November 5, 2013

Qarışqa görünüşlü qanadı olan Meyvə Milçəyi

Goniurellia tridens növündən olan meyvə milçəklərinin qanadlarında qarışqalara oxşayan fiqurlar var. Qarışqalarla meyvə milçəkləri demək olar ki ortaq ovçuları bölüşürlər. Ovçular milçəyə yaxınlaşanda, bu qanadları sürətli şəkildə çırparaq ətrafında bir çox qarışqa varmış kimi bir təəssürat yaradır. Bu, ovçuların başını qarışdırır və bir neçə saniyəliyinə də olsa meyvə milçəyinin qaça bilməsi üçün şərait yaradır.

Meyvə milçəklərinin qanadlarında müxtəlif ləkələr görmək mümkündür. Bu vəziyyət, meyvə milçəklərinin əcdadlarında da böyük ehtimalla olmuşdur. Amma elmə məlum olan təxminən 5.000 meyvə milçəyi növündən yalnız 36'sında bu ləkələr qarışqaları xatırladır. Digərlərinin çoxunun qanadları ləkəsiz və ya şəffaf görünüşdə qarşımıza çıxır. Bu səbəbdən ləkəli qanadlılıq, təkamül müddəti içərisində sonradan əldə edilmiş bir xüsusiyyətdir. Təməl olaraq ləkəli qanadlara sahib olmaq kamuflyaj bənzəri üstünlük təmin edə bilər. Amma bu ləkələrin görünüşlərini təyin edən genlərdəki seçmə təzyiqi, bu ləkələrin nəsillər içərisində qarışqalara daha çox oxşamasına səbəb olmuşdur.










Bu qarışqabənzəri görünüşlərin qarışqaya oxşarlığı bucağında növ içərisində geniş variasiya olduğu hesab edilir. Bu səbəbdən bu mövzudakı seçmə ola bilər ki hələ də davam edir və qanadlardakı qarışqa görünüşlərinin nəsillər içərisində mühitə və vəziyyətə görə dəyişilməsi gözlənilə bilər.


Qaynaq: EvrimAğacı
daha ətraflı...

November 4, 2013

Caynaqlı ilan

Sizlərə əvvəllər ayaqları olan ilan fosili haqda məlumat vermişdik. Həmçinin rudiment orqanlardan və bunların təkamülün şübhəsiz nümunələri olduğundan da bəzi məqalələrimizdə ətraflı bəhs etmişdik. Bir neçə il bundan qabaq tapılan bir ilan isə bunun canlı nümunəsi olaraq qarşımıza çıxdı.

İlanların təkamül müddəti ərzində sürünənlərdən törədiyini bilirik. Bu müddət içərisində üzvlərini itirən müasir ilanlar həm genetik, həm də morfoloji olaraq bu üzv qalıqlarını bədənlərində daşıyırlar. Bəzən təkamül prosesində genetik baxımdan dayandırılan genlər yenidən aktivləşə bilər və növlərin əcdadlarından qalma xüsusiyyətləri yenidən ortaya çıxa bilər. Şəkildəki Cənub-Şərqi Çində tapılan ilan bunun ən maraqlı nümunələrindən biridir.

Bəzi hallarda HOX genləri kimi bədən planını təyin edən genlərdə meydana gələn mutasiyalar növün normal olaraq mövcud olan orqanlarının sayının və ya həcminin artmasına səbəb ola bilər. Bu səbəbdən meydana gələn üç qollu və ya iki başlı canlılar təkamül üçün əhəmiyyət daşımırlar. Lakin ilan kimi qıçları olmayan bir növün baş verən genetik səhvdən qıçının meydana gəlməsi, olduqca əhəmiyyətli hadisədir. Bunu, inkişaf edən qıçın ilanı təkamülləşdirməsi adlandırmaq yalnış olardı. Çünki bu qədər böyük bir sıçrayış (ayaqsız ola-ola anidən qıçın yaranması), ehtimalla ilana zərər verəcək və təbiətdə məğlub olmasına səbəb olacaq. Amma bu qıçın meydana gəlməsinin təkamül əhəmiyyəti, ilanların, təkamülün nəzərdə tutduğu kimi, bir vaxtlar qıçlı olduğu həqiqətini təsdiqləməsindən ibarətdir. Çünki belə mutasiyalar növlərdə mövcud olmayan orqanları bir anda yarada bilmirlər. İlanlarda bəzən qıçın meydana gəlməsi, insan kimi quyruqsuz primatlarda bəzən quyruğun meydana gəlməsi və s. genetik səhvlər, gördüyünüz kimi təkamülün izlərini müasir dövrə qədər daşıyır.

