December 2, 2013

Antiqravitasiya axtarışları başlandı

Antiqravitasiya nəzəriyyəsinə görə antimateriya öz qravitasiya sahəsini yaradır, bu sahə də obyektləri cazibə qüvvəsi təsirinin tam əksinə olaraq özündən itələyir. CERN alimləri antiqravitasiya nəzəriyyəsinin nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq üçün tədqiqatlar aparmağa başladılar. Antiqravitasiyanın kəşfi sayəsində insanın texnoloji inkişafında böyük addım atılacağı hesab edilir.

Başda prof. Jeffrey Hangst'in durduğu CERN-dən olan tədqiqatçı qrup antihidrogen atomlarını praktiki olaraq hərəkətsiz vəziyyətdə saxlayan xüsusi elektromaqnit silindr hazırladılar. CERN mütəxəssisləri, antihidrogen atomlarının bu silindrdə hərəkətinə bağlı olaraq nəzəriyyənin nə qədər doğru və ya yalnış olduğunu təsdiqləyəcəklərini qeyd edirlər.

Bundan əvvəlki təcrübələrlə CERN fizikləri Hiqqs bozonunun mövcudluğunu təsdiqləməyə nail olmuşdular. Bunun üçün məşhur Böyük Adron Kollayderini istifadə etmişdilər. Antiqravitasiya kəşfi üçün hələlik bu texnologiyadan faydalanmaq istəmədiklərini bildirən elm adamları, növbəti illərdə Böyük Adron Kollayderinin detektorları sayəsində "qara materiyanın" tapılması üçün təcrübələrə başlayacaqlarını da gizlətmədilər. Qəbul edilmiş kosmik modelə görə bu materiya növü bütün kainatı doldurur və maddi kainatımızda mühüm rola malikdir.

Qaynaq: Telegraph
daha ətraflı...

Kosmos gözümüzü zədələyir?

NASA astronavtı Mike Barratt 2009-cu ilin martında kosmik stansiyaya yollanıb qayıtdıqdan sonra uzağı görmədə çətinlik çəkməyə və eynəyə ehtiyac duymağa başladı. Oktyabrda Yerə qayıdan astronavt 2012-ci ildə CNN'ə verdiyi açıqlamasında görməsinin hələ də düzəlmədiyini bildirmişdi. Araşdırmalar nəticəsində NASA hər 5 astronavtdan birinin kosmik vəzifələrdən qayıtdıqda görmələrinin zəiflədiyini ortaya çıxardı. NASA-dan olan elm adamları görmədəki bu dəyişikliyi mikro qravitasiyanın təsirinə bağlı olaraq beyində artan təzyiqlə gözün şəklinin dəyişməsi ilə əlaqələndirirlər. Elm adamları bu dəyişmənin daha ciddi nevroloji təsirləri ola biləcəyini hesab edirlər. NASA həmçinin genetik fərqliliklərə bağlı olaraq kosmosda göz problemlərinin dəyişə biləcəyini araşdırır. Tədqiqatlar hələ başlanğıc mərhələsində olduğundan alimlər bu mövzuda əmin deyillər. NASA Mars və digər kosmik səfərlərdə bu mövzunun astronavtların qabiliyyətinə təsir edə biləcəyini hesab edir.

Lakin yeni bir tədqiqat astronavtların gözündə kosmosda nə kimi dəyişikliklər ola biləcəyini göstərir. Bu kiçik tədqiqatda Beynəlxalq Kosmik Stansiyasına (International Space Station) 13 günlüyünə 6 siçan göndərildi. Alimlər Yerə qayıdan siçanları araşdırdıqlarında onların optik sinirlərinə fiziki zərərlərin dəydiyini müşahidə etdilər. Bundan başqa siçanların gözlərində stress əlamətlərinə rast gəlindi. Siçanlar Yerə qayıtdıqdan 7 gün sonra da gözlərinin fiziki vəziyyəti yaxşılaşmadı. Lakin tədqiqat sonrasında davam etdirilmədi. Kosmosa yollanan siçanların gözlərində beyin zədəsindən qaynaqlanan molekulların istehsal edildiyi müşahidə edildi.

Tədqiqata başçılıq edən Patricia Chevez-Barrios astronavtların gözlərinə nələr olduğuna dair məlumatlara yiyələndi. Patricia Chevez-Barrios Houston Methodist Xəstəxanasında işləyən göz xəstəlikləri mütəxəssisidir. Tədqiqatçı qrup kosmik səfər edən siçanların gözlərində yüksək miqdarda beta amiloid istehsal ediliyini müşahidə etdi. Caspace-3 genindən qaynaqlanan bu zülal travmatik beyin və retina zədələnməsinə işarə edir.

Bu nəticələrin insanlara necə tətbiq oluna biləcəyi haqqında sual işarələri hələ də qalır. İnsanların kosmosda daha çox qaldıqda siçanlardan daha çox zədələnə biləcəyi hesab edilir. Digər tərəfdən, təcrübədə istifadə edilən siçanlar işığa həssas idilər, bu səbəbdən bəzi siçanların kosmosdan deyil, işıqdan təsirlənmiş ola biləcəyinə də ehtimallar verilir.

Qaynaq: Popular Science
daha ətraflı...

December 1, 2013

Yupiterin peyki Europada maye halda su tapıldı

Hələ Galileo Galilei tərəfindən kəşf edilmiş Yupiterin 4 nəhəng peykindən biri olan Europanın bir neçə kilometr dərinliyi olan buz təbəqəsinin altında maye halda su mövcud ola bilər. Alimlər artıq Europanın yadplanetlilərin evi ola biləcəyini düşünürlər.

Nature Geoscience jurnalında 1 dekabr 2013 tarixində yayımlanan xəbərə görə Yupiterin peyklərindən biri olan Europa heç də sakit deyil və peykin ekvatorında temperatur bir qədər istidir.

Planetoloqlar Europada maye halda suyun olduğunu deyərək, peykin həyat üçün əlverişli ola biləcəyinə də toxundular. Son illərdə astronomlar Europa okeanının səthdə qazlar və duzlu minerallar mübadiləsinə sahib ola biləcəyinə dair dəlillər əldə etmişdilər. Həmçinin peykdə mikrobların yaşaya bilməsi üçün zəruri olan maddələrə rast gəlmişdilər.

Texas Universitetindən olan planetoloq Krista Soderlund və həmkarları, 1995-2003 illər arasında Yupiter orbitində işlər aparmış "Galileo" zondunun topladığı məlumatları analiz etdilər. Alimlər, kosmik aparatın Europanın maqnit sahəsi haqda yığdığı məlumatlarla peykin dərinliklərində maye suyun mövcudluğunun təsdiq edilmiş olduğunu qeyd etdilər.

Alimlər yeni məlumatları analiz etdikdən sonra peykin ekvatorial, tropik və mərkəzi sahələrində əvvəllər hesab edildiyi kimi stabilliyin olmadığını gördülər. Bundan başqa suyun bir qədər də isti olduğuna dair sübutlar əldə etdilər, bu da Europanı həyatın yaranması və inkişaf etməsi üçün əlverişli hesab etməyə kifayət edir. Geriyə qalan növbəti illərdə orada həyatın həqiqətən də mövcud olub yoxsa olmadığına dair məlumatlara yiyələnməkdir.

Həmçinin planetoloqlar yeni kəşflər sayəsində Europanın buzlu qabığı üzərindəki, əsasən tropik və ekvatorial ərazilərdə yerləşən "xaotik sahələrin" niyə mövcud olduğunu izah edə bildiklərini qeyd etdilər.

Qaynaq: ScienceNews
daha ətraflı...

"Qədim misirlilər elektrik istifadə edirdilər" cəfəngiyyatı

Qədim Misir dedikdə, qədim mədəniyyətlə birlikdə həm də sirrli və qeyri-adi uğurların əldə edildiyi bir dövr ağla gəlir. Filmlərdə və bir neçə kitablarda Qədim Misir haqqında bir çox hekayələr gəzir. Bu hekayələrin bəziləri tarixin əhəmiyyətli məlumatlarını qarşımıza qoyur, digərləri isə əfsanələrdən başqa bir şey deyil. Bu əfsanələrdən biri də Qədim Misirdə elektrikin istifadə edildiyinə dair irəli sürülən iddiadır. Bu yazıda bu iddianı araşdıracağıq və niyə belə bir şeyin olmadığını göstərməyə çalışacağıq.

