November 23, 2013

Cinsi Seçmə

Bu yazımızda sizlərə Təkamül təliminin əhəmiyyətli bölmələrindən biri olan "Cinsi Seçmə"dən bəhs edəcəyik. Hal-hazırda, Cinsi Seçmə, şübhəsiz ki Təkamül təliminin mexanizmləri arasında ən əhəmiyyətli və ən güclülərindən biri hesab edilir. Bu təbiət qanunu təsadüfi olmayan cütləşmə olaraq da adlandırıla bilər. Bu prosesdə yalnız bir cinsə aid üstün əlamətlər meydana çıxır.

Cinsi Seçmənin Kəşfi: Darvini "Xəstə Edən" Təbiət Qanunu

Darvin, yaratdığı təlim üçün çox sayda növdən məlumat toplasa da, dövrün elmi şərtləri daxilində bu məlumatların hamısını izah edə bilməmişdir. Məsələn, qanunun tarixi müddətini təsdiqləyəcək olan bir çox fosil o vaxtlar hələ tapılmamışdı və göz ilə beyin kimi bəzi orqanlar o dövr üçün təkamüllə meydana gələ bilməyəcək qədər mürəkkəb görünürdü. Üstəlik fərdi xüsusiyyətlərin övladlara necə ötürüldüyü mövzusunda da hər hansı bir məlumat yox idi. Bu səbəbdən Darvinin açıqlamaqda çətinlik çəkdiyi bir çox mövzu olmuşdur. Buna baxmayaraq, əlində təkamül dəyişikliklərini sübut edən o qədər məlumat var idi ki, inkişaf etdirdiyi təlimin səhv olması ona qeyri-mümkün görünürdü. Və o bu fikrində haqlı idi də. Çünki Darvindən sonra gələn elm adamları, Darvinin mərd və dürüstcə Növlərin Mənşəyinə əlavə etdiyi "Nəzəriyyənin Çətinlikləri" qismindəki anlaya bilmədiyi nöqtələri tək-tək və istisnasız olaraq açıqladılar və əskik tapdığı boşluqları doldurmağı bacardılar. Xüsusilə XX əsrdən etibarən genetika elmi yüksəlməyə başlamış və araşdırdığımız hər canlının hər bir geni təkamül tarixinə işıq tutmuş və Darvini haqlı çıxarmışdır. Bu səbəbdən hal-hazırda Darvinin açıqlaya bilmədiyi hər mövzu aydınlaşdırılmış və təkamül biologiyası sayəsində açıqlana bilmişdir.

Amma Darvini, öz deyimiylə "xəstə edən" bir mövzu, uzun müddət sual olaraq qalmışdır: tovuz quşlarının göz qamaşdırıcı rəngləri və nəhəng quyruğu... Çünki o dövrlərdə olduqca detallı olaraq analiz edilə bilən təbii seçmə qanunu daxilində, bir növün fərdlərinin hərəkətini bu qədər məhdudlaşdıran və ovçulara bu qədər dəqiq şəkildə yerini bəlli edən bir canlının təkamülləşməsi, daha doğrusu təbii seçmə tərəfindən dəstəklənməsi qeyri-mümkün görünürdü. Necə olur ki, həyatda qalma mövzusunda bu qədər ciddi problemlər yarada biləcək bir əlamət tovuz quşlarında təkamülləşə bilmişdir?

Amma Darvin bu problemin cavabını ölməzdən əvvəl verməyi bacarmış və bu gün, Cinsi Seçmə adını verdiyimiz təbiət qanununu kəşf edə bilmişdir. Növlərin Mənşəyindən sonrakı kitablarında bu qanuna ətraflı şəkildə toxunmuş və hətta bu mövzuda ayrı bir kitab da yazmışdır.

Darvinin bu kəşfi, həyatın və təkamülün sirrlərindən birini də açıqlığa qovuşdurmuş və özümüzü daha yaxşı tanımağımızı təmin etmişdir. Darvin anladı ki, doğulan balaların yalnız həyatda qalmaq mövzusunda müvəffəqiyyətli olmaları hər hansı bir məna ifadə etmir. Çünki nəticə etibarilə hər fərd bir yerdən sonra ölmək məcburiyyətindədir və ölənə kimi nə qədər müvəffəqiyyətli olsa da, özündəki müvəffəqiyyətli genləri ölümsüz etmədiyi müddətdə müvəffəqiyyətinin təkamül baxımından hər hansı bir dəyəri yoxdur. Yəni canlılar, yalnız həyatda qalmaq üçün deyil, çoxalmaq (genlərini gələcəyə ötürmək) üçün də mübarizə aparırlar. Bəzi genlərdən qaynaqlanan zahiri xüsusiyyətlər və davranışlar əks cinsi daha çox çəkir, bəziləri də daha müvəffəqiyyətsiz olur. Bu səbəbdən həyatda qalmağı bacara bilənlər həm də artma mövzusunda müvəffəqiyyətli olmaq məcburiyyətində idilər. Beləliklə, nəsil artırma mövzusunda təbiətin seçmə mexanizminə Cinsi Seçmə qanunu deyirik.

Əvvəl cinsi çoxalmanın, sonra isə cinsiyyətlərin təkamülləşməyə başlamasıyla birlikdə, eyni növün iki fərqli cinsiyyəti fərqli xüsusiyyətlər qazanmağa başlamışdırlar. Bu vəziyyət növə müxtəliflik baxımından daha çox müvəffəqiyyət gətirmişdir, lakin bu müvəffəqiyyətin qarşılığında cinsiyyətlər bir-birləri üçün mübarizəni də zəruri etmişdir. Bu mübarizə, göründüyü qədər sadə deyil. Çünki əksər hallarda əks cins üçün aparılan mübarizə ölümlə nəticələnir.


Darvin və Darvindən sonraki alimlər bu vəziyyətin maraqlı bir nəticəsini kəşf etdilər: təbii seçmənin dəstəklədiyi əlamətlər ilə cinsi seçmənin dəstəklədiyi əlamətlər əksər hallarda üst-üstə düşmürdü. Yəni təbii seçmə kiçik və solğun rəngli quyruqları dəstəkləyərkən, cinsi seçmə böyük parlaq rəngləri dəstəkləyirdi. Bu səbəbdən bir növün normal şərtlər altındakı xüsusiyyətlərinin bu iki əks qanun arasındakı tarazlıqla təmin edildiyini deyə bilərik. Yəni sabit şərtlər altında bir tovuz quşu populyasiyasının erkəklərinin quyruq iriliyi və rəng müxtəlifliyi müəyyən sərhədlər daxilində olacaq. Amma nə vaxt ki tarazlıq bir tərəfə pozulsa, onda təkamül müddəti daxilində növdə dəyişmələr başlayır. Məsələn, populyasiya üzərindəki ovçu təzyiqi artsa təbii seçmə cinsi seçməni üstələyəcək və hər nəsildə daha qısa və daha solğun quyruqlular həyatda qalacaq. Beləcə bu istiqamətdə təkamül müşahidə ediləcək. Lakin ovçu təzyiqi ortadan qalxsa (ya da azalsa), həyatda qalmaq artıq problem olmayacaq (və ya daha asanlaşacaq) və artım mövzusundakı müvəffəqiyyət bütün müvəffəqiyyəti təyin edəcək. Bu vəziyyətdə, nəsillər içərisində daha uzun və daha parlaq quyruqlu populyasiyaların təkamülləşəcəyi aydındır.


Erkək tovuz quşu (sağda), dişi tovuz quşuya (solda) cinsi yaxınlaşma edir

Darvin bu problemi həll etdiyində, olduqca rahatlaşmışdır. Çünki tovuz quşlarından başqa digər növlərdəki bir çox xüsusiyyət cinsi seçmə sayəsində açıqlana bilmişdir. Məsələn, maralların yerimə və qaçma bacarıqlarını olduqca məhdudlaşdıran nəhəng buynuz strukturları cinsi seçmə qanunu ilə asanlıqla açıqlana bilər. Onsuz da sonradan aparılan təcrübələrlə cinsi seçmənin təkamül dəyişiklikləri yarada biləcəyi laboratoriya mühitində də təsdiq edilmişdir.

Təbiətdə Cinsi Seçmənin və Çoxalma Mübarizəsinin Əhəmiyyəti

Təbiətdə hansı canlıya baxsaq, az və ya çox miqdarda cinsi seçmə görərik. Buna, bir növ üzərindəki cinsi təzyiq deyilir. Bioloji baxımdan hər növün iki təməl həyat məqsədi var.

1) Həyatda Qalmaq
2) Çoxalmaq


Bir düşünün, ən mürəkkəb və əqli baxımdan inkişaf etmiş kimi bildiyimiz Homo sapiens,
yəni hətta biz də, incəsənət və ədəbiyyat yaratmadan, dini rituallarla məşğul olmadan, Dünya səyahətinə çıxmadan, karyeraya sahib olmadan, xoşbəxt olmadan, özünə əhəmiyyət vermədən, ictimai ətrafı olmadan yaşaya bilər... Həyat təməliniz olaraq yuxarıda göstərdiyimiz iki məqsəddən (həyatda qalmaq və çoxalmaq) başqa nə desəniz deyin, onu etmədən mövcud olub bioloji varlığınızı davam etdirə bilərsiniz. Doğrudur, bunları etmədən həyat çox darıxdırıcı və mənasız olacaqdır. Çünki insan yalnız bioloji təkamül keçirmiş bir canlı deyil, eyni zamanda, beynimizin təkamülləşməsi nəticəsində mədəni təkamül də keçirmişik və burada sadaladığımız "İkinci" məqsədlər bu cür təkamülün çox əhəmiyyətli göstəriciləridir. Həyatı tamamilə darıxdırıcı etsə də, bioloji baxımdan növləri araşdırdığımızda heç birinin mədəni təkamül amillərinə qarşı mütləq bir asılılıqları yoxdur. Amma bioloji təkamülün vacib şərtlərini yerinə yetirmək məcburiyyətindədirlər. 



