March 31, 2015

Darvin irqçi və Türk düşməni idi?

Təkamül əleyhdarı olan elm düşmənləri, təkamül biologiyasının yayılmasını məhdudlaşdırmaq və insanların həqiqəti öyrənməsinə maneə törətmək üçün onların ən həssas və şəxsi duyğularına hücum edirlər. Duyğu istismarıyla yalanlarını birləşdirərək, həqiqəti gizlətməyə çalışırlar. Buna minlərlə nümunə göstərmək olar, lakin bu yazımızda toxunacağımız ən məşhurlarından biri, "Darvin türklərə düşmən idi, onları aşağı irq olaraq görür və yox olmaları lazım olduğunu düşünürdü!" cəfəngiyyatıdır.

Darvin heç vaxt belə bir şey düşünməyib, heç türk xalqlarıyla çox maraqlandığını ya da məlumat sahibi olduğunu belə sanmırıq. Bu iddianın əsaslandığı söz, təhrif edilən bir neçə sətirdən ibarətdir. Bu səbəbdən öz şərhimizlə Darvinin türklərlə əlaqədar spesifik mənfi fikirlər ifadə etdiyini iddia edən bu yalanı ifşa etmək istəyirik.

İddianın orijinalı və mənbəyi

Əvvəlcə, bu təhrif edilmiş məzmunun mənbəyi olan, Harun Yəhya tərəfindən yazıldığı iddia edilən Yaradılış Atlası adlı kitabın 1-ci cildinin 606-cı səhifəsində yazılanlara baxaq:

"Darvin irqçi və Türk düşməni idi. W. Grahama yazdığı 3 iyul 1881-ci il tarixli məktubunda, irqçi düşüncəsini belə ifadə etmişdi: "(...) Avropalı irqlər olaraq bilinən mədəni irqlər, həyat mübarizəsində TÜRK BARBARLIĞINA qarşı qalib gəlmişdirlər. Dünyanın çox da uzaq olmayan bir gələcəyinə baxdığımda, BU CÜR AŞAĞI İRQLƏRİN çoxunun mədəniləşmiş yüksək irqlər tərəfindən eliminasiya ediləcəyini (yox ediləcəyini) görürəm."" (Harun Yəhya, Yaradılış Atlası 1, səh. 606)

Darvin əslində nə dedi?

Darvinə aid, türklərlə əlaqədar belə ifadələrin yer aldığı heç bir mənbə yoxdur. Elm düşmənlərinin iddialarını əsaslandırdıqları bu nəşrlərin ən əsas xüsusiyyəti, şüurlu şəkildə edilən tərcümə səhvlərindən ibarət olmalarıdır. İndi, Darvinin məktublarını toplayıb analiz etməklə məşğul olan Darvin Correspondence Project'in (Kembric Universiteti lahiyəsi) nəşr etdiyi, 1881-ci ilin 3 iyulu tarixli Darvindən Uilyam Qrehemə göndərilən orijinal məktuba nəzər yetirək. Bu məktubun orijinalı Kembric Universitetinin saytından əlavə, eyni zamanda John Murray Mətbəəsi tərəfindən nəşr olunan, Darvinin oğlu Frensis Darvin tərəfindən 1887-ci ildə nümayiş olunan "Darvinin həyatı və məktubları, Avtobioqrafik hissə ilə birlikdə" başlıqlı əsərin 1-ci cildində də yer alır.



İndi isə xüsusilə əhəmiyyətli hissə olan son paraqrafa diqqət edək:




Sarı rənglə qeyd edilən hissənin tərcüməsi belədir:

"Bundan yalnız bir neçə əsr əvvəl Türklər tərəfindən məcbur edilərək, Avropalıların nələri riskə atdığını və indi belə bir fikrin nə qədər gülünc olduğunu xatırla. Qafqaz irqləri olaraq bilinən daha mədəni irqlər mövcudluq mübarizəsində Türkləri tamamilə məğlubiyyətə uğratmışdır."


Falsifikatorların yaydığı və təkrarən gündəmə gətirdiyi tərcümələrdə orijinal mətndə olmayan "Türk barbarlığı" sözünün əlavə olunduğunu görürük. Məqsədləri bəllidir: insanların milli duyğularını istismar edərək, özləri kimi nadanlar yaratmaq, həqiqəti təhrif etmək, manipulyasiya yoluyla insanları aldatmaq və daha nə qədəri... Bu üsulla Darvinin türklərə barbar və aşağı irq deyərək təhqir etdiyi təbliğatına vəsait hazırlamış olurlar.

