December 11, 2013

Əlvida Big Bang, Xoş gəldin Qara Dəlik?

Nəzəri fiziklər kainatın partlayışla deyil, dördölçülü ulduzun qara dəliyə çevrilməsi nəticəsində məkana atılmış "tullantı"dan yarandığı qənaətinə gəldilər.

Fiziklər Razieh Pourhasan, Niayesh Afshordi və Robert Mann kainatın meydana gəlməsini izah edən yeni nəzəriyyəni irəli sürdülər. Öz qəlizlikləri ilə birlikdə bu nəzəriyyə kainatla əlaqədar müasir təsəvvürlərin bir çox çətinliklərini aradan qaldırır.

Kainatın mənşəyi ilə bağlı ümumi nəzəriyyəyə görə, kainatımız sonsuz sıxlığı olan nöqtədən və sinqulyarlıqdan şişərək doğulmuşdur. Bu nəzəriyyə müşahidə edilə bilən kosmosla, xüsusilə genişlənən kainat modeli ilə uyğunlaşa bilir. Lakin Böyük Partlayış nəzəriyyəsinin bir çox çətinlikləri də var. Misalçün, sinqulyarlığın, məkanının fərqli hissələrində eyni temperaturu olan kainatı necə yaratmış ola biləcəyi elm üçün qaranlıq qalır. Kainatımızın təxminən 13,8 milyard il yaşı var, bu müddət isə müşahidə edilən temperatur tarazlığının nail olunması üçün yetərli deyil. Əksər kosmoloqlar iddia edirlər ki, kainat işıq sürətindən daha sürətli genişlənməli idi. Nəzəri Fizika Perimetr İnstitutundan (Kanada) olan astrofizik Niayesh Afshordi isə belə hesab edir:

"Böyük Partlayış olduqca xaotikdir. Onun nəticəsində məkanın eyni dərəcəli temperatura sahib bircə sahəsinin belə necə formalaşdığı aydın deyil."

Kainatın doğuşunu izah edən yeni model bu çətinliklər üzərindən xətt çəkir. Yeni nəzəriyyəyə əsasən üçölçülü kainatımız sanki bir membrana kimi dördölçülü kainat içərisində üzür. Kainatımız, faktiki olaraq, sim nəzəriyyəsindən yaxşı tanıdığımız "brana"dır, yəni ümumi məkanın ölçüsündən kiçik olan çoxölçülü fiziki obyekt. Bunu təsəvvür etmək olduqca çətindir, ancaq bir üçölçülü kainatın içərisində bizim kainatı ikiölçülü kağız olaraq fərz etmək məsələni nisbətən sadələşdirə bilər.





Dördölçülü kainat sözsüz ki eynən bizim kainatımızın üçölçülü ulduzları kimi həyat tsikllarını yaşayan dördölçülü ulduzlara sahibdir. Ən ağır kütləli dördölçülü ulduzlar ömürlərinin sonunda "supernova" olaraq partlayacaqlar və qara dəliklərə çevriləcəklər. Öz növbəsində dördölçülü qara dəlik eynən üçölçülü qara dəliklər kimi hadisələr üfüqünə sahibdir. Hadisələr üfüqü qara dəliyin daxili və xarici tərəflərinin sərhədinə deyilir. Üçölçülü kainatda hadisələr üfüqü "ikiölçülü səth" kimi görünür, dördölçülü kainatda isə bu üfüq üçölçülü hipersahədən ibarətdir.




Beləcə, dördölçülü ulduz partladıqda hadisələr üfüqündə qalıq materialdan (tullantı) üçölçülü brana yaranır - bizim kainata oxşar. Təsəvvür üçün olduqca qeyri-adi görünən bu model kainatımızda niyə temperatur tarazlığı olduğunu izah edir: üçölçülü kainatı doğan dördölçülü kainat 13,8 milyard ildən də çoxdur ki mövcuddur.

Kainatı nəhəng sonsuz məkan kimi təsəvvür etməyə vərdiş etmiş bir insan üçün bu yeni nəzəriyyə haqda düşünmək çətin olacaq. Bəlkə də kainatımızı qədim dördölçülü ulduzdan qalma məhdud titrəyiş, "gölməçədəki yarpaq" kimi qəbul etmək çox çətindir.