Çində tutulan 40 santimetrlik bu ilanın sadəcə ayağı deyil, eyni zamanda sürünənlərinkinə çox oxşayan bir caynağı da var. Təkrar edək: bu, növün təkamül keçirəcəyinə işarə deyil. Əlbəttə ilanlar da, hər növ kimi təkamül keçirir, amma təkamül bu cür sürətli sıçrayışlarla baş verə bilməz. İlanlarda məşhur olan bir digər təkamül keçmişi ilə əlaqəli qalıq isə, arxa qıçlara aid inkişafdan qalmış sümüklərdir.

Qaynaq: PopularScience
daha ətraflı...

November 2, 2013

"Harun Yahya"nın saxtakarlıqları 2

Harun Yahyanın "Təkamülçülərin Etirafları" adlı kitabında "Təkamülçülərin Darwin'lə əlaqədar etirafları" hissəsində belə bir sitat var (Harun Yahya, Təkamülçülərin etirafları, səh. 17):



Francis Darwin (Charles Darwin'in oğlu): 
"Atamın ağlı qətiyyən elmi deyildi və məlumatını ümumi qanunlar altında ümumiləşdirməyi yoxlamırdı. Onun etdiyi, qarşısına çıxan demək olar ki hər şey üçün bir nəzəriyyə çıxarmaq idi. Onun məlumatının mənə bir şey qazandırdığını düşünmürəm." (2222 Francis Darwin, The Life and Letters of Charles Darwin, Cilt.I, New York: D. Appleton and Company, 1888, s. 19)


İndi isə ilk olaraq bu yazının kitabda keçdiyi hissəyə baxaq:


“My father’s mind was not scientific, and he did not try to generalize his knowledge under general laws; yet he formed a theory for almost everything which occurred. I do not think I gained much from him intellectually; but his example ought to have been of much moral service to all his children. One of his golden rules (a hard one to follow) was, ‘Never become the friend of any one whom you cannot respect.” (Francis Darwin, The Life and Letters of Charles Darwin, New York, D. Appleton & Co., 1905, s. 19)

Burda diqqət etsəniz yazının dırnaq işarələri içində olduğunu görərsiniz. Kitabda burdan əvvəlki səhifələri gözdən keçirdiyinizdə əvvəlki 5-10 səhifə boyunca dırnaq işarələriylə ayrılmış bir çox qısa hissələr görmüş olarsınız. Bu hissələrdə bir adam "My father", yəni "Atam" deyərək birini izah edir. Yenə bu hissələrdə insanların izah edilən adama "Doctor Darwin", yəni "Həkim Darvin" dediyini görürük. Bu hissələr harada başlayır deyə maraqlanıb bir az daha geriyə getdiyimizdə 11-ci səhifədə belə bir hissə ilə qarşılaşırıq:



What follows was added by Charles Darwin to his autobiographical ‘Recollections,’ and was written about 1877 or 1878.
“I may here add a few pages about my father, who was in many ways a remarkable man.” (Francis Darwin, The Life and Letters of Charles Darwin, New York, D. Appleton & Co., 1905, s. 11)


Robert Waring Darwin 
Burdan da aydın ola biləcəyi kimi 11-ci səhifədəki o hissədən etibarən Charles Darwin'in öz avtobioqrafiyası üçün atası doktor Robert Waring Darwin (1786-da Leiden Universitetindən Tibb elmləri doktoru adını almışdır) üçün yazdıqları yerləşdirilmişdir. Onsuz da The Life and Letters of Charles Darwin kitabının ilk hissəsi "The Darwin Family", yəni "Darvin Ailəsi" başlıqlıdır və bu hissədə Darvin Ailəsinin fərdləri bir-bir tanıdılır. Harun Yahyanın kitabındaki hissədə əslində Francis Darwin'in atası Charles Darwin haqda dediyi sözləri yox, Charles Darwin'in atası Robert Waring Darwin'lə əlaqədar dediyi sözləri keçir.

