğurlu immunlaşdırma  işləri, özündən əvvəlki dövrlərdə ortaya atılan "mikrob nəzəriyyəsi"ni elmi müstəviyə gətirməsi baxımından da çox əhəmiyyətlidir. 2005-ci ildə vəfat edən Mauris Hilleman'ı da, 20-ci əsrdə 40 ayrı xəstəliyə qarşı kəşf etdiyi peyvəndlər səbəbiylə, bu sahənin atası olaraq qeyd etmək səhv olmayacaq.

Poliomielitə qarşı başlatdıqları mübarizədə qalib gələn və ona qarşı təsirli peyvəndlər inkişaf etdirməyi bacaran Albert SabinConas Salk da burada xatırlanmağı haqq edən həkimlərdir.


Soldan sağa: Cenner, Paster, Hilleman, Sabin, Salk

Əleyhdarlığın "Elmi" Dayağı


Tarix boyunca mədəni və inanc dəyərləri baxımından tibbin müxtəlif tətbiqlərinə, təbii ki peyvəndlə immunlaşdırmaya qarşı da çıxışlar olmuş və olmağa davam etməkdədir. Əks görüş olaraq qəbul edə biləcəyimiz və üzərində dayanacağımız faktlar elmi qaydalara görə əldə edilmiş məlumatların nəşr olunmuş formalarıdır. Bu mənada, an azı bir müddət üçün, uyğun gəldiyini düşündüyümüz məqaləyə gələk: QPM (qızılca, parotit, məxmərək) peyvəndini səbəb/nəticə əlaqəsi quraraq birbaşa hədəf göstərən, 12 faktlıq bir xəstə tarixçəsi…

İlk müəllif olaraq İngilis "keçmiş" cərrah Endryu Vekfild'in adını daşıyan bir məqalə tibb dünyasının çox etibarlı nəşr orqanı olan The Lancetdə dərc olundu (28 Fevral 1998-ci il). Məqalədə, QPM peyvəndi edilmiş 12 uşaqda meydana çıxan davranış və bağırsaq problemlərinə işarə edilirdi. Hər nə qədər qəti arqumentlər ehtiva etməsə də, "QPM peyvəndi autizmə səbəb olur" şəklindəki yanlış bir düşüncənin elmi olaraq təşəkkül tapmış halı idi.

İnsan sağlamlığı müzakirə mövzusu olduqda, xüsusilə peyvənd kimi bütün əhaliyə təsir edən bir tətbiq düşünüldükdə tibb dünyası lazımi diqqəti göstərmiş və mütəxəssislərin üzərində müzakirə apara biləcəyi məlumatlar əldə edə bilməsi üçün ətraflı araşdırmalara başlamışdır. 12 ildən sonra nəşr olunan məqalədəki məlumatların bəzilərinin "yalan" olduğu səbəbiylə Lancet jurnalı 2010-cu ildə yazını "geri çəkmiş", Böyük Britaniyanın Ümumi Tibb Şurası 2,5 il davam edən iclaslardan sonra, 2010-cu ildə, araşdırmanın maddi və tibbi baxımdan etik olmayan çərçivədə edilməsi və "dürüst olmayan və məsuliyyətsiz" fikirlər səbəbiylə Vekfildin həkimlik səlahiyyətini əlindən almışdır. Vekfild, 2012-ci ildə Time jurnalında nəşr olunan "elmin fırıldaqçıları" başlıqlı məqalədə adı hallanan altı adamdan biri olmuşdur.


Vekfildin məqaləsi

Bu araşdırma tamamilə səhv və istiqamətlənmiş məlumatlar üzərində hazırlandığından və icra edilməsi baxımından da bir çox əlverişsizlik ehtiva etdiyindən peyvənd əleyhinə elmi yazı ola bilməmiş, lakin insanlarda ciddi şübhələr doğurmuşdur.


