December 13, 2013

Yupiterin peyki Europada su fışqırdı

Hubble Kosmik Teleskopu Yupiterin peyki Europa'nın səthində kosmosa böyük miqdarda su fışqırtmasına səbəb olan qeyzerlər olduğunu təsbit etdi. Yupiterin cazibə qüvvəsi ilə süngər kimi sıxışan və su fışqıran qeyzerlərin çıxardığı su buxarı 200 km hündürlüyə çatır.

Astronomlar qaz nəhəngi Yupiterin peyki Europa'da isti su qaynaqlarının izinə rast gəldi. Hubble teleskopu peykin səthində tapdığı və kosmos boşluğuna su fışqırdan iki qeyzerin fotoşəkillərini çəkdi. Fontan kimi fışqıran su buxarının hündürlüyü təxminən 20 Everest boydadır.  Alimlər Europa'nın geofiziki fəaliyyətinin həyat ehtimalını da gücləndirdiyini qeyd etdilər.

Science jurnalında dərc olunan tədqiqatda iştirak edən ABŞ-ın Southwest Tədqiqat İnstitutundan olan Lorenz Roth deyir:


"Həyəcan verici bir kəşfə imza atdıq. Aldığımız nəticələr gözlədiyimizdən daha həll edicidir."


Günəş sistemində kosmosa su fışqırtdığı müşahidə edilən yeganə səma cismi Europa deyil. Bundan əvvəl Saturnun cazibə qüvvəsi səbəbiylə, səthi cizgilərlə örtülü olan Encedalus peykinin də cənub qütb bölgəsindən su fışqırtdığı təsdiq edilmişdi.

Planetlər və peykləri aralarındakı cazibə qüvvəsinin təsiri hər iki cismlərdə də qarşılıqlı olaraq görülür. Ayın təsiri Yerdəki bəzi hadisələrə səbəb olur, Saturnun cazibə qüvvəsi isə kiçik peykinin səthində çatları meydana gətirir.


Elm adamları əldə edilən son tapıntıların ardından Europa'ya dair tədqiqatların artırılmasını planlaşdırır. Səthi cəmi 65 milyon il yaşında olan Europa təxminən 4,6 milyard il yaşındakı Günəş sisteminin ən gənc cismlərindən biridir. Hubble'ın tapdığı su buxarı ilk dəfə 1977-ci ildə Europa'nın yanından keçən Voyager kosmik aparatı tərəfindən aşkar edilmiş, amma tam təsdiq edilməmişdi. Galileo kosmik aparatı 1989-cu ildə yenə su buxarına oxşar bir görüntü qeydə almışdı, amma görüntünün rəqəmsal səhvdən qaynaqlandığı sonralar məlum olmuşdu.

Amerika Geofizika Birliyinin yeni bir təcrübəsi sayəsində Europa'nın səthində orqanik maddə məzmunu zəngin olan gil tapıldı. Alimlər hesab edirlər ki, asteroid və meteorlar tərəfindən gətirilmiş bu gillər əgər Europa'nın buzlaq təbəqəsi altındakı dənizə çatsa, qida dəyəri yüksək olan mühitdə həyatın meydana gəlməsi üçün qatqı təmin edilə bilər. NASA Reaktiv İtələmə Gücü Laboratoriyasından olan Robert Pappalardo deyir:


"Europa'da bu gün həyatın mövcud olub yoxsa ola bilməyəcəyini araşdırırıq. Bunun üçün daha çox müşahidələrə ehtiyac var."


Qaynaq: Sciencemag , Nature
daha ətraflı...

December 12, 2013

Təkamülü sürətləndirən mexanizm tapıldı

Alimlər orqanizmdəki genetik variasiyaları "susduran" zülalı tapdıqlarına dair açıqlama verdilərÇətin şərtlərdə bu zülalın səviyyəsi aşağı düşür və növ sürətli şəkildə təkamülləşməyə başlayır. Tədqiqatın nəticələri 13 dekabr 2013 tarixində Science jurnalında dərc edildi.

Bostonda yerləşən Harvard Tibb Məktəbindən (ABŞ) olan Nicolas Rohner və həmkarları Meksika tetrası (Astyanax mexicanus) növündən olan çay balıqları üzərində tədqiqat aparmağa başladılar. Təkamül nöqteyi-nəzərindən məlumdur ki, bu növ az müddət əvvəl sualtı mağaralarda yaşamağa başlamışdır. Balıqlar rənglərini və qaranlıq mağaralarda lazımsız olan gözlərini itirərək, su təzyiqindəki dəyişikliklərə daha hissiyyatlı olaraq yeni şəraitlərə uyğunlaşmışdılar.

Təkamülü əhatə edən nəzəriyyələrdən birinə görə yeni şərtlərə uyğunlaşmağı təmin edən genetik mutasiyalar əslində növün normal şərtlərdə yaşamış nümayəndələrində də olmalı idi, amma müəyyən səbəblərdən onların qarşısı alınırdı.

Hələ əvvəldən alimlərə fərqli növlərdə bu cür mutasiyaların HSP90 zülalını susdurduğu məlum idi, hansı ki öz növbəsində digər zülalların strukturunun formalaşmasında əhəmiyyətli rola malikdir. Stress şərtlər daxilində hüceyrələrdə HSP90 zülalının səviyyəsinin aşağı düşməsi mutasiyalara ortaya çıxma imkanı yaradır və hətta onlardan bəzilərinin faydalı olması üçün şəraitlər təqdim edir.

Alimlər görmə bacarığı olan və olmayan tetra balıqları üzərində bir sıra təcrübələr keçirdilər. Onlar, HSP90-ı blok edən maddənin orqanizmə daxil ola biləcəyi şərtlərdə görmə bacarığı olan balıqları böyütdülər. Nəticədə bu balıqlardan bəzilərinin gözlərinin ölçüsünün böyüdüyünü, digərlərininsə kiçildiyini və bu xüsusiyyətlərin də nəsillərlə ötürüldüyünü aşkar etdilər.

Bundan başqa alimlər balıqların təbii mühitdə qarşılaşa biləcəkləri fərqli şərtlərin balıqlara necə təsir edə biləcəyini araşdırdılar - suyun turşuluğundan tutmuş oksigen tərkibli suya və ya onun temperaturuna qədər. Əsas vacib amil sualtı mağaralarda olan suyun aşağı duzlu tərkibi oldu. Alimlər aşağı duzlu sularda böyüdülmüş görmə qabiliyyəti olan balıqlarda göz ölçüsünün əhəmiyyətli şəkildə dəyişildiyini qeyd etdilər.

Tədqiqatla əlaqədar Nicolas Rohner bunları dedi:


"Bu təcrübə bizə ilk dəfə HSP90 vasitəçiliyindəki mexanizmin real morfoloji adaptiv əlamətləri meydana gətirmək üçün onurğalılara tətbiq edilə biləcəyinin mümkün olduğunu göstərdi."


Qaynaq: SciencemagScienceDaily
daha ətraflı...

Elmi və Dini düşüncə arasındakı fərqlər

Son vaxtlar bəzi elm düşmənlərinin öz yalanlarını elm adı altında məlumatsız insanlara necə təlqin etdiklərinin şahidi oluruq. Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, onların bu yalan və cəfəngiyyat dolu fikirlərinə biliksiz insanlarla yanaşı cəmiyyətin ziyalı təbəqəsi olan həkimlər, müəllimlər və digər savadlı insanlar da inanır. Bu qısa yazımızda sizlərə doğru elmi yanaşmanın necə olduğunu izah etməyə çalışacağıq. Ümid edirik ki yazı əks düşərgədə olan savadlı insanları yenidən düşünməyə vadar edəcək və doğru nəticə çaxarmağa yardımçı olacaqdır.

Elm adamları və dindarlar üçün mühakimə perspektivləri tamamilə fərqlidir. Elm adamı elmi olaraq bilinən üsullara etibar edir. Bu üsullar məlumatı təsdiqləmək üçün məntiqə uyğun olan üsullardır, bunun ən sadə səbəbi elmi üsulun öz özünü təsdiqləyə bilən bir imkan ehtiva etməsidir. Başqa sözlə, elmi bir nəzəriyyə dəlilin onu dəstəklədiyi qədər doğrudur. Elm adamları əvvəldən təyin olunmuş fikirlərlə düşünmürlər.


Elmi üsulda, elm adamı müəyyən bir fenomeni müşahidə edir və bunun altında yatan həqiqəti axtarır; bu baxdığımız şey nədir və bunun verdiyi təsirin səbəbi nədir. Bir neçə ağlabatan fikri qiymətləndirdikdən sonra, hadisəyə ən uyğun şərh verən fərziyyəni tapır. Doğru olduğuna qərar verilən fərziyyə müəyyən təcrübələri keçmək məcburiyyətindədir. Testlər təkrar edilə bilən olmalıdır. Əgər testlər də fərziyyəni təsdiqləyərsə, fərziyyə nəzəriyyəyə çevrilir. Fərziyyə, bir çox yaradılışçı və elm düşmənlərinin dediyi kimi kor təxmin deyil; diqqətli araşdırma və təcrübələrin nəticəsidir. Əgər nəzəriyyə təkzib edilə bilmirsə, qəbul edilir, amma mütləq bir doqma olaraq qalmır; bütün elmi nəzəriyyələr təkrar nəzərdən keçirilir, yeni təcrübə və tapıntılar istiqamətində lazım olarsa dəyişdirilir.

Bu üsul dini üsullarla tam ziddiyət təşkil edir. Dini inanc sahibləri bu mövzuda tamamilə subyektivdirlər; onlar tanrının ya da imanlarının varlığını həssas təcrübələr və elmi üsullarla deyil, inancları ilə isbat etməyə çalışırlar. İnanc, bir fikri hər hansı obyektiv dəlil olmadan qəbul etməkdən ibarətdir. İnanan kəslər inanmaq istədikləri şeyin doğru olduğuna özlərini razı salırlar. Razı olduqdan sonra, elmi tapıntıları araşdırmaq adıyla əvvəldən hazırladıqları inanclarını təsdiqləyən müəyyən dəlillər axtararaq, inanclarına intellektual don geydirməyə çalışırlar.



Bu elmi üsulun tam əksidir. Bir inanc yüksəlməsi meydana gətirdikdən sonra inancını təsdiqləməyən fikirləri rədd etmək (təəssüf ki, inanclıların istifadə etdikləri üsul budur) yalnız elmə deyil, ümumiyyətlə məntiqli düşüncə tərzinə də qarşı bir kin meydana gətirir. Dininin buyurduqlarını şərtsiz qəbul edən kəslər üçün doğru olan, həqiqi şərtlər ilə ən çox uyğunlaşan deyil, əksinə öz dinləri ilə ən çox uyğunlaşan şərtlərdir. Elmdə bəzi həqiqətlər nəzəriyyəni təkzib edirsə, nəzəriyyə ortadan qaldırılır. Dində isə, əgər bəzi həqiqətlər nəzəriyyəni təkzib edirsə həqiqətlər ortadan qaldırılır. Bu nöqtə müəyyən edir ki, dini inanclılar həqiqət yerinə dinlərini üstün tuturlar. Amma heç bir din sübut edilə biləcək həqiqətlərə söykənən təmələ sahib olmadığı üçün, təbii olaraq dinləri təsdiqləyəcək hər hansı bir obyektiv dəlil də mövcud deyil.

Çarlz Darvinin təkamül nəzəriyyəsi meydana çıxdığı illərdən bəri, bir çox inanclı onun nəzəriyyəsinə hücum etmək üçün əlindən gələni etmişdir. Bunlara baxmayaraq, təkamül nəzəriyyəsinin müasir biologiyanın təməli olduğu bir həqiqətdir və bunun xaricində qalan baxışların heç bir dəyəri yoxdur.

Yaradılışçılar tez-tez dünyagörüşlərinin elmi olduğunu deyirlər. Onlar qatı dini fikirlərini, təkamül və yaradılışçılıq mövzusundakı dünyagörüşləri ilə ortaya qoyurlar. Təkamülün doğru olduğu ehtimalını qətiyyən ağıllarına gətirmirlər. Təkamülə qarşı inkişaf etdirdikləri müdafiə məqsədli yalnış düşüncələrini çürütməyə çalışmırlar. Bu bizə, haqqında danışılan kəslərin özlərini motivasiya etmək üçün müraciət etdikləri psixoloji makiyajı nümayiş etdirir. Beləliklə, insan ağlının etdiyi bir səhv hər vaxt düzəldilə bilər, amma kor inancın etdiyi səhv düzəldilməz olduğu kimi, etiraf edilə də bilmir.

"Təkamül təlimi və Yaradılışçılıq" adlı bir digər yazımızı da oxumağınız tövsiyə olunur.
daha ətraflı...

İnsanlarla neandertallar daha qədimdə ayrıldılar

İnsan əcdadlarının diş quruluşları üzərində aparılan analiz işləri müasir insanlarla neandertalların təkamül yolunun indiyəcən hesab ediləndən daha əvvəllər, təxminən daha 650 min il əvvəlki tarixdə bir-birindən ayrıldığını göstərdi. Tədqiqatın nəticələri Proceedings of the National Academy of Sciences jurnalında yayımlandı.

Məqalənin müəllifi, George Washington Universitetindən (ABŞ) olan Aida Gomez-Robles deyir:

"Bildiyimiz növlər arasındaki, neandertallarla müasir insanların son ortaq əcdadı olmağa yaxın nümayəndələrdən heç birinin diş quruluşu bu əcdadınkı ilə uyğun gəlmir."

Qəbul olunmuş nəzəriyyəyə görə müasir insanlarla neandertalların təkamül səhnəsində ayrıldıqları an 350 min il əvvəlinə təsadüf edir. Alimlərin gəldiyi nəticələrə görə, hər ikisinin ortaq əcdadlarının Homo cinsindən bir neçə nümayəndə arasında olduğu, misalçün, Homo heidelbergensis, Homo erectus, Homo antecessor və s. olduğu hesab edilir.

Gomez-Robles və həmkarları Homo cinsinin 13 fərqli nümayəndəsinə aid 1,2 min diş nümunəsini araşdırdılar. Bundan başqa onlar, müasir insanlarla neandertalların son ortaq əcdadı hesab edilən növün diş morfologiyasını bərpa etdilər. Nəticələr alimləri təəccübləndirdi: neandertallarla müasir insanların ortaq əcdadı roluna heç bir məlum olan əcdad növ uyğun gəlmədi.

Alimlər həmçinin Avropada tapılmış bütün insan əcdadlarının diş quruluşunun müasir insanlardan çox neandertallara oxşar olduğunu aydınlaşdırdılar. Əldə olunan nəticələr bu iki qolun - neandertallarla müasir insanların indiyə qədər hesab etdiyimizdən daha əvvəllər bir-birindən ayrıldığını təsdiq edir.

Qaynaq: Pnas.org , Examiner
daha ətraflı...

December 11, 2013

Əlvida Big Bang, Xoş gəldin Qara Dəlik?

Nəzəri fiziklər kainatın partlayışla deyil, dördölçülü ulduzun qara dəliyə çevrilməsi nəticəsində məkana atılmış "tullantı"dan yarandığı qənaətinə gəldilər.

Fiziklər Razieh Pourhasan, Niayesh Afshordi və Robert Mann kainatın meydana gəlməsini izah edən yeni nəzəriyyəni irəli sürdülər. Öz qəlizlikləri ilə birlikdə bu nəzəriyyə kainatla əlaqədar müasir təsəvvürlərin bir çox çətinliklərini aradan qaldırır.

Kainatın mənşəyi ilə bağlı ümumi nəzəriyyəyə görə, kainatımız sonsuz sıxlığı olan nöqtədən və sinqulyarlıqdan şişərək doğulmuşdur. Bu nəzəriyyə müşahidə edilə bilən kosmosla, xüsusilə genişlənən kainat modeli ilə uyğunlaşa bilir. Lakin Böyük Partlayış nəzəriyyəsinin bir çox çətinlikləri də var. Misalçün, sinqulyarlığın, məkanının fərqli hissələrində eyni temperaturu olan kainatı necə yaratmış ola biləcəyi elm üçün qaranlıq qalır. Kainatımızın təxminən 13,8 milyard il yaşı var, bu müddət isə müşahidə edilən temperatur tarazlığının nail olunması üçün yetərli deyil. Əksər kosmoloqlar iddia edirlər ki, kainat işıq sürətindən daha sürətli genişlənməli idi. Nəzəri Fizika Perimetr İnstitutundan (Kanada) olan astrofizik Niayesh Afshordi isə belə hesab edir:

"Böyük Partlayış olduqca xaotikdir. Onun nəticəsində məkanın eyni dərəcəli temperatura sahib bircə sahəsinin belə necə formalaşdığı aydın deyil."

Kainatın doğuşunu izah edən yeni model bu çətinliklər üzərindən xətt çəkir. Yeni nəzəriyyəyə əsasən üçölçülü kainatımız sanki bir membrana kimi dördölçülü kainat içərisində üzür. Kainatımız, faktiki olaraq, sim nəzəriyyəsindən yaxşı tanıdığımız "brana"dır, yəni ümumi məkanın ölçüsündən kiçik olan çoxölçülü fiziki obyekt. Bunu təsəvvür etmək olduqca çətindir, ancaq bir üçölçülü kainatın içərisində bizim kainatı ikiölçülü kağız olaraq fərz etmək məsələni nisbətən sadələşdirə bilər.





Dördölçülü kainat sözsüz ki eynən bizim kainatımızın üçölçülü ulduzları kimi həyat tsikllarını yaşayan dördölçülü ulduzlara sahibdir. Ən ağır kütləli dördölçülü ulduzlar ömürlərinin sonunda "supernova" olaraq partlayacaqlar və qara dəliklərə çevriləcəklər. Öz növbəsində dördölçülü qara dəlik eynən üçölçülü qara dəliklər kimi hadisələr üfüqünə sahibdir. Hadisələr üfüqü qara dəliyin daxili və xarici tərəflərinin sərhədinə deyilir. Üçölçülü kainatda hadisələr üfüqü "ikiölçülü səth" kimi görünür, dördölçülü kainatda isə bu üfüq üçölçülü hipersahədən ibarətdir.




Beləcə, dördölçülü ulduz partladıqda hadisələr üfüqündə qalıq materialdan (tullantı) üçölçülü brana yaranır - bizim kainata oxşar. Təsəvvür üçün olduqca qeyri-adi görünən bu model kainatımızda niyə temperatur tarazlığı olduğunu izah edir: üçölçülü kainatı doğan dördölçülü kainat 13,8 milyard ildən də çoxdur ki mövcuddur.

Kainatı nəhəng sonsuz məkan kimi təsəvvür etməyə vərdiş etmiş bir insan üçün bu yeni nəzəriyyə haqda düşünmək çətin olacaq. Bəlkə də kainatımızı qədim dördölçülü ulduzdan qalma məhdud titrəyiş, "gölməçədəki yarpaq" kimi qəbul etmək çox çətindir.

Həmçinin oxuyun:

Qara dəliyin içində ola bilərik
Yeni "Big Bang" baş verə bilər
Kainatımız genişlənmir?
daha ətraflı...

Gənc kainatda həyat ola bilərdi

Böyük Partlayışdan (The Big Bang) 15 milyon il sonra kosmik mikrodalğa fonunun temperaturu 30 dərəcə selsiyə bərabər idi. 11 dekabr 2013 tarixində Phys.org saytında yayımlanan xəbərə görə, bu fakt o dövrün planetlərində (əgər onlar mövcud idilərsə) həyat üçün əhəmiyyətli suyun var ola biləcəyinə dair məlumatlar təmin edir.

Gənc kainatda həyat şəraitlərinin mümkünlüyü antropik prinsipi şübhə altına alır. Antropik prinsipə əsasən, biz mövcuduq, çünki bizim müşahidə etdiyimiz kainatın fundamental sabit dəyərləri həyatın yaranmasına əlverişlidir; çünki "yalnız bizimki kimi bir kainatda həyat var ola bilərdi".

Yerdənkənar həyat axtarışında olan astrobioloq və astronomlar yalnız "həyat zonası" daxilində olan ekzoplanetlərə müraciət edirlər, çünki, dediklərinə görə bu, maye suyu dəstəkləyən məsafədir və o "zonadan" kənar, ulduzuna daha yaxın və ya daha uzaq məsafələrdə həyatın yaranması üçün bir sıra problemlər ortaya çıxır.

Harvard Universitetindən olan Abraham Loeb iddia edir ki, kosmos şərtləri hər zaman belə sərt olmamışdır. Gənc kainatımız plazma (yanar ion qaz) ilə dolu idi. Onun şüasını biz hələ də müşahidə edə bilirik - kosmik mikrodalğa arxa plan şüalanması.

Hal-hazırda kosmik mikrodalğa şüalanmasının temperaturu mütləq sıfırdan bir neçə dərəcə yüksəkdir. Lakin Loeb'in hesablamalarına görə Böyük Partlayış hadisəsindən yalnız 15 milyon il sonra kosmik temperatur daha isti idi, ki bu da qədim bütöv kainatı həyata əlverişli mühit kimi təqdim edir. Alim hesab edir ki, radiasiya temperaturu 0-30 dərəcə selsi arasında ola bilərdi və bu vəziyyət 2-3 milyon il davam edə bilərdi - maye suyun meydana gələ bilməsi üçün yetərli müddət hesab edilməlidir.

Loeb o dövrdə materiya sıxlığının daha yüksək olduğu yerlərdə və qısaömürlü ulduzların yaranmasının mövcud olduğu sayəsində belə planetlərin meydana gəlmiş ola biləcəyini düşünür. Kütləsi Günəşdən 10, hətta 100 dəfə yüksək qısaömürlü ulduzlar supernova partlayışları və ulduz küləkləri köməyi ilə ətrafı, planetlərin formalaşması üçün lazımlı olan ağır elementlərlə doldura bilərdi.

Qaynaq: Phys.org
daha ətraflı...

İnsanlar heyvanlardan ağıllı deyillər

Adeliade Universitesindən olan təkamül biologiyası mütəxəssisləri hesab edirlər ki insanlar min illərdir heyvanlar aləmindən daha ağıllı olduqlarını sanıb, özlərini aldadırlar. Tədqiqatçı prof. Arthur Saniotis deyir:

"Min illərdir insanların heyvanlar aləmində ən ağıllı varlıqlar olduğu fikri təkrar edilirdi. Amma elmin bizə göstərdiyinə görə heyvanlar insanlardan üstün əqli bacarıqlara da sahib ola bilərlər."


Prof. Saniotis insanların üstün zəkaya sahib olduğu inancının təxminən 10.000 il əvvəl əkinçilik inqilabına bağlı olaraq taxıl istehsalı və heyvanların əhliləşdirilməsi ilə ortaya çıxdığını düşünür. Bu inanc insanları yaradılışın üstün növü olaraq görən dinlərin ortaya çıxması ilə sürətli şəkildə yayıldı. Prof. Saniotis:


"İnsanların zəka üstünlüyü inancı fəlsəfə və elmdə dəyişməz bir yerə sahib oldu. Bəlkə də filosoflar arasında ən çox sözü keçən maarifçi olmuş Aristotel belə insanların mühakimə qabiliyyəti səbəbindən heyvanlardan üstün olduqlarını müdafiə edirdi."


Tibb elmləri fakültəsində antropologiya və müqayisəli anatomiya professoru olan prof. Maciej Henneberg heyvanların çox vaxt insanlar tərəfindən səhv başa düşülən fərqli xüsusiyyətlərə sahib olduğunu deyir:


"Bizim onları anlamamağımızla birlikdə onların da bizi anlaya bilməməsi, bizim "zəka"mızın səviyyəsinin yüksək olduğu mənasını vermir, yalnız zəkalarımızın bir-birlərindən fərqli olduğunu göstərir. Məsələn, bir xarici öz dilimizin səhv halıyla bizimlə ünsiyyət qurmağa çalışdıqda onun çox da ağıllı olmadığını düşünürük. Ancaq həqiqət daha fərqlidir."


Heyvanlar fərqli tiplərdə zəka nümunələri sərgiləyir. Bunların içində sosial və kinestetik (fiziki) zəka da var. Asiya meymunları (Hylobatidae fəsiləsi) kimi bəzi məməlilər müxtəlif səslər çıxara bilirlər. 20-dən çox mənası olan bu səslər ağacda yaşayan bu primatlara tropik meşə örtüyü boyunca ünsiyyət qurma imkanı təmin edir. Prof. Henneberg deyir:


"Əksər dördayaqlılar yaşadıqları ətraf mühitə mürəkkəb qoxu izləri buraxırlar və koala kimi bəziləri isə sinələrində qoxu izləri buraxa bilmək üçün vəzilərə sahibdirlər. İnsanlar öz məhdud qoxu duyğuları ilə bu qoxu izləri içində olan informasiya baxımından zəngin kompleks mesajları başa düşmürlər."


Prof. Henneberg ev heyvanlarının da məməlilərin və quşların zehni qabiliyyətlərini anlaya bilməyimiz üçün uzaqgörənlik verdiyini deyir və əlavə edir:


"Ev heyvanları bizimlə ünsiyyət qurub istədiklərini izah edə bilməklə qalmayıb, həm də bizə istədiklərini etdirə bilirlər. Heyvanlar aləmi dəyər verdiyimiz qədərindən daha mürəkkəbdir."


Qaynaq: Phys.org
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top