January 20, 2015

Sereranın ilk yaxından görüntüsü əldə edilib

Böyük asteroid qurşağına daxil olmuş NASA-nın "Dawn" kosmik zondu, onun ən böyük obyektlərindən olan cırtdan planet Sereranın ilk yaxından fotoşəklini çəkib.

Sereranın bu görüntüsü hələlik 27 piksel ölçülü bort kamerası matrisasındaki ləkəyə oxşayır. Buna baxmayaraq bir sıra fotoşəklin bərpası nəticəsində 950 kilometrlik səma cismi üzərindəki kraterləri artıq ayırd etmək mümkün olub.

Fotoşəkillər 383 min kilometr uzaqlıqdan lentə alınıb - bu, Yerlə Ay arasındaki məsafədən bir qədər azdır. İlkin görüntülər Sereraya yaxınlaşma hazırlıqları işində və oriyentasiyada böyük əhəmiyyət daşıyır. Çoxdan gözlənilən bu hadisənin bu ilin 6 mart tarixində baş tutacağı hesablanıb.

Serera (Ceres) - Yerə ən yaxın cırtdan planet və asteroid qurşağının ən iri obyektidir. "Dawn" zondu daha əvvəl, 2012-ci ildə qurşağın ikinci ağır cismi olan Vesta asteroidini 210 kilometr hündürlükdən araşdırdıqdan sonra, cırtdan planetə doğru yol almışdı. Aparatın Sereranın orbitinə fevral ayının sonlarında daxil olub, bir neçə ayı orada keçirəcəyi nəzərdə tutulur.

İndiyədək Sereraya aid əldə edilmiş ən uğurlu fotoşəkillər kosmik teleskop Xabbl (Hubble) tərəfindən 2003 və 2004-cü illərdə çəkilib. Yanvar ayının sonunda "Dawn" zondunun çəkəcəyi fotoşəkillər isə əvvəlkilərdən daha keyfiyyətli olacaq ki, bu da Sereranın əslində nəyə bənzədiyini daha yaxşı görməyimizi təmin edəcək. Geriyə yalnız gözləmək qalır.



Həmçinin oxuyun:

"Dawn" zondu Serera ilə görüşə hazırlaşır
Yarımkilometrlik asteroid Yerə yaxınlaşır
Titanda müəmmalı obyekt aşkar edildi
daha ətraflı...

January 19, 2015

2015-ci il daha bir ölümcül xəstəliyin son ili olacaq

1980-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qədim ölümcül çiçək xəstəliyi üzərində qələbə çalındığını açıqlamışdı. Genişmiqyaslı vaksinasiya proqramları və dünya həkimlərinin səyi nəticəsində bir vaxtlar milyonlarla insanın ölümünə səbəb olan xəstəliyin təhlükəsi aradan qaldırılmışdı. Mütəxəssislərin rəyinə görə, 2015-ci il daha bir ölümcül xəstəlik üçün son ola bilər. Bu xəstəliyin adı drakunkulyozdur.

Elə də ölümcül olmasa da, uzun müddət davam edir və adətən əlilliyə səbəb olur. Bu, orqanizmə əsasən kirli su vasitəsilə düşən rişta qurdlarının yoluxdurduğu helmintoz parazitidir. Sürfələr bağırsağa düşdükdə onun divarını gəmirməyə başlayır və limfatik sistem yoluyla bədənə yayılırlar. İnkişaf edib, artaraq, dişiləri dərialtı toxumaya miqrasiya edir. Burada onlar hətta 80 sm-ə qədər uzana bilərlər. Daha sonra dərini deşib, bədənlərinin bir ucunu çölə çıxararaq, yeni sürfələrini suya atırlar.

