February 3, 2014

Ən məşhur elmdən kənar əfsanələr

Hər bir əlavə mənfi təsirli dərmanlar kimi inkişaf etmiş elm də kütləvi informasiya vasitələri ilə aktiv şəkildə yayılan bir çox inanc və elmdən kənar əfsanələri doğurmuşdur. Bunlar arasında ən məşhurlarını ifşa etməyə çalışacağıq.


Açıq kosmosda insan bədəni dağılır

Fantastik Hollivud filmləri bu əfsanənin yaranması və yayılmasına böyük töhfə veriblər. Həqiqətən də, hansı rejissor ulduzlar arasında effektiv şəkildə dağılan insan bədənindən imtina edərdi?

Əslində açıq kosmosda skafandrsız insan orqanizmi, içərisində yığılan bütün havanın buraxıldığı şərtlərdə (əks təqdirdə daxili və xarici təzyiq arasındaki fərq ağ ciyəri parçalaya bilər) 15-30 saniyə müddətində sağ qalmağa qadirdir. 15 saniyə sonra oksigen ehtiyacı bayılmaya səbəb olacaq, ardından isə boğulma ölümü gətirəcək.


Kosmonavtın açıq kosmosda işlər aparması üçün hazırlanan
kosmik skafandr

Səmadaki ən parlaq ulduz - Qütb ulduzudur

Siriusun ulduz ölçüləri 1,47, Qütb ulduzununki isə 1,97-dir (qiymət nə qədər azdırsa, ulduz bir o qədər parlaqdır). Bundan başqa, Qütb ulduzu (Kinosura və Şimal ulduzları kimi) - yerin müəyyən edilməsi və naviqasiyada əhəmiyyətli rol oynayır, çünki ulduz şimala işarə edir, üfüq üzərində hündürlüyü isə mühitin en dairəsi ilə üst-üstə düşür.

Kinosura - Kiçik ayı bürcünün ən parlaq ulduzudur. Yer orbitinin prosessiyası hər iki yüz ildən bir Kiçik ayı alfasının bir dərəcə sürüşməsinə gətirib çıxarır, bu səbəbdən əvvəllər Kohab, Kiçik ayı betası funksiyasını irsən aldığı kimi, təxminən min il sonra da "şimalı işarə edən" rolunu Alrai'yə, Sefeyin qammasına təhfil verəcək.


Qütb ulduzu üç ulduzdan ibarət sistemini təqdim edir: Qütb A, Qütb B və Qütb Ab ulduzları

Beş saniyə qanunu - tez qaldırılan düşmüş hesab olunmur

Hətta bu qaydadan lazımi şəkildə yararlananlar belə onun nə dərəcədə absurd olduğunu çox yaxşı anlayırlar. Quru döşəmədəki hər növ bakteriyalar yerə düşmüş qida ilə dərhal əlaqəyə keçir və onu korlayırlar, üzərindən beş saniyə və ya beş saat keçməsindən asılı olmayaraq.

Döşəmədən əlavə bakteriyaları olan buterbrodu yemək - bu elə də pisdir? Axı orqanizmin çox da təhlükəli olmayan infeksiya qaynaqları ilə mübarizə aparması immun sisteminin güclənməsinə səbəb olur.

Hər halda bir çox insan hətta yerə düşmüş piroq və ya ət dilimini, əgər yaxşı qorunublarsa ağızlarına atmaqdan çəkinmir. "Beş saniyə qaydası" isə sadəcə bir növ zarafatyana haqq qazandırmadır.

Beş saniyə qaydası - yerə düşmüş qida tez qaldırıldıqda
düşmüş hesab olunmur

Ayın yarısı qaranlıqdır

Əsl cəfəngiyyat - Ay da eynən Yer kimi Günəş tərəfindən hərtərəfli işıqlandırılır. Ayın planetimiz ətrafındaki dövr mərhələsinin öz oxu ətrafındaki dövrün mərhələsinə bərabər olduğu bu anlaşılmazlığın yaranmasına səbəb oldu. Buna görə insanlar Ayın digər üzünü, daha dəqiq desək səthinin 41%-ini kosmosun dərk edilməsi erasının başlamasına qədər görə bilməmişdilər.

Ayın "görünməz" üzü ilk dəfə 1959-cu ildə Sovet istehsalı olan avtomatik planetlərarası stansiya - Luna-3'dən çəkildi. Ay kraterlərinin əsas hissəsi məhz peykin digər tərəfində yerləşir və orada dənizlər demək olar ki yoxdur.

