April 30, 2014

İnsan bədəninin yararsız rudimentləri

Əsrlər ərzində alimlər insanın orqanizmindəki, ilk baxışdan lazımsız kimi görünən müəyyən orqanların hansı funksional rolları oynadığını aydınlaşdırmağa çalışırdılar. Bunlar arasında ən yararsızları appendiks, büzdüm sümüyü, tük cildi və ya örtüyü, kişilərdəki məməcik və s. orqan və üzvlər hesab edilir.

Çarlz Darvin öz məşhur "Növlərin Mənşəyi" kitabında təkamül müddətində qorunub qalmış insan orqanizminin "rudimentlərini" qeyd etmişdir. Darvin bu rudimentar orqanların, banisi olduğu təkamül nəzəriyyəsinin ən parlaq dəlillərindən olduğunu iddia edirdi: bu orqanlar əcdadlarda sağ qalmaq üçün vacib idisə, zamanla funksionallıqları itmişdi.

Bioloqlar qeyd edir ki, müxtəlif növlərin orqanizmlərindəki oxşar orqanların varlığı, onların bir vaxtlar ortaq əcdadı bölüşdüklərini göstərir. Rudiment orqanlar növlərarası qohumluq əlaqəsini müəyyənləşdirməyə yardım təmin etməklə yanaşı, həm də hər bir növün təkamül tarixini izah edir.

Rudiment orqanizmin degenerativ və ya korlaşmış formada qorunub qalmış artıq orqan və strukturlarına deyilir. Rudimentlərin təzahürünü alimlər uzunmüddətli təkamül fəaliyyəti ilə açıqlayır: bu orqanlara olan ehtiyac itirilsə də, onların funksionallığına nəzarət edən genlər insan DNT-sində hələ də mövcudluğunu davam etdirir.

Tədqiqatçılar artıq uzun müddətdir ki belə orqanların sirlərini açmağa çalışırlar. Bir çox hipotez və nəzəriyyələr hazırlanır. Hər şeydən əvvəl alimləri rudiment orqanın hər hansı bir əlavə funksiyasının qalıb-qalmadığı ilə bağlı suallar maraqlandırır. Təkamülün müəyyən bir mərhələsində onların hansı rolları olduğunu aydınlaşdırmaq üçün də az zaman israf edilmir.



Appendiks

Otyeyən onurğalı heyvanlarda appendiks orqanı bizdəkindən daha iri və inkişaf etmiş formadadır. Əsas vəzifəsi heyvanlarda çoxlu bitki mənşəli qidaların həzminə yardım etməkdir. İnsan appendiksi isə nəzik bağırsağın yoğun bağırsağa keçidində yerləşən kiçik çıxıntıdan ibarətdir, hansı ki digər canlılardan fərqli olaraq, bizim həzm prosesində iştirak etmir.

Bioloqlar bu rudiment orqanın otyeyən əcdadlarımızdan miras qaldığına artıq əmindirlər. Paleontoloq Alfred Şervud Romerin "Onurğalıların Orqanizmi" kitabında qeyd etdiyi kimi, appendiksin əsas faydası hər il çoxlu sayda appendektomiya əməliyyatı edən cərrahlaradır.





Kişilərin məməciklərə nə ehtiyacı var?

Kişilərdə məməciklərin varlığı qədimdən zarafatlara səbəb olmuşdur. Bir çox skeptiklər, təkamül nəzəriyyəsini şübhə altına salaraq kinayə ilə deyir: "Bəs siz necə düşünürsünüz, əgər kişilərdə məməciklər varsa, bu o demək deyilmi ki, onlar qadınlardan yaranıb?"

Sözsüz ki, bu belə deyil. Sadəcə qadınlar kimi kişilər də embrionun erkən mərhələsində məməciklərə sahib olur. Bu mərhələdə uşağı cinsiyyətsiz hesab etmək olar, çünki yalnız sonraki embrional mərhələlərdə "hormon partlayışı" baş verir və cinsiyyət formalaşır. Lakin embriondaki məməciklər bundan əvvəlki mərhələlərdə meydana gəlir.

Ümumiyyətlə süd vəzilərinə, cinsiyyətdən asılı olmayaraq, bütün məməlilərdə rast gəlinir. Kişilərdəki məməcikləri rudiment hesab etmək olar, baxmayaraq ki onlar da seksual coşma prosesində müəyyən rol oynaya bilər. Həmçinin kişilərin sinəsinin süd istehsal etdiyi ilə bağlı hadisələr qeydə alınıb. Süd vəziləri səbəbinən həm də kişilərdə döş xərçəngi olur - təbii ki, çox nadir hallarda.