Həmçinin oxuyun:

Qara dəliyin içində ola bilərik
Yeni "Big Bang" baş verə bilər
Kainatımız genişlənmir?
daha ətraflı...

Gənc kainatda həyat ola bilərdi

Böyük Partlayışdan (The Big Bang) 15 milyon il sonra kosmik mikrodalğa fonunun temperaturu 30 dərəcə selsiyə bərabər idi. 11 dekabr 2013 tarixində Phys.org saytında yayımlanan xəbərə görə, bu fakt o dövrün planetlərində (əgər onlar mövcud idilərsə) həyat üçün əhəmiyyətli suyun var ola biləcəyinə dair məlumatlar təmin edir.

Gənc kainatda həyat şəraitlərinin mümkünlüyü antropik prinsipi şübhə altına alır. Antropik prinsipə əsasən, biz mövcuduq, çünki bizim müşahidə etdiyimiz kainatın fundamental sabit dəyərləri həyatın yaranmasına əlverişlidir; çünki "yalnız bizimki kimi bir kainatda həyat var ola bilərdi".

Yerdənkənar həyat axtarışında olan astrobioloq və astronomlar yalnız "həyat zonası" daxilində olan ekzoplanetlərə müraciət edirlər, çünki, dediklərinə görə bu, maye suyu dəstəkləyən məsafədir və o "zonadan" kənar, ulduzuna daha yaxın və ya daha uzaq məsafələrdə həyatın yaranması üçün bir sıra problemlər ortaya çıxır.

Harvard Universitetindən olan Abraham Loeb iddia edir ki, kosmos şərtləri hər zaman belə sərt olmamışdır. Gənc kainatımız plazma (yanar ion qaz) ilə dolu idi. Onun şüasını biz hələ də müşahidə edə bilirik - kosmik mikrodalğa arxa plan şüalanması.

Hal-hazırda kosmik mikrodalğa şüalanmasının temperaturu mütləq sıfırdan bir neçə dərəcə yüksəkdir. Lakin Loeb'in hesablamalarına görə Böyük Partlayış hadisəsindən yalnız 15 milyon il sonra kosmik temperatur daha isti idi, ki bu da qədim bütöv kainatı həyata əlverişli mühit kimi təqdim edir. Alim hesab edir ki, radiasiya temperaturu 0-30 dərəcə selsi arasında ola bilərdi və bu vəziyyət 2-3 milyon il davam edə bilərdi - maye suyun meydana gələ bilməsi üçün yetərli müddət hesab edilməlidir.

Loeb o dövrdə materiya sıxlığının daha yüksək olduğu yerlərdə və qısaömürlü ulduzların yaranmasının mövcud olduğu sayəsində belə planetlərin meydana gəlmiş ola biləcəyini düşünür. Kütləsi Günəşdən 10, hətta 100 dəfə yüksək qısaömürlü ulduzlar supernova partlayışları və ulduz küləkləri köməyi ilə ətrafı, planetlərin formalaşması üçün lazımlı olan ağır elementlərlə doldura bilərdi.

Qaynaq: Phys.org
daha ətraflı...

İnsanlar heyvanlardan ağıllı deyillər

Adeliade Universitesindən olan təkamül biologiyası mütəxəssisləri hesab edirlər ki insanlar min illərdir heyvanlar aləmindən daha ağıllı olduqlarını sanıb, özlərini aldadırlar. Tədqiqatçı prof. Arthur Saniotis deyir:

"Min illərdir insanların heyvanlar aləmində ən ağıllı varlıqlar olduğu fikri təkrar edilirdi. Amma elmin bizə göstərdiyinə görə heyvanlar insanlardan üstün əqli bacarıqlara da sahib ola bilərlər."


