August 3, 2013

Təkamül Nöqteyi-nəzərindən Dinlər və Tanrılar

Bu dəfə sizlərə təkamül nəzəriyyəsi nöqteyi-nəzərindən dinin inancların və tanrıların varlığını, insanların təkamülündə hansı əhəmiyyətə sahib olduqlarını ətraflı şəkildə izah etməyə çalışacağıq. Başlamadan əvvəl, düşünürük ki, bunları əlavə etməliyik.

Niyə belə bir yazı hazırlayırıq?

Bu suala çox əhatəli, heç bir müzakirəyə girmədən və heç bir şəxsi inanca və bu inancların spesifik iddialarına toxunmadan cavab verəcəyik. Biz işin elmi tərəfindəyik və əlbəttə ki, bu mövzu da, bizə görə, təbiətdəki hər bir fakt kimi elmi olaraq açıqlana bilər. Dediyimiz kimi, bu yazıda heç bir elmdən kənar müzakirəyə girməyəcəyik.


Hər şeydən əvvəl, bir insan tanrıları və dinləri qavramaq üçün şəxsi və spesifik inanclarını bir kənara qoymalıdır. Çünki din, elm ilə uyğun gəlməyən, tamamilə ayrı üsullara və baxış bucaqlarına sahib olan bir məlumat növüdür. Bu səbəbdən gündəlik həyatında elmə dini çərçivədən baxıb, buna baxmayaraq elmi istifadə edərək dini izah etməyə cəhd edən biri öz-özünü məhdudlaşdıracaq və heç bir nəticəyə çatmayacaqdır. Bu səbəblə, mövzunun aydın ola bilməsinin tək yolu, dini təlimlərin bu mövzudakı araşdırmalar müddətində göz ardı edilməsi və mövzuya tərəfsiz, ön mühakiməsiz və obyektiv olaraq yanaşmasıdır. Sözü daha çox uzatmadan əsas mövzuya qayıdaq.

Ən güclü motivasiya: Qorxu

Canlılardakı ən ilkin hisslərdən biri qorxudur. Qorxu, təkcə insan növündə deyil, demək olar ki bütün canlı növlərində olan, beynin ən primitiv və ən alt qatlarında yer alan, ən fundamental hissdir. Qorxudan məsul olan Amigdala - beynin ən iç hissəsində yerləşir. Bu hiss, beyni və ya bir sinir sistemi olan, yəni müəyyən bir səviyyədə zəkaya sahib olan canlıların həyatda qalması üçün çox əhəmiyyətlidir. Çünki bir heyvan, ölümcül bir təhlükə ilə qarşılaşanda buna çox sürətli şəkildə reaksiya verə bilməlidir. Bir ceyran bir pələngdən qorxmaq məcburiyyətindədir, çünki qorxusuz və ya qorxuyla əlaqəli beyin bölgəsi zədələnmiş olan bir ceyran, pələngin varlığına reaksiya verə bilməyəcək və ya gec reaksiya verəcək, beləcə asanlıqla ov olacaq.

İnsanın təkamülünün çox qədim dövrlərindən bəri qorxu hissi beyində öz yerini almaqdadır. Bu hiss 6 milyon il əvvəlindən daha qədim zamanlarda, hələ yerüzündə insanlar və meymun növləri yox ikən, ağaclar üzərində yaşayan əcdadlarımızın da, digər bütün heyvanlar kimi, kifayət qədər işinə yaramışdır. Çünki meşə təhlükələrlə doludur. Xüsusilə ov axtaran növlərin səbəb olduğu təhlükələr qorxunun beyindəki təkamülünə təkan vermişdir. Əcdadlarımız da, qarşılaşdıqları təhlükələrə ilk olaraq qorxu duyaraq reaksiya vermiş, sonrasında isə 3 əsas reaksiyadan birini (bunları da beyində bu müddət ərzində təkmilləşdirərək) göstərmişlər: Donub qal, Qaç ya da Mübarizə apar.

