1. Marsa bir addım da yaxın
Növbəti 10-15 il ərzində Marsda ilk insan koloniyasını qurmağı planlaşdıran və eyni zamanda canlı yayımlı televiziya proqramı olan "Mars One" layihəsi üçün ilk işlərə başlandı. Qırmızı planetdə bəşəriyyəti təmsil etmək istəyən könüllü 1058 nəfər seçildi. Növbəti illərdə isə əlavə testlərin nəticəsindən asılı olaraq onların içindən 4-ü seçilərək, 2023-ci ildə Yerə qayıtmamaq şərti ilə Marsa göndəriləcək.
2. Qara dəlik mövcud deyil
Britaniyalı fizik Stiven Hokinq böyük ulduzların enerji tükənməsinin nəticəsi olaraq meydana gələn Qara Dəliklərin əslində bildiyimiz mənada mövcud olmadığını ya da onları düzgün anlamadığımızı irəli sürdü. Bu iddiasına səbəb Qara Dəliklərin ətrafındaki kvant-qravitasion effektlərin, Qara Dəliyin "hadisələr üfüqü" adlanan, xarici və daxili aləmləri arasındaki sərhədini deformasiya etdiyi, buna görə də belə bir obyektin sərhədinin dəqiq müəyyənləşdirilə bilinmədiyi, dolayısıyla da mövcud olmadığıdır. Hokinqin etdiyi kəşf faktlara əsaslansa da, bəzi alimlər tərəfindən birmənalı qarşılanmadı.
3. Şanssız dinozavrlar
Yer tarixi ərzində burada yaşamış növlər arasında, həqiqi mənada ən "şanssız" canlıların dinozavrlar olduğu bəlli oldu. Bildirildi ki, 65 milyon il əvvəl Yerlə toqquşaraq, dinozavrların məhvinə gətirib çıxaran asteroid bir qədər əvvəl və ya sonra düşsəydi, dinozavrlar bu gün də Yerdə hökm sürəcəklərdi. Asteroid toqquşmasından təxminən 250 min il əvvəl vulkanik aktivliklər səbəbindən dinozavrların qida qaynaqları tükənmişdi, buna görə də asteroid düşdükdə özləri əldən düşmüş vəziyyətdə idilər. Bu araşdırmadan bir neçə ay sonra isə dinozavrların qırılmasına səbəb olan əsas amilin asteroid deyil, elə vulkanik püskürmələr olduğu sübut edildi.
4. İçimizdəki nanomotorlar
Biokimyaçı və biomühəndislər ilk dəfə insanın canlı hüceyrəsi içərisinə mikroskopik sintetik nanomotorlar yerləşdirərək, ultrasəs və maqnit dalğaları köməyilə onları idarə etməyə nail oldular. Bu irəliləyiş sayəsində yaxın gələcəkdə xərçəng və digər xəstəliklərə qarşı inqilabi müalicə metodu yaradılacağı bildirildi.
5. Faydalı marixuana
Bəlkə də ilin ən gözlənilməz xəbərlərindən biri psixoaktiv vasitə olan marixuananın insan orqanizminə faydası olduğunun tapılması oldu. Belə ki, marixuananın tərkibindəki əsas psixoaktiv komponent tetrahidrokannabinolun (THK) bağırsaqda yerləşən immun hüceyrələrini İİV-dən (insanda immunçatışmazlığı virusu) qoruduğu, ən azı isə xəstəliyin inkişafını yavaşlatdığı təsdiq edildi.
6. Enselad altındaki okean
Saturnun planetinin peyki olan Enseladın qabığının təxminən 30-40 km dərinliyində maye sudan ibarət okean olduğu sübut edildi. İsti okeana sahib Yupiterin peyki Europadan sonra, Saturn ətrafında dövr edən Enseladın da ölü olmadığı aydın oldu və hipotetik olaraq yadplanetli həyatının yuvası ola biləcəyi ehtimalı artdı.
7. Donora qarşı süni qan
Alimlər ilk dəfə insan orqanizminə uyğun gələn süni qan istehsal etməyə nail oldular. Yaxın gələcəkdə süni qanın donor qanı tam əvəz edəcəyi açıqlandı. Bu sayədə sənayə istehsalı səviyyəsindəki süni qan erasına qapı açmış olacağıq.
8. Yerin əkizi
İlin ən sevindirici xəbərlərindən biri də bu oldu ki, indiyə qədər aşkar edilmiş planetlər arasında Yerə ölçü, şərtlər və ulduzu ilə arasındaki məsafə baxımlarından ən çox oxşayan, "Kepler-186f" adlı ekzoplanet tapıldı. Heyfsləndirən məlumat isə onun Günəş sistemindən nə az nə çox, 500 işıq ili uzaqlıqda yerləşdiyi oldu.
9. Yarısüni həyat
2014-ün sensasion xəbəri ilk dəfə tamamilə yeni və yarısüni genetik koda sahib orqanizmin yaradılması oldu. Alimlər, plazmid adıyla tanınan DNT-nin dairəvi hissəsini sintezləyərək, onu E. coli bakteriyasının hüceyrəsinə yerləşdirməyi bacardılar. Nəticədə digər bakteriyalardan heç də fərqlənmədən çoxala bilən yeni orqanizm yaradılmış oldu.
10. "Fila" komet üzərində
İlin ən mühüm nailiyyəti bəlkə də son on illiyin ən vacib nailiyyətlərindən oldu. Belə ki, avropalı alimlər 10 il davam edən kosmik səhayətin sonunda ilk dəfə bir komet (məhz Churyumov-Gerasimenko kometi) üzərinə aparat endirməyə nail oldular. "Rozetta" missiyasının məqsədi Günəş sisteminin keçmişi, kometin anatomik xarakteristikaları və Yerdə suyun mənşəyi sahələrində araşdırmalar aparmaq idi. Şanssızlıqdan "Fila" adlı eniş aparatı kometin bir qədər təcrid olunmuş ərazisinə düşərək, Günəşdən lazımi enerjini toplaya bilmədiyi üçün məcburən yuxu rejiminə keçid almalı oldu. Lakin alimlər aparatı ilişib qaldığı yerdən çıxaracaqlarına əmin olduqlarını bildirdilər.
0 şərh var:
Post a Comment