Prof. Saniotis insanların üstün zəkaya sahib olduğu inancının təxminən 10.000 il əvvəl əkinçilik inqilabına bağlı olaraq taxıl istehsalı və heyvanların əhliləşdirilməsi ilə ortaya çıxdığını düşünür. Bu inanc insanları yaradılışın üstün növü olaraq görən dinlərin ortaya çıxması ilə sürətli şəkildə yayıldı. Prof. Saniotis:


"İnsanların zəka üstünlüyü inancı fəlsəfə və elmdə dəyişməz bir yerə sahib oldu. Bəlkə də filosoflar arasında ən çox sözü keçən maarifçi olmuş Aristotel belə insanların mühakimə qabiliyyəti səbəbindən heyvanlardan üstün olduqlarını müdafiə edirdi."


Tibb elmləri fakültəsində antropologiya və müqayisəli anatomiya professoru olan prof. Maciej Henneberg heyvanların çox vaxt insanlar tərəfindən səhv başa düşülən fərqli xüsusiyyətlərə sahib olduğunu deyir:


"Bizim onları anlamamağımızla birlikdə onların da bizi anlaya bilməməsi, bizim "zəka"mızın səviyyəsinin yüksək olduğu mənasını vermir, yalnız zəkalarımızın bir-birlərindən fərqli olduğunu göstərir. Məsələn, bir xarici öz dilimizin səhv halıyla bizimlə ünsiyyət qurmağa çalışdıqda onun çox da ağıllı olmadığını düşünürük. Ancaq həqiqət daha fərqlidir."


Heyvanlar fərqli tiplərdə zəka nümunələri sərgiləyir. Bunların içində sosial və kinestetik (fiziki) zəka da var. Asiya meymunları (Hylobatidae fəsiləsi) kimi bəzi məməlilər müxtəlif səslər çıxara bilirlər. 20-dən çox mənası olan bu səslər ağacda yaşayan bu primatlara tropik meşə örtüyü boyunca ünsiyyət qurma imkanı təmin edir. Prof. Henneberg deyir:


"Əksər dördayaqlılar yaşadıqları ətraf mühitə mürəkkəb qoxu izləri buraxırlar və koala kimi bəziləri isə sinələrində qoxu izləri buraxa bilmək üçün vəzilərə sahibdirlər. İnsanlar öz məhdud qoxu duyğuları ilə bu qoxu izləri içində olan informasiya baxımından zəngin kompleks mesajları başa düşmürlər."


Prof. Henneberg ev heyvanlarının da məməlilərin və quşların zehni qabiliyyətlərini anlaya bilməyimiz üçün uzaqgörənlik verdiyini deyir və əlavə edir:


"Ev heyvanları bizimlə ünsiyyət qurub istədiklərini izah edə bilməklə qalmayıb, həm də bizə istədiklərini etdirə bilirlər. Heyvanlar aləmi dəyər verdiyimiz qədərindən daha mürəkkəbdir."


Qaynaq: Phys.org
daha ətraflı...

December 9, 2013

Qədim Mars gölləri həyatı tam dəstəkləyirdi

Marsoxod Curiosity'nin Marsda yerləşən Gale kraterinin hovuzundaki çöküntülərin kimyəvi tərkibindən aldığı nəticələrlə, alimlər Qırmızı planetin qədim şirin göllərinin həyatın yaranması və inkişaf etməsi üçün əlverişli olduğunu təsdiq etdilər. Araşdırmanın nəticələri 9 dekabr 2013 tarixində Science jurnalında dərc edildi.

London İmperial Kollecindən olan Sanjeev Gupta deyir:


"Milyard illər əvvəl bu gölün sakit sularında mineral zənginliklərin enerjiyə çevrilməsi sayəsində həyatın mövcud ola bilməsi bizi çox heyrətləndirir. Curiosity missiyasının bir sonraki mərhələsində kraterin kənarlarındaki çöküntülərin tərkibi və strukturunu araşdıracağıq, bu da suallarımıza cavabları təmin edəcək - Qırmızı planetdə həyat var idi?"


Gupta və həmkarları marsoxodun qazandırdığı məlumatlarla kraterin alimlər tərəfindən "Yellowknife körfəzi" adlandırılmış hissəsi barədə yekun nəticələrə gəldilər. Curiosity robotu bu əraziyə ötən ilin dekabrında çatmışdı və apardığı tədqiqatlar nəticəsində krater üzərində suyun mövcudluğunu təsdiq etmişdi.

