May 24, 2014

Zamanda informasiya mübadiləsi mümkündür

İndiyəcən hesab edilirdi ki, Albert Eynşteynin irəli sürdüyü işıq fotonlarının göndəriləcəyi zaman-məkan tunelləri uzun müddət mövcud ola bilməz. Mütəxəssislərin gəldiyi son nəticə isə elm ictimaiyyətinə yeni ümid verir. Təklif olunan yeni konsepsiya zamanda informasiya mübadiləsini mümkün edir.

Kembric Universitetindən olan fizik Lyuk Butçer qeyd edir ki, zaman-məkanda "köstəbək dəlikləri" (və ya "soxulcan dəlikləri") adı ilə tanınan kosmik tunellər olmalıdır, hansılar ki uzun müddət ərzində açıq vəziyyətdə qalır. Bu vəziyyətdən yararlanaraq onlar içərisindən fotonları gələcək və ya keçmişə ötürmək mümkü ola bilər.

Zaman səyahəti - elmi fantastikanın ən sevilən mövzularındandır, amma nəzəriyyədə alimlər tərəfindən çox ciddi araşdırılır. "Köstəbək dəliyi" ideyası bundan ibarətdir ki, kosmik məkanda xüsusi texnologiyalarla keçmiş və gələcəyi bir-biri ilə bağlayan tunel açılır və onun vasitəsilə çox uzun məsafələri çox qısa müddətə qətt etmək imkanı yaranır. İdeyaya məkan və zaman deformasiyasını əlavə etmək olar. Belə bir tunelin nəyi xatırladacağını təsəvvür etmək üçün əlinizə götürdüyünüz kağızı qatlaya və bir ucunu digərilə birləşdirə bilərsiniz. Albert Eynşteynin bu nəzəriyyəsi eynən kağız kimi, kosmik məkanın da əyilə, bükülə və qatlana bilən, bir sözlə deformasion xüsusiyyətdə olduğunu göstərir.

Lakin alimlər bildirirdi ki, oxşar tunellər çox qısa zaman aralığında mövcud ola bilər. Bu müddət isə nəinki insana, hətta işıq sürətilə hərəkət edən fotona belə oradan keçmək şansı vermir. Bu səbəbdən alimlər bir neçə on ildir zaman səyahətini dilə gətirməkdən çəkinirdi. Yalnız 1988-ci ildə Kip Torn "köstəbək dəliklərinin" daha uzun müddət ərzində açıq vəziyyətdə saxlanması ideyasını irəli sürdü. Hipotezinə əsasən, tunelləri açıq saxlamaq üçün "mənfi enerji" adı ilə tanınan Kazimir enerjisini istifadə etmək lazımdır. Fərziyyə çoxlarının ürəyincə olsa da, heç kim tunel içərisində mənfi enerjinin necə yaradılacağını təsəvvür belə edə bilmədi.

Lyuk Butçer isə apardığı son araşdırmaların nəticələrinə əsaslanaraq Kazimir enerjisinin elə köstəbək dəliklərində ola biləcəyini qeyd edir, dolayısı ilə zaman-məkan tunelləri hesab ediləndən daha artıq müddətdə açıq qala bilər. Hesablamalarına görə belə tunellər hazırlayaraq içəridən fotonlar kimi elementar hissəciklər göndərmək mümkündür.

"Köstəbək dəlikləri" fizikası hələlik yaxşı öyrənilmiş olmasa da, müasir elmi məlumatlara dayanaraq belə bir keçiddən yararlanıb ən azı işıq informasiyasını gələcəyə və keçmişə göndərə biləcəyimizi demək olar.

Həmçinin oxuyun:

Zaman səyahətçisi internetdə axtarılır
Qara dəliyin içərisində yaşayırıq?
Elmi fantastika: İşıq sürətini keçən kosmik gəmilər
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top