Zond-8'dən Ayın görüntüsü

Sinir hüceyrələri bərpa olunmur

Bu əfsanə siyahının ən "elmi əfsanəsi" hesab oluna bilər, çünki on illərlə alimlərin özləri tərəfindən yayılırdı. Yalnız 1998-ci ildə isveçli və amerikalı tədqiqatçılar yetkin insanlarda neyronların regenerasiyası prosesini araşdırmağa və aşkar etməyə nail oldular.

Əvvəllər hesab edilirdi ki, beynin mürəkkəb strukturu yeni hüceyrələrin yaranması prosesində ciddi zədə ala bilər, lakin yeni faktlar yaddaşın yaranmasına nəzarət edən hissələrin neyronları meydana gətirə biləcəyini göstərdi. Bu tapıntı gələcəkdə Altshaymer xəstəliyi müalicəsinin inkişafına əhəmiyyətli töhfələr verə bilər.

Neyronlar

Göydələndən atılmış qəpik insanı öldürə bilər

Hollivud filmlərinin yaydığı daha bir əfsanə. Məktəbdə öyrədilir ki, sərbəst düşmənin sürətlənməsi yer üzündə düşən obyektin sürətinin davamlı artmasına səbəb olur. Kiçik obyektlərdə bu bir qədər fərqlidir.

Düz qəpiyin aerodinamik xüsusiyyəti səbəbindən havanın qarşıdurma qüvvəsi kifayət qədər güclü olacaq, buna görə də əşyanın yüksək sürətlərə qədər qalxa bilməsi mümkünsüzləşəcək.

Göydələn altında gəzən bir insana yuxarıdan qəpiyin atılması sözsüz ki xoş olmayacaq, amma heç bir ciddi xəsarət də alınmayacaq.

Havada olan qəpik

Meteorlar Yer atmosferinə daxil olduqda sürtünmə səbəbindən yanırlar

Meteoroid Yer atmosferinə girdikdə, yəni meteora çevrildikdə sıxılan hava təzyiqi obyektin temperaturunun qalxmasına səbəb olur. Əksər meteorlar planetin səthinə çatmadan həqiqətən yanır və "düşən ulduzlara" çevrilirlər.

Lakin Yer səthinə düşməyi bacaran kosmik obyektlər praktiki olaraq həmişə çox soyuqdurlar - dərhal buzla örtülürlər. Axı kosmosla uçuş anında onların temperaturu mütləq sıfırdan cəmi bir neçə dərəcə yüksəkdir, bu səbəbdən sıxılan hava meteorun yalnız qabığını yandırır, nüvə isə olduqca soyuq olaraq qalır.

Elə buna görə də yenicə düşmüş meteoritə toxunmaq qətiyyən tövsiyə edilmir - təhlükəli yanıqlara qarantiya verilir. İstidən yox, kosmik soyuqdan.

Yanan meteor

daha ətraflı...

February 2, 2014

Nuhun dairəvi gəmisi inanclıları narahat etdi

Bu yaxınlarda tapılmış qədim şumer əlyazması əfsanəyə görə dünya faunasını xilas etmiş nəhəng dairəvi gəmiyə dair məlumatlar verir. Əlyazmada izah olunan Nuhun gəmisi İncilin dediklərinə ziddir.

Bir həftə əvvəl gildən hazırlanmış qədim əlyazma lövhəsinin şifrəsinin tapıldığına dair məlumatlar yayıldı. Lövhədə qədim nəhəng gəmi modelinin izah olunduğu aydın oldu. Şumer əfsanələrinə görə "möcüzəvi" gəminin hazırlanmasını babil tanrıları əmr etmişdi. Bu yolla hər canlıdan dişi və erkək olmaqla bir cüt xilas edilməli idi.

Mütəxəssilər əlyazmanın 4.000 il əvvəlinə aid olduğunu aydınlaşdırdılar - ən qədim ekzemplyarın tarixi dini məlumatlara uyğun gəlmir. Əlyazmada çatdırılanlar Nuhun gəmisi haqda formalaşmş ənənəvi təsəvvürlərə qarşı çıxır. Bu səbəbdən Britaniya muzeyi əməkdaşlarının yaydığı məlumat mübahisə və narahatçılıqlara gətirib çıxardı.