Fotoşəkildə gördüyünüz Misirdə yerləşən bir məbədinin divarındaki şəkildir (əslində ieroqlifdir) və bəzilərinə görə bir növ lampaya oxşayır. Bu görüntülərə baxdığımız zaman həqiqətən də lampaya oxşadığını deyə bilərik, amma unutmayaq ki bu şəkil Qədim Misirdə elektrikin istifadə edildiyinə dair bir dəlil olaraq irəliyə sürülmüşdür. Əslində hər hansı bir şey hər hansı başqa bir şeyə oxşaya bilər, bu onların mütləq eyni şey olduqlarına dair sübut hesab edilməməlidir.


Yuxarıdaki fotoşəkildə gördüyünüz əslində "Dendera İşığı"dır (ya da Dendera Çırağı). Dendera Məbəd Kompleksində yerləşən Hathor məbədindəndir (Hathor o dövrlərdə misirlilərin inandıqları tanrıça idi). "Tanrıların Arabaları" adlı kitabın müəllifi olan Erich von Daniken "The Eyes of the Sphinx" (Sfinksin Gözləri) adlı kitabında bu şəklin bir növ lampanı xatırlatdığını deyrək ilanın nəzik sim, djed sütunun izolyator və balonun qədim lampa olduğunu qeyd etmişdir.



Bunun həqiqətən də bir çıraq və lampa olduğunu sübut etmək üçün hətta oxşarını yaratmağa çalışanlar da oldu. Bununla Qədim Misirdə elektrik əldə edilib işıqlandırma üçün istifadə edildiyi iddiasının irəli sürülməsinə baxmayaraq yeqiptoloqlar bu fərziyyəni rədd edib sadəcə Misir əsatirlərində yer alan bir neçə simvoldan ibarət olduğunu demişdirlər.




Şəkildə görülən ilan səhərlər Günəşi təmsil edən tanrı Harsomtus'un simvoludur və hər gün Günəşin yenidən doğulduğu kimi səmada bir ilan kimi hərəkət edir. Djed sütununa keçək; bunun izolyator olduğu iddiası heç də məntiqli deyil, çünki lampanın şüşəsi onsuz da yaxşı izolyatordur, bu səbəbdən artıq izolyatora ehtiyac yoxdur. Biz baxdığımız zaman yalnız bir djed sütunu, lotus çiçəyi ilə içərisində bir ilanın olduğunu görürük və hər nə qədər bir növ lampaya oxşasa belə, bu bənzətmə yoluyla belə bir iddianı ortaya ata bilmək üçün möhkəm dəlillərin axtarılması və təqdim edilməsi lazımdır. Əgər fürsətiniz olsa və gedib bu məbədi gəzə bilsəniz, bütün divar boyunca bir hekayənin izah edildiyini görə bilərsiniz və bu hekayədə elektrik ilə əlaqədar heç bir şeyə rast gələ bilməzsiniz.

Yaxşı bəs irəli sürülən iddialar sadəcə oxşatmalardan ibarətdir? Bunun bir lampa ola biləcəyinə dair bir başqa iddiayla qarşılaşırıq. Belə deyilir:


"Araşdırılan minlərlə yeraltı məzarlar və piramida boşluqlarında hər hansı bir qara ləkə görülməmişdir..." (Frank Dörnenburg)

Bu qara ləkə (soot) nədir? Əlinizdə bir məşəl olduğunu fərz edin və bunu divara doğru tutduğunuzu düşünün. Bir müddət sonra divarda qara ləkə meydana gələcək. Burada irəli sürülən iddia bu şəkildədir:

Gecələr qaranlıq olarkən və məbədlərin daha da dərinliklərinə endikcə ətrafı görmək çətinləşirdi, bu səbəbdən qədim misirlilər işlərini rahatca edə bilmək üçün atəşi istifadə edərək ətrafı işıqlandırmaları lazım idi, amma belə bir şey etsə idilər hər yerdə bu qara ləkələrə rast gəlmiş olardıq. Yaxşı bəs qədim misirlilər atəş istifadə etmədən bunu necə bacarmış ola bilərlər? Əlbəttə ki elektrik istifadə edərək!