Bəlkə təkamül baxımından müvəffəqiyyətli olmağın sizin üçün bir mənası olmaya bilər. Lakin biz, bioloji və təkamül baxımından növləri araşdırarkən nəyə görə bunların çox əhəmiyyətli olduğunu dediyimizi belə göstərə bilərik: insanların hamısı eyni anda mədəni təkamülün "məhsullarını" davam etdirməkdən əl çəksələr, yenə də növümüz Yer üzərindəki varlığını olduqca darıxdırıcı bir hal yaransa da, davam etdirə biləcək. Amma planetdəki insanların istisnasız hamısı, həyatda qalma mübarizəsindən, ya da çoxalmaqdan imtina etsələr, insan növünün 80-100 il ərzində nəslinin kəsiləcəyini görərik. Çünki bu dəqiqə doğulan bir körpə də, əgər heç kim nəsil artırmasa, 80-100 il dən sonra öləcək və o da nəsil artıra bilməyəcəyi üçün insan nəsli davam etməyəcək. Məhz bu səbəbdən, bütün növlərin 2 bioloji məqsədi var. Bunu cinsi yolla artan bütün canlılara aid edə bilərik.Təbiətdə hər heyvan doğuşundan ölümünə qədər ilk olaraq həyat mübarizəsi ,sonra isə çoxalma mübarizəsi aparır. Çoxalma mübarizəsi, dediyimiz kimi, növlərin bəzi fərdləri üzərində cinsi təzyiq dediyimiz amili meydana gətirir. Bu, əks cinsə təsir edə bilmək üçün bir fərdin sahib olması lazım olan xüsusiyyətlərdir. Təbiətdə fərdlər, cütləşə bilmək üçün bir-biriləriylə mübarizə aparmaq məcburiyyətindədirlər. Və bəzi xüsusiyyətlərə sahib olan fərdlər, digərləri ilə müqayisədə daha üstün mövqedə olurlar və çoxalma şansları da artır.

Cinsi Seçmənin Növləri:

1) Intersexual Selection (Cinsiyyətlər Arası Seçmə)

2) Intrasexual Selection (Cinsiyyət Daxili Seçmə)

3) Sexual Conflict (Cinsi Qarşıdurma)


1. İnterseksual Seçmə

Təbiətdə dişilər arasında gedən mübarizə nümunələri çoxdur, amma erkəklər arasında olan döyüş, hər vaxt dişilər arası olanından daha çox və sərtdir. Bunun səbəbi, təbiətdə çox böyük nisbətdə növlərin dişilərinin erkəklərini seçməsi vəziyyətinin etibarlı olmasıdır. Quşlardan insana, həşəratlara qədər bir çox növdə ümumiyyətlə dişilər seçici mövqedə, erkəklər isə seçilən mövqedədir. Elm adamları bunlarla əlaqədar bir çox nəzəriyyələr irəli sürmüşdürlər. Bunlardan ən maraqlısı, dişilərin daha çox seçici olmasının səbəbini izah edən qamet miqdarıdır. Bunun bir başqa adı cins qatqısıdır. Nəticə olaraq ortaya çıxan erkək-dişi fərqlilikləri nəticəsində yaranan təkamül təzyiqi isə İnterseksual Seçmə adıyla tanınır. Dişilər, ümumiyyətlə erkəklərə görə müqayisə edilməyəcək qədər az sayda qamet çıxarırlar. Məsələn insanda, dişilər cütləşmədə istifadə edilmək üçün 1 yumurta (qamet) çıxarır, kişi isə milyonlarla spermatozoid (qamet). Bu vəziyyət, cinsi fərq səbəbiylə, dişilərin daha qiymətli, erkəklərin isə daha dəyərsiz olduğunu göstərir. Çünki təbiətdə az olan hər zaman daha qiymətlidir. Buradakı "qiymət" və "dəyər" sözləri əlbəttə əxlaqi mənada deyil, təkamül mənasındadır. Çünki növlərin təkamülündə, ömürləri ərzində sərf etdikləri hər enerji əhəmiyyətlidir və uyğunlaşma müvəffəqiyyətlərinə təsir edir. Beləliklə, erkəklər seçilmək üçün daha çox enerji sərf edir, dişilər isə seçmək üçün daha az enerji sərf edirlər. Təbii ki bu bütün növlərə aid deyil, çünki bəzi canlılarda bunun əksini müşahidə etmək olar.

   
Phalaropus sp. növündən olan dişi quşlar (solda), erkək üçün (sağda) döyüşürlər


Tovuz quşu dişisi
Tovuz quşlarında, dişilərə təsir etmə öhdəçiliyindən erkəklər daha bəzəkli, iri, maraqlı xüsusiyyətlərə sahib olan və "gözəl" quruluşu olan cinsə çevrilmişdirlər (bəli, insan növündəkinin tam əksinə). Bəzi nümunələr:


Euptilotis sp. növündən olan erkək quş


Kərtənkələlərdə erkəklərin şişə bilən, əl-əlvan rəngdəki boğaz çıxıntıları... Cinsi yaxınlaşma əsnasında bu kisəciyi şişirdərək rəngləri göstərirlər və dişilər buna uyğun olaraq öz seçimlərini edir.




Bizim növümüzdə vəziyyət heç də fərqli deyil. Hal-hazırda insanlar bir-birlərinə təsir etmək üçün rənglərini parlaqlaşdıran, göz rənglərini dəyişdirən, bədənlərinin cinsilik mesajları verən bölgələrini açıq saxlayan paltarlar geyirlər, makiyaj edirlər, əzələlər inkişaf etdirilir. Təbiətin bir parçası olaraq növümüz üçün bunlar olduqca təbiidir.


2. İntraseksual Seçmə

İntraseksual Seçmədə, ümumiyyətlə ikincili cinsi əlamətlər dediyimiz xüsusiyyətlər seçilir, ya da uduzur. Bu seçmənin tək səbəbi, əks cins üçün aparılacaq mübarizədən zəfərlə çıxa bilmək, rəqibləri uzaqlaşdırmaq, yaralamaq və ya öldürməkdir. Nümunə olaraq buynuzlar göstərilə bilər. Bunlar ümumiyyətlə "silahlar" kimi də təyin oluna bilər, çünki dişi üçün aparılacaq mübarizədə böyük əhəmiyyətə sahibdirlər. Aşağıda əks cins üçün döyüşən canlıları görürük. Diqqətlə fikir verin, rəqiblərini məğlub edə bilmək üçün güclü buynuzlar, dişlər, pəncələr və digər silahlar təkamülləşmişdir.

   
Kenqurularda dişi mübarizəsi


Kanada marallarının mübarizəsi




Yenə növümüzdə gender daxili mübarizə tez-tez müşahidə edilən bir Cinsi Seçmə mübarizəsidir. Birdən çox kişi bir qadın üçün və ya birdən çox qadın bir kişi üçün mübarizə apara bilər. Amma, mədəni təkamülümüz bir-birimizi yaralamağa və ya öldürməyə ehtiyac duymadan (əksər hallarda) var olan imkanlar qədərilə ağıllı şəkildə istifadə etməyə çatacaq qədər irəli getmiş, beynimiz kifayət qədər təkamülləşmişdir.



3. Cinsi Qarşıdurma

Cinsi Qarşıdurma daha texniki bir termindir və bir cinsiyyətə təsir etməyə çalışan əks cinsiyyətdəki fərdlərin bir-birləriylə üst-üstə düşən, yəni sağlam və formda olmaq baxımından bərabər dəyərə sahib xüsusiyyətlər təkamülləşdirmiş olmalarından qaynaqlanır. Mövzu çox geniş olduğu üçün bu haqda növbəti yazılarımızda ətraflı məlumat verəcəyik.

Cinsi Seçmə Nümunələri

* Sənədli filmlərdə tez-tez gördüyünüz kimi, bir çox erkək heyvan, mühitdəki dişini cəlb edə bilmək üçün bir-biri ilə döyüşür. Bunlardan biri də Şimal Dənizfili (Northern Elephant Seal) olaraq tanınan növdür. Hər il cütləşmə dövrlərində amansız döyüşlər aparan bu növün erkək fərdlərindən qazananlar, 30-100 arası dişiylə cütləşə bilərkən, məğlub olanlar bəzən heç bir dişiylə cütləşə bilmirlər. Bu səbəbdən hər vaxt ən güclü dişlərə, çənəyə və kəlləyə sahib olan fərdlər bu qanlı mübarizədə daha üstün mövqedə olacaq və cinsi seçmə bu canlıların lehinə işləyəcəkdir.

* Bəlkə də Cinsi Seçmənin ən məşhur nümunəsi tovuz quşlarıdır. Erkək tovuz quşlarının ovsunlayıcı deyilə biləcək quyruq tüklərini hamımız bilirik. Ancaq maraqlıdır ki, bu tüklər əslində onun üçün daşınmaz bir yükdür. Və təbii mühitdə olan tovuz quşları üçün yeganə deyimlə "ölümcüldür". Çünki tovuz quşunu inanılmaz dərəcədə yavaşladırlar və ovçulardan qaçmasını qeyri-mümkün hala gətirirlər. İllərcə elm əleyhdarları bu tükləri Təbii Seçməyə qarşı olaraq təqdim etmişlər və "bir quşa qaçmasında çətinlik təmin edəcək bir xüsusiyyətin təkamül ilə açıqlana bilməyəcəyini, amma insanın göz zövqü üçün belə gözəl bir quş yaradıldığıyla açıqlana biləcəyini" iddia etmişlər. Amma artıq bilirik ki, tovuz quşlarının bu gözəl və ağır quyruqları dişilərin həmişə daha al-əlvan rənglərə sahib və uzun quyruqlu olan fərdləri seçmələrindən, yəni cinsi seçmədən qaynaqlanır.


* Bir başqa nümunə, yenə dişi üçün bir-biriylə ağlasığmaz şiddətdəki mübarizələrə daxil olan marallardır. Bəzi maral növləri, uzun buynuzları və güclü başlarıyla bir-birləriylə inanılmaz sərtlikdə vuruşurlar. Sonunda məğlub olan erkək dişilərdən əl çəkir və qazanan hətta birdən çox dişiylə cütləşə bilir.

