December 12, 2014

Yerdəki suyun mənşəyi kometlər deyildi?

Planetimizdəki suyun mənşəyi mövzusunu əhatə edən mübahisələr yenidən qızğın xarakter alır. Churyumov-Gerasimenko kometi yaxınlığındaki su buxarının tərkibinə dair məlumatlar əldə edildikdən sonra, suyun Yerə kometlər vasitəsilə düşdüyü versiyası şübhələr doğurmağa başlayıb.

Uzun müddətdir ki, elm ictimaiyyəti Yerdəki suyun mənşəyi sualına cavabın "kometlər" olduğunu iddia edirdi. Alimlər ilkin okeanların buxarlanmasından sonra, müasir qlobal okeanın suyunun planetimizə məhz kometlərlə gətirilmiş olduğunu düşünürdülər.

Bu mövzu onsuz da daha əvvəldən şübhəli idi, çünki komet nəzəriyyəsi konkret sübutlara ehtiyac duyurdu. Bu yerdə alimlərə köməyə bəzi kometlərə çatmış və oradaki mövcud buz halında suyun tərkibini öyrənmiş kosmik cihazlar gəlir.

Burada qeyd etmək vacibdir ki, şərti olaraq, kometləri Neptun orbitinin hüdudlarından kənarda yerləşən Koyper Qurşağı'ndan gələn "yaxın" və orbitləri daha geniş ərazini, hipotetik sahə olan Oort Buludu'nun xarici hüdudlarını əhatə edən "uzaq" kateqoriyalarına ayırmaq olar.

1986-cı ildə kosmik zondlar vasitəsilə Halley adlı "uzaq" kometin nüvəsi öyrənilmişdi. Məlum olmuşdu ki, nüvəsindəki suyun (buzun) tərkibi Yerdə rast gəlinən suyun tərkibindən xeyli fərqlənir. Bu səbəbdən də o vaxt astronomlar Oort Buludu'ndan olan kometlərin çətin ki Yerdəki okeanların yaranmasında rol oynamış ola biləcəyi qənaətinə gəlmişdilər.

Üç il əvvəl isə alimlər Koyper Qurşağı'ndan olan Hartli-2 kometinin məlumatlarına yiyələnib, komet buzu hissəciklərindəki deyterium izotopu payı kimi əsas parametrə əsaslanaraq, oradaki suyun tərkibinin planetimizdəki suyun tərkibi ilə oxşar olduğuna aydınlıq gətirmişdilər. Beləliklə də, Yeri su ilə təmin etmiş kosmik cismlərin məhz "yaxın" kometlər olduğu yəqin edilmişdi.

İndi isə, avqust ayında Churyumov-Gerasimenko kometi orbitinə çatmış "Rozetta" kosmik zondu Yerə yeni məlumatlar ötürərək, alimləri daha əvvəlki nəticələri yenidən gözdən keçirməyə vadar edib. Əldə edilmiş son nəticələrə əsasən, komet buzunun tərkibindəki deyterium Yer suyu tərkibindəkindən xeyli çoxdur. Yəni, Yer suyunun mənşəyində "yaxın" kometlərin rolu olduğu nəzəriyyəsi şübhə altına alınır.

Tədqiqatın müəlliflərindən olan Bern Universiteti professoru Ketrin Altveqq isə hesab edir ki, son məlumatlara əsaslanaraq, Yerə suyun kometlərlə olmasa da, asteroidlərlə gətirilmiş ola biləcəyinin mümkün olduğunu demək olar.

Bu tədqiqatın nəticələri ilə çox da razı qalmayan Merilend Universitetindən olan Maykl Eyhern isə bildirir ki, "Rozetta" zondunun qazandırdığı məlumatlar möhtəşəmdir, lakin kometlərin Dünya okeanının formalaşmasında rolu olduğunu tam istisna da etmir - ehtimalla, su başqa bir komet tipi vasitəsilə Koyper Qurşağı'ndan Yerə gətirilib. Hər halda yekun qərarlara gəlmək üçün tədqiqatların davam etdirilməsi vacibdir.

Həmçinin oxuyun:

"Fila" modulu kometdə üzvi birləşmələr tapmışdı
Kometlər "amin turşusu fabrikləri" ola bilər
Yerlə toqquşmuş asteroid okeanları turşulaşdırdı
daha ətraflı...

Dinozavrların ən yaxın qohumu toyuq çıxdı

Britaniyalı alimlər toyuq və hindtoyuqlarının quşların ortaq əcdadı olan lələkli dinozavrlara münasibətdə digər quşlardan daha az xromosom dəyişikliyinə sahib olduqlarını, yəni daha yaxın qohumluqları olduğunu aşkar ediblər.

Quşların dinozavrlardan ayrılaraq təkamülləşdiyi müasir elmdə mübahisə edilməyəcək faktdır. Buna baxmayaraq alimlər dinozavrların qırılmasından sonra lələklilərin inkişafının hansı səbəblərdən baş verdiyi mövzusu ətrafındaki müzakirələrini davam etdirirlər. Bu yerdə quşlar və onların sürünən əcdadlarının genom müqayisəsi tədqiqatları köməyə gəlir.

Kent Universitetindən olan alimlər toyuq, hindtoyuğu, hindbülbülü, dalğalı tutuquşu və ördək daxil olmaqla, beş quş növünün bütöv genomlarını öyrənərək, onları müqayisə ediblər. Tədqiqatda ümumilikdə 22 genom gözdən keçirilib ki, bunlardan da biri sürünənlərə aid olub. Alimlərin araşdırmadaki digər bir məqsədinin isə lələkli dinozavrın kariotipini hazırlamaq olduğu bildirilir.

"Külli miqdarda kiçik mini-xromosomlara sahib olduqları səbəbindən, quşların genomları digər onurğalı nümayəndələri arasında xüsusi seçilir. Genlərlə xeyli zəngin bu genetik material hissələrinin dinozavrlarda da olduğunu güman edirik", - Daren Qriffin qeyd edir.

Tədqiqatın nəticələri lələkli dinozavrlara münasibətdə ən az xromosom dəyişikliyinə məruz qalmış növün toyuqlar olduğunu göstərib. Xromosom dəsti göstəricilərinə əsasən, ikinci yerdə isə hindtoyuqlarıdır.

Bununla yanaşı tədqiqatda öyrənilən canlılar arasında ən sürətli təkamül keçirmiş növlərin dalğalı tutuquşu və hindbülbülünün əcdadları olduğu da bəlli olub. Bu fakt isə oxuyan quşlar və onlara yaxın növlərin digər lələklilərlə müqayisədə daha cəld templərlə təkamülləşdiyi haqda bəhs edən nəzəriyyəni təsdiq edir.

Həmçinin oxuyun:

Yer tarixinin ən böyük quşu tapıldı
Lələklərin sirli mənşəyi: uçuş yoxsa "cazibədarlıq"?
Dinozavrlar soyuqqanlı deyildi
daha ətraflı...

December 7, 2014

"New Horizons" yuxudan oyandı: Pluton araşdırmaları başlanır

NASA-nın avtomatik planetlərarası stansiyası "New Horizons" uğurla yuxu rejimindən çıxarılıb. Cihazın bütün sistemləri normal vəziyyətdədir.

"New Horizons" zondu kosmosa 2006-cı ildə buraxılmış və 1873 gün müddətində yuxu rejimində qalmışdı - bu, səhayəti müddətinin üçdə ikisi qədərdir. Hibernasiya adlanan bu rejim ərzində enerjiyə qənaət etmək üçün cihazın bütün ikinci dərəcəli sistemləri söndürülmüşdü.

Bu oyanış "New Horizons" üçün əsas məqsədə çatmaq yolunda son addımdır. Aparatın vəzifəsi Pluton və onun peyk sistemlərini araşdırmaqdan ibarətdir. Yanvar ayından etibarən işlərə başlayacaq cihaz, 260 milyon km uzaqlıqdan cırtdan planet haqda maksimum məlumat toplamağa çalışacaq.

"New Horizons" əvvəllər mümkün olmayan bır sıra yeni üsullarla Plutonun maqnit sahəsini, atmosferini və topologiyasını öyrənəcək. Bununla yanaşı zond Yerə, peykləri ilə birlikdə Plutonun fotoşəkillərini ötürəcək. Bu peyklər arasında ən çox marağa səbəb olanı isə Xarondur ki, o da eyni zamanda cırtdan planet hesab olunur.

Cihaz 14-15 iyul 2015 tarixində Plutona maksimal qədər yaxınlaşmış olacaq, lakin planetin orbitinə girməyərək, daha da uzaqlara yol alacaq. Belə ki, NASA "New Horizons" zondunu başqa missiyalar üçün də istifadə etmək qərarı verib. Aparat Plutonu ötüb, Koyper Qurşağına daxil olaraq, orada NASA-nın seçdiyi potensial obyektləri araşdırmağa başlayacaq.

Həmçinin oxuyun:

Plutonun peyki Xaronda yeraltı okean mövcud ola bilərdi
Saturnun peyki Enseladda okean tapıldı
Europaya avtomatik zond göndəriləcək
daha ətraflı...

December 4, 2014

Bəşəriyyət tarixinin ən dəhşətli işgəncələri

Müdir və qaynananızın sizi bezdirdiyini düşünürsünüz? Həyatınızı işgəncə adlandırmağa tələsməyin. Bunun nə məna verdiyini həqiqi mənada üzərində sınamış insan heç vaxt bu kəlməni nahaq yerə işlətməz.

1. Çindəki bambuk ağacı işgəncəsi

Yəqin ki, bu əzablı edam üsulu haqda hər kəs eşidib. Ancaq burası da var ki, bu söz-söhbətlərin sadəcə əfsanə olduğu da istisna deyil, çünki işgəncə tətbiqinin bir sənədli dəlili belə müasir dövrə qədər gəlib çatmayıb.

Məsələ burasındadır ki, bambuk planetin ən tez yetişən bitkilərindən biridir. Bəzi çin sortları hətta bir günə bir metr uzanmağa qadirdir. Bu səbəbdən də işgəncə "təlimatı" belə idi: bambuk gövdələri bıçaqla elə itilənirdi ki, ucu biz payalar əldə edilirdi. Ardından bədbəxtin biri bambuk ağacından horizontal vəziyyətdə (qarnı ya da beli üstə) asılırdı. Başqa heç bir şey etməyə ehtiyac qalmırdı - bambuk özü uzanaraq qurbanın bədəninə soxulub, onun içərisində yetişirdi. Biçarə, bəlkə də, ağıla gələ biləcək ən ekstremal və əzablı ölümü dadırdı.


2. Siçovul işgəncəsi

Bambukdan heç də geri qalmayan digər bir işgəncə növü yenə həmin qədim çinlilər tərəfindən icad edilmişdi. Lakin hesab edilir ki, bunun üzərində işləyən və daha dəhşətli formaya salan məhz XVI-cı əsrin Niderland inqilabı lideri Didrik Sonoy olub.

Belə yerinə yetirilirdi: qurbanı soyunduraraq, masaya uzandırıb, əl-ayağını kəndirlə bağlayırdılar. Ardından onun sinəsinə və qarnına, içərisində ac siçovullar olan qəfəslər yerləşdirilirdi. Qəfəslərin xüsusiliyi bundan ibarət idi ki, döşəməsi yox idi; hər tərəfdən qəfəslə əhatə olunan siçovullar işgəncə verilənin birbaşa bədəni üzərində dururdular. Heyvanları daha da qıcıqlandırmaq üçün qəfəsin üst hisəsini bərk közərdilmiş kömürlərlə doldururdular. Közərdici hərarətdən xilas olmağa çalışan siçovullar, azadlığa çıxmaq üçün qurbanın bədənini gəmirməyə başlayırdılar.



3. "Dəmir qız"

Bu işgəncə aləti orta əsr inkvizisiyasının klassikası hesab olunur - bunu, yəqin ki, hər kəs görüb. "Dəmir qız" həqiqətən də mövcud olub, lakin onun hansı məqsədlər üçün istifadə edildiyi mövzusu tədqiqatçıları hələ də şübhə içərisində saxlayır. Bəlkə də bu dəhşətli alət tətbiq edilmirdi, sadəcə "günahkarları" qorxutma aləti olaraq istifadə edilirdi. Bu səbəbdən ki, alət katolik inkvizisiyasının qürub dövründə - XVIII-ci əsrin sonlarında hazırlanmışdı.

"Dəmir qız", içərisində biz tikanları olan metal və ya taxta sarkofaqdan ibarət idi. Qurbanı belə bir sarkofaqa yerləşdirib, bağlayırdılar. İçərisindəki tikanlar çox uzun olmadığından, cəzaçəkən ölümü tez dadmırdı. Tikanlar elə bir uzunluqda idi ki, həyati vacib orqanları dəlməyərək, qurbanın bədənini lazımi qədər deşirdi. Bu da olmazın əzab-ağrılara səbəb olurdu. Dəmir qızların bəzi variantlarının tikanları göz səviyyəsində nəzərə alınmışdı - bunun hansı nəticələri doğurduğu haqda isə ən yaxşısı bəhs etməyək.



4. Həşərat işgəncəsi

Bu işgəncəni həm də skafizm adlandırırlar. Yunancadan tərcümədə "skafium" təknə (tabaq, çanaq) mənasını verir. Skafizmin qədim Persiyada məşhur olduğu hesab edilir. Qurbanı çox da dərin olmayan bir təknə içərisinə yerləşdirir, tərpənməsinin qarşısını almaq üçün zəncirlərlə bağlayır və ardından zorla çoxlu bal və süd yedizdirirdilər. Beləliklə qurbanda diareya başlayırdı və bir qədər sonra o, öz "ifrazatlarının gölməçəsində" qalırdı. Əmin olmaq üçün qurbanı hələ bir dəfə də əlavə balla şirələyirdilər. Belə vəziyyətdə bədbəxti təknə içərisində bataqlıqda üzməyə buraxırdılar. Bu hələ dərdin yarısıdır - məsələ burasındadır ki, bal qoxusu kimi, ifrazatlar da qansoran həşəratları cəlb edir. Bəli. Bir neçə dəqiqəyə onun bədəni həşəratlar tərəfindən həqiqi mənada zəbt edilirdi. Onun diri-diri yeyildiyini əlavə etməyə ehtiyac varmı, yoxmu?



5. Mis öküz

Bu işgəncə alətini qədim yunanlar icad edib. Bu, misdən hazırlanmış içiboş öküz heykəli idi. Öküzün xüsusi qapısından qurbanı içəriyə salaraq və ardından qapını bağlayaraq, heykəlin altında od qalayırdılar. Qurban içəridə diri-diri qızarmağa başlayırdı, öküzün ağız hissəsindəki dəlikdən isə şir nəriltisini xatırladan, onun dəhşətli bağırtı səsləri çıxırdı. Hətta deyirlər ki, yandırılmış insanların sümüklərindən daha sonra bər-bəzək hazırlayaraq, bazarlarda satırdılar.



Orijinal məqalə buradadır

Həmçinin oxuyun:

Fantastikanın belə təxmin edə bilmədiyi 5 qeyri-adi planet
Ən məşhur elmdən kənar əfsanələr
Ev pişikləri haqda maraqlı faktlar
daha ətraflı...

İnsan beyni hüceyrələri siçanları "ağıllandırdı"

Alimlər siçanların beyninə insan orqanizminin bir neçə hüceyrəsini əlavə edərək, onların digərlərindən daha ağıllı olmasını təmin ediblər. Nəticədə modifikasiya olunmuş gəmiricilərin intellekt səviyyəsi ani olaraq artıb. Neyronlar (düşünmə prosesinə cavabdeh olan hüceyrələr) olduğu kimi qalsalar da, bütün qlial hüceyrələr (neyronların həyat fəaliyyətini təmin edən hüceyrələr), praktiki olaraq, "insaniləşib".

Roçester Universitetinin tibb mərkəzindən olan Stiv Qoldmen və həmkarları universitetə bağışlanmış embrionlardan inkişafdan qalma neyroqlial hüceyrələri xaric edərək, onları siçan balalarının beyninə yeridiblər. Hüceyrələr orada inkişaf edərək, astrositlərə çevrilib. Bu növ hüceyrələr düşünmə prosesində vacib rol oynayır: neyronlararası əlaqələri (sinapslar) gücləndirir. İnsan astrositləri siçanlardakından 10-20 dəfə böyükdür və sinapslararası siqnal ötürülmələrini nizamlayan qanqlilərin yüz dəfə çox miqdarına sahibdir.

Belə ki, siçan astrositlərini beynin marjinal hissələrinə sıxışdıran 300 min hüceyrənin il boyunca 12 milyona qədər artdığı müşahidə edilib. Bu da gəmiricilərin ağıl bacarıqlarına təsirsiz ötüşməyib. Onlar, zəif cərəyan zərbəsinin müəyyən səs əlaqəsini digərlərindən dörd dəfə yaxşı yaddaşda saxlayıblar.

İndi isə Qoldmen neyroqlial insan hüceyrələrini siçovullar kimi daha ağıllı laboratuar canlılara yeritmək fikrindədir. Artıq ilk inyeksiyalar edilib və hal-hazırda hüceyrələrin yayılma yolları təqib edilir. Buna baxmayaraq Qoldmen əmindir ki, yeni hüceyrələr siçanları heç də Homo sapiens'ə yaxınlaşdırmır.

"Neyroqlial hüceyrələrin yeridilməsi onlara heç bir insani xüsusiyyət qazandırmır. Təcrübəmiz sadəcə heyvanın neyron şəbəkələri effektivliyini artırdı. Amma siçan elə siçan olaraq da qalıb", - Qoldmen qeyd edir.

Həmçinin oxuyun:

İlk dəfə insanın şüuru "söndürüldü"
İntellekt geni kəşf edildi
Yaşanmış qorxu irsən ötürülür
daha ətraflı...

December 3, 2014

Niyə spirt düşkünüyük və ya niyə yerə enmişik?

Homo sapiens'in əcdadları spirti həzm etməyə başladıqda, hələ heç ilk spirtli içkilər hazırlanmamışdı. Etil spirtini həzm etməyimizi təmin edən fermentin təkamülünü analiz edən alimlər, bu xüsusiyyətin əcdadlarımızda təxminən 10 milyon il əvvəl, ağaclardan endikləri dövrdə ortaya çıxdığını aşkar ediblər.

Təbiətin hansı səbəbdən bizə etanolu (və ya etil spirti) həzm etməyə məcbur etdiyi uzun illərdir alimləri düşündürən mövzu olaraq qalırdı. Əvvəllər bunun əkinçiliyin inkişaf etməsi və ilk alkoqollu içkilərin hazırlanması ilə əlaqəli olduğu hesab edilirdi.

İndi isə amerikalı tədqiqatçılar daha maraqlı nəticələrə gəliblər. Onlar, alkoqoldehidrogenaz IV (ADH4) fermentinin 28 növ məməlidə 70 milyon illik zaman ərzində necə dəyişildiyini öyrənmək üçün tədqiqatda paleogenetika metodlarından yararlanıblar.

Nəticədə alimlər ADH4 fermentində cəmi bir mutasiyanın baş verdiyini aşkar ediblər ki, məhz bu dəyişiklik təxminən 10 milyon il əvvəl əcdadlarımızın etanol həzm etmə bacarığının artmasına və növbəti nəsillərdə yaxşıca oturuşmasına səbəb olub. Diqqətəlayiqdir ki, məhz bu dövrdə əcdadlarımız ağaclardan yerə enməyə başlayıb.

Bu iki hadisəni bir-biri ilə bağlamaq istəyən alimlər, iqlim dəyişikliyi ilə əlaqəli olaraq əcdadların məcburən yerə endikdən sonra ağaclardan qoparaq yerə düşmüş meyvələrlə qidalanmağa başladıqları səbəbindən etil spirti həzm edilməsi tələbatının meydana gəldiyini hesab edirlər. Çürümüş meyvələrlə qidalanan primatlar müəyyən qədər etanol dozası almış və qaçılmaz olaraq da keflənmiş olmalıdırlar. Ardından isə təbii seçmə rolunu oynamağa başlayıb - yalnız spirt zəhərlənməsindən əziyyət çəkməyən və özü ilə birlikdə həm də balalarını qorumağı bacarmış fərdlərin sağ qalaraq, nəsillərini artırması təmin edilib.

Bu nəzəriyyə idealdır, çünki təkcə bizim spirt həzm etmə bacarığımızı deyil, həm də digər bir vacib təkamül biologiyası sirrini cavablayır: axı nə səbəbə Homo sapiens'in əcdadları ağaclardan yerə enib? Sözsüz ki, daha bir neçə araşdırma aparılmalıdır, lakin ağacdan qoparaq düşmüş meyvələr dalıyca yerə enmək ehtiyacının burada əhəmiyyətli rol oynamış ola biləcəyi versiyası maraqlı səslənir.

Həmçinin oxuyun:

Körpələr sağ qalmaq üçün gecələr oyanır
Neandertallar və Homo sapiens ayrı növlərdir
Saqqal dəbi Darvinin təbii seçməsinə əsaslanır
daha ətraflı...

Stiven Hokinq: "İntellektual maşınlar bizi qabaqlayacaq"

Britaniyalı astrofizik Stiven Hokinq süni intellektin inkişafının bəşəriyyət üçün təhlükəli ola biləcəyini hesab edir.

Dünya şöhrətli fizik BBC-yə verdiyi açıqlamasında dolğun süni intellektin insan irqinin sonunu yaxınlaşdıracağını deyir. Belə intellekt inanılmaz sürətlə təkmilləşərək, insan inkişafını geridə qoyacaq, nəticədə də bəşəriyyət intellektual maşınlarla müqayisə edilməyəcək qədər geri düşəcək. Bir neçə ay əvvəl də bu mövzuda proqnozlarını irəli sürmüş alim, görünür ki, texnoloji inkişafın qaranlıq yönlərindən ehtiyatlandığını gizlətmir.

Bununla belə Hokinq primitiv süni intellekt cihazlarının faydalı olduğunu qeyd edir. Alim özü də Intel şirkətinin istehsalı olan xüsusi nitq ötürücü sistemindən yararlanır. Bu sistem fikir gedişatını təhlil edərək, müəyyən bir vəziyyətdə deyilməsi mümkün olan sözləri təqdim edir. Ardından isə professor Hokinqin səsi proqramlı şəkildə generasiya edilir.

Kembric Universitetinin nəzəri kosmologiya mərkəzinin təsisçisi və eyni zamanda rəhbəri olan Stiven Hokinq dövrümüzün ən məşhur nəzəri fiziklərindən biridir. Yan amiotrofik sklerozdan əziyyət çəkən alim əlil arabasına məhkumdur. Buna baxmayaraq dəfələrlə özünün xoşbəxt olduğunu deyən Hokinq, davamlı elm populyarizasiyası ilə məşğul olmaqla yanaşı, həm də bir çox elmi layihələrdə iştirak edir.

Həmçinin oxuyun:

Hokinq: "Süni intellekt bəşəriyyətin ən böyük səhvi ola bilər"
Hokinq: "Sağalmaz xəstələrə intihar hüququ verilməlidir"
Hokinq: "Qara dəliklər mövcud deyil"
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top