Yaxın keçmişdə drakunkulyozun olduqca yayılmış xəstəlik olmasına baxmayaraq, bu gün bu xəstəliyə sadəcə Afrika və Asiyanın tropik ölkələrində rast gəlmək olar. ÜST-ün 1986-ci ildəki statistikasına əsasən, hər il nematodlar (yumru qurdlar) ümumilikdə 21 ölkədən 3,5 milyon insanı məhv edirdi. Xəstəliklə mübarizə üçün misilsiz səylər göstərildi və artıq 2000-ci ildə xəstələrin sayı 75 minə düşdü. Ötən il isə bu xəstəlikdən əziyyət çəkən insanların sayı rekord miqdara - cəmi 126 nəfərə endirildi. ÜST mütəxəssisləri tezliklə, bəlkə də bir neçə ay sonra drakunkulyozun tamamilə məhv edildiyini açıqlayacaqlarını deyirlər.

Xəstəlik üzərində qələbə bir sıra yollarla əldə edilib. Bu xəstəliyi cəmi bir parazit növü meydana gətirir. Yoluxma prosesi elmə məlum olduğundan, onunla mübarizə də çətin keçmir. Sadəcə yoluxma yolunu bağlamaq kifayətdir ki, infeksiya dayansın. Drakunkulyozla mübarizə strategiyası da olduqca ağıllı idi. Belə ki, pandemik ərazilərdə yaşayan sakinlərin, xəstəlik yayılması ilə bağlı xəbərdarlıq etməsi tələb olunur, onlara çoxlu sayda ucuz su təmizləyən filtrlar təklif olunur və hər yeni xəstəlik yayılması hadisəsi xəbərinin çatdırılması müqabilində 100 dollar dəyərində mükafat ödənilirdi. Bütün bu addımlar nəticəsiz qalmadı - tezliklə bəşəriyyətin düşmənlərinin sayı bir az da azalacaq.

Həmçinin oxuyun:

Bağırsaq bakteriyaları insanı manipulə edir
Xərçəng xəstəliyi müalicəsinin yeni strategiyası təqdim edildi
Şizofreniyanın təbiəti genetikdir
daha ətraflı...

"Kepler" 3 Yerə oxşar ekzoplanet aşkar edib

Ötən ilin may ayında yenidən aktivləşdirilmiş "Kepler" kosmik teleskopu Günəş sistemi yaxınlığında bir neçə ekzoplanet aşkar etməyə nail olub. Bu ekzoplanetlər Yerlə müqayisə edilə biləcək ölçüdədir.

Tapılmış planetlər, Günəş sisteminə ən yaxın parlaq obyektlərdən biri olan və şir bürcü ulduz qrupunda yerləşən EPIC 201376065 ulduzu ətrafında dövrə vurur. Mütəxəssislər ulduzun parlaqlığındaki yırğalanmalara diqqət yetirərək, əyri parıltıları analiz ediblər. Tədqiqat Avropa cənub rəsədxanası, həmçinin bir sıra ABŞ rəsədxanaları köməyilə aparılıb. Nəticədə planetlərin bəzi vacib göstəriciləri (obyektə qədərki məsafə, radius və s.) hesablanıb.

Hər üç planet kifayət qədər kiçik ölçüdədir və kiçik superyerlər kateqoriyasıa aid edilirlər. Onları həm də Yerin "əkizləri" deyə adlandırırlar. Planetlərin radiusu Yerinkini təxminən 2 dəfə üstələyir. EPIC 201367065 ulduzu isə kiçik soyuq qırmızı cırtdanlardandır, ölçüsü və kütləsi Günəşin analoji göstəricilərindən təxminən 2 dəfə azdır. EPIC 201367065 bizdən 150 işıq ili uzaqlıqda yerləşsə də, kosmik ölçülərlə bu məsafə "yaxın" hesab edilir.

NASA-nın astronomik peyki olan "Kepler" teleskopu, ekzoplanetlərin aşkar edilməsi üçün planlaşdırılan yüksəkhissiyatlı fotometrlə təchiz olunub. Həmin cihaz 12 may 2013-cü ildə sıradan çıxmış, lakin təxminən bir il sonra, 30 may 2014-cü ildə alimlərin səyilə yenidən "canlandırılaraq", yeni "K2" missiyasına keçid almışdı.