* Quşlarda da xüsusilə İnterseksual Seçməyə gözəl nümunələr var. Uçuş sürəti, yüksəkliyi, forması; tük rənginin tonları, rəngarəngliyi; dişilər üçün aparılan mübarizələr; bəzən ən yaxşı və dayanıqlı yuvanı quran erkəklər və bu tip ikinci xüsusiyyətlər quşların seçiminə təsir edir. Ətrafımızdakı bir çox rəngbərəng quşların mövcud olma səbəbləri, üzərlərindəki cinsi təzyiqdir. Bu, xüsusilə tutuquşularda daha çox görülür.

* Və insan... İnsanda da Cinsi Seçmə mövcuddur. Zəkanın inkişafıyla birlikdə bəlkə seçmə tək tərəfli, yəni yalnız dişilərin seçməsindən ibarət deyil, amma bu vəziyyətin hələ də etibarlı olduğu deyilə bilər. İbtidai insanlarda dişilərin əzələli, güclü və dayanıqlı kişiləri, kişilərin isə daha iri sinəli, daha geniş ombalı qadınları seçdiyini bilirik. Çünki iri sinələr daha çox süd verə biləcək və iri ombalar isə daha çox sayda uşaq doğa biləcək fərdləri işarə edir. Hal-hazırda isə ağlın inkişafıyla əlaqədar bu seçimlər daha mürəkkəb bir hal almışdır. Amma təməl olaraq bir çox kişinin meyli ilə qadının meyli, bəzi sərhədlər daxilində ümumiləşdirilə bilər. Rəngli gözlü, rəngli saçlı, açıq bədənli qadınlar seçim səbəbi olarkən, kişilərdən də yenə daha möhkəm bir görünüşə sahib olan, uzun boylu kişilər seçim səbəbidir. Əlbəttə, bu seçimlər adamdan adama çox dəyişir. Lakin nə olursa olsun, nəticə eynidir: Fiziki görünüş, cinsi seçmədə rol oynayır.

Nümunələri artırmağımız mümkündür. Nəticə olaraq görə bildiyimiz qədərilə, təbiətdə cinsi seçmə cəhətindən çox əhəmiyyətli təkamül mərhələləri keçilmişdir və keçilməyə davam edir. Cinsi Seçmə, təkamülün qaçılmaz bir parçasıdır və bəzən (tovuz quşlarında olduğu kimi) Təbii Seçmədən, yəni həyatda qalmaqdan daha böyük əhəmiyyət daşıya bilir. Üstəlik Cinsi Seçmə bir çox digər Təkamül mexanizmləri kimi təcrübi olaraq da təsdiq edilmişdir.

Qaynaq:

UCSC-1
UCSC-2
UTM
UBC
Stanford University
Nature
Princeton University
University of California at Barkeley
Wikipedia
daha ətraflı...

Hawking sayəsində öyrəndiklərimiz

1. Keçmiş - ehtimaldır

Məşhur astrofizik Stephen Hawking'in dediyinə görə, kvant mexanikası nəzəriyyəsinin nəticələrindən biri də budur ki, keçmişdə baş verən hadisələr heç də hər hansı xüsusi səbəbdən baş vermir. Əksinə bütün mümkün yollarla baş verir. Bu, kvant mexanikasına görə, maddə və enerjinin ehtimal xarakterindən asılıdır: kənar müşahidəçi peyda olmayana qədər hər şey qeyri-müəyyənlik içərisindədir. Hawking: "İndiki zamanda keçmişlə əlaqəli hansı xatirəni qorumağınızdan asılı olmayaraq, keçmiş, eynən gələcək kimi ehtimallar spektrində qeyri-müəyyən şəkildə mövcuddur." 

2. Naviqasiya sistemləri səhvlərinin ümumi nisbilik nəzəriyyəsi ilə əlaqəsi

Ümumi nisbilik nəzəriyyəsi Einstein tərəfindən 1915-ci ildə tərtib edilmişdi. Bu nəzəriyyəyə görə, "məkanda və zamanda mövcud olan qravitasiya təsirləri obyekt və sahənin qarşılıqlı əlaqəsindən deyil, xüsusilə kütlə və enerjinin mövcud olduğu məkan-zaman deformasiyasından qaynaqlanır." Hawking bu nəzəriyyənin populyarlaşdırılması üçün səy göstərir. O bildirir ki, əgər GPS naviqasion peyk sistemlərində ümumi nisbilik nəzəriyyəsi nəzərə alınmasa, qlobal mövqelərin müəyyən edilməsində hər gün 10 km-lik sürətlə səhvlər yığılacaq. Anlamaq lazımdır ki, obyekt Yerə nə qədər yaxındırsa, zaman bir o qədər yavaş irəliləyir. Belə halda, peyklərin, Yerə hansı məsafədə yerləşdiyi ilə əlaqədar olaraq, onların saatları fərqli sürətlərlə işləyəcək. Əgər təsiri nəzə alınsaydı, biz bu fərqliliyi avtomatik olaraq aradan qaldıra bilərdik.

3. Akvarium balıqları məhkumdurlar

"Fərz edin ki, qabarıq divarları olan akvariumun içərisində yaşayan bir balıqsınız. Əgər oradan çıxmaq imkanınız olmamışdırsa və bizim dünyaya ancaq şüşə arxasından baxırsınızsa, bizim dünya haqda sizə nələr məlum olardı? Reallığın həqiqi təbiətini anlamaq mümkün deyil: biz hesab edirik ki, dünyamızı dəqiq təsəvvür edə bilirik, amma metafora olaraq, biz bir akvarium içərisində məhkumuq, çünki bədən şərtlərimiz buradan kənara çıxmağa icazə vermir." - Stephen Hawking belə deyir. Bu metaforaya heyran qalaraq Monza şəhəri (İtaliya) höküməti bir neçə il əvvəl, işığın bükülməməsi və dolayısı ilə balıqların dünyanı yalnış dərk etməməsi üçün, onların yumru akvariumlar içərisində saxlanılmasını qadağan etmişdi.

4. Kvarklar tənha deyillər

Kvarklar, neytron və protonların "istehsal bloklarıdır", heç vaxt tək-tək olmayaraq, yalnız qruplar halında mövcud olurlar. Kvarkları bir-birinə bağlayan qüvvə, onlar arasında olan məsafənin artmasıyla artır. Yəni, kvarkları bir-birindən ayırmağa cəhd etsəniz, nə qədər bərk çəksəniz də, kvark bir o qədər bərk şəkildə əvvəlki mövqeyinə qayıdacaq. Tənha kvarklara təbiətdə rast gəlinmir.

5. Kainat özündən doğuldu

Stephen Hawking özünəəmin ateistdir. O, kainatın yaradılmadığına dair dəlillər əldə etmək üçün az vaxt sərf etməmişdir. Alimin məşhur deyimlərindən biri belədir: "Üzərində çalışdığım məsələ, kainatın başlanğıcının elmi qaydalarla açıqlana biləcəyinin mümkün olduğunu göstərmək idi. Bu sayədə, kainatın başlanğıc qərarının bir Tanrıya müraciət edilərək açıqlamasının lazımsızlığı məlum olur. Bu, bir Tanrının mövcud olmadığını sübut etmək üçün kifayət etmir, amma kainatın başlanğıcında hər hansı bir Tanrıya ehtiyac olmadığını göstərir." 
daha ətraflı...

Musiqi ritmi beyni inkişaf etdirir

Gəzərkən, dərs oxuyarkən, idman edərkən çox adi işlərimizdə də çoxumuz musiqi dinləyirik. Tədqiqatçılar, hərəkət edərək  musiqi dinləməyin beyin funksiyaları üçün faydalı olduğunu hesab edirlər.

Sinir elm mütəxəssisləri son tədqiqatlarında musiqinin ritminə görə hərəkət etməyin beynin hərəkət funksiyalarına müsbət təsir etdiyini ortaya çıxardılar. Avropa Birliyi tərəfindən dəstəklənən '"Beat Health" adlı layihə musiqinin ritmik xəbərdarlığının hərəkət və yerimədəki faydalarını aşkar etməyi hədəfləyir.

Beynin hərəkət funksiyalarına cavabdeh olan motor neyronların koordinasiyası bədəndəki bütün hərəkət funksiyalarını idarə edən mexanizmdir. Motor neyronlarda baş verən mənfi proseslər distoniya kimi gündəlik həyatı çox çətinləşdirən narahatlıqlara səbəb ola bilir. Parkinson xəstəliyi kimi neyrodegenerativ xəstəliklərdə də beynin motor neyronları zərər görə bilir və titrəmə, əzələ sərtliyi, yeriməkdə çətinlik çəkmə kimi müxtəlif narahatlıqlar meydana gələ bilir.

Layihənin ən son mərhələsində fərdlərə musiqi ritmləri təmin edə biləcək ağıllı telefon tətbiqi inkişaf etdirmək düşünülür. Bu tətbiqin yaratdığı ritm beynin motor neyronlarının funksionallığını artıra biləcək. Beləliklə sadə bir ağıllı telefon sayəsində gəzintilərimizdən məşqlərə qədər çox sayda əzələ fəaliyyətində, bizlərə daha çox fayda təmin ediləcək.

Həmçinin, gələcəkdə internet əsaslı bir məlumat paylaşma şəbəkəsinin qüvvəyə qoyulması da planlaşdırılır. Bu sayədə fərdlərin hərəkət funksionallığı tədqiqat mərkəzinə göndərilərək tətbiqin daha da inkişaf etdirilməsi mümkün olacaq. Əslində fərdlər bu tətbiqi istifadə edərkən layihənin bütün məlumatlarını ala bilər və öz vəziyyətlərini istədikləri vaxt yoxlaya bilərlər.

