Alimlərin əldə etdiyi yeni faktlara əsasən, insanda nitqin təkamülləşməsinə primitiv alətlərin hazırlanması səbəb olub - hər nə qədər qəribə səslənsə də. Bu alətlər heyvan cəmdəklərinin bölünməsi üçün istifadə edilib.
ABŞ və Avropadan olan alimlər müasir insanın uzaq əcdadlarında nitqin formalaşmasının, məhz cəmdəkləri bölmək üçün hazırlanan iti daşlar sayəsində, bir növ yan təsir olaraq baş verdiyini irəli sürürlər. Məsələ burasındadır ki, belə alətlərin kütləvi istehsalı üçün qədim hominidlərə təkcə jestlərlə ünsiyyət bəs etməyib. Bu məşğuliyyəti digər fərdlərə öyrətmək üçün nitqdən yararlanmaq daha asan idi.
Alimlər təxminən 2,7 milyon illik tarixi olan və ən sadə alətlərin hazırlandığı olduvay mədəniyyəti dövrünə aid alətləri araşdırmaq qərarına gəliblər. O dövrün nümayəndələri əlavə emallar tətbiq etmədən, daşları sadəcə yarırdılar. Lakin bu texnika da ustalıq tələb edir. Belə daşların kütləvi emalı faktı, alətlərin hazırlanmasında vahid praktikanın mövcud olduğundan xəbər verir.
Aparılmış tədqiqatda 180 tələbə iştirak edib. Onları kiçik qruplara bölən alimlər, olduvay mədəniyyəti alətlərini hazırlamağı tapşırıblar. Əldə edilən təcrübəni iştirakçılar zəncirvari olaraq öz qruplarındakılara ötürüblər. Bəziləri bunu nitqlə, digərləri isə yalnız jestlər köməyilə etməli idi. Gözlənildiyi kimi, hətta primitiv nitq formaları (hə", "yox" sözləri) belə iştirakçılara alətləri daha effektiv hazırlamaq üstünlüyü təmin edirdi. Bu mənada verbal kommunikasiyaları bir növ təkamül üstünlüyü kimi görmək olar.
Daha əvvəl isə tədqiqatçılar dəqiqləşdirmişdilər ki, linqvistik məsələlərin həlli və primitiv əşyaların hazırlanması insan beyninin eyni zonalarını aktivləşdirir. Bu səbəbdən hesab edilir ki, nitq, əcdadlarımızın daşdan alətlər hazırlamağa başladığı dövrdə meydana gəlib.
Həmçinin oxuyun:
* Nitqin təkamülü
* Rəngli görmənin necə təkamülləşdiyi sirri
* Niyə spirt düşkünüyük və ya niyə yerə enmişik?
daha ətraflı...
2004-cü ildə aşkar edilən və 2004 BL86 deyə adlandırılan asteroid sürətlə planetimizə doğru irəliləyir. 26 yanvar 2015 tarixində bu səma cisminin kosmik ölçülər baxımından Yerin kifayət qədər yaxınlığından keçəcəyi hesab edilir. Maksimal yaxınlaşma anında asteroidlə Yer arasındaki məsafə təxminən 1,2 milyon kilometrə qədər azalacaq ki, bu da planetimizin təbii peyki olan Ayla arasındaki məsafənin 3 qatını təşkil edir.
Mütəxəssislər asteroidin heç bir təhlükə daşımadığını qeyd edirlər. Digər yandansa, cismin Yerə yaxınlaşması elm üçün vacib hadisədir, çünki bü gün 2004 BL86 haqda bilinənlər xeyli azdır. Bu "kosmik görüş" sayəsində astronomlar asteroidin yeni məlumatları və fotoşəkillərini əldə etmək üstünlüyü qazanacaqlar.
"Hal-hazırda bu asteroid haqda, praktiki olaraq, heç nə bilmirik - bizi, mütləq sürprizlər gözləyir", - NASA-nın reaktiv hərəkət laboratoriyasından olan Lans Benner deyir.
Astronomların hesablamalarına görə, növbəti oxşar miqyaslı hadisənin yalnız 2027-ci ildə Yerə 1999 AN10 asteroidinin yaxınlaşacağı vaxt baş verəcəyi gözlənilir. 2004 BL86 asteroidini təkcə professionallar deyil, həvəskarlar da müşahidə edə biləcəklər. Bunun üçün sadəcə kiçik teleskop və ya güclü binokllar əldə etmək kifayət edəcək.
Həmçinin oxuyun:
* "Dawn" zondu Serera ilə görüşə hazırlaşır
* Kainatdaki həyatı qamma-partlayışlar məhv edir
* Yerdəki suyun mənşəyi kometlər deyildi?
daha ətraflı...