Məqalənin müəllifləri məlumatları dəfələrlə analiz edərək çöküntü və qayalar sayəsində qədim Mars göllərinin şərtlərini qiymətləndirməyə çalışdılar. Onlar, xüsusilə göllərin temperaturunu, kimyəvi tərkibini və həyata "əlverişliliyini" öyrənməyə nail oldular.

Belə ki, bu göl neytral və az qələvi pH isti suları ilə dolu idi, ki bu da həyatın qədim Marsda formalaşması və inkişafı üçün şəraitin mövcud olduğunu təqdim edir. Çöküntülərin tərkibinə əsasən bu göllərdə, Yerdəki bakteriyaların enerji almaq üçün istifadə etdikləri hidrogen sulfid, kükürd oksidləri, hidrogen və digər maddələr kafi miqdarda mövcud idi. Tədqiqatçıların dediyinə görə, bu faktlar qədim Marsda həyatın yaranması və inkişaf etməsi üçün lazımlı olan bütün şərtlərin dəqiq şəkildə varlığını gözümüz qarşısına qoyur. İndiyəcən bu mövzuda dəlillərə bu qədər çox yaxınlaşmadıqlarını bildirən alimlər, tədqiqatların hələ davam edəcəyini də gizlətmədilər.

Qaynaq: Sciencemag , ScienceDaily
daha ətraflı...

3 milyard illik orqanizmlərin genomları oxundu

Alimlər ilk dəfə üç milyard il əvvəl Yerdə yaşamış orqanizmlərin genomlarını oxumağa nail oldular. Tədqiqatçılar bu irəliləyişlə qədim dövrlərdə təkamülün hansı mexanizmlərlə yeni növlər yaratmış ola biləcəyinə dair ətraflı məlumatlara yiyələnəcəyini hesab edirlər. Müasir geoloji məlumatlarla uyğun gələn tədqiqat nəticələri Nature jurnalında dərc edildi.

Məqalənin müəllifləri qeyd edirlər ki 3,3-2,5 milyard il əvvəl yaşamış ilk primitiv orqanizmlərin DNT-lərində ani gen çoxalmaları baş vermişdir. Bu fakt isə Yerin tarixini əbədi olaraq dəyişdirmiş "Oksigen Faciəsi" adlı, Yerin oksigen səviyyəsində artım təmin etmiş hadisə ilə üst-üstə düşür.

Alimlər canlı hüceyrənin içərisində baş verən oksigen proseslərində iştirak etmiş genlərin daha çox bu hadisənin sonralında, təxminən 2,8 milyard il əvvəl meydana gəldiyini bildirirlər. Bundan əvvəllər isə orqanizmdə elektroenerji ötürülməsini, başqa adıyla "elektron transportunu" yerinə yetirən zülal genlərinin təkamülü davam edirdi.

Elektron transportu heyvanların və bitkilərin oksigen tənəffüsü, həmçinin fotosintez prosesləri əsasında durur. Alimlər hesab edirlər ki, məhz bu bacarıqların inkişafı sayəsində ilk orqanizmlər enerji toplamaq üstünlüyünə sahiblənmişdirlər, bu da onların gələcək təkamülünü mümkün etmişdir.

Massachusets Texnoloji İnstitutundan olan Eric Alm və həmkarları tədqiqatda müasir canlıların genetik məlumatlarını istifadə etdilər. Alimlər canlıların genetik məlumatları ilə birlikdə həm də genlərin təkamül mexanizmləri, onların orqanizmlər arası ötürülməsi, DNT-də artması və ya itməsi məlumatları əsasında hazırlanan riyazi alqoritmlərdən yararlandılar. Nəticədə alimlər 3,3-2,5 milyard il əvvəl DNT səviyyəsində baş vermiş hadisələrin anoloji prosesini aşkar etdiklərini açıqladılar və onu "Arxey Partlayışı" adlandırdılar. Təxminən 3 milyard il əvvəl baş verdiyi hesab edilən bu "artım" sayəsində təkamülün bir çox yeni orqanizmlər meydana gətirdiyi qeyd edildi.

