July 7, 2014

İlk dəfə insanın şüuru "söndürüldü"

Alimlər ilk dəfə beynin müəyyən bir nahiyyəsinə cərəyanla təsir göstərərək insanın şüurunu "söndürməyə" nail olublar. Epilepsiyadan əziyyət çəkən qadın üzərində aparılan təcrübə insan şüurunun harada gizləndiyini aşkar edir. Beləliklə insan beyninin sirlərini açığa çıxarmaq üçün çalışan neyrofizioloqlar əsas suallardan birini cavanlandırmağa çox yaxınlaşıblar: insanın şüurunu necə söndürmək olar?

Beynin müxtəlif hissələri üzərində blok və stimulyasiya təcrübələri artıq uzun illərdir ki aparılır, lakin indiyəcən heç bir alim lazımlı bölgəyə təsir göstərərək şüuru süni olaraq söndürməyi bacarmamışdı. On il əvvəl şüurun funksionallığı üçün cavabdeh olan hissənin klaustrum adlanan kiçik beyin bölgəsi olduğu irəli sürülmüşdü.

Bu bölgənin şüurun vəzifəsində rol oynadığını ilk olaraq neyrofizioloqlar Frensis Krik və Kristof Kox iddia etmişdi. Onlar, bu orqanın bizim bütün daxili və xarici duyğularımızı birləşdirdiyini hesab edirdilər. Alimlərin bu versiyasının doğruluğunu sağalmaz epilepsiya formasından əziyyət çəkən 54 yaşlı qadın üzərində aparılmış təcrübə sübut etdi.

Vaşinqton Universitetindən olan Muhamməd Kubeysi qadının beyninə kiçik elektrodlar taxaraq, onun qıc olmalarının haradan qaynaqlandığını anlamağa çalışıb. Bu elektrodlardan biri klaustrum adlanan hissənin yanına yerləşdirilmişdi. Kubeysi elektroda yüksək frekanslı cərəyan verdikdə qadın həqiqi mənada "söndü". Kənar təsir aradan qaldırıldıqda isə qadın özünə gələrək, heç bir şeyi xatırlamadığını dedi. Alim belə halların hər 10 "sönmədən" bir baş verdiyini bildirir.

Lakin bu hələ son deyil. Cərəyan təsirinin nitq pozğunluğu (afaziya) və ya süni iflicə səbəb olmadığına, sadəcə şüuru söndürdüyünə əmin olmaq üçün cərəyan verildikdən əvvəl qadından eyni sözü təkralamasını və barmaqlarını tərpətməsini xahiş ediblər. Əgər bu stimulyasiya hərəkət və nitqə nəzarət edən beyin hissəsini iflic etsəydi qadın dərhal dayanmalı və susmalı idi. Lakin təcrübədə qadının nitqi və hərəkəti sadəcə yavaşladı. Kubeysi təcrübəsinin insan şüurunun əsasən klaustrumdan qaynaqlandığını sübut etdiyinə əmindir.

"Mən bunu maşının hərəkəti ilə müqayisə edərdim. Onun yolda hərəkətinə bir çox şey cavabdehdir: benzin, transmissiya, mühərrik. Lakin cəmi bir işə salma açarı var, hansı ki onunla maşını hərəkətə gətiririk. Şüur, bir çox struktur və şəbəkələrin təmin etdiyi mürəkkəb proses olsa da, biz, onun anlaşılmaz açaranı tapdıq", - doktor Kubeysi qeyd edir.

Həmçinin oxuyun:

İradə azadlığı illüziyadır?
Hüceyrə səviyyəsində yaddaş necə formalaşır?
İnsanı heyvanlardan fərqləndirən beyin nahiyyəsi tapıldı
daha ətraflı...