Burada insanları "hollow" sözü ilə aldatmağa çalışırlar. Bu cümlələri oxuduqdan sonra "Turkish hollow" sözlərilə Darvinin nə demiş ola biləcəyini anlamaq üçün lüğətə müraciət edə bilərsiniz. Bəzi ingiliscə-azərbaycanca lüğətlərdə ilk mənası "içi boş, dəlik, boşluq, oyuq" olan bu sözün bəzi digər lüğətlərdə yan mənaları "riyakar, hiyləgər, saxta" olaraq verilir. Bəzi lüğətlərdə isə digər mənalar arasında "əhəmiyyətsiz, dəyərsiz və yalançı" tərifləri də verilməkdədir. Lakin heç bir yerdə "barbar" deyə bir tərcümə yoxdur! Bu, açıq-aşkar saxtakarlıqdır.


İngilis dilini yaxşı bilməyən insanlar sözü "Turkish hollow" olaraq oxuyur, yəni "Türk boşluğu" olmalı şəklində düşünürlər. Ancaq yuxarıdakı təriflərin heç biri, "Türk boşluğu" mənasını verərək istifadə edilə bilməz: türk dəliyi? türk oyuğu? türk əhəmiyyətsizi? türk yalançısı?.. Bu səbəbdən, bunun "barbarlıq" olduğunu fərz etmiş ola bilərlər. Xoş niyyətlə yanaşaraq, parallel kainatda "içi boş" və "barbar" sözlərinin sinonim kimi istifadə edilə biləcəyini fərz edə bilərik. Lakin Darvin, sanki sözlərinin təhrif ediləcəyindən agah olub, "hollow" sözünü bir başqa şəkildə də istifadə edir: "beaten ... hollow"

İngiliscə "beat somebody hollow" deyimi (buna ingilis dilində "phrase" ya da "idiom" deyilir), "birini tamamilə və ya asanlıqla məğlubiyyətə uğratmaq" mənasını verir. Darvin, "beaten Turkish hollow" dediyi üçün, mübahisəsiz olaraq bu, "Türklər tamamilə məğlubiyyətə uğradı" kimi tərcümə edilməlidir. Əgər ki cümlənin "beat" hissəsi bilərək və ya bilməyərək tərcüməyə daxil edilməsə, yuxarıda ifadə etdiyimiz problemlər meydana gələr; çünki ingiliscənin bir deyimini deyil, yalnız bir sözü tərcümə etmiş olarıq. Aşağı səviyyədə belə ingilis dili dərsi almış olan hər kəs, məsələn, "fall" sözü (düşmək) ilə "fall apart" (həyatı məhv olmuş) və ya "fall fast asleep" (dərin yuxuya getmək) deyimlərinin eyni olmadığını bilir. Yəni "fall fast asleep", "sürətli yuxuya düşmək" kimi tərcümə edilə bilməz. Eyni şəkildə, "beat hollow" içərisindəki "beat" (məğlub etmək, döymək) ilə yuxarıda mənalarını açıqladığımız "hollow" sözünü də bir-birindən ayrı tərcümə etmək olmaz. Bu səbəbdən Darvinin türkləri (türk xalqlarını) alçaldan hər hansı bir sözündən bəhs etmək gülüncdür. Bu, tamamilə məlumatsızlığın və ya qəsdən təhrif etmənin nəticəsidir. Niyə bu qədər inadla yayılmasının səbəbi isə məlumdur.

Aşağı irqlər? Yuxarı irqlər?

Keçək qırmızı xətlə işarələnmiş 2-ci hissəyə:

"(...) Dünyanın çox da uzaq olmayan bir gələcəyinə baxsaq, Dünya səviyyəsində daha aşağı saysız irq, daha mədəniləşmiş irqlər tərəfindən ortadan qaldırılmış olacaq."

Burada gözə dəyən ilk şey, Darvinin "lower race" (aşağı irq) sözləridir. Bu, elm düşmənlərinə əsas versə də, "cherry picking" (söz seçmə) oyununun xoş nümunələrinin biridir. Çünki bütöv cümlə oxunmalıdır, yalnız "aşağı irq" sözlərinə baxaraq nə demək istədiyi aydın ola bilməz. Cümlənin davamı Darvinin "aşağı" sözündəki məqsədinin nə olduğunu göstərir: "higher civilized races" (yüksək sivilizasiya/mədəniyyət səviyyəsindəki irqlər). Əgər ki "yüksək" qiymətləndirməsi, "sivilizasiya səviyyəsi" üçün istifadə edilibsə, "aşağı" qiymətləndirməsi də, sivilizasiya səviyyəsi üçün istifadə edilmiş olmalıdır. Cümlədə "higher" (yüksək) ilə "civilized" (mədəni) sözləri arasında vergül yoxdur (bu səbəbdən "higher" və "civilized", irqlər üçün istifadə etdiyi 2 ayrı qiymətləndirmə deyil, bir-birinə bağlıdır).

Amma nadanlar bunu aşkar bir şəkildə mənfi məna və nifrət yüklü "alçaq" sözü kimi tərcümə ediblər. Açıq aydındır ki, Darvinin "alçaq irqlər" dediyini iddia edirlər. "Lower" sözü, lüğətlərdə "alçaq" olaraq tərcümə edilmir. Bu sifətin kimlərə yaraşdığını düşünməyi oxucularımızın öz öhdəsinə buraxırıq.

Darvinin qətiyyən irqçi olmadığını Biql səfəri əsnasında bacısı Ketrin'ə yazdığı 1833-cü il tarixli məktubdakı bu cümlələrdən də asanlıqla görə bilərik:

"Seçkilərdə də görüldüyü kimi, köləliyə qarşı başlamış həssaslığın davamlı olaraq artdığını müşahidə edirəm. İngilislər köləliyi tamamilə aradan qaldıran ilk Avropa xalqı olsa, bu onun üçün nə qədər öyünüləcək bir şey olar! İngiltərədən ayrılmazdan əvvəl köləliyin olduğu ölkələrdə yaşadıqdan sonra bütün düşüncələrimin dəyişəcəyi mənə deyilmişdi; bu an fərqində olduğum tək dəyişiklik, zənci xarakteri haqqında məndə daha yüksək bir təqdirin meydana gəldiyidir. Belə şən, səmimi, dürüst sözlü və sağlam, əzələli bədənlərə sahib bir zənci görüb, ona qarşı mehribanlıq duymamaq qeyri-mümkündür."

Darvin bunları nə vaxt demişdi? 19-cu əsrdə Amerikanın ən əhəmiyyətli təbiətşünas alimlərindən olan, yaradılışçı Luis Agassiz'in zəncilərlə ağların ayrı növlər olduğunu və Tanrı tərəfindən ayrı-ayrı yaradıldığını dediyi dövrdə... Elm düşmənlərinin irqçiliyi çox uzaqda axtarmasına ehtiyac yoxdur. 

Hər şey bir yana, Darvinin bu mövzuda nə dediyi, nəyə inandığı və nə düşündüyünün elm üçün ən az səviyyədə belə əhəmiyyəti yoxdur  Eynilə, bizim şəxsi fikirlərimizin elm üçün dəyərsiz, qiymətsiz və əhəmiyyətsiz olduğu kimi! İstədiyimizi düşünə bilərik, istədiyimizə inana bilərik, istədiyimizi iddia edə bilərik. Lakin əhəmiyyətli olan, bunların elmi analizidir. Elmi olaraq hər hansı bir sübutu və ya təcrübəsi yoxdursa, heç bir etibarlılığı da yoxdur. Bu qədər sadə.

Darvin insanın təkamülündən bəhs edən "İnsanın mənşəyi və Cinsi seçmə" kitabında belə yazır:

"Bu günki insan irqləri, rəng, saç, kəllə forması, bədən nisbətləri və sair baxımdan fərqli olmaqla birlikdə, tam diqqətə alınsa, bir çox nöqtədə bir-birlərinə böyük ölçüdə oxşayırlar. Bunların bir çoxu elə əhəmiyyətsiz ya da tamam ayrı xüsusiyyətdədir ki, mənşələri başqa olan növlərin və ya irqlərin onları müstəqil olaraq qazanmış olması, olduqca qeyri-mümkündür. Eyni düşüncə, ən fərqli insan irqləri arasındakı zehni oxşarlığın çox müxtəlif istiqamətləri üçün də, eyni ölçüdə və ya daha çox etibarlıdır."

Yaşadığı dövrü düşündüyümüzdə, Darvinin sözlərinin necə dəyərli olduğu aydın olacaq. Darvin yalnız özümüzü tanımağımızı təmin etmədi. Eyni zamanda bütün insanları, bir yerdə, bütün canlılığı saxlayan "ehtişamlı" bir Təkamül Ağacının sıravi bir budağına yerləşdirə və bütün budaqları bir-birinə bağlaya bilməyimizi təmin etdi. Belə bir elmi həqiqəti və həyat düşüncəsini formalaşdırmış bir insana qarşı belə təhriflər etmək həqiqətən də "alçaqlıq" deyilsə, bəs nədir?

Orijinal məqalə buradadır

Həmçinin oxuyun:


İnsanda dəri rəngi təkamülü və tük azalması
Saxta fosil nədir?
"Harun Yəhya"nın saxtakarlıqları
Yazını dostlarla bölüş

1 şərh var:

  1. qafqaz irqləri??? bunu irqin taxinin göstərin... yazdığınız boş bir məlumatdan başqa bir şey ifadə etmir.

    ReplyDelete

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top