Curiosity marsoxodunun lentə aldığı fotoşəkillərdə Yerdəki sianobakteriya matlarının "tikililəri" ilə əhəmiyyətli oxşarlığı olan obyektlər olduğu fərq edilib. Əldə edilmiş yeni məlumat sayəsində uzaq keçmişdə Qırmızı planetin gölləri dərinliyində mikroorqanizmlərin həyat fəaliyyəti ilə məşğul olduqlarını, yəni orada həyatın mövcud olduğunu növbəti dəfə ehtimal etmək olar.
Marsda canlı həyat axtarışında olan Curiosity cihazının son illər ərzində təmin etdiyi məlumatlar, bu gün orada canlı həyatın təəssüf ki, mövcud olmadığını göstərir. Digər tərəfdənsə, xüsusilə son aylar ərzində aparılmış tədqiqatların nəticələri, keçmişdə Marsın yadplanetli canlılar üçün yuva olduğu ehtimalını artırmağa davam edir.
Bu sahə üzrə aparılmış son araşdırmanın müəllifi Old Dominion Universitetindən olan geobioloq Nora Noffkedir. O, Yerdəki sianobakteriya matlarının "məskunlaşdığı məntəqələrin" zahiri görünüşünü, onlarla təəccüblü dərəcədə oxşarlıq təşkil edən Marsdaki strukturlarla müqayisə etmək qərarına gəlib.
Sianobakteriya matları (cyanobacterial mats) - həyat fəaliyyətləri nəticəsində bərk hissəciklərdən iki xüsusi struktur növünü formalaşdıran çoxlaylı bakteriya qrupuna verilən addır. Bunlar, stromatolitlər və MISS-dir (Microbially Induced Sedimentary Structures).
Marsda Qillespi Leyk adını almış ərazidə bir vaxtlar göl yerləşdiyindən xəbər verən çoxsaylı faktlar var. Professor Noffke həmin ərazidə süxurlar olduğunu göstərən fotoşəkilləri ətraflı araşdırdıqdan və analiz işləri apardıqdan sonra bu obyektlərin bir sıra əlamətlərdən dolayı Yerdəki MISS-lərə son dərəcə oxşadığı qənaətinə gəlib ki, bu da keçmişdə Qırmızı planetdə mikroorqanizm aktivliyi ola biləcəyinə dair məlumatlar verir.
Baxmayaraq ki tədqiqat yalnız marsoxodun çəkdiyi fotoşəkillərin müqayisəsi işlərindən ibarət olub, qeyd etmək vacibdir ki, bu mövzuda Noffkenin metodikasına şübhə etməyə əsas yoxdur: alim artıq 20 ildir ki, MISS öyrənilməsi ilə məşğul olur və onun məqaləsi səbəbsiz yerə Astrobiology kimi prestijli elmi jurnalda dərc edilməzdi. Mütəxəssislər oxşar tədqiqatlar arasında ən keyfiyyətlisinin məhz bu iş olduğunu qeyd edirlər.
Lakin Noffke heç də əldə etdiyi nəticələrin, qədim Marsın həyat əlamətləri ilə bağlı konkret sübutlar kimi qəbul edilməsini tələb etmir, çünki tapılmış strukturların qeyri-bioloji mənşəli ola biləcəkləri, məsələn, duz, su və küləyin qarşılıqlı təsirləri sonrası eroziya nəticəsində peyda olduqları da istisna olunmur. Bunu təsdiqləmək üçün ya daha təkmilləşdirilmiş marsoxodlara, ya da mars süxurları nümunələrinin Yerə geri gətirilməsinə ehtiyac var ki, bunlar da hələlik heç bir kosmik agentliyin proqramına daxil deyil.
Həmçinin oxuyun:
Marsdan yeni xəbərlər var: Metan qazı və üzvi birləşmələr
Marsda həyatın ilk sübutları - alimlər isə tələsmir
Yer orqanizmləri Marsda yaşamağa qadirdir
daha ətraflı...
Yadplanetli həyatının yaranması və inkişaf etməsi üçün əlverişli şərtlər daşıyan ekzoplanetlər sırasına daha biri əlavə olunur. Amerika Astronomiya Cəmiyyətinin hər il təşkil olunan iclasında yenicə tapılmış 8 ekzoplanetin siyahısı təqdim edilib. NASA-dan olan 26 alimin də iştirak etdiyi iclasda, siyahıdaki planetlərdən birinin "İkinci Yer" olduğu bildirilib.
Siyahı, Günəş sistemindən kənarda tapılmış mindən çox planetin kəşfçisi olan "Kepler" orbital teleskopunun əldə etdiyi məlumatlar əsasında hazırlanıb. Teleskopun yenicə aşkar etdiyi səkkiz planet arasından cəmi üçü həyatın yaranması və inkişaf etməsi üçün əlverişli məsafə olan "həyat zonasında" yerləşir. Lakin Mars kimi həyat zonasında yerləşən və konkret həyat əlamətləri daşımadığı hesab edilən bir sıra planetlərin göstəricilərindən dolayı, ayırd edilmiş 3 planetdən biri olduqca xüsusidir.