Gördüyünüz kimi yenə Harun Yahya ləqəbli şarlatan insanların gözündə Charles Darwin'in dəyərini aşağı salmaq üçün, əslində onun üçün deyilməmiş sözləri onun üçün deyilmiş kimi göstərməyə çalışır. İndi isə bu elm düşməni haqda deyilməli olan sözləri sizə buraxıram.

ardı var...

"Harun Yahya"nın saxtakarlıqları başlıqlı bir digər yazını da oxumağınız tövsiyə olunur.
daha ətraflı...

480 min illik Homo erectus fosili tapıldı

Bir qrup fransız və əlcəzairli antropoloq və paleontoloqlar Əlcəzairin Oran şəhəri yaxınlığındakı bir mağarada 480 min il əvvəl yaşamış Homo erectus növündən olan insanın kəllə sümüyünə və bəzi digər skelet qalıqlarına aid fosillər tapdı.

The Journal of Fossil jurnalında 22 oktyabr tarixində onlayn dərc edilən tədqiqatda Oran şəhəri yaxınlığında bir mağarada 480 min il əvvəl yaşamış insan növünə aid kəllə sümüyü ilə bəzi sümük parçalarının tapıldığı qeyd edilir. Jurnalda bu Homo erectus fosilinin dağılmış halda tapıldığı, digər sümük parçalarının da tapılma işlərinin hələ də davam etdiyi bildirilir. Alimlər bu insanın kişi olduğunu, öldüyündə isə təxminən 40 yaşında olduğunu təxmin edirlər.

Tədqiqata Fransanın Paris Universitetindən 4, Əlcəzairin Oran Universitetindən isə 2 elm adamı qatılmışdı. Tədqiqatın başında duran Paris Universiteti antropoloqu prof. Jacques Andrew The Fossil jurnalına verdiyi açıqlamasında bunları dedi:


"Bu fosil hissələri sayəsində 480 min il əvvəl bu bölgədə Homo erectus insanının yaşadığını sübut etmiş olduq. Bu tapıntı Homo erectus insanının Afrikadan Avropaya və Asiyaya köç etdiyini təsdiqləyir."


Qaynaq: Universite Paris
daha ətraflı...

October 31, 2013

Venera Layihəsi

Venera Layihəsi (The Venus Project) - Jak Freskonun gələcəklə bağlı planlarını reallaşdırmaq məqsədiylə qurduğu təşkilatdır. İnternet sayt vasitəsilə yayımladığı video və sənədli filmlərlə cəmiyyəti inkişaf etdirmək və daha irəli daşımaq məqsədi üçün çalışan, qaynaq-əsaslı iqtisadiyyata keçməyi, yenilənə bilər şəhərlərin texnoloji baxımdan yenidənqurulmasını, enerji effektivliyini artırmağı, təbii qaynaq idarəetməsini və inkişaf etmiş avtomatlaşdırılma əhəmiyyətini cəmiyyətə təmin edəcəyi faydaya yönləndirən layihədir. Bu təşkilatın təməli Jak Fresko və Roksana Midouz tərəfindən 1995-ci ildə qoyulmuşdur. Layihənin adı olan Venera, Floridada, Okeechobee gölü yaxınlığında yerləşən, 85.000 m2 sahəyə sahib olan bir araşdırma mərkəzinin adından qaynaqlanır.