Layihənin başlanğıc mərhələsində tədqiqatçılar əvvəlcə hərəkət üzərində ritmik xəbərdarlığın təsirini yaxşıca anlamaları lazım olduğunu gördülər. Ancaq bu sayədə inkişaf etdiriləcək tətbiqdən ən yüksək səviyyədə səmərə alına bilər. Layihənin bir sonrakı mərhələsində bütün məlumatların toplandığı və internet üzərindən məlumatların bütün istifadəçilərlə paylaşıla biləcəyi bir informasiya portalı yaratmaq durur.

Layihənin arxasında dayanan tədqiqat qrupu, hərəkət elmləri, musiqi sinir elmi və kommunikasiya texnologiyaları sahələrində mütəxəssis olan kəslərdən meydana gəlir. 3 il davam etməsi planlaşdırılan layihədə 5 laboratoriyadan istifadə ediləcək. Bunlar, Fransanın Montpellier Universiteti və Akademik Xəstəxanası, Belçikanın Ghent Universiteti, Milli İrlandiya Universiteti və İspaniyanın Tecnalia Təşkilatıdır. İnkişaf etdiriləcək bu tətbiq qənaətbəxş nəticələr verdiyi təqdirdə, başda hərəkət narahatlıqları çəkən insanlar olmaqla, bütün insanlara gələcəkdə fayda təmin ediləcək.

Qaynaq: Yaşamın KökeniMedicalXpress
daha ətraflı...

November 22, 2013

Qalaktikamızdan kənar neytrinlər Yerdə tapıldı

Antarktikada yerləşən IceCube Teleskop Laboratoriyasından olan tədqiqatçılar, bir kilometr kub buzun içində tapdıqları 28 subatom hissəciyinin Günəş sisteminin, hətta Samanyolu qalaktikasının xaricindən gəldiyini dedilər.

Astrofizika elmində yeni bir dövrün başlanğıcı olaraq xarakterizə edilən bu kəşf, Science jurnalında onlayn yayımlandı. ABŞ-dakı Wisconsin Universitetindən olan bir qrup tədqiqatçı, "İşıq sürətinə yaxın sürətə sahib olan, elektrik yükü sıfır olan və maddələrin içindən demək olar ki təzyiq almadan keçə bilən təməl hissəciklər" olaraq təyin olunan neytrinlərin qara dəliklər, işıqları titrəyən ulduzlar və subatom hissəciklər yayan səma cismlərinin sirrlərinin tapılmasına yardım edəcəyini qeyd etdi.



IceCube tədqiqatçılarından olan Francis Halzen subatom hissəcikləri Günəş sistemimizin xaricindən gələn ilk yüksək enerjili neytrinlər hesab edir. Ulduzlar arası neytrinlərə Yerdə daha əvvəllər yalnız bir dəfə rast gəlinmişdi. Elm adamları 1987-ci ildə bir Supernovadan Yerə çatan hissəcikləri müşahidə etmişdilər. O gündən bu yana Günəş ya da Yerin öz atmosferindən qaynaqlanmayan subatom hissəciklərin tapılması üçün işlər davam etdirilirdi.

Halzen, Antarktikada tapılan hissəciklərin 1987-ci ildə Böyük Maqellan Buludu'ndaki Supernovadan yayılan neytrinlərdən 1 milyon dəfə daha çox enerjiyə sahib olduğunu bildirdi. IceCube tədqiqatçılarından olan Naoko Kurahashi-Neilson bunları əlavə etdi:


"Apardığımz iş, hal-hazırda dünyadakı ən əhəmiyyətli hissəcik fizikası layihəsidir. Növbəti 10 il ərzində əldə edəcəyimiz məlumatlar, enerjinin mənbəyini tapmağımızı təmin edəcək."


Antarktikada yerləşən Amundsen-Scott Cənub Qütbü Stansiyasında inşa edilən IceCube Neytrin Detektoru, Günəş sistemi xaricindən gələn neytrinlərlə Günəş və Yer kürəsinin atmosferlərindən yayılan neytrinləri bir-birindən ayırd edə bilir. Alimlər, subatom hissəciklərin Yerdən milyardlarla işıq ili uzaqlıqdakı astrofiziki fenomenlər haqqında məlumatlar verə biləcəyini hesab edirlər.

Qaynaq: Sciencemag
daha ətraflı...

Yadplanetlilərə çox yaxınlaşmış ola bilərik

Bu qədər yaxındırlar, amma yenə də uzaqdır. Artıq əminik ki qalaktikamızda milyardlarla Yerə oxşar planet mövcuddur. Bundan başqa həmin hesablanan planetlər eynən Yer kimi həyat şərtləri üçün uyğundur, Günəşə oxşar ulduzlar ətrafında dövr edirlər və ulduzlarıyla aralarında olan məsafə bizim planetlə Günəşin arasındaki məsafəyə yaxındır.

Həyat ola biləcək ən yaxın planet evimizdən 12 işıq ili uzaqlıqdadır. Bu, əlbəttə, səyahət üçün olduqca uzaq məsafədir, amma müşahidə etmək üçün kifayət qədər yaxındır.

Təəssüf, bizim hələ ki bu planetləri ətraflı araşdırmaq üçün əlimizdə imkan yoxdur. Kəşf, kosmik teleskop Keplerin göndərdiyi məlumatlar əsasında edilmişdi, amma teleskopun sistemi may ayında anidən dayandı və bəlkə də evimizdə gözlədiyimiz sirrlərə cavabları özü ilə əbədi basdırdı.

Buna baxmayaraq, son nəticələr bizə, möhtəşəm kəşflər astanasında olduğumuzu göstərir. Keplerin varisi olan Transiting Exoplanet Survey Satellite 2017-ci ildə kosmosa buraxılacaq. Bu aparat qalaktikamızdaki orta həcmli ulduzların ətrafında dövr edən həyat üçün əlverişli planetlərin kəşfi əməliyyatını davam etdirəcək. Ən az yüzlərlə planet kəşf edəcəyi gözlənilir. Lakin daha maraqlısı, gələcəyin planları olan James Webb Space Telescop StarShade Mission layihələridir. Bu layihələr əsnasında kosmik teleskoplar kəşf edilmiş, həyat üçün əlverişli hesab olunan planetlərin atmosferini araşdıracaq, bu da orada canlıların mövcud olub-olmadığına dair məlumatlar verəcək.

Digər yaşayış olan planetin bizdən bir neçə işıq ili uzaqlıqda yerləşdiyi və hər hansı bir müşahidə edilə bilən ulduz ətrafında dövr etdiyi ideyası - çox xoş perspektivdir. Fərqli planetdə həyat izləri qənaətbəxş olsun və ya olmasın, bunun çox da böyük əhəmiyyəti yoxdur. Lakin, əgər haradasa kainatda həyat varsa, əminliklə vurğulamaq olar ki, növbəti onillikdə onun əlamətlərinə rast gəlinmiş olacaq.

Qaynaq: NewScientist
daha ətraflı...

Tunes balığı və Dəniz atı qohum çıxdı

"100 milyon ildir anal üzgəc və tikanlı kürəyə sahib olan balıqlar, planetin ən ucqar guşələrini belə işğal etdilər", - Kaliforniya Universitetindən olan təkamülçü bioloq Peter Wainwright belə deyir.

Bu qrup, mərcan-qayalıq növlərinin 90%-dən çoxunu və insanların ovladığı əksər xanı balığı, morina və tilapiya kimi bütün balıqları bünyəsində saxlayır.

İndi isə, Wainwright və tədqiqatçı qrupu, yaşayan 18.000 növü əhatə edən bu nəhəng növyaranma üçün yeni bir nəsil ağacı hazırlamaq üçün birləşdilər. Genetik vasitələri və fosilləri istifadə etdikdə filogeniyası, bəzi kiçik tikanlı balıqların arasında gözlənilməz əlaqələrə işıq tutdu. Tapıntılar 15 iyul tarixli Journal Proceedings of the National Academy of Sciences'da yayımlandı. Wainwright LiveScience'a verdiyi açıqlamasında belə deyir:

"Daha əvvəllər heç kəsin görə bilmədiyi hər növ əlaqələr var. Mənim kimi bir balıq fanatı üçün bu nəticələr bir az həyat dəyişdirici xüsusiyyətdədir. Bu ana qədər, bu böyük balıq qruplarının qohumluq əlaqələrinin necə olduğunu bilmirdik."

Yale Universitetindən olan təkamülçü bioloq və tədqiqatın başında duran Tomas Near isə bunları dedi:

"Məsələn, elm adamları tunes balığı və qılıncbalığını eyni taksonomik qrupa aid edirdilər. Yenilənmiş nəsil ağacı göstərir ki, tunes balığı və dəniz atı, tuna və digər sürətli balıqlarla müqayisədə qohumluq əlaqələri baxımından daha yaxındır. Dəniz dili balığı və digər yastı balıqlar, tədqiqata görə qılıncbalığına ən yaxın qohumlardır; böyük, istiqanlı tuna və kiçik dəniz atı isə 100 milyon il əvvəl ayrılan iki "qardaş" qruplardandır. Analizin bir başqa qeydə dəyər nəticəsi də 66 milyon il əvvəl başa çatan Təbaşir dövrünün, dinozavrların kütləvi məhv olması ilə bağlanışında, balıq növlərinin yox olmasına dair heç bir sübutun tapılmamasıdır..."

Wainwraight, mövzuyla əlaqədar bunları əlavə edir:

"Növyaranma nisbətlərinə baxdığımızda heç bir kəsilmə müşahidə edə bilmirik. Kütləvi məhvə dair dair heç bir sübut yoxdur. Bunun əvəzinə, kiçik tikanlı balıqlar 150-50 milyon il əvvəl bütün müvafiq su-bataqlıq əraziləri işğal etdikləri böyük bir işğal hərəkətinin ortasındaydılar. Bu tikanlı qılcıqlar fənər balıqlarının fənərindən tutmuş, əmici balıqların əmmə mexanizmlərinə, marlin balıqlarının qeyri-adi yelkənlərinə qədər hər şeyə çevrildilər."