Hər nə qədər bu tamam ayrı bir yazının mövzusu olsa da, indiki vaxtda qorxuya hələ də bu 3 reaksiyadan birini göstərərək cavab verməyimiz,  təkamül keçmişimizlə əlaqədar dəlillər təqdim edir. Ən nəhayət sosial varlıq olan insan da kökdə bir heyvandır və heyvanlarla eyni reaksiyaları verir. Çaşdırıcı bir xəbər ya da qorxuducu bir səs eşitdiyimizdə ilk olaraq donub qalırıq. Bu, təhdidə qarşı "Mən burada yoxam, məni görə bilməzsən" deməyin ən fundamental üsullarından biridir və maralların avtomobillər altında qalmasının da səbəblərindən biridir. Marallar, üzərlərinə gələn avtomobili görəndə donma reaksiyası verirlər və bu da qəzalara səbəb olur.  Bu ilk reaksiyanı geridə qoya bilən canlı ya qaçacaq, ya da döyüşəcək. Bunu heyvanlarda görmək çox daha asandır, insanlar isə "bədən dilləri" ilə cavab verirlər. Bəyənmədikləri ya da qorxduqları bir vəziyyətdə insanlar təhdid ünsürü ilə aralarına müxtəlif məsafələr qoyaraq "qaçma" reaksiyası verirlər və ya ciddi hal alaraq, həcmlərini genişlədərək (sinə çölə, alın yuxarı) "döyüşmə, mübarizə" reaksiyası verirlər. Bütün bunlar, demək olar ki, beyni olan bütün heyvanlarla ortaq olaraq paylaşdığımız qorxu hissəsiylə əlaqəlidir və bu hissə beynimizin ən iç qatlarında, ən qədim əcdadlarımıza aid olan hissələrdə yerləşir.

Zəkanın təkamülü, Qavrayışın inkişafı və Qorxu əlaqəsi

Hamımızın bildiyimiz və tez-tez təkrarladığımız kimi, insan təkamülünün ən əhəmiyyətli (hətta bəlkə də tək əhəmiyyətli) hadisəsi, beynin böyüməsi nəticəsində zəkanın inkişafıdır. Və yenə tez-tez açıqladığımız kimi, zəkanın təkamülü tək başına reallaşmamışdır, bir çox yan təsiri də özü ilə gətirmişdir. Bunların ilki qavrayış səviyyəsinin inkişafıdır. Yəni zəkası inkişaf edən və təkamülləşən bir canlı növü olan insan, daha əvvəlki (ən azından bildiyimiz qədərilə) bütün canlılardan çox daha aktiv bir şəkildə ətrafını qavraya bilməyə başlamışdır. Onsuz da bütün mədəni təkamülümüzün təməlində də qavrayışın ikişafı yatır.

Qavrayışın inkişafıyla birlikdə insan növü, ətrafındakı faktlar arasında səbəb-nəticə əlaqələri qurmağa başlamışdır. Lakin ətrafda o qədər çox fakt bir-birinə bağlı olaraq inkişaf etməkdə və reallaşmaqdadır ki, insanın zəkası bunların hamısını bir dəfədə izah edə bilməmişdir. Əgər insan, Kainatın başlanğıcından bəri olub-bitən hər şeyi izləyə və qavraya bilsəydi, bu səbəb-nəticə əlaqələrini qurmaqda heç bir çətinlik çəkməz, hər bir hadisənin məlumatına yiyələnərdi. Təəssüf ki, bu məzmunda insan, "hadisə yerinə gecikən bir detektiv" kimidir. Hər şey olub bitmişdir (və ya hələ də olmaqdadır), amma insan, hazırda baş vermiş və baş verən faktların arasındakı bağları, əlindəki məlumatları istifadə edərək qurmaq vəziyyətindədir. Detektiv, bir cinayətdə baş verən hər şeyi bilə bilməz, lakin o anda, içində olduğu zaman aralığında əldə etdiyi məlumatları bir-birinə bağlayaraq baş verənləri yenidən canlandıra və əlaqələri qura bilər. Beləcə qavrayışı ilk inkişaf etməyə başlayan əcdadlarımızın qarşı-qarşıya qaldığı çətin vəziyyət budur: təbiətdəki minlərlə hadisə arasındakı əlaqələri həll etmək və bağları qurmaq.

Dediyimiz kimi təbiətdə bir çox təhdid ünsürü var. Hər nə qədər bunlardan başlıcası ovçu təhdidi olsa da, bu ünsür yeganə deyil. Təbii hadisələr də ciddi bir şəkildə təhdid və ya ən azından "bilinməyənlər, naməlumlar" meydana gətirməkdədir: səmadan gələn səs-küylər, şimşəklər, zəlzələlər, yanğınlar, gün doğuşu, gün batması, nəhəng dalğalar (xüsusilə sahil kənarındakı meşələrdə) və daha nə qədəri...

Həmçinin insanın daxili dünyası da qavrayışın təkümülüylə birlikdə başa düşülməyə və qavranılmağa başlamışdır. Yeni-yeni təkamülləşən hiss, insanın səbəb-nəticə əlaqəsi qurmağa başladığına dair bir başqa faktdır: sevgi, nifrət, eşq, əsəb, xoşbəxtlik, hüzün, kədər, darıxma, stress, həyəcan, sevinc, qorxu, rahatlıq və daha bir neçəsi. İnsan, bu hisslərlə xarici dünyası arasında və duyğularının öz içində əlaqələr qurmağa və səbəb-nəticə əlaqələri axtarmağa başlamışdır.

Zəkaya sahib olan hər canlı bu faktların bir qədər fərqindədir, amma bu faktların meydana gəlmə səbəblərini sorğul-sual etmək üçün müəyyən bir şüur səviyyəsinin də təkmilləşməsi lazımdır. Məsələn, balıqlar axardaki dəyişmələri qavrayıb və buna görə davranırlar, amma heç biri axarların niyə və necə meydana gəldiyini və ya niyə və necə dəyişdiyini düşünmür. Və ya, quşlar küləyin istiqamətini qavraya bilirlər, amma küləyin varlıq səbəbini qavramırlar, dolayısıyla düşünmürlər. Bir şimpanze, məhəbbət və ya sevgi hissi keçirə bilər, lakin bu hisslərin haradan gəldiyini belə düşünməz (bildiyimiz qədərilə). İnsan növü, yenə də bildiyimiz qədərilə, bu sorğu-sual etmə bacararığına sahib olan ilk növ olmuşdur.

Bunun səbəbi isə aydındır: insan sosial bir canlıdır və zəkası da digər sosial heyvanlara görə bir neçə addım irəlidədir. Bu səbəblə, sosial bütövlüyünü qoruması və "şəxsi yaxşı vəziyyətini" (well-being, welfare) davam etdirməsi lazımdır. Bunun təmin edilməsinin də tək yolu, ətrafını qavramaqdan və dəyişdirməkdən, əmək xərcləməkdən keçir. Bu faktın təməlində də, hazırda milyardlarla ildir mövcud olan və daim dəyişməkdə olan faktlar arasındakı səbəb-nəticə əlaqələrini qurmaq yatır. İnsan da, ətrafında baş verənləri qavrayaraq onları qiymətləndirir, aralarında əlaqələr qurur və əgər mümkündürsə, öz ehtiyacları istiqamətində əmək xərcləyərək bunları dəyişdirir. Əmək fəaliyyətində olan tək canlı insan növü deyil, amma bunu bu dərəcədə şüurlu şəkildə edə bilən tək növ, hər kəsə məlum olduğu kimi, insandır.