Büzdüm

Büzdüm insan və digər quyruqsuz heyvanların onurğasının aşağı hissəsində yerləşir və özü ilə birlikdə bağlı bir neçə rudimentar fəqərələr təqdim edir. Bu rudiment bizə quyruqlu meymunabənzər əcdadlarımızdan qalmışdır. Əcdadlar bu üzvü tarazlığı saxlamaq, ünsiyyət qurmaq və obyektləri tutmaq üçün istifadə edirdi.

Şüurlu insanın əcdadlarının düz yeriməyi öyrəndiklərindən bu yana quyruğa olan ehtiyac azalmış və çıxıntısı təbii seçmə prosesində zamanla yox olmuşdur. Bəzi alimlər büzdüm sümüyünün insan orqanizmindəki əlavə funksiyalarından bəhs edir: bu üzv fiziki yükün distribusiyası, əsasən də oturaq vəziyyətdəki insanın əyilməsində müəyyən rola malikdir. Lakin büzdümün uğurlu cərrahi çıxarılmasına dair kifayət qədər təcrübələr var və belə bir addım xəstələr üçün heç bir mənfi nəticələrə səbəb olmayıb.

Bəzən uşaqlar büzdümdə bir neçə artıq fəqərələrlə doğulur, yəni atavizm hesab edilən kiçik quyruqla. Belə hadisələr insanın sağlamlığına hər hansı bir təsir göstərmir. Buna baxmayaraq orta əsr Avropasında Kilsə belə uşaqlara "İblisin balası" adı verərək, onları anaları ilə birlikdə yandırmağı əmr edirdi.





Piloereksiya effekti

Piloereksiya periferik sinir sonluqlarının stimulyasiyasından yaranır, hansı ki tük follikullarının əzələ sıxılmasına nəzarət edir. Belə olduqda insan bədənindəki tüklər qalxaraq "qaz dərisi" effektini meydana gətirir.


Dərisi qatı tüklə örtülü heyvanlarda bu proses olduqca vacibdir: aqressiya və ya qorxunun səbəb olduğu stimullaşdırmada (təşviq etmə) heyvanın tükləri "biz-biz durur". Bu üsulla potensial rəqib və ya qurbanına sanki daha iri və güclü olduğunu göstərmiş olur.

Təkamül müddətində təbiətdən kənar çıxmış və tük cildinin böyük miqdarından azad olmuş insan isə artıq "tük ürpəşməsinə" və ya " biz-biz duran tüklərə" ehtiyac duymur, lakin rudimentar effekt öz reaksiyaları ilə hələ də qorunur.

Şübhəsiz ki, insan bədənindəki bəzi tüklü hissələr bu gün də əhəmiyyətlidir, bu səbəbdən funksionallıqları olduğu kimi qalır. Məsələn, qaşlar gözü tər damlalarından qoruyur, kişi üzündəki qatı tüklər isə təbii seçmə prosesində üstün seksual xüsusiyyət olaraq qalmışdır. Bundan başqa son tədqiqatların nəticələrinə görə üz tükləri soyuq və şüaya qarşı qoruyucu funksiya yerinə yetirir.

Orijinal məqalə buradadır

Həmçinin oxuyun:

Saqqal dəbi Darvinin təbii seçməsinə əsaslanır
Darvinin iki əsri: Onun və bizim səhvlərimiz
Y-xromosomu və kişilər yox olmayacaq
daha ətraflı...

April 26, 2014

Ən qədim pterodaktil tapıldı

Bir beynəlxalq tədqiqatçı qrup ən qədim pterodaktil qalıqlarına rast gəlib. Nəticədə pterodaktillərin kiçik uçan sürünənlər olduğu məlum olub, hansılar ki təkamül müddəti ərzində sonralar nəhəng heyvanlara çevriliblər.

Bu canlı milyon illər əvvəl, dinozavrların hökm sürdüyü dövrdə Çinin şimal-qərbində uçurdu. Fosilləri 2001-ci ildə Şişuqou formasiyası argillitində tapılmışdı. Əvvəlcə alimlər qalıqların ikiayaqlı dinozavrlar - teropodlara aid olduğunu düşündülər, lakin tam skelet əldə edildikdə fosilin pterozavra aid olduğunu anladılar. Zərif sümükləri səbəbindən bu heyvan dəstəsinin qədim tarixi haqda elmə çox şey məlum deyil.