Dini kitablara əsasən Nuh bir cüt olmaqla bütün canlı növlərini gəmisinə yerləşdirmiş və yağışın davam etdiyi 40 gün 40 gecə ərzində onları, nəsllərini davam etdirmələri üçün qorumuşdu. İncilin izah etdiyi ölçülərə görə gəminin uzunluğu 137 metr, eni 23 metr və hündürlüyü 13 metrdir.

"Babil gəmisinin" parametrləri bu məlumatlara ziddir. Gildən hazırlanmış lövhədə 70 metr diametri olan qayıq izah olunur. Mesopotamiya tanrıları gəmini kəndir, uzun taxtalar və bitumdan hazırlamağı əmr vermişdi. Babil gəmisi parametr və materiallara görə daha çox balıq ovları üçün hazırlanan dairəvi qayıqlara (korakl) oxşayır. Qədim insanlar belə gəmiləri əsasən Dəclə və Fərat çaylarındaki səyahətləri üçün istifadə edirdi. Bəs dini kitablardaki gəmi ilə nə etməli? Hansı versiya həqiqətə daha uyğundur?

Qədim lövnəni kəşf edən Britaniya muzeyi əməkdaşı İrvinq Finkel hesab edir ki, qədim yəhudilər eramızdan əvvəl 6-cı əsrdə Misirdən çıxdıqda şumer əfsanəsini mənimsəyib dəyişdiriblər, sonralar isə dini kitablara əlavə ediblər. Arxeoloq Noa Viner tapılmış lövhənin Musa əlyazmalarını nə az nə çox, düz min il qabaqladığını deyir.

Lakin Nuh gəmisinin kopiyasını hazırlamaq üçün fond yaradan Kenn Hem arxeoloqla qətiyyən razı deyil. Hem gəminin ilk dəfə dini kitablarda izah edildiyinə, qədim şumerlərinsə məlumatları yəhudilərdən oğurlayıb təhrif etdiklərinə əmindir. Deyir:

"İncil Tanrının ilk sözüdür. Daşqın barədə məlumatlar verən hər bir digər əlyazma Nuh gəmisi haqda olan həqiqətin köçürülmüş və təhrif edilmiş variantlarıdır."

Kenn Hemə dəstək verən facebook iştifadəçiləri yazırlar:

"Bu açıq-aşkar inanclıların qəlbinə şübhə toxumları səpməyi istəyən Şeytanın işidir."

Başqa bir istifadəçi yazır: 

"Yumru gəmi su üzərində dura bilməzdi!"

Qaynaq: NBC News , naked-science.ru
daha ətraflı...

January 31, 2014

Siqaret asılılığı neandertallardan qaynaqlanır

Alimlər neandertal genlərinin insan DNT-sində necə paylandığını bir daha gözdən keçirdikdən sonra onların soyuq iqlimə uyğunlaşmağımızda rolu olduğunu aydınlaşdırdılar. Bundan başqa bir neçə xəstəliyə olan meylimizlə yanaşı siqaret asılılığının da mənşəyinin neandertallardan qaynaqlandığına dair izlərə rast gəldilər. Tədqiqatın nəticələri 29 yanvar 2014 tarixində Nature jurnalında dərc edildi.

İltihabı bağırsaq xəstəliyi olan Crohn xəstəliyi, Tip 2 diabet və qəribə səslənsə də, siqaret asılılığı neandertal genlərində daşınırdı. Genom xəritəsi əcdadlarımızın Afrikadan ayrıldıqdan sonra neandertallarla birlikdə yaşadığına işarə edir. Bu günə qədər neandertal DNT-sinin təsirləri və insan sağlamlığı üzərində necə bir iz buraxdığı mövzusu aydın deyildi. Aparılmış son tədqiqatların nəticələrinə görə isə Afrikanı artıq tərk etmiş insanların genetik strukturlarının 20%-i neandertallardan qalmadır.

Harvard Tibb Məktəbindən olan genetik Sriram Sankararaman və həmkarları Svante Pääbo və David Reich 1.004 insanın genomunu araşdıraraq fərqli genlərin neandertal versiyalarına sahib olan bölgələrini müəyyən etdilər. Bunlar arasında siqaret asılılığı ilə əlaqələndirilən bir genin neandertal mənşəli olduğunu aydınlaşdıran alimlər olduqca heyrətləndilər.

Bu tapıntı sözsüz ki neandertallarla əcdadlarımızın mağaralarda siqaret çəkdiyi mənasını vermir. Tədqiqatçılar bununla əlaqəli mutasiyanın başqa funksiyalarının da olması lazım olduğunu bildirirlər. Müasir insanın siqaret çəkmək vərdişini maraqlandıran xüsusiyyət başqa bir sıra genetik təsirdən qaynaqlanmış olmalıdır.