Tanrıların meydana gəlməsi və Təbii seçmə ilə dəstəklənməsi

Tanrıların ilk dəfə ortaya çıxışı isə insanın qorxu hissi keçirməsi və bunu daha sonradan inkişaf edən qavrayış bacarığı nəticəsində qiymətləndirməyə başlaması ilə reallaşmışdır. İnsan, ətrafındakı təhdid ünsürlərindən və ya o dövrün şərtləri və məlumatlarıyla aydın ola bilməyən hadisələrdən qorxmuşdur . Bir neçə misal çəkək:

Fərz edin ki, bundan 4 milyon il əvvəl, hələ müasir insan növünə (Homo sapiens) tam təkamülləşməmiş bir əcdadımızın nəslindən olan bir nümayəndəsiniz. Hələ hissləriniz yeni-yeni inkişaf edir, nəsillər keçdikcə nəvələrinizin beyin həcmi də müasir səviyyəyə yaxınlaşır. Elm qalsın bir yana, ortada ümumiyyətlə "məlumat" adlandırıla biləcək çox şey yoxdur. Amma artıq beyniniz və zəkanız ətrafınızdakı faktları aşkar etmək üçün olduqca inkişaf etmiş bir vəziyyətdədir. Bu səbəbdən, bu gün olduqca "normal" olaraq qəbul etdiyiniz bir çox hadisə sizə o dövrlərdə "anormal" gəlir.

Anidən bir zəlzələ baş verdiyini düşünün. Hələ mühitinizi təzə-təzə tanımısınız, amma birdən yer şiddətlə sarsılmağa başlayır və bəlkə qorunmaq üçün qurduğunuz mağaraları, sığınacaqları darmadağın edir. Üstəlik sizə çox oxşayan və doğma gələn "dostlarınızın" ölümünə səbəb olur. Təbii ki, ölümün də məlum, amma yad olan bir fakt olduğunu anlamağınız lazımdır. Bir çox canlı ölümün mövcudluğunu bilir, amma bunu qavramır, yəni ölümə əlavə bir məna qatmır və ya nə olduğunu özündən soruşmur. İnsanlar bunu edə bildiyi üçün ölümdən qorxmuş, ona hər hansı bir izah verməyə çalışmış və hətta ölümdən sonrası ola biləcəyinə dair xəyallar qurmuşdur. Bu məsələyə birazdan yenidən qayıdacağıq. Zəlzələyə dönəcək olsaq, naməlum bir şəkildə peyda olan bu dəhşətli sarsılmalar bir çox mənfi nəticə verirdi və insan, ona məlum olan məlumatlarla bu qorxunc hadisənin səbəblərini heç cür açıqlaya bilmirdi.

Bir başqa misal: günün bir günü göydən gurultulu səs-küy eşidirsiniz. Amma bu səs-küy haradan gəlir, səbəb nədir, nə məqsədlə gəlir - bunların heç birinin cavabını bilmirsiniz, buna baxmayaraq səbəb-nəticə əlaqəsi qurmaq istəyirsiniz. Və ya hər gün, sapsarı və göz yandırıcı bir cism (Günəş) çox uzaqlardan göyə yüksəlir, gün ərzində hərəkət edir və ətrafı isidir, sonra da gəldiyi kimi gedir və "O" gedəndə ətraf anidən soyuyur və bu vəziyyətin səbəblərini anlamasanız da üşüməyə başlayırsınız. Yəni o cismin varlığı və yoxluğu ilə isti və soyuq arasındakı səbəb əlaqəsini qura bilirsiniz, amma o cismin nə səbəbdən hərəkət halında olduğunu və ya aradakı əlaqənin tam olaraq nə olduğunu (niyə o varkən isinirsiniz, yoxkən üşüyürsünüz) heç cür anlamırsınız.