Yeni nəsil ağacının hazırlanmasıyla Wainwright, müxtəlif formalara təkamülləşmiş bir tək balıq əcdaddan çox, mərcanların müxtəlif balıq növləri tərəfindən 50 dəfə zəbt edildiyini tapdı. Tədqiqata görə, naməlum səbəblərdən bütün balıq sinifüstüsü 40 milyon il əvvəl növyaranma prosesinin nisbətini yavaşlatdı. Wainwright bunları açıqladı:

"Bu dövrdə hər hansı bir kütləvi məhv hadisəsi baş vermədi. Sadəcə, balıq növlərinin Yerdəki bütün yaşamaq üçün əlverişli yerləri zəbt etdiklərini düşünürük. Bu fakt, müşahidə edə bildiyimiz qədəriylə müasir dövrdə də davam edir. Niyə davam etdiyi isə bilinmir." 

Kiçik tikanlı balıqlar ilan balıqlarından, köpək balıqlarından və nərə balıqlarından; somon və ala balığının əcdadlarından 150 milyon il əvvəl ayrılmışdır.

Qaynaq: LiveScience
daha ətraflı...

November 21, 2013

Dinozavrlar istiqanlı idilər?

Alimlər uzun müddət müxtəlif üsullarla dinozavrlar haqda daha ətraflı məlumata yiyələnmək istəyirdilər. Yeni bir tədqiqatın nəticələri elm dünyasını yeni bir faktla qarşı-qarşıya qoydu: Dinozavrlar istiqanlı ola bilərdilər.

Dinozavrların soyuqqanlı və ya istiqanlı olduğunu araşdırmaq, bu sürünənlərin necə yaşadığı, inkişaf etdiyi və törədiyinə dair bizə olduqca əhəmiyyətli məlumatlar təmin edə bilər.


Bir canlının istiliyi maddələr mübadiləsinə təsir edir. Bu da, istiqanlılığın canlının inkişaf sürətinə və artım bacarığına təsir edə bildiyini göstərir. Tədqiqatçılar sümük qalıqları üzərindəki "inkişaf xəttlərini" araşdırmağa başladılar. İlin daha soyuq olan fəsli, misalçün qışda, heyvanlar yavaş inkişaf edir və həmin "inkişaf xəttləri" daha tünd və nəzik olurlar, sümüklərin daha sürətli şəkildə böyüdüyü fəsildə isə onlar daha açıq və qalın olurlar.

Alimlər əvvəllər inkişaf xəttlərinin belə strukturunun yalnız soyuqqanlı sümüklərinə xas olduğunu düşünürdülər, çünki bu canlılar müəyyən mərhələlərlə inkişaf edirlər. İstiqanlı canlılar isə davamlı inkişafda olurlar, çünki onlar bədən temperaturunu saxlaya bilirlər və sürətli maddələr mübadiləsinə sahibdirlər. Yəni, fasiləsiz şəkildə inkişaf etmək üçün enerji istehsal edirlər. Alimlər, bu nəzəriyyəyə əsasən, sümüklərdəki inkişaf xəttlərini araşdıraraq dinozavrların soyuqqanlı olduqlarını iddia etmişdilər.

Yeni tədqiqat bu fikri dəyişdirir. Tədqiqatçılar, yüzdən çox istiqanlı gövşəyən məməli növlərinin ayaq sümüklərindəki inkişaf xəttlərini araşdırdılar (inəklər və qoyunlar kimi). Daha sonra, sümüklərdəki işarələri yağış mövsümləri və temperatur tsiklları, heyvanların bədən temperaturu və maddələr mübadiləsinin orta sürəti ilə müqayisə etdilər. Nəticədə tədqiqatçılar, istiqanlı gövşəyən canlıların sürətli, lakin illik mərhələli inkişafına işarə edən sümüklərdəki inkişaf xəttlərinə sahib olduqlarını təsdiq etdilər. Bu vəziyyətin də "əlverişsiz" fəslin nə qədər müddət davam edəcəyindən asılı olduğu məlum oldu.


İstiqanlı gövşəyən məməlilərin sümüklərindəki xəttlərdən alınan nəticələr əvvəlki dinozavr sümükləri üzərində aparılan tədqiqatların nəticələri ilə oxşarlığın olduğunu göstərdi. Bu tapıntı, dinozavrlarda da, eynən gövşəyənlər kimi, sürətli inkişafın baş verdiyinə və arabir əlverişsiz mövsümlər səbəbindən inkişafın müəyyən mərhələlərə bölündüyünə dair məlumatlar verdi. Bu kəşf dinozavrların soyuqqanlı deyil, istiqanlı olduqlarını irəli sürmək üçün yetərli hesab oluna bilər.


Tapıntı barədə  Barselona Avtonom Universitetindən olan tədqiqatçı Meike Köhler bunları dedi:


"Dinozavrların istiqanlı olduqlarına dair irəli sürdüyümüz arqument, inkişaf və "istirahət" xəttləri arasında, olduqca yüksək templi inkişafa işarə edən geniş toxuma sahəsinin mövcudluğundan ibarətdir. Bu, dinozavrlar üçün  tipik xüsusiyyətdir və nisbətən yavaş inkişaf edən digər sürünənlərin heç birində buna rast gəlinmir."

Bundan başqa tədqiqatda dinozavrların digər sürünənlərlə müqayisədə daha sürətli inkişaf etdiyi məlum oldu. Köhler açıqlamasında bunları da əlavə etdi:


"Dinozavrlar həmçinin çox sürətli inkişaf templərinə sahib idilər və yüksək enerji istehsal edən bədənlərinin mövcudluğunu davam etdirmək üçün daha çox və tez-tez qidalanmaq məcburiyyətində idilər."

Qaynaq: Nature
Читать полностью:http://www.km.ru/nauka/2012/07/06/nauchnye-issledovaniya-i-otkrytiya-v-mire/uchenye-schitayut-chto-dinozavry-byli-tep
daha ətraflı...

November 20, 2013

Kosmosda başqa həyat var?

Uzun illərdir insanları maraqlandıran ən əhəmiyyətli suallardan biri də kosmosda bizdən başqa sivilizasiyaların olub-olmadığıdır. Bu mövzuya dəqiq cavablar vermək olduqca çətindir. Bu günə qədər Yerdən kənarda başqa bir həyat əlamətinə rast gəlinməmişdir və  izlədiyiniz bütün filmlərdəki yadplanetli görüntüləri saxta və fantaziya məhsuludur. Amma baxa bildiyimiz və ya görə bildiyimiz ərazi heç kainatın trilyonda biri deyil. Təkcə Samanyolu qalaktikasında 200-400 milyard sayda ulduz olduğunu və kainatda Samanyolu kimi milyardlarla qalaktika olduğunu düşündüyümüzdə, olduqca kiçik bir sahəni görə bildiyimiz aydın olur.

Son illərdə edilən kəşflərlə artıq uzaq qalaktikalar araşdırılmağa başlandı, Günəş sistemindən kənat planetlərin kəşi də sürətləndi. Kosmosun bir çox yerində həyatın yaşıllaşması üçün lazımlı şərtlərin mövcudluğu müəyyən olundu. Son hesablamalara görə yalnız Samanyolu qalaktikamızda Yerə oxşar 8 milyarddan çox planet mövcuddur. Bu planetlərdə lazımlı şərtlərin meydana gəlməsi nəticəsində həyat əlamətlərinə dair dəlillərin tapılması - alimləri heyrətləndirəcək kəşf olmayacacaq, amma eyni zamanda çox böyük əhəmiyyət daşıyan, kainat haqqında yeni məlumatlar təmin edəcək tapıntı olacaq. Bəlkə də ən maraqlı sual, başqa planetlərdə təbiət qanunlarının insanlar kimi ağıllı və kainatı qavrayan mədəni sivilizasiyalar təkamülləşdirib-təkamülləşdirə bilmədiyidir, daha doğrusu təkamülləşdirməsi üçün şəraitlərin olub-olmadığıdır. Belə olduğu halda, bizdən qat-qat inkişaf etmiş sivilizasiyalar mövcud ola bilər.

"Əgər bizdən daha çox inkişaf etmiş sivilizasiyalar varsa, niyə biz onları görə bilmirik ya da onlar bizimlə əlaqə qurmurlar, və ya gəlib planetimizi koloniyalaşdırmırlar?" Bunlar, insanları ən maraqlandıran suallardandır. Bu suallara verilə biləcək bir çox cavablar var, hansılar ki ehtimallar daxilindədir:

- Planetimiz inkişaf etmiş sivilizasiyalardan çox uzaqda ola bilər;
- Samanyolu qalaktikasında inkişaf etmiş yeganə sivilizasiya ola bilərik;
- Bizimlə əlaqə qura biləcək qədər inkişaf etməyə bilərlər;
- Bizimlə əlaqə yaratmaq üçün hər hansı bir səbəbləri olmaya bilər;
- Bizim qavraya bilmədiyimiz fərqli boyutlarda yaşaya bilərlər;
- Bizi özləri ilə müqayisədə 6 milyon il əvvəlki vəhşi əcdadımız kimi görə bilərlər;
- Bioloji həyatdan texnoloji həyata (kompyuter həyatı) keçid almış ola bilərlər;
- Planetlərini tərk edib köçəri kosmik həyat yaşaya bilərlər;
- Çoxları milyard və ya milyon illər əvvəl məhv olmuş ola bilər;
- Bizim onları koloniyalaşdırmağımızdan qorxa bilərlər və s.


Bir çox astrobioloqlarsa fərqli düşünürlər. İnsan növü bu yaxınlarda kosmik məkana daxil olmuşdur, hələ üzərindən 1 əsr belə keçməyib. Bu qalsın bir yana, kainatda bizdən başqa canlıların olub-olmadığını araşdıran sahə - astrobiologiya daha da gəncdir. Astrobioloqlar hesab edirlər ki, kainatdaki fərqli üstün sivilizasiyaların bizi və digər nisbətən inkişaf etmiş sivilizasiyaları koloniyalaşdırmaq üçün hər hansı bir səbəbləri olmamalıdır. Tariximizə nəzər yetirsək, insanoğlunun əsrlər keçdikcə daha da mədəniləşməsinə əmin ola bilərik, bu prosesin sonunda da "həqiqi sivilizasiya" qura biləcəyimiz inandırıcı görünür. Bizim kimi, inkişaf etmələri üçün lazımlı şərtlərə sahib olan kosmik qardaşlarımız da bu yolu getmiş olmalıdırlar. Bəziləri bizdən daha geridə, digərləri isə daha irəlidə ola bilərlər. Müasir alimlər arasında fikir fərqlilikləri olsa da, yenicə araşdırmağa başladığımız kosmik aləmin sivilizasiyalarının mədəni, hətta bizdən inanılmaz dərəcədə inkişaf etmiş növlər olduğu mübahisə obyekti olmaqla bərabər, qətiyyən şübhə altına da alınmır. Son olaraq, məşhur astrofizik, həmçinin ilk astrobioloqlardan olmuş Karl Saqanın bu sözlərini əlavə etmək istəyirik:


"Sübutun yoxluğu, yoxluğun sübutu deyil."  
"Əgər kainatda yalnızıqsa, nə qədər məkan boşuna sərf olunmuşdur."
daha ətraflı...

Oksigen artımı ilk ətyeyənləri təkamülləşdirdi

Oksigen olmadan, ətyeyənlər (karnivorlar) olmazdı. Ətyeyənlər olmadan, 540 milyon il əvvəl növlərdə yaşanan möhtəşəm təkamül artımları, bədən strukturlarını təkamülləşdirən, Kembri Partlayışı adlandırılan hadisə olmazdı.

Bunlar, Kembri partlayışı ilə ətyeyənlərin niyə eyni dövrdə meydana gəldiyi mövzusundakı müzakirə edilən iddiaları bir-birinə bağlayan tədqiqatın tapıntılarıdır. İndiyə qədər bir qrup alim artan oksigen səviyyəsinin heyvanlara əlavə enerji verdiyini və beləcə heyvanların mürəkkəb bədən quruluşları inkişaf etdirdiklərini iddia edirdilər. Bir digər qrup isə heyvanlar arasındakı rəqabətin yeni növlərin yaranmasına səbəb olduğunu düşünürdü.

Harvard Universitetindən olan doktorant vəzifəlisi Erik Sperling deyir: 


"Bu mübahisələr həmişə var idi. Hər bir tərəf öz versiyasına güvənir, bu da elmdə olduqca normal haldır."


Lakin Sperling 20 milyon illik, həyat ağacının ilk mərhələrinin meydana gəldiyi dövrün, yəni Kembri partlayışının ortaya çıxmasına səbəb kimi iddia edilən iki faktorun bir-birinə uyğun olduğunu düşünür. Tapıntılar National Academy of Sciences jurnalının "Gündəlik Yeniliklər" bölməsində, 30 iyul 2013 tarixində yayımlandı.

Sperling və həmkarları, Kembri partlayışından əvvəl Yerin okean şərtlərini izah edən mühiti araşdırdılar. Bunlar, az oksigenli, normal səviyyənin onda biri qədər aşağı (Prekambri dövrü ilə eyni) ərazilər idi. Qayalar üzərindəki geokimyəvi izlər Kembri partlayışı əsnasında, okeanlarda oksigen səviyyəsində dramatik artım olduğunu göstərir. Elm adamları səbəbin nə olduğunu hələ ki bilmirlər. Sperling bunları deyir:


"Hal-hazırda az oksigen olan ərazilərdə, oksigen miqdarına bağlı olaraq ya bir neçə etyeyən növü yaşayır, ya da ümumiyyətlə yoxdur. Bu, Prekambri dövrünün oksigeni az olan okeanlarında olduqca az sayda ətyeyən yaşamış olduğunu göstərir."



"Az miqdarda oksigen olan ərazilədə canlılar bakteriya, ya da Prekambridən əldə edilən nadir fosillərdəkinə oxşar kiçik heyvanlara bənzəyir. Bu ərazilərdə yaşayan canlılar ya qurudan düşən tullantıları yeyir, ya da su üzərinəki bakteriyaları. Bioloji müxtəliflik faizi olduqca aşağıdır." - Lisa Levin açıqlama verir (La Jolla, Kalifroniyada yerləşən Scripps Okeanoqrafiya İnstitutundan olan okeanoloq).


Lakin kiçik ətyeyənlər oksigen səviyyələrinin artmağa başladığı mühitləri işğal edirlər. Artıq elm adamları, bu oksigen artımının ətyeyənləri meydana gətirdiyi iddiasının, əvvəlki, o dövrdə ov arxasında qaçaraq təkmilləşdikləri irəli sürülən iddianı əvəz edə biləcəyini hesab edirlər. Fosil qeydlərində ilk heyvanlar Kembri dövründən 200 milyon il əvvəl təkamülləşmişdi, lakin fosil və molekulyar dəlillər ətlə qidalanmağın Kembridən əvvəl meydana gəlmədiyini göstərir.

Kembri partlayışı əsnasında heyvanlar, sürünən plankton kimi orqanizmlərdən faydalanmışdırlar, həmçinin daha iri ovları qavramaq və yeyə bilmək üçün çənə quruluşunu inkişaf etdirmək məcburiyyətində qalmışdırlar. Bu hadisə sərt bədən quruluşlarını və çanaqbənzəri formaları meydana gətirmişdir. Sperling, hal-hazırki vəziyyəti, keçmişi anlamaq üçün istifadə edilməsinin Kembri partlayışı haqqında yeni məlumatlar verəcəyinə ümid edir. Belə deyir:


"Müasir dövrün az oksigenli ərazilərini müşahidə etmək bizə, bu hadisədə oksigen səbəbinin olub-olmadığına dair məlumatlar verir. Əgər müəyyən bir oksigen artımı həqiqətən də olmuşdursa, əldə edəcəyimiz kəşf yəqin ki budur."


Qaynaq: LiveScience
daha ətraflı...

November 19, 2013

Lenski təcrübəsi hələ də davam edir

Buraya daxil olaraq bəzi təməl məlumatları əldə edə biləcəyiniz "Lenski təcrübəsi", ya da başqa adıyla "Escherichia coli Uzunmüddətli Təkamül Təcrübəsi Layihəsi" (LTEE), təkamülün laboratoriyada müşahidə edilə biləcəyini göstərən, təkamülün şübhə edilməz fakt olduğunu elmi olaraq ortaya qoyan saysız tədqiqat və işlərdən yalnız biridir. Lakin təkamülə dair məlumat və proqnozlarımızı inkişaf etdirən bir xüsusiyyəti olduğuna görə digərlərindən daha əhəmiyyətlidir.

1988-ci ildə Miçiqan Ştatı Universitetində olan yalnız 12 təcrübə qabındaki E. coli bakteriyaları hal-hazırda 58.000-dən çox nəsil keçirmişdir və təcrübə hələ də davam edir. Təcrübədə, hər 500 nəsildən bir bakteriya populyasiyaları dondurularaq, eynilə fosillərin təkamülün bəzi mərhələlərini bizə göstərdiyi kimi, "fosil qeydləri" əldə edilmişdir. Lenski və tədqiqat qrupu, müəyyən aralıqlarla təcrübə nəticələrini hesabat olaraq elm ictimaiyyətinə çatdırmışdır. Science jurnalında dərc olunan son hesabat olduqca maraqlı məlumatlar verir.

Lenski və həmkarları hesabatda, bakteriyaların mühitə adaptasiya olmada hər hansı sərhəd görmədiklərini, təkamülün davamlı olaraq irəlilədiyi xəbərini çatdırırlar. Yəni mühit dəyişdikcə, bakteriyalar da davamlı olaraq seçmə təzyiqi altında mühitə adaptasiya olmağı davam etdirirlər. Santa Cruzda yerləşən Kaliforniya Universitetindən olan John Thompson belə deyir:

"Bu hesabatda verilən nəticələr, canlıların, yaşadıqları mühitə adaptasiya ola bilmələrində bizim düşündüyümüzdən daha çox üsullar olduğunu göstərir."

Lenski, öz həmkarları ilə birlikdə təcrübənin son 25 ili ərzində, cəmi 41 müxtəlif vaxtlarda dondurulmuş bakteriyaları yenidən həyata gətirərək bu canlılardan yeni populyasiyalar yaratmağa nail olmuşdur. Həmin bu nəsilləri, müasir nəvələriylə bir mühitə yerləşdirərək təkamül uyğunlaşmasının müvəffəqiyyətlərini müşahidə etmişdirlər. Beləcə tədqiqatda görülmüşdür ki, 40.000-ci nəsil ilə 50.000-ci nəsil arasında mühitə uyğunlaşma müvəffəqiyyətində 3%-lik artım yaranmışdır.

Tədqiqatçılar, bir kompyuter modeli istifadə edərək bu təcrübənin 2,5 milyard il ərzində davam etsə nələr ola biləcəyini anlamağa çalışdılar və kompyuter təkamülün hər hansı bir sərhədini göstərə bilmədi. Almaniyada yerləşən Cologne Universitetindən olan Joachim Krug, The Scientist jurnalına bunları bildirdi:

"Təkamüldə hər zaman təmir edilə biləcək şeylər var. Bu səbəbdən, strukturları bir az daha yaxşı hala gətirməyin hər zaman bir yolu var."

Təcrübə, bizlərə təkamüllə bağlı çox əhəmiyyətli məlumatlar verir. Yayılmış inancının əksinə təkamül, bir bakteriyanın bir pişiyə çevrilməsi deyil. Bəli, təkamül müddəti ərzində bakteriyalar kimi primitiv canlılardan yaranan orqanizmlər pişiklərin də, itlərin də, insanların da meydana gəlməsinə səbəb olmuşdur, bu doğrudur. Amma buna səbəb olan şərtlərin və müddətlərin laboratoriyada birə-bir tətbiq olunması qeyri-mümkündür. Ən kiçik bir parametr dəyişikliyi, canlının təkamülündə xaotik dəyişikliklərə səbəb ola bilər. Bu səbəbdən tədqiqatçılar belə bir təkamül dəyişikliyini müşahidə etməyi gözləmirlər, çünki buna heç kimin ömrü çatmayacaq. 80 illik insan ömrü, hətta 200.000 illik Homo sapiens mövcudluğu belə, 3,8 milyard ildir davam edən təkamül üçün dilə gətirilməyə dəyməyəcək müddət aralıqlarıdır.

Lakin tədqiqatlarda müşahidə edilənlər olduqca dəqiqdir: canlılar, yaşadıqları mühitə adaptasiya olurlar. Bu mühitə adaptasiya ola bilmək üçün strukturlar dəyişilmək məcburiyyətindədir: fizioloji dəyişiklik, anatomik dəyişiklik, hətta davranışlarda olan dəyişikliklər... Bunların hamısı bir yerdə yığıldıqda, müəyyən bir müddət keçdikdən sonra canlılar o qədər fərqliləşirlər ki, bəlkə kənardan baxıldığında hələ də əcdad növlə eyni quruluşdaymış kimi görünsə də, tamamilə yeni bir canlı növü təkamülləşir. Təkamül də məhz bu şəkildə irəliləyir.

Qaynaq: The Scientist
daha ətraflı...

November 18, 2013

Qara dəliyin içində ola bilərik

Rusiyalı alimlər Böyük Partlayış nəzəriyyəsinə alternativ yeni bir nəzəriyyə hazırladılar. Bunun üçün Fizika İnstitutu Astrokosmik Mərkəzinin (ACFİ) üzvləri qara dəliklərin digər tərəfini müşahidə etmək qərarına gəldilər.

Nəzəri fizik Vladimir Lukaş açıqlamasında bunları dedi:

"Təbii ki qara dəliklərin içinə baxmaq qeyri-mümkündür, amma biz, klassik nisbilik nəzəriyyəsinin işləmədiyi yerlərdə riyazi modellə fotonların ötürülməsi prosesini izləməyə nail olduq."


Qara dəlik - cazibə qüvvəsi həddindən artıq güclü olan obyektdir, hətta işıq belə ondan qaça bilmir, daha dəqiq desək, işığın hissəcikləri olan fotonlar. Məhz bu nöqtədə nə zaman, nə də məkanın mövcud olmadığı, yalnız sonsuz sıxlığın müşahidə edildiyi sinqulyarlıq adlandırılan ərazi başlayır.

Bu gün kainatımızın Böyük Partlayış nəticəsində belə bir sinqulyarlıqdan meydana gəldiyi hesab edilir. Amma daha bir neçə sual cavablandırılmamış qalır: partlayışa səbəb nə idi və partlayışdan əvvəl nə var idi?

Vladimir Lukaş və həmkarı Vladimir Strokov, sinqulyarlıq ərazisini "hamarlaşdıran" xüsusi riyazı prosedur hazırlayaraq, fotonların qara dəliyin digər tərəfindən çıxmasını təmin etdilər və sinqulyarlıq ərazisinin digər tərəfinə boylandılar.

Lukaş belə izah edir:


"Bunu, qapı sayəsində bir-birindən ayrılmış iki otaq kimi təsəvvür edə bilərsiniz. Biz qapının digər tərəfində necə bir dünya olduğunu bilmirik, orada da bizim dünyanın necə bir yer olduğu məlum deyil. Qapını açmaq mümkün deyil, amma qapıya gözcük yerləşdirib içəri baxa bilərik."


İndiyə qədər aşılmamış səddi aşmağa çalışan rus alimləri, qara dəliklərin digər tərəfində başqa bir kainatın formalaşma prosesinin getdiyini aşkar etdilər. Bizim kainatdan qara dəliyə düşən maddə, qara dəliyin daxilində güclü qravitasiyaya çevrilir.


"Deyişən, həmçinin də qravitasion sahələrdə hissəciklərin yaranma effekti fizikaya məlumdur. Ulduzun qara dəliyə çökməsi prosesi baş verdikdə hissəciklərin yaranmasını təmin edən güclü qravitasiya sahəsi meydana gəlir. Genişlənməyə impuls verildikdə, kosmik oyunun içinə maddələri tutub böyük həcmlərə qədər şişirdən proseslər daxil olur." - Lukaş açıqlamasında belə dedi.


Alimlər bizim kainatın da eynən bu yolla, sanki bir şar kimi şişərək yarandığını bildirdilər. Lukaş, bizim "Genişlənən Kainat" adlandırdığımız obyektin əslində, təxminən 14 milyard il əvvəl şişməsinə impuls verilmiş və qravitasiya təsiri altında olan hissəciklərdən və maddədən ibarət struktur olduğunu hesab edir.

Vladimir Strokov son olaraq bunları əlavə etdi:

"Yəni, biz bir qara dəliyin içindəyik, çöldə isə bizə məlum olmayan bir digər kainat mövcuddur."

Belə halda, ağılda kainatın fərqli məntiqi dünyagörüşü meydana gəlir. Alimlər verdikləri açıqlamada bu yeni nəzəriyyədə Böyük Partlayışın xüsusi yerinin olmadığını deyərkən, onun sadəcə bizim kainatımızın necə yarandığına dair izahlar verdiyini bildirdilər.


Qaynaq: SpacePhys
daha ətraflı...

Darvinin Qara Qutusu "Ağardı"

Əvvəllər təkamülə qarşı iddialarıyla gündəmə gələn biokimyaçı Michael Behe artıq təkamülün fakt olduğuna əmin olmuşdur. Maraqlıdır ki, illər əvvəl irəli sürdüyü və bu gün artıq təkzib edilmiş iddiaları hələ də elm düşmənləri olan kreasionistlər tərəfindən təkamülü gözdən salmaq məqsədi üçün istifadə edilir. Bu, ya onların yeni elmi xəbərləri izləmədiklərindən, ya da hələ də bilərəkdən insanları aldatmaq arzularından qaynaqlana bilər. Kreasionizmə nəyə görə "saxta elm" adı verilmiş olduğunu indi daha yaxşı anlayırıq.

Uzun illər Təbii seçməyə və Təkamül nəzəriyyəsinə münasibətdə əleyhdarlığıyla tanınan və "Sadələşdirilməz Mürəkkəblik" iddiasını irəli sürən Lehigh Universitetindən olan biokimyaçı prof. Michael Behe, 2010-cu ilin dekabr ayında The Quaterly Review of Biology jurnalında dərc etdiyi "Təcrübi Təkamül, Funksiya İtirici Mutasiyalar və Adaptiv Təkamülün İlk Qaydası" başlıqlı məqaləsində təkamül həqiqətini qəbul etdiyini elan etmiş oldu və 1996-cı ildə "Darvinin Qara Qutusu" adıyla çap etdirdiyi kitabıyla Təkamül Biologiyasına qarşı başlatdığı müharibəni, 2000-ci illərdə elmin yeni tədqiqatların gətirdiyi faktlarla dayandırdı. Həmin məqaləyə göz gəzdirə bilərsiniz.

Bu arada, məqalədə olduqca maraqlı məlumatlara rast gəlirik:


- Behe, son 40 ildə edilən təkamül təcrübələrini araşdırır. Bunlar arasında Lenskinin təcrübəsi də var.
- Behe, Lenski təcrübəsini təkamülü aydın şəkildə sübut edən və bir çox suala cavablar verən əhəmiyyətli elmi kəşf olaraq xarakterizə edir.
- Behe, təkamül yoluyla növlərin dəyişə biləcəyini, yeni xüsusiyyətlər qazanıb-itirə biləcəyini və var olan bir xüsusiyyətin bir digər funksiya üçün təkmilləşə bildiyini qəbul edir.
- Behe bu dəyişikliklərin arxasında Molekulyar Təkamülün yer aldığını göstərir.
- Behe, Darvinin təbiətdə müşahidə etdiyi "Adaptiv təkamülü", ya da "Təbii seçməni" molekulyar səviyyəyə endirib öz deyimiylə "Adaptiv Təkamülün İlk Qaydası" adıyla təyin edir.
- Məqaləsinin nəticə hissəsi bu sözlərlə başlayır: "Adaptiv təkamül, növlərin yeni xüsusiyyətlər qazanmasına, xüsusiyyətlər itirməsinə və ya xüsusiyyətlərin modifikasiyasına səbəb ola bilər."
- Məqaləsi bu sözlərlə qurtarır: "Təkamülün saysız qədər istiqaməti var və burada izah etdiklərim də diqqətə dəyərdir."


Gördüyünüz kimi, hər şey aydındır.


Müəllif haqqında qısa xronologiya:


1996 - Behenin "Sadələşdirilməz Mürəkkəblik" dediyi cəfəngiyyatı irəli sürərək təkamülə müharibə başlatması

2001-2005 - Sadələşdirlilməz Mürəkkəblik ilə əlaqələndirilən bütün kompleks strukturların təkamül sayəsində açıqlana bilməsinin təsdiq edilməsi

2005 - Sadələşdirilməz Mürəkkəblik anlayışının son qalası olan "göz" quruluşunun təkamül sayəsində açıqlanması

2006 - Behenin yoxa çıxması

2007-2009 - Behenin təkamülü növ əsasında qəbul etdiyinə dair açıqlaması və tədqiqatlarının dərc edilməsi

2010 - Behenin Təkamülü tam qəbul etməsi
daha ətraflı...

November 17, 2013

Görünməzlik kəşf edildi

Görünməzlik artıq elmi fantastika olmaqdan çıxa bilər. Çinli bir qrup elm adamı görünməzlik təmin edən yeni bir cihaz hazırladı. Amma bu cihaz yalnız müdafiə etmə məqsədi üçün istifadə ediləcək.

Zhejiang Universitetində olan tədqiqatçılar işığı bükə bilən bu cihaz sayəsində obyektləri görünməz hala sala bilirlər. Şüşədən hazırlanmış altıbucaqlı cihazın içindən keçən taxta qələm, balıq və pişik işıq bükmə texnologiyası ilə görünməz oldu.