Tədqiqatçılar həmçinin neandertal DNT-sinin insan genomuna bərabər şəkildə paylanmadığını, daha çox gen xəritəsinin dəri və saça təsir edən bölgələrində sıxlaşmış olduğunu gördülər. Bu məlumat bəzi gen versiyaları sayəsində Avrasiyanın sərin iqlimlərinə doğru irəliləyən müasir insanın ətraf mühitə daha asan uyğunlaşma imkanı tapdığını göstərir.

İki növün bir-biriylə qarşılaşdığı dövrdə neandertallar artıq bir neçə yüz min ildir soyuq iqlim şəraitinə uyğunlaşmış idilər. Neandertallar İngiltərədən Sibirə qədər uzanan bir coğrafiyaya yayılmış, orta boylu və sərt bədənli ovçular idi. Lakin təxminən 30 min il əvvəl Homo sapiens Afrikadan çıxıb bütün Yerə yayılmağa başlayanda Neandertalların nəsli kəsildi.

Müasir insanın genomunda dəri piqmentasiyasına nəzarət edən hissələrin neandertal izləri daşıdığı faktı boşuna deyil. Science jurnalında dərc edilmiş başqa bir araşdırmanın müəlliflərindən olan Vaşinqton Universiteti professoru Benjamin Vernot neandertalların genləri ilə dərisinin rəngi dəyişən avropalı və şərqi asiyalı insanların təkamül müddətində üstünlük qazandığını qeyd edir.

Lakin digər yandan neandertal mənşəli başqa genetik versiyalar Tip 2 diabet, uzunmüddətli depressiya və Crohn xəstəliyi kimi ciddi problemlərin altında yatan faktordur. Alimlər neandertalların da bu xəstəliklərə yoluxduğu, yoxsa bunların yalnız insan üçün təhlükəli olduğu mövzusunda hələlik qəti cavabların olmadığını deyirlər.

Qaynaq: Nature , New Scientist
daha ətraflı...

Meymun genomları dəqiqliklə "redaktə edildi"

Çinli genetiklər meymun embrionlarının genomunu yüksək dəqiqliklə "redaktə etməyi" bacardılar. Nəticədə planlaşdırılmış mutasiyalarlı transgenik balalar əldə edildi. Bu, gələcəkdə insan xəstəliklərinə yoluxan meymunları yaratmağa və həmin xəstəliklərin müalicəsini tapmağa yardım təmin edəcək. Tədqiqatın nəticələri 30 yanvar 2014 tarixində Cell jurnalında dərc edildi.

Bu gün alimlər xərçəng kimi bir çox insan xəstəliklərinin modelləşdirilməsi üçün transgenik siçan və siçovulları istifadə edirlər. Gəmiricilərin genom dəyişdirilməsi texnikası rekombinasiya hadisəsinə, yəni DNT molekulları arasındaki bölgə mübadiləsinə əsaslanır. Bu üsul tez artan gəmiricilərdə işləyir, amma meymunlar üçün uyğun deyil. Digər yandansa sinir sistemi xəstəlikləri kimi bir çox xəstəlikləri gəmiricilər üzərində araşdırmaq çox çətindir.

Bu ana qədər primat genomlarını "redaktə etmək" üçün viruslar DNT-nin lazımlı bölgəsinə yerləşdirilirdi. Lakin burada virusun dəyişikliyə uğratdığı DNT bölgəsinə nəzarət etmək çətinləşirdi. Çinli alimlər ilk dəfə primatlar üzərində CRISPR/Cas9 adlı yeni texnikanı sınaqdan keçirdilər. Bu texnikada genom redaktəsi üçün RNT fraqmentlərindən istifadə edilir. RNT fraqmentləri, DNT molekulunun lazımlı bölgədə bölünməsinə nəzarət edən Cas9 fermentini istiqamətləndirir.

"Apardığımız tədqiqat CRISPR/Cas9'un, yan mutasiyalara ehtiyac duymadan eyni zamanda iki lazımlı geni dəyişdirməyə imkan yaratdığını göstərir. Nəzərə alsaq ki, bir çox insan xəstəlikləri genetik zədələrdən meydana gəlir, o halda meymun genomunun məqsədyönlü modifikasiyası insan xəstəlikləri modellərini əldə etmək üçün dəyərsiz hesab olunmalıdır", - Nanjing Tibb Universitetindən olan Jiahao Sha qeyd edir.

Sha və həmkarları 186 krabyeyən makaka embrionlarının üç genini dəyişikliyə uğratdılar. Ardından alimlər embrionlardan 83-ü 29 dişi makakaya implantasiya etdilər. Onlardan biri 2 əkiz dişi makaka doğmağı bacardı. Daha 8 makaka isə doğmaq üzrədir. Balaların genom oxunması işləri onlarda planlaşdırılmış 3 mutasiyadan 2-nin olduğunu göstərdi.

Qaynaq: Cell , ScienceDaily
daha ətraflı...

January 30, 2014

Fantastikanın belə təxmin edə bilmədiyi 5 qeyri-adi planet

Andrew Heaton

TV və filmlərdə bizlərə qeyri-adi yadplanetli dünyalarını göstərirlər və bu planetlərin adətən hər hansı bir "mövzusu" olur. Bir planet - tamamilə nəhəng meşədir, digər planet - geniş qar səhrasıdır, üçüncü planetdə isə nasistlər yaşayır. Lakin məlum olduğu kimi planetlər belə qurulmamışdır. Hamı bilir ki, hər hansı bir real planetin yeganə "mövzusu" - inanılmaz və qorxulu dəhşətdir. Elə bu haqda da danışacam...

№5. İşığı udan acgöz planet

Cəhənnəmi planet formasında təsəvvür etməyə çalışın. Yəqin ki içinizdən biri zalım və qıpqırmızı qızğın qayalar haqda düşünəcək, o dərəcədə közərmiş qayalar ki, Terminatoru belə asanlıqla əridə bilər. Başqa birinizin ağlında işığın, sözün əsl mənasında öldüyü qara nəhəng ölüm kürəsi mənzərəsi peyda olacaq. Təbrik edirəm. Birgə səylərimizlə siz bir az əvvəl TrES-2b adı ilə tanınan uzaqlardaki məşhur nəhəngi təsəvvür etdiz.


TrES-2b planeti
Əjdaha ulduz qrupundaki ulduzlardan birinin ətrafında dövr edən TrES-2b insanın kəşf etdiyi ən qaranlıq planetdir. Nə qədər qaranlıqdır? O, səthinə kənardan düşən ulduz işığının 99%-i udur. Beləliklə o kömürdən də qaradır, qara boyadan da qaradır, keçmiş sevgilinizin soyuq və bağışlamaq bilməyən qəlbindən də qaradır. Və bu planetin nə vaxtsa acacağı inandırıcı deyil, çünki öz ulduzundan cəmi 4,8 milyon km uzaqlıqdadır. Astronomiya standartları ilə bu yan-yana və üz-üzə dayanmış iki insan kimidir.

Bu həm də sizin Robinzon kimi heç vaxt o Zülmət Planetinə endirilməyəcəyiniz və orada tənhalıqdan ağlınızı itirməyəcəyiniz deməkdir... çünki sizi dərhal Günəşin səthindən cəmi beş dəfə zəif TrES-2b'nin temperaturu öldürəcək. Bu istilik planetin qaranlıq səthini zolaqlara, cəhənnəm maqmasından ibarət göllərə ayırmışdır.

TrES-2b demək olar ki qarşısına çıxan bütün işığı udur və planetin keçilməz zülmətini yalnız Yer ölçüsündə olan qızğın ölüm dənizləri pozur. Şeytani istilik səbəbindən planet üzərində buludlar meydana gələ bilmir və alimlərin dediyinə görə bu planetin niyə qapqaranlıq olduğunu izah edir. Amma bu heç cür onun doymaz iştahını izah edə bilmir. Bu üzrə nəzəriyyələr çoxdur. Bəlkə də bu atmosferin (necə olursa olsun) yoxluğu ilə əlaqəlidir. Bəlkə də burada günahkar olan işığı udan hissəciklərdir. Şəxsən mən düşünürəm ki, bu TrES-2b'nin bir-birinin üzərinə asanca uzanan tektonik plitələri həqiqi mənada min illik qaynanmağa olan nifrətdən qaralıblar.

№4. Sauronun Gözündən keçən planet

Sauronun gözü - kosmik tullantıların əhatəsində olan gənc ulduz Fomalqautun aldığı əsrarəngiz addır. Açıq kosmosda onlar bir yerdə nəhəng gözü xatırladır..