Günəş enerjisi ilə işləyəcək texnologiyalar


Venera layihəsi yoxsulluğun, qıtlığın, cəmiyyətdəki hər növ problemin, cinayətlərin və müharibələrin səbəbinin, müasir cəmiyyətin xeyrinə olan texnoloji inkişafları şüurlu şəkildə yavaşladan mənfəət və rəqabət əsaslı iqtisadi sistem olduğunu hesab edir. Jak Fresko, qazanc məqsədi güdən iqtisadi sistem tərəfindən texnologiyanın inkişafında şüürlu şəkildə yaradılan yavaşlamanın "mənfəət"dən xilas edildiyində daha çox insan üçün daha çox qaynaq bolluğu və buna bağlı olaraq daha çox məhsul təmin edəcəyi, həmçinin qıtlıq, yoxsulluq və aclığı aradan qaldıracağı nəzəriyyəsini inkişaf etdirir. Bu yeni kəşf edilmiş iqtisadi model insanların eqoizm, rüşvət və acgözlüyə olan meylini aradan qaldıracaq və bir-birlərinə güvənmə meylini aşılayacaqdır. Fresko hesab edir ki, pula əsaslanan iqtisadi sistem və onun nəticəsində ortaya çıxan əmək fəaliyyəti və rəqabət kimi proseslər insanları həqiqi imkanlarını ortaya qoymaqdan saxlayaraq cəmiyyəti geriyə aparır.



Fresko, insanların daha uzun, sağlam və mənalı bir həyat keçirmələrinin artıq mümkün ola biləcəyinə inanaraq irəli sürdüyü düşüncələrin cəmiyyətdəki insanların böyük əksəriyyəti üçün ən üst səviyyədə fayda təmin edəcək fikirlər olduğunu deyir. O, bütün dünya insanlarının və təşkilatların birləşərək cəmi 20 ilə yeni, daha təmiz və daha inkişaf etmiş dünya qura biləcəklərini iddia edir. Layihəyə görə insanların həqiqi sivilizasiya qura bilmələri, üçün siyasi fikirlərinin və məqsədlərinin yox edilməsi gərəklidir. Fresko, insanlığı nə siyasət, nə dinin xilas edə biləcəyini deyir. Fikirlərinə görə, insanlıq və onun inkişaf etməsi üçün lazımlı olan yalnız elm və texnologiyadır.


Yeni şəhər modeli
Freskonun bu fikirləri Böyük Depressiya illərində formalaşmışdı. Fresko dünyadakı, Böyük Depressiya böhranına oxşar olan, onun qədər də sərt olmayan mövcud iqtisadi vəziyyətin insanları azad bazar iqtisadiyyatı və kapitalizmdən uzaqlaşdıraraq, onların pula əsaslanan iqtisadi sistemə olan etibarlarını yıxacağına inanır. Venera layihəsinin əsas məqsədi, mövcud pul əsaslı iqtisadi sistemin, qaynaq əsaslı iqtisadi sistem vasitəsilə aradan qaldırılmasıdır.


Jak Fresko (d. 13 mart, 1916) 14 yaşında olarkən məktəblərin təhsil sisteminin yararsız olduğunu düşünüb, məktəblə vidalaşmışdır. O vaxtdan bəri evində qurduğu laboratoriyalar sayəsində öz özünü inkişaf etdirmişdir. Sənaye mühəndisi, ixtiraçı, yazıçı və futuristdir. Hal-hazırda 97 yaşı var.

Sayt: thevenusproject.com
daha ətraflı...

Şimpanzelər də "orta yaş böhranı" keçirir

İri meymunları araşdıran bir beynəlxalq tədqiqatçı qrup, bu heyvanların özlərini cavanlıqda çox xoşbəxt hiss etdiyini, orta yaşda isə bu hissin azaldığını və yaşlılıqda yenə artdığını aydınlaşdırdı.

Bu heyvanlarla ən az iki il işləmiş olan baxıcılar, könüllülər və tədqiqatçılardan qısa bir anketi doldurmaları xahiş edildi. İnsanlarda xoşbəxtlik dərəcəsini ölçmək üçün nəzərdə tutulan bu anket primatlara uyğunlaşdırıldı.

Tədqiqat qrupunun başçısı psixoloq prof. Aleksandr Weiss insanlar, şimpanzelər və oranqutanlar arasındakı oxşarlıqların genetikanın və fiziologiyanın sərhədlərini keçdiyini anladıqlarını bildirdi. Məsələn, iri meymunlar da insanlarınkına oxşar sosial təzyiqlər və stress faktorları ilə qarşı-qarşıya qalırlar. Prof. Weiss deyir:


"Təbii ki orta yaşa gələn şimpanzelər birdən-birə qıpqırmızı bir idman avtomobili istəmir. Amma başqa şeylər istəyirlər, məsələn, daha çox dişiylə cütləşmək."


