November 16, 2013

Musiqini 30 milyon il əvvəl öyrəndik

Biology Letters jurnalında dərc olunan araşdırmada, həyatımıza musiqi və dilin ilk dəfə 30 milyon il əvvəl girdiyi bildirilir.

Təqiqatda iştirak edən Andrea Ravignani, Discovery News'a verdiyi açıqlamasında, "Musiqili davranışlar ilk addımlar olaraq qəbul edilə bilər. Buna görə də ilk dil hesab olunurlar" dedi.

Vyana Universitetindən olan bioloq Ravignani və həmkarları, tədqiqatda hecalar, sözlər və musiqi qeydləri arasında əlaqə qurma qabiliyyətini araşdırdılar. Nümunə olaraq, Do-Re-Mi doğru qəbul edilərkən, Do-Re-Fa səslərinin gözlənilən ardıcıllığı verməməsi səbəbiylə səhv qəbul edilməsi göstərildi.

Edilən təcrübədə, hər nə qədər insanlar kimi reaksiya verməsələr də, sincabaoxşar meymunlar kiçik bir otağa qoyuldu və onlara müxtəlif musiqilər dinlədildi. Arabir yeməklə doyuzdurulan meymunlar, bu sayədə darıxmadan təcrübəyə adaptasiya oldular. Təcrübədə, Do-Re-Fa kimi yalnış not ardıcıllığı verildiyində, meymunların səsə daha çox diqqət etdiyi müşahidə edildi.

Sincabaoxşar meymunların təcrübədə səs ardıcıllıqları və dəyişmələrini anladıqları sübut edildi. Təcrübə sayəsində, həm dil, həm də musiqi üçün əhəmiyyət daşıyan bu qabiliyyətin insan və meymunların ən son ortaq əcdadı hesab olunan sincabaoxşar meymunların əcdadlarında 30 milyon il əvvəl ortaya çıxdığı iddiası irəli sürüldü.

Alimlər quşlar kimi səs çıxara bilən sincabaoxşar meymunların və şimpanzelər kimi digər növlərin musiqi mövzusunda düşündüyümüzdən daha çox bacarıqlı ola biləcəyini dedilər. Ravignani şimpanzelərin, onlar üçün hazırladıqları xüsusi zərb alətlərinə böyük maraq göstərdiyini bildirdi.

Təcrübə barədə fikirlərini bildirən Wisconsin-Madison Universitetindən olan psixologiya və zoologiya professoru Charles Snowdon bunları dedi:


"Musiqi qabiliyyətinin və qavrayışının qədim insanlarda yaranması yerinə daha qədim bir tarixə malik olması gözləmədiyimiz xəbər deyil."


Qaynaq: ZMEScience
daha ətraflı...

Doğaraq artan "Jackson buqələmunu"

Buqələmunların təkamül keçmişinə aid bir çox məlumata sahib olsaq da, bu qeyri-adi növlərin təkamülü ilə əlaqədar bəzi sirrlər hələ də qalır. Məsələn, buqələmunların bildiyimiz ən qədim əcdadı 60 milyon il əvvəl yaşamış Anqingosaurus brevicephalus adlı bir növdür. Təkamül müddətində, dəyişikliklərini dəqiq olaraq görə bildiyimiz digər növlər arasında 23-13 milyon il əvvəl yaşamış Chamaeleo caroliquarti və 13-5 milyon il əvvəl yaşamış Chamaeleo intermedius növləri bunlardan yalnız bəziləridir. Həmçinin aparılan genetik tədqiqatlar buqələmunların təxminən 100 milyon il əvvəl iquana bənzərlərindən və kələzlərdən ayrılmış bir qrup olduqlarını da göstərir və kələzlər dəstəsinə daha yaxındırlar.

Amma sürünənlərin böyük bir qisminin ən əsas xüsusiyyətlərindən biri olan yumurta qoyma, bu qrupun bəzi növlərində (məsələn şəkildəki Jackson buqələmununda) etibarlı deyil. Bu sürünənlər, eynilə məməlilər kimi doğurlar!

Bu sizi çaşdıra bilər, amma əlimizdə Təkamül Biologiyası var. Hal-hazırda yalnız 2 növ dağ kərtənkələsində və bəzi ilanlarda doğaraq artımı müşahidə edə bilərik, amma fosillərə baxdığımızda bunların sayının 100-dən çox olduğunu görərik. Doğan müasir sürünənlər üzərində aparılan tədqiqatlar, yumurta qoymağa yaxın bir doğuş tipinin çətin şərtlərdə sürünənlərin bəzilərinin nəsillər içərisində keçirə bildiyi təkamül dəyişikliyi olduğunu göstərir. Bu keçidə səbəbin mühitdə olan qida qaynaqları və bunların bu təkamül dəyişikliyini dəstəklədiyi hesab edilir. Dağ kərtənkələləri üzərində aparılan işlərdən, nəsillər içərisində təkamül dəyişikliklərini, həm də doğuş tipi kimi əhəmiyyətli bir təkamül dəyişikliyini gözlərimizlə görə bilərik. Bu keçid, məməlilərin sürünənlərdən təkamülləşməsi faktını dəstəkləyən yüzlərlə dəlildən yalnız biridir.