"Tapıntımız erkən və primitiv pterodaktiloid pterozavrlar - uçan sürünənlərin formasını təqdim edir. Tədqiqat həmçinin göstərdi ki, pterodaktillər ən az 5 milyon il daha qədimdir. Uçan kərtənkələlərin təxminən 163 milyon il əvvəl meydana gəldiyini deyə bilərik", - tədqiqatın başında duran Kris Lyu qeyd edir.


Geniş qanadları ilə birlikdə 1,4 metr uzunluğu olan yeni sürünən Kryptodrakon progenitor (gizli əjdaha) adlandırıldı. Nəslinin davamçıları təkamül müddəti ərzində rahat uçuş üçün əksinə daha zərif qanadlar qazanıb. Yeni tapılmış növün forması onun uçaraq çox böyük məsafələri qətt edə bilmədiyini göstərir.


"Kriptodrakon - Şişuqou formasiyası ərazisində tapdığımız ikinci pterozavr növüdür və Yura dövrünün qarışıq ekosistemi haqda təsəvvürlərimizi dərinləşdirir. Qayalıqlarda qorunub qalmış bu nadir, kiçik, zərif qalıqlar, həmçinin Şişuqou faunası mamençizavr kimi nəhəng canlıların əhatəsində nələrin yaşadığını anlamaq imkanı təmin edir", - Vaşinqton Universitetindən olan Ceyms Klark əlavə edir.

Mamençizavrlar pterodaktillərin ilk əcdadları ilə eyni dövrdə yaşamış iri otyeyən dinozavrlar idi. 15 metr uzunluğu olan boyunları ilə hündür ağaclara boylanıb yarpaqları rahatlıqla qopara bilirdilər. Boyunları köməyilə həm də ətyeyən yırtıcı qohumlarını qorxutmaq üstünlüyünə sahib idilər.

Bundan başqa yaxınlıqda tapılmış digər qalıqlar qədim pterodaktilin zauropod, teropod, qədim tısbağa və digər bir çox canlılarla yaşayış mühitini bölüşdüyünü təsdiq etdi.

Həmçinin oxuyun:

Dinozavrların yaşadığı şərtlərdə insanlar nəfəs ala bilməzdi
İlk yırtıcılar dimetrodonlar idi
Dinozavrlar istiqanlı idilər?
daha ətraflı...

Y-xromosomu və kişilər yox olmayacaq

Yeni tədqiqatların nəticələrinə əsasən, məməlinin kişi cinsindən olmağını müəyyənləşdirən kiçik Y-xromosomu təkcə inkişaf edən embrionun gender əlamətlərini yaratmır. Bu xromosom daha artığına qadirdir.

Məməlilərin cinsi xromosom inkişafı milyon illər ərzində davam edib. Onlar, iki eyni xromosomdan başlanğıc alıb. Y-xromosomu canlının cinsini müəyyənləşdirməklə yanaşı, həm də spermatozoidin formalaşması üçün lazımlı olan genləri daşıyır. Lakin təkamül müddəti ərzində X-xromosomun 2000-ə yaxın geni qoruyub saxlamasına baxmayaraq, Y-xromosomu hələ öz təkamülünün başlanğıcında genetik materialının böyük hissəsini itirmişdi və hal-hazırda sahib olduğu gen sayı 100-dən azdır.

İndi isə bu versiya iki elmi qrupun apardığı tədqiqatlarla təkzib edildi. Başda Vaythed İnstitutundan olan Deniel Bellotun durduğu son araşdırmaların nəticələrinə görə, Y-xromosomun genləri kişilərin sağ qalması üçün həddindən artıq vacibdir. Xromosomda olan onlarla gen reproduktiv sistemin tərkibini təyin etməklə kifayətlənmir, həm də digər bəzi vacib əlamətlərə nəzarət edir.

Əldə edilmiş nəticələr göstərir ki, dişilərdən fərqli olaraq, erkəklərdə bütün bədəndə gen ekspressiyasının müxtəlif modelləri müşahidə edilə bilər. Bu isə təkcə hormon səviyyəsindəki fərqliliklərlə deyil, elə Y-xromosomun özünün mövcudluğu ilə əlaqəlidir.

Aparılmış tədqiqatlar sayəsində kişi və qadınların xəstəlikləri niyə fərqli şəkildə keçirdikləri aydınlaşdırılmış ola bilər. Alimlər nəticələrə əsaslanaraq gələcəkdə yeni müalicə üsulları yaradılmasının mümkün olacağını qeyd edirlər. 