Daha əvvəl tapılmış ekzoplanetlər arasında Yerə şərtləri baxımından ən çox oxşarı Kepler 186f idisə, Kepler 438b adı verilmiş yeni yad səma cismi "Yerin əkizi" titulunu ondan almağa iddialıdır, astronomlar qeyd edir. Kepler 438b Yerdən 12% böyükdür və Günəşdən temperaturca kifayət qədər soyuq qırmızı cırtdan ulduz ətrafında dövrə vurur. Lakin ekzoplanetin xüsusi orbiti onun, Yerdən 40% artıq istilik aldığını deməyə əsas verir. Günəş sisteminin 475 işıq ili uzaqlığındadır. Ekzoplanetin dəqiq tərkibi hələlik sirr olaraq qalsa da, orbitinin parametrləri və diametrinin təxmini olaraq təyin edildiyi qeyd edilir.
Müasir astronomiya texnikası hətta Günəş sisteminin qonşuluğunda yerləşən planetlərin belə dəqiq görüntüsünü əldə etmək imkanı təmin edə bilmir. Aşkar edilmiş belə planetlərin göstəriciləri, yerüstü və orbital teleskoplar tərəfindən həmin planetin görünən diskdən keçdiyi vaxt ulduzun işıqlanma dərəcəsinə görə hesablanır. Yalnız yaxın gələcəkdə hazırlanacaq interferometr teleskopları sayəsində digər ulduz sistemlərində yerləşən planetlərin keyfiyyətli fotoşəkillərini əldə etmək mümkün olacaq.
Həmçinin oxuyun:
"Yerin əkizi" adına layiq planet kəşf edildi
Kapteyn ulduz sistemindən iki yeni ekzoplanet
"Meqa-Yer" tapıldı
daha ətraflı...
Qədim Amerika xalqı olan mayaların tarixin səhnəsindən ani silinməsi bir çox şübhələrə səbəb olur. Bu şübhələrin bəzisinin elmi əsası olsa da, digərləri sadəcə iddia olaraq qalır. Psevdoelm həvəskarları olan konspiroloqlar mayaları hətta qədimdə Yerdə yaşamış və günlərin bir günü naməlum səbəblərdən buranı tərk edərək, fantastik planetlərinə köç etmiş yadplanetli irqi olaraq da görür. Bütün bu əfsanələrin sürətlə yayıldığı bir vaxtda, ABŞ-dan olan alimlər qədim maya sivilizasiyasının yox olma səbəbini tapdıqları ilə bağlı açıqlama veriblər.
Geoloqların qənaətinə görə, maya sivilizasiyası təxminən yüz il davam edən quraqlıq dövründə tarixdən silinib, dolayısı ilə onların məhv olma səbəbi elə quraqlıqdır. Böyük mavi dəlik adı ilə tanınan ərazidə və yaxınlıq yerlərdə tapılan minerallar araşdırıldıqdan sonra sivilizasiya ilə bağlı yekun qərara gəlinib. Məlum olub ki, VIII-IX əsrlərdə bur ərazilərdə ekstremal quraqlıq müşahidə olunub - elə bu səbəbdən mayalar daha şimala köç etməyə məcbur olublar ki, orada da bir neçə əsr sonra izləri Yer üzündən tamamilə silinib.
Yerli hindilərin iqlim zəminli kollapsı ilə bağlı nəzəriyyə ilk dəfə Böyük mavi dəlik ərazisindən alınan kern süxurlarına aid nümunələr köməyilə təsdiq edilib. Rays Universitetindən olan tədqiqatçı Andre Droksler sıx divarları olan laqunlarda, mərcan poliplərindəki bol çöküntülərdən sonra su yığılmış olduğunu izah edir. Geoloqlar yağış vaxtlarında həmin laqun çöküntülərində suya düşən titan payı ilə maraqlanıblar. Aşkar edilən aşağı metal payı uzunmüddətli quraqlıqdan xəbər verir.
Alimlər bundan əlavə 800 və 1000-ci illər ərzində tropik siklonların sayının üç dəfə azaldığını aydınlaşdırıblar. Məhz bu dövrdə mayalar şimala, Çiçen-İtsaya köç etmək qərarına gəliblər, lakin quraqlıq bu ərazilərdə də onları rahat buraxmayıb, bu səbəbdən hindilər növbəti dəfə şəhərlərini tərk etməyə məcbur qalıblar. Alimlər quraqlığa əsas səbəbin ITCZ (tropiklərarası konvergentlik zonası) sistemindəki yerdəyişmələr olduğunu deyirlər. Göründüyü qədərilə, Yerin subtropik ərazilərini qurudan və tropiklərə çöküntülər gətirən bu sistem, maya sivilizasiyasının zəifləməsi dövründə Yukatan adasındaki lazımi su miqdarı ehtiyacını təmin edə bilməyib. Bunun nəticəsində də əkinçilik sahəsində problemlər meydana gəlib ki, aclıq yaşandığından mayaların sivilizasiyasının süqutu axır-əvvəl qaçılmaz hal alıb.