Eyni zamanda, bu yazının yaratdığı mühit mövzunun digər mütəxəssislər tərəfindən də diqqətlə araşdırılmasına gətirib çıxarmışdır. ABŞ-ın Xəstəliklərə Nəzarət və Önləmə Mərkəzi həm öz başlatdığı, həm də müstəqil şəkildə edilmiş elmi işləri toplamış və peyvəndlərin autizmə səbəb olduğuna dair bir dəlil tapılmadığını elan etmişdir. Uzun müddət peyvəndlərdə qoruyucu və saxlanma müddətini uzatmaq üçün istifadə edilmiş, tərkibində civə də olan üzvi maddə tiomersal (ABŞ-da timerosal olaraq bilinir), aparılan araşdırmalarda hər hansı bir mənfi təsirə səbəb olmadığı göstərilmiş olsa da, birdəfəlik doza üçün hazırlanan peyvənd preparatlarının çox dozalı flakonların yerini alması nəticəsində, 2001-ci ildən etibarən bəzi qrip peyvəndləri istisna olmaqla istifadədən tamamilə çıxarılmışdır.

Yəni Vekfildin bu yazısı, müasir tibbin peyvənd mövzusunda özünü təkrar qiymətləndirməsi, bəzi tətbiqləri dəyişdirməsi və tezislərini gücləndirməsi üçün bir fürsət yaratmışdır.

Təhlükəsizlik

İstər dərman yolu ilə, istərsə də cərrahı üsullarla insan üzərində edilən hər bir tibbi tətbiqin bilinən müəyyən riskləri vardır. Tibbi tətbiqin təhlükəsizliyindən bəhs edərkən anlamamız lazım olan, gözlənilən fayda/zərər nisbətinin diqqətli araşdırılmasından sonra əldə edilən elmi nəticələrin tətbiq lehinə qiymətləndirilməsi vəziyyətidir. Bir misalla konkretləşdirmək lazım olsa, müalicəsi olmayan poliomielitə qarşı ağızdan verilən və zəiflədilmiş poliomielit virusu daşıyan peyvəndin tətbiq olunan hər 2.500.000 dozası üçün 1 faktda peyvəndə bağlı uşaq iflici ortaya çıxma riski qarşısında, bu çox yoluxucu xəstəliyə tutulanların 200-də 1-də geriyədönməz iflic inkişafı və bunların da 5-10%-də ölüm riskinin varlığını, gözlənilən fayda/zərər baxımından siz də qiymətləndirə bilərsiniz.

Peyvənd Olunmamağın Kütləvi Nəticələrindən Nümunələr

Dublində 1999-ci ilin dekabr ayından 2000-ci ilin iyul ayına qədər davam edən dövrdə ortaya çıxan qızılca epidemiyası nəticəsində 355 uşaq xəstəxanaya gətirilmişdir. 111 uşaq xəstəxanada müalicə almış və 3 uşaq isə həyatını itirmişdir. Milli məlumatlara görə epidemiyadan əvvəli QPM peyvəndinin edilmə nisbətinin 70%-dən az olduğu təsbit edilir.

Hollandiyada, 1999-cu ilin iyun ayında 5 uşağın qızılcaya tutulması ilə başlayan epidemiya 2000-ci ilin fevral ayında 2961 hadisə, 3 uşaq ölümü ilə nəticələnir. Faktların çox böyük əksəriyyətini peyvənd olunmamış uşaqlar təşkil edir.

2000-ci ildə ABŞ-da qızılca xəstəliyinin ortadan qalxmasından sonra peyvənd proqramına diqqətin azalması nəticəsində 2005-ci ildə İndiana ştatında və 2013-cü ildə digər ştatlarda baş qaldıran qızılca epidemiyaları müasir dövrdə xəstəliklərə nəzarət etmənin nə qədər çətin olduğunun bir göstəricisidir. Eyni şəkildə 2015-ci ildə İllinois Universitetinin 69 tələbəsində parotit xəstəliyinin ortaya çıxması, səlahiyyətli şəxslərin şagirdləri dərslərin başlanma tarixi olan 24 Avqustdan əvvəl bir doza "təkrar QPM" peyvəndi etdirərək universitet şəhərciyinə gəlmələri barəsində xəbərdar etmələrinə səbəb oldu.

Nümunələr artırıla bilər, ancaq aydın şəkildə görünür ki, peyvənd hallarının azalması dərhal xəstəliklərin ani və nəzərəçarpan artımı ilə nəticələnir. Xəstəliyin ortaya çıxmasından sonra, müalicə üçün edilən xərclərin sağlamlıq büdcəsinə gətirdiyi yük başqa sağlamlıq xərclərinin azalmasına gətirib çıxaracağından, vaxtında görülən tədbirlər böyük əhəmiyyət daşıyır.

Düşünülməsi Lazım Olanlar

Yoluxucu xəstəliklərə qarşı peyvənd yolu ilə qazanılmış yeganə qələbə çiçək xəstəliyinə qarşı icra edilmiş olandır. Davam edən və sona yaxınlaşdığı ümid edilən bir başqa mübarizə poliomielitə qarşı aparılmaqdadır. 2014-cü ildə Nigeriya, Somali, Pakistan və Əfqanıstanda küncə sıxışdırılmış olan virusa son zərbənin vurulmasına çalışılmaqdadır. Afrikada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) etdiyi müvəffəqiyyətli peyvənd işləri sayəsində son 1 ildə poliomielit faktına rast gəlinməmişdir. Proses 2 il də davam etsə bu xəstəlikdən təmizlənmiş bir Afrikadan bəhs etmək mümkün olacaqdır.

ÜST-ün 2014 tarixli son hesabatına görə, peyvənd proqramı sayəsində ildə 2-3 milyon uşağın ölümdən xilas edildiyi düşünülür. Lakin ildə 1,5 milyon uşaq peyvənd ilə qarşısı alına bilər xəstəliklər nəticəsində həyatını itirir.

Fərdi olaraq peyvənd edilməyi rədd etmək cəmiyyət sağlamlığı baxımından çox da böyük bir təsirə sahib olmaya bilər. Ancaq kütləvi olaraq peyvənd proqramından kənarda qalmaq böyük xalq sağlamlığı problemlərinə gətirib çıxaracaq. Cəmiyyət immunitetinin xəstəliyə qarşı təsirli səviyyələrə çatması fərdi peyvənd nisbətlərinin hədəf qoyulmuş minimum dəyərləri keçməsi ilə mümkündür.

Uşaqlıq dövrü peyvəndlərinin tətbiq olunmaması vəziyyətində, insanların əsasən kiçik yaşlarda keçirdiyi bəzi viral xəstəliklərə, daha böyük yaşlarda tutulmaları müşahidə edilməkdədir. Məxmərək nümunəsini düşünsək, uşaqlıq dövründə bu virusla qarşılaşan peyvəndsiz bir gənc qız orta ağırlıqda bir xəstəlik keçirərkən, peyvəndli bir cəmiyyətdə yaşayan və virusla hamiləlik əsnasında qarşılaşan peyvəndsiz bir ananın doğulacaq uşağı üçün bu xəstəliyin mənası, karlıq, göz anomaliyaları və ciddi ürək problemlərinin öndə olduğu bir çox anormallıqla xarakterizə olunan Anadangəlmə Məxmərək Sindromu olacaq. Eyni şəkildə qızılca xəstəliyi üçün ölüm faizlərinin 13 yaşdan sonra nəzərəçarpan dərəcədə artdığı faktı göz önünə alındıqda, peyvənd edilməmiş, virusla uşaqlıq vaxtı deyil 20 yaşında qarşılaşmış bir gəncin həyatını təhdid edən xəstəliyin, uşaqlıq dövrü peyvəndləri ilə maneə törədilə bilər olması həqiqətinin vicdani və hətta hüquqi nəticələri gözləniləndir.

Elmi baxışla insanların hüquq və azadlıqlarını əsas götürən hüquqi baxış tibbin bəzi sahələrində tərs düşməkdə və hansının daha üstün olduğu mövzusu bir anlaşılmazlıq mənbəyi olmaqdadır. Bəzi inkişaf etmiş ölkələrdə qanuni bir zərurət olan peyvənd proqramına uyğunlaşma mövzusunun sağlamlıq problemi olmasından əlavə insan azadlığı baxımından da beynəlxalq hüquqi müstəvi çərçivəsində müzakirə edilməsi lazımlıdır.

Son Söz:

Faktlara söykənən tibb elminin bu günə qədər gəldiyi nəticələrə nəzər saldıqda, uşaqlıq dövrü peyvənd proqramlarının tətbiq olunmasında fərd və cəmiyyət sağlamlığı baxımından böyük fayda olduğu fikirindən fərqli bir görüş önə sürmək məntiqdən çox uzaq görünməkdədir.

Mənbə: Bilimfili
daha ətraflı...

