November 29, 2015

Tardiqradların inanılmaz dözümlü olmasına yad genlər səbəb ola bilər

Şimali Karolina Universitetinin bioloqları müəyyən ediblər ki, tardiqradların genomunun 17.5%-i digər canlılardan alınmış genlərdən ibarətdir. Belə qeyri-adi qabiliyyəti sayəsində, bu mikroskopik su onurğasızı, ən ekstremal şəraitlərə, hətta açıq kosmosa uyğunlaşa bilir. Təfərrüatlar "Proceedings of the National Academy of Sciences" (PNAS) jurnalında nəşr olunmuşdur. 

"Hypsibius dujardini" növündən olan tardiqrad genomunun təhlili göstərdi ki, bu genlərin 17,5%-i digər canlılardan götürülüb. "Donorların" seçimi də çox rəngarəng olmuşdur: 1300 növ bakteriya, 40 növ ibtidai, 91 növ göbələk, 45 növ bitki və 6 növ virus.

Araşdırmanın rəhbəri Thomas Boothby deyir: "Əvvəl fikirləşdik ki, götürdüyümüz nümunələrə digər genlərin qarışması səhv nəticələrə səbəb olmuşdur. Lakin təkrar ciddi təhlillər nəticələrin düzgün olduğunu göstərdi."

Görünür bir çox hallarda məhz bu yad genlər tardiqradları ekstremal şəraitdə yaşamaq üzrə "rekordçu" edirlər. Bu canlılar yüksək radiasiya şəraitində, açıq kosmosda və hətta orqanizmlərinin tam susuzlaşması zamanı sağ qala bilir.
                                              

Yeri gəlmişkən, məhz susuzlaşma, ola bilsin ki tardiqradların digər canlılardan gen almasında həlledici rol oynayır. Adətən bitki və heyvanlarda orqanizmin susuzlaşması zamanı hüceyrə membranı öz strukturunu itirir, nəticədə iri molekullar, o cümlədən DNT xaricə keçir. Bu əksər canlı üçün ölüm deməkdir. Lakin tardiqradlar susuzlaşma bitdikdən sonra təsadüfi olaraq yaxınlıqda yerləşən canlılardan öz genlərini geri "toplaya" bilirlər. 

Belə "horizontal" gen mübadiləsi heyvanlar aləmində nadir hadisə sayılsa da, son vaxtlar əldə edilən sübutlar bunun düşünüləndən daha tez-tez baş verdiyini göstərir. Məsələn, bu yaxınlarda məlum olmuşdur ki, digər bir onurğasız heyvan olan Elysia chlorotica növündən olan dəniz ilbizi fotosintez qabiliyyətinə sahib ola bilmək və beləliklə müstəqil şəkildə qidalı maddələr istehsal etmək üçün qidalandığı su yosunlarından "borc" aldığı genlərə sahibdir.
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top