Başqa misallar: bəzi vaxtlar səma ağ ya da qara cismlərlə örtülür (bulud) və sonra, məna verilə bilinməyəcək bir şəkildə göydən qeyri-adi şeylər düşməyə başlayır, sizi isladaraq narahat edir (yağış). Üstəlik bəzən ürküdücü parlaqlıqlar görülür (şimşək, ildırım). Və ya nəhəng su parçaları (dənizlər, okeanlar) davamlı olaraq və qorxunc bir şəkildə hərəkət edir (dalğalar). Bəzən də durduq yerdə təpələrdən aşağı nəhəng torpaq parçaları enir və hər şeyi - evlərinizi, sığınacaqlarınızı, həyat sahələrinizi bərbad şəklə salır (torpaq sürüşməsi). Bu nümunələr sayca çoxaldıla bilər. Hal-hazırda bizim normal olaraq qəbul etdiyimiz, demək olar ki hər şey, o vaxtlar üçün ağla sığmaz dərəcə anormal idi.

Bütün bunları dəstəkləyən ən əhəmiyyətli tapıntı coğrafiyaya görə dəyişən Tanrı tərifləridir. Məsələn, yeraltı aktivlik daha aşağı olan bir ərazidə bu mövzuyla əlaqədar Tanrı sayı, Tanrılara verilən əhəmiyyət çox azdır; təhlükəli, vulkanik və seysmik ərazilərdə isə yaşayan populyasiyalarda Tanrılara çox daha böyük əhəmiyyət verilmişdir. Çünki insanlar bu baş verənləri həyatlarındakı hadisələr ilə əlaqələndirirdilər. Bir döyüş ya da "dostuna" göstərilən pis münasibətdən sonra baş verən zəlzələ arxasında fövqəltəbii "qüvvələrin" bir xəbərdarlıq siqnalı göndərdiyi qəbul edilirdi. Bu səbəbdən də Tanrılar məmnun edilməyə başlanılmış, bu da dinlərin varlığının və məzmunlarının inkişafına təkan vermişdir.

Bütün bunlar səbəb axtarışına bir açıqlama olaraq qəbul edilmiş, amma əsl və həqiqi səbəblərini açıqlamamışdır. Bunlar, sorğu-sual edəcək qədər dərk edilmiş, amma təmin edici cavablar verməmişdir. O vaxtlardan bəri qavrayış səviyyəsi inkişaf etmiş olan insanlar, ağıllarında qalan suallara cavab axtarmış, lakin bunlara təmin edici cavablar verə bilməmişlərdi. Göydən düşən damlalar ilə quru buludları artıq əlaqələndirə bilirlərdi, amma niyə buludların toplanıb o mayeni yerə atdıqlarını anlamayıb, açıqlaya bilmirdilər. Bu da onların mental tarazlığının qarşısında dayanıb, beynin təkamülünün bir yan təsiri olaraq onlara məhdudlaşdırıcı bir faktor olurdu. Beyin hər zaman təmin edilmək istəyir. Çünki hisslər doyurulmaq, anlaşılmaq üçün mövcuddur. İnsan zəkasını təkmilləşdirmişdir, çünki ətraf-aləmi qavrayaraq həyatda qalma şansını artıra bilmişdir. Lakin ətrafını daha çox qavramaqda bir təzyiq meydana gəlir və bu doyurulmasa, mental sağlamlıq pozulacaq. Bunu da belə düşünə bilərsiniz: yaddaşınıza bir hadisəni həkk etdiyiniz vaxt necə diqqətsiz, narahat və gərgin olduğunuzu, necə hər hansı bir digər hadisəyə konsentrə ola bilmədiyinizi düşünün. Məhz belə bir vəziyyətdə, beyniniz davamlı olaraq özünü rahatlaşdıracaq bir cavab, cavab olmadığı təqdirdə də təsəlli axtaracaq. Özünüzü sakitləşdirmək üçün "əhəmiyyətli deyil, narahat olma" kimi sözlər sərf edəcək. Çıxış yolları axtaracaqsınız, tapmasanız sizə təsəlli verə biləcək bir dost və ya yaxın arzulayacaqsınız. Bu, beynin verdiyi klassik bir reaksiyadır.