Aşkar edilmiş ekzoplanetlərin sonraki tədqiqatları üçün artıq kosmik teleskop "Xabbl"ın (Hubble) imkanlarından yararlanılacaq. Alimlər növbəti araşdırmalarda ekzoplanetlərin atmosferi, kimyəvi tərkibi, kütləsi və sıxlığı ilə maraqlanacaqlar. Ümumiyyətlə qeyd edilmiş ulduz sistemi elmə mühüm məlumatlar təmin edə bilər. Belə ki, bu sistemin planetlərinin birində hətta maye sudan ibarət okeanın mövcud ola biləcəyi ehtimal edilir.

Həmçinin oxuyun:

"Kepler" dirildi: Yeni ekzoplanet tapılıb
"New Horizons" yuxudan oyandı: Pluton araşdırmaları başlanır
"İkinci Yer" olmağa namizəd planet tapılıb
daha ətraflı...

Qadınlar niyə elmə maraq göstərmir?

Fakt faktlığında qalır ki, alimlər arasında qadınlar azlıq təşkil edir. ABŞ-dan olan psixoloq mütəxəssislər bəşəriyyətin ikinci gözəl yarısının elmdə hansı səbəbdən zəif təmsil olunduğunu izah etməyə çalışıblar. Tədqiqatın nəticələri olduqca gözlənilməz olub.

Sorğuda 1800 nəfər, xüsusilə professorlar və aspirantlar iştirak edib. Bu insanlar ən müxtəlif elm sferalarında işləyən mütəxəssislərdir. Onların hər birisinə, həyatdaki sahələrində uğur əldə etmək üçün əsas məqsədlərinin nə olduğu ilə bağlı sual ünvanlanıb. Sorğuda iştirak edənlərin təxminən yarısı uğurun əsas faktorunun dahiyanəlik olduğunu deyiblər. Digər iştirakçılar isə hövsələlik və zəhmətsevərlik kimi keyfiyyətləri daha üstün tutublar.

Məlum olub ki, fizika və ya fəlsəfə kimi elm sahələrində bir növ "dahilər kultu" mövcuddur. Məhz bu tip fənnlərdə qadınların azlıq təşkil etdiyi aydın olub. Buna baxmayaraq tədqiqatçılar heç də qadınlar arasında dahilərin az olduğunu demirlər - səbəb tamamilə fərqli ola bilər. Burada söhbət təsirlənmə qabiliyyətindən gedir. Kişilər və qadınlar qeyri-adi bacarıq ehtiyacını fərqli şəkildə dərk edə bilərlər - kişi meydan oxunması və ya çağırışı məmnuniyyətlə qəbul edərkən, qadını belə elm sahəsi "qorxudacaq".

Alimlər tədqiqatı cəmi bir hipotezlə məhdudlaşdırmayıblar. Gəldikləri qənaətə görə, elm dünyasında az saylı qadın olduğu, ağır iş yükü, iş yerləri uğrunda yüksək rəqabət və kişilərin analitik düşünməyə daha yaxşı uyğunlaşdıqları faktı ilə bağlıdır. Lakin "dahilər kultu" hipotezi daha obyektiv qiymətləndirilib.

İndi isə alimlər qadınların qeyri-adi düşünmə tələb edən istiqamətlərdən uzaq durduqlarının şüurlu şəkildə edildiyi, yaxud onların elm rəhbərləri tərəfindən diskriminasiyaya məruz qaldıqlarını aydınlaşdırmağa çalışırlar.

Həmçinin oxuyun:

Dini tərbiyə almış uşaqlar reallıqla xülyanı ayırd edə bilmir
Televizor seyr etmək insanın təkamülünü gecikdirir
Kişi və qadın beyni arasında fərq tapıldı
daha ətraflı...

January 15, 2015

"Altay şahzadəsi" bərpa edildi

Alimlər "Ukok Kadın" adlı məşhur Altay şahzadəsinin mumiyasını diriltməyi bacarıblar. Deyilənlərə görə, şahzadə olduqca qəddar və qisaskar xarakterə sahib olub.

1993-cü ildə qalıqları tapılmış Ukok Kadının ən problemli hissəsi kəlləsidir. Qərbli mütəxəssislər buz təzyiqinin kəllə üzərində təsiri olduğuna baxmayaraq, ikinci adı "Oçı-bala" olan şahzadənin surətini canlandırıblar.