Təcrübədə alimlər DNT təkamülü prosesinin əks istiqamətdə modelləşdirilməsinə nail oldular: müasir orqanizmlərdən 3 milyard il əvvəl mövcud olmuş ortaq əcdadlara və ya primitiv bakteriyalara qədər. "Arxey erası" adlanan bu dövrün təkamülünü araşdırmaq olduqca çətindir, çünki həmin dövrdə çox az orqanizmlər fosilləşmişdir və ilk fosilləşə bilmiş canlılar yalnız 580 milyon il əvvəl "Kembri Partlayışı" adlandırdığımız hadisə baş verdikdən sonra ortaya çıxmışdırlar.

Eric Alm tədqaqatla əlaqədar bunları dedi:


"Qədim hadisələrin müasir orqanizmlərin DNT-lərində yazıldığı mövzusunda dəlillər əldə etmək bizim işimizin vacib hissəsidir. Hal-hazırda biz bu tarixi oxumaq imkanlarına sahibik və qədim həyatın təkamülündə baş vermiş hadisələri çox dəqiqliklə bərpa edirik."


Qaynaq: RedOrbit , Science Centric
daha ətraflı...

Elmin gəldiyi son razılıq: "Heyvanlar da şüurludur"

Heyvanların şüurlu olub-olmadığı sualı 100 ildən çoxdur ki ətraflı şəkildə araşdırılırdı və elm bu mövzuda bir neçə on il əvvəlinə qədər ikiyə bölünmüş vəziyyətdə idi: bir qrup alim heyvanların insanınkıyla müqayisə edilə biləcək şüurlarının olduğunu və ya eyni dərəcədə şüurları olmadığını, ya da ümumiyyətlə şüurları olmadığını müdafiə edərkən, digər bir qrup alim isə bizdən başqa heyvanların da şüuru olduğunu iddia edirdi. Hər nə qədər aparılan yeni tədqiqatlarla ikinci qrupun arqumenti, yəni insandan başqa heyvanların da şüuru olduğu arqumenti güc qazansa da, elm ictimaiyyətinin gəldiyi ortaq razılaşma yox idi.

"Həyatın Təkamülü" olaraq, biz də fəaliyyətə başladıqdan bəri, artıq təxminən bir ildir ki davamlı olaraq insandan başqa heyvanların da şüurunun olduğunu, yalnız beyin təkamülünün müxtəlif istiqamətlərdə getmiş olması səbəbindən insanın ən yüksək zəkaya və şüura sahib sosial növ olduğunu, bunun insanı "insan" edən əsas xüsusiyyət olduğunu, hər növün özünə xas üstün xüsusiyyətləri olduğunu və bu xüsusiyyətlərin bir-biriylə muqayisə edilməsinin səhv mühakimələrə səbəb ola biləcəyini (insan çox ağıllıdır, dolayısı ilə digər canlıların zəkası yoxdur deməyin, pələng həddindən artıq sürətli qaçır, bu səbəbdən digər heyvanlar qaça bilməz deməklə ekvivalent olduğunu) fərqli şəkillərdə izah etməyə və öyrətməyə çalışmışdıq və hələ də davam edirik.

Nəhayət, Cambridge Universitetində keçirilən Francis Crick Anma Konfransı'nın 7 iyul 2012-ci il tarixli toplantısında bir çox heyvan davranışları və şüuru üzrə araşdırmalar aparmış mütəxəssislər elm ictimaiyyətində artıq əksinin iddia edilməsini mümkünsüz qılaraq, digər heyvanların da şüura sahib olduqlarını və elm dünyasının bu mövzuda həmfikir olduğunu elan etdilər.

Hər nə qədər heyvanlarla müəyyən zaman keçirən hər kəs onların bir "bioloji maşın" olmadığını, tamamilə intuisiyalardan asılı deyil, öz xüsusi qərarlarını verə biləcək şüura sahib olduğunu asanlıqla fərq edəcək olsa da, elmi skeptisizm daxilində yalnız emosional inanclarla bu mühakiməyə çatmaq doğru olmazdı və elm adamları da buna görə olduqca aydın həqiqət kimi görünən bu mövzuya uzun illərdir skeptik olaraq yanaşırdılar.

