July 8, 2014

İki ulduzlu sistemlərdə həyat ehtimalı yüksəkdir

Astronomlar Yerdən 3000 işıq ili uzaqlıqda yerləşən unikal ekzoplaneti aşkar etməyə nail olublar: səma cismi böyük ehtimalla superyer kateqoriyasına aiddir və iki ulduzlu sistemin bir ulduzu ətrafında dövr edir. Yerdən təxminən 2 dəfə ağır olan ekzoplanet öz ulduzlarından Yerin Günəş arasındaki məsafəsi qədər uzaqlıqdadır.

Lakin planetdə həyatın yaranmasını dəstəkləməyən amillər gözə dəyir - ulduzları qırmızı cırtdanlara aiddir və Günəşdən dəfələrlə soyuqdur. Bu isə planetin qayalıq səthi temperaturunun təxminən Yupiterin peyki Europadaki kimi -200 dərəcə Selsi olduğundan xəbər verir.

Başda Oqayo Universitetindən olan Endrü Quld olmaqla, dörd beynəlxalq tədqiqatçı qrupun müşahidə və hesablama nəticələri Yerə oxşar planetlərin iki ulduzlu sistemlərdə 1 astronomik vahid məsafəsində dövr edə biləcəyini sübut edir. Tapılmış konkret ekzoplanetin soyuq olmasına baxmayaraq, sarı cırtdanlardan olan ikili ulduz sistemlərində dövr edən belə bir cismin həyata əlverişli ola biləcəyi güman edilir.

Bu tapıntı vacib hesab olunmalıdır, çünki qalaktika ulduzlarının yarısından çoxu iki ulduzlu sistemlərdən ibarətdir. Dolayısı ilə yadplanetli həyatını aşkar etmə şansımız xeyli artır.

OGLE-2013-BLG-0341LBb adı ilə etiketlənmiş planetin öz mövcudluğu barədə iki fərqli iz qoyduğu aydınlaşdırılıb. Birincisi, ulduzunun diskindən keçdikdə ulduz işığında qısamüddətli qaranlıq titrəyiş müşahidə edilir. İkincisi isə işıq siqnalının ümumi təhrifinə səbəb olur ki, bu da çox maraqlı bir hadisədir.

"Birinci sübutu fərq etməsəydik belə, işığın təhrifini qeydə alaraq ekzoplaneti yenə tapmış olardıq. Bu effekt gözlə görülmür, lakin informasiyanı kompüter modelinə ötürdükdə hər şey aydın olur", - Quld qeyd edir.

Planetin digər bir qeyri-adiliyi də bundan ibarətdir ki, iki ulduzlu sistemdə yerləşsə də, bunlardan yalnız biri ətrafında uzaq məsafədə dövr edir. Astronomlar planetin daxil olduğu sistemin iki cırtdan ulduzu arasındaki məsafənin Yerlə Günəş arasındaki məsafədən 10-15 dəfə çox olduğu qənaətindədirlər. Qeyd etmək lazımdır ki, indiyəcən əksər astrofiziklər iki ulduzlu sfera şərtlərinin planetlərin formalaşması üçün əlverişsiz olduğunu düşünürdü. Amma yeni tapılmış qayalıq planet hər necə olubsa formalaşa bilib - demək qalaktikanı təmsil edən oxşar planetlərin sayı daha çoxdur.

Alimlər əldə edilmiş nəticələrlə bildirirlər ki, etdikləri kəşf Samanyolu qalaktikasında Günəş sisteminin tipik olmadığını göstərir. Həyat əlamətləri daşıdığı və hələlik digər sistemlərdə yaşayış qeydə alınmadığı üçün Günəş sistemi özünə məxsus şəkildə unikaldır, lakin Yer və Günəş orqanizmlərin yaranması üçün heç də ən optimal mühit hesab olunmamalıdır. Nəzəri olaraq təkcə bizim qalaktikada Yerdəkindən daha əlverişli şərtləri olan daha artıq planet mövcud ola bilər.

Həmçinin oxuyun:

"Sinxron" planetlərin qaranlıq üzündə həyat ola bilər
Kapteyn ulduz sistemindən iki yeni ekzoplanet
Həyat zonasında yerləşən daha 3 "superyer" tapıldı
daha ətraflı...

Daun sindromlu ən qədim insana aid skelet aşkar edildi

Fransada 1500 il əvvəl ölmüş ən qədim Daun sindromlu insana aid skelet tapılıb. Elmə məlum belə tapıntılar arasında bu nümunə ən qədimi hesab olunur. Skelet Sona çayı üzərində yerləşən Şalon-sür-Son (Chalon-sur-Saône) şəhərində aşkar edilib.

Şəhərdə yerləşən erkən orta əsr qəbristanlığında arxeoloqlar ümumilikdə 94 insan qalığına rast gəlib, hansıların ki arasında 1500 il əvvəl ölmüş uşaq skeleti də olub. Alimlər burada braxisefaliya izlərini ayırd etməyə və uşağın nazik kəllə sümüklərini qeydə almağa nail olublar.

Braxisefaliya (qısabaşlılıq) - başın uzunluğu və eninin elə nisbətidir ki, en uzunluğun 80,9%-dən artığını təşkil edir. Braxisefallara ənənəvi olaraq baltidlər, alpinidlər, armenoidlər və monqoloidlər aid edilir.

Bordo Universitetindən olan arxeoloq Maite Rivolun sözlərinə görə, oxşar anatomik cizgilər Daun sindromuna xarakterikdir. Daun sindromu - genom patologiyası formalarından biridir, hansında ki adətən kariotip normal olan 46 xromosom əvəzinə 47 xromosomla təmsil olunur. Bu belə izah olunur ki, 21-ci cütlüyün xromosomları 2 yox 3 kopiyayla təmsil olunurlar. Sindrom ingilis həkimi Con Daunun xəstəliyi ilk dəfə izah etdiyinə görə 1866-cı ildə onun şərəfinə adlandırılıb.

Uşaq, digər bütün şəhər sakinləri kimi beli üstə, başı qərbə doğru basdırılmışdı. Rivol hesab edir ki, o dövrdə belə xəstəlikləri olan uşaqlara sindromdan əziyyət çəkməyən digərləri ilə eyni münasibət göstərilirdi.

Həmçinin oxuyun:

Tapılmış çənə sümüyü fosili məməlilərin mənşəyinə işıq tutur
Tapılmış əl sümüyü təkamül boşluğunu doldurur
Bala dinozavr fosili tapıldı
daha ətraflı...

July 7, 2014

İlk dəfə insanın şüuru "söndürüldü"

Alimlər ilk dəfə beynin müəyyən bir nahiyyəsinə cərəyanla təsir göstərərək insanın şüurunu "söndürməyə" nail olublar. Epilepsiyadan əziyyət çəkən qadın üzərində aparılan təcrübə insan şüurunun harada gizləndiyini aşkar edir. Beləliklə insan beyninin sirlərini açığa çıxarmaq üçün çalışan neyrofizioloqlar əsas suallardan birini cavanlandırmağa çox yaxınlaşıblar: insanın şüurunu necə söndürmək olar?

Beynin müxtəlif hissələri üzərində blok və stimulyasiya təcrübələri artıq uzun illərdir ki aparılır, lakin indiyəcən heç bir alim lazımlı bölgəyə təsir göstərərək şüuru süni olaraq söndürməyi bacarmamışdı. On il əvvəl şüurun funksionallığı üçün cavabdeh olan hissənin klaustrum adlanan kiçik beyin bölgəsi olduğu irəli sürülmüşdü.

Bu bölgənin şüurun vəzifəsində rol oynadığını ilk olaraq neyrofizioloqlar Frensis Krik və Kristof Kox iddia etmişdi. Onlar, bu orqanın bizim bütün daxili və xarici duyğularımızı birləşdirdiyini hesab edirdilər. Alimlərin bu versiyasının doğruluğunu sağalmaz epilepsiya formasından əziyyət çəkən 54 yaşlı qadın üzərində aparılmış təcrübə sübut etdi.

Vaşinqton Universitetindən olan Muhamməd Kubeysi qadının beyninə kiçik elektrodlar taxaraq, onun qıc olmalarının haradan qaynaqlandığını anlamağa çalışıb. Bu elektrodlardan biri klaustrum adlanan hissənin yanına yerləşdirilmişdi. Kubeysi elektroda yüksək frekanslı cərəyan verdikdə qadın həqiqi mənada "söndü". Kənar təsir aradan qaldırıldıqda isə qadın özünə gələrək, heç bir şeyi xatırlamadığını dedi. Alim belə halların hər 10 "sönmədən" bir baş verdiyini bildirir.

Lakin bu hələ son deyil. Cərəyan təsirinin nitq pozğunluğu (afaziya) və ya süni iflicə səbəb olmadığına, sadəcə şüuru söndürdüyünə əmin olmaq üçün cərəyan verildikdən əvvəl qadından eyni sözü təkralamasını və barmaqlarını tərpətməsini xahiş ediblər. Əgər bu stimulyasiya hərəkət və nitqə nəzarət edən beyin hissəsini iflic etsəydi qadın dərhal dayanmalı və susmalı idi. Lakin təcrübədə qadının nitqi və hərəkəti sadəcə yavaşladı. Kubeysi təcrübəsinin insan şüurunun əsasən klaustrumdan qaynaqlandığını sübut etdiyinə əmindir.

"Mən bunu maşının hərəkəti ilə müqayisə edərdim. Onun yolda hərəkətinə bir çox şey cavabdehdir: benzin, transmissiya, mühərrik. Lakin cəmi bir işə salma açarı var, hansı ki onunla maşını hərəkətə gətiririk. Şüur, bir çox struktur və şəbəkələrin təmin etdiyi mürəkkəb proses olsa da, biz, onun anlaşılmaz açaranı tapdıq", - doktor Kubeysi qeyd edir.

Həmçinin oxuyun:

İradə azadlığı illüziyadır?
Hüceyrə səviyyəsində yaddaş necə formalaşır?
İnsanı heyvanlardan fərqləndirən beyin nahiyyəsi tapıldı
daha ətraflı...

Bitkilər sizi eşidir

Missuri Universitetindən olan alimlər vegetarianların narazı qalacağı nəticələr əldə ediblər: bitkilər eşidə bilirlər. Sözsüz ki eşitmə mexanizmləri insanlardakından kəskin dərəcədə fərqlənsə də, misal üçün, tırtıllar onları yedikdə eşidir və müdafiə olunmaq üçün daha artıq xardal yağı buraxaraq reaksiya verirlər. Xardal yağı bitkini tırtıl üçün bir qədər dadsız edir.

Tədqiqatda alimlər arabidopsis yarpaqları üzərinə tırtıl yerləşdirərək, bitkinin çıxardığı xardal yağı miqdarını hesablayıblar. Məlum olub ki, tırtıl peyda olduqda buraxılan yağın miqdarı sürətlə artır.

Məhz bu amil bitkilərin səsləri ayırd edə bildiyini göstərir. Məsələn, onlar küləyin hənirtisini eşidə bilir, amma bu vaxt xardal yağı istehsalı miqdarını artırmırlar. Bundan başqa bitkilərin akustik enerji və musiqiyə reaksiya verə bildiklərini deməyə əsas yaradan tədqiqatlar da var.

Bu o deməkdir ki, salat, tərəvəzlər və digər bitki mənşəli məhsulları yedikdə onların hər şeyi eşidə bildiklərini unutmamaq lazımdır. Yeri gəlmişkən, Bonndan olan alimlər hətta bitkilərin hücuma məruz qaldıqda etilen qazı buraxaraq danışa bildiklərini iddia edirlər. Bitkilərə hücum edilən mühitdə yüksək həssaslığa malik mikrofonlar tərəfindən zəif lıqqıltıya bənzər səslər qeydə alınıb, hansılar ki getdikcə daha da güclənərək sanki şiddətli fəryadı xatırladıb.

Həmçinin oxuyun:

Yeni fotosintez üsulu
NASA Ayda bitkilər yetişdirəcək
Bal pətəklərinin sirri açılır
daha ətraflı...

Lələklərin sirli mənşəyi: uçuş yoxsa "cazibədarlıq"?

Nəsli kəsilmiş növlərə aid yenicə tapılmış fosillər üzərində aparılan tədqiqat işləri quşların lələklərini uçuşdan daha əvvəl və uçuş üçün yox, sırf "cazibədarlıq" üçün təkamülləşdirdiklərini təsdiq edib. Analiz nəticələrinə əsasən Yer üzünün ilk quşları, onlara cazibədarlıq qazandıran lələkli "şalvarlara" sahib olub.

Alimlər əvvəlcə uçuş üçün vacib lələk strukturunu araşdırmağa qərar verdilər. Lakin tədqiqatda təkamül tapmacası daha da qəlizləşdi: uçmaq bacarığı yoxsa lələklər - hansı daha əvvəl yaranmışdı? Görünən bu oldu ki, quş lələkləri heç də uçuş optimizasiyası üçün yox, sadəcə cazibədarlıq atributu kimi formalaşıb.

Arxeopteriks Yura dövrünün sonlarında, təxminən 150 milyon il əvvəl yaşayıb. Bu dövr uçan dinozavrlardan quşlara təkamül keçidini əhatə edir. Daha əvvəl tapılmış qalıqlarla arxeopterikslərin bir çox xüsusiyyəti öyrənilsə də, əsasən dağılmış qalıqlar səbəbindən bəzi sirlər aydınlaşdırıla bilinmirdi. Alimlərin bu mövzuda əsas mübahisə obyekti lələklər idi: bəziləri onların qədim quşlarda aerodinamikliyi artırdığını iddia edirdi, digərləri isə lələkləri cinsi seçmə nəticəsində təkamülləşmiş əks cinsdən olan fərdləri cəlb etmə xüsusiyyəti kimi dəyərləndirirdi. Bir müddət sonra fosillərdən arxa üzvlərin də lələklərə sahib olduğu məlum oldu, bu da arxeopteriks kimi qədim quşların uçuşda müasirləri kimi iki yox, arxa üzvlərlə birlikdə dörd üzvdən istifadə etdiklərini göstərirdi.


İndi isə Bavariyadan olan alman alimlərdən ibarət tədqiqatçı qrup, başda Oliver Rauhut olmaqla, yaxşı vəziyyətdə qorunub qalmış arxeopteriks fosilini araşdıraraq heyvanın müxtəlif bədən hissələrini örtən fərqli lələk tiplərini aşkar edib. Məlum olub ki, uçuş üçün istifadə edilən aerodinamik lələklər asimmetrikdir - bir tərəfdən dar, digər tərəfdən isə geniş.

Quyruq lələkləri daha böyük idi - 9,9-11,4 sm arası. Bu lələklər də həmçinin asimmetrik idi, bu da onların əlavə aerodinamiklik funksiyasını yerinə yetirdiyini və heyvanın qalxış gücünü artırmaq üçün istifadə edildiyini sübut edir.


"Arxeopterikslərin dördqanadlı süzülüşünün qanadları çırparaq uçuşdan daha əvvəl meydana gəldiyi nəzəriyyəsi ilə tapıntımız ziddiyyət təşkil edir", - Oliver Rauhut qeyd edir.

Rauhut və həmkarları digər qədim uçan növlərin də lələk quruluşunu analiz ediblər. Nəticədə lələklərin müxtəlif bədən hissələrində fərqli vəzifələr yerinə yetirdiyi aydın olub: uçuşda manevr, maskalanma, cinsi cəlbetmə və s.

Hələlik mütəxəssislər arxeopteriksin lələkli "şalvarının" cazibədarlıq atributu olduğu və cütləşmə prosesində rol oynadığı fikrində qalıblar. Elə ya da belə, lələk və uçuş bacarığı təkamülü çox çətin və mərhələlərlə baş verib. Paleontoloqlar bundan sonra da araşdırmaların davam etdiriləcəyini bildirirlər.

Həmçinin oxuyun:

Yeni dinozavr növünə "Pinokyo" ləqəbi verildi
Ən qədim pterodaktil tapıldı

Quşların qanadlarının təkamülü aydınlaşdırıldı
daha ətraflı...

June 28, 2014

İşığın sürəti daha azdır?

Merilend Universitetindən olan fizik Ceyms Frensonun təqdim etdiyi yeni məqaləsi bütün elm ictimaiyyətinin marağına səbəb olub. Alimin mübahisələrə səbəb olan məqaləsində əldə edilmiş yeni faktların ümumi nisbilik nəzəriyyəsində (ÜNN) izah edilən işıq sürətinin hesab ediləndən daha az olduğuna işarə etdiyindən bəhs edilir.

ÜNN-ə əsasən, fotonlar vakuumda daimi sürətlə - 299 792 458 m/san ilə, Eynşteynin məşhur "E = mc^2" düsturundaki "c" ilə səyahət edirlər. Praktiki olaraq bütün kosmik ölçülər işıq sürətinə əsaslanır. Bəs işığın sürəti daha az olsa necə?

Frensonun yeni fikri 1987-ci ildə edilmiş SN 1987A supernovası müşahidələri əsasındadır. Astronomlar kosmik partlayış nəticəsində yaranmış fotonlar və neytrinoları qeydə almışdılar. Lakin problem yaranmışdı: fotonlar Yerə alimlərin gözlədiyindən 4,7 saat gec çatmışdı. O vaxt alimlər fotonların fərqli mənbəyi ola biləcəyini düşünürdü.

Frenson indi yeni nəzəriyyə irəli sürür: vakuum polyarizasiyası hadisəsi səbəbindən fotonların sürəti azalır - foton çox qısa bir zaman aralığına virtual elektron-pozitron cütlüyünə bölünür, ardından isə yenidən fotona kombinə olunur. Bu prosesdə hissəcik cütlüyü arasında meydana gələn qravitasion differensial yenidən kombinə olunma hadisəsində böyük energetik təsir yaratdığından, fotonun sürətini bir qədər azaldır. Alimin hesablamalarına görə, əgər bu hadisə foton axınları səyahətində 168 000 işıq ili məsafəsində bir neçə dəfə baş veribsə, fotonları 4,7 saat müddətinə gecikdirə bilib.

Frensonun nəzəriyyəsi təsdiq edilsə, kosmologiya nəzəriyyələrinin əsaslandığı bütün kosmik məsafə ölçüləri təkzib edilə bilər. Belə olduqda bütün ulduzlar və qalaktikalarla aramızdaki məsafələri yenidən hesablamaq və nəzəriyyələri sıfırdan toplamaq lazım olacaq.

Həmçinin oxuyun:

İşıqdan materiya əldə ediləcək
Kompüter modeli zaman səyahətini təsdiqlədi
Qaranlıq materiya nəhayət tapılmış ola bilər
daha ətraflı...

Millerin unudulmuş təcrübəsi yenidən analiz edildi

1958-ci ildə aparılmış eksperiment nəticəsində əldə edilmiş material nümunələri müasir metodlarla yenidən analiz edilib. Nəticədə alimlər Yerdə həyatın yaranması sahəsində yeni məlumatlara yiyələniblər.

İllər əvvəl Stenli Miller öz təcrübəsində ən sıravi materialları istifadə edərək, qədim Yerdə həyatın meydana gəldiyi şərtləri modelləşdirmək istəyirdi. Kimyəvi reaksiyaları doğurmaq üçün isə qədim planetdə yayğın olmuş ildırımlardan yox, onu əvəz edən elektrik boşalmasından yararlanırdı.

1958-ci ilin təcrübəsindən qalmış nümunələr bu yaxınlarda Corcia Texnologiya İnstitutundan olan alimlər tərəfindən yenidən analiz edilib. Onlar, maye xromatoqrafiya və mass-spektrometriya köməyilə qədim nümunələrdə peptidlərin yaranması izlərini aşkar etməyə nail olublar. Həmçinin tədqiqatçılar yeni avadanlıqlardan istifadə edərək Miller reaksiyalarını yenidən yaradıblar.

Təxminən 60 il əvvəl Stenli Miller öz yeni ideyasını yoxlamaq qərarına gəldi. Təcrübəsində, hal-hazırda alkoqolizmin müalicəsində tətbiq edilən sianamidi istifadə etdi. O vaxta qədər hesab edilirdi ki, sianamid yalnız turşulu mühitdə reaksiyaya girə bilər, hansına ki qədim Yerdə rast gəlmək çətin olardı.

Yeni təcrübə isə göstərdi ki, amin turşuları sintezində meydana gəlmiş ara reaksiya məhsulları elektrik boşalması təsiri altında peptidlərin formalaşmasına vacib qatqı təmin edir.

"Belə bir reaksiya üçün turşulu mühitin heç də tələb olunmadığını göstərməyə nail olduq. Lazım olan təkcə amin turşuları sintezi prosesində yaranmış ara məhsullardır", - Millerin keçmiş tələbəsi və həmkarı Ceffri Bada qeyd edir.

Həmçinin oxuyun:

Miller-Urey təcrübəsi təkrarlandı
Həyat su damlalarında yaranmış ola bilər
"Niyə əslində həyat mövcud deyil"
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top