Hələlik alimlər kişi və qadın hüceyrələri fərqliliklərinin biokimyəvi kataloqunu tərtib etməyi planlaşdırır. Bu üsulla onların həyat qabiliyyətindəki fərqlilikləri, gen ekspressiyasını və protein produksiyasını qiymətləndirmək istəyirlər.

Qeyd edək ki, daha əvvəl Pen Ştatı Universitetindən olan alimlər kişi xromosomunun məhv olmağının səbəbini tapdıqlarını bildirmişdilər. Onlar, belə qənaətə gəlmişdilər ki, buna səbəb, hər iki cinsdə rast gəlinən X-xromosomdan fərqli olaraq, Y-xromosomun sürətlə təkamül keçirməsidir. Bu sürətləndirilmiş təkamül isə Y-xromosomundaki ciddi miqdarda gen yox oluşuna gətirib çıxarmışdı. Lakin son tədqiqatlar Y-xromosomun təkamül sürətininin bir o qədər də sürətli olmadığını təsdiq etdi.

Həmçinin oxuyun:

Süni xromosom hazırlanaraq hüceyrəyə yerləşdirildi
Spermatozoid və yumurtanın "sirli tanışlığı" aydınlaşdırıldı
Kişi və qadın beyni arasında fərq tapıldı
daha ətraflı...

April 25, 2014

Həyat və ölüm arasındaki "sərhəd" nədir?

115 yaşlı qadından alınan qan hüceyrələrinin araşdırılması, həyatla ölüm arasındaki "sərhədin" müəyyənləşdirilməsi işində yardım təmin etdi. O sərhəd ki, yaş artdıqca hətta ən sağlam insanlarda belə peyda olur.

Ölüm - həyatın qaçılmaz hissəsidir. Bununla, elə ya belə, hamı razılaşır. Lakin bəzi insanlar risk edərək, ölümün də aşıla biləcək bir hadisə olduğunu deməkdən çəkinmirlər. Dünyanın ən yaşlı qadınından alınan qan hüceyrələri üzərində aparılan tədqiqatlar bizi, yaşlanma və ölümün sirrini açmağımıza bir qədər də yaxınlaşdırdı.

Hendrike van Andel-Şipper 1890-cı ildə doğulmuş və müəyyən bir dövrdə dünyanın ən yaşlı qadını olmuşdur. O, 2005-ci ildəki ölümünə qədər yaddaş və şüurunu itirməmiş, sağlam olmağı ilə fərqlənmişdir. Onun qan dövranı sistemində heç bir xəstəlik qeydə alınmamışdır. Qohumlarının dəstəyi ilə van Andel-Şipper bədənini tədqiqatlar üçün elmə miras qoymuş və öz qalıqları vasitəsilə əldə edilmiş hər bir elmi tapıntının öz adı ilə dərc edilməsini israr etmişdir.

Alimlər, qadının qanı və digər toxumalarını diqqətlə araşdıraraq, onların yaş artdıqca hansı dəyişikliklərə uğradığını anlamağa çalışdılar. Əldə etdikləri nəticələrə görə, insan ömrünün uzun və ya qısa olması kök hüceyrələrinin yeni toxumalar istehsal etmə bacarığının müddətindən asılıdır, orqanizmin sağlamlığı ideal vəziyyətdə olsa belə. Kök hüceyrələri tükənmə mərhələsinə, başqa deyimlə, öz "həyatlarının" sərhədinə yaxınlaşdıqda, yavaş-yavaş ölməyə başlayır. Bununla da əlaqəli olaraq, insan orqanizminin həyat üçün vacib toxuma və hüceyrələri bərpa etmə bacarığı zəifləyir.

Nəticələrə əsasən, van Andel-Şipperin ağ qan hüceyrələrinin (leykositlər) təxminən üçdə ikisi yalnız iki kök hüceyrələri tərəfindən istehsal olunurdu. Bütün digər hüceyrələrsə, orqanizm yaşlandıqca tükənib məhv olurdu.

Yeni doğulmuş insan təxminən 20 000 qan hüceyrəsinə sahib olur, bunlardan 1000-i isə aktiv vəziyyətdə qalaraq, davamlı yeni qanı istehsal edir. Lakin orqanizm yaşlandıqca aktiv kök hüceyrələrinin sayı azalır; hüceyrənin tam tükənmə mərhələsinə çatmasına qədər telomerlər "ixtisar olunmağa" davam edir.