Hər il təşkil edilən və elm ictimaiyyətinin ən vacib və prestijli yığıncaqlarından biri olan, 2012-ci ilin iyulunda keçirilən Francis Crick Anma Konfransının əsas başlığı "İnsan və İnsan-xarici Heyvanlarda şüur" seçildi.

Mövzuyla əlaqədar İngiltərənin ən tanınmış akademiya və elmi təşkilatlar tərəfindən (aralarında Cambridge Universiteti, Churchill Kolleci var idi), İnsan-xarici Heyvanlarda Şüurun Varlığına Dair Cambridge Razılaşması başlığıyla, Stephen Hawking kimi elm adamlarının şahidliyində imzalanan elmi razılaşmanın (bəyannamə) bəzi əhəmiyyətli sətirləri belədir:



"Quşlar davranış mövzusunda bizlərlə neyrofizioloji, neyroanatomik baxımdan şüurun təkamülünə dair təəccüblü paralellik təqdim edir. İnsana yaxın şüurun mövcudluğu, xüsusilə Afrika boz tutuquşusu kimi növlərdə çox dəqiq bir şəkildə müşahidə edilmişdir. Emosional şəbəkələr və qavrayış mikrotsikları baxımından məməlilərlə quşlar arasındakı oxşarlıq indiyə qədər düşündüyümüzdən daha çoxdur. Üstəlik bəzi quşlarda REM yuxusunu nizamlayan tsikllar başda olmaqla, məməlilərinkinə oxşar neyron yuxu tsiklları kəşf edilmişdir, elə ki xüsusilə zebra amadinalarında aparılan bu müşahidələr məməlilərdə gördüyümüz kimi inkişaf etmiş bir neokorteks quruluşunun şüurun meydana gəlməsi üçün şərt olmadığını anlamağımızı təmin etmişdir. Sağsağanlar (qəcələ) üzərində aparılan davranış işləri insan, insanabənzər meymunlar, delfinlər və fillərə çaşdırıcı dərəcədə oxşar özşüurun varlığını sübut etmişdir...


...Bunu elan edirik:


Bir neokorteksin varlığının bir orqanizmin emosional vəziyyətlərə sahib olması üçün zərurət olmadığını görürük. Fərqli elm budaqlarından gələn və eyni nöqtədə birləşən araşdırma məlumatlarının işığında, insan-xarici heyvanlarda da şüurun varlığını göstərən kifayət qədər neyroanatomik, neyrokimyəvi və neyrofizioloji xüsusiyyətlərə rast gəlinmişdir və bu heyvanların da istəkli davranışlar sərgiləyə bildikləri göstərilmişdir. Nəticə olaraq, əlimizdəki çoxlu dəlillər insanların, şüur inkişafı üçün lazım olan nevroloji elementlərə sahib olmada möhtəşəm olmadığını göstərir. Bütün məməliləri və quşları əhatə etməklə birlikdə, səkkizayaqlar kimi başqa bir çox digər heyvanı da içinə qatan insan-xarici heyvan qrupunda bu nevroloji komponentlər var..."

Məqaləni tam oxumaq üçün buraya klikləyə bilərsiniz.

Növbəti illərdə bu razılaşmaya daha çox tədqiqat qrupu, universitet, institut və elmi təşkilatların qatılacağı gözlənilir. Ancaq belə prestijli bir yığıncaqda bu elanın verilməsi artıq elm ictimaiyyətində bu mövzuda əks fikirləri müdafiə edən demək olar ki keç kəsin qalmadığını anlamaq mövzusunda yetərli məlumatları təqdim edir.

Ümidvarıq bu irəliləyişlər insanın gedərək qabaran təkəbbürünü sarsıtmaq mövzusunda da təsirli olacaq və insanın özünü daha yaxşı anlamasına qatqı təmin edəcək.

Qaynaq:

New Scientist
Scientific American
Huffington Post-1
Huffington Post-2
FCM Conference
io9
daha ətraflı...