Alimlər, obyekti pərdələmə cihazıyla sardıqlarını izah edirlər. Bu cihaz, gözümüzə çatmadan əvvəl işığın, gizləmək istədiyimiz obyekti keçməsini və sonra obyektə geri dönməsini təmin edir. Bu sayədə arxa tərəf görünməyə davam edir, cihazın içindən keçən obyekt isə görünməzlik qazanır. Texnologiyanın hazırlanmasında hələ ki ilk mərhələdə olduqlarını deyən alimlər, irəlidə cihazın hərbi məqsədlər üçün istifadə edilə biləcəyini bildirdilər.

Qaynaq: WantChinaTimes
daha ətraflı...

Ən qədim bakterial ekosistem tapıldı

Alimlər Avstraliyada aparılan tədqiqatlarda 3,5 milyard il əvvəlinə aid kompleks bakterial ekosistemin izlərinə rast gəldi. Bu tapıntının, Yerdəki ən qədim həyat nümunəsi olduğu məlum oldu.

Tədqiqatçılar, Qərbi Avstraliyanın Pilbara bölgəsində yerləşən qaya layları üzərində apardıqları tədqiqatda, milyard illər əvvəlinə uzanan həyat izləri tapdı. Guardian'a açıqlama verən Qərbi Avstraliya Universitetindən olan prof. David Wacey, tapıntıların, yer üzündəki həyatın tarixini bir neçə milyon il daha geriyə apardığını dedi. Wacey:


"Pilbara bölgəsi, Yerdə ən az dağılmış qədim qaya strukturlarına sahibdir. Əvvəllər apardığımız tədqiqatlarda 3,45 milyard il əvvəlinə dayanan həyat izləri tapmışdıq. Bu dəfə isə bir az daha geriyə getməyi bacardıq."


Wacey, ekosistemin aşkar edildiyi Dresser qayalığından alınan nümunələrdə qədim bakteriya qrupları tapdıqlarını dedi. Qruplar halında yaşamağa uyğunlaşan bu qədim bakteriya və mikroblar, ehtiyac duyduqları kimyəvi struktura görə qayaların fərqli təbəqələrində yaşamış, işığı sevənləri isə qayaların üst laylarında yerləşmişdir.


Qədim bakteriyaların aid olduğu 3,5 milyard il əvvəlki dövrdə planetin böyük hissəsi okeanlarla örtülmüşdü və temperatur bu günkindən daha yüksək idi. Bakteriyaların meydana gəlməyə başladığı bu dövrdə hələ inkişaf etmiş növlər təkamülləşməmişdi.

Wacey, həmin dövrdə atmosferdə demək olar ki oksigenin heç tapılmadığını, CO2 və metan qazının isə yayılmış olduğunu açıqladı.

Yer üzünün böyük hissəsinin okeanlarla örtülü olduğu dövrdə aktiv vulkanik fəaliyyət yaşanırdı və atmosferdəki sulfid faizi həddindən artıq idi. Yalnız 2,5 milyard il əvvəl nüvəli hüceyrələrə sahib olan canlılar meydana gəlməyə başlamışdı.

Pilbara bölgəsindəki qayalıqların Marsdakı qaya strukturlarına çox oxşadığını deyən Wacey, həmçinin tədqiqatların bizə bir gün başqa bir planetdə həyat olduğuna dair işarələr verə biləcəyini də bildirdi.

Qaynaq: CarnegieScienceScienceDaily
daha ətraflı...

November 16, 2013

4 milyard il əvvəl Mars belə idi

NASA-nın Goddard Kosmik Mərkəzi tərəfindən hazırlanan animasiyada Marsın 4 milyard il əvvəlki halı süni şəkildə göstərildi. Mars səthində olan kəşfiyyatçı ağıllı robotların və peyklərin göndərdiyi məlumatlarla hazırlanan simulyasiyada 4 milyard il əvvəl səmanın göy rəngə çalan bir rəngdə olduğu, səthdə isə göllər və çayların olduğu görülür. Planetin Yerlə müqayisədə daha kiçik olması, mövqeyi etibarilə daha uzaqda yerləşməsi səbəbindən Marsın zamanla müasir halına doğru dəyişildiyi hesab edilir.


daha ətraflı...

Musiqini 30 milyon il əvvəl öyrəndik

Biology Letters jurnalında dərc olunan araşdırmada, həyatımıza musiqi və dilin ilk dəfə 30 milyon il əvvəl girdiyi bildirilir.

Təqiqatda iştirak edən Andrea Ravignani, Discovery News'a verdiyi açıqlamasında, "Musiqili davranışlar ilk addımlar olaraq qəbul edilə bilər. Buna görə də ilk dil hesab olunurlar" dedi.

Vyana Universitetindən olan bioloq Ravignani və həmkarları, tədqiqatda hecalar, sözlər və musiqi qeydləri arasında əlaqə qurma qabiliyyətini araşdırdılar. Nümunə olaraq, Do-Re-Mi doğru qəbul edilərkən, Do-Re-Fa səslərinin gözlənilən ardıcıllığı verməməsi səbəbiylə səhv qəbul edilməsi göstərildi.

Edilən təcrübədə, hər nə qədər insanlar kimi reaksiya verməsələr də, sincabaoxşar meymunlar kiçik bir otağa qoyuldu və onlara müxtəlif musiqilər dinlədildi. Arabir yeməklə doyuzdurulan meymunlar, bu sayədə darıxmadan təcrübəyə adaptasiya oldular. Təcrübədə, Do-Re-Fa kimi yalnış not ardıcıllığı verildiyində, meymunların səsə daha çox diqqət etdiyi müşahidə edildi.

Sincabaoxşar meymunların təcrübədə səs ardıcıllıqları və dəyişmələrini anladıqları sübut edildi. Təcrübə sayəsində, həm dil, həm də musiqi üçün əhəmiyyət daşıyan bu qabiliyyətin insan və meymunların ən son ortaq əcdadı hesab olunan sincabaoxşar meymunların əcdadlarında 30 milyon il əvvəl ortaya çıxdığı iddiası irəli sürüldü.

Alimlər quşlar kimi səs çıxara bilən sincabaoxşar meymunların və şimpanzelər kimi digər növlərin musiqi mövzusunda düşündüyümüzdən daha çox bacarıqlı ola biləcəyini dedilər. Ravignani şimpanzelərin, onlar üçün hazırladıqları xüsusi zərb alətlərinə böyük maraq göstərdiyini bildirdi.

Təcrübə barədə fikirlərini bildirən Wisconsin-Madison Universitetindən olan psixologiya və zoologiya professoru Charles Snowdon bunları dedi:


"Musiqi qabiliyyətinin və qavrayışının qədim insanlarda yaranması yerinə daha qədim bir tarixə malik olması gözləmədiyimiz xəbər deyil."


Qaynaq: ZMEScience
daha ətraflı...

Doğaraq artan "Jackson buqələmunu"

Buqələmunların təkamül keçmişinə aid bir çox məlumata sahib olsaq da, bu qeyri-adi növlərin təkamülü ilə əlaqədar bəzi sirrlər hələ də qalır. Məsələn, buqələmunların bildiyimiz ən qədim əcdadı 60 milyon il əvvəl yaşamış Anqingosaurus brevicephalus adlı bir növdür. Təkamül müddətində, dəyişikliklərini dəqiq olaraq görə bildiyimiz digər növlər arasında 23-13 milyon il əvvəl yaşamış Chamaeleo caroliquarti və 13-5 milyon il əvvəl yaşamış Chamaeleo intermedius növləri bunlardan yalnız bəziləridir. Həmçinin aparılan genetik tədqiqatlar buqələmunların təxminən 100 milyon il əvvəl iquana bənzərlərindən və kələzlərdən ayrılmış bir qrup olduqlarını da göstərir və kələzlər dəstəsinə daha yaxındırlar.

Amma sürünənlərin böyük bir qisminin ən əsas xüsusiyyətlərindən biri olan yumurta qoyma, bu qrupun bəzi növlərində (məsələn şəkildəki Jackson buqələmununda) etibarlı deyil. Bu sürünənlər, eynilə məməlilər kimi doğurlar!

Bu sizi çaşdıra bilər, amma əlimizdə Təkamül Biologiyası var. Hal-hazırda yalnız 2 növ dağ kərtənkələsində və bəzi ilanlarda doğaraq artımı müşahidə edə bilərik, amma fosillərə baxdığımızda bunların sayının 100-dən çox olduğunu görərik. Doğan müasir sürünənlər üzərində aparılan tədqiqatlar, yumurta qoymağa yaxın bir doğuş tipinin çətin şərtlərdə sürünənlərin bəzilərinin nəsillər içərisində keçirə bildiyi təkamül dəyişikliyi olduğunu göstərir. Bu keçidə səbəbin mühitdə olan qida qaynaqları və bunların bu təkamül dəyişikliyini dəstəklədiyi hesab edilir. Dağ kərtənkələləri üzərində aparılan işlərdən, nəsillər içərisində təkamül dəyişikliklərini, həm də doğuş tipi kimi əhəmiyyətli bir təkamül dəyişikliyini gözlərimizlə görə bilərik. Bu keçid, məməlilərin sürünənlərdən təkamülləşməsi faktını dəstəkləyən yüzlərlə dəlildən yalnız biridir.


Üstəlik bu doğuş çox uğurlu şəkildə təkamül keçidini göstərir. Hər nə qədər biz "doğuş" olaraq bilsək də, bu canlıların doğduğu  balalar ilk mərhələdə qarında yumurta içərisində, ana rəhmində inkişaf edirlər. Ardından burada yumurtalarından çıxır və "doğulurlar". Yəni, təkamülü göstərə biləcək bir keçid gözümüzün qarşısında reallaşır! Bundan başqa, ətraf şərtləri normal hala qayıtdıqda bu sürünənlər ənənəvi yumurta qoyma üsuluna bir neçə nəsil içərisində yenidən qayıda bilirlər. Bu, mühitə görə təkamül dəyişikliklərinin ən gözəl nümunələrindən hesab olunmalıdır.

Qaynaq: TorontoZoo
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top