İlk öncə modelin hazırlanması üçün plastilindən istifadə edilib, ardından isə xüsusi silikon-rezin qarışığından hissə-hissə əzələ qatı və dəri yığılıb. Alimlər daha sonra saç və kiprik rənglənməsi detallarına keçid alıblar. Belə ki, şahzadənin saç düzümünün yaradılması üçün onun başına 100 min tük əkilməsinə ehtiyac olub. Altay şahzadəsinin çiyni, bədənində aşkar edilən tatunun eynisi ilə bəzədilib.

Alman mütəxəssislər sifətin 75% dəqiqliklə, burun sümüyünün bir hissəsi, saç və göz rəngləri bilinmədiyi səbəbindən isə digər 25%-in interpretasiya ilə hazırlandığını qeyd edirlər. Ümumən şahzadənin yeni zahiri görünüşü daha əvvəl hesab edildiyindən xeyli fərqlənir.

Ukok şahzadəsi (Altay şahzadəsi, Oçı-bala, Kadın) - 1993-cü ildə qədim Ak-Alax qəbristanlığında aparılmış arxeoloji qazıntılar gedişatında tapılmış mumiyanın adıdır. 2001-ci ildə aparılmış DNT analizi Kadının, selkuplar və ketlərin də aid olduğu pazırık mədəniyyəti nümayəndəsi olduğunu göstərib.

Həmçinin oxuyun:

Türk genomunun 8%-i monqol genlərindən ibarətdir
Mumiyalarda yüksək xolesterin və tatu aşkar edildi

Maya sivilizasiyasının yox olma səbəbi nədir?
daha ətraflı...

Beynəlxalq Kosmik Stansiyada qaz sızıntısı həyəcanı

Beynəlxalq Kosmik Stansiya (BKS) idarəsi ammonyak sızıntısı ilə bağlı yalan həyəcan xəbərindən sonra, ABŞ astronavtlarına öz seqmentlərinə geri qayıtmağa icazə verib. Bu barədə NASA məlumat yayıb.

Amerika aerokosmik təşkilatının hesabatında qeyd edilir ki, "bortdaki müxtəlif sistem qaynaqlarından əldə edilən məlumatlar gün ərzində öyrənilib və bunlar, stansiyada ammonyak sızıntısı olmadığını göstərir".

Yanvarın 14-də BKS-in ABŞ seqmentindən ammonyak sızıntısı ilə bağlı həyəcan siqnalı alınmışdı. Astronavtlar təcili olaraq BKS-in Rusiyaya aid hissəsinə köçürülmüş və rus astronavtların köməyilə qaz sızıntısının qarşısını almaq üçün tədbirlər görməyə çalışmışdılar. Lakin NASA-daki BKS proqramı meneceri Maykl Saffordininin sözlərinə görə, həyəcan xəbəri böyük ehtimalla yalan olub. NASA nümayəndəsi Rob Nevis bildirir ki, "heç bir ammonyak əlamətlərinə rast gəlinməyib və ekipaj maskaları çıxararaq, işlərə davam edib".

Araşdırma nəticəsində yanlış zəhərli qaz həyəcanı siqnalının bort kompüterindən alındığı aydın olub. Səbəbin hələlik nə olduğu bilinmir. Hal-hazırda BKS-də amerikalı Barri Uilmor və Terri Verts, rusiyalı Aleksandr Samokutyayev, Anton Şkaplerov və Yelena Serova növbə çəkirlər.

Həmçinin oxuyun:

Yarımkilometrlik asteroid Yerə yaxınlaşır
"Yerlilərdən" Marsa 90 min məktub
"Fila"dan pis xəbər var: Əlaqə kəsildi
daha ətraflı...

Nostradamusdan daha az məşhur Azimov...