December 18, 2016

"Dilimin Ucunda" hallarını niyə yaşayırıq?


Hamımız bununla üzləşirik. Danışdığımız yerdə, bir söz yadımızdan çıxır və "Nə idi bu söz?" deyə düşünməyə başlayırıq. Əslində sözü bilirik ancaq heç cür xatırlamaq olmur. Dilinizin ucuna gəlmiş və orada yapışıb qalmış haldadır.

Bu vəziyyətin elmi adı "dilimin ucunda sindromu"dur (tip of the tongue syndrome). İlk dəfə 1890-cı ildə psixoloq William Ceyms tərəfindən adlandırılan bu sindromun bir çox dildə özünəməxsus bir ifadəsinin olması sindromun əslində bir çox xalqlarda da yaşandığının göstəricisidir. Məsələn, Koreyalılar bu vəziyyətlə qarşılaşdıqda "dilimin ucunda parlayır", Estoniyalılar isə "dilimin üstündə" ifadəsini istifadə edirlər.

"Dilimin Ucunda" Hallarının Səbəbi Nədir?

Düşüncələrin sözlərə çevrilməsi olduqca asan baş verdiyi üçün ümumiyyətlə sadə hesab edilən, lakin əslində olduqca mürəkkəb bir prosesdir. Beynimiz, mücərrəd anlayışlardan formalaşan düşüncələri əvvəl sözlərə çevirir və sonra bunları uyğun səslərlə uyğunlaşdırır. Nəticədə danışırıq. "Dilimin Ucunda" vəziyyətlərində isə bu proses kəsilir. Normal halda söz xatırlama olduqca sürətli və asan reallaşır. Ancaq "dilimin ucunda" anlarında, sistem çökür və sıxışıb qalırıq.

Bu vəziyyət xatırlamada keçici bir pozulmanın meydana gəldiyi psixolinqvistik bir proses ola bilər. Bəzi araşdırmaçılar, bu fenomeni yaddaş çağırma prosesini dəyişikliyə uğradan bir amil, bəziləri isə beyindəki xatırlama müddətinin anlıq çöküntülərində ortaya çıxan hiss olaraq təyin edirlər.

Keçmişdə aparılan araşdırmalar 18-22 yaş arasındakı insanların "dilimin ucunda" anlarını həftədə bir və ya iki dəfə, daha yaşlıların (65-75 yaş arası) isə həftədə ən azı iki dəfə yaşadıqlarını ortaya qoyur. Yaşlanma, yuxusuzluq, qorxu, alkohol və narkotik asılılığı kimi faktorlar, fiziki və əqli sağlamlığa mənfi təsir etdiyindən, "dilimin ucunda" anlarının yaşanma tezliyi bu vəziyyətlərdə daha da artır.

Bir şeyi xatırlamağa çalışdığınız zaman, beyniniz yaddaş əlaqələrinizi axtarır, hipokamp və digər beyin bölgələri "şifrələnmiş" yaddaşlara daxil olmaq üçün birlikdə çalışır. Uzun müddətli yaddaş, qısa müddətli yaddaşdan daha güclüdür. Yəni iki gün əvvəl günorta yeməyində nə yediyinizi xatırlamaq, universitet tətilinizi xatırlamaqdan daha çətindir.

Digər tərəfdən, bir məlumat üzərində uzun müddət düşünməsəniz, bu yaddaşı sonradan xatırlamaq daha çətin olur. Yəni bu yaddaş beyninizdə qalır, ancaq müəyyən müddətdir onunla əlaqədar bir məlumatı istifadə etmədiyinizdən bir az "tozlanmışdır".

Beyin, fəaliyyəti ilə əlaqədar olaraq məlumatı əhəmiyyət sırasına görə yerləşdirən bir otaq kimidir. Bu otaqda da "istifadə et ya da itir" prinsipi tətbiq olunur. Məsələn telefon nömrələri, onları yaddaşınızda saxlamanız artıq lazım deyil, çünki telefonlarınızda qeyd ediliblər. Bu səbəbdən, telefon nömrələri yaddaşınızda əhəmiyyət sırasının sonlarında yerləşdirilir. 2015-ci ildə "Nature" jurnalında nümayiş olunan bir araşdırma, yaddaşımızda içərisinə daha sonra bəlkə istifadə edilər deyə əhəmiyyətsiz məlumat toplandığı bir növ "bəlkə lazım olar qovluğu" olduğunu irəli sürür. Bu araşdırma, artıq istifadə etmədiyimiz sözləri bir müddət sonra hansı səbəbdən unutduğumuza dair fikirlər formalaşdıra bilər.