Bu iddia da etibarsızdır (əslində axmaqcasınadır), çünki bu məbədlərdə qara izləri aşkar şəkildə görə bilirik. Bir gün Misirə yollanıb bu məbədləri gəzsəniz, siz də görə bilərsiniz. Gəzdiyiniz yerlərin ləkəsiz olduğunu görsəniz də, oraların hər həftə yaxşıca təmizləndiyini də unutmayın. Bu səbəbdən ləkələr itmişdir.


Bu günə qədər heç bir arxeoloji tədqiqatdan və ya yazılı qaynaqdan qədim misirlilərin elektrik istifadə etdiyinə dair bir sübut əldə edilməmişdir. Eyni zamanda yazının əvvəlində haqqında bəhs etdiyimiz Dendera Məbədi tam Misir məbədi deyil, Misir prinsiplərinə uyğun olaraq inşa edilən Yunan-Roma strukturudur, bu səbəbdən bütün təsvirlər qədim deyil, klassik dövrlərdə yer almış olardı, ancaq klassik müəlliflərin belə bir lampadan bəhs etdiklərinə də rast gəlmirik.

Bu səbəbdən bu cəfəngiyyat da, "İnsanlar qədim dövrlərdə texnologiya ilə tanış idilər, daha üstün idilər" və s. fantastik hipotezlər kimi pərəstişkarlarının dayaqsız və əsassız iddialarına nümunə hesab olunmalıdır.

Bundan başqa, əgər qədim misirlilər belə bir üstün texnologiyaya sahib idilərsə, həmin texnikalara, çox da əhəmiyyətli olmayan məbədlər əvəzinə, niyə daha məşhur və nüfuzlu kəslərin (fironlar kimi) yaşadıqları yerlərdə rast gəlinməmişdir?

Qaynaq: 

Ancient Egypt Online-1
Ancient Egypt Online-2
World Mysteries
Philip Coppens
Tour Egypt
daha ətraflı...

November 30, 2013

Yaşlanmağın sirri tapıldı

Elm adamları beynin fiziki yaşlanmağı idarə edən hissəsini tapdıqlarını açıqladılar. Bu kəşf, qocalma sürətini azaltmaq üçün edilən müdaxilələrə alternativ olacaq.

Nature jurnalından alınan xəbərə görə, bədənimizin yaşlanmasının səbəbi beyində olan, inkişaf, artım və metbolizmaya nəzarət edən hipotalamusdan asılıdır. Yaşlanmanın səbəbinin beyində olduğu uzun müddətdir hesab edilsə də, aparılan yeni tədqiqat bu iddialara ilk dəlili gətirdi.

Tədqiqatçı qrup, siçanlar üzərində etdikləri təcrübələrdə, hipotalamusdan beynə siqnal ötürən NF-kb molekulunu aktivləşdirərək və ya dayandıraraq yaşlanmağı sürətləndirib-yavaşlatmağı bacardı. NF-kb molekulu aktivləşdirildikdən sonra qocalığın əlamətləri olan əzələ zəifləməsi, dərinin büzüşməsi, sümüyün əriməsi və yaddaş zəiflikləri böyük nisbətdə azaldıldı. Bundan başqa tədqiqatçılar siçanlara GnRH hormonu verərək yaşlanmağı yavaşlada bildiklərini dedilər.

