November 30, 2013

Yaşlanmağın sirri tapıldı

Elm adamları beynin fiziki yaşlanmağı idarə edən hissəsini tapdıqlarını açıqladılar. Bu kəşf, qocalma sürətini azaltmaq üçün edilən müdaxilələrə alternativ olacaq.

Nature jurnalından alınan xəbərə görə, bədənimizin yaşlanmasının səbəbi beyində olan, inkişaf, artım və metbolizmaya nəzarət edən hipotalamusdan asılıdır. Yaşlanmanın səbəbinin beyində olduğu uzun müddətdir hesab edilsə də, aparılan yeni tədqiqat bu iddialara ilk dəlili gətirdi.

Tədqiqatçı qrup, siçanlar üzərində etdikləri təcrübələrdə, hipotalamusdan beynə siqnal ötürən NF-kb molekulunu aktivləşdirərək və ya dayandıraraq yaşlanmağı sürətləndirib-yavaşlatmağı bacardı. NF-kb molekulu aktivləşdirildikdən sonra qocalığın əlamətləri olan əzələ zəifləməsi, dərinin büzüşməsi, sümüyün əriməsi və yaddaş zəiflikləri böyük nisbətdə azaldıldı. Bundan başqa tədqiqatçılar siçanlara GnRH hormonu verərək yaşlanmağı yavaşlada bildiklərini dedilər.

Albert Einstein adına Tibb İnstitutunda aparılan tədqiqatlara başçılıq edən farmakologiya professoru Dongsheng Cai bu sözləri əlavə etdi:


"Təcrübələrimiz, hipotalamus hədəf alınaraq yaşlanmağa maneə törətmək üçün edilən ilkin strategiyaları əhatə edir. Tədqiqatların nəticələrinə görə, nəinki yaşlılıqla gələn xəstəliklərə qarşı müqavimət yaratmaq, hətta onları aradan götürüb yaşlanma sürətini azaltmaq da mümkündür. Amma hal hazırda yaşlanma prosesini tamamilə dayandıra biləcəyimizə inanmırıq."


Qaynaq: Nature
daha ətraflı...

1,75 milyard il sonra Yerdə həyat məhv olacaq

East Anglia Universiteti (UEA) Təbiət Elmləri fakultəsində aparılan tədqiqatda elmi-tədqiqatçı qrup qalaktikamız xaricindəki planetləri araşdıraraq, Yerin nə qədər müddətə "həyat üçün əlverişsiz" hala gələ biləcəyini öyrənməyə çalışdı. 

Nəticələri Astrobiology jurnalında dərc olunan tədqiqatda, getdikcə qızan ulduzların, Yerin də içində olduğu yeddi planetdəki "həyat üçün əlverişli bölgələr" üzərindəki təsirləri araşdırıldı.

Tədqiqata başçılıq edən Andrew Rushby mətbuata verdiyi açıqlamada bunları bildirdi:

"Tədqiqata görə, təxminən 1,75 milyard il sonra Yerdəki şərtlər insanların həyatı üçün əlverişli olmayacaq. Günəşin həcmi böyüyəcək, temperatur artacaq və okeanlar buxarlanacaq. Şərtlər insan həyatının davam etməsi üçün qeyri-mümkün hala gələcək. Amma tədqiqatda insanın səbəb olduğu iqlim dəyişikliyi ya da bir meteoritin planetimizlə toqquşması və ya atom müharibəsi kimi insan həyatını yox edə biləcək ehtimallar nəzərə alınmadı."

Qaynaq: NBC News
daha ətraflı...

Marsa aid ən qədim meteoritlər

Bu gün planetimizdə qədim Marsa aid bir neçə meteorit tapılmışdır. Bu meteoritlərin, Marsın asteroid bombalanmalarına məruz qalmasından sonra kosmosa atıldığı və onlardan bir neçəsinin bizim planetə düşdüyü hesab edilir.

Nature jurnalından alınan məlumata görə, bir neçə il əvvəl Mərakeşə düşmüş NWA7533NWA7034 meteoritləri 4,4 milyard il əvvəlki Marsa aid fraqmentlərdir. Alimlər, bu meteoritlərin əldə olan ən qədim Mars nümunələri olduğunu hesab edirlər.

Tapılmış fraqmentlər bizlərə Marsın qədim iqlimi və geoloji vəziyyətindən məlumatlar verə bilər, bu da qırmızı planetin təkamülünün öyrənilməsi üçün böyük əhəmiyyət daşıyır.

Florida Universitetindən olan geoloq Munir Humayun və həmkarları, Mərakeş ərazisinə düşmüş iki meteoritin (NWA7533 və NWA7034) mineral və kimyəvi tərkibini öyrənməyə başladılar. Geoloqlar NWA7533 meteoritinin kimyəvi və mineral tərkibinin, marsoxod "Spirit"in üzərində işlədiyi Marsdaki Qusev kraterinin tərkibinə oxşadığını fərq etdilər. Tərkibində xüsusilə nikel, iridium və osmiumun yüksək nisbətlərdə olduğunu görən alimlər, meteoritin 4,4 milyard il əvvəlki Marsa aid olduğu qənaətinə gəldilər.

Nəticələr, bu kiçik nümunələrin Marsın yaranmasından bir qədər sonra planetdən ayrıldığını göstərdi. Təxmini hesablamalara görə meteoritlər Marsdan qopduğunda Günəş sistemi hələ 100 milyon il yaşında idi. Bu tədqiqat, Marsın əslində hesab etdiyimizdən daha tez soyuduğuna və Yerin hələ formalaşmağa başladığı dövrlərdə qırmızı planetin artıq kifayət qədər qalın qabığa sahib olduğuna dair məlumatlar verdi.

Qaynaq: Nature
daha ətraflı...

Nəhəng ördəkburun fosilləri tapıldı

Tədqiqatçılar Avstraliyanın şərqində ördəkburunların nəsli kəsilmiş növünə aid fosillər tapdılar. Fosillər qədim ördəkburunların bu günkilərdən 2 dəfə böyük olduğunu və kiçik onurğalılar, həşəratlar və planktonlarla qidalandıqlarını təsdiq etdi. Nəsli kəsilmiş ördəkburun növü Obdurodon tharalkooschild adlandırıldı. Nəticələr Journal of Vertebrate Paleontology jurnalında dərc edildi.

Kolumbiya Universitetindən olan Rebecca Pian:


"Yumurtaqoyan məməlilər, misalçün, ördəkburun və yexidnalar cənub qitələrdəki məməlilərin təkamülünün son izləridir. Yeni tapılan ördəkburun növləri müasir yumurtaqoyanların necə təkamülləşdikləri mövzusunda məlumatlar gətirəcək."


Pian və həmkarları Queensland bölgəsində orta və gec Miosen dövrünə aid yataqları araşdıraraq Avstraliya sularında yaşayan müasir ördəkburunların potensial yaxın qohum növünü tapdılar. Alimlər burada iri kisəli məməlilərə aid bir neçə diş fosili nümunəsinə rast gəldiklərini dedilər. Fosillərin analiz və müqayisə etmə işlərindən sonra, elm adamları qalıqların qədim nəhəng ördəkburuna aid olduğu qənaətinə gəldilər.

Diş qalıqlarının analizləri növün təkcə planktonlarla deyil, həm də kiçik onurğalılar və həşəratlarla qidalandığını göstərdi. Qida rasionunda balıqlar və amfibiyaların olduğunu qeyd edən alimlər, növün təxminən 15-5 milyon il əvvəl yaşadığını açıqladılar.

Qədim ördəkburunların daha iri olduğu faktı bu növlərin təkamülünün hesab etdiyimiz kimi asan baş vermədiyini göstərir. Alimlərin dediyinə görə, Avstraliyada nəsli kəsilmiş nəhəng ördəkburunlarla birlikdə, həm də bu günki kiçik ölçülərə qədər təkamülləşmiş ördəkburunların əcdadları yaşamış ola bilər.

Qaynaq: Live Science , The Conversation
daha ətraflı...

November 29, 2013

Yeni "Big Bang" baş verə bilər

Keçən il kəşf olunan Hiqqs bozonu kainatın sonuna dair məlumatlar verə bilər. Fermi adına sürətləndirici Milli laboratoriyadan olan fizik Joseph Lykken hər il keçirilən AAAS konfransında kainatın məhvini izah edən nəzəriyyəni təqdim etdi.

Lykken'in dediyinə görə keçən il Böyük Adron Kollayderinin detektorları tərəfindən tapılan Hiqqs bozonu kainatın qeyri-stabil olduğu hipotezini təsdiq edir. Bu da kainatımızın gec və ya tez bir zamanda məhv olacağına dair məlumatlar təmin edir.

Peter Higgs 1964-cü ildə elementar hissəciyin mövcudluğuna dair nəzəriyyə hazırladıqda, onun kütləsinin 114 geV-dən bir neçə yüz geV (qiqaelektronvolt) arasında olduğunu hesab edirdi. Kəşf olunan subatom hissəciyin qeyri-stabil xüsusiyyətləri kainat vakuumunun əvvəllər hesab ediliyi kimi çox da "boş" olmadığını göstərdi. Əgər vakuum müəyyən enerji ehtiyatına sahibdirsə məkanın hər hansı bir nöqtəsində təsadüfi olaraq yeni "həqiqi vakuum" yarana bilər.

Lykken izah edir:


"Kvant fluktuasiyası səbəbindən anidən yeni bir kainatı formalaşdıracaq kiçik vakuum şarı meydana gələ bilər. Aşağı enerji səviyyəsi də onu, ətrafındaki hər şeyi udaraq işıq sürətilə genişləndirəcək."


Görünür ki, söhbət yeni bir Böyük Partlayışın baş verməsindən və yaranan kainatın əvvəlkini əvəz etməsindən gedir. Buna baxmayaraq kainatımızın yaranışından bu ana qədər davam edən 14 milyard ilə yaxın müddətdə belə bir partlayış baş verməmişdir, baş versəydi belə bu proses çox sürətli şəkildə inkişaf edəcəkdi. Alimlər, belə bir partlayışın baş verməsi üçün hələ qarşıdaki bir neçə milyard ilin keçməsi lazım olduğunu hesab edirlər.

Yeni kainatın yaranmasına təkan verəcək hipotetik şar mümkün olan maksimal sürətlə inkişaf edəcək, bu da kainatımızın sonunun nə vaxta təsadüf edəcəyinə dair məlumatlara yiyələnməyəcəyimizi göstərir. Bu proses çox az vaxt tələb edəcək və bir kainatın yaranmasıyla digərinin məhvi üst-üstə düşəcək.

Bu nəzəriyyə üçün planlaşdırılan tədqiqatlar 2015-ci ildə Böyük Adron Kollayderində aparılacaq.

Qaynaq: ScientificAmerican
daha ətraflı...

November 28, 2013

Dinozavr beyni rekonstruksiya edildi

Alimlər dinozavrların beynini rekonstruksiya etdilər. Dediklərinə görə, dinozavrların beyni alliqatorlar və quşlar arasında "orta dərəcəyə" sahib olmalıdır.

Yumşaq toxumalar, misalçün beyin toxumaları fosillərdə yaxşı qorunmurlar. Bu səbəbdən Erich Jarvis və həmkarları quş və alliqator beyinlərinin məlumatı əsasında dinozavr beyninin xəritəsinin hazırlamağa çalışdılar. Alliqatorlar dinozavrlarla ortaq əcdada sahibdir, quşlarsa dinozavrlardan ayrılan son qoldur. Bu məlumata əsaslanaraq alimlər dinozavr beyninin digər iki qrup arasında orta dərəcəyə sahib olduğunu hesab edirlər.

Tədqiqatçılar, səslə ünsiyyət qura bilən canlıların beynindəki bu xüsusiyyətə cavabdeh olan hissələri yaxşıca araşdırdılar. Bunun üçün onlar beynin müxtəlif hissələrində gen fəaliyyəti qeydinə əsaslanan texnika istifadə etdilər.

Həmkarları ilə birlikdə Jarvis, quşları və alliqatorları qaranlıq otağa yerləşdirdilər və səslərini qeydə almağa başladılar. Daha sonra onları öldürərək dərhal beyinlərini çıxardılar, dondurdular və ardından beynin müxtəlif hissələrindəki gen fəaliyyətini müəyyən etmək üçün onu nəzik dilimlərə kəsdilər.


Dinozavrların beyni haqqında təsəvvür əldə etmək üçün alimlər alınan məlumatları birləşdirdilər və tirannozavr, allozavr və arxeopteriksin əcdadlarının kəllə sümüyü ölçüşünə böyütdülər.

Nəticələr dinozavrların beyninin olduqca inkişaf etmiş olduğunu göstərdi. Tədqiqatçıların dediyinə görə diozavrlar hətta bu günki bəzi davamçıları kimi xüsusi səslərlə ünsiyyət də qura bilərdilər. Belə vəziyyətdə dinozavrlara yırtıcı olmaqla bərabər, həm də xüsusi davranışlara sahib olan canlılar kimi baxmaq lazım olacaq. Tədqiqatın nəticələri həmçinin dinozavrların bundan başqa bir çox digər çətin xüsusiyyət və davranışlarının da ola biləcəyi məlumatına işıq tutdu.

Qaynaq: LiveScience
daha ətraflı...

Parazitlər geri təkamül keçirir



Michigan Universitetindən olan tədqiqatçılar, çox geniş əhatəli DNT ardıcıllama üsulları istifadə edərək Psoroptidia fəsiləsinə aid ev gənələrinin ətraflı filogenetik keçmişini ortaya çıxardılar. Olduqca parazitar həyat sürdürən bu xüsusiləşmiş gənələrin təkamül keçirərək yenidən, azad və parazitar olmayan əcdadlarına oxşar şəkildə dəyişdikləri məlum oldu. Tədqiqatçılardan prof. Klimov mövzuyla əlaqədar bunları dedi:

"Parazitlər evlərini istismar etmək üçün nəsillər içərisində olsa da, çox sürətli bir təkamül müddətindən keçə bilirlər və bu sayədə olduqca mürəkkəb xüsusiyyətlər təkmilləşdirirlər. Oxşar təkamülü, bu xüsusiyyətlərini itirərək evlərdən ayrılmaq üçün də keçirə bilərlər. Evlərin həm həyat sahəsi, həm də qida təmin etdiyi mühitlərdə bu parazitlər bir çox genlərini ya tamamilə itirirlər, ya da bu genlər funksiyasız hala gəlirlər; çünki bu genlərə artıq ehtiyac yoxdur və bu genlərin təmin etdikləri xüsusiyyətlər, evdən istismar edilərək əldə edilə bilər. Bir çox tədqiqatçı bu dərəcə mürəkkəbləşmiş şəkildə təkamülləşən xüsusiyyətlərin geri döndürülə biləcəyinə inanmırdı."

Amma aparılan tədqiqatlar, təkamül prosesi içərisində "geri təkamül" adıyla tanınan bir dəyişmə dövrünün mümkün olduğunu göstərir. Daha əvvəllər də geri təkamülə dair saysız nümunə kəşf edilmişdi (qurbağaların çənə dişlərinin geri təkamülü, balina və delfinlərin qurudan dənizlərə dönməsi və s.). Bu kəşflər bir növün əcdadlarının xüsusiyyətlərinə doğru geri təkamülləşə biləcəyini sübut etmişdir.

Beləcə təkamülün davamlı olaraq təkcə irəli və yeni, daha inkişaf etmiş xüsusiyyətlərə doğru baş vermədiyi, ekoloji faktorlara ən uyğun xüsusiyyətlər hansılardırsa, onların təkamülləşdiyi və lazım olsa köhnə xüsusiyyətlərin yenidən təkmilləşə biləcəyi bir daha təsdiq edilmiş oldu.

Qaynaq: ScienceDaily
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top