Üstəlik bu doğuş çox uğurlu şəkildə təkamül keçidini göstərir. Hər nə qədər biz "doğuş" olaraq bilsək də, bu canlıların doğduğu  balalar ilk mərhələdə qarında yumurta içərisində, ana rəhmində inkişaf edirlər. Ardından burada yumurtalarından çıxır və "doğulurlar". Yəni, təkamülü göstərə biləcək bir keçid gözümüzün qarşısında reallaşır! Bundan başqa, ətraf şərtləri normal hala qayıtdıqda bu sürünənlər ənənəvi yumurta qoyma üsuluna bir neçə nəsil içərisində yenidən qayıda bilirlər. Bu, mühitə görə təkamül dəyişikliklərinin ən gözəl nümunələrindən hesab olunmalıdır.

Qaynaq: TorontoZoo
daha ətraflı...

İtlər Avropada təkamülləşdi

Alimlərin 20 min il əvvəlinə aid it dişlərindən əldə etdiyi məlumatlar, itlərin mənşələrinin hesab edildiyi kimi Orta Şərqə deyil, Avropaya aid olduğunu və ilk dəfə Avropalı ovçular tərəfindən əhilləşdirildiklərini göstərdi. Yeni tapıntılar qədim canavarların əhilləşərək ovçu itlərə doğru təkamülləşdiyini bir daha təsdiq etmiş oldu.

Science jurnalına danışan Kaliforniya Universiteti bioloqu Robert Wayne, antik fosillərdən əldə edilən DNT-nin itlərin təkamülü haqqında yeni məlumatlar verdiyini dedi. Wayne:


"Müasir itlərin, hesab etdiyimiz kimi Orta Şərq və ya Asiyada deyil, Avropada təkamülləşdiyinə və təxminən 25 min il əvvəl canavarlardan ayrıldığına əmin olduq."


Science jurnalında dünən dərc olunan tədqiqat nəticələri, insanın ən sadiq dostu olan itlərin qədim dövrlərdə necə əhilləşdirildikləri sualını da gündəmə gətirdi. Tədqiqatçılar itlərin 30 min il əvvəlki dövrdən insanlarla yaşamağa başladığını düşünürlər. Bu dövrdə əhilləşməyin Yaxın Şərq, Afrika, Avrasiya və Asiyanın şərqində baş verdiyi təxmin edilirdi. Necə əhilləşdirildikləri sualına da, canavarların insanlarla yaşamağa başlamasıyla, zamanla qədim ovçu itlərə çevrildikləri cavabı verilir.

Bəzi alimlər isə əhilləşmə prosesinin, əkinçiliyin inkişafıyla başlayan məskunlaşma həyatıyla, insanların atdıqları leşlərlə və itlərin də bu leşlərlə qidalanmasıyla baş verdiyi versiyasını müdafiə edir.

Wayne və həmkarları, tədqiqatda 10 qədim canavar bənzəri heyvanla, səkkiz qədim it bənzəri heyvanın 1.000-36.000 il əvvəlinə aid mitoxondrial DNT (yalnız anadan ötürülən) nümunələrini araşdırdılar. Həmçinin, 77 it, 49 canavar və 4 çaqqaldan DNT nümunələri alındı ​​və DNT izləri təkamül ağacında qruplaşdırıldı. Müasir itlər qruplaşdırmada müasir canavarlarla çox yaxın çıxmasa da, qədim it və qədim canavar DNT-ləri yaxın qohumluq göstərdi.

Nəticələr, itlərin Avropada əkinçilik həyatının başlamasından əvvəl, ovçu-yığıcı Avropalılar tərəfindən 18-32 min il əvvəl əhilləşdirildiyini göstərdi. Wayne, qədim ovçu-toplayıcı insanların öz itləriylə birlikdə fərqli bölgələrə köç etdiyini, Orta Şərq kimi bölgələrdə itlərin canavarlarla cütləşməsi səbəbindən də mənşələrinin səhvən Orta Şərq olduğunu düşündüklərini dedi.

Bundan başqa, Rusiyada və Belçikada tapılan 33-36 min il əvvəlinə aid kəllə sümükləri, itlərə fərqli bölgələrdə əhilləşdirilmə tətbiq edildiyinə işarə etmişdi. Amma qədim insanların bu sınaqları müvəffəqiyyətli olmamışdı.

Qaynaq: Sciencemag , LiveScienceNBC News
daha ətraflı...

November 15, 2013

ENAM genləri və təkamül

Zülal kodlaşdıran genlərdəki silinmələr və əlavələr çərçivə sürüşdürücü mutasiyalara səbəb ola bilər. DNT 3-lü kodlar halında oxunduğu üçün 1 bazis cütünün silinməsi belə, kodların düzülməsini pozaraq mənasız zülal istehsalına yol açaraq genin funksiyasını pozur. Nadir hallarda baş verən bu mutasiyalar bütün genetik funksiyanı tamamilə silə bilər.

Möhkəm olun və kəmərlərinizi bağlayın: Hamımızın dişlərində mina təbəqəsi var, bunu hamımız bilirik. Mina təbəqəsi olduqca möhkəm təbəqədir və əsas vəzifəsi dişlərimizi xarici faktorlara qarşı qorumaqdır. Lakin, bəzi canlıların dişlərində mina təbəqəsi yoxdur. Müasir növlərə və aralarındakı təkamül əlaqələrinə baxdığımızda, belə nəticə ilə qarşılaşırıq: əgər təkamül nəzəriyyəsi doğrudursa və bütün heyvanlar ortaq əcdaddan gəlirsə, mina təbəqəsi olmayan heyvanların da əcdadlarında mina təbəqələri olmalıdır, çünki ən qədim dövrlərə aid növlərdə də bu təbəqəyə rast gəlinir. Bu səbəbdən, təkamül nəzəriyyəsinə görə bu mina təbəqəsi sonradan itirilmiş olmalıdır.

Bu hipotezi elmi olaraq test edək. Mina təbəqəsini yaradan başlıca zülalın adı enamelin zülalıdır. Bəzi balinalar, zirehlilər və qarışqayeyənlərin dişlərində mina təbəqəsi yoxdur və bu canlılar enamelin zülalını istehsal edə bilmirlər. Əgər canlılar ortaq əcdaddan gəldisə və mina təbəqəsi olmayan canlılar təkamül müddəti içərisində bu təbəqəni itirdilərsə, ''enamelin zülalı istehsal etməyən'' canlılarda funksiyasını itirmiş enamelin genləri olmalıdır. Çünki genlər anidən itə bilməzlər, əvvəlcə funksiyasız hala gələrlər, ardından vəziyyətə bağlı olaraq yox ola bilərlər.

Alimlər bir çox canlıların DNT-sini yaxşıca araşdırdılar və bütün məməlilərin enamelin zülalı kodlaşdıran ENAM geninə sahib olduğunu təsdiqlədilər. Enamelin zülalı istehsal etməyən zirehlilərdə funksiyası pozulmuş ENAM geni tapılmışdı. Aparılan tədqiqatlar nəticəsində gen üzərində təsiri olmuş çərçivə sürüşdürücü mutasiyalara rast gəlindi. Çərçivə sürüşdürücü mutasiyalar bu genləri əvvəllər pozmuşdu. Yəni bu canlılar ENAM geninə sahib olduqları halda, yığılan zərərli mutasiyalarla bu zülalı istehsal edə bilmirdilər. Buna görə də dişlərinin minası yox idi.

İndi isə daha möhkəm durun. Bəzi canlıların ENAM genlərinin, eyni nöqtədə meydana gələn çərçivə sürüşdürücü mutasiyalar səbəbindən pozulduğu məlum oldu. Çərçivə sürüşdürücü mutasiyalar olduqca nadir hallarda baş verir. Bir neçə canlının eyni geni, eyni nöqtədəki mutasiyalarla bir-birindən tamamilə ayrı olaraq pozulmuş ola bilməz, bu, riyazi olaraq çox aşağı ehtimaldır. Bu səbəbdən bu mutasiyalar təkamül müddətindəki ortaq əcdadlarda meydana gəlmiş və növlərə ötürülmüş olmalıdır. Məsələn, Manis pentadactylaManis tricuspis növlərinin ENAM geninin 1362-ci nukleotidində silinmə mutasiyası var. Bu mutasiya zülal istehsalını pozmuşdur. Digər heç bir canlı növündə bu mövqedə silinmə yoxdur. Bu silinmə, Manis növlərinin ortaq əcdadlarından qalmışdır və bu vəziyyət başqa heç cür izah oluna bilməz.

Bunun kimi ortaq paylaşılan silinmə mutasiyalara daha çox növdə rast gəlinir. Oxşar gen eyni səhv nəticəsində pozulmuşdur. Enamelin zülalını sintez edə bilməyən bu canlıların da ENAM geninə sahib olması, pozucu mutasiyaların tək-tək göstərilə bilməsi və bəzi mutasiyaların ortaq olması yalnız və yalnız təkamülə işarə edir.

Qaynaq: PLoS Genetics
daha ətraflı...

November 13, 2013

Ən böyük ətyeyən

Paleontoloqların 2009-cu ildə ABŞ-da tapdığı yeni dinozavr növü elm dünyasına tanıdıldı. "Lythronax argestes" adı verilən dinozavrdan əldə edilən məlumatlar, nəhəng tirannozavr növünün hesab ediləndən 10 milyon il daha qədim olduğunu göstərdi.

Yuta ştatında 2009-cu ildə kəşf edilən skelet, üzərindəki bütün analiz işləri qurtardıqdan və elmi adı təyin olunduqdan sonra Yuta Təbiət Tarixi Muzeyində sərgiyə qoyuldu. Tədqiqat qrupunda iştirak edən Yuta Universitetindən olan Randall Irmis bunları dedi:


"Əldə etdiyimiz yeni məlumatlar dinozavrlara baxış bucağımızı dəyişdirir."


The Guardian saytına açıqlama verən Irmis, Lythronax'ın quyruğundan başına qədər təxminən 7,5 metr, yerdən uzunluğunun isə 2,5 metr olduğunu bildirdi. Lythronax, milyon illər əvvəl Alyaskada bataqlıqlarla dolu olan Laramidia adasında yaşayırdı.

Tirannozavr nəslinin ən qədim və yeni tapılmış üzvü olaraq təyin edilən Lythronax öz növünün tarixini 10 milyon il daha qədimə daşıdı. Irmis, başında seyrək tükləri olan dinozavrın bu sayədə yatarkən daha rahat olduğunu açıqladı, həmçinin gözlərinin itiliyindən də bəhs etdi.