"Dilimin ucunda" sindromu hər nə qədər məşhur olsa da bu əqli prosesin nəyə görə kəsintiyə uğradığı tam mənası ilə bilinmir. Ancaq aparılan bir başqa araşdırma "dilimin ucunda" vəziyyətlərini kofein qəbulu ilə əlaqələndirir. Araşdırma iştirakçılarına 200 mq. kofein və ya plasebo təsiri yaradan bir maddə verilir. Araşdırma nəticələri "dilimin ucunda" hallarının kofein qəbul edən qrupda daha çox müşahidə edildiyini ortaya qoydu. Nəticələr, adenozin reseptorlarının kofein ilə blok edilməsinin fonoloji xatırlama sistemindəki qısa müddətli dəyişkənlik təsirini artırdığı fərziyyəsini dəstəkləyir.

Xatırlanmağa çalışılan və yada düşmədiyinə görə hirslənməyimizə səbəb olan söz üzərində daha çox düşündükcə, ondan daha da uzaqlaşırıq. Lakin "google" sayəsində bu sözü asanlıqla tapa bilərik. Kanadadakı McMaster Universitetinin əməkdaşı Dr. Karin Humphreysin etdiyi bir araşdırma isə bu sözü gələcəkdə yenidən unudacağınızı irəli sürür.

Universitet tələbələri ilə aparılan təcrübədə, iştirakçılara "dilimin ucunda" vəziyyətlərini tətikləyən bir neçə söz təqdim edildi və onlardan bu sözləri söyləmələri istənildi. Məsələn, "Mağaraları kəşf etmə idmanının adı nədir?" (İngilis dilində bu idmana verilən ad "spelunking"dir)

Əgər söz iştirakçını çaşdıraraq "dilimin ucunda" vəziyyətinə salsa, onlara düşünmələri üçün bir az vaxt verildi. İştirakçı sözü yanə də xatırlamazsa, araşdırmaçılar sözü söyləyirdilər. Təcrübə eyni iştirakçılar, eyni tərif və eyni sözlərlə müxtəlif müddətlərdə təkrarlandı və iştirakçıların növbəti dəfə sözü xatırlayıb xatırlamamaq vəziyyətləri arasında bir dəyişiklik meydana gəlib gəlmədiyi müşahidə edildi. Lakin maraqlı bir şəkildə, 7 gün və ya 5 dəqiqə sonra da edilsə, nəticənin dəyişmədiyi görüldü. Bir çox insan eyni sözlərdə təkrar-təkrar "dilimin ucunda" anlarını yaşadı.

Araşdırmaçılar, əldə etdikləri nəticələrin edilən səhvlərin bu səhvləri gücləndirmə meylində olduğu və təkrar ortaya çıxmasına səbəb olduğu düşüncəsini dəstəklədiyini qeyd edir. Yəni, adını unutduğunuz bir aktyorun və ya aktrisanın adını xatırlamaq üçün IMDb-yə (Internet Movie Database) müraciət etdiyinizdə əslində unutqanlığınınızı daha da dərinləşdirərək səhvinizi gücləndirirsiniz.

"Dilimin Ucunda" Hallarının Qarşısını Necə Almaq Olar?

Yeni aparılan araşdırmalar bu vəziyyətlərə maneə törətməyə dair bəzi potensial yollar təqdim edir. Məsələn Humphreys'in təcrübəsində, iştirakçılar sözü xatırlamaqda çətinlik çəkdikləri zaman onlara birbaşa cavabı söyləmək əvəzinə xatırlamalarına köməkçi olmanın növbəti dəfə sözün unudulmasına maneə törədə bildiyi nəticəsi əldə edildi. Yəni sözün ilk bir neçə hərfini söyləmək kimi fonoloji ipucu verildikdə iştirakçılar sözü tapa bilsələr növbəti dəfə bu sözü xatırlamaları daha mümkün hala gəlir.

