October 13, 2013

Astrobiologiya: Yerdənkənar təkamül



Astrobiologiya (başqa adıyla ekzobiologiya) - kainatda həyatın hansı istiqamətlərdə inkişaf edib təkamül keçirə biləcəyini izah edən elmi sahədir. Astrobiologiya, əsaslandığı kimya, fizika, astronomiya, biologiya, geologiya, planetologiya, coğrafiya və ekologiya kimi sahələr sayəsində digər həyat üçün əlverişli planetlərdə canlıların inkişaf mərhələlərini izah etmək məqsədi güdür. İnsanın kosmik məkana daxil olmasıyla yaranan kosmik biologiya və kosmik tibb elmi sahələri ilə yaxın əlaqədədir.

Astrobiologiya bizim Günəş sistemimizdə və digər ulduz sistemlərində həyat üçün əlverişli planetlər axtarışında olsa da, Yerin ilkin inkişaf mərhələlərini də araşdırır.

"Yerdənkənar həyat mövcuddurmu?" hər zaman insanları maraqlandıran sual olmaqla birlikdə, hər an elm sayəsində təsdiqlənə biləcək bir hipotezdir və həmçinin bu hipotezin təsdiqlənməsi elmi tədqiqatların istiqamət və üsullarını dəyişdirə bilər. Astrobiologiya bir vaxtlar elm ilə yan-yana qoyulmasa da, hal-hazırda ciddi elm sahəsi kimi alimlər tərəfindən inkişaf etdirilir.



Karl Saqan və Vikinq kosmik aparatı
Hər şey belə başladı: 1959-cu ildə NASA ekzobiologiya üzrə ilk layihəsini qurdu, 1960-cı ildə isə ekzobiologiyanın öyrənilməsi üçün proqram hazırladı. 1971-ci ildə Yerdənkənar həyat axtaracaq SETI layihəsinin təməli qoyuldu. Bu layihə Yerdən kənar radiosiqnalların dinlənilməsi və yaddaşda saxlanılması ilə məşğul idi. 1976-cı ildə qurulan Vikinq layihəsi Marsda yadplanetli həyat əlamətlərini axtaran 3 bioloji tədqiqatdan ibarət idi. 1997-ci ildə Marsa eniş edən Mars Pathfinder aparatı isə Mars səthindəki qayalıqlarda bakteriya qalıqlarını tapmalı idi.

Gənc və təsdiqlənməmiş sahə olmasına baxmayaraq, 21-ci əsrin başlanğıcından bəri NASA və Avropa Kosmik Agentliyi kimi digər elmi akademiyalar astrobiologiyanın öyrənilməsi və araşdırmaları üçün daha çox maraq göstərir. Bir çox universitetlər astrobiologiyanı təhsil proqramına əlavə edirlər. ABŞ-ın Arizona, Pensilvaniya, Montana və Vaşinqton universitetləri, Böyük Britanıyanın Kardiff və Avstraliyanın Yeni Cənubi Uelz universitetləri artıq bu yeni sahəni təhsil proqramına daxil etməklə birlikdə, həm də universitet daxilində Astrobiologiya Mərkəzləri yaradırlar.

Hal-hazırda bu sahə üzrə ən çox araşdırılan planet, Yerə yaxın və Yerin səthinə oxşar səthə sahib olan, həmçinin Yerlə oxşar geoloji tarixə malik olan Marsdır. Alimlər hər gün daha da böyük əminliklə Marsda bir vaxtlar bol miqdarda su olduğunu açıqlayırlar, hansı ki Yerdəki kimi, Yerdən kənarda da həyat üçün ən əhəmiyyətli maddələrdən biri hesab olunur.


ExoMars aparatının ilkin rekonstruksiyası
2011-ci ilin noyabr ayında NASA, Marsda həyat aşkar etmə tədqiqatlarının davam etməsi üçün marsoxod Curiosity aparatını qırmızı planetə yolladı. Avropa Kosmik Agentliyinin açıqlamasına görə, hal-hazırda hazırlanan və 2018-ci ildə Marsa göndəriləcək marsoxod ExoMars aparatı da həmçinin bu tədqiqatların davamı olacaq. Bir sözlə, alimlər Marsa digər planetlərdən daha çox inanırlar.

Astrobiologiya sahəsində ilk və görkəmli mütəxəssislərdən biri, eyni zamanda astrofizik və astronom olan Karl Saqandır. Onun, Yerdəkənar həyat əlamətləri axtaran SETI layihəsinin inkişaf etdirilməsində böyük əməyi olmuşdur. Elm təbliğatçısı olan Karl Saqan yazdığı "Kosmos" kitabı və eyniadlı serialları ilə astrobiologiya sahəsinin tanıdılması üçün səy göstərmişdir. Həmçinin, müəllifi olduğu elmi-fantastik "Kontakt" romanı oxucularda astrobiologiyaya daha da böyük maraq oyatmışdır. Karl Saqanın ölümündən bir il sonra, 1997-ci ildə isə onun "Kontakt" romanı əsasında eyniadlı film çəkilərək görkəmli alimin xatirəsinə həsr edilmişdir.

Qaynaq: wikipedia.org
Yazını dostlarla bölüş

1 şərh var:

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top