December 20, 2014

Rəngli görmənin necə təkamülləşdiyi sirri

Aparılmış yeni bir tədqiqatda rəngli görmə qabiliyyətinin genetik təkamülü araşdırılıb. Alimlər bu günki formada görmə qabiliyyətinin insanda necə yarandığı sualını cavablandırmağa çalışıblar.

Şozo Yokoyamanın başçılıq etdiyi tədqiqatçı qrupun əldə etdiyi nəticələrə görə, ilk əvvəl mavi, daha sonra isə ardıcıllıqla yaşıl və qırmızı rəngləri ayırd etmə qabiliyyəti təkamülləşib. Digər çalarlıqların dərk edilməsi isə bu üç əsas rəngin ayırd edilə bilinməsi nəticəsində baş verib.

"PLOS Genetics" jurnalının buraxılışında dərc edilən məqalədə insan gözü retinasının mərkəzi hissəsinin xüsusi fotoreseptorlara - koni hüceyrələrinə (cone cells) sahib olduğundan bəhs edilir. Bu reseptorlardan ümumi olaraq üç ədəddir ki, onların hər birisi bu və digər rəngin qəbul edilməsini təmin edir. Hər üçünün də zülal mənşəli işığahəssas piqmentləri var.

Alimlər bunların təkamülünü izləyib-araşdıraraq, mavi rəngin dərk edilməsini mümkün edən piqmentin ən başda yarandığını təsdiq ediblər. Bu piqmentin ultrabənövşəyi şüaların qəbul edilməsinə cavabdeh olan zülaldan təkamülləşdiyi məlumdur.

Bir versiyaya əsasən, primatlarda rəngli görmə qabiliyyətinin yaranması gündüz həyatı tərzinə keçid alınması ilə şərtləşdirilib. Bu ilk primatlar yetişən meyvələrlə yetişməyənləri, göyərmə çalarlıqlarını ayırd etmək məcburiyyətində idilər. Beləliklə onlar, yavaş-yavaş uzaq əcdadlarından qalma görmə bacarıqlarını itirərək, əvəzində yenilərini əldə edirlər.

Araşdırma əsnasında alimlər bir çətinliklə üzləşiblər. Məsələ burasındadır ki, belə piqmentlər yaranma anından bu günədək bir neçə dəfə mutasiyalara məruz qalıblar. Zülalın mümkün minlərlə təkamül yolu versiyaları arasından alimlər cəmi səkkizini ayırd edərək, rəngli görmənin necə formalaşdığını aydınlaşdırmağa çalışıblar. Lakin görünür ki, əsaslı sübutlar əldə etmək üçün tədqiqatlarına davam etməli olacaqlar.

Həmçinin oxuyun:

daha ətraflı...

"Kepler" dirildi: Yeni ekzoplanet tapılıb

NASA-nın sıradan çıxmış hesab etdiyi kosmik teleskop "Kepler" yenidən işə düşüb. "K2" missiyası gedişatında əldə edilmiş nəticələr göstərir ki, teleskop yeni yad planetlərin axtarışına davam edə biləcək vəziyyətdədir.

"Kepler" orbitə 2009-cu ildə buraxılmışdı. Cihazın əsas vəzifəsi ekzoplanetləri, həmçinin Yerinkinə oxşar şərtlərə malik, həyat üçün əlverişli planetləri aşkar etmək idi. 2013-cü ilin may ayında isə teleskopun bortunda sınıq meydana gəlmiş, stabilizasiya bacarığı sıradan çıxmış və layihə üzərindən xətt çəkilmişdi. Ən azından, o vaxt belə hesab edilirdi.

İndi isə məlum olub ki, cihazın nasazlığı müvəqqəti imiş. Amerikalı mühəndislər teleskopu "həyata qaytarmağın" yolunu tapmağa nail olublar - onlar, günəş şüası təzyiqini stabilizator kimi istifadə etmək qərarına gəliblər. Nəticədə "Kepler" yenidən işə düşərək, "K2" missiyasına qaldığı yerdən davam edib.

