December 7, 2013

Çin Ay səthinə kosmik aparat göndərdi

Çin kosmik aparatı "Çanye-3" (Chang'e-3) dekabrın 2-si gecə saatlarında Yerdən Aya yola düşdü. Aparatın Aydaki "Sinus Iridum" kraterinə eniş edəcəyi gözlənilirdi. Bu addımla Çin keçmiş SSRİ və ABŞ-dan sonra Ay səthinə aparat göndərmiş üçüncü ölkə adını qazandı.

Xinhua agentliyinin və CCTV-nin yaydığı məlumatlara görə, Çanye-3 kosmik aparatı 6 dekabr tarixində Ayın orbitinə daxil oldu. Çanye-3 aparatı transfer orbitindən dairəvi orbitə səthdən 100 kilometr hündürlükdə keçid aldı. Aparat 14 dekabr tarixində peykə eniş etdi. Bunun 1976-cı ildən bəri edilmiş ən uğurlu eniş olduğu hesab edilir.



Çanye-3 kosmik aparatı eniş modulu və qədim Çin tanrıçası Çanyenin dovşanı "Yuytu"nun adı verilmiş kəşfiyyatçı aparatdan ibarətdir. Ay üzərində gəzəcək kəşfiyyatçı aparat Yuytu saatda 200 metr sürətlə hərəkət edə bilir. Üç ay davam edəcək tədqiqat ərzində aparat Ayda geoloji araşdırmalar aparacaq. Aparat 14 dekabr tarixində peyk səthinə eniş etdikdən dərhal sonra Ay səthinin fotoşəkillərini çəkib Yerə göndərdi.

Çin kosmik aparatı Çanye-3'ün proqramına 3 mərhələ daxildir: Ay ətrafında tam dövr, Ay səthinə eniş və Aydan Yerə dönüş.

Qaynaq: Spaceflight Now , Independent
daha ətraflı...

Ağ köpəkbalığının genom xəritəsi hazırlandı

Ağ köpəkbalığı (Carcharodon charcarias) ən qədim və iri yırtıcı balıqlardandır. Alimlərin marağına səbəb olan bu növ bu gün yox olma təhlükəsi ilə qarşı-qarşıyadır. Bu canlılar elm üçün uzun müddət genetik tapmaca olaraq qalmışdır. 

Cornell Universitetindən (ABŞ) olan Michael Stanhope və həmkarları ağ köpəkbalığının genom xəritəsini hazırlamaq qərarına gəldilər. Onlar, brakonyerlər tərəfindən tutulmuş və hüquq mühafizə orqanları tərəfindən tədqiqat üçün alimlərə göndərilmiş ağ köpəkbalığının ürəyini araşdırdılar. Alimlər ağ köpəkbalığının genom ardıcıllığını həll edib, onu Danio rerio balığı və insan genomu ilə müqayisə etdilər. Tədqiqat BMC Genomics jurnalında yayımlandı.

Nəticədə ağ köpəkbalıqlarının danio balıqları ilə çox az oxşarlığı olduğu aydın oldu. Alimlər, bu nəticənin onlar üçün gözlənilməz olduğunu qeyd etdilər: təkamül nöqteyi-nəzərindən danio balıqları dəniz yırtıcılarına yaxın olmalıdır. Bunun yanında ağ köpəkbalığı və insan genomlarının müqayisələri bu nəticələri verdi: köpəkbalıqlarında maddələr mübadiləsinə cavabdeh olan zülallar, insanda anoloji funksiyaları yerinə yetirən zülallara oxşar idi.

Məqalənin müəllifləri qeyd edirlər ki, bu vəziyyəti belə açıqlamaq olar: ağ köpəkbalıqları qismən istiqanlı balıqlardır və onlarda maddələr mübadiləsi digər soyuqqanlı balıqlarınkı ilə müqayisədə daha intensivdir. Alimlər həmçinin gələcəkdə ağ köpəkbalığı genomunu digər istiqanlı yırtıcılarla müqayisə edərək hipotezlərinin nə dərəcədə doğru olduğunu aydınlaşdıracaqlarını bildirdilər.

Qaynaq: Nature World News
daha ətraflı...

December 6, 2013

Yaşanmış qorxu irsən ötürülür

Heyvanlar üzərində aparılmış təcrübələrdən məlum oldu ki, əvvəlki nəsillərin həyatında mövcud olmuş hadisələr genetik yaddaş vasitəsi ilə yeni nəsillərin davranışında öz əksini tapır.

Atlantanın Emori Universiteti Tibb mərkəzinin tədqiqatçıları Brayn Dias və Kerri Restlerin Nature Neuroscience jurnalında dərc olunmuş məruzəsində qeyd olunur ki, müəyyən iydən qorxmağa vərdiş etdirilən siçanlar bu halı irsən öz yeni nəsillərinə ötürürlər. Ekspertlərin fikrincə, bu kəşf qorxu və fobiyaların meydana gəlməsinin öyrənilməsində vacib əhəmiyyət daşıyır.

Aparılmış tədqiqat zamanı siçanları meşə gilasının çiçəklərində olan ətirdən (asetofenon maddəsindən) qorxmağa alışdırdılar. Onların saxlanıldığı yerə bu maddəni buraxarkən siçanlar zəif elektrik cərəyanı zərbəsi ilə vuruldular və beləcə, iy özlüyündə çəkindirici təsirə malik olmasa da, elektrik cərəyanının təsiri siçanları saxlama yerinin həmin seksiyasından qaçmağa məcbur etdi. Növbəti dəfələrdə həmin maddə buraxılarkən, elektrik cərəyanı olmadan da, siçanlar dərhal qaçmağa başlayır və beləcə, onlarda həmin iyə qarşı qorxu yaranmış olur.

Bu siçanlardan əmələ gələn nəsillər başqa bölmələrə yerləşdirildi, onların ünsiyyətinin qarşısı alındı. Yetkin həddə çatdıqdan sonra onlar üzərində eyni təcrübə aparıldı. Məlum oldu ki, yeni nəsildə asetofenon maddəsinə qarşı qorxu həssaslığı yaranmışdır. Saxlama kamerasına həmin maddə buraxılan kimi (baxmayaraq ki, elektrik cərəyanı daha tətbiq olunmur) siçanlar həmin bölmədən qaçmağa başladılar. Yeni nəslin erkək fərdləri üzərində DNT tədqiqatı iy reseptorlarının işinə cavadeh olan Olfr151 sahəsində metilasiyanın baş verdiyini üzə çıxardı.

Tədqiqat nəticələri epigenetik irsiyyət nəzəriyyəsini təsdiq edir. Bu nəzəriyyəyə görə, ətraf mühitin davamlı təsirləri genetik strukturda öz əksini tapır ki, bu da irsən yeni nəsillərə ötürülür.

Qaynaq: BBC
daha ətraflı...

Hidrotermal ocaqlar araşdırılacaq

18 nəfərdən ibarət Amerikadan olan tədqiqat qrupu dənizdə sualtı robotları istifadə edərək hidrotermal ocaqları araşdırıb həyatın mənşəyi axtarışlarına başlayacaq. Tünd Enerji Biosfer Təhqiqat Mərkəzi (C-DEBİ) tərəfindən maliyyələşdirilən tədqiqat 4 dekabr tarixindən başlayaraq gələn ilin ilk günlərinə qədər davam edəcək.

Cənubi Kaliforniya Universitetində Yer kürəsi Elmləri və Bioloji Elmlər professoru olan və eyni zamanda Tünd Enerji Biosfer Təhqiqat Mərkəzinin başında duran Jan Amend deyir:


"Bu olduqca həyəcan vericidir, çünki tədqiqat bizə suların böyük miqdarının okean döşəmələrində yavaş şəkildə irəlilədiyi ya da kanallardan sürətli şəkildə axıb getdiyi mövzusunda ətraflı məlumat almağımız üçün köməkçi olacaq." 

Amend tədqiqat gəmisində olmayacaq, amma buna baxmayaraq köməkçi assistent professor Beth Orcutt və Cənubi Kaliforniya Universiteti məzunu Mike Lee tərəfindən hazırlanacaq hesabatlarda bir çox elm adamı ilə birlikdə o da yer alacaq.

Tədqiqat qrupu biri idarə edilən, digəri də sərbəst olan iki ədəd sualtı robot istifadə edəcək. Başçılıq edən Geoff Wheat hesab edir ki, məqsəd yer üzünün ən əhəmiyyətli hissələrindən biri olan dəniz döşəməsi haqqında əhəmiyyətli məlumatlar toplamaqdır. Tədqiqatçı komanda bölgənin 1,000-10,000 litr arasında su tutumuna sahib olacağını təxmin edir.

Wheat deyir:


"Okean döşəməsi okean üçün nəhəng filtr kimidir, okean döşəməsində axan suyun miqdarı, Yer üzərində axan bütün çaylardaki su miqdarına bərabərdir. Suya hansı elementləri qatdığını və sudan nələr çıxardığını öyrənməyimiz lazımdır."

Əlavə olaraq, komanda dəniz döşəməsinin oksigendən məhrum bölgələrində yaşayan mikroblar haqqında daha çox məlumata yiyələnəcəklərinə ümid edir.


"Onların bu cür ucqar yerlərdə necə yaşadıqları haqqında məlumat sahibi olmağa çalışırıq." - Wheat qeyd edir.

Belə tədqiqatlar sayəsində əldə olunan məlumatlar gələcəkdə bir gün Yerdən kənar həyat üçün istifadə edilə biləcək. Digər planetlərdə uc hissələrdəki sərt şərtlərdə həyat ola bilər. Üç həftə davam edəcək tədqiqatla, gündə 24 saat aparılacaq işlər yeni məlumatlara yiyələnməyə kömək olacaq.

Qaynaq: AstroBio , Press Room
daha ətraflı...

Seks üçün iki ayaq üzərinə qalxdıq?

İnsanlar yoldaşlarının cinsi müvəffəqiyyətini daha yaxşı qəbul edə bilmələri üçün iki ayaq üzərində yaşayacaq şəkildə təkamülləşmiş ola bilərlər.

İllər əvvəl olmasına baxmayaraq, o qədər travmatik bir andır ki, dünənim kimi xatırlayıram: yaşlı bir professor məni sözün əsl mənasında divara "mismarlayıb" niyə məqaləsini rədd etdiyimi soruşdu. Burnundan alov saçaraq bunları dedi: "İnsanların iki ayaq üzərində dayanacaq şəkildə təkamül keçirməsinin səbəbi, uşaqlarını sinələrinə daha yaxın səviyyədə tuta bilməkdir!"

Gördünüz mü? Nə qədər sadədir, elə deyilmi? O qədər aydındır ki, bunu mən də anlaya bilərdim.

İnsanların iki ayaq üzərinə qalxmasıyla əlaqədar yazılar, Nature'da işləyərkən məktub qutuma aralıqlarla düşərdi. İki ayaq üzərinə qalxdıq, çünki qida və alət daşımaq lazım idi, çünki daha irəlini görməyimiz lazım idi, çünki dərimiz daha az günəş şüasına məruz qala bilərdi, çünki göllər və çayları daha asan aşa bilərdik... Hər birisi gözəl hekayələr idi, ancaq hamısının səhvi ortaq idi: təkamülün bir məqsəd güddüyünü eyham edən izahlar, bu səbəbdən təkamülün necə işlədiyinə dair təməl anlayışımıza xəyanət edirdilər.

Təbii seçmə, yəni təkamülün mexanizmi yaddaşa və ya uzaqgörənliyə sahib deyil. İstəkləri yoxdur. Təkamül məqsədlərini ona sonradan biçən bizlərik. Bu səbəbdən canlıların xüsusiyyətləri bizlər tərəfindən əvvəldən qəbul edilə biləcək bir şəkildə təkamülləşməmişdir. Bu cür yanlış anlaşılmaların insan təkamülünü anlamağımızda nə kimi səhvlərə yol açdığını, "Səhvən Var Olan Növlər: İnsan təkamülünün yanlış anlaşılmaları" başlıqlı kitabımda izah edirəm.

Amma bunların heç biri insanların niyə iki ayaq üzərinə qalxdığına istiqamətli şərhlər inkişaf etdirməyimə mane olmur. Mənə görə, hamısı səhvən oldu.

İki ayaq üzərində yerimə (bipedalizm) insan anatomiyasının və davranışının bir çox qəribəliklərindən biridir və bizi ən yaxın qohumlarımız olan böyük insanbənzəri meymunlardan ayıran məhz budur. Həmçinin onlarla müqayisədə daha sosialıq, daha böyük beynimiz var, daha çox bədən yağına sahibik və daha az tüklüyük.

Seksə gəldikdə, bizim qadınlarımızın tüksüz döşləri hər zaman əhəmiyyətli idi, təkcə süd vermək baxımından deyil. Yaxın qohumlarımız olan şimpanzelərin dişilərinin əksinə, bizim dişilərimiz qızışdıqlarını (cinsi fəaliyyətin ən yüksək olduğu vaxtlar) cinsi orqanlarını qabardaraq sərgiləyirlər. Sərgiləməkdən söz düşmüşkən, kişilərin də digər bütün insanabənzər meymunlarla müqayisədə bədən böyüklüklərinə nisbətlə ən böyük penisə sahib olduğunu xatırladaq. Erkək qorilla, yetkin bir kişidən 2 dəfə ağır ola bilər, amma ən şanslı qorillalar belə 2,5-3 sm uzunluqda penisə sahib olur.

Əgər insanların döşləri və penisləri tüksüzlük sayəsində aydın görülmüşdürsə, bipedalizm tərəfindən də dəstəklənmiş olmalıdır. Çünki bipedalizm "ortada nə varsa" göstərir. Bu vəziyyətdə, iki ayaq üzərinə qalxmaq Cinsi seçmənin yan məhsulu ola bilər. Məlum olduğu kimi Cinsi seçmə fərdlərin yoldaşlarını, daxili genetik sağlamlığı əks etdirən ünsürlərin ən yaxşılarına görə seçmələrinə deyilir.

Cinsi olaraq seçilən bəzi xüsusiyyətlər bəzən təsadüfən də şans faktoru ilə meydana gələ bilər. Məsələn bir xüsusiyyət bir başqasıyla əlaqəli olduğu üçün, ilkinə istiqamətli olacaq bir seçmə digərini də özü ilə birlikdə gücləndirə bilər. Erkək tovuz quşlarının nəhəng quyruqları bunun möhtəşəm nümunəsidir. Al-əlvandır və dişiləri cəlb edir, amma bu quyruğu daşımaq üçün böyük miqdarda enerji lazımdır; həmçinin quyruq tovuz quşlarının ovçularından qaçmasını çətinləşdirir. Bipedalizmə keçid də eyni şəkildə düşünülə bilər: təkamül baxımdan seçildi, çünki cinsi xüsusiyyətlərimizi daha çox vurğulamağımızı təmin edirdi, ancaq bizə başqa istiqamətlərdən də üstünlüklər gətirirdi.

Dörd ayaq üzərində yeriyən quruluşa sahib olan bədənin iki ayaq üzərinə qalxacaq şəkildə təkamülləşməsi insan bədəninin tamamilə yenidən təşkil olunmasına səbəb olmuşdur. Bu da, müasir dövrdəki kürək ağrısından əziyyət çəkən fəhlələrin işdən çıxarılmalarına əsas səbəbdir. Adaptasiyadan çox, bipedalizm bir növ "dəhşətli yamaq" olaraq hesab edilə bilər: cazibə qüvvəsinə və məntiqə zidd olan cinsi seçmə nəticəsidir...

İndi, yuxarıda bəhs etdiyim kəslərin yarısından çoxuna bir jest edəcəyəm. Ehtimalla digərlərindən daha yaxşı fikir deyil, hətta daha pis ola bilər. Amma mən heç kimi divara mismarlamayacağam.

Müəllif: Henry Gee (Nature)

Qaynaq: New Scientist
daha ətraflı...

December 5, 2013

Kiçik qara dəlik alimlərin işini çətinləşdirir

Alimlərin tapdığı kiçik qara dəlik olduqca az kütləyə sahib olmasına baxmayaraq, ultraparlaqdır.

Nəticələri Nature jurnalında yayımlanan tədqiqatda alimlər yeni tapılmış qara dəliyin kütləsinin az olduğunu, buna baxmayaraq rentgen mənbəyi olduğunu deyirlər. Ultraparlaq rentgen mənbəyi hesab olunan qara dəliklər kosmosdaki materiyaları udduqda bir hissəsini məkana atırlar. Çin Dövlət Astronomiya Abservatoriyasından olan prof. Ji-Feng-Liu və həmkarları teleskoplar köməyiylə NGC 5457 qalaktikasındaki qara dəliyi araşdırdılar.

Yeni qara dəlik parlaqlığı və şüa spektrinə görə Günəşdən 100-1000 dəfə böyük olan orta kütləli qara dəliklər sinfinə aid olmalıdır. Bu sinfin qara dəliklərinə qalaktikaların mərkəzində yerləşən superkütləli qara dəliklərlə tək ulduzların sönməsi nəticəsində meydana gələn qara dəliklər arasında rast gəlinir. Amma Liu və həmkarlarınını hesablamalarına görə qara dəliyin kütləsi Günəşinkindən 20-30 dəfə çoxdur.

Lakin qara dəlik ultraparlaq rejimə hər vaxt keçmir, bu fakt da nəzəriyyələri xilas edir. Mövcud obyektlərin qara dəlik tərəfindən udulması prosesi modellərinə görə akkresion diskin temperaturu, qara dəliyin kütləsi nə qədər ağırdırsa, bir o qədər az olmalıdır.

NGC 5457 qalaktikasındaki qara dəlik diski temperaturunun hətta qalaktikanın mərkəzindəki ikili qara dəliklərdən aşağı olduğu aydın oldu. Bu nəticələr astronomlara qara dəliklərə verdikləri kütlə miqdarının azaldılmalı olduğunu göstərdi.

Alimlər həmçinin kiçik qara dəliyin niyə bu qədər parlaq olduğu üzərində baş sındırdılar. Nəticədə, xarakteristikası müəyyən edilmiş ulduz axınlarının qara dəlik üzərində təsiri olduğu qənaətinə gəldilər. Qara dəliyin qızışmasına səbəb olan ulduzun, ömürləri qısa sürən "heliumlu ulduzlar" sinfinə aid olduğu aydınlaşdırıldı.

Qaynaq: Nature
daha ətraflı...

İnsanın ən qədim genomu canlandırıldı

Alimlər İspaniyada yerləşən Sima de los Huesos mağarasında 400.000 il əvvəl yaşamış Homo heidelbergensis növünün mitoxondrial DNT-sini canlandırmağa nail oldular. 4 dekabr 2013 tarixində Nature jurnalında yayımlanan xəbərə görə genomu canlandırılmış qədim insan denisovalara daha yaxın idi.

Leipzig'də yerləşən Təkamül Antropologiyası İnstitutundan olan Matthias Meyer deyir:


"Mağara sakininin mitoxondrial DNT-sinin neandertalların deyil, denisovaların izlərini daşıdığı faktı olduqca gözlənilməzdir, çünki skeletin bir neçə hissəsi neandertalları xatırladır. Bu fosillərin növbəti araşdırmalarının mağara sakinləri, denisovalar və neandertallar arası qohumluq əlaqəsini aydınladacağına ümid edirik."



Tədqiqatçılar Sima de los Huesos mağarasında
Matthias Meyer, Svante Pääbo və digər tədqiqatçılar artıq bir neçə ildir qədim genomların bərpası işi üzərində çalışırlar. 2009-cu ildə neandertal, 2010-cu ildə isə denisova adamının genomlarını bərpa edən alimlər, 2012-ci ildə onların genomlarını müqayisə etmiş və HD versiyalarını təqdim etmişdilər. Bu genomların təxminən 30-38 min il yaşı olduğu hesab edilir.

İsveçli təkamülçü bioloq Svante Pääbo və həmkarları yeni tədqiqatda daha da qədimlərə gedərək, 400.000 il əvvəl yox olan Homo heidelbergensis növünün genomunu canlandırdılar. Bunun üçün Matthias Meyer tərəfindən hələ 2012-ci ildə inkişaf etdirilmiş paleogenomların ardıcıllığı üsuluna müraciət edən alimlər, qədim insanın mitoxindrial DNT-sini canlandırmağa və oxumağa nail oldular.

Qədim mağara insanının mitoxondrial DNT-sini neandertallar, denisovalar və müasir insanlarınkiylə müqayisə edən tədqiqatçılar, növün neandertallardan çox "Altay" homolarına oxşar olduğunu gördülər. Altay ilə İspaniya arasında uzun məsafə olduğu faktı yeni suallar doğurdu. Sualların cavablarının gələcək tədqiqatlarla öyrəniləcəyi hesab edilir.

Qaynaq: Nature
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top