Warwick Universitetindən olan iqtisadiyyat prof. Andrew Oswald da bu işə insanlarda xoşbəxtlik hissini 20 ildir araşdırdıqdan sonra qatıldığını açıqladı:


"Oranqutan və şimpanzeləri gözdən keçirmək istəməyimizə səbəblərdən biri, insanlarda təhsil, gəlir və evlilik kimi faktorları təhvil verdikdən sonra belə U əyrisinin eynilə qalması idi."


Prof. Oswald, meymunlarda da eyni vəziyyətlə qarşılaşdıqlarını deyir. Oswald'a görə bu nəticə orta yaş böhranının həqiqi olduğunu və bioloji baxımdan ən yaxın qohumlarımızda da müşahidə edilə bildiyini göstərir. Bu da böhranın bioloji və fizioloji faktorlarla açıqlana biləcəyini qarşımıza qoyur.

Psixoloq prof. Weiss indi cədvəlin qalan hissəsini ortaya çıxarmaq üçün təkamül prosesinə baxmaq lazım olduğunu hesab edir. Weiss son olaraq bunları dedi:


"Təkamül tariximizə daha yaxından baxmalı, şimpanzelər, oranqutanlar və digər meymun növləri ilə bölüşdüyümüz əcdadlarımızı yaxşıca araşdırmalıyıq."


Qaynaq: DailyMail
daha ətraflı...

October 29, 2013

Yüz ildən sonra Mars ikinci Yer olacaq

Dünyaca məşhur planetoloq və astrobioloq Chris Mckay, NASA-nın Marsın terraform (bir planetin həyat üçün əlverişli hala gətirilməsi) işlərinə 2016-ci ildə başlaya biləcəyi xəbərini açıqladı.

NASA Ames Tədqiqat Mərkəzi müdiri prof. Chris McKay NASA-nın rəsmi internet saytından, Marsda terraform işlərinə 2016-ci ildə başlanacağı xəbərini bütün dünyaya yaydı. Chris McKay hesab edir ki, terraform işləri üçün hətta gecikiblər. Space.com'a açıqlama verən McKay bunları dedi: 

"Artıq bilirik ki Marsda həyat yoxdur, amma bu heç vaxt olmayacağı mənasını vermir. Edəcəyimiz terraform müdaxilələri ilə qarşımızdaki 100 il ərzində Marsı həyat üçün əlverişli planet halına gətirə bilərik. Bunu yerinə yetirə biləcək yetərli texnologiyaya da sahibik. Əslində bu layihəni daha əvvəllər başlamaq lazım idi, hətta gecikmişik."

Həmçinin McKay, Mars planetini həyat üçün uyğun bir mühit vəziyyətinə gətirmək üçün milyardlarla dollar xərclənməsi lazım olacağını da bildirdi.

Qırmızı planeti terraform etmək bir o qədər də asan görünmür. Marsın diametri, Yerin demək olar ki yarısı qədərdir. Planetin Yerlə müqayisədə daha kiçik olması terraform mütəxəssislərini ən çox düşündürən maneədir. Bu səbəbdən ki, planet nə qədər terraform edilirsə edilsin, Marsın cazibə qüvvəsi Yerlə müqayisədə daha zəif olduğundan atmosfer də daim incə olacaq. Planetin dəmir nüvəsinin donmuş halda olması da bir digər problemdir. Yerin ərimiş vəziyyətdə olan nüvəsi Yer ətrafında maqnitosferanın meydana gəlməsinə səbəb olur. Beləcə maqnitosfera Yeri təhlükəli Günəş qasırğalarından qoruyaraq canlıların yaşamağı üçün lazımlı şəraiti təmin edə bilir. Lakin McKay, Marsda maqnitosferanın olmamasının o qədər də böyük problem olacağını düşünmədiyini bildirir. Çünki Günəşdən yayılan zərərli UV (ultrabənövşəyi şüalar) şüalarının böyük bir hissəsinin Yer və Venera tərəfindən, qalan UV miqdarının da Yupiter tərəfindən udulacağı hesab edilir. Xüsusilə Yupiter maqnitosferasının Mars üzərində böyük bir qoruyucu təsiri olduğuna son illərdə daha da əmin olunur. Bu halda, Qırmızı planetə düşən UV şüalarının miqdarı, Yerə düşən miqdarın 3-də 1-i qədər olacaq.