XX əsrin ən məşhur fantast-yazıçılarından biri Ayzek Azimovun sözlərinə inansaq, bir neçə həftə əvvəl geridə qoyduğumuz 2014-cü ildə artıq hər birimiz psixiatrlara müraciət etməyə başlamalıydıq. Eyni zamanda biokimyaçı olan Azimov, 1964-cü ildə dərc etdiyi essedə gələcəyin, daha doğrusu məhz 2014-cü ilin nəyə oxşadığını proqnoz etməyə çalışmışdı.

Buna səbəb isə Kvins, Nyu-Yorkda təşkil olunmuş "Anlaşma dünyası" adlı ilk beynəlxalq sərgi idi. Həmin sərgi hələ də yaddaşlardadırsa, bu, sadəcə, onun gələcəklə bağlı proqnozlarından qaynaqlanmalıdır. Orada təqdim edilmiş futuristik texnologiyaların bəziləri hələ geniş istifadədə deyil. Heç uçan avtomobillər və sualtı evlərlə rastlaşmaq imkanına sahib olmusuzmu? Azimovun 50 illik proqnozlarına nəzər yetirək.

1. "Kommunikasiyalar video-eşitməli olacaq və siz, zəng edən adamı eşitməklə bərabər, onu həm də görmüş olacaqsınız"

İki abonent arasında ilk transkontinental videozəng 20 aprel 1964 tarixində, Bell Systems (daha sonralarsa Bell Laboratories) şirkətinin hazırladığı texnologiya köməyilə baş tutmuşdu. Fantast Azimov, çox güman ki, SkypeApple FaceTime kimi proqramların bu gün mövcudluğundan çox, onların ucuzluğuna heyran qalardı. 1964-cü ildə Vaşinqtondan Nyu-Yorka edilmiş 3 dəqiqəlik videozəng 16 dollar dəyərində idi, indiki kursla isə bu, 118 dollara bərabərdir.

2. "Antarktikada yerləşən meteoroloji stansiya da daxil olmaqla, Yerin istənilən nöqtəsinə bilavasitə zəng edə biləcəksiniz"

Əlavə şərhə ehtiyac yoxdur. Sadəcə telefonunuza istədiyiniz ölkənin kodunu yığın. Antarktikanınkı 672 olsa da, bəzi regionlarının kodu Yeni Zelandiya ilə eynidir (+64).

3. "2014-cü ildə robotlar hər yerə yayılmayacaq və çox da keyfiyyətli olmayacaqlar, lakin mövcud olacaqlar"

Robotics (robot texnikası) sözü ingilis dilinə məhz cənab Azimovun səyilə daxil olub. Hələlik intellektual robotlar hazırlamağa nail olmamışıq ki, xidmətçilərin işini lazımi qədərilə əvəz edə bilsinlər. Lakin bu gün, maraqlıdır ki, Azimovun qeyd etdiyi hadisələr baş verməkdədir - bəzi layihələr var ki, imtahan vermə qabiliyyəti olacaq dəmir-tələbələri təkmilləşdirmək, həkimləri əvəz edəcək robot-cərrahlar üzərində işlər aparmaq və dəmir əllərdən kulinar şedevrlər yaratmaq hədəfləri güdür.

Azimovun mövzu ilə bağlı başqa bir zamanı qabaqlamış açıqlaması isə "miniatür kompüterlərdir". Bu gün smartfon adı ilə tanınan bu kompüterlər müasir həyatımızın əvəzolunmaz hissəsinə çevriliblər. Azimov hesab edirdi ki, bu minikomplar robotların beyni olacaq. Lakin şəhərdə azdıqda və ya yeni bir şəhəri öyrənmək üçün xəritədən yardım istədikdə, smartfon bizim də beynimiz kimi fəaliyyət göstərmiş olmurmu? Bəlkə "peyğəmbər" robot dedikdə elə bizləri nəzərdə tutub?..

4. "Televiziyanın vəziyyətində isə divar ekranları adi teleradioaparatları əvəz edəcək, habelə 3D görüntülər göstərə bilən şəffaf kublar yaranacaq"

Azimovun proqnozlarının ən diqqətəlayiq aspekti budur ki, o, tez-tez hər hansı bir texnologiyanı qeyd edir, lakin bu texnologiyanın səbəb olacağı entuziazmı həddindən artıq şişirdirdi.

