November 10, 2013

Mutasiyalar, zülallar və funksiyaları

Zülallara və zülalları kodlaşdıran genlərə tətbiq olunan süni mutasiya təcrübələri təkamülün qüvvəsiylə əlaqədar olduqca maraqlı məlumatlar verir. Bu yazımızda buna bir neçə nümunə verərək zülallarla mutasiyalar arasındakı əlaqənin əhəmiyyətini göstərmək istəyirik.

İlk öncə eosinophil-derived neurotoxin (EDN) adı verilən zülalla edilən bir təcrübədən bəhs edək. Tədqiqatçılar bu zülalın fərqli qismlərini mutasiyaya uğradaraq quruluşunu süni olaraq dəyişdirməyi sınadılar və nəticələri müşahidə etdilər. Tətbiq etdikləri mutasiyalardan birinin RNAse adıyla tanınan fermentin təsirini bir qədər azaltdığını, yəni qismən zərərli bir mutasiya baş verdiyini təsbit etdilər. Daha sonra tətbiq etdikləri bir çox fərqli mutasiya sınağından birinin tamamilə təsirsiz olduğunu gördülər. Yəni bu iki mutasiya adətən ayrı-ayrı meydana gəldikdə zülala çox da təsir etmir və fəaliyyətini ciddi şəkildə dəyişdirmir. Digər tərəfdən əgər bu iki mutasiya bir yerdə tətbiq olunsa, çox maraqlı bir vəziyyət yaranır: zülalın fəaliyyəti düz 15 qat artır! Bu da, Neytral Qayda adıyla tanınan və mutasiyaların əksəriyyətinin təsirsiz olduğunu, lakin bu təsirsiz mutasiyaların bir araya gələrək faydalı nəticələr doğura biləcəyini təsdiqləyən saysız nümunələrdən biri oldu.

Oxşar nəticələrə Lenski`nin məşhur E. coli təcrübəsində rastlayırıq. Amma artıq bu klassik nümunələri geridə qoyub, daha fərqli, daha orjinal nümunələr verərək təkamülünü müşahidə etdiyimiz canlıların sayını artıraq.

Pubmed'də dərc edilən bir məqalədə, yüksək duz müqavimətinə sahib olan bir siçan növü üzərində araşdırmaların aparıldığı qeyd edilir. Bu müqaviməti təmin edən əsas mexanizm aldosteron hormonunun nizamlanması ilə əlaqəlidir. Tədqiqatçılar bu hormonu kodlaşdıran genləri mutasiyaya uğradaraq fermentin fəaliyyətindəki dəyişiklikləri araşdırdılar. Bu mutasiyalardan biri zülalın 251-ci mövqeyindəki lizin amin turşusunu argininə çevirdi. Bu kiçik dəyişiklik hormon fəaliyyətini 4 qat artırdı, bu da müqavimətin artdığını göstərmiş oldu.

Qısacası, təkamül prosesinin potensial mərhələlərini göstərən və laboratuar şəraitlərdə təkrar edilən bir çox təcrübələrə imza atmaq mümkündür. Hal-hazırda genlərdə meydana gələn neytral mutasiyalar sayəsində zülalların çox ciddi və mərhələli təkamül keçirdikləri məlumdur. Bu mövzuda aparılan hər bir tədqiqat təkamül tarixinin sirrlərini aşkar edir.

Qaynaq: PubMed
daha ətraflı...

165 milyon illik seks

Çinin şimal-şərqində tapılan fosil, dünyanın ən qədim həşərat cütləşməsini izah edir. Bir-birlərinə sarılmış halda tapılan bu həşərat cütlüyü tüpürcək həşəratları (Froghoppers) adıyla tanınır.

Həşəratlar da artır, bunun üçün də sekslə məşğul olmalıdırlar. Bu təbii prosesdir. Maraqlı yanı budur ki, 165 milyon il ərzində, yəni Orta Yura dövründən bəri bu həşəratların artım orqanları və cütləşmə davranışları çox az dəyişikliyə uğramışdır.

Dişi həşəratların əksəriyyətinin bu davranışları qoruya bilmədiyi üçün, alimlər cütləşmə davranışlarının milyon illər ərzində necə dəyişdiyinə dair qəti dəlillərə çata bilmirlər. Bu fosilə baxaraq təəssüf ki, o dövrdə bu aşiq həşəratların qarnı üstünə uzanaraq, yoxsa indiki kimi yan-yana duraraq cütləşdikləri barəsində dəqiq açıqlamalar yoxdur. Fosilə baxaraq elə bil üz-üzə duraraq cütləşdiklərini düşünə bilərsiniz, amma elə olmaya bilər, çünki o cür cütləşmə modeliylə nəticəyə çata bilməyən bu həşəratların balaları müasir dövrə qədər gələ bilməzdilər.


Qaynaq: National Geographic
daha ətraflı...

November 9, 2013

"Ölümsüzlük mümkündür"

Astrofizik Stephen Hawking'in həyatı haqda hazırlanan sənədli filmin premyerası İngiltərədə keçirildi. Ardından kameraların qarşısına çıxan Hawking, ölümsüzlüyün mümkün olduğunu, amma bu günki imkanların bunu reallaşdırmaq üçün qeyri-kafi olduğunu bildirdi.


21 yaşında motor-neyron paraliçi diaqnozu qoyulan və yalnız daha 3 il ömür verilən Hawking, ''Bütün həyatımı erkən ölüm təhdidi altında keçirdim, ümumiyyətlə zamanı boşa xərcləməkdən nifrət edirəm'' dedi.

Yazıları səsə çevirən kompyuter sayəsində danışan Stephen Hawking'dən, insan şüurunun öldükdən sonra mövcud olmağı davam etdirib-etdirə bilməyəcəyi soruşuldu. Hawking bu sualı belə cavabladı:


"Məncə beyin kompyuter kimi bir proqramdır. Bu səbəbdən nəzəri olaraq beyni kompyuterə köçürmək mümkündür. Bu sayədə bədən öldükdən sonra da bir həyat forması yaradıla bilər. Amma bu günki imkanlarla bunu reallaşdırmaq qeyri-mümkündür."


Həyat enerjisinin yumor hissinə borclu olduğunu deyən astrofizikdən etiraf da gəldi. "Bir super qəhrəman olmağı seçəcək olsam, Superman olardım. Superman'də məndə olmayan hər şey var" deyən Hawking, həyatının digər insanlara ilham mənbəyi olmasını ümid etdiyini dilə gətirdi.


Qaynaq: MedicalDaily
daha ətraflı...

Amazon meşələrindən yeni canlı növləri

Amazonun gizli tropik meşələrində son dörd il ərzində pişik kimi mırıldayan bir meymun növü də daxil olmaqla cəmi 441 yeni növ kəşf edildi.

WWF'ə görə 2010-2013 illər ərzində tapılan növlər arasında alov naxışlı kərtənkələ, baş barmaq böyüklüyündə qurbağa, vegetarian piranya, parlaq rəngli ilan, çəhrayı rəngli orxideya var.

Bir qrup elm adamı tərəfindən kəşf edilmiş növlər arasında 258 bitki, 84 balıq, 58 amfibiya, 22 sürünən, 18 quş və bir məməli növü var. WWF'dən olan Claudio Maretti açıqlamasında belə dedi:

"Bu növlər, qorumağımız lazım olan təbii irsi meydana gətirir. Onların evini, Amazon meşələrini qorumalıyıq." 


Tapılan növlər arasında bunlar daha çox marağa səbəb oldu.


- Alov naxışlı kərtənkələ: Bu yaraşıqlı kərtənkələ Amazon meşələrinin Kolumbiya sərhədlərində yerləşən hissəsində kəşf edildi. Tapılması çətin bir növ olan Cercosaure hypnoides, yumurtalar yığıldığından bəri təbiətdə görünmədi.

- Baş barmaq böyüklüyündə qurbağa: Bu amfibik canlının nəslinin onsuz da təhlükədə olduğu hesab edilir. Əslində, növün latınca adı olan Allobates amissibilis "itə bilən" mənasını verir. Allobates amissibilis, Fransız Qayanasında tapılan üçüncü Allobates növüdür.

- Vegetarian piranya: Bu yeni piranya növü olan Tometes camunani, 50 santimetr uzunluğa və 9 kiloqram ağırlığa sahibdir. Növün qida rasionunda qayalıqlar arasında yetişən su bitkiləri yer alır.

- Parlaq rəngli ilan: Fransız Qayanasının dağlarında tapılan bu parlaq rəngli ilan növünə Arhur C. Doyle'un "İtkin Dünya" romanındaki professor George Edward Challenger'ə xitabən Chironius challenger adı verildi.

- Çəhrayı orxideya: Bir çox yeni orxideya növünün arasındakı Sobralia imavieirae, Roraimadaki alimlər tərəfindən Braziliya Amazonunda tapıldı.