Gözləri başın ön hissəsində yerləşən Lythronax'ın çox dəqiq görmə qabiliyyətinə sahib və qorxunc ovçu olduğu bildirildi. Kiçik bir burnu olan dinozavr, boğazına doğru uzanan böyük bir ağza sahib idi. Irmis açıqlamasında həmçinin bunları dedi:


"Böyük ehtimalla olduqca vəhşi və qorxunc dinozavr idi."


Qaynaq: The Guardian
daha ətraflı...

November 11, 2013

Az miqdarda genetik dəyişiklik yeni növləri təkamülləşdirir

Şəkildə gördüyünüz Heliconius cydnoHeliconiu pachinus kepənəkləridir. Çikaqo Universitetindən olan Marcus Kronforst tərəfindən çəkilmişdir.

Yeni növləri təkamülə təşviq etmək sadəcə bir neçə genetik dəyişikliklə mümkün ola bilər. Təkamülün yaratdığı fərqliliklər əgər meydana gəlsə, çox sürətli şəkildə inkişaf edəcək və genetik olaraq tamamilə təcrid edilmiş növlərə səbəb olacaq.

Yeni bir tədqiqatın başında duran təkamülçü assistent prof. Marcus Kronforst deyir:


"Növyaranma təkamülün ən fundamental proseslərindən biridir, amma bir növün ikiyə ayrıldığında genom quruluşunun necə dəyişməsi cavabını tam bilmədiyimiz sualdır."


Meydana gələn genetik fərqliliklər növyranma prosesində kritik rol oynayır. Kronforst və həmkarları, son mərhələdə bir-birindən ayrılmış 2 yaxın qohum kəpənək növlərinin (Heliconius cydno Heliconius pachinus) genomlarını analiz etdilər. Oxşar ekoloji həyat şərtlərini işğal etdikləri və hibridləşmənin baş verə bilməsi səbəbindən bu kəpənək növləri az miqdarda da olsa genetik dəyişikliklərə uğrayırlar.


Tədqiqatçılar bu nizamlı gen axışının növyaranma üçün əhəmiyyətli olmayan genetik variantları dayandırdığını gördülər və bu onlara təbii seçmədən təsirlənmiş açar genetik sahələrin təyin olunmasına imkan yaradır. Kəşf etdikləri kəpənək növlərinin genomlarında yalnız 12 kiçik hissələr bir-birindən fərqli idi, digər hissələr isə tamamilə eyni idi. Bunların 8-i cütləşmə və təbii seçmə təzyiqi səbəbiylə, həmçinin yem olmaqdan qorunmaq üçün olduqca əhəmiyyətli olan qanad rəngini kodlaşdırırdı. Digər 4 hissəyə isə hələ tərif verilməmişdi.


"Genomun digər hissələrinin irəli və geri yer dəyişməsinə məruz qalmalarına baxmayaraq, bu 12 hissə onların yaşadığı mühitdə daha funksionaldır və beləcə gen hovuzları arasındakı hərəkət aradan qaldırılır", - Kronforst belə izah edir.




Tədqiqatçı qrup eyni zamanda bu 2 növün genomlarını yaxın qohum olan, amma təkamül müddətində daha çox yox olmağa məruz qalan digər bir növlə müqayisə etdi. Nəticədə genetik ayrışmanın baş verdiyini göstərən yüzlərlə genomik dəyişiklik tapıldı. Kronforst açıqlamasında bunları dedi:


"Apardığımız işlər bəzi üstünlük təmin edən mutasiyaların təbii seçmə ilə gen axışı arasında meydana gələn və genom quruluşunda sürətli dəyişiklikləri gətirə biləcək "kəndir çəkmə yarışına" səbəb olmaq üçün yetərli olduğunu sübut etdi."




Populyasiyalar hələ təmas halında olsalar və yeni döllər meydana gətirsələr də yeni növlərin təkamülü göründüyü qədər çətin olmaya bilər. Kronforst və həmkarları növyaranma prosesində əhəmiyyətli funksiyaya sahib olan 4 fərqli genom sahələrini təsvir etmək üçün plan hazırlayırlar. Eyni zamanda növlərin niyə tropik sahələrdə yayılmış şəkildə meydana gəldiklərini araşdırırlar.

Kronforst deyir:


"Təbii seçmənin populyasiyaları fərqli istiqamətlərə doğru aparmasıyla meydana gələn növyaranmanın digər orqanizmlərin təkamülündə əhəmiyyətli yer alması ehtimallar arasındadır və bunun ortaq proses olub-olmadığı müşahidə ediləcək."


Qaynaq: phys.org
daha ətraflı...

November 10, 2013

"Məryəmin cənnətdə olmasına dair heç bir sübut yoxdur"

Məşhur bioloq Richard Dawkins'in 10 yaşı yenicə tamam olmuş qızına yazdığı məktubunun tərcümə edilmiş versiyasını sizlərə təqdim edirik.

Əziz qızım,
Artıq sənin 10 yaşın tamam olur, istərdim sənə bəzi vacib məsələlər barədə yazım. Heç nə vaxtsa özünə ətrafındakı hadisələrin necə baş verməsi barədə suallar vermisən? Məsələn, biz hardan bilirik ki, səmadan bizə iynə boyda görünən ulduzlar əslində Günəşin nəhəng kürələridir və bunlar çox uzaqdadırlar? Bəs yaxşı biz hardan bilirik ki, Yer Kürəsi bu ulduzların, Günəş sisteminin ətrafında fırlanır?