Çünki, təməl səviyyədə beynimiz şəbəkə quruluşundadır və hər əməliyyat üçün yeni şəbəkələr qurulur. Sözün xatırlanması üçün də sadə mənada şəbəkələr qurulmalıdır. Bu vəziyyəti belə izah edə bilərik: məsələn, son nöqtəsi C olan A-B-C şəklində bir yol layihəmiz var. C nöqtəsinə çatmaq üçün A, B və C nöqtələri arasında yol çəkməyimiz lazımdır. Sözü birbaşa demək, C nöqtəsinə sıçramalı çatmağı təmin edir. Ancaq xatırlamağa köməkçi olmaq isə A-dan B-yə və nəhayət B-dən C-yə bir yol qurulmasına səbəb olur. Beləliklə də A-B-C yolu tamamlanır. Sıçramalı xatırlatmalar, əlaqənin pozulmasına səbəb olacağı üçün gələcəkdə xatırlamağı çətinləşdirəcək, ancaq xatırlatmağa köməkçi olmaq isə əskik əlaqələrin qurulmasını və yol layihəsinin tamamlanmasını təmin edərək xatırlamağı növbəti dəfə üçün daha asan hala gətirəcək.

Bu səbəbdən, dilinizin ucundakı sözü tapmaqda çətinlik çəksəniz, ətrafınızdakı insanlardan sizə bu əlaqələrin qurulması nöqtəsində köməkçi olmasını istəyin. Nə deməyə çalışdığınızı açıqlayın və onlardan ipucu istəyin.

daha ətraflı...

December 12, 2016

Təkamül Nəzəriyyəsinə Dair Miflər-2: "Təkamül Təsadüfidir"


Təsadüf

Təsadüf, bir-biri ilə əlaqəsiz, aralarında bir bağ olmayan və ya təyin oluna bilməyən hadisələrin eyni zamanda ortaya çıxması, baş verməsi deməkdir. Ancaq fərq edə biləcəyiniz başqa bir əhəmiyyətli nöqtə, təsadüf sözünün əslində elmi terminologiyada mövcud olmamasıdır. Təsadüf, "xalq dili" deyə təyin edə biləcəyimiz, sistematikləşdirilməmiş dilin bir məhsuludur. Elmdə bir qarşılığı yoxdur. Bu o demək deyil ki elmi mövzularda təsadüflərə rast gəlmirik. Məsələn bir təcrübə borusunu lazım olan masaya deyil, digər masaya qoyduğunuzda gözlədiyiniz nəticəni ala bilərsiniz. Masanın əslində təcrübədə baş verənlərlə heç bir əlaqəsi yoxdur. Ancaq təsadüfən, təcrübə o masada deyil bu masada olarkən baş vermişdir. Bu, elmi araşdırmada ola biləcək bir təsadüfdür. 

Yəni bir hadisəni "təsadüf" olaraq təyin etmək, o hadisənin səbəb-nəticə əlaqələri içərisində reallaşmadığı mənasını vermir. Bir hadisənin təsadüfən meydana gəlməsi, onun həqiqətini azaldan bir vəziyyət deyil. Kainatda bir-birinə bağlı olmayan, ancaq fərqli yollardan irəliləyən səbəb-nəticə xətlərinin uyğun gəlməsindən ötəri bir yerdə reallaşa bilən təsadüfü hadisələr vardır. Hər vaxt olmuşdur, hər vaxt olacaqdır. Təsadüflük, mövzunun elmiliyinə və ya həqiqətinə kölgə salan bir vəziyyət deyil. Ancaq bir hadisənin "təsadüfən" reallaşdığını söyləmək, o hadisənin necə və hansı səbəbdən meydana gəldiyi ilə əlaqədar çox məlumat vermir. Məhz bu səbəblə elmdə "təsadüflər" çox da xoşagələn məvhumlar deyil.