Aydın ola bilməyən təbiət hadisələrinə də beyin oxşar şəkildə bir reaksiya vermişdir: cavab axtarmış, amma tapa bilməmiş, bu səbəbdən də təsəlli axtarmağa başlamışdır. Və bu təsəlli "qüvvə" anlayışından yaranmışdır. Belə ki, insan izah verə bilmədiyi hadisələrin arxasında özündən daha qüvvətli bir digər hadisənin var olduğu hissinə qapılmışdır. Bu hiss düşüncə, fikir, müəyyən bir məlumat yığını olaraq ortaya çıxmış və insan həyatına üstünlük (yalnız mənəvi) təmin etdiyi üçün qorunub-saxlanılıb ötürülmüşdür. Daha aydın şəkildə desək, aydın ola bilməyən faktlar arxasında bir "qüvvə" var olduğu fikri insana təsəlli olmuş, dəqiq cavablar tapa bilmədiyi suallar üçün istifadə edilən "kömək" halını almışdır. Bu, bioloji, psixoloji və antropoloji baxımdan olduqca məntiqli və lazımlıdır, çünki əgər beyin təmin edilmirsə və bir mövzu üzərində çox işləyirsə (yorulursa) bir müddət sonra sağlamlığını itirir. Naməlum "qüvvə" fikri insan beyni üçün bu təsəllini və dərmanı təmin etmişdir.

Bu üstünlük təmin edən, həyata məna qatan, suallar qarşısında cavab olmasa da təsəlli verən məlumat yığını populyasiyalar, xüsusilə də sosial populyasiyalar arasında çox sürətli bir şəkildə yayılıb təkamülləşə bilərlər. Elə həmin "qüvvə" anlayışının təkamülləşməsi də bu şəkildə olmuşdur. Populyasiyaların fərdləri və xüsusilə liderləri, bu məlumatı istifadə edərək cəmiyyətlərinə təsəlli verici izahlar verməyə başlamışdırlar. Öz dillərində: "Narahat olmayın, göylərdən yayılıb bizi narahat edən bu səs X qüvvə tərəfindən var edilir". Bu, hər nə qədər real və konkret bir şərh olmasa belə, sorğu-sual edən insanları rahatlaşdıracaq bir cavabdır. Məhz bü gün, açıqlana bilməyən hər cür sual işarəsi üçün insanın mental sağlamlığını qorumaq adına var edilən "qüvvə" anlayışına verilən ad - Tanrıdır.

Tanrı, insan mentalitetinin qorunması üçün yaradılan bir "xəyali yoldaş"dır. Bu xəyali yoldaş fərdin istədiyi hər xüsusiyyətə sahib ola bilər, hər cür hadisələrə izah verə bilər. O, insanın istədiyi hər şey halını ala bilər və boşluqları doldura bilər. Tanrı fikri də insanın daxilindəki və xaricindəki bu boşluqları doldurmaq üçün var edilmişdir. Əgər izah verə bilmədiyimiz bir hadisə varsa, onu var edən daha güclü və daha əlçatmaz bir qüvvə uyduraraq problemi həll etməyə meyl edirik. Lakin, insanlar bu təminedici və təsəlliverici düşüncə daxilində əsl sualı uzun bir müddət nəzərdən qaçırmışdırlar: hər şeyin cavabı bir Tanrıdırsa, bəs bu Tanrının var oluşuna dair cavablar haradadır? Bu qüvvə, kim və nə tərəfindən var edilmişdir, necə var olmuşdur, məqsədi nədir? Bu suallar, göy gurultusunun arxasındakı səbəbləri axtararkən soruşduğumuz sualların eynisidir. Amma iş, bu hadisələrin səbəbi olaraq təqdim edilən şərhin səbəblərinə gələndə dəyişir. Tanrı fikrinə inananlara görə onun yaradılışından bəhs edilə bilməz, o zaman və məkandan müstəqildir, onu var edən olmamışdır və s. Bu olduqca güclü bir psixoloji müdafiə etmə mexanizmidir: "qorumaq istədiyin anlayışı ucalt və əlçatmaz qıl, beləcə heç kim ona çata bilməsin". Bu qoruyucu davranışı gündəlik həyatımızda da görə bilərik. Məsələn, bəzi dost-tanışlarınızın fanatizmə qapılıb azarkeşlik etdikləri komandaları həddindən artıq müdafiə edib, bütün komandaların arasında məhz o komandanın "ən üstün" olduğuna inandıqları kimi. Bu, qoruduqları "şeyi" əlçatmaz qılmalarından irəli gəlir. Çünki insanın şüuraltısı bu şəkildə o anlayışın qorunmuş olacağını düşünür. Tanrı fikri də, bu şəkildəki psixoloji baryerlərlə qorunma altına alınmışdır.