Bütün bu sualların cavabı faktlara əsaslanır.

Bəzən faktlar doğru olur. Buna görmək, eşitmək, hiss etmək və qoxulamaq daxildir. Kosmonavtlar yer kürəsindən qat-qat uzaqlara qalxaraq, buranın dairəvi olduğunu öz gözləriylə görmüşlər. Bəzən gözlərimiz bizə kömək edir. Gecələr ulduzlar səmada sayrışan bir nəsnə kimi görünür, amma biz ona teleskopla baxası olsaq, onun gözəl bir kürə - Venera planeti olduğunu görə bilərik. Görməklə, eşitməklə və ya hiss etməklə nəsnələrin öyrənilməsinə müşahidə deyilir.

Amma faktlar heç də müşahidəyə əsaslanmır, müşahidələr isə faktlara əsaslanır. Əgər bir cinayət baş verirsə, bunu çox vaxt heç kim (qatil və öldürülən şəxdən başqa) görmür. Lakin dedektivlər bir neçə müşahidə aparmaqla cinayətkarın və ya şübhəlinin kim olduğunu öyrənə bilərlər. Əgər bir insanın barmaq izləri bıçağın üzərindəki barmaq izləriylə üst-üstə düşərsə, həmin şəxsin bu bıçağa toxunması artıq bir faktdır. Lakin bu heç də onun cinayət törətdiyini sübut etmir. Amma bu digər faktların da əldə olunmasında bir ipucu olur. Bəzən dedektiv bütün faktları göz önünə gətirməklə cinayətkarın kim olduğunu öyrənir.

Alimlər, Yer və kainat həqiqətlərini kəşf etməkdə mütəxəsis olanlar - bu detektivlərə bənzəyirlər. Onlar nəyin doğru olduğu barədə fikirlər deyirlər və bu fərziyyə adlanır. Sonra onlar öz-özlərinə deyirlər, əgər bu doğrudan da həqiqətdirsə, biz gərək bu haqda düşünək və s. Bu, proqnoz adlanır. Məsələn, əgər dünya doğrudan da kürə şəklindədirsə, biz qabaqcadan proqnoz verə bilərik ki, yola düşəcək səyyah eyni istiqamətdə hərəkət etsə, başladığı yerə gəlib çatdığını görəcək. Həkim sənin qızılcaya tutulduğunu bir dəfə baxmaqla bilməz. İlk öncə müayinə aparmaqla o, bunu təxmin edir ki, səndə qızılca ola bilər. Sonra o, öz-özünə deyir, əgər onda doğrudan da qızılca varsa, mən gərək buna yaxşı diqqət yetirəm. Sonra o proqnozları tez nəzərdən keçirir, səndə ləkələr olub-olmadığına baxır, əlini alnına qoyur ki, görsün səndə qızdırma varmı, qulağını sinənə qoyur ki, eşitsin sən qızılcaya tutulan adam kimi xırıltı ilə nəfəs alırsanmı və s. Bu vaxt həkim qərarında qəti olur və deyir: “Mən bu qızın qızılcaya tutulduğuna əminəm”. Bəzən qan analizi və rentgen kimi başqa sınaqlar da keçirməli olur və bunlar onun diaqnoz qoymasına kömək edir.

Alimlərin dünyanı öyrənmək üçün istifadə etdiyi faktlar mənim bu qısa məktubumda ifadə edəcəyimdən daha ağıllı və daha çətindir. Amma indi faktlardan danışmaq istəmirəm, çünki bu nəyəsə inanmaqda yaxşı səbəbdir. Və istəyirəm sənə nəyəsə inanmağın üç pis səbəbindən danışam, bunlar –“ənənə”, “hakimiyyət” və “vəhy” dir.

Birinci ənənələrdən danışım. Bir neçə ay bundan əvvəl bir televiziya kanalına 50 nəfər uşaq ilə müzakirə üçün getmişdim. Bu uşaqlar müxtəlif dini tərbiyə ilə böyümüş olduqları üçün müzakirəyə dəvət olunmuşdular. Onlardan bəziləri xristian tərbiyəsi, bəzisi yəhudi, müsəlman, hindu və başqa dini tərbiyə almışdılar. Aparıcı bir-bir uşaqlara nəyə inandıqları barədə suallar verdi. Onların dedikləri cavablar mənim “ənənə” deyərkən nəyi nəzərdə tutduğumu açıqlayacaq. Onların inandıqlarının heç bir faktla əlaqəsi yoxdur. Onlar yalnız valideynlərinin, baba-nənələrinin inanclarını daşıyırlar və bu inanclar da heç bir məntiqi dəlilə əsaslanmır. Onlar belə deyirdilər: “Biz Hinduizmə inanırıq” , “Biz xristianıq və nəyəsə inanırıq” və s. Əlbəttə onlar müxtəlif şeylərə inandıqdan sonra bunlar heç vaxt doğru ola bilməz. Aparıcı da yəqin ki, bunu fikirləşirdi, lakin bu məsələdə uşaqlarla mübahisə etməyə cəhd etmirdi. Lakin bu heç də mənim demək istədiyim deyil. Mən sadəcə soruşmaq istəyirəm ki, onların inancları haradan qaynaqlanır? Bəli, bu ənənədir. Ənənə baba-nənədən onun uşaqlarına ötürülür, onlar da bunu öz uşaqlarına ötürürlər və beləcə nəsildən-nəsilə keçərək yaranır. Və yaxud kitablar vasitəsilə əsrlərlə nəsildən-nəsilə keçərək yayılır. Ənənəvi inanclar demək olar ki, heç nədən yaranır; ola bilər ki, kimsə bu əfsanəni Tor və Zevs haqqında olan əfsanələr tək uydurub və insanları buna inandırıb. Və bu inanclar nəsildən-nəslə keçərək əsrlərlə qaldığından insanlar üçün vacib əhəmiyyət daşıyır. İnsanlar sadəcə əsrlərlə qaldığı üçün bunlara inanırlar və bu da ənənədir.