Həmçinin oxuyun:
Zəmilərdəki sirli dairələrin müəllifi tapıldı
Kral Davudun dövləti mövcud olub
Mumiyalarda yüksək xolesterin və tatu aşkar edildi
daha ətraflı...
Astronomlar "Çandra" kosmik rentgen rəsədxanası köməyilə Süd Yolu qalaktikasının mərkəzində yerləşən superkütləli qara dəliyin tullantı atdığını müşahidə ediblər. Qeyd edilir ki, bu, kosmik tarix ərzindəki ən böyük miqdarda tullantı atılması hadisəsidir.
Qalaktikamızın mərkəzində Oxatan A (Sgr A) adlı superkütləli qara dəlik yerləşir. Bu qara dəliyin kütləsi Günəşin kütləsindən 4,5 milyon dəfə artıqdır.
Sgr A-da baş verən güclü elektromaqnit şüalanması partlayışını "Çandra" teleskopu vasitəsilə, qara dəliyin G2 qaz buludu ilə təmasının müşahidə edilməsi anında qeydə almaq mümkün olub. Mütəxəssislərin rəyinə görə, tullantı normal səviyyədən 400 dəfə artıq miqdarda şüa yayıb.
Süd Yolu qalaktikasının mərkəzindəki ağır qara dəliyin kosmosa atdığı maddə tullantısı hadisəsini izah etmək üçün alimlərin əlində iki versiya var. İlk versiyaya əsasən, rentgen tullantısına səbəb qara dəliyin qravitasiya təsiri zonasına düşmüş asteroidin məhvidir. Belə bir güclü partlayışın meydana gəlməsinə ikinci mümkün səbəb isə qara dəliyə axan qaz axınındaki maqnit qüvvə xətlərinin qarşılıqlı əlaqəsi ola bilər.
"Çandra"-nın aparacağı əlavə analiz işləri nəticəsində növbəti aylarda əldə ediləcəyi güman edilən məlumatlarla qalaktikamızın mərkəzindəki sirli obyektin rekord tullantısı səbəbinin məlum olacağı gözlənilir.
Həmçinin oxuyun:
Kiçik qara dəlik alimlərin işini çətinləşdirir
Qalaktikanı tərk edən ulduzlar tapıldı
Qara dəliyin içərisində yaşayırıq?
daha ətraflı...
Arxeoloqlar kral Davud və Süleymanın yaşamış olduqlarını və e.ə. IX-X əsrlərdə İsrailə başçılıq etdiklərini göstərən yeni dəlillər əldə ediblər. Onlar, İsrailin cənub bölgəsində, Qəzza yaxınlığında palçıqdan hazırlanmış möhürlər tapıblar.
Möhürlərin üzərində rəsmi yazışma işləri üçün planlaşdırılmış əl basmalarını aşkar edən alimlər, bu ərazidə bir vaxtlar həqiqətən dövlət qurulduğunu təsdiq ediblər. Professor Cimmi Hardin əldə edilmiş bullaların e.ə. X əsrə aid yeganə möhürlər olduğunu qeyd edir.
Bu fakt olduqca böyük maraq kəsb edir, çünki daha əvvəl bir çox alimlər bu ərazidə e.ə. X əsrdə dövlət qurulmuş olduğuna skeptik yanaşırdılar. Bulla möhürlərinin İsrail krallığının periferiyasında tapıldığı, min illər əvvəl burada hər hansı bir administrativ təşkilatın mövcud olmuş ola biləcəyini göstərir. Qeyd etmək lazımdır ki, Davud kralın yaşayıb-yaşamadığı mövzusu da uzun müddət elm ictimaiyyətində mübahisə obyekti olaraq qalıb.
Hesab edilir ki, Davud İsrailin ikinci kralı olub. O, təxminən 40 il müddətində hakimiyyəti əlində saxlamağı bacarıb. Dini məntlərdə Davudun obrazı "ideal" hökmdar kimi təsvir olunur. Yəhudilərin inancına görə, Məsiha məhz onun nəslindən çıxaraq, dünyanı şərdən xilas edəcək.
Həmçinin oxuyun:
On min illik qədim şəhər tapıldı
Misir ehramlarının daşları necə daşınılırdı?
Arxeologiya və zaman əlaqəsi
daha ətraflı...