Həmçinin oxuyun:

Yaşlanma prosesi dal-dalı getdi
Süni qan erası başlayır
Ölüm riskini proqnozlaşdırmaq mümkündür
daha ətraflı...

April 20, 2014

Saqqal dəbi Darvinin təbii seçməsinə əsaslanır

Yeni bir tədqiqatın nəticələrin görə saqqal saxlama dəbinin ardında Çarlz Darvinin təbii seçmə nəzəriyyəsi dayanır. Avstraliyalı alimlər saqqal çoxluğunun cəlbediciliyi azaltdığı və nəticədə marağın daha az saqqallı və ya təmiz qırxılmış üzlərə artdığı qənaətinə gəliblər.

Hipotezlərini təsdiqləmək üçün alimlər eksperiment keçirməyi qərara aldılar. Eksperimentdə qadın və kişilər üz cəlbediciliyini "dörd saqqal tipi" ilə qiymətləndirməli idilər. Nəticələr göstərdi ki, təmiz qırxılmış üzlər əgər nadirdirlərsə, daha cəlbedici görünürlər. Əldə edilən faktlar təkamül nəzəriyyəsinin əsas hadisələrindən birini - daha nadir xüsusiyyətlərin üstünlüyünü əks etdirir.

Tədqiqatda könüllü 1453 qadın və 213 kişi iştirak etdi. Onlardan müxtəlif kişi üzü tiplərini qiymətləndirmələri istənildi. Birinci qrupa qalın tüklü, ikinci qrupa təmiz qırxılmış kişi üzləri göstərildi. Üçüncü qrupa isə qarışıq üz tiplərini qiymətləndirmək təklif olundu - təmiz qırxılmış və ya az tüklü üzlərdən, saqqallı və ya uzun saqqallı üzlərə qədər.

Qadınlar kimi, kişilər də təmiz üzlərin çoxluq təşkil etdiyi mühitdə saqqallıların daha cəlbedici olduğunu bildirdilər. Eynən oxşar vəziyyət qalın saqqallı üzlərin çox olduğu mühitdə baş verdi - bu dəfə təmiz üzlülər üstünlüklü mövqeyə keçid aldılar. Alimlər belə nəticəyə gəldilər ki, nadir fenotipə meyl kişi bığı və saqqalı dəblərindəki davamlı dəyişikliklərdə vacib rol oynayır.

"Geniş və qalın saqqallar yenidən dəbə minir. Bəlkə də saqqal populyarlığı öz pik nöqtəsinə qədər qalxıb. Saqqal dəbini eksperimentin əsası kimi götürərək belə qənaətə gəldik ki, onun hərəkətverici qüvvəsi seçmənin tezlikli əks asılılığıdır", - Cənubi Uels Universitetindən olan Rob Bruks qeyd edir.

Həmçinin oxuyun:

Yaşanmış qorxu irsən ötürülür
Oksitosin kişilərdə bağlılıq yaradır
Körpələr sağ qalmaq üçün gecələr oyanır
daha ətraflı...

April 18, 2014

Spermatozoid və yumurtanın "sirli tanışlığı" aydınlaşdırıldı

Yumurta hüceyrə və spermatozoid bir-birini necə tanıyır? Hansı mexanizm sayəsində yumurta hüceyrə bir spermatozoidi qəbul etdikdən sonra digərləri üçün "bağlanır"? Müasir dövrə qədər sirləri açılmamış bu suallar nəhayət cavablandırıldı.

Yumurta hüceyrə və spermatozoid qarşılaşıb birləşdikdə döllənmə baş verir, daha sonra embrion meydana gəlir. Lakin bu "tanışlıq" prosesinin hansı üsulla baş verdiyi bu günə qədər sirr olaraq qalırdı.

İndi isə tədqiqatçılar yumurta hüceyrə üzərindəki proteini müəyyənləşdirməyə nail olublar, hansı ki spermatozoidin üzərindəki digər bir proteinlə qarşılıqlı əlaqəyə girərək, nəticədə hər iki hüceyrənin bölünməsinə gətirib çıxarır.

Yumurta hüceyrə proteini qədim romalıların nigah və məhsuldarlıq tanrıçasının şərəfinə "Yunona", kişi proteini isə sintoistlərin ziyarətgahının şərəfinə "İdzumo" adlandırılıb. Hər iki proteinin, insan da daxil olmaqla, məməlilərin artımında ən vacib rolu oynadığı məlum olub. Onların xarakterinin aydınlaşdırılması gələcəkdə sonsuzluğun müalicəsi metodikasının inkişaf etdirilməsi ilə yanaşı, həm də yeni kontraseptiv vasitələrin hazırlanmasını təmin edə bilər.