Müəyyən bir məlumat yığını olan Tanrının populyasiyalar içərisində qorunması istiqamətindəki ən güclü müdafiə etmə mexanizmi isə valideynlərdən uşaqlara həmin fikrin çox ciddi bir şəkildə ötürülməsiylə inkişaf etmişdir. Daha çox kiçik yaşlardan fərdlər bu fikirlərlə tanış olurlar, beləcə həyatları ərzində valideynlərinin "həqiqətləri" (!) ilə yaşamaq məcburiyyətində qalırlar. Bu mexanizmin inkişafı Tanrı fikri üçün çox əhəmiyyətlidir. Çünki uşaqlara ötürülməyən bir düşüncə qısa bir müddətdə cəmiyyətdən silinəcək.

Bu şəkildə, Tanrı xüsusiyyətlərini bir çox baxımdan elmi olaraq qiymətləndirə bilərik. Məsələn, Tanrılara verilmiş sifətlərin hər birisi insana aid olan xüsusiyyətlər və ya bunların şişirdilmiş formalarıdır. İnsan, özündəki və başqalarındakı bütün yaxşı və pis xüsusiyyətlərdən xəbərdardır. Bu səbəbdən, hər şeyin səbəbi olan Tanrı imicini özündəki və digər insanlardakı həmişə ən yaxşı xüsusiyyətlər ilə qidalandırır və bu xüsusiyyətləri şişirdərək onu qorunma altına alır, üstünləşdirir. Bunların hamısı qoruyucu psixologiyanın məhsuludur.

Tanrı düşüncəsi də, bir çox düşüncələr kimi, eynilə təbiətdə canlılar üzərindəki təzyiqlərdə olduğu kimi, Təbii seçməyə tabe olmuşdur. Yəni hər mədəniyyət və hətta fərd bu fikrə özündən bir şeylər qatmışdır (bunu mutasiyalar və ya genetik variasiya olaraq düşünə bilərsiniz) və bunlardan ən təmin ediciləri, ən güclü cavablar verənləri, ən möhkəm olanları seçməyə müqavimət göstərərək varlıqlarını davam etdirmişdir. Digər "müvəffəqiyyətsiz" düşüncələr (davranışlar) isə, dəyişən və inkişaf edən insan mədəniyyətilə və zamanla geridə buraxılmış və yox olmuşdur. Tanrı, bütün əngəlləri keçdiyi üçün və yeni, daha da inkişaf etmiş həyat tərziylə dəstəkləndiyi üçün seçmələrdə uduzmamış, varlığını davam etdirmiş, İnsan olaraq adlanan sosial növün yeni bir xüsusiyyəti olaraq təkamül səhnəsinə çıxmışdır.


ardı var...
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top