Qırpınmayan...

Əbədi...

Sonsuzluğun dərinliklərindən sizi izləyən bir gözü...


Fomalqaut ulduz sistemi
Ulduza insani xüsusiyyətlər bəxş etmək - ah, necə də mənasızdır. Əgər əsl mənzərə daha dəhşətlidirsə, bunun hansı əhəmiyyəti var? Kosmik tullantılar, qayalar, buz və toz bir yerdə bütün Günəş sistemindən təxminən iki dəfə böyük göz diski meydana gətirir. Baxın, görün hansı miqyasları olan obyektlərlə məşğuluq - siz isə elə düşünürsünüz ki, Starbucks'dan olan qız sizə kapuçinonu yalnış hazırlayıbsa, demək bütün gününüz itirilib. İşiniz çox yüngüldür, cənablar.

Yerdən 25 işıq ili uzaqlıqda yerləşən Yupiter ölçülərində olan səma cismi "Fomalqaut b" bu qəddar və amansız tsikli digər bir planetin onu itələyib orbitindən çıxararaq əbədi məhvə sürüklədiyi səbəbindən yaşayır. Bu, əsl kosmik lənətdir və bundan çox layiqli bir kosmik dəhşət janrında film hazırlamaq olar (insanların əvəzinə planetlərlə).

Fomalqaut b adlı səma cismi ulduz ətrafında gözün mərkəzində fırlanır. Nəzərə alsaq ki bu nəhəng kosmik tullantıdaki kiçik qağayıdır, onun tullantılarla addım başı toqquşduğu və planet ölçülərində feyerverklər meydana gətirdiyi fikri olduqca inandırıcıdır.

№3. Buxarlanan planet

KIC 12557548 b - öz ulduzunun onu yavaş-yavaş ölümlə zorladığı planetdir. Yaxşı, bir az abartdım. Onda daha dramatik deyək. Astronomlar gözümüz qarşısında buxarlanan və öz ardında tozlu komet quyruğunu sürüklədiyi ekzoplaneti kəşf etdilər. Bu quyruq qatilin yerlə sürüklədiyi qurbanın yardım istəyərək buraxdığı qanlı izə oxşayır. Yardım isə onsuz da gəlməyəcək...


KIC 12557548 b planeti
İndi bir az elmi dəqiqlik artıraq. KIC 12557548 b planeti öz ulduzu ətrafında bir dövrünü 16 Yer saatı ərzində tamamlayır. Bu da deməkdir ki, planetin səth temperaturu qayalıq və mineralların mövcudluğu üçün olduqca yüksəkdir. Amma bu hələ hamısı deyil. Görünür ki Kainat can verən KIC 12557548 b'yə, onun əriyən dağlarına, maqma çaylarına baxıb bunların az olduğunu qərara almışdır. Bu planetdə nəhəng, demək olar ki kiçik planet ölçülərindəki vulkan püskürmələri görünür. Onlar o qədər güclüdür ki, külü kosmosa uça bilir. Əslində yox, kül kosmik radiasiyadan buxarlanır, çünki KIC 12557548 b'dən heç nə uça bilmir.

KIC 12557548 b'dən bu qədər. Gəl indi səndən danışaq, xüsusi və gözəl olan səndən...

...və KIC 12557548 b'nin səthinə eniş etdikdə başına gələ biləcək bütün digər dəhşətlərdən danışaq.

İlk öncə, səmadan sənə göyün yarısını örtən nəhəng parlaq ulduz baxacaq. Lakin qeyri-adi səmaya diqqət yetirməyə belə vaxtın qalmayacaq, çünki 90%-ı toz bənzəri qayalıqlardan təşkil olunmuş atmosferdə nəfəs almış olacaqsan, daha doğrusu, nəfəs də ala bilməyəcəksən. Ardından, əgər səni dərhal güclü zəlzələlər və vulkan püskürmələri məhv etməsə (halbuki cəmi iki nanosaniyəyə məhv edəcək, amma bu dəfə sənə bir qədər uzun dəhşətli və əzablı dəqiqələr şansı verirəm), hər dəqiqə planetdən kosmosa uçurulub toza çevrilən 10 minlərlə tonn kütlənin başına gələnləri yaşayacaqsan.