Ənənənin bir pis xüsusiyyəti də odur ki, bu nağılların neçə əsr bundan qabaq deyilməsinə baxmayaraq, onlar öz aktuallığını itirmirlər. Əgər sən hansısa bir hekayə uydursan və bu hekayə nəsildən-nəsilə keçərək yayılsa, bu, heç də onun doğru olmasına dələlət etməyəcək.

İngiltərədə bir çox insan ingilis kilsəsində xaç suyuna salınır, lakin bu, hələ xristian dininin bir hissəsidir. Xristian dininin rus ortodoksal, Roma katolik, metodist kimi növləri var. Onların da inancları müxtəlifdir. Hələ yəhudilərlə müsəlmanları demirəm. Onların bir neçə təriqətləri var. Müxtəlif dinlərə inanan insanlar arasında dinləri arasında olan ziddiyyətlərə görə həmişə müharibə olmuşdur. Bəlkə sən elə düşünürsən ki, burada nəsə yaxşı səbəb var, yəni onlar öz inancları uğrunda müharibə aparırlar. Lakin onların inancları tamamilə ənənələrə əsaslanır.

Gəl ənənəyə bir misalla baxaq. Roma katolikləri inanırlar ki, İsa Məsihin anası Məryəm ölməyib, cismi cənnətdədir. Başqa xristianlar isə bununla razılaşmır və deyirlər ki, Məryəm də digərləri kimi ölüb. Lakin elə dinlər də var ki, Roma katoliklərindən fərqli olaraq bu haqda danışmırlar, onu “cənnət kraliçası” adlandırmırlar. Məryəmin ölmədiyi və cisminin cənnətdə olması əfsanəsi köhnə söhbət deyil. İncildə onun necə və nə vaxt öldüyü haqqında yazılmayıb, orada yalnız onun adı çəkilb, vəssalam. Cisminin cənnətdə olması İsa Məsihin dövründə yaranmayıb. Əvvəlcə bu “Ağ Qar” hekayəsi kimi uydurulub və əsrlər ötdükcə bu ənənəyə çevrilib, insanlar buna ciddi yanaşmağa başlayıblar. Yalnız ona görə ki, bu bir neçə nəsldən keçərək yayılmışdır. Ənənələr nə qədər qədim olsa, insanların buna ciddi yanaşması bir o qədər artacaq. 1950-ci ildə Roma katolik kilsəsində bu əfsanə rəsmi şəkildə qeyd olunmuşdur. Lakin bir şey var ki, bu əvvəlki güvənini bir qədər itirmişdir, Məryəmin “ölüm”ündən 600 il sonra insanlar buna daha çox inanırdılar, nəinki 1950-ci ildə.

Məktubun sonunda bu ənənə mövzusuna bir də qayıdacam və buna başqa mövqedən yanaşacam. Lakin ilk öncə nəyəsə inanmağın ikinci pis səbəbi olan hakimiyyət haqqında danışmaq istəyirəm.

Hakimiyyət dedikdə, sənə nəyisə inandıran bir şəxs nəzərdə tutulur, sən nəyəsə inanırsan, çünki bu hansısa vacib status daşıyan biri tərəfindən deyilib. Roma katolik kilsəsində Roma Papası müqəddəs sayılır və insanlar inanırlar ki, o, düzgün olmalıdır, axı o, Papadır. İslam dininin bir təriqətində Ayətullah adlı saqqallı kişi müqəddəs sayılır. Gənc müsəlmanların çoxu cinayət törətmək üçün hazırlanırlar. Sadəcə ona görə ki, Ayətullah onlara fətva verib.

Mən deyəndə ki, 1950-ci ildə Roma katolik kilsəsində Məryəmin bədəninin cənnətdə olması barədə elan olundu, bu o deməkdir ki, 1950-ci ildə Papa insanları buna inandırdı. Məsələ bundadır ki, Papa bunun doğru olduğunu dedi və beləliklə bu, bu cür də qəbul olundu. Axı sən niyə Papanın dediyinə inanasan ki, və yaxud da insanların dediklərinə? Hal-hazırda Papa ardıcıllarına uşaqlarının olmasında limit qoyub və onlara bu limiti keçməyi qadağan edib. Əgər insanlar onun başçılığını qəbul edərsə, bu, çox pis nəticələnə bilər – böyük faciələrə, kütləvi aclıqlara, xəstəlik, müharibələrə səbəb olar.

