February 18, 2015

"Interstellar" filmi yeni elmi kəşf təmin edib

Rejissor Kristofer Nolanın elmi-fantastik filmi "Interstellar" mütəxəssislər tərəfindən çoxlu sayda müsbət rəylər qazanmaqla, beş "Oskar" nominasiyası almağı bacarıb. Lakin məşhur filmin qazandırdıqları bununla kifayətlənmir. Məlum olub ki, filmə konsultant kimi çıxış edən astrofiziklər, filmin hazırlanması və təhlili prosesində yeni elmi kəşfə imza atıblar.

Classical and Quantum Gravity jurnalında dərc edilən məqalənin ABŞ və İngiltərədən olan müəlliflərinin "Interstellar" filminin ərsəyə gəlməsində əməyi keçib. Dediklərinə görə, ilk dəfə kompüter modeli köməyilə qara dəlik yaxınlığında olan kameranın, qara dəliyi və yanında yerləşən qalaktikaları necə göstərə biləcəyini nümayiş etdiriblər.

Alimlər məqalədə ümumi tənlikləri qeyd edirlər. Dövrə vuran qara dəlik yaxınlığında işığın yayılmasını izah edən proqramın hazırlanması üçün məhz bu tənliklərdən yararlanılıb. Mütəxəssislərin bu yeni metodik yanaşması bununla fərqlənir ki, ayrı-ayrılıqda işıq şüalarının deyil, bir yerdə şüa yığınının yayılması modelləşdirilməsini nəzərdə tutur. Bu sayədə adi sxematik görüntülərin əvəzinə yüksək keyfiyyətli realistik animasiyalar əldə etmək olar.

Astrofiziklər belə bir texnologiyanın gələcəkdə aparılması planlaşdırılan daha dəqiq kosmik tədqiqatlarda istifadə olunacağını qeyd edirlər. Sözün qısası, hərəkətdə olan deformasiyalı işıq şüaları səbəbindən keyfiyyətsiz olaraq əldə edilmiş görüntülərlə bağlı problemlər gələcək araşdırmalarda artıq aradan qaldırılmış olacaq.

Xatırladaq ki, "Interstellar" filmi ötən ilin noyabr ayının əvvəlində böyük ekranlara çıxmışdı. IMDb statistikasına görə 2014-cü ilin ən yüksək reytinqli filmi seçilən bu elmi-fantastik kino lentində hiperməkan uçuşları, qara dəliyə daxil olma, beşölçülü sferaya düşmə və zaman səyahəti kimi insanları düşündürən müxtəlif və geniş elmi əsaslı ideyalar yer alır. Filmin konsultantlarından biri məşhur astrofizik Kip Torndur.

"Bir neçə il əvvəl dostum Kip Tornla, onun və Linda Obstun köstəbək dəlikləri haqda bəhs edəcək elmi-fantastik film ideyaları barədə diskussiya aparırdım. Bu ideyalar Kristofer Nolanın "Interstellar" filminin bir hissəsinə çevrildi. Kip və mən 29 oktyabrdakı Böyük Britaniya premyerasına yollandıq", - britaniyalı nəzəri fizik və kosmoloq Stiven Hokinq də filmdən razı qaldığını deyir.

Həmçinin oxuyun:

"Interstellar" və zaman səyahəti mövzusu
Qara dəliyin içərisində yaşayırıq?
Bizi əhatə edən reallıq holoqram ola bilər
daha ətraflı...

Viaqraya alternativ hörümçək zəhəri

Koreyalı alimlər Phoneutria cinsindən olan hörümçəyin zəhərində bu gün apteklərdə satılan potensiya artırıcı preparatları gələcəkdə sıxışdıraraq, əvəz edə biləcək zülalı aşkar ediblər.

Phoneutria cinsindən olan braziliyalı gəzərgi hörümçəyin (Brazilian wandering spider) zəhərini cinsi zəifliyin müalicəsində istifadə etmək olar, alimlər hesab edir. Koreyalı mütəxəssislərin əldə etdiyi nəticələrə görə, Phoneutria nigriventer-in zəhəri insanın qanına düşdükdə ağız sulanmasının artımı və bir neçə saatlıq tənəffüs çətinliklərinə gətirib çıxara bilər. Lakin zəhərin insan orqanizminə ən maraqlı təsiri budur ki, priapizmə, yəni seksual coşma ilə əlaqəsi olmayan uzunmüddətli ereksiyaya səbəb olur.

Alimlərin dediyinə görə, sonuncu "əlavə" effekt bununla izah olunur ki, penisin erektil toxumasının kavernoz cisimləri bolluca qanla doludur. Bu təsirə isə Phoneutria cinsindən olan hörümçəyin zəhərinin tərkibində yer alan PnTx2-6 zülalı səbəb olur.

Koreyalı alimlər artıq siçovullar üzərində bir sıra təcrübə həyata keçiriblər. Qeyd edilir ki, toksik zülal heyvanlara müsbət təsir göstərib, onların erektil funksiyaları əhəmiyyətli dərəcədə artıb. Qana azot-oksid (NO) azad olması ilə əlaqəlidir ki, qan damarlarını genişləndirərək, qan dövranını yaxşılaşdırır.

Hal-hazırda mütəxəssislər PnTx2-6 zülalı əsasında yeni preparatın hazırlanması işi üzərində işləyirlər. İmpotensiyaya qarşı yeni dərmanın əvvəlkilərdən fərqli olaraq daha az əks təsirə səbəb olacağı hesab edilir. Alimlər viaqra qəbulundan sonra belə müsbət nəticə əldə etməyən kişilərə yeni preparatın yardım edəcəyini güman edirlər.

Həmçinin oxuyun:

Seks beyin fəaliyyətini gücləndirir
QİÇS-ə qarşı mutasiya
İlk avtonom süni ürək köçürüldü
daha ətraflı...

February 17, 2015

İlk Mars ekspedisiyası üçün 100 namizəd seçildi

Mars One layihəsi təşkilatçıları Qırmızı planetin ilk potensial sakinləri olacaq könüllülərin siyahısını bir az da qısaldıblar. Belə ki, 2024-cü ildə Marsa göndəriləcək namizədlərin sayı yüzə endirilib. Bu könüllülərin bir neçəsi həyatlarının sonuna qədər orada qalmaq şərtilə, Marsa yola düşəcəklər.

Qırmızı planetin kolonizasiyası üçün təşkil edilmiş Mars One layihəsində iştirak etmək istəyənlərin sayı əvvəldən 202.586 nəfər idi. Psixoloji, fiziki və intervyu test mərhələlərindən sonra onların sayı yüzə endirildi. İndi bu namizədlərdən hər birisinin insan ayağı dəyməmiş Marsın ilk sakinləri olaraq, adlarını tarixə yazdırma şansları var.

Layihənin rəsmi saytında xəbər verilir ki, növbəti ixtisar mərhələsi 16 fevral tarixində baş tutub. Geriyə qalan yüz nəfər namizədi daha bir neçə seçmə mərhələsi gözləyir ki, yekunda onların sayı cəmi dörd nəfərə endiriləcək. Məhz bu dörd nəfər kolonizasiya proqramı çərçivəsində Marsa yollanaraq, oradaki vəzifələrinə başlayacaq.

Könüllü astronavtların uçuşunun 2025-ci ilədək yerinə yetiriləcəyi gözlənilir. Yer sakinləri onların Marsdaki yaşayışını canlı yayımlanacaq realiti-şou formatında izləyə biləcəklər. Marsdaki ilk insanlar yaşayış üçün vacib hər şeylə təmin ediləcək kiçik bir düşərgədə yerləşdirilərək, ömürlərinin sonuna qədər orada yaşayıb-yaradacaqlar. Daha sonraki Mars ekspedisiyalarında isə növbəti seçilmiş namizədlər oraya göndərilərək, əvvəlkilərin işini davam etdirmiş olacaqlar və beləcə bəşəriyyət tarixində ilk dəfə bir planet insanın yaşayışı üçün əlverişli hala salınacaq.

Bu ana olan nəticəyə görə yüz könüllüdən 39-u amerikalı, 31-i avropalı, 16-ı asiyalı, 7-i afrikalı və 7-i okeaniyalıdır. Ən gənc iştirakçının yaşı 20, ən yaşlınınsa 60-dır. Onların arasında tələbələr, mühəndislər, hətta alimlər belə var. Kişi və qadınların sayı tam bərabərdir.

Qeyd etmək lazımdır ki, ötən həftə The Guardian nəşriyyatı "If I Die on Mars" (Əgər Marsda Ölsəm) adlı sənədli film təqdim edib. Qısametrajlı filmdə Mars One layihəsi iştirakçılarından bəziləri hansı səbəblərdən Yeri Marsa dəyişməyə hazır olduqlarından bəhs edirlər.

Mars One layihəsi haqda ətraflı məlumat almaq üçün klikləyə bilərsiniz.

Həmçinin oxuyun:

"Mars One" layihəsi üçün 1058 nəfər seçildi
Marsın ilk sakinləri uşaq doğmayacaqlar
"Yerlilərdən" Marsa 90 min məktub
daha ətraflı...

February 10, 2015

Süd Yolu qalaktikası mərkəzində qaranlıq materiya

Ulduzlardan kompüterlərə qədər görməyə vərdiş etdiyimiz bütün obyektlər adi materiyadan qurulub. Bu materiya kainatın cəmi 4%-ini təşkil edir. "Bizim reallıqla" qarşılıqlı əlaqəyə girməyən müəmmalı qaranlıq materiyaya düşən pay isə bundan 5 dəfə çoxdur. O, işığı nə həbs edir, nə əks etdirir, nə də deformasion hala salır. Nə güclü, nə də zəif subatom əlaqələrə girir və özünü, adi maddəni cəzb edən "gizli kütlə" kimi büruzə verir.

Hesab edilir ki, məhz qaranlıq materiyanın güclü cazibə qüvvəsi kainatın genişmiqyaslı strukturunun mövcudluğunu davam etdirərək, qalaktikaların təkamülünü idarə edir. Qaranlıq materiyanın izləri hər yerdədir, amma ona heç yerdə rast gəlmək olmayıb. Bu günə qədər onun mövcud olduğuna dair konkret dəlillər qeydə alınmayıb. ESO laboratoriyasından olan avropalı alimlərin apardığı yeni tədqiqat əsrin hələlik ən mühüm kəşfini aşkara çıxara bilər.

Məsələ burasındadır ki, alimlər hələ də qaranlıq materiyanın Süd Yolu qalaktikasında necə paylandığını aydınlaşdıra bilmirlər. Bəziləri hesab edir ki, qaranlıq materiya qalaktika ətrafında bir növ xarici qabıq formalaşdıraraq, onu əhatə edir. Digərləri isə onun müəyyən miqdarının elə qalaktikanın mərkəzində olduğunu iddia edir. Alimlərin gəldiyi yekun, ikinci versiyanın daha doğru olduğunu göstərir: bir müddət əvvəl aparılmış tədqiqatın nəticələrinə əsasən, Süd Yolu qalaktikasının aktiv mərkəzində kafi miqdarda qaranlıq materiya mövcuddur - daha doğrusu, ona aid izlər.

Alimlər qalaktikamızın müxtəlif bölgələrindəki ulduzların öz sürətini öyrənərək, qalaktika mərkəzi ilə aralarındakı məsafədən asılı olaraq sürətin necə dəyişdiyini göstərməyə nail olublar. Bu məlumatlar Süd Yolu qalaktikasının yeni modelinin hazırlanması prosesi gedişatında istifadə edilib. Tədqiqatın müəllifləri bildirir ki, qaranlıq materiya və onun cazibə qüvvəsi nəzərə alınmadığı təqdirdə, müşahidə olunan ulduzların sürət göstəriciləri uyğunluq təşkil etməyəcək.

Modeli və müşahidələri birləşdirməyin yeganə yolu Süd Yolunun mərkəzində olduğu hesab edilən müəyyən miqdarda qaranlıq materiya təsirini işin içinə qatmaqdır. Yəqin ki, bundan sonra qaranlıq materiya ovu digər qalaktikalarda deyil, bilavasitə Süd Yolu qalaktikamız mərkəzində aparılacaq.

Həmçinin oxuyun:

Qaranlıq materiya nəhayət tapılmış ola bilər
Kainatımızın gələcəyi boş və darıxdırıcı ola bilər
İşığın sürəti daha azdır?
daha ətraflı...

February 7, 2015

İnsanın təkamülü davam edir

İnkişaf etmiş ölkələrdə ölənlərin və doğum sayının azalması kimi faktorların təsirinə baxmayaraq, insanın təkamülü davam edir, üstəlik onun tempi ibtidai dövrdəki ilə müqayisə edilə biləcək səviyyədədir, alimlər hesab edir.

Müasir dövrdə təbii seçmənin insan üzərindəki təsirinin elə də güclü olmadığı fikri hardasa məntiqli olsa da, alimlərin apardığı yeni araşdırma bu tezisi təkzib edir. Genetik və təkamülçü bioloqlar Finlandiyanın genealoji tarixini, ümumiyyətlə son illərdə insanın boy, çəki, ömür müddəti kimi xüsusiyyətlərini və genetik mutasiyalarını müqayisə və analiz etmək qərarına gəliblər.

Məlum olub ki, əksər fin ailələri özlərində genealoji arxiv daşıyırlar, yəni onlarda XVIII əsr və daha əvvəlki dövrə aid insanların informasiyaları qorunur. 10.000 min insana aid məlumatlar yığıldıqdan sonra DNT və əcdadlarla bağlı digər informasiyalar təhlil edilib.

Mütəxəssislər genomları müqayisə edərək, Finlandiyanın XVIII-XIX əsr sakinlərinə aid əlamətlərdəki variasiyaların 4-18%-inin ictimai-iqtisadi xarakter faktorlarının deyil, müxtəlif genetik mutasiyaların nəticəsi olduğunu aydınlaşdırıblar. Genetik mutasiyaların insanın əlamətlərinin formalaşması üzərində təsiri əhəmiyyətsiz kimi görünə bilər, amma bu, belə deyil. Tarixdən əvvəlki dövrdə də buna oxşar vəziyyət mövcud olduğundan, görünür, insanın təkamülü, hansı ərazidə baş verməsindən asılı olmayaraq, hələ də dayanmayıb.

Alimlərin rəyinə görə, XX əsrdə bu prosesin sürətləndiyinin şahidi olmaq olardı. Təbii seçmə effektinin artmasını belə şərh etmək olar ki, həmin dövrdə sosial-iqtisadi xarakter faktorları qədim dövrlərdə olduğunun əksinə olaraq, seksual partnyorun seçiminə daha az təsir göstərirdi. Beləliklə, müasir insanın partnyor seçimində daha az məhdudiyyətə malik olduğunu vurğulamaq olar.

İsveçli tədqiqatçı Elizabet Bolund təbii seçmənin təkamül üzərindəki təsirinin xüsusilə Finlandiya və digər inkişaf etmiş ölkələrin son bir neçə nəsil nümunələrində çox yaxşı fərq edildiyini qeyd edir.

Mütəxəssislər təkamülün olduqca "mühafizəkar" proses olduğunu hesab edirlər. Bu prosesdə verilən bioloji qərarlar öz dövrünün ehtiyaclarını hər zaman qarşılamır. Bu mənada müasir dövrdə yaşayan hər bir insan əvvəlki nəsillərin bir növ "girovudur". Bununla da gələcəyin insanının müasir Homo sapiens-dən kifayət qədər fərqlənəcəyini proqnoz etmək olar.

Həmçinin oxuyun:

Televizor seyr etmək insanın təkamülünü gecikdirir
Genomumuzun cəmi 8,2%-i funksiyaya malikdir
Balıqçılar yeni ibtidai insan növü tapdılar
daha ətraflı...

January 28, 2015

Balıqçılar yeni ibtidai insan növü tapdılar

Yaponiya, Tayvan və Avstraliyadan olan alimlər yeni ibtidai insan növü aşkar ediblər. Bu növün nümayəndələrinin qədimdə müasir Şərqi Asiya ölkələrinin ərazisində yaşadıqları bəlli olub.

Yeni ibtidai insan növünə "Penxu adamı" adı verilib. Növün qalıqları Tayvanın qərbində yerləşən Penxu adasında balıqçılıqla məşğul olan yerlilər tərəfindən təsadüfi olaraq tapılıb. Alimlər balıqçı toruna düşən çənə sümüyü fraqmentlərinin ilk öncə sinantrop və ya pitekantropa aid olduğunu düşünsələr də, daha sonra yanıldıqlarını anlayıblar.

Çənə sümüyü ilə birlikdə qorunub qalmış bir neçə diş nümunələrinin anatomik quruluşu analiz edildikdən sonra, bunların Homo erectus-a oxşar qədim insan qrupuna aid olduğu təyin olunub. Yeni Penxu adamı ağır çənə sümüyü ilə fərqlənir - bu xüsusiyyət ən qədim insan nəsli nümayəndələrinə xarakterikdir. Bərk qidanı çeynəmək üçün güclü və ağır çənə strukturu təkamülləşdirmiş bu növün, daha sonralar meydana gəlmiş insanlarla "qabağa çıxan" çənə oxşarlığı yoxdur.

Müasir elmi tapıntılara əsasən, Homo sapiens-in əcdadları öz qədim yurdları olan Afrikanı 1-1,4 milyon il əvvəl tərk edərək, digər qitələrə köç etmişdirlər. Homo erectus növü nümayəndələrinin ilk əvvəl Şərqi Afrikaya tərəf yol aldıqları, ardından isə Cənub-Şərqi Asiya da daxil olmaqla, dünyanın müxtəlif yerlərinə yerləşdikləri məlumdur.

Radiokarbon analizi üçün vacib orqanika yuyulmuş olduğundan, aşkar olumuş nümunənin dəqiq yaşını təyin etmək çətindir. Qalıqların təxmini yaşının 150.000-450.000 arası olduğu güman edilir. Mütəxəssislər qarşılaşdıqları növün bəlkə də Tayvanın ilk sakinlərindən biri olduğunu qeyd edirlər. Sinantroplar və pitekantroplar kimi, Penxu adamı da müasir insana birbaşa əcdad deyil. Asiya ərazisində əvvəldən dörd nəsli kəsilmiş insan yarımnövünə aid qalıqlar tapıldığı səbəbindən, alimlər adıgedən ərazinin yarımnövlərarası mübarizə arenası ola biləcəyini ehtimal edirlər.

Həmçinin oxuyun:

Tapılmış əl sümüyü təkamül boşluğunu doldurur
Təkamülü dəyişdirən yeni insan fosili
Daun sindromlu ən qədim insana aid skelet aşkar edildi
daha ətraflı...

January 27, 2015

"Bəlkə yadplanetli axtarışı strategiyamız yalnışdır?"

Yerdənkənar sivilizasiyaların axtarışı və onlarla əlaqə yaradılması üsullarına dəyişikliklər edilməlidir, alimlər hesab edir. Yarım əsrə yaxındır axtarışda olan ağıllı kosmik qardaşlarımızdan səs-soraq yoxdur. Yüksək intellektli yadplanetli varlıqların kosmosa yaydığı siqnalların axtarışı nəticə verməyibsə, bəlkə səhv bizdən qaynaqlanır?

Kainatımız o qədər böyük bir yerdir ki, burada həyatın yalnız Yerdə inkişaf etmiş ola biləcəyi versiyası şübhəli səslənir. Bir neçə onillikdir ki, alimlər həyat əlamətləri ola biləcək, həyat üçün əlverişli şərtlərə malik astronomik obyektlərin axtarışındadırlar. Hər hansı bir planetdə həyatın hansı yollarla yaranmış ola biləcəyi və ya uzaq kosmosda yadplanetli varlıqların sivilizasiya səviyyəsinə qədər inkişaf edib-etmədikləri məhz astrobiologiya adlı gənc elm sahəsinin cavab tapmağa çalışdığı suallardır.

Bununla əlaqəli olaraq ötən əsrin ortalarında SETI (yadplanetli sivilizasiyalarının axtarışı üzrə tədqiqat mərkəzi) layihəsinin təməli qoyuldu. Layihənin məqsədi dar diapazonda yüksək intellektə sahib yadplanetlilərin kosmosa yaydıqları radiosiqnalların axtarışından ibarət idi. Lakin SETI digər ehtimalı da gözardı qoymur: işdir, əgər qabaqcıl texnologiyaya malik yadplanetlilər bizimlə könüllü şəkildə əlaqə yaratmaq istəsə, onların ünvanlı mesajını cavabsız qoymaq nə dərəcədə düzgün olardı?

Berklidə yerləşən Kaliforniya Universitetindən olan Devid Messerşmitt kosmosa yayılmış ola biləcək potensial yadplanetli sivilizasiyası siqnallarının axtarışı strategiyasına bəzi dəyişikliklər edilməsinin lazım olduğunu irəli sürür. Hesab edir ki, dar diapazonda davamlı siqnal ötürmək üçün yadplanetli sivilizasiyaların enerji ehtiyatı kafi miqdarda olmaya bilər və ya belə diapazonda böyük enerji israfının qarşısını almaq üçün, ona qənaət etmək istəyə bilərlər. Başqa deyimlə, əgər söhbət bizdən dəfələrlə artıq inkişaf etmiş varlıqlardan gedirsə, belə üsul onlara əlverişsiz və "baha" başa gəlməlidir. Professor Messerşmitt qeyd edir ki, əvəzində daha geniş tezlik diapazonunda tək-tək və qısa siqnalların axtarışı ilə məşğul olmaq daha effektivdir.

Bunun üçün Messerşmitt rəsədxanaların qəbul edici cihazlarını yenidən tənzimləmək və qeydə alınan siqnalların bərpasına nəzarət edən proqram təminatını modifikə etməyi təklif edir.

"Lakin Yerdənkənar sivilizasiyalara aid izlərin dar diapazonda da axtarışı davam etdirilməlidir", - hər iki axtarış texnikasının vacib olduğunu hesab edən Messerşmitt, deyir.

Yadplanetlilərlə heç vaxt əlaqə qura bilməyəcəyimizə bir çox səbəblər var. Onlar bizdən xeyli uzaqda ola da, bizimlə əlaqə yaratmaq istəməyə də bilərlər. Doğma planetimiz olan Yerdə bu qədər qarışıq və müxtəlif canlı davranışlarına rast gəliriksə, oxşar amma bizim üçün yad ola biləcək, anlamadığımız yadplanetli zəkasının bizə qarşı "biganəliyini" niyə nəzərə almayaq ki? Hər halda Dreyk tənliyi qalaktikada tənha olduğumuz ehtimalının olmadığını göstərir. Bəlkə də bu mühüm sirrə məhz professor Messerşmittin irəli sürdüyü yeni üsulun tətbiqi sayəsində aydınlıq gətirilmiş olacaq və nəhayət anlayacağıq: "onlar" yoxdur yoxsa biz səhv edirdik?

Həmçinin oxuyun:

"Yadplanetliləri taparıq... siyasətçilər qoysa"
Kainatdaki həyatı qamma-partlayışlar məhv edir
20 il sonra yadplanetlilərlə ilk əlaqə yaradılacaq
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top