Bitkilər sizi eşidir

Missuri Universitetindən olan alimlər vegetarianların narazı qalacağı nəticələr əldə ediblər: bitkilər eşidə bilirlər. Sözsüz ki eşitmə mexanizmləri insanlardakından kəskin dərəcədə fərqlənsə də, misal üçün, tırtıllar onları yedikdə eşidir və müdafiə olunmaq üçün daha artıq xardal yağı buraxaraq reaksiya verirlər. Xardal yağı bitkini tırtıl üçün bir qədər dadsız edir.

Tədqiqatda alimlər arabidopsis yarpaqları üzərinə tırtıl yerləşdirərək, bitkinin çıxardığı xardal yağı miqdarını hesablayıblar. Məlum olub ki, tırtıl peyda olduqda buraxılan yağın miqdarı sürətlə artır.

Məhz bu amil bitkilərin səsləri ayırd edə bildiyini göstərir. Məsələn, onlar küləyin hənirtisini eşidə bilir, amma bu vaxt xardal yağı istehsalı miqdarını artırmırlar. Bundan başqa bitkilərin akustik enerji və musiqiyə reaksiya verə bildiklərini deməyə əsas yaradan tədqiqatlar da var.

Bu o deməkdir ki, salat, tərəvəzlər və digər bitki mənşəli məhsulları yedikdə onların hər şeyi eşidə bildiklərini unutmamaq lazımdır. Yeri gəlmişkən, Bonndan olan alimlər hətta bitkilərin hücuma məruz qaldıqda etilen qazı buraxaraq danışa bildiklərini iddia edirlər. Bitkilərə hücum edilən mühitdə yüksək həssaslığa malik mikrofonlar tərəfindən zəif lıqqıltıya bənzər səslər qeydə alınıb, hansılar ki getdikcə daha da güclənərək sanki şiddətli fəryadı xatırladıb.

Həmçinin oxuyun:

Yeni fotosintez üsulu
NASA Ayda bitkilər yetişdirəcək
Bal pətəklərinin sirri açılır
daha ətraflı...

Lələklərin sirli mənşəyi: uçuş yoxsa "cazibədarlıq"?

Nəsli kəsilmiş növlərə aid yenicə tapılmış fosillər üzərində aparılan tədqiqat işləri quşların lələklərini uçuşdan daha əvvəl və uçuş üçün yox, sırf "cazibədarlıq" üçün təkamülləşdirdiklərini təsdiq edib. Analiz nəticələrinə əsasən Yer üzünün ilk quşları, onlara cazibədarlıq qazandıran lələkli "şalvarlara" sahib olub.

Alimlər əvvəlcə uçuş üçün vacib lələk strukturunu araşdırmağa qərar verdilər. Lakin tədqiqatda təkamül tapmacası daha da qəlizləşdi: uçmaq bacarığı yoxsa lələklər - hansı daha əvvəl yaranmışdı? Görünən bu oldu ki, quş lələkləri heç də uçuş optimizasiyası üçün yox, sadəcə cazibədarlıq atributu kimi formalaşıb.

Arxeopteriks Yura dövrünün sonlarında, təxminən 150 milyon il əvvəl yaşayıb. Bu dövr uçan dinozavrlardan quşlara təkamül keçidini əhatə edir. Daha əvvəl tapılmış qalıqlarla arxeopterikslərin bir çox xüsusiyyəti öyrənilsə də, əsasən dağılmış qalıqlar səbəbindən bəzi sirlər aydınlaşdırıla bilinmirdi. Alimlərin bu mövzuda əsas mübahisə obyekti lələklər idi: bəziləri onların qədim quşlarda aerodinamikliyi artırdığını iddia edirdi, digərləri isə lələkləri cinsi seçmə nəticəsində təkamülləşmiş əks cinsdən olan fərdləri cəlb etmə xüsusiyyəti kimi dəyərləndirirdi. Bir müddət sonra fosillərdən arxa üzvlərin də lələklərə sahib olduğu məlum oldu, bu da arxeopteriks kimi qədim quşların uçuşda müasirləri kimi iki yox, arxa üzvlərlə birlikdə dörd üzvdən istifadə etdiklərini göstərirdi.