Terraform mühəndislərini narahat edən bir digər maneə, planetin həddindən artıq soyuq olmasıdır. Planetin mövqeyinin Yerlə müqayisədə Günəşdən daha uzaq olması, temperaturun qütblərdə -110 C-yə qədər, ekvatorda isə -60 C-yə qədər düşməsinə səbəb olur. Bu da planetin səthinin altında yerləşən, donmuş halda olan suyun və karbon qazının atmosferə qarışmasına mane olur. Amma terraform mühəndisləri Qırmızı planeti necə isidəcəklərini bilirlər. İstixana qazları ilə. Karbon qazının miqdarının bu planetdə yüksək olmasının böyük üstünlük olduğunu bildirən McKay, açıqlamasında bunları da qeyd etdi:

"Yerdə hal-hazırda karbon qazı sayəsində planetimizin davamlı istiləşməsinə səbəb oluruq. Eyni şəkildə Marsda da torpaq altındakı karbondioksidi sərbəst buraxa bilsək, planeti sürətli şəkildə istilədə bilərik. Əgər bunu bacarsaq həm planet istilənmiş olar, həm də atmosfer qalınlığını artırmış olarıq. İşin ən çətin və xərcli mərhələsi budur."


Planetin istiləşməsiylə birlikdə torpaq altında var olan, ağıllı kəşfiyyatçı robotlar tərəfindən dəfələrlə təsdiq edilən donmuş halda olan su, maye halına çevrilərək planetdə 4 milyard il əvvəl olduğu kimi çayların axmasına, göllərin meydana gəlməsinə səbəb olacaq. Bu mərhələdə dövrəyə, Yerdən göndəriləcək olan "Spirulin" adı verilən sianobakteriyalar girəcək. Bu bakteriyalar hər növ çətin şərtlər qarşısında dayana bilir. Beynəlxalq Kosmik Stansiyasında edilən təcrübələrdə onsuz da müşahidə edilmişdi. Spirulinalar fotosintez yolu ilə karbondioksidi alıb oksigen istehsal etməyə başlayacaq. Beləcə planetin karbon qazı miqdarı azalacaq, oksigen miqdarı isə artacaq. Spirulinalarla bağlı Space.com'a açıqlama verən McKay belə dedi: 

"Spirulinaların olduqca çətin şərtlərə dayanıqlı olduqlarını müşahidə etdik. Bu mavi-yaşıl yosunların oksigen tənəffüs etməsi bizim üçün problem yaradırdı. Amma bu yaxınlarda başladığımız yeni genetik layihədə Spirulinaların DNT-lərində edəcəyimiz yararlı mutasiyalar sayəsində oksigen tənəffüsü etməyən Spirulinalar əldə etməyi planlaşdırırıq. Beləcə, oksigen tənəffüsü etməyən Spirulinalar planetin oksigen miqdarının azalmasına səbəb olmayacaqlar."

Terraform işlərinin son mərhələsində Yerdən gətiriləcək və əkiləcək Şam kimi arılara ehtiyac duymayan ağaclar və bitkilər sayəsində planetdəki oksigen miqdarı daha yüksək sürətlə artacaq. Şam ağaclarının toxumları zəif küləklərlə uzaqlara çata bilir. Həmçinin Şam ağacları su və azot miqdarının az olduğu yerlərdə də yetişə bilir. Beləcə 100-120 ildən sonra astronavt dəbilqələri olmadan Marsda gəzə biləcəyik. McKay isə mövzu ilə əlaqədar son olaraq bunları dedi:

"Hər nə qədər terraform işləri hələlik xəyal kimi görünsə də, insan bunu edə biləcək lazımlı texnologiyaya və bacarığa malikdir. Bunu, Aya ilk insanı endirdiyimizdə təsdiqləmişdik."

Qaynaq: NASASpace
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top