January 9, 2015

Marsda növbəti dəfə həyat əlamətləri aşkar edilib

Curiosity marsoxodunun lentə aldığı fotoşəkillərdə Yerdəki sianobakteriya matlarının "tikililəri" ilə əhəmiyyətli oxşarlığı olan obyektlər olduğu fərq edilib. Əldə edilmiş yeni məlumat sayəsində uzaq keçmişdə Qırmızı planetin gölləri dərinliyində mikroorqanizmlərin həyat fəaliyyəti ilə məşğul olduqlarını, yəni orada həyatın mövcud olduğunu növbəti dəfə ehtimal etmək olar.

Marsda canlı həyat axtarışında olan Curiosity cihazının son illər ərzində təmin etdiyi məlumatlar, bu gün orada canlı həyatın təəssüf ki, mövcud olmadığını göstərir. Digər tərəfdənsə, xüsusilə son aylar ərzində aparılmış tədqiqatların nəticələri, keçmişdə Marsın yadplanetli canlılar üçün yuva olduğu ehtimalını artırmağa davam edir.

Bu sahə üzrə aparılmış son araşdırmanın müəllifi Old Dominion Universitetindən olan geobioloq Nora Noffkedir. O, Yerdəki sianobakteriya matlarının "məskunlaşdığı məntəqələrin" zahiri görünüşünü, onlarla təəccüblü dərəcədə oxşarlıq təşkil edən Marsdaki strukturlarla müqayisə etmək qərarına gəlib.

Sianobakteriya matları (cyanobacterial mats) - həyat fəaliyyətləri nəticəsində bərk hissəciklərdən iki xüsusi struktur növünü formalaşdıran çoxlaylı bakteriya qrupuna verilən addır. Bunlar, stromatolitlər və MISS-dir (Microbially Induced Sedimentary Structures).

Marsda Qillespi Leyk adını almış ərazidə bir vaxtlar göl yerləşdiyindən xəbər verən çoxsaylı faktlar var. Professor Noffke həmin ərazidə süxurlar olduğunu göstərən fotoşəkilləri ətraflı araşdırdıqdan və analiz işləri apardıqdan sonra bu obyektlərin bir sıra əlamətlərdən dolayı Yerdəki MISS-lərə son dərəcə oxşadığı qənaətinə gəlib ki, bu da keçmişdə Qırmızı planetdə mikroorqanizm aktivliyi ola biləcəyinə dair məlumatlar verir.

Baxmayaraq ki tədqiqat yalnız marsoxodun çəkdiyi fotoşəkillərin müqayisəsi işlərindən ibarət olub, qeyd etmək vacibdir ki, bu mövzuda Noffkenin metodikasına şübhə etməyə əsas yoxdur: alim artıq 20 ildir ki, MISS öyrənilməsi ilə məşğul olur və onun məqaləsi səbəbsiz yerə Astrobiology kimi prestijli elmi jurnalda dərc edilməzdi. Mütəxəssislər oxşar tədqiqatlar arasında ən keyfiyyətlisinin məhz bu iş olduğunu qeyd edirlər.

Lakin Noffke heç də əldə etdiyi nəticələrin, qədim Marsın həyat əlamətləri ilə bağlı konkret sübutlar kimi qəbul edilməsini tələb etmir, çünki tapılmış strukturların qeyri-bioloji mənşəli ola biləcəkləri, məsələn, duz, su və küləyin qarşılıqlı təsirləri sonrası eroziya nəticəsində peyda olduqları da istisna olunmur. Bunu təsdiqləmək üçün ya daha təkmilləşdirilmiş marsoxodlara, ya da mars süxurları nümunələrinin Yerə geri gətirilməsinə ehtiyac var ki, bunlar da hələlik heç bir kosmik agentliyin proqramına daxil deyil.

Həmçinin oxuyun:

Marsdan yeni xəbərlər var: Metan qazı və üzvi birləşmələr
Marsda həyatın ilk sübutları - alimlər isə tələsmir
Yer orqanizmləri Marsda yaşamağa qadirdir
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top