Teleskopun "koma" vəziyyətinə düşmədən əvvəl topladığı məlumatları analiz edən alimlər, aparatın nəinki tam sağ-salamat olduğunu, həm də yeni ekzoplanet tapdığını aşkar ediblər. HIP 116454b adı verilən yeni planet superyer kateqoriyasına aiddir, Yerdən 2,5 dəfə böyükdür və Günəş sistemindən 180 işıq ili uzaqlıqda yerləşən HIP 116454 adlı ulduz ətrafında dövr edir.

Alimlər qeyd edir ki, "Keplerin" işə düşməsi sayəsində superyer və qaz nəhəngi kateqoriyalarına aid edilən ekzoplanetlərin konkret fərqlilikləri məlum olacaq.

"Keplerin əldə etdiyi məlumatlar Yerdən böyük, Neptundansa kiçik planetlərin qalaktikada daha çox rast gəlindiyini göstərir. Lakin belə planetlərdən Günəş sistemimizdə yoxdur. K2 missiyası oxşar planetlərin öyrənilməsi üçün idealdır", - layihənin nümayəndələrindən olan Stiv Hauell izah edir.

Həmçinin oxuyun:

"New Horizons" yuxudan oyandı: Pluton araşdırmaları başlanır
"Fila" modulu kometdə üzvi birləşmələr tapmışdı
Yaponiya kosmosdan enerji əldə edəcək
daha ətraflı...

December 17, 2014

Marsdan yeni xəbərlər var: Metan qazı və üzvi birləşmələr

Əldə edilən yeni faktlar, bir vaxtlar Marsda həyatın yaranması və inkişaf etməsi üçün bütün əlverişli şərtlərin mövcud olduğunu bir daha təsdiq edir. NASA-lı mütəxəssislər "Curiosity" marsoxodunun iki üzvi molekul mənbəyinə rast gəldiyini bildiriblər. Qeyd edilir ki, orqanika aylar əvvəl tapılmış, lakin bu müddət ərzində onun Yer mənşəli olmadığına əmin olmaq üçün ətraflı araşdırmalara ehtiyac duyulmuşdur.

Kəşfiyyatçı aparat Mars atmosferindəki qısamüddətli metan payı artımını qeydə aldıqdan sonra, qayaların birində aparılan qazıntıdan qalmış tozcuq nümunələrində karbon birləşmələri tapıb. 

İlk tapıntı "Curiosity"-nin bortuna yerləşdirilmiş SAM cihazı vasitəsilə qeydə alınıb. 20 ay ərzində Mars atmosferini 12 dəfə araşdıran cihaz, 2013-cü ilin sonu və 2014-cü ilin əvvəlində orta metan payındaki 10 qat artımı aşkara çıxarıb.

Mütəxəssislər rəyinə görə, bu, lokal metan qaynağının mövcudluğundan xəbər verir. Lakin bioloji və ya qeyri-bioloji mənşəyə sahib olduğunu öyrənmək üçün əlavə tədqiqatlar aparılmalıdır, alimlər deyir. Yerdəki metan qazının 95%-i isə, məlumdur ki, mikroorqanizmlərdən qaynaqlanır.

İkinci tapıntı isə Kamberlend adı verilmiş qayanın qazılmasından sonra əldə edilib. Bu dəfə alimlər daha çox sevinib, çünki ilk dəfə Qırmızı planetin birbaşa səthi nümunələrində üzvi birləşmələrə rast gəlinib.

Birləşmələrin Yerdən marsoxodla təsadüfən Marsa aparılmış olmadığına, həqiqi Mars mənşəli olduğuna əmin olmaq üçün alimlər aylarla araşdırma aparıblar. Yekunda da birmənalı nəticə əldə edilib - orqanika Marsa aiddir. Kəşfin Marsdaki həyatla bağlı məlumatlar verdiyini ifadə etmək üçün isə bir qədər tezdir.