Fantast-yazıçı buna layiqdir: düz ekranlı televizorlar ənənəvi televiziya radioaparatlarını əvəz edib, 3D texnologiyalar isə kub formasında olmasa da, elektronikanın müxtəlif sərgilərinə artıq bir neçə ildir ki, əlavə edilib.

Lakin 3D texnologiya publikanı gözlənildiyi kimi heyran qoya bilmədi. 2014-cü ilin iyul ayında BBC, cəmiyyətdə olan az marağı nəzərə alaraq, 3D proqramların buraxılmasını dayandırdı.

5. "Ay ilə əlaqə saxlamaq bir qədər narahat olacaq. 2014-cü ilədək Marsa pilotsuz gəmilər endiriləcək"

Əlbəttə ki, Azimov gələcəyi dəqiqliklə görməli deyildi. Görünür ki, kosmik eranın inkişafı dövrü ona, Ayda quracağımız bazalarla bağlı optimistik proqnozlar verməyə əsas yaradırdı. Düşünürdü ki, peykimizlə əlaqə qurduqda, cəmi 2,5 saniyəlik siqnal gecikməsi baş verəcək.

Lakin Azimovun "2014-cü ilədək Marsa aparatlar göndərəcəyimiz" proqnozu özünü necə lazımdır doğruldub. Heyf ki, fantast marsoxod Cuiosity-nin tvitter səhifəsini görə bilmədi...

6. "Avto-yeməklər hazırlayan və suyu isidərək, qəhvəyə çevirən mətbəx qurğuları inkişaf etdiriləcək"

Avtomat qəhvə aparatları artıq mövcuddur.

Azimovun maya və yosunlardan hazırlanan geniş və müxtəlif dadlı məhsullarla ("saxta hind quşu əti" və ya "psevdo-steyk") bağlı proqnozu isə iki il əvvəl reallaşıb. Alimlər laboratoriyada yetişdirdikləri ilk kotleti təqdim ediblər. İnsanların bu qidaları bəyənəcəklərini düşünən Azimov yanıla da bilərdi, çünki laboratoriya kotletinin dadını yoxlayanlar, onun "kafi miqdarda yağı olmadığını" deyirdilər.

7. "Robotlaşdırılmış beyinli avtomobillərin hazırlanması üçün çoxlu səylər göstəriləcək"

Elə bu yaxınlarda Mercedes-Benz öz pilotsuz (sürücüsüz) avtomobilinin konseptini təqdim etdi. Hər il səylər göstərilir. Amma, hər halda fantastın "robotlaşdırılmış beyinləri", "avtomatik idarə olunan maşınlardan" daha təhlükəsiz səslənir.

8. "Dünya əhalisinin hamısı bütün ölçülərdə gələcəyin texniki yeniliklərindən zövq ala bilməyəcək. Bu texnikalar bu günlə müqayisədə insanların daha az hissəsi üçün əlçatan olacaq. Maddi olaraq onlar indikindən daha yaxşı yaşasalar da, ümumiyyətlə daha böyük ölçülərdə geri qalacaqlar"

Ayzek Azimovun bu proqnozla zamanı qabaqladığını vurğulamaq olar. Fantastın proqnozlarının sayı daha çoxdur, onların bəziləri tam, digərləri isə müəyyən qədər həyata keçib. Onun, əhali sayının artması və doğum üzərində nəzarətlə bağlı xəbərdarlıqları isə başqa bir məqalənin mövzusu olsa yaxşıdır.

Texnologiyaların hamı üçün bərabər istifadəyə verilməyəcəyi təqdirdə, faydası kimi, eyni zamanda daha artıq zərərinin də ola biləcəyini peyğəmbərcəsinə proqnoz etmiş Azimov, bəlkə də psixoloji problemləri olmuş Nostradamusdan, nədənsə, daha az məşhurdur.


Həmçinin oxuyun:

"Məryəmin cənnətdə olmasına dair heç bir sübut yoxdur"
Ən məşhur elmdən kənar əfsanələr
"Interstellar" və zaman səyahəti mövzusu
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top