№2. Daim edam edilən planet


Kepler-36b'dən Kepler-36c'nin doğuşu
Kepler-36b - Yerdən təxminən iki dəfə böyük kiçik planetdir. Və onu hər zaman və daim Neptuna oxşayan böyük bacısı, qaz nəhəngi Kepler-36c incidir. Planetlərin orbitləri bir-birinə olduqca yaxındır. Təəssüf ki, orbitləri periodik olaraq o dərəcədə yaxınlaşır ki, böyük bacı kiçik bacıya ciddi zərbə endirməli olur. Yaxınlaşma anında Kepler-36c Kepler-36b'yə demək olar ki edam qurur, güllələrin əvəzinə isə onun, bacısını zəlzələlər və vulkan püskürmələrindən ibarət püreyə çevirmək üçün istifadə etdiyi güclü cazibə qüvvəsi var, hansı ki səthi darmadağın edir.

Lakin daha da dəhşətlisi budur ki, kiçik bacının bu cəzadan sonra düzəlməyə bir saniyəsi belə yoxdur. Vulkanlar püskürməyi dayandırdıqda böyük bacı yenidən peyda olur və qəddar zarafatlarına davam edir. Bu da, sanki cədvələ uyğun olaraq hər 97 Yer günündən bir baş verir. Hər 3 aydan bir Kepler-36b tamamilə quruyur və dirilməyə belə zaman tapmır. Böyük bacı Kepler-36c isə bu müddət ərzində daha da qəddarlaşır. Bunun nə ilə qurtaracağını çox yaxşı bilirik.

№1. Üzərində şüşə yağışı yağan planet

HD 189733b planetinin görünüşü aldadıcıdır. İlk baxışdan o yaşayış üçün əlverişli və Yerə çox oxşayan planet kimidir: eynən belə bir mavi kürədir, heç bir halqası, alovları və ayırdedilməz zülməti yoxdur. Hətta orada buludların və hər hansı bir yadplanetli həyatının olduğunu düşünmək olar. Elə isə oraya niyə də uçmayaq?

İş burasındadır ki, HD 189733b planeti əslində planetlər arası səyyahlar üçün kosmik işgəncə yeridir. Həyat üçün tamamilə əlverişsizdir. Bu, həqiqi mənada üzərində süşə qırıntıları yağışları yağan planetdir. 


HD 189733b planeti

Atmosferində mavi rəng yayan silisium hissəciklərinin böyük miqdarı yer alır. Planetin mavi rəngi, temperaturun (vulkan içərisindəki temperatur qədərdir) silisium hissəciklərini şüşəyə çevirdiyində, daha da parlaqlaşır. Ardından isə planet şüşə qırıntılarını hər tərəfə saatda 6.500 km sürətlə atmağa başlayır. Beləcə qlobal şüşə tornadosu meydana gəlir. Bu, o qədər vəhşi bir mövzudur ki, hətta fantastlar belə buna toxunmur. Yəni, hər nə qədər HD 189733b planeti kənardan istirahət üçün möhtəşəm bir yer kimi görünsə də, əslində kainatın ən böyük qum püskürtmə maşınıdır.

Qaynaq: Cracked
daha ətraflı...

Neandertallar bizə genlərinin 20%-i verdi

Amerikalı genetiklər bir neçə bərpa edilmiş neandertal genomunu müasir Asiya və Avropa insanlarının genomları ilə müqayisə etdikdən sonra qədim insan növünün Homo sapiens'ə əvvəllər hesab edildiyi kimi 1-4% deyil, təxminən 20% DNT və gen verdiyini aydınlaşdırdılar. Əlaqədar məqalə 29 yanvar 2014 tarixində Science jurnalında dərc edildi.

Neandertallar və denisovalar Avrasiyaya insanın əcdadlarından daha tez köç etmişdilər. Qədim insan növlərinin genom araşdırmaları nəticələri daha sonraki illərdə onların bizim əcdadlarımızla Asiya və Avropada qarışdığını göstərmişdi və müasir insan genomunda 1-4% neandertal genləri olduğu qənaətinə gəlinmişdi. Bu genlərin insanda, əsasən, immun sisteminə nəzarət etdiyi hesab edilirdi.