İndi isə Bavariyadan olan alman alimlərdən ibarət tədqiqatçı qrup, başda Oliver Rauhut olmaqla, yaxşı vəziyyətdə qorunub qalmış arxeopteriks fosilini araşdıraraq heyvanın müxtəlif bədən hissələrini örtən fərqli lələk tiplərini aşkar edib. Məlum olub ki, uçuş üçün istifadə edilən aerodinamik lələklər asimmetrikdir - bir tərəfdən dar, digər tərəfdən isə geniş.

Quyruq lələkləri daha böyük idi - 9,9-11,4 sm arası. Bu lələklər də həmçinin asimmetrik idi, bu da onların əlavə aerodinamiklik funksiyasını yerinə yetirdiyini və heyvanın qalxış gücünü artırmaq üçün istifadə edildiyini sübut edir.


"Arxeopterikslərin dördqanadlı süzülüşünün qanadları çırparaq uçuşdan daha əvvəl meydana gəldiyi nəzəriyyəsi ilə tapıntımız ziddiyyət təşkil edir", - Oliver Rauhut qeyd edir.

Rauhut və həmkarları digər qədim uçan növlərin də lələk quruluşunu analiz ediblər. Nəticədə lələklərin müxtəlif bədən hissələrində fərqli vəzifələr yerinə yetirdiyi aydın olub: uçuşda manevr, maskalanma, cinsi cəlbetmə və s.

Hələlik mütəxəssislər arxeopteriksin lələkli "şalvarının" cazibədarlıq atributu olduğu və cütləşmə prosesində rol oynadığı fikrində qalıblar. Elə ya da belə, lələk və uçuş bacarığı təkamülü çox çətin və mərhələlərlə baş verib. Paleontoloqlar bundan sonra da araşdırmaların davam etdiriləcəyini bildirirlər.

Həmçinin oxuyun:

Yeni dinozavr növünə "Pinokyo" ləqəbi verildi
Ən qədim pterodaktil tapıldı

Quşların qanadlarının təkamülü aydınlaşdırıldı
daha ətraflı...

June 28, 2014

İşığın sürəti daha azdır?

Merilend Universitetindən olan fizik Ceyms Frensonun təqdim etdiyi yeni məqaləsi bütün elm ictimaiyyətinin marağına səbəb olub. Alimin mübahisələrə səbəb olan məqaləsində əldə edilmiş yeni faktların ümumi nisbilik nəzəriyyəsində (ÜNN) izah edilən işıq sürətinin hesab ediləndən daha az olduğuna işarə etdiyindən bəhs edilir.

ÜNN-ə əsasən, fotonlar vakuumda daimi sürətlə - 299 792 458 m/san ilə, Eynşteynin məşhur "E = mc^2" düsturundaki "c" ilə səyahət edirlər. Praktiki olaraq bütün kosmik ölçülər işıq sürətinə əsaslanır. Bəs işığın sürəti daha az olsa necə?

Frensonun yeni fikri 1987-ci ildə edilmiş SN 1987A supernovası müşahidələri əsasındadır. Astronomlar kosmik partlayış nəticəsində yaranmış fotonlar və neytrinoları qeydə almışdılar. Lakin problem yaranmışdı: fotonlar Yerə alimlərin gözlədiyindən 4,7 saat gec çatmışdı. O vaxt alimlər fotonların fərqli mənbəyi ola biləcəyini düşünürdü.

Frenson indi yeni nəzəriyyə irəli sürür: vakuum polyarizasiyası hadisəsi səbəbindən fotonların sürəti azalır - foton çox qısa bir zaman aralığına virtual elektron-pozitron cütlüyünə bölünür, ardından isə yenidən fotona kombinə olunur. Bu prosesdə hissəcik cütlüyü arasında meydana gələn qravitasion differensial yenidən kombinə olunma hadisəsində böyük energetik təsir yaratdığından, fotonun sürətini bir qədər azaldır. Alimin hesablamalarına görə, əgər bu hadisə foton axınları səyahətində 168 000 işıq ili məsafəsində bir neçə dəfə baş veribsə, fotonları 4,7 saat müddətinə gecikdirə bilib.