Elmdə təsadüfləri təyin etmək üçün daha obyektiv, daha "məlumat dəyəri yüksək" təriflərə ehtiyacımız vardır. Burada riyaziyyat və ümumiyyətlə statistika köməyimizə çatır. Bu nöqtədə qarşımıza ehtimal anlayışı çıxır. Riyaziyyat elminin maraq sahələrindən biri olan ehtimal, əsasən bir hadisənin baş verməsiylə əlaqədar məlumatların, mövzuyla əlaqəli bütün məlumatlara olan nisbəti olaraq təyin oluna bilər. Yəni bir hadisənin reallaşma ehtimalı, o hadisəni təyin edən şərtlərin, o hadisə ilə əlaqədar bütün digər hadisələrin və şərtlərin riyazi cəmlərinin nisbətinə bərabərdir. Bu hadisə və şərtlərin cəminə universal çoxluq deyilir. Bu izahdan da anlaya biləcəyiniz kimi bir hadisə ilə əlaqədar sonsuz sayda ehtimal təyin oluna bilər.

Təkamül Təsadüfidir?

Həm bəli, həm də xeyr. Təbii seçmə orqanizmləri müəyyən istiqamətlərdə təkamülləşməyə məcbur edən, nəyin yararlı nəyin yararsız olduğunu süzgəcdən keçirən ciddi bir sınaq prosesidir. Ancaq, bu prosesdə təsadüf də müəyyən rola sahibdir.

"New Scientist" jurnalının 1982-ci il 21 Yanvar buraxılışının 140-cı səhifəsində astronom Chandra Wickramasinghenin 1981-ci ildə Arkanzasdakı bir məhkəmədə söylədiklərinə yer verilir. Wickramasinghe belə deyir:

"Həyatın təsadüf nəticəsində meydana çıxması, dəmir yığını üzərindən keçən bir fırtınanın Boeing-747 meydana gətirməsi qədər ağlasığmaz bir ehtimaldır."

Wickramasinghenin həmkarı Fred Hoyle isə sonralar bu məşhur iddianın qasırğa versiyasını qurmuşdu. Bu da bizə göstərir ki, hətta çox ağıllı insanlar belə təkamülü tamamilə səhv anlaya bilər.

Lakin, milyonlarla dəmir yığınıyla başlayıb, hər bir qasırğadan sonra yerdə qalanlara dair ciddi seçmə apararaq uçuşa ən uyğun olanları ayırmaq, bunların milyonlarla kopiyasının yaradılması, milyonlarla yeni qasırğaların meydana gəlməsi, ətraflı silsilə sınaqlar və sairə, ta ki bir növ maşın meydana gətirənə qədər -Boeing747 olmasa da- heç olmasa bir neçə metr uça bilmə qabiliyyətinə sahib bir maşın yaratmaq kimi bir analogiya aparılması daha münasib olardı.

Təkamüldə də nəzərdə tutulmayan və gözlənilməz şəkildə reallaşan, bir-biriylə birbaşa əlaqəsi olmayan hadisələr var. Çünki təsadüflər (və ya ehtimal analizləri) təbiətin bir gerçəyidir. Ancaq təkamüldə "Bu hadisə təsadüfən oldu" deyərkən demək istədiyimiz, kor təsadüflə nə isə yaranması deyil. Nəzərdə tutulan, reallaşan o hadisənin hər hansı bir xüsusi mənaya sahib olmadığıdır. Məsələn dəniz heyvanlarının quru heyvanlarına təkamülləşmiş olmasını bir "təsadüf" olaraq görə bilərsiniz. Onlar quruya adaptasiya olmaq məcburiyyətində idilər? Xeyr. Sadəcə, yox da ola bilərdilər... Ya da tamamilə başqa bir xüsusiyyət təkamülləşər və sularda müdhiş müvəffəqiyyətə çata bilərdilər. Ancaq quruda yaşayacaq şəkildə təkamülləşdilər. Belə bir istiqamətə getmələrinin arxasında duran elmi səbəblər addım-addım izlənilə bilər. Ancaq nəticədə olan, təsadüfdür. Canlıların sudan quruya çıxmasının xüsusi ya da planlanmış bir səbəbi yoxdur. Ancaq bu vəziyyət, suda yaşayan canlıların quruda yaşayan canlılara təkamülləşdiyi gerçəyini dəyişdirməməkdə və ya bu məlumatın etibarlılığını azaltmamaqdadır.