December 8, 2013

Yeni nəsil spermalar: Transgenik heyvanlar

Doğulacaq uşağınızın xüsusiyyətlərini özünüz təyin etmək istəyərdiniz? Boyu 1,80 olsun, mavi gözlü olsun, ağıllı olsun və s. Bəs başqa nələr istəyərdiniz? Bir çoxumuzun arzusu əslində doğulacaq uşaqlarımızı proqramlaşdıra bilməkdir. Genetika elmi spermaları proqramlaşdırmada daha bir əhəmiyyətli maneəni aşır və atadan uşağa keçəcək genlər üzərində dəyişiklik edə bilir. Bu irəliləyişin əsas məqsədi isə tədqiqatçıların gələcəkdə uşaqda meydana gələ biləcək xəstəliklərin qarşısını ala bilməkdir.

London Krallıq Kollecindən olan tədqiqatçılarının apardığı araşdırmanın nəticələrinə əsasən, viruslar vasitəsilə siçan spermalarına bəzi DNT hissəcikləri əlavə olunaraq spermada istənilən genlər aktivləşdirilə və ya əlavə oluna bilər. Normal şərtlərdə hüceyrələr yad DNT hissəciklərini təhdid kimi görürlər və dərhal yox etməyə çalışırlar. Tətbiq olunan xüsusi üsullar sayəsində əlavə edilmiş DNT məhv edilmir və edilən müşahidələrə görə siçanlarda üç nəsil boyunca ötürülməsi baş verir.

Bu kəşf tibbdə bir çox xəstəliyin meydana gəlməsinin qarşısını əvvəldən almaq üstünlüyü qazandırır. Sperma DNT-si dəyişdirilərək çox sayda xəstəlik aradan qaldırıla bilər və orqan yenilənməsi kimi bir çox gizli qalmış xüsusiyyətimiz ortaya çıxarıla bilər. Tədqiqatçılardan prof. Avil Chandrashekran transgenik texnologiyanın bütün xəstəlik tədqiqatlarında və bioloji problemləri anlamada ən əhəmiyyətli vasitə olduğunu qeyd edir.


Chandrashekran və qrupu transgenik heyvanlar yaratmaq üçün lentivirusları istifadə etdi. İçlərinə yaşıl fluoressensiya zülalı kodlaşdıran genlər əlavə onunan viruslar siçan spermalarıyla eyni mühitdə gözlədildi və virusların bu spermalara yoluxması təmin edildi. Viruslara yoluxmuş siçan spermaları laboratoriya mühitində reallaşdırılan döllənmə işlərində istifadə edildi. Döllənmə nəticəsində əldə edilən embrionların 42%-ində yaşıl fluoressensiya zülalı tapıldı. Bu, viruslara yoluxmuş heyvanların 42%-inin transgenik olduğunu göstərdi. Yaşıl fluoressensiya zülalı testislər də daxil olmaqla siçanların bir çox toxumasında tapıldı. Daha da vacibi, süni olaraq köçürülən bu yaşıl işıq yayan zülallara yalnız transgenik heyvanlarda deyil, bu heyvanların balalarında və balalarının da balalarında rast gəlindi.



Tədqiqatın dərc edildiyi FASEB jurnalının baş redaktoru prof. Gerald Weissmann araşdırmayla əlaqədar bunları deyir:

"DNT ötürülməsində istifadə edilən dəyişdirilmiş spermalar yalnız elmi araşdırmalarda deyil, klinika tətbiq etmə sahəsində də çox böyük imkanlara sahibdir. Dəyişdirilmiş spermalar transgenik heyvan modellərinin inkişafını asanlaşdırır. Gələcəkdə isə klinika tətbiqlərində insanlara yardım edə bilər. İllərdir təsirli ola biləcək genetik müalicələri tapmağa çalışırdıq və çox sayda müsbət-mənfi nəticələr alırdıq. Əgər gələcək nəsillərə daha sağlam həyat verə biləcək spermalar istehsal etsək, tibbdə inanılmaz irəliləyişlərə imza atarıq."


Qaynaq: ScienceDaily
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top