Frensonun nəzəriyyəsi təsdiq edilsə, kosmologiya nəzəriyyələrinin əsaslandığı bütün kosmik məsafə ölçüləri təkzib edilə bilər. Belə olduqda bütün ulduzlar və qalaktikalarla aramızdaki məsafələri yenidən hesablamaq və nəzəriyyələri sıfırdan toplamaq lazım olacaq.

Həmçinin oxuyun:

İşıqdan materiya əldə ediləcək
Kompüter modeli zaman səyahətini təsdiqlədi
Qaranlıq materiya nəhayət tapılmış ola bilər
daha ətraflı...

Millerin unudulmuş təcrübəsi yenidən analiz edildi

1958-ci ildə aparılmış eksperiment nəticəsində əldə edilmiş material nümunələri müasir metodlarla yenidən analiz edilib. Nəticədə alimlər Yerdə həyatın yaranması sahəsində yeni məlumatlara yiyələniblər.

İllər əvvəl Stenli Miller öz təcrübəsində ən sıravi materialları istifadə edərək, qədim Yerdə həyatın meydana gəldiyi şərtləri modelləşdirmək istəyirdi. Kimyəvi reaksiyaları doğurmaq üçün isə qədim planetdə yayğın olmuş ildırımlardan yox, onu əvəz edən elektrik boşalmasından yararlanırdı.

1958-ci ilin təcrübəsindən qalmış nümunələr bu yaxınlarda Corcia Texnologiya İnstitutundan olan alimlər tərəfindən yenidən analiz edilib. Onlar, maye xromatoqrafiya və mass-spektrometriya köməyilə qədim nümunələrdə peptidlərin yaranması izlərini aşkar etməyə nail olublar. Həmçinin tədqiqatçılar yeni avadanlıqlardan istifadə edərək Miller reaksiyalarını yenidən yaradıblar.

Təxminən 60 il əvvəl Stenli Miller öz yeni ideyasını yoxlamaq qərarına gəldi. Təcrübəsində, hal-hazırda alkoqolizmin müalicəsində tətbiq edilən sianamidi istifadə etdi. O vaxta qədər hesab edilirdi ki, sianamid yalnız turşulu mühitdə reaksiyaya girə bilər, hansına ki qədim Yerdə rast gəlmək çətin olardı.

Yeni təcrübə isə göstərdi ki, amin turşuları sintezində meydana gəlmiş ara reaksiya məhsulları elektrik boşalması təsiri altında peptidlərin formalaşmasına vacib qatqı təmin edir.

"Belə bir reaksiya üçün turşulu mühitin heç də tələb olunmadığını göstərməyə nail olduq. Lazım olan təkcə amin turşuları sintezi prosesində yaranmış ara məhsullardır", - Millerin keçmiş tələbəsi və həmkarı Ceffri Bada qeyd edir.

Həmçinin oxuyun:

Miller-Urey təcrübəsi təkrarlandı
Həyat su damlalarında yaranmış ola bilər
"Niyə əslində həyat mövcud deyil"
daha ətraflı...

June 25, 2014

Kompüter modeli zaman səyahətini təsdiqlədi

Alimlər fotonlar köməyilə kvant hissəciklərin zaman səyahətinin mümkünlüyünü göstərən modeli hazırlamağa nail olublar. Nəticələrə əsasən, bu prosesdə standart kvant mexanikası qanunları pozula bilər.

Avstraliyanın Kvinslend Universitetindən olan fiziklər kompüter təcrübəsini modelləşdirmək vəzifəsini qarşıya qoyaraq, 1991-ci ildə irəli sürülmüş kvant səviyyəsində zaman səyahətini sübut etməyə çalışıblar. Onlar, ayrı fotonun maraqlı davranışını modelləşdirə biliblər. Belə ki, foton "köstəbək dəliyi" içərisindən keçərək və məkan-zamanda keçmişə ