Krokodilomorfa aid qalıqlar ABŞ alimləri tərəfindən aşkar edilib. Dəhşətli varlığa "karolina qəssabı" adı verilib.
Carnufex carolinensis trias dövrünün sonlarında, hazırki Şimali Karolina ştatı ərazisində yaşayıb. Canlının fosilləşmiş qalıqlarının hələ on il əvvəl tapılmış olduğuna baxmayaraq, bu günə qədər ştatın təbiət elmləri muzeyinin ehtiyat qalıqları arasında saxlanılırdı. Alimlər yalnız bir müddət əvvəl üstünü toz basmış qalıqlarla maraqlanmağa başladıqda, tamamilə yeni yırtıcı növü ilə qarşılaşdıqlarını anladılar.
Mütəxəssislər canlının təxminən 3 metr hündürlükdə olduğunu qeyd edirlər. Qısa ön pəncələrinin uzunluğu kimi bir çox göstəriciləri, karnufeksin eynən tirannozavr reks kimi iki arxa ayaqları üzərində hərəkət etdiyini göstərir. Skaner köməyilə qədim yırtıcının kəllə sümüyünün 3D modeli çıxarıldıqda, ona dəhşətli filmlərin baş qəhramanlarına xarakterik ad verilib.
"Onun, qurbanın sümüklərindən ətini qoparmaq üçün lazım olan bütün avadanlıqları var idi - nazik, qabağa uzanan kəllə sümüyü və onlarla ülgüc kimi iti dişi", - tədqiqatın müəllifi Lindsi Zenno izah edir.
Hələlik karnufekslərin şikarlarını hansı üsulla ovladığı sirr olaraq qalsa da, alimlər qurbanları arasında disinodont və etozavrlar kimi ot yeyən arxozavrlar olduğunu düşünürlər. Bu növlər məməlilərin uzaq qohumları hesab olunur.
Trias dövrü öz böyük sayda yırtıcıları ilə məşhurdur. Ot yeyən heyvanların azlığı bu yırtıcıları hətta bir-birini ovlamağa vadar edirdi. Yura dövrü başladıqda isə onların hamısı artıq məhv olmuş, əvəzində meydana teropodlar çıxmışdı. Sağ qalanlar arasında kiçik krokodiləoxşar növlər var idi ki, müasir çaqqal və tülkülərin ekoloji yerlərini tutmuşdular. Beləcə onlar, dinozavrların yerüzündən silinməsi ilə tanınan növbəti kütləvi qırılma dövrünə qədər mövcudluqlarını davam etdirdilər.
Həmçinin oxuyun:
* İlk yırtıcılar dimetrodonlar idi
* Dinozavrların qırılmağına səbəb asteroid deyildi
* Niyə spirt düşkünüyük və ya niyə yerə enmişik?
daha ətraflı...
ABŞ-dan olan astronomlar belə qənaətə gəliblər ki, bizim Günəş sistemimizin qeyri-adi quruluşu buradaki ən böyük planet olan Yupiterin keçmişdəki miqrasiyası ilə əlaqəlidir.
Bizim planet sistemimizi əksər sistemlərdən fərqləndirən bir çox gözə çarpan xüsusiyyətlər var, alimlər deyir. Burada, orbiti Merkuri planetinin orbitində yerləşən planetlər mövcud deyil. Günəş sistemi kimi bir ulduz sistemi bir neçə çox qısa dövr periodları olan superyer kateqoriyalı planetlərə sahib olmalı idi. Elə isə onlar haradadır və niyə belə bir şey baş verib?
Mütəxəssislər erkən Günəş sistemində Yupiterin "binaları yıxmaq" üçün nüvə rolunu oynamış olduğunu düşünürlər. Sistemin hələ formalaşma dövründə o, içəri zonaya, Günəşlə sərhəd hesab oluna biləcək məsafəyə köç edib. Bunun nəticəsi olaraq superyerlərin orbiti dəyişilməyə başlayıb və onlar bir-biri ilə olduğu kimi, eləcə də digər səma cismləri ilə toqquşublar. Ardından formalaşmaqda olan Saturnun Yupiterlə qarşılıqlı cazibə qüvvəsi təsirləri, ikincisinin sistemin daxili hissəsini tərk etməsinə və hazırki mövqeyinə yerləşməsinə səbəb olub. Birinci nəsil planetlərdən qalan "tullantılardan" isə Merkuri, Venera, Yer və Mars formalaşıb.
Yupiter nəhəng qaz planetləri kateqoriyasına aiddir. Bu planetin ekvator radiusu 72,49 min km təşkil edir ki, bu, Yerin radiusundan 11 dəfə çoxdur. Təkcə bu qaz nəhənginin kütləsi Günəş sisteminin bütün planetlərinin bir yerdə kütləsindən 3 dəfə artıqdır. Alimlərin rəyinə görə, belə bir planetdə böyük ehtimalla həyat yaranmış olmamalıdır.
Tədqiqat Günəş sisteminin necə formalaşdığını anlamağa yardım edəcək. Bununla yanaşı, tədqiqat sayəsində sistemin ayrı-ayrılıqdaki planetlərinin bəzi müəmmalı xarakteristikaları ilə bağlı suallara cavab tapılacağı güman edilir. Üzərində yaşadığımız Yer də suallar doğuran bu planetlərdən kənarda qalmır.
Həmçinin oxuyun:
* Alimlərin izah edə bilmədiyi ekzoplanet tapıldı
* Sereranın ilk yaxından görüntüsü əldə edilib
* Planet sistemlərini "xaos" idarə edir
daha ətraflı...
Belə bir nəhəng kainatda yüksək şüura malik yadplanetlilərin axtarışı olduqca çətin işdir. Lakin əgər sivilizasiya səviyyəsinə qədər inkişaf etmiş yadplanetlilərin Dayson kürəsi qurduqlarını nəzərə alsaq, axtarış şanslarımız bir qədər də arta bilər. Türkiyənin Boğaziçi Universitetindən olan alimlər Dayson kürəsi adlı texnologiyaları kosmosun hansı ərazilərində tapa biləcəyimizi bildiklərini iddia edirlər.
Dayson kürəsi - hipotetik astromühəndislik obyekti, mərkəzində ulduzu olan böyük radiuslu nazik kürəvi örtük qurğusudur. Belə üsul sayəsində ulduz enerjisindən maksimal qədər yararlanmaqla yanaşı, həm də örtüyün dövrə vurması ilə süni qravitasiya əldə etmək olardı. Əlbəttə ki, inşa edilə biləcək belə bir qurğu çox iri ölçülərdə olmalıdır (hesablamalara görə radiusu bir astronomik vahid təşkil edə bilər). Dayson kürəsi hətta ən uzaq məsafələrdən belə aşkar edilə bilər ki, alimlər də məhz bu məsələyə toxunurlar.
Elə isə yerdənkənar sivilizasiyalara aid Dayson kürələrini harada axtarmalı? Professorlar İbrahim Semiz və Salim Oğur hesab edirlər ki, belə obyektin inşası üçün ən uyğun cazibə qüvvəsi və enerji şərtlərinə yalnız ağ cırtdan ulduzlarda rast gəlmək olar. Bunlar, kütləsi Günəşinkilə müqayisə oluna biləcək, lakin radiusu təxmini 100 dəfə az olan yığcam ulduzlardır. Belə bir kürənin örtüyünün qalınlığı sadəcə bir metr ola bilər, inşası üçün isə Ayın kütləsi ağırlığında maddəyə ehtiyac var. Astronomlar obyektin axtarışının infraqırmızı diapazonda aparılmasını təklif edirlər.
Dayson kürəsinin axtarışında əsasən SETI layihəsi (Yerdənkənar sivilizasiyaların axtarışı üzrə tədqiqat mərkəzi) maraqlıdır. Böyük bir ehtimalla demək olar ki, əgər axtarışa başlanılsa, kosmosu İQ diapazonda araşdıran "Spitzer" teleskopunun imkanlarından istifadə ediləcək.
Bir çox mütəxəssislər yuxarıda izah olunan konsepsiyaya xeyli şübhə ilə yanaşır. Onlar, Dayson kürəsinin texniki olaraq çətin olduğunu və sivilizasiyaların hüdudlarını süni olaraq məhdudlaşdırdığını qeyd edirlər.
Həmçinin oxuyun:
* "Bəlkə yadplanetli axtarışı strategiyamız yalnışdır?"
* Alimlər: "Nə olursa olsun, yadplanetli sivilizasiyalarla əlaqə yaratmalıyıq"
* Yaponiya kosmosdan enerji əldə edəcək
daha ətraflı...
Təkamül əleyhdarı olan elm düşmənləri, təkamül biologiyasının yayılmasını məhdudlaşdırmaq və insanların həqiqəti öyrənməsinə maneə törətmək üçün onların ən həssas və şəxsi duyğularına hücum edirlər. Duyğu istismarıyla yalanlarını birləşdirərək, həqiqəti gizlətməyə çalışırlar. Buna minlərlə nümunə göstərmək olar, lakin bu yazımızda toxunacağımız ən məşhurlarından biri, "Darvin türklərə düşmən idi, onları aşağı irq olaraq görür və yox olmaları lazım olduğunu düşünürdü!" cəfəngiyyatıdır.
Darvin heç vaxt belə bir şey düşünməyib, heç türk xalqlarıyla çox maraqlandığını ya da məlumat sahibi olduğunu belə sanmırıq. Bu iddianın əsaslandığı söz, təhrif edilən bir neçə sətirdən ibarətdir. Bu səbəbdən öz şərhimizlə Darvinin türklərlə əlaqədar spesifik mənfi fikirlər ifadə etdiyini iddia edən bu yalanı ifşa etmək istəyirik.
İddianın orijinalı və mənbəyi
Əvvəlcə, bu təhrif edilmiş məzmunun mənbəyi olan, Harun Yəhya tərəfindən yazıldığı iddia edilən Yaradılış Atlası adlı kitabın 1-ci cildinin 606-cı səhifəsində yazılanlara baxaq:
"Darvin irqçi və Türk düşməni idi. W. Grahama yazdığı 3 iyul 1881-ci il tarixli məktubunda, irqçi düşüncəsini belə ifadə etmişdi: "(...) Avropalı irqlər olaraq bilinən mədəni irqlər, həyat mübarizəsində TÜRK BARBARLIĞINA qarşı qalib gəlmişdirlər. Dünyanın çox da uzaq olmayan bir gələcəyinə baxdığımda, BU CÜR AŞAĞI İRQLƏRİN çoxunun mədəniləşmiş yüksək irqlər tərəfindən eliminasiya ediləcəyini (yox ediləcəyini) görürəm."" (Harun Yəhya, Yaradılış Atlası 1, səh. 606)
Darvin əslində nə dedi?
Darvinə aid, türklərlə əlaqədar belə ifadələrin yer aldığı heç bir mənbə yoxdur. Elm düşmənlərinin iddialarını əsaslandırdıqları bu nəşrlərin ən əsas xüsusiyyəti, şüurlu şəkildə edilən tərcümə səhvlərindən ibarət olmalarıdır. İndi, Darvinin məktublarını toplayıb analiz etməklə məşğul olan Darvin Correspondence Project'in (Kembric Universiteti lahiyəsi) nəşr etdiyi, 1881-ci ilin 3 iyulu tarixli Darvindən Uilyam Qrehemə göndərilən orijinal məktuba nəzər yetirək. Bu məktubun orijinalı Kembric Universitetinin saytından əlavə, eyni zamanda John Murray Mətbəəsi tərəfindən nəşr olunan, Darvinin oğlu Frensis Darvin tərəfindən 1887-ci ildə nümayiş olunan "Darvinin həyatı və məktubları, Avtobioqrafik hissə ilə birlikdə" başlıqlı əsərin 1-ci cildində də yer alır.
İndi isə xüsusilə əhəmiyyətli hissə olan son paraqrafa diqqət edək:
Sarı rənglə qeyd edilən hissənin tərcüməsi belədir:
"Bundan yalnız bir neçə əsr əvvəl Türklər tərəfindən məcbur edilərək, Avropalıların nələri riskə atdığını və indi belə bir fikrin nə qədər gülünc olduğunu xatırla. Qafqaz irqləri olaraq bilinən daha mədəni irqlər mövcudluq mübarizəsində Türkləri tamamilə məğlubiyyətə uğratmışdır."
Falsifikatorların yaydığı və təkrarən gündəmə gətirdiyi tərcümələrdə orijinal mətndə olmayan "Türk barbarlığı" sözünün əlavə olunduğunu görürük. Məqsədləri bəllidir: insanların milli duyğularını istismar edərək, özləri kimi nadanlar yaratmaq, həqiqəti təhrif etmək, manipulyasiya yoluyla insanları aldatmaq və daha nə qədəri... Bu üsulla Darvinin türklərə barbar və aşağı irq deyərək təhqir etdiyi təbliğatına vəsait hazırlamış olurlar.
Burada insanları "hollow" sözü ilə aldatmağa çalışırlar. Bu cümlələri oxuduqdan sonra "Turkish hollow" sözlərilə Darvinin nə demiş ola biləcəyini anlamaq üçün lüğətə müraciət edə bilərsiniz. Bəzi ingiliscə-azərbaycanca lüğətlərdə ilk mənası "içi boş, dəlik, boşluq, oyuq" olan bu sözün bəzi digər lüğətlərdə yan mənaları "riyakar, hiyləgər, saxta" olaraq verilir. Bəzi lüğətlərdə isə digər mənalar arasında "əhəmiyyətsiz, dəyərsiz və yalançı" tərifləri də verilməkdədir. Lakin heç bir yerdə "barbar" deyə bir tərcümə yoxdur! Bu, açıq-aşkar saxtakarlıqdır.
İngilis dilini yaxşı bilməyən insanlar sözü "Turkish hollow" olaraq oxuyur, yəni "Türk boşluğu" olmalı şəklində düşünürlər. Ancaq yuxarıdakı təriflərin heç biri, "Türk boşluğu" mənasını verərək istifadə edilə bilməz: türk dəliyi? türk oyuğu? türk əhəmiyyətsizi? türk yalançısı?.. Bu səbəbdən, bunun "barbarlıq" olduğunu fərz etmiş ola bilərlər. Xoş niyyətlə yanaşaraq, parallel kainatda "içi boş" və "barbar" sözlərinin sinonim kimi istifadə edilə biləcəyini fərz edə bilərik. Lakin Darvin, sanki sözlərinin təhrif ediləcəyindən agah olub, "hollow" sözünü bir başqa şəkildə də istifadə edir: "beaten ... hollow"
İngiliscə "beat somebody hollow" deyimi (buna ingilis dilində "phrase" ya da "idiom" deyilir), "birini tamamilə və ya asanlıqla məğlubiyyətə uğratmaq" mənasını verir. Darvin, "beaten Turkish hollow" dediyi üçün, mübahisəsiz olaraq bu, "Türklər tamamilə məğlubiyyətə uğradı" kimi tərcümə edilməlidir. Əgər ki cümlənin "beat" hissəsi bilərək və ya bilməyərək tərcüməyə daxil edilməsə, yuxarıda ifadə etdiyimiz problemlər meydana gələr; çünki ingiliscənin bir deyimini deyil, yalnız bir sözü tərcümə etmiş olarıq. Aşağı səviyyədə belə ingilis dili dərsi almış olan hər kəs, məsələn, "fall" sözü (düşmək) ilə "fall apart" (həyatı məhv olmuş) və ya "fall fast asleep" (dərin yuxuya getmək) deyimlərinin eyni olmadığını bilir. Yəni "fall fast asleep", "sürətli yuxuya düşmək" kimi tərcümə edilə bilməz. Eyni şəkildə, "beat hollow" içərisindəki "beat" (məğlub etmək, döymək) ilə yuxarıda mənalarını açıqladığımız "hollow" sözünü də bir-birindən ayrı tərcümə etmək olmaz. Bu səbəbdən Darvinin türkləri (türk xalqlarını) alçaldan hər hansı bir sözündən bəhs etmək gülüncdür. Bu, tamamilə məlumatsızlığın və ya qəsdən təhrif etmənin nəticəsidir. Niyə bu qədər inadla yayılmasının səbəbi isə məlumdur.
Aşağı irqlər? Yuxarı irqlər?
Keçək qırmızı xətlə işarələnmiş 2-ci hissəyə:
"(...) Dünyanın çox da uzaq olmayan bir gələcəyinə baxsaq, Dünya səviyyəsində daha aşağı saysız irq, daha mədəniləşmiş irqlər tərəfindən ortadan qaldırılmış olacaq."
Burada gözə dəyən ilk şey, Darvinin "lower race" (aşağı irq) sözləridir. Bu, elm düşmənlərinə əsas versə də, "cherry picking" (söz seçmə) oyununun xoş nümunələrinin biridir. Çünki bütöv cümlə oxunmalıdır, yalnız "aşağı irq" sözlərinə baxaraq nə demək istədiyi aydın ola bilməz. Cümlənin davamı Darvinin "aşağı" sözündəki məqsədinin nə olduğunu göstərir: "higher civilized races" (yüksək sivilizasiya/mədəniyyət səviyyəsindəki irqlər). Əgər ki "yüksək" qiymətləndirməsi, "sivilizasiya səviyyəsi" üçün istifadə edilibsə, "aşağı" qiymətləndirməsi də, sivilizasiya səviyyəsi üçün istifadə edilmiş olmalıdır. Cümlədə "higher" (yüksək) ilə "civilized" (mədəni) sözləri arasında vergül yoxdur (bu səbəbdən "higher" və "civilized", irqlər üçün istifadə etdiyi 2 ayrı qiymətləndirmə deyil, bir-birinə bağlıdır).
Amma nadanlar bunu aşkar bir şəkildə mənfi məna və nifrət yüklü "alçaq" sözü kimi tərcümə ediblər. Açıq aydındır ki, Darvinin "alçaq irqlər" dediyini iddia edirlər. "Lower" sözü, lüğətlərdə "alçaq" olaraq tərcümə edilmir. Bu sifətin kimlərə yaraşdığını düşünməyi oxucularımızın öz öhdəsinə buraxırıq.
Darvinin qətiyyən irqçi olmadığını Biql səfəri əsnasında bacısı Ketrin'ə yazdığı 1833-cü il tarixli məktubdakı bu cümlələrdən də asanlıqla görə bilərik:
"Seçkilərdə də görüldüyü kimi, köləliyə qarşı başlamış həssaslığın davamlı olaraq artdığını müşahidə edirəm. İngilislər köləliyi tamamilə aradan qaldıran ilk Avropa xalqı olsa, bu onun üçün nə qədər öyünüləcək bir şey olar! İngiltərədən ayrılmazdan əvvəl köləliyin olduğu ölkələrdə yaşadıqdan sonra bütün düşüncələrimin dəyişəcəyi mənə deyilmişdi; bu an fərqində olduğum tək dəyişiklik, zənci xarakteri haqqında məndə daha yüksək bir təqdirin meydana gəldiyidir. Belə şən, səmimi, dürüst sözlü və sağlam, əzələli bədənlərə sahib bir zənci görüb, ona qarşı mehribanlıq duymamaq qeyri-mümkündür."
Darvin bunları nə vaxt demişdi? 19-cu əsrdə Amerikanın ən əhəmiyyətli təbiətşünas alimlərindən olan, yaradılışçı Luis Agassiz'in zəncilərlə ağların ayrı növlər olduğunu və Tanrı tərəfindən ayrı-ayrı yaradıldığını dediyi dövrdə... Elm düşmənlərinin irqçiliyi çox uzaqda axtarmasına ehtiyac yoxdur.
Hər şey bir yana, Darvinin bu mövzuda nə dediyi, nəyə inandığı və nə düşündüyünün elm üçün ən az səviyyədə belə əhəmiyyəti yoxdur Eynilə, bizim şəxsi fikirlərimizin elm üçün dəyərsiz, qiymətsiz və əhəmiyyətsiz olduğu kimi! İstədiyimizi düşünə bilərik, istədiyimizə inana bilərik, istədiyimizi iddia edə bilərik. Lakin əhəmiyyətli olan, bunların elmi analizidir. Elmi olaraq hər hansı bir sübutu və ya təcrübəsi yoxdursa, heç bir etibarlılığı da yoxdur. Bu qədər sadə.
Darvin insanın təkamülündən bəhs edən "İnsanın mənşəyi və Cinsi seçmə" kitabında belə yazır:
"Bu günki insan irqləri, rəng, saç, kəllə forması, bədən nisbətləri və sair baxımdan fərqli olmaqla birlikdə, tam diqqətə alınsa, bir çox nöqtədə bir-birlərinə böyük ölçüdə oxşayırlar. Bunların bir çoxu elə əhəmiyyətsiz ya da tamam ayrı xüsusiyyətdədir ki, mənşələri başqa olan növlərin və ya irqlərin onları müstəqil olaraq qazanmış olması, olduqca qeyri-mümkündür. Eyni düşüncə, ən fərqli insan irqləri arasındakı zehni oxşarlığın çox müxtəlif istiqamətləri üçün də, eyni ölçüdə və ya daha çox etibarlıdır."
Yaşadığı dövrü düşündüyümüzdə, Darvinin sözlərinin necə dəyərli olduğu aydın olacaq. Darvin yalnız özümüzü tanımağımızı təmin etmədi. Eyni zamanda bütün insanları, bir yerdə, bütün canlılığı saxlayan "ehtişamlı" bir Təkamül Ağacının sıravi bir budağına yerləşdirə və bütün budaqları bir-birinə bağlaya bilməyimizi təmin etdi. Belə bir elmi həqiqəti və həyat düşüncəsini formalaşdırmış bir insana qarşı belə təhriflər etmək həqiqətən də "alçaqlıq" deyilsə, bəs nədir?
Orijinal məqalə buradadır
Həmçinin oxuyun:
İnsanda dəri rəngi təkamülü və tük azalması
Saxta fosil nədir?
"Harun Yəhya"nın saxtakarlıqları
daha ətraflı...
Bekon, kolbasa və sosiska kimi dadlı ət məhsullarından imtina etmək asan iş deyil. Tarix göstərir ki, əslində donuz əti Yaxın Şərqdə də bir vaxtlar, daha dəqiq desək eramızdan əvvəl birinci minilliyin sonlarına qədər məşhur olub. Elə isə yerli xalqların donuz ətindən üz döndərməsinə səbəb nə olub?
Bu fenomen artıq əsrlərdir ki, müxtəlif izahlar təklif edən tədqiqatçıların marağına səbəb olur. Ən populyar izahlardan biri xalqların köçəri həyat tərzinə işarə edir: donuzlar "tələbkar" heyvanlardır və yaşayış yerini davamlı dəyişdikdə onları qovmaq çətinləşir, arabalarda daşımaq isə daha ağır əziyyətə çevrilir.
Digər bir versiya su istehlakı və tələbatına əsaslanır - hesablasaq, hər istehsal edilmiş ət kilosu üçün tələb olunan su miqdarı 6 min litrə bərabərdir ki, bu da quraq ərazilərdə həddindən artıq böyük məhdudiyyət faktoru ola bilərdi. Amerikalı antropoloq Riçard Reddinq isə hesab edir ki, bütün bunlar əsas səbəbin xırda detallarıdır: donuzlar toyuqlarla rəqabətdə uduzdular.
Quşları saxlamaq və yemləmək, həmçinin bir yaşayış məntəqəsindən digərinə daşımaq daha asandır. Onlar, dəfələrlə az su istehlak edərək ət verməklə yanaşı, həm də yumurta kimi dəyərli dietik məhsul istehsal edirlər. Və nəhayət, iri donuz cəmdəyini hazırlamaq üçün hisə vermə və duza qoyma kimi ağır və uzun prosedurlar tələb edildiyində (artıq ətin xarab olmaması üçün), adi kəsilmiş toyuq əti bir-iki saat ərzində bişirilərək, kiçik bir ailəni doyuzdura bilər. Hərarətli iqlim şərtlərində bu faktor həlledici xarakter daşımış olmalıdır.
Professor Reddinq sıravi quşçuluğun erkən donuzçuluqla müqayisədə iqtisadi cəhətdən daha effektiv mövqe tutduğunu və donuz ətinin iqtisadi əlverişsizliyinin də zamanla dini və mədəni qadağalara gətirib çıxardığını qeyd edir. Regionun istisna oluna biləcək bəzi nadir meşəli və rütubətli rayonlarını nəzərə almasaq, donuz ətindən imtinanın səbəbinin, ərəblər və yəhudilər kimi yerli xalqların əcdadlarının üzləşdiyi çətinliklərdən qaynaqlandığını demək olar.
Həmçinin oxuyun:
* Mal əti istehsalı ətraf aləm üçün daha zərərlidir
* Neandertalların qida rasionu ürək bulandırır
* Mumiyalarda yüksək xolesterin və tatu aşkar edildi
daha ətraflı...
Hansı daha əvvəl yaranıb - zülalların sintezi üçün lazımi instruksiyaları daşıyan genom, yoxsa genomun sintezi və funksiyası üçün tələb olunan zülallar? Bu, hətta toyuq və yumurta problemindən daha qəliz məsələdir, çünki nəticə etibarilə hər ikisi membranı formalaşdıran lipidlərə ehtiyac duyur, - lipidlərin sintezi üçün isə yenə də zülallar və onları kodlaşdıran DNT və RNT mütləqdir...
Müasir elmdə həyatın mənşəyi ilə bağlı ən məşhur model olan "RNT-dünyasına" əsasən, həm genom, həm də fermentlərin funksiyası RNT molekullarından asılı idi və nəticədə bütün digər komponentləri yaratmağı "öyrəndilər". Bu versiya ilə başabaş yarışmaqda olan "Öncə maddələr mübadiləsi" hipotezi isə ön plana hələ cansız, abiogen prosesləri çıxarır ki, bunlar da nuklein turşuları, zülallar və lipidlərin bir əvvəlki nümayəndələri olan molekulların sintezinə gətirib çıxarmalı olur.
Göründüyü qədərilə, alimlər yalnız indi bu çətinliyi həll etməyi bacarıblar: bunların hər birisi eyni andaca yarana bilərdi. ABŞ-dan olan kimyaçılar qəliz reaksiya zəncirlərini nümayiş etdiriblər. Bunlar, prosesdə ultrabənövşəyi şüaların iştirakı ilə bir cüt sadə birləşmələrlə baş verə və hər üç əsas biomolekul növləri komponentinin, yəni nuklein turşuları üçün nukleotidlər, zülallar üçün aminturşuları və hüceyrə membranı üçün lipidlərin parallel olaraq meydana gəlməsini mümkün edə bilər.
Reaksiyanın qaynaq birləşmələri olduqca sadədir: sianid turşusu (HCN) və hidrogen-sulfid (H2S) üstəgəl az miqdarda digər maddələr, xüsusilə də nuklein turşuları üçün lazımi fosfor. Məlum olduğu kimi, bütün bu komponentlər erkən yerüzündə kifayət miqdarda təmsil olunmuşdur. Xüsusi əlverişli şərtlər isə istilikli və zəngin mineral tərkibli geotermal qaynaqlar və ilk reaksiyaların baş verməsini mümkün edən kameralara sahib deşikli gillər köməyilə yaranmış olmalı idi.
Bununla belə reaksiya şərtlərinin bir azca dəyişilməsi, temperatur fərqlilikləri və ya hər hansı bir metallik katalizator faktoru nəticədə əldə edilən komponentlərin dəstində aşkar fərqlərin ortaya çıxmasına gətirib çıxara bilərdi. Beləliklə, kimyəvi təkamül prosesinə start verən çeşidliliyin təməli məhz bu yolla qoyulmuş olmalıdır.
Həmçinin oxuyun:
* Zülallar DNT-yə ehtiyac olmadan digər zülalları yaradır
* Miller-Urey təcrübəsi təkrarlandı
* Həyatın yaranması prosesi laboratoriyada təkrar edildi
daha ətraflı...
Tarixdə ilk dəfə olaraq Böyük Britaniyada üç valideyndən olan körpələr dünyaya gələcək. Britaniya parlamenti uzun sürən debatlardan sonra nəhayət qanunvericiliyə əlavə düzəlişlər edilməsini təsdiqləyib.
Süni mayalandırma ilə bağlı qanuna edilmiş dəyişikliklər Lordlar palatası tərəfindən dəstəklənib (48-ə qarşı 280 səslə). Fevral ayının əvvəlində Britaniya İcmalar palatası da bu təşəbbüsü təqdirəlayiq qiymətləndirmişdi. Beləliklə, süni mayalandırma üsulunda əsas valideynlər və ikinci donor-ana olmaqla, artıq üç insanın genlərindən istifadə etmək mümkündür. Bu sayədə alimlər körpələrdəki irsi xəstəliklərin qarşısını ala biləcəklərinə ümid edirlər.
Konsepsiya "mitoxondri ötürülməsi" adlanan metodika əsasında inkişaf etdirilib. Ata və anaya aid genetik materialla yanaşı, körpə kənar qadından da genetik informasiya ala biləcək. Hər il mitoxondri genlərində pozulmalar rast gəlinən körpələr dünyaya gəlir ki, bu da onların müxtəlif ciddi xəstəliklərdən əziyyət çəkməsilə nəticələnir. Yeni texnologiya köməyilə isə təhlükəli gen mutasiyası daşıyıcıları olan qadınlar dünyaya tam sağlam körpələr gətirə biləcəklər.
Yeni metodika sözsüz ki, mübahisələrdən yan keçməyib. Konsepsiyaya qarşı çıxanlar arasında siyasətçilər, hüquq müdafiəçiləri və katolik kilsəsi var. "Üç valideynli uşaqlara" əks düşərgədə yer alanlar bu gedişlə insanlar üzərində hətta genetik modifikasiyaların da təşkil ediləcəyindən ehtiyatlandıqlarını bildirirlər. Hüquq mudafiəçiləri isə tədqiqatçılarda yetərli təcrübə olmadığını əsas gətirərək, bu addımın qarşısıalınmaz nəticələrə səbəb ola biləcəyini vurğulayırlar.
Bütün bu xəbərdarlıqlara baxmayaraq Britaniya parlamenti yekun qərarını verib. İlk üç valideynli körpənin artıq gələn il dünyaya göz açacağını gözləmək olar.
Həmçinin oxuyun:* Üç valideyndən olan uşaqlar gəlir
* Süni DNT-ə sahib orqanizm yaradıldı
* Y-xromosomu və kişilər yox olmayacaq
daha ətraflı...