Təkamül Mexanizmləri

İndi isə təkamülün əsas mexanizmlərindən olan Təbii Seçmə və Mutasiyalara nəzər salaq. Təbii Seçmə canlılarda digər mexanizmlər və təbii proseslər səbəbiylə meydana gələn variasiyaların təbii şərtlər altında canlının mühitə ən uyğun (adaptasiya) olanlarının seçilməsi və çoxalması, beləcə özlərindəki bu variasiyalara səbəb olan "güclü" (adaptasiya olmağı təmin edən) genləri balalarına ötürə bilməsi olaraq təyin oluna bilər. Təbii Seçmədə, heç bir təsadüfilik amili yoxdur. Variasiyalara Təbii Seçmə səbəb olmur (buna az sonra toxunacağıq), Təbii Seçmə, yalnız bu canlıların təbiətdə şəxsi bacarıqlarından və genetik xüsusiyyətlərindən ötəri seçilmələri və ya ələnilmələri deməkdir. Təbiət şərtlərinin özü təsadüfidir. 3645-ci ilin Yanvar ayının 24-də havanın temperaturunu, rütubəti, bitkilərin yayılmasını və digərlərini bilməyimiz qeyri-mümkündür. Ancaq müəyyən bir istilik aralığında olmasını təxmini olaraq hesablaya bilər və nəzərdə tuta bilərik (bir hadisənin təsadüfü olmasının, onun elmi olaraq analiz edilə bilməyəcəyi mənasını vermədiyini xatırlayın). Ancaq təkamül bu vəziyyəti özündən kənarda saxlayır və var olan şərtləri "keçici normalar" olaraq görür. O anda mühit necədirsə, ona ən uyğun olanlar seçilir, digərləri ələnir. Burada bir təsadüfilik amilindən bəhs edilə bilməz. Təkamülü "tam təsadüfilik"dən çıxaran ən əhəmiyyətli səbəb, seçmənin təsadüfi olmamasıdır.

Təbii seçmə yolu ilə təkamül iki pilləli bir prosesdir və yalnız ilk pillə təsadüfidir: mutasiyalar təsadüfən meydana çıxan hadisələrdir, lakin həyatda qala bilmələri təsadüfə bağlı deyil. Təbii seçmə, üstünlüklər qazandıran bəzi mutasiyaları qoruyur və fiziki dünya nəyin yararlı nəyin yararsız olduğuna dair çox sərt məhdudiyyətlər qoyur. Nəticədə orqanizmlər müəyyən istiqamətlərdə təkamülləşirlər.

Mutasiyalar təkamülün ən təsadüfi mexanizmlərindən biridir. Lakin, təsadüfü olması "müşahidə edilə bilməz" olduğu mənasını verməməkdədir. Mutasiya, ümumiyyətlə müxtəlif amillərin təsirindən genetik materialın təsadüfi dəyişməsi deməkdir. Ancaq mutasiyaların təsadüfi olmasından daha təbii bir şey ola bilməz. Bu anda kreslonuzda ya da yatağınızda bu yazını oxuyarkən bədəninizə bir çox fərqli baxımdan radioaktiv şüalar daxil olmaqdadır. Bir neçə dərəcə sağa ya da sola dönməniz, bədəninizin hansı hüceyrələrinin bu şüalardan necə təsirləndiyini dəyişdirə bilməkdədir. Bu şüalar, hüceyrələrinizdəki DNT-yə təsir edərək mutasiyalara səbəb olur. Belə deyil başqa şəkildə oturmağınız, bu deyil digər hüceyrənizin və nükleotidinizin mutasiyaya uğramasına səbəb ola bilər. Mutasiyaların təsadüfiliyi belədir və bu, son dərəcə normaldır. Ancaq unutmayın ki, mutasiyalar təkamülün əsas səbəbi deyil. Mutasiyalar, təkamülün xammalını yaradan ana mənbədir. Yəni təsadüfi dəyişmələr, təsadüfi müxtəlifliyə gətirir. Bu müxtəliflik içərisindən, o ankı təbiət şərtlərinə bağlı olaraq bəziləri seçilir, digərləri ələnir. Və bunun nəticəsində təkamül reallaşır. Yəni müxtəlifliyin təsadüfi meydana gəlmiş olması, təkamülün təsadüfi olduğunu göstərmir. Çünki təsadüfiliyi olmayan seçmə mexanizmləri olmadan, təsadüfi yaradılan müxtəlifliyin heç bir mənası yoxdur.

Mənbələr: 
1. www.newscientist.com/article/dn13698-evolution-myths-evolution-is-random/
2. www.evrimagaci.org/makale/13

daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top