January 15, 2015

Beynəlxalq Kosmik Stansiyada qaz sızıntısı həyəcanı

Beynəlxalq Kosmik Stansiya (BKS) idarəsi ammonyak sızıntısı ilə bağlı yalan həyəcan xəbərindən sonra, ABŞ astronavtlarına öz seqmentlərinə geri qayıtmağa icazə verib. Bu barədə NASA məlumat yayıb.

Amerika aerokosmik təşkilatının hesabatında qeyd edilir ki, "bortdaki müxtəlif sistem qaynaqlarından əldə edilən məlumatlar gün ərzində öyrənilib və bunlar, stansiyada ammonyak sızıntısı olmadığını göstərir".

Yanvarın 14-də BKS-in ABŞ seqmentindən ammonyak sızıntısı ilə bağlı həyəcan siqnalı alınmışdı. Astronavtlar təcili olaraq BKS-in Rusiyaya aid hissəsinə köçürülmüş və rus astronavtların köməyilə qaz sızıntısının qarşısını almaq üçün tədbirlər görməyə çalışmışdılar. Lakin NASA-daki BKS proqramı meneceri Maykl Saffordininin sözlərinə görə, həyəcan xəbəri böyük ehtimalla yalan olub. NASA nümayəndəsi Rob Nevis bildirir ki, "heç bir ammonyak əlamətlərinə rast gəlinməyib və ekipaj maskaları çıxararaq, işlərə davam edib".

Araşdırma nəticəsində yanlış zəhərli qaz həyəcanı siqnalının bort kompüterindən alındığı aydın olub. Səbəbin hələlik nə olduğu bilinmir. Hal-hazırda BKS-də amerikalı Barri Uilmor və Terri Verts, rusiyalı Aleksandr Samokutyayev, Anton Şkaplerov və Yelena Serova növbə çəkirlər.

Həmçinin oxuyun:

Yarımkilometrlik asteroid Yerə yaxınlaşır
"Yerlilərdən" Marsa 90 min məktub
"Fila"dan pis xəbər var: Əlaqə kəsildi
daha ətraflı...

Nostradamusdan daha az məşhur Azimov...

XX əsrin ən məşhur fantast-yazıçılarından biri Ayzek Azimovun sözlərinə inansaq, bir neçə həftə əvvəl geridə qoyduğumuz 2014-cü ildə artıq hər birimiz psixiatrlara müraciət etməyə başlamalıydıq. Eyni zamanda biokimyaçı olan Azimov, 1964-cü ildə dərc etdiyi essedə gələcəyin, daha doğrusu məhz 2014-cü ilin nəyə oxşadığını proqnoz etməyə çalışmışdı.

Buna səbəb isə Kvins, Nyu-Yorkda təşkil olunmuş "Anlaşma dünyası" adlı ilk beynəlxalq sərgi idi. Həmin sərgi hələ də yaddaşlardadırsa, bu, sadəcə, onun gələcəklə bağlı proqnozlarından qaynaqlanmalıdır. Orada təqdim edilmiş futuristik texnologiyaların bəziləri hələ geniş istifadədə deyil. Heç uçan avtomobillər və sualtı evlərlə rastlaşmaq imkanına sahib olmusuzmu? Azimovun 50 illik proqnozlarına nəzər yetirək.

1. "Kommunikasiyalar video-eşitməli olacaq və siz, zəng edən adamı eşitməklə bərabər, onu həm də görmüş olacaqsınız"

İki abonent arasında ilk transkontinental videozəng 20 aprel 1964 tarixində, Bell Systems (daha sonralarsa Bell Laboratories) şirkətinin hazırladığı texnologiya köməyilə baş tutmuşdu. Fantast Azimov, çox güman ki, SkypeApple FaceTime kimi proqramların bu gün mövcudluğundan çox, onların ucuzluğuna heyran qalardı. 1964-cü ildə Vaşinqtondan Nyu-Yorka edilmiş 3 dəqiqəlik videozəng 16 dollar dəyərində idi, indiki kursla isə bu, 118 dollara bərabərdir.

2. "Antarktikada yerləşən meteoroloji stansiya da daxil olmaqla, Yerin istənilən nöqtəsinə bilavasitə zəng edə biləcəksiniz"

Əlavə şərhə ehtiyac yoxdur. Sadəcə telefonunuza istədiyiniz ölkənin kodunu yığın. Antarktikanınkı 672 olsa da, bəzi regionlarının kodu Yeni Zelandiya ilə eynidir (+64).

3. "2014-cü ildə robotlar hər yerə yayılmayacaq və çox da keyfiyyətli olmayacaqlar, lakin mövcud olacaqlar"

Robotics (robot texnikası) sözü ingilis dilinə məhz cənab Azimovun səyilə daxil olub. Hələlik intellektual robotlar hazırlamağa nail olmamışıq ki, xidmətçilərin işini lazımi qədərilə əvəz edə bilsinlər. Lakin bu gün, maraqlıdır ki, Azimovun qeyd etdiyi hadisələr baş verməkdədir - bəzi layihələr var ki, imtahan vermə qabiliyyəti olacaq dəmir-tələbələri təkmilləşdirmək, həkimləri əvəz edəcək robot-cərrahlar üzərində işlər aparmaq və dəmir əllərdən kulinar şedevrlər yaratmaq hədəfləri güdür.

Azimovun mövzu ilə bağlı başqa bir zamanı qabaqlamış açıqlaması isə "miniatür kompüterlərdir". Bu gün smartfon adı ilə tanınan bu kompüterlər müasir həyatımızın əvəzolunmaz hissəsinə çevriliblər. Azimov hesab edirdi ki, bu minikomplar robotların beyni olacaq. Lakin şəhərdə azdıqda və ya yeni bir şəhəri öyrənmək üçün xəritədən yardım istədikdə, smartfon bizim də beynimiz kimi fəaliyyət göstərmiş olmurmu? Bəlkə "peyğəmbər" robot dedikdə elə bizləri nəzərdə tutub?..

4. "Televiziyanın vəziyyətində isə divar ekranları adi teleradioaparatları əvəz edəcək, habelə 3D görüntülər göstərə bilən şəffaf kublar yaranacaq"

Azimovun proqnozlarının ən diqqətəlayiq aspekti budur ki, o, tez-tez hər hansı bir texnologiyanı qeyd edir, lakin bu texnologiyanın səbəb olacağı entuziazmı həddindən artıq şişirdirdi.

Fantast-yazıçı buna layiqdir: düz ekranlı televizorlar ənənəvi televiziya radioaparatlarını əvəz edib, 3D texnologiyalar isə kub formasında olmasa da, elektronikanın müxtəlif sərgilərinə artıq bir neçə ildir ki, əlavə edilib.

Lakin 3D texnologiya publikanı gözlənildiyi kimi heyran qoya bilmədi. 2014-cü ilin iyul ayında BBC, cəmiyyətdə olan az marağı nəzərə alaraq, 3D proqramların buraxılmasını dayandırdı.

5. "Ay ilə əlaqə saxlamaq bir qədər narahat olacaq. 2014-cü ilədək Marsa pilotsuz gəmilər endiriləcək"

Əlbəttə ki, Azimov gələcəyi dəqiqliklə görməli deyildi. Görünür ki, kosmik eranın inkişafı dövrü ona, Ayda quracağımız bazalarla bağlı optimistik proqnozlar verməyə əsas yaradırdı. Düşünürdü ki, peykimizlə əlaqə qurduqda, cəmi 2,5 saniyəlik siqnal gecikməsi baş verəcək.

Lakin Azimovun "2014-cü ilədək Marsa aparatlar göndərəcəyimiz" proqnozu özünü necə lazımdır doğruldub. Heyf ki, fantast marsoxod Cuiosity-nin tvitter səhifəsini görə bilmədi...

6. "Avto-yeməklər hazırlayan və suyu isidərək, qəhvəyə çevirən mətbəx qurğuları inkişaf etdiriləcək"

Avtomat qəhvə aparatları artıq mövcuddur.

Azimovun maya və yosunlardan hazırlanan geniş və müxtəlif dadlı məhsullarla ("saxta hind quşu əti" və ya "psevdo-steyk") bağlı proqnozu isə iki il əvvəl reallaşıb. Alimlər laboratoriyada yetişdirdikləri ilk kotleti təqdim ediblər. İnsanların bu qidaları bəyənəcəklərini düşünən Azimov yanıla da bilərdi, çünki laboratoriya kotletinin dadını yoxlayanlar, onun "kafi miqdarda yağı olmadığını" deyirdilər.

7. "Robotlaşdırılmış beyinli avtomobillərin hazırlanması üçün çoxlu səylər göstəriləcək"

Elə bu yaxınlarda Mercedes-Benz öz pilotsuz (sürücüsüz) avtomobilinin konseptini təqdim etdi. Hər il səylər göstərilir. Amma, hər halda fantastın "robotlaşdırılmış beyinləri", "avtomatik idarə olunan maşınlardan" daha təhlükəsiz səslənir.

8. "Dünya əhalisinin hamısı bütün ölçülərdə gələcəyin texniki yeniliklərindən zövq ala bilməyəcək. Bu texnikalar bu günlə müqayisədə insanların daha az hissəsi üçün əlçatan olacaq. Maddi olaraq onlar indikindən daha yaxşı yaşasalar da, ümumiyyətlə daha böyük ölçülərdə geri qalacaqlar"

Ayzek Azimovun bu proqnozla zamanı qabaqladığını vurğulamaq olar. Fantastın proqnozlarının sayı daha çoxdur, onların bəziləri tam, digərləri isə müəyyən qədər həyata keçib. Onun, əhali sayının artması və doğum üzərində nəzarətlə bağlı xəbərdarlıqları isə başqa bir məqalənin mövzusu olsa yaxşıdır.

Texnologiyaların hamı üçün bərabər istifadəyə verilməyəcəyi təqdirdə, faydası kimi, eyni zamanda daha artıq zərərinin də ola biləcəyini peyğəmbərcəsinə proqnoz etmiş Azimov, bəlkə də psixoloji problemləri olmuş Nostradamusdan, nədənsə, daha az məşhurdur.


Həmçinin oxuyun:

"Məryəmin cənnətdə olmasına dair heç bir sübut yoxdur"
Ən məşhur elmdən kənar əfsanələr
"Interstellar" və zaman səyahəti mövzusu
daha ətraflı...

January 14, 2015

Nitqin təkamülünün təcrübi sübutu əldə edilib

Alimlərin əldə etdiyi yeni faktlara əsasən, insanda nitqin təkamülləşməsinə primitiv alətlərin hazırlanması səbəb olub - hər nə qədər qəribə səslənsə də. Bu alətlər heyvan cəmdəklərinin bölünməsi üçün istifadə edilib.

ABŞ və Avropadan olan alimlər müasir insanın uzaq əcdadlarında nitqin formalaşmasının, məhz cəmdəkləri bölmək üçün hazırlanan iti daşlar sayəsində, bir növ yan təsir olaraq baş verdiyini irəli sürürlər. Məsələ burasındadır ki, belə alətlərin kütləvi istehsalı üçün qədim hominidlərə təkcə jestlərlə ünsiyyət bəs etməyib. Bu məşğuliyyəti digər fərdlərə öyrətmək üçün nitqdən yararlanmaq daha asan idi.

Alimlər təxminən 2,7 milyon illik tarixi olan və ən sadə alətlərin hazırlandığı olduvay mədəniyyəti dövrünə aid alətləri araşdırmaq qərarına gəliblər. O dövrün nümayəndələri əlavə emallar tətbiq etmədən, daşları sadəcə yarırdılar. Lakin bu texnika da ustalıq tələb edir. Belə daşların kütləvi emalı faktı, alətlərin hazırlanmasında vahid praktikanın mövcud olduğundan xəbər verir.

Aparılmış tədqiqatda 180 tələbə iştirak edib. Onları kiçik qruplara bölən alimlər, olduvay mədəniyyəti alətlərini hazırlamağı tapşırıblar. Əldə edilən təcrübəni iştirakçılar zəncirvari olaraq öz qruplarındakılara ötürüblər. Bəziləri bunu nitqlə, digərləri isə yalnız jestlər köməyilə etməli idi. Gözlənildiyi kimi, hətta primitiv nitq formaları (hə", "yox" sözləri) belə iştirakçılara alətləri daha effektiv hazırlamaq üstünlüyü təmin edirdi. Bu mənada verbal kommunikasiyaları bir növ təkamül üstünlüyü kimi görmək olar.

Daha əvvəl isə tədqiqatçılar dəqiqləşdirmişdilər ki, linqvistik məsələlərin həlli və primitiv əşyaların hazırlanması insan beyninin eyni zonalarını aktivləşdirir. Bu səbəbdən hesab edilir ki, nitq, əcdadlarımızın daşdan alətlər hazırlamağa başladığı dövrdə meydana gəlib.

Həmçinin oxuyun:

Nitqin təkamülü
Rəngli görmənin necə təkamülləşdiyi sirri
Niyə spirt düşkünüyük və ya niyə yerə enmişik?
daha ətraflı...

Yarımkilometrlik asteroid Yerə yaxınlaşır

2004-cü ildə aşkar edilən və 2004 BL86 deyə adlandırılan asteroid sürətlə planetimizə doğru irəliləyir. 26 yanvar 2015 tarixində bu səma cisminin kosmik ölçülər baxımından Yerin kifayət qədər yaxınlığından keçəcəyi hesab edilir. Maksimal yaxınlaşma anında asteroidlə Yer arasındaki məsafə təxminən 1,2 milyon kilometrə qədər azalacaq ki, bu da planetimizin təbii peyki olan Ayla arasındaki məsafənin 3 qatını təşkil edir.

Mütəxəssislər asteroidin heç bir təhlükə daşımadığını qeyd edirlər. Digər yandansa, cismin Yerə yaxınlaşması elm üçün vacib hadisədir, çünki bü gün 2004 BL86 haqda bilinənlər xeyli azdır. Bu "kosmik görüş" sayəsində astronomlar asteroidin yeni məlumatları və fotoşəkillərini əldə etmək üstünlüyü qazanacaqlar.

"Hal-hazırda bu asteroid haqda, praktiki olaraq, heç nə bilmirik - bizi, mütləq sürprizlər gözləyir", - NASA-nın reaktiv hərəkət laboratoriyasından olan Lans Benner deyir.

Astronomların hesablamalarına görə, növbəti oxşar miqyaslı hadisənin yalnız 2027-ci ildə Yerə 1999 AN10 asteroidinin yaxınlaşacağı vaxt baş verəcəyi gözlənilir. 2004 BL86 asteroidini təkcə professionallar deyil, həvəskarlar da müşahidə edə biləcəklər. Bunun üçün sadəcə kiçik teleskop və ya güclü binokllar əldə etmək kifayət edəcək.



Həmçinin oxuyun:

"Dawn" zondu Serera ilə görüşə hazırlaşır
Kainatdaki həyatı qamma-partlayışlar məhv edir
Yerdəki suyun mənşəyi kometlər deyildi?
daha ətraflı...

January 9, 2015

Marsda növbəti dəfə həyat əlamətləri aşkar edilib

Curiosity marsoxodunun lentə aldığı fotoşəkillərdə Yerdəki sianobakteriya matlarının "tikililəri" ilə əhəmiyyətli oxşarlığı olan obyektlər olduğu fərq edilib. Əldə edilmiş yeni məlumat sayəsində uzaq keçmişdə Qırmızı planetin gölləri dərinliyində mikroorqanizmlərin həyat fəaliyyəti ilə məşğul olduqlarını, yəni orada həyatın mövcud olduğunu növbəti dəfə ehtimal etmək olar.

Marsda canlı həyat axtarışında olan Curiosity cihazının son illər ərzində təmin etdiyi məlumatlar, bu gün orada canlı həyatın təəssüf ki, mövcud olmadığını göstərir. Digər tərəfdənsə, xüsusilə son aylar ərzində aparılmış tədqiqatların nəticələri, keçmişdə Marsın yadplanetli canlılar üçün yuva olduğu ehtimalını artırmağa davam edir.

Bu sahə üzrə aparılmış son araşdırmanın müəllifi Old Dominion Universitetindən olan geobioloq Nora Noffkedir. O, Yerdəki sianobakteriya matlarının "məskunlaşdığı məntəqələrin" zahiri görünüşünü, onlarla təəccüblü dərəcədə oxşarlıq təşkil edən Marsdaki strukturlarla müqayisə etmək qərarına gəlib.

Sianobakteriya matları (cyanobacterial mats) - həyat fəaliyyətləri nəticəsində bərk hissəciklərdən iki xüsusi struktur növünü formalaşdıran çoxlaylı bakteriya qrupuna verilən addır. Bunlar, stromatolitlər və MISS-dir (Microbially Induced Sedimentary Structures).

Marsda Qillespi Leyk adını almış ərazidə bir vaxtlar göl yerləşdiyindən xəbər verən çoxsaylı faktlar var. Professor Noffke həmin ərazidə süxurlar olduğunu göstərən fotoşəkilləri ətraflı araşdırdıqdan və analiz işləri apardıqdan sonra bu obyektlərin bir sıra əlamətlərdən dolayı Yerdəki MISS-lərə son dərəcə oxşadığı qənaətinə gəlib ki, bu da keçmişdə Qırmızı planetdə mikroorqanizm aktivliyi ola biləcəyinə dair məlumatlar verir.

Baxmayaraq ki tədqiqat yalnız marsoxodun çəkdiyi fotoşəkillərin müqayisəsi işlərindən ibarət olub, qeyd etmək vacibdir ki, bu mövzuda Noffkenin metodikasına şübhə etməyə əsas yoxdur: alim artıq 20 ildir ki, MISS öyrənilməsi ilə məşğul olur və onun məqaləsi səbəbsiz yerə Astrobiology kimi prestijli elmi jurnalda dərc edilməzdi. Mütəxəssislər oxşar tədqiqatlar arasında ən keyfiyyətlisinin məhz bu iş olduğunu qeyd edirlər.

Lakin Noffke heç də əldə etdiyi nəticələrin, qədim Marsın həyat əlamətləri ilə bağlı konkret sübutlar kimi qəbul edilməsini tələb etmir, çünki tapılmış strukturların qeyri-bioloji mənşəli ola biləcəkləri, məsələn, duz, su və küləyin qarşılıqlı təsirləri sonrası eroziya nəticəsində peyda olduqları da istisna olunmur. Bunu təsdiqləmək üçün ya daha təkmilləşdirilmiş marsoxodlara, ya da mars süxurları nümunələrinin Yerə geri gətirilməsinə ehtiyac var ki, bunlar da hələlik heç bir kosmik agentliyin proqramına daxil deyil.

Həmçinin oxuyun:

Marsdan yeni xəbərlər var: Metan qazı və üzvi birləşmələr
Marsda həyatın ilk sübutları - alimlər isə tələsmir
Yer orqanizmləri Marsda yaşamağa qadirdir
daha ətraflı...

January 7, 2015

"İkinci Yer" olmağa namizəd planet tapılıb

Yadplanetli həyatının yaranması və inkişaf etməsi üçün əlverişli şərtlər daşıyan ekzoplanetlər sırasına daha biri əlavə olunur. Amerika Astronomiya Cəmiyyətinin hər il təşkil olunan iclasında yenicə tapılmış 8 ekzoplanetin siyahısı təqdim edilib. NASA-dan olan 26 alimin də iştirak etdiyi iclasda, siyahıdaki planetlərdən birinin "İkinci Yer" olduğu bildirilib.

Siyahı, Günəş sistemindən kənarda tapılmış mindən çox planetin kəşfçisi olan "Kepler" orbital teleskopunun əldə etdiyi məlumatlar əsasında hazırlanıb. Teleskopun yenicə aşkar etdiyi səkkiz planet arasından cəmi üçü həyatın yaranması və inkişaf etməsi üçün əlverişli məsafə olan "həyat zonasında" yerləşir. Lakin Mars kimi həyat zonasında yerləşən və konkret həyat əlamətləri daşımadığı hesab edilən bir sıra planetlərin göstəricilərindən dolayı, ayırd edilmiş 3 planetdən biri olduqca xüsusidir.

Daha əvvəl tapılmış ekzoplanetlər arasında Yerə şərtləri baxımından ən çox oxşarı Kepler 186f idisə, Kepler 438b adı verilmiş yeni yad səma cismi "Yerin əkizi" titulunu ondan almağa iddialıdır, astronomlar qeyd edir. Kepler 438b Yerdən 12% böyükdür və Günəşdən temperaturca kifayət qədər soyuq qırmızı cırtdan ulduz ətrafında dövrə vurur. Lakin ekzoplanetin xüsusi orbiti onun, Yerdən 40% artıq istilik aldığını deməyə əsas verir. Günəş sisteminin 475 işıq ili uzaqlığındadır. Ekzoplanetin dəqiq tərkibi hələlik sirr olaraq qalsa da, orbitinin parametrləri və diametrinin təxmini olaraq təyin edildiyi qeyd edilir.

Müasir astronomiya texnikası hətta Günəş sisteminin qonşuluğunda yerləşən planetlərin belə dəqiq görüntüsünü əldə etmək imkanı təmin edə bilmir. Aşkar edilmiş belə planetlərin göstəriciləri, yerüstü və orbital teleskoplar tərəfindən həmin planetin görünən diskdən keçdiyi vaxt ulduzun işıqlanma dərəcəsinə görə hesablanır. Yalnız yaxın gələcəkdə hazırlanacaq interferometr teleskopları sayəsində digər ulduz sistemlərində yerləşən planetlərin keyfiyyətli fotoşəkillərini əldə etmək mümkün olacaq.

Həmçinin oxuyun:

"Yerin əkizi" adına layiq planet kəşf edildi
Kapteyn ulduz sistemindən iki yeni ekzoplanet
"Meqa-Yer" tapıldı
daha ətraflı...

January 6, 2015

Maya sivilizasiyasının yox olma səbəbi nədir?

Qədim Amerika xalqı olan mayaların tarixin səhnəsindən ani silinməsi bir çox şübhələrə səbəb olur. Bu şübhələrin bəzisinin elmi əsası olsa da, digərləri sadəcə iddia olaraq qalır. Psevdoelm həvəskarları olan konspiroloqlar mayaları hətta qədimdə Yerdə yaşamış və günlərin bir günü naməlum səbəblərdən buranı tərk edərək, fantastik planetlərinə köç etmiş yadplanetli irqi olaraq da görür. Bütün bu əfsanələrin sürətlə yayıldığı bir vaxtda, ABŞ-dan olan alimlər qədim maya sivilizasiyasının yox olma səbəbini tapdıqları ilə bağlı açıqlama veriblər.

Geoloqların qənaətinə görə, maya sivilizasiyası təxminən yüz il davam edən quraqlıq dövründə tarixdən silinib, dolayısı ilə onların məhv olma səbəbi elə quraqlıqdır. Böyük mavi dəlik adı ilə tanınan ərazidə və yaxınlıq yerlərdə tapılan minerallar araşdırıldıqdan sonra sivilizasiya ilə bağlı yekun qərara gəlinib. Məlum olub ki, VIII-IX əsrlərdə bur ərazilərdə ekstremal quraqlıq müşahidə olunub - elə bu səbəbdən mayalar daha şimala köç etməyə məcbur olublar ki, orada da bir neçə əsr sonra izləri Yer üzündən tamamilə silinib.

Yerli hindilərin iqlim zəminli kollapsı ilə bağlı nəzəriyyə ilk dəfə Böyük mavi dəlik ərazisindən alınan kern süxurlarına aid nümunələr köməyilə təsdiq edilib. Rays Universitetindən olan tədqiqatçı Andre Droksler sıx divarları olan laqunlarda, mərcan poliplərindəki bol çöküntülərdən sonra su yığılmış olduğunu izah edir. Geoloqlar yağış vaxtlarında həmin laqun çöküntülərində suya düşən titan payı ilə maraqlanıblar. Aşkar edilən aşağı metal payı uzunmüddətli quraqlıqdan xəbər verir.

Alimlər bundan əlavə 800 və 1000-ci illər ərzində tropik siklonların sayının üç dəfə azaldığını aydınlaşdırıblar. Məhz bu dövrdə mayalar şimala, Çiçen-İtsaya köç etmək qərarına gəliblər, lakin quraqlıq bu ərazilərdə də onları rahat buraxmayıb, bu səbəbdən hindilər növbəti dəfə şəhərlərini tərk etməyə məcbur qalıblar. Alimlər quraqlığa əsas səbəbin ITCZ (tropiklərarası konvergentlik zonası) sistemindəki yerdəyişmələr olduğunu deyirlər. Göründüyü qədərilə, Yerin subtropik ərazilərini qurudan və tropiklərə çöküntülər gətirən bu sistem, maya sivilizasiyasının zəifləməsi dövründə Yukatan adasındaki lazımi su miqdarı ehtiyacını təmin edə bilməyib. Bunun nəticəsində də əkinçilik sahəsində problemlər meydana gəlib ki, aclıq yaşandığından mayaların sivilizasiyasının süqutu axır-əvvəl qaçılmaz hal alıb.

Həmçinin oxuyun:

Zəmilərdəki sirli dairələrin müəllifi tapıldı
Kral Davudun dövləti mövcud olub
Mumiyalarda yüksək xolesterin və tatu aşkar edildi
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top