- Caqueta Titi meymunu: Bu yeni növ olan Callicebus caquetensis, Amazon meşələrində yaşayan 20 Titi meymunu növündən biridir. Balaları maraqlı xüsusiyyətə sahibdir. Elm adamı Tomas Defler'ın dediyinə görə bala meymunlar özlərini yaxşı hiss etdiklərində "mırıldayırlar".

Bu növlərin çoxunun yalnız Amazona xas olduğu hesab edilir, bu da, tropik meşələrin məhvinin bu növlərin də məhvinə səbəb olacağı fikrini ağıllara gətirir. Claudio Maretti:

"Yeni növlərlə əlaqədar yığılan və yenilənən məlumatlar göstərir ki, Amazonun insanlıq üçün böyük mənası var. Amazonu araşdırmalı, anlamalı və qorumalıyıq. Bu ekosistemin gördüyü zərərlər bioloji müxtəlifliyə və ərazi insanlarına və iqtisadiyyatına verdiyi töhfəyə mənfi təsir edir. Bu təbii irsin yox olmasına icazə verə bilmərik."

Qaynaq: ScienceDaily
daha ətraflı...

Həyatın mənşəyində səhvlər deyil, təbii proseslər durur

Canlıların cansız maddələrdən, bir sıra kimyəvi reaksiyalar nəticəsində necə yarandığı hələ də sirr olaraq qalır. Hər nə qədər Yerin ilkin şərtlərində mövcud olan kimyəvi maddələrin nələr olduğundan əmin ola bilməsək də, bu gün mövcud olan biomolekulları araşdıra və 3 milyard il əvvəl nə baş verdiyini təxmin edə bilərik.

İndi isə alimlər, həyatın necə başlamış ola biləcəyini göstərməyə istiqamətli yeni bir biomolekulyar təcrübəyə əl atdılar. Bu gün yaşayan hüceyrələrdəki molekulyar maşınların öz başlarına bir iş etmədiklərini gördülər. Amma bir növ membrana meydana gətirən yağlı kimyəvi məhlulu işin içinə daxil etdikdə, kimyəvi maddələrin girdiyi reaksiyalar həyatın başlanğıcı üçün lazımlı olan, olduqca diqqətə çarpan kimyəvi reaksiyaya olduqca yaxınlaşdı.

Bu cür öz-özünü təşkil etmə həqiqətən təsir edici haldır və bunun necə baş verdiyini anlamaq, Yerdə və həyat ola biləcək digər planetlərdə canlılığın necə başladığını anlamağımıza açar ola bilər.

1987-ci ildə kimya üzrə Nobel mükafatı, kompleks molekulların çox həssas reaksiyaya girə bildiyinin təsdiq edilməsinə görə verilmişdi. Bu molekulların davranışlarından birinə "öz-özünü təşkil etmə" adını veririk və bu, kimyəvi maddələrin üzərlərinə düşən çox sayda qüvvənin təsiriylə bir araya gəlmələri və daha mürəkkəb işləri edə bilən molekulyar maşınlar istehsal etmələri mənasını verir. Hər bir hüceyrə bu maşınlarla doludur.

Roma Tre Universitetindən olan Pasquale Stano və həmkarları bu məlumatı istifadə edərək həyatın başlanğıcını araşdırmağa çalışdılar. İşləri sadələşdirmək üçün zülalları yaradan bir sistemi ələ aldılar. Bu sistem DNT-ni təşkil edən 83 molekuldan meydana gəlirdi və yaşıl fluoressens zülal (YFP) adı verilən xüsusi bir zülalı istehsal etmək üçün proqramlaşdırılmışdı.


Əgər molekullar bir-birlərinə təsir edə biləcək qədər yaxındırsa, yalnız bu vəziyyətdə bu sistem istehsal edə bilir. Sistem su ilə seyrəldilsə, reaksiya da baş verməz. Müasir hüceyrələrin içlərinin çox dar plakalardan meydana gəlməsinin bir səbəbi də budur: həyatın kimyəvi mənşəyinin işini davam etdirə bilməsi...

Bu molekulyar sıxlığı təzədən yarada bilmək üçün Steno, POPC adı verilən bir kimyəvi məhlulu sistemə qatdı və bu sayədə sistemi seyrəltməyə nail oldu. POPC kimi yağlı molekullar su ilə qarışmırlar və su içərisinə oturduqlarında avtomatik olaraq liposomalar adı verilən strukturları meydana gətirirlər. Liposomaların müasir canlıların hüceyrə membralarına olduqca oxşar quruluşu var və ümumiyyətlə hüceyrələrin təkamülünü araşdırmaq üçün istifadə edilir.

Stano'nun Angewandte Chemie adlı jurnalda dərc etdiyi məqaləsinə görə, bu liposomaların bir çoxu bəzi molekulları içində saxlayaraq yeni sistemlər meydana gətirmələrini təmin edir. Lakin maraqlısı budur ki, bu şəkildə hər 1.000 liposomadan 5-də bir zülalı istehsal etmək üçün lazım olan 83 molekulun hamısı iştirak edir. Bu liposomalarda çox miqdarda YFP yaradılmışdır və mikroskop altında yaşıl parıltıları müşahidə edilə bilər.

Kompyuterlə aparılan hesablamalar, bu 1.000 liposomadan 5-in 83 molekulu birdən saxlama ehtimalının praktiki olaraq sıfıra bərabər olduğunu göstərdi. Hətta tək bir liposomanın bu 83 molekulu birdən saxlaması ehtimalı da sıfırdır. Amma liposomaların bu molekulları saxlayaraq YFP istehsal edə biləcək zülalların yarana bilməsi həqiqəti, olduqca qeyri-adi bir hadisənin meydana gəldiyini göstərir.

Stano və həmkarları buna səbəbin nə olduğunu hələlik bilmirlər. Səbəb, əlimizdəki statistik sistemlərin bu təsadüfi müddəti tam modelləşdirə bilməməsi ola bilər və daha yaxşı bir modellə bu proses daha doğru şəkildə hesablana bilər. Bir digər səbəb, bu cür öz-özünü təşkilatlandırmanı bacaran molekulların olduqca təkamülləşmiş olmaları və bu səbəblə bu müddəti reallaşdırmaları ola bilər. Növbəti əhəmiyyətli addım, oxşar, amma daha az mürəkkəb olan sistemlərin də bu xüsusiyyəti təkrar edib-edə bilməyəcəyini göstərməkdir.

Stano'nun bu əhəmiyyətli təcrübəsi, hüceyrələrdəki molekulyar mexanizmlərin meydana gəlməsini təmin edən öz-özünü təşkil etmə prosesinin qaçılmaz və mütləq reallaşan bir fiziki proses olduğunu ilk dəfə göstərən təcrübə oldu. Öz-özünü təşkil etmə prosesinin necə baş verdiyini anlamaq, həyatın cansız maddələrdən necə başlanğıc aldığını anlamaq yolundakı ən böyük addımı atmağımızı təmin edəcək.

Qaynaq: The Conversation
daha ətraflı...

November 8, 2013

İlk insanlar beyinlə qidalanırdılar

Keniyada bir çox tarixi fosilləri aşkar edən antropoloqlar, Şərqi Afrikada yaşamış olan əcdadlarımızın xüsusilə antilop beyninə düşkün olduğunu aydınlaşdırdılar.

ABŞ-ın Baylor Universitetindən olan tədqiqatçı Joseph Ferraro və həmkarları, ilk insanların leşlərlə qidalandığını təsdiq etdilər.

PLoS ONE jurnalında dərc olunan tədqiqata görə, antropoloqlar apardıqları qazıntı işlərində üç qrup halında basdırılmış fosillər tapdılar. Fosillər, müasir insanın əcdadlarından olan Homo erectus'un necə ovlandığı və ovunu necə dəyərləndirdiyi haqqında əhəmiyyətli məlumatlar təmin etdi.

Yeni tədqiqat, ovlarının beyinlərini yeyən Homo erectus'un, beyindəki yağlı hissə sayəsində kafi enerji yığdığını və bir sonrakı günün ovu üçün əlavə enerji əldə etdiyini göstərdi. Bu tədqiqat müxtəlif ov alətlərinin izlərini saxlayan heyvan fosillərinin tapıldığı daha əvvəlki tədqiqatlarla da uyğundur.

Nəticələr, ilk insanların bacarıqlı ovçular və ətə düşkün olduqlarını təsdiq etdi.

Science-ın verdiyi xəbərə görə, qazıntıların aparıldığı bölgədə 2 milyon il əvvəl yaşamış olan insanlar, ovlarını tutduqdan sonra Kanjera bölgəsindəki evlərinə daşıyırdı. Antropoloqlar bu bölgədə, üzərlərində sadə daş alətləri izlərini saxlayan antilop və ceyran sümükləri tapdılar.

Tapıntılar, heyvanların parçalara ayrıldığını və daha çox ətli olan hissələrinin ilk olaraq kəsildiyini göstərdi. Qurbanların ətinin bişirilmədən yeyildiyini təsdiqləyən tədqiqatçılar, bəzi sümüklərdə də aslan dişlərinə rast gəldilər. Bu tapıntı, bəzi ovların aslanlar tərəfindən oğurlanmış olduğuna və ya daha sonra insanların əlinə keçdiyinə dair məlumatlar verə bilər.

Qazıntı sahəsində tapılan yüzlərlə kəllə və alt çənə sümüklərinin digər sümüklərlə müqayisədə daha çox olması, Homo erectus'un qurbanın pendirvari beyninə nə qədər düşkün olduğunu göstərdi. Ferraro açıqlamasında belə dedi:

"Bu vəziyyət iştahdan çox, yırtıcı heyvanların buraxdıqları leşlərlə qidalanmadan  qaynaqlanır."

Tədqiqatçılar, ilk insanların yırtıcı heyvanları izlədikləri, daha sonra yırtıcıların ovlarıyla işlərini qurtardıqdan sonra geriyə qalan leşi yedikləri qənaətindədirlər. Yırtıcı heyvanların yemədikləri beyinlə ilk insanlar qidalanmalı olurdular. Beləcə illər ərzində Homo erectus beyin düşgünü növə çevrilmiş oldu.

Alimlər, tədqiqatın bir sonrakı mərhələsində Homo erectus'un ov etmə-leş yığma nisbətini aydınlaşdırmaq istəyirlər.

Bu yeni tapıntılar insanların həyatda qalmasını təmin edən və müasir insana ötürülən xüsusiyyətlər haqqında yeni ipucları təqdim edə bilər.

Qaynaq: RedOrbitScienceNews
daha ətraflı...

November 7, 2013

Qalaktikamızda 8 milyard Yerə oxşar planet mövcuddur

Yeni tədqiqatın nəticələrinə görə Samanyolu qalaktikasında Yer böyüklüyündə və həyat üçün əlverişli olan 8,8 milyard planet ola bilər.

Proceedings of the National Academy of Sciences jurnalında dərc olunan yeni bir tədqiqata görə, genişliyi 100-200 min işıq ili olan Samanyolu qalaktikasında Yerdən başqa həyat üçün uyğun digər planetlərinin sayı 8,8 milyarddır.

Tədqiqatda iştirak edən Kaliforniya Universitetindən olan Geoff Marcy, bir sonrakı addımda kosmosa buraxılacaq güclü teleskoplarla bu planetlərin atmosferlərini araşdıracaqlarını, beləcə həyata əlverişli olduğu hesab edilən planetlərin bu fikrə nə qədər uyğun olduğunu öyrənəcəklərini bildirdi. Marcy, ələ keçən son tapıntının əhəmiyyətli bir sualı da yenidən ağıllara gətirdiyini dedi:


"Əgər tək deyiliksə, niyə Samanyolunda digər inkişaf etmiş sivilizasiyalardan səs çıxmır?"


NASA-nın "planet ovçusu" kimi tanınan Kepler teleskopunun dörd il ərzində əldə etdiyi məlumatlara görə, Samanyolu qalaktikasında hər 5 ulduzdan 1-i Günəşə oxşayır və orbitlərində Yer bənzəri, maye halda suyun mövcudluğunu dəstəkləyən planet saxlayır.

Keplərin bu günə qədər 42.000 ulduz araşdırdığını açıqlayan alimlər, yüz milyardlarla ulduzu olan Samanyolu qalaktikasında həyata əlverişli olan planetlərin sayını müəyyən etməyə çalışdılar. Astronomlar, hesablamalara əsaslanan araşdırmalarında Yerə oxşar planetə sahib olan ulduz faizini yüzdə 22 olaraq təyin etdilər.

Kepler tədqiqatında yer alan Natalie Batalha, bu nəticənin təsdiqlənməsi üçün daha çox məlumatın nəzərdən keçirilməsi lazım olduğunu dedi. Samanyolunda təxminən 200 milyard ulduz olduğunu və onların da 40 milyardının Günəşə oxşadığını açıqlayan Marcy, bu sayın 50 milyard da ola biləcəyi ehtimalını gizlətmədi. Belə vəziyyətdə, Samanyolunda mövcud olan Yerə oxşar planetlərin sayı 11 milyarda qədər qalxa bilər. Həmçinin Marcy, 5-də 1 ehtimalına əsaslanaraq edilən hesablamada, həyatın formalaşmasına şərait yaradan və Günəşə oxşar ulduzun orbitində gəzişən ən yaxın Yer böyüklüyündəki planetin evimizdən 112 trilyon kilometr uzaqlıqda olduğunu bildirdi.

Qaynaq: newschannel5.com
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top