Albert Einstein adına Tibb İnstitutunda aparılan tədqiqatlara başçılıq edən farmakologiya professoru Dongsheng Cai bu sözləri əlavə etdi:


"Təcrübələrimiz, hipotalamus hədəf alınaraq yaşlanmağa maneə törətmək üçün edilən ilkin strategiyaları əhatə edir. Tədqiqatların nəticələrinə görə, nəinki yaşlılıqla gələn xəstəliklərə qarşı müqavimət yaratmaq, hətta onları aradan götürüb yaşlanma sürətini azaltmaq da mümkündür. Amma hal hazırda yaşlanma prosesini tamamilə dayandıra biləcəyimizə inanmırıq."


Qaynaq: Nature
daha ətraflı...

1,75 milyard il sonra Yerdə həyat məhv olacaq

East Anglia Universiteti (UEA) Təbiət Elmləri fakultəsində aparılan tədqiqatda elmi-tədqiqatçı qrup qalaktikamız xaricindəki planetləri araşdıraraq, Yerin nə qədər müddətə "həyat üçün əlverişsiz" hala gələ biləcəyini öyrənməyə çalışdı. 

Nəticələri Astrobiology jurnalında dərc olunan tədqiqatda, getdikcə qızan ulduzların, Yerin də içində olduğu yeddi planetdəki "həyat üçün əlverişli bölgələr" üzərindəki təsirləri araşdırıldı.

Tədqiqata başçılıq edən Andrew Rushby mətbuata verdiyi açıqlamada bunları bildirdi:

"Tədqiqata görə, təxminən 1,75 milyard il sonra Yerdəki şərtlər insanların həyatı üçün əlverişli olmayacaq. Günəşin həcmi böyüyəcək, temperatur artacaq və okeanlar buxarlanacaq. Şərtlər insan həyatının davam etməsi üçün qeyri-mümkün hala gələcək. Amma tədqiqatda insanın səbəb olduğu iqlim dəyişikliyi ya da bir meteoritin planetimizlə toqquşması və ya atom müharibəsi kimi insan həyatını yox edə biləcək ehtimallar nəzərə alınmadı."

Qaynaq: NBC News
daha ətraflı...

Marsa aid ən qədim meteoritlər

Bu gün planetimizdə qədim Marsa aid bir neçə meteorit tapılmışdır. Bu meteoritlərin, Marsın asteroid bombalanmalarına məruz qalmasından sonra kosmosa atıldığı və onlardan bir neçəsinin bizim planetə düşdüyü hesab edilir.

Nature jurnalından alınan məlumata görə, bir neçə il əvvəl Mərakeşə düşmüş NWA7533NWA7034 meteoritləri 4,4 milyard il əvvəlki Marsa aid fraqmentlərdir. Alimlər, bu meteoritlərin əldə olan ən qədim Mars nümunələri olduğunu hesab edirlər.

Tapılmış fraqmentlər bizlərə Marsın qədim iqlimi və geoloji vəziyyətindən məlumatlar verə bilər, bu da qırmızı planetin təkamülünün öyrənilməsi üçün böyük əhəmiyyət daşıyır.

Florida Universitetindən olan geoloq Munir Humayun və həmkarları, Mərakeş ərazisinə düşmüş iki meteoritin (NWA7533 və NWA7034) mineral və kimyəvi tərkibini öyrənməyə başladılar. Geoloqlar NWA7533 meteoritinin kimyəvi və mineral tərkibinin, marsoxod "Spirit"in üzərində işlədiyi Marsdaki Qusev kraterinin tərkibinə oxşadığını fərq etdilər. Tərkibində xüsusilə nikel, iridium və osmiumun yüksək nisbətlərdə olduğunu görən alimlər, meteoritin 4,4 milyard il əvvəlki Marsa aid olduğu qənaətinə gəldilər.

Nəticələr, bu kiçik nümunələrin Marsın yaranmasından bir qədər sonra planetdən ayrıldığını göstərdi. Təxmini hesablamalara görə meteoritlər Marsdan qopduğunda Günəş sistemi hələ 100 milyon il yaşında idi. Bu tədqiqat, Marsın əslində hesab etdiyimizdən daha tez soyuduğuna və Yerin hələ formalaşmağa başladığı dövrlərdə qırmızı planetin artıq kifayət qədər qalın qabığa sahib olduğuna dair məlumatlar verdi.

Qaynaq: Nature
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top