Əlbəttə, elmdə də belə şeylər var, kimsə nəyəsə sübut olaraq başqa birisinin fikrini söyləyir. Məsələn, mən heç vaxt öz gözlərimlə görməmişəm ki, işıq saniyədə 186.000 ml sürətlə hərəkət etsin. Amma əvəzində kitabda bu haqda oxumuşam deyə buna inanıram. Bu elə danışdığım “hakimiyyət”ə oxşayır. Amma bu, ondan yaxşıdır, çünki bu kitabı yazan həmin hadisəni görüb və hər kəs bu yazılanları istədiyi vaxt sınaqdan keçirə bilər. Bu, çox rahatdır. Amma keşişlərdə Məryəmin bədəninin cənnətdə olmasına dair heç bir sübut-filan yoxdur.

İnanmağın 3-cü pis səbəbi də “vəhy”dir. Əgər sən 1950-ci ildə Roma Papasından soruşsan ki, siz haradan bilirsiz ki, Məryəm cənnətdədir, o, çox güman ki, belə cavab verəcək: “Mənə vəhy gəldi”. O sakit durur, tanrıya dua edir. Fikirləşir, fikirləşir və öz içinə dalır. Əgər hansısa dindarın içində həqiqətə oxşar nəsə varsa və bu heç bir dəlillə sübut olunmasa da, onlar bu iç hisslərini vəhy adlandırırlar. İçlərində vəhy olduğunu iddia edən tək Papalar deyil. Dindarların çoxu belə deyir. Bu, onların inandıqlarına səbəbdir. Amma yaxşı səbəbdirmi?

Məsələn təsəvvür elə, sənə deyirəm ki, itin ölüb. Sən məyus olacaqsan və güman ki, deyəcəksən “sən əminsən?”, “hardan bilirsən?”, “bu necə baş verdi?” və s. İndi də təsəvvür elə ki, mən belə cavab verirəm. “Doğrusu mən bilmirəm ki, it ölüb, buna mənim sübutum yoxdur, amma içimdə bir hiss mənə deyir ki, o ölüb”. Sən yəqin ki, səni qorxutduğum üçün mənə acıqlanacaqsan, çünki özün bilirsən ki, itin ölməsinə inanmaq üçün bu heç də yaxşı səbəb deyil. Sənə sübut lazımdır. Düzdür, bəzən içimizdə bir hiss yaranır ki, filan şey baş verəcək, bu, bəzən doğru, bəzən də səhv çıxır. Nəyəsə qarşı hər insanın müxtəlif hissləri olur, bəs biz haradan bilək ki, onlardan hansı doğrudur. İtin öldüyünə inanmaq üçün ən yaxşı yol onu ölü görməkdir və ya qulağını ürəyinə dayayıb, nəfəs alıb-almadığını yoxlamaq, yaxud da onun öldüyünü görən bir adamdan bunu eşitməkdir.

İnsanlar bəzən deyir ki, sən öz hislərinə inanmalısan, yoxsa heç vaxt rahatlıq tapmazsan, şübhələnərsən ki, “Mənim həyat yoldaşım məni doğrudanmı sevir?”. Lakin bu, yaxşı arqument deyil. Kiminsə səni sevməsi üçün minlərlə səbəb ola bilər. Gün ərzində səninlə birgə olan səni sevə bilər, sən bunu görər və buna inanmaq üçün bir neçə sübut əldə edərsən. Bu iç hiss heç də yaxşı deyil, keşişlər bunu vəhy adlandırır. Xarici hisslər də var ki, sən onun gözünə baxarsan, səsindəki mərhəməti, sevgini sezərsən. Budur sübut.

Bəzən insanların içlərində güclü bir hiss olur ki, bu heç bir dəlilə əsaslanmasa da, onlar həmin adamın onu sevdiyinə əmindirlər. Məsələn, elə bir insan olur ki, elə zənn edir ki, hansısa məşhur film ulduzu onu sevir, amma həmin məşhur onu heç görməyib də. İnsan düşündüklərinə bənzəyir. İç hissin doğru olması üçün dəlil lazımdır, yoxsa sən ona inana bilməzsən.

Bəli, elmdə də bu var, lakin bu, səni axtarış etməyə, bunun doğru olmasına dair faktlar tapmağa sövq edir. Alim bir ideyanın doğruluğuna inanmaq üçün ürəyini danmalıdır. Amma özlüyündə bu nəyəsə inanmaq üçün heç də tutarlı səbəb deyil. Bununla yenə də vaxtını səmərəli keçirmək, hansısa eksperiment aparmaq, buna sübut tapmaq üçün yaxşıdır. Alimlər yalnız ideya əldə etmək üçün iç hisslərindən istifadə edirlər.

Sənə söz vermişdim ki, ənənə mövzusuna bir də qayıdacam və buna başqa mövqedən yanaşacam. İstəyirəm ki, ənənələrin bizə niyə bu qədər vacib olduğunu izah edim. Bütün heyvanlar yaşamaq üçün yaranıblar (təkamül prosesi nəticəsində). Şirlər Afrika düzənliklərində yaşamaq üçün yaranıblar. Çay xərçəngləri təmiz suda yaxşı yaşamaq üçün yaranıblar, eləcə də istaqrozlar duzlu suda yaşamaq üçün yaranıblar. İnsanlar da, heyvanlar da yaxşı yaşamaq üçün yaranıblar. Biz, şir və istaqrozları özümüz ovlamırıq, onu kimdənsə satın alırıq, həmin adamlar da kimdənsə satın almışdır. Biz insan dənizində üzürük. Balığın suda yaşaması üçün qəlsəməyə ehtiyacı olduğu kimi, insanların da başqaları ilə ünsiyyət qurması üçün ağla ehtiyacı var. Dəniz kimi insanlar da çətindir. Onları öyrənmək, bir dili öyrənmək qədər çətindir.