"Yunona və İdzumonun qarşılıqlı əlaqə proseslərini araşdıraraq, yumurta hüceyrə üzərindəki reseptor-proteinlərlə spermatozoid üzərindəki proteinlərin qaynaşması anında nəyin baş verəcəyini artıq dəqiqləşdirdik", - Sanger İnstitutundan olan Qevin Rayt qeyd edir.

Hal-hazırda alimlər sonsuz qadınların yumurta hüceyrələrini araşdıraraq, onların Yunona reseptorlarında qüsur olub-olmadığını öyrənməyə çalışırlar. Bu günə qədər sonsuzluq hadisələrinin cəmi 20%-i müasir tibb tərəfindən izah edilmiyib.

İdzumo proteini 2005-ci ildə yapon alimlər tərəfindən tapılıb, amma qadın yumurta hüceyrəsində onun ortağını aşkar etmək indiyə qədər mümkün olmamışdı. Sanger İnstitutundan olan mütəxəssislər İdzumonun süni versiyasını yaradaraq, onun hansı yumurta hüceyrə proteini ilə qarşılıqlı əlaqəyə girdiyini təcrübi olaraq göstərməyə nail olublar. Alimlər həmçinin əlavə edirlər ki, döllənmə prosesi baş verdikdən dərhal sonra Yunona proteini yumurta hüceyrədə "yoxa çıxaraq", sanki digər spermatozoidlərdən özünü qorumağı təmin edir.

Həmçinin oxuyun:

Süni qan erası başlayır
Yeni nəsil spermalar: Transgenik heyvanlar
Körpələr sağ qalmaq üçün gecələr oyanır
daha ətraflı...

"Yerin əkizi" adına layiq planet kəşf edildi

2009-cu ilin mart ayında kosmosa buraxılmış kosmik teleskop "Kepler" qalaktikamızda ölçüsü Yerinkinə oxşar planet aşkar edib. Kepler-186f adı verilən planet ulduzundan, Yerin Günəş arasındaki məsafəsi qədər uzaqlıqdadır və böyük ehtimalla bioloji həyat əlamətləri daşıyır.

NASA-dan olan alimlər "həyat zonasında" yerləşən planet aşkar etməyə nail olublar. Cırtdan ulduzu ilə arasındaki məsafə və Yerinkinə oxşar ölçüsü, planetin nəzəri olaraq yadplanetlilər üçün ev ola biləcəyini göstərir. Alimlərin rəyinə görə, Kepler-186f maye sudan ibarət okean və oksigenə sahibdir.

"Bu tapıntı Yerə oxşar belə planetlərin axtarışında vacib addım oldu", - NASA-dan olan Pol Herts qeyd edir.

SETI institutundan olan Eliza Kintana bildirir ki, etdikləri kəşf həyat zonasında yerləşən və Yer ölçüsündəki ilk planetdir. Ulduzu ilə arasındaki məsafə planet səthində mülayim şərtlərin mövcud olduğunu izah edir. Son 20 il ərzində tapılan 1800-ə yaxın ekzoplanetdən cəmi 20-si həyatın yaranması və təkamülləşməsi üçün əlverişli hesab edilən "həyat zonasında" dövr edir, lakin bunlardan hər birisi ölçü baxımından Yeri üstələyir. Son tapılan planet isə Yerə daha çox oxşar olduğu üçün alimlərə artıq ümid verir.

Kepler-186f Yerdən 500 işıq ili uzaqlıqdadır. Ətrafında dövr etdiyi ulduzu Kepler-186 Günəşdən bir qədər kiçik, soyuq və 3 milyard il yaşlıdır. Ulduz sisteminə 5 böyük planet daxildir.

Alimlər hələlik planetin kütlə və tərkibini dəqiq müəyyənləşdirə bilməsələr də, səthinin əsasən sərt qayalıq formasında olduğunu qeyd edirlər. İlkin məlumatlara əsasən planet okeanlar, yüksək oksigen və geniş yayılmış bitki örtüyündən ibarətdir.

Həmçinin oxuyun:

Həyat zonasında yerləşən daha 3 "superyer" tapıldı
Həyat ola biləcək planetlərin sayı daha çoxdur
"20 il içərisində Yerdənkənar həyat tapacağıq"
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top