"Bu tapıntı çox böyük ümidlər vəd edir. Orqanika vacibdir, çünki analiz işlərində necə formalaşdığını və bu günə qədər qaldığını anlamağımıza kömək edir. Bu, həm də keçmişdə Qeyl kraterinin üzvi birləşmələr üçün əlverişli şərtləri olduğuna dair çoxlu məlumatlar təmin edir. İndi bizim məqsədimiz yaxınlıqdaki yerlərdə bir qədər fərqli və hətta daha zəngin materiala sahib ola biləcək digər oxşar nümunələr tapmaqdır", - Massaçusets Texnologiya İnstitutundan olan professor Rocer Sammons deyir.

Həmçinin oxuyun:

Marsda həyatın ilk sübutları - alimlər isə tələsmir
Qədim Mars gölləri həyatı tam dəstəkləyirdi
"Fila" modulu kometdə üzvi birləşmələr tapmışdı
daha ətraflı...

Azərbaycanlıların etnogenezinə dair

Azərbaycanlıların etnogenezi - müasir azərbaycanlı etnosunun, Cənub-Şərqi Qafqaz və Şimal-Qərbi İran ərazilərində, çoxsaylı və müxtəlif etnik və dil elementləri bazisindəki formalaşması prosesidir. Müasir azərbaycanlı etnosunun formalaşması çoxəsrli proses olub və "Şərq Tarixi"nə (2002) əsasən, XV-ci əsrin sonlarında yekunlaşıb.

Azərbaycanlıların etnogenezi prosesində Atropatena və Qafqaz Albaniyasının qədim avtoxton əhalisi iştirak edib. Bunlar, əsasən, irandilli xalqlar və yerli alban tayfaları olub. Yerli xalq E.Ə. birinci minillikdə buraya soxulan kimmerlər, skiflər və massagetlərlə (son ikisinin türkdilli yoxsa irandilli olduğu şübhəlidir), bizim eramızın birinci minilliyində hunlar, xəzərlər və bulqarlarla, birinci minilliyin ikinci yarısında isə oğuz və peçeneqlərlə qarışmağa başlayıb.

Britannika ensiklopediyasına əsasən, azərbaycanlılar olduqca qarışıq etnik mənşəyə sahibdirlər, ən qədim elementləri isə yerli Şərqi Qafqaz əhalisi və bəlkə də müasir İran dövləti ərazisində yaşamış midiyalılar olub. Bu yerli əhali İranda Sasanilərin hökmranlığı dövründə (III-VII əsrlər) farslaşdırılıb. Əhalinin türkləşdirilməsi prosesinin başlanğıcı kimi isə regionun XI əsrdə türk-səlcuqlar tərəfindən ələ keçirilməsi və sonraki illərdə davam edən, monqol işğalçılarının qərbə doğru hərəkəti nəticəsində türk xalqlarının miqrasiyasını hesab etmək olar. Britannikaya əsasən, etnik azərbaycanlıların əsas irsi komponenti oğuz türkləridir.


Ərəb işğalı dövründə alban əhalisinin böyük bir hissəsi İslama keçid alaraq, daha sonra isə türkləşdirilərək, gələcəkdə azərbaycan xalqının formalaşmasının əsasını qoyub. Lakin qafqaz albanları müasir azərbaycanlıların müəyyən qədər əcdadı hesab olunur, çünki türklərin Cənub Qafqaza köçündən daha əvvəl albanlar Zərdüştilərlə (İran) qarışmış, ərəblər tərəfindən isə islamlaşdırılmışdır.

Məşhur sovet və rus alimi, şərqşünas A.P. Novoseltsev hesab edir ki, "indiki azərbaycanlılar həmçinin qədim alban tayfalarının bir hissəsinin və Cənubi Azərbaycanın türkləşdirilmiş nəslidir".

Türk-səlcuqların Cənubi Qafqaza gəlişi yerli əhalinin böyük bir hissəsinin türkləşdirilməsi ilə yekunlaşıb və XI-XIII əsrlərdə artıq türkdilli azərbaycanlı etnosu yaranmağa başlayıb. Bəzi tədqiqatçılar Səfəvilərin hökmranlığı dövründə şiəliyin qəbul edilməsini azərbaycan xalqının formalaşması prosesinin son faktoru hesab edirlər.

Mitoxondrial, yəni anadan ötürülən irsilik daşıyıcıları göstərir ki, ermənilər və azərbaycanlılar, fərqli dillərdə danışan digər qafqaz və iran xalqlarına daha yaxın qohumdurlar. Qohum xalqların dil fərqliliyi olduğu üçün, bu məlumatlar azərbaycan və erməni dillərinin mənşəyini izah etməyə qadir deyil.


İran alimləri tərəfindən aparılmış Y-xromosomu araşdırmaları, ərazidə türk dilinin yayılmasına səbəb olan əsas amilin isə siyasi elitaya məxsus az sayda kişilər olduğunu göstərir, hansılar ki, populyasiyada çox az genetik iz qoymuşdurlar.

Antropoloji olaraq, azərbaycanlıların böyük bir hissəsi avropoid irqinin kaspi yarımtipinə aiddir. Buraya həmçinin kumıklar, saxurlar, tatlar, bəzi kürdlər və türkmənlər aid edilir. Kaspi tipini aralıq dənizi və ya hind-iran irqlərinin başqa bir növü olaraq da hesab edirlər.

Sovet və rus antropoloqu Valeri Alekseyevə əsasən, qədim qafqaz albanları regionun ən tünd göz və saç rənginə sahib olublar və sirr deyil ki, müasir azərbaycanlıların gözü Qafqazın ən qara rəngli gözü hesab olunur. Alim hesab edir ki, "türkdilli xalqlarla ünsiyyət, əlaqə və bununla bağlı olaraq türk nitqinə keçid azərbaycan xalqının antropoloji xüsusiyyətlərinin formalaşmasına heç bir gözə dəyəcək səviyyədə təsir göstərməyib".

İstinad buradadır
daha ətraflı...

December 14, 2014

Kainatdaki həyatı qamma-partlayışlar məhv edir

50 ilə yaxındır ki, yadplanetliləri axtarırıq, lakin kosmosda bir mikroorqanizm nümunəsinə belə rast gələ bilməmişik. Bu dəfə bu sualı özünüzə daha diqqətli verin: Niyə? Alimlərin gəldiyi yeni qənaətə görə, qamma-partlayışlar kainatda həyatın yayılması prosesini məhdudlaşdırır. Yerdəki kütləvi canlı qırılmalarının əsas səbəbinin də bu partlayış şüalanmaları olduğu bildirilir.

Avropa və Barselona universitetlərindən olan professorlar Tsvi Piran və Raul Ximenez tərəfindən aparılan tədqiqatda qıza və uzun qamma-partlayışlara aid məlumatlardan yararlanılıb. Bu qısa partlayışları Günəş törədir və cəmi bir neçə saniyə davam edirlər. Canlı orqanizmlər üçün həyati hər hansı bir təhlükələri yoxdur.

Qamma-şüalar yayan uzun partlayışlar isə öldükdən sonra Supernovalara çevrilən ulduzlardan qaynaqlanır. Onlar, həmçinin neytron ulduzlar toqquşduqda da meydana gəlir. Alimlər hesab edir ki, belə partlayışlar ozon qatını məhv edərək, bir çox orqanizmlərin məhvinə gətirib çıxara bilər.

Aparılmış son araşdırma nəticələrinə əsasən, uzun qamma-partlayışlar hətta bizim planetə belə təsir edib. Son bir milyard il ərzində belə partlayışların 60%-lik ehtimalla Yerdə kütləvi qırılma və ya nəsil kəsilmə hadisələrinə səbəb olduğu hesab edilir. Söhbət, xüsusilə, 440 milyon il əvvəlki qırılmadan gedir.

Qalaktika periferiyasında yerləşən planetlər uzun qamma-şüalanmalara daha az səviyyədə məruz qalır, çünki onların ətrafında daha az ulduz (dolayısıyla da daha az şüalanma payı) yerləşir.

Əldə edilmiş daha bir mühüm nəticəyə görə isə ümumən kainatda həyat 5 milyard ildən qədim tarixdə meydana gələ bilməzdi. Məsələ burasındadır ki, kainatın daha qədim dövrlərində qalaktik sistemlər bir-birinə daha sıxcam vəziyyətdə idi ki, bu da qamma-şüalanmalara məruz qalma ehtimalını dəfələrlə artırırdı.

Həmçinin oxuyun:

Marsda həyatın ilk sübutları - alimlər isə tələsmir
"Yadplanetliləri taparıq... siyasətçilər qoysa"
Kosmosda başqa həyat var?
daha ətraflı...

Həyatın yaranması prosesi laboratoriyada təkrar edildi

Yerdə həyat təxminən 4 milyard il əvvəl, planetin meteorit bombardmanına məruz qaldığı dövrdə yaranıb. Bu hadisə elm tarixində son ağır bombardman dövrü adlanır. Bir çox alimlər kimi, Praqada yerləşən Çexiya Respublikası Elmlər Akademiyasından olan Svatoplak Siviş də bu hadisələrin üst-üstə düşdüyünü təsadüf hesab etmir. Planetimizlə toqquşmuş hər hansı bir meteoritin buraya həyat gətirməsi ehtimalı olduqca mümkündür.

Siviş və həmkarları həyat əlamətləri daşıdığı ehtimal edilən bir hipotetik meteoritin erkən Yerlə toqquşması prosesini modelləşdirmək qərarına gəliblər. Onlar, tədqiqatda erkən Yer modelinə PALS qurğusundan güclü lazerlə formamid (planetimizdə mövcud olmuş maye) nümunələri atıblar.

Nəticədə nümunələrin temperaturu 4.200 dərəcəyə qədər qalxıb, rentgen şüaları və güclü ultrabənövşəyi şüalanma təsirləri altında isə kimyəvi radikallar meydana gəlməyə başlayıb. Bu radikallar, öz növbəsində, hidrogenlə reaksiyaya girib, formamidlərin qalığı isə nukleinlərin kimyəvi əcdadı olan 2,3-diaminomaleonitril (DAMN) generasiya edilməsinə səbəb olub.

Sivişin başçılıq etdiyi qrup reaksiyanın yekun produksiyalarını öyrəndikdə, RNT-nin bütün dörd əsaslarını (adenin, quanin, sitozin və urasil) aşkar edib. Bu əsasların üçü isə həmçinin DNT-də iştirak edir.

Yerdəki həyatın mənşəyində formamidin mühüm rol oynadığı ideyası ilk dəfə 2001-ci ildə iki italyan alimi - Raffaele Saladino və Ernesto Di Mauro tərəfindən irəli sürülmüşdü. Formamid, erkən Yer atmosferində olmuş sinil turşusunun su ilə reaksiya girməsindən sonra meydana gəlir. Saladino və Di Mauro formamiddən dörd əsasların generasiyasının fərqli üsullarını istifadə etmək qərarına gəlmişdilər. Onlar, Sivişin yeni tədqiqatını "sərt nəzəri əsaslandırma və təcrübi məlumatların bir yerdə təqdim edildiyi ilk hadisə" olaraq adlandırırblar.

Daha əvvəlki araşdırmalar göstərmişdi ki, bir sıra meteorit tipləri hazır nukleotid, o cümlədən adenin və quanin daşıyırlar. Lakin bu tədqiqatın gedişatında aydın oldu ki, səma cismlərinin planetlə toqquşması da həmçinin həyatın təməl bloklarının meydana gəlməsini mümkün edə bilər. Hərçənd ki, bəzi mütəxəssislər meteorit bombardmanı kimi dəhşətli hadisələrin həyatı yaratmadığı, əksinə onu məhv etdiyi qənaətindədirlər, yeni əldə edilmiş məlumatlar bombardman sayəsində həyat üçün mühüm komponentlərin Yerə düşməsi və orada inkişafının mümkünlüyünü maksimal qədər dəstəkləyir.

Həmçinin oxuyun:

Millerin unudulmuş təcrübəsi yenidən analiz edildi
Kometlər "amin turşusu fabrikləri" ola bilər
Süni ilkin hüceyrəyə "can verildi"
daha ətraflı...

December 12, 2014

Yerdəki suyun mənşəyi kometlər deyildi?

Planetimizdəki suyun mənşəyi mövzusunu əhatə edən mübahisələr yenidən qızğın xarakter alır. Churyumov-Gerasimenko kometi yaxınlığındaki su buxarının tərkibinə dair məlumatlar əldə edildikdən sonra, suyun Yerə kometlər vasitəsilə düşdüyü versiyası şübhələr doğurmağa başlayıb.

Uzun müddətdir ki, elm ictimaiyyəti Yerdəki suyun mənşəyi sualına cavabın "kometlər" olduğunu iddia edirdi. Alimlər ilkin okeanların buxarlanmasından sonra, müasir qlobal okeanın suyunun planetimizə məhz kometlərlə gətirilmiş olduğunu düşünürdülər.

Bu mövzu onsuz da daha əvvəldən şübhəli idi, çünki komet nəzəriyyəsi konkret sübutlara ehtiyac duyurdu. Bu yerdə alimlərə köməyə bəzi kometlərə çatmış və oradaki mövcud buz halında suyun tərkibini öyrənmiş kosmik cihazlar gəlir.

Burada qeyd etmək vacibdir ki, şərti olaraq, kometləri Neptun orbitinin hüdudlarından kənarda yerləşən Koyper Qurşağı'ndan gələn "yaxın" və orbitləri daha geniş ərazini, hipotetik sahə olan Oort Buludu'nun xarici hüdudlarını əhatə edən "uzaq" kateqoriyalarına ayırmaq olar.

1986-cı ildə kosmik zondlar vasitəsilə Halley adlı "uzaq" kometin nüvəsi öyrənilmişdi. Məlum olmuşdu ki, nüvəsindəki suyun (buzun) tərkibi Yerdə rast gəlinən suyun tərkibindən xeyli fərqlənir. Bu səbəbdən də o vaxt astronomlar Oort Buludu'ndan olan kometlərin çətin ki Yerdəki okeanların yaranmasında rol oynamış ola biləcəyi qənaətinə gəlmişdilər.

Üç il əvvəl isə alimlər Koyper Qurşağı'ndan olan Hartli-2 kometinin məlumatlarına yiyələnib, komet buzu hissəciklərindəki deyterium izotopu payı kimi əsas parametrə əsaslanaraq, oradaki suyun tərkibinin planetimizdəki suyun tərkibi ilə oxşar olduğuna aydınlıq gətirmişdilər. Beləliklə də, Yeri su ilə təmin etmiş kosmik cismlərin məhz "yaxın" kometlər olduğu yəqin edilmişdi.

İndi isə, avqust ayında Churyumov-Gerasimenko kometi orbitinə çatmış "Rozetta" kosmik zondu Yerə yeni məlumatlar ötürərək, alimləri daha əvvəlki nəticələri yenidən gözdən keçirməyə vadar edib. Əldə edilmiş son nəticələrə əsasən, komet buzunun tərkibindəki deyterium Yer suyu tərkibindəkindən xeyli çoxdur. Yəni, Yer suyunun mənşəyində "yaxın" kometlərin rolu olduğu nəzəriyyəsi şübhə altına alınır.

Tədqiqatın müəlliflərindən olan Bern Universiteti professoru Ketrin Altveqq isə hesab edir ki, son məlumatlara əsaslanaraq, Yerə suyun kometlərlə olmasa da, asteroidlərlə gətirilmiş ola biləcəyinin mümkün olduğunu demək olar.

Bu tədqiqatın nəticələri ilə çox da razı qalmayan Merilend Universitetindən olan Maykl Eyhern isə bildirir ki, "Rozetta" zondunun qazandırdığı məlumatlar möhtəşəmdir, lakin kometlərin Dünya okeanının formalaşmasında rolu olduğunu tam istisna da etmir - ehtimalla, su başqa bir komet tipi vasitəsilə Koyper Qurşağı'ndan Yerə gətirilib. Hər halda yekun qərarlara gəlmək üçün tədqiqatların davam etdirilməsi vacibdir.

Həmçinin oxuyun:

"Fila" modulu kometdə üzvi birləşmələr tapmışdı
Kometlər "amin turşusu fabrikləri" ola bilər
Yerlə toqquşmuş asteroid okeanları turşulaşdırdı
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top