Sən ingiliscə, dostunsa almanca danışır. Siz bir-birinizi daha yaxşı anlamaq üçün ortaq dildən istifadə etməli olursuz. Dillər də ənənə nəticəsində əsrlərlə keçərək yayılmışdır. Başqa yolu da yoxdur. İngiltərədə Pepe itə verilən addır, Almaniyada isə ona “ein Hund” deyirlər. Lakin bu adlar, "Pepe" Almaniyada, “ein Hund” isə ingiltərədə it adı kimi işlənə bilməz. İnsan ümmanında yaxşı “üzmək” üçün uşaq gərək ölkəsinin dilini və başqa şeyləri öyrənsin və belə nəticəyə gəlmək olar ki, uşaqlar suçəkən kağızlar kimi ənənəvi məlumatları özlərinə hopdurular (yadda saxla, ənənəvi məlumatlar da baba-nənədən, valideynlərdən keçərək yayılır). Uşağın ənənəvi məlumatları öyrənməsi üçün beyni ağ kağız kimi olmalıdır. Və uşağa bu ənənələrdən hansının yaxşı, hansının pis olması kimi seçimlər verilmir.

Təəssüf ki, bu belədir. Lakin başqa əlac da yoxdur, çünki uşaqlar ənənəvi məlumatları çox yaxşı bilməli, yaşlı insanların onlara öyrətdiyi şeylərə inanmalı, yaşlıların nəyin doğru, nəyin yalnış olması barədə söylədiklərinə əməl etməlidirlər. Düzdür, yaşlıların dediklərinin bəzisi həqiqətə uyğundur, yəni faktlara əsaslanır, ya da ən azından ağıllı səslənir. Lakin onlardan bəziləri də çox axmaqcasına və ədəbsizdir. Uşaqları bu şeylərə inandırmaqdan saxlamaq lazımdır. Amma nə etməli? Bəs yaxşı uşaqlar böyüyəndə nə edirlər? Əlbəttə, onlara öyrədilənlərin hamısını bir-bir gələcək nəsillərə öyrədirlər. Və bütün bunlar hətta yalnış olsa da, getdikcə ciddi əhəmiyyət daşıyır. Və onlar əbədi olaraq davam edir.

Bəs bu dinlərdə də varmı? Tanrının və ya tanrıların mövcudluğu, Cənnət, Məryəmin ölmədiyi, İsa Məsihin atasının insan olmaması, duaların yerinə yetirilməsi, şərabın qana çevrilməsi və s kimi inanclar heç bir məntiqi dəlilə əsaslanmır. Bununla belə insanlar buna inanır. Ola bilsin, bu inanclar onlara çox kiçik yaşlarında, hələ heç bir şey başa düşmədikləri vaxtlarda öyrədilib deyə belədir.

Milyonlarla insanın inancları da müxtəlifdir, çünki onlar hərəsi bir cür tərbiyə alıb, müxtəlif şeylər eşidiblər. Müsəlman uşaqları xristianlardan fərqli sözlər eşidib və onlar elə böyüdülüb ki, onlara öyrədilən şeylərin doğru olduğuna qəti şəkildə əmindirlər. Xristian kilsələri arasında da müxtəliflik var. Onların təbliğ etdikləri də fərqlidir. Və maraqlısı budur ki, onlar yalnız özlərinin doğru olduğunu, qalanlarının isə yalnış olduğuna inanırlar. Müxtəlif şeylərə inansalar da bu eyni səbəbdən baş verir, necə ki, sən ingiliscə, digəri isə almanca danışır, bu da elədir.

Hər iki dil yaşadıqları ölkələrdə əsas dildir. Lakin dinlər barədə bunu demək olmaz, çünki dinlər bir-birinə zidd nəsnələrin doğru olduğunu iddia edir, məsələn katolik kilsəsi Məryəmin ölmədiyini, protestant kilsəsi isə öldüyünü iddia edir.

Bəs biz nə edirik? Sən hələ balacasan, 10 yaşın təzəcə tamam olub, heç nə edə bilməzsən. Amma sən buna ən azından cəhd edə bilərsən. Nə vaxtsa kimsə sənə vacib bir şey deyəndə öz-özündən soruş: "Bu məntiqi görünürmü, buna sübut varmı?" Və yaxud, "görəsən, insanlar buna ənənə, hakimiyyət, vəhyə görə inanırlar?" Əgər kimsə sənə desə ki, filan şey düzdür, sən onlardan soruş: "Sizin buna sübutunuz varmı?" Əgər onlar sənə tutarlı bir cavab verə bilməsələr, ümid edirəm ki, sən onların dediklərinə inanmazdan əvvəl yaxşı-yaxşı düşünəcəksən.

Səni sevən atan.


Qaynaq: kultura.az
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top