Vaşinqton Universitetindən (ABŞ) olan Joshua Akey və həmkarı Benjamin Vernot insan və neandertalların genişmiqyaslı genom müqayisəsi işlərini apardıqdan sonra onların müasir insan genomuna əvvəllər hesab edildiyindən daha çox DNT payı verdiyini gördülər. Bu üzrə son elmi məlumatları gözdən keçirən Akey və Vernot insan və neandertal genlərinin tək-tək müqayisələrinin aradaki struktur fərqləri və uyğunluqlarını dəqiq olaraq izah etmədiyini anladılar, çünki qədim Yerin müxtəlif ərazilərində yaşamış iki qohum növün genomları arasında yenə də kifayət qədər fərqliliklər olduğu gözə dəyirdi. Alimlər bir neçə neandertal genomunu 379 avropalı və 286 asiyalının DNT quruluşları ilə müqayisə edərək bu çətinliyi aradan qaldırmaq qərarına gəldilər.

Müqayisələrin nəticələrini birləşdirdikdən və bütün təkrarları sildikdən sonra alimlər müasir insan genomunda 1-4% deyil, 20% neandertal izi tapdıqlarını təəccüblənərək qeyd etdilər. Əldə edilən fakt qədim insanlar və neandertallar arasında davamlı və sıx əlaqələrin olduğunu bir daha təsdiqləyir.

Tədqiqatın başqa bir maraqlı nəticəsinə görə iki qohum növ arasında bu əlaqə və qarışmalardan sonra çox nadir hallarda balalar doğula bilirdi. Alimlər bu üzrə aparılacaq növbəti tədqiqatlarla birgə denisova genomları üzərində aparılacaq işlərin də nəticələrini gözlədiklərini bildirdilər.

Qaynaq: Sciencemag , LiveScience
daha ətraflı...

January 29, 2014

Kök hüceyrələrini əldə etməyin yeni üsulu tapıldı

Yaponiya və ABŞ-dan olan bioloqlar kök hüceyrələrini əldə etməyin orijinal üsulunu kəşf etdilər. Bu üsul heç bir quruluş və gen müdaxiləsinə ehtiyac qoymadan yetkin hüceyrələrin kök hüceyrələrinə yenidən proqramlaşdırılmasını təmin edir. Tədqiqatla əlaqədar məqalə 29 yanvar 2014 tarixində Nature jurnalında dərc edildi.

Harvard Universitetindən (ABŞ) olan Haruko Obokata, RIKEN Universitetindən (Yaponiya) olan Teruhiko Wakayama və həmkarları yeni doğulmuş siçandan alınan ağ qan hüceyrələrini yüksək turşulu mühitə yerləşdirdikdən sonra onların tədricən kök hüceyrələrinə çevrildiyini aydınlaşdırdılar. Bu fenomenə alimlər STAP (qıcıqlandırıcıların təsiri altında plüripotentliyin əldə edilməsi) adını verdilər.

Alimlər qeyd edirlər ki, bu kök hüceyrələri hər mənada "bütövdurlər". Onlar orqanizmin ayrı-ayrı toxumalarına çevrilməklə yanaşı həm də mövcud embriona yerləşə bilirlər. Ximerizasiya adlanan bu xüsusiyyət embrional və "yenidən proqramlaşdırılmış" kök hüceyrələrinin əsas xassəsi hesab olunur.

Bioloqların sözlərinə görə, bu hüceyrələrin əsas çatışmazlığı onların uzun müddət ərzində azad bölünmə bacarığının az olmasıdır. Bununla yanaşı hüceyrələri "yenidən proqramlaşdırılmış" kök hüceyrələrinin qida mühitinə yerləşdirdikdə onlar inkişaf etməyə başlayır və embrional hüceyrələrin analoquna çevrilir.

Bu hüceyrələrin digər maraqlı xüsusiyyəti plasenta hüceyrələrinə çevrilə bilməsidir. Digər kök hüceyrələri tiplərində çox nadir hallarda baş verən bu hadisənin STAP-hüceyrələrinə xas olması mövcud geniş potensiala dair məlumatlar təqdim edir.

Alimlər anoloji təcrübələri müvəffəqiyyətli şəkildə beyin neyronları, əzələ hüceyrələri və bir həftəlik siçanlardan alınmış digər hüceyrələrlə aparmağa nail oldular. STAP üzərində aparılacaq növbəti tədqiqatların nəticələrinin belə hüceyrələrin terapiya məqsədli istifadə edilib-edilə bilməyəcəyini anlamaq üçün yardım təmin edəcəyi güman edilir.

"Hansı yeni perspektivlərin qarşımızda açıldığını təsəvvür etmək çətindir. Yeni metodika nəinki regenerativ tibbdə, həm də xərçəng müalicəsində istifadə edilə bilər", - Haruko Obokata deyir.

Qaynaq: Nature , Phys.org
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top