January 19, 2015

"Kepler" 3 Yerə oxşar ekzoplanet aşkar edib

Ötən ilin may ayında yenidən aktivləşdirilmiş "Kepler" kosmik teleskopu Günəş sistemi yaxınlığında bir neçə ekzoplanet aşkar etməyə nail olub. Bu ekzoplanetlər Yerlə müqayisə edilə biləcək ölçüdədir.

Tapılmış planetlər, Günəş sisteminə ən yaxın parlaq obyektlərdən biri olan və şir bürcü ulduz qrupunda yerləşən EPIC 201376065 ulduzu ətrafında dövrə vurur. Mütəxəssislər ulduzun parlaqlığındaki yırğalanmalara diqqət yetirərək, əyri parıltıları analiz ediblər. Tədqiqat Avropa cənub rəsədxanası, həmçinin bir sıra ABŞ rəsədxanaları köməyilə aparılıb. Nəticədə planetlərin bəzi vacib göstəriciləri (obyektə qədərki məsafə, radius və s.) hesablanıb.

Hər üç planet kifayət qədər kiçik ölçüdədir və kiçik superyerlər kateqoriyasıa aid edilirlər. Onları həm də Yerin "əkizləri" deyə adlandırırlar. Planetlərin radiusu Yerinkini təxminən 2 dəfə üstələyir. EPIC 201367065 ulduzu isə kiçik soyuq qırmızı cırtdanlardandır, ölçüsü və kütləsi Günəşin analoji göstəricilərindən təxminən 2 dəfə azdır. EPIC 201367065 bizdən 150 işıq ili uzaqlıqda yerləşsə də, kosmik ölçülərlə bu məsafə "yaxın" hesab edilir.

NASA-nın astronomik peyki olan "Kepler" teleskopu, ekzoplanetlərin aşkar edilməsi üçün planlaşdırılan yüksəkhissiyatlı fotometrlə təchiz olunub. Həmin cihaz 12 may 2013-cü ildə sıradan çıxmış, lakin təxminən bir il sonra, 30 may 2014-cü ildə alimlərin səyilə yenidən "canlandırılaraq", yeni "K2" missiyasına keçid almışdı.

Aşkar edilmiş ekzoplanetlərin sonraki tədqiqatları üçün artıq kosmik teleskop "Xabbl"ın (Hubble) imkanlarından yararlanılacaq. Alimlər növbəti araşdırmalarda ekzoplanetlərin atmosferi, kimyəvi tərkibi, kütləsi və sıxlığı ilə maraqlanacaqlar. Ümumiyyətlə qeyd edilmiş ulduz sistemi elmə mühüm məlumatlar təmin edə bilər. Belə ki, bu sistemin planetlərinin birində hətta maye sudan ibarət okeanın mövcud ola biləcəyi ehtimal edilir.

Həmçinin oxuyun:

"Kepler" dirildi: Yeni ekzoplanet tapılıb
"New Horizons" yuxudan oyandı: Pluton araşdırmaları başlanır
"İkinci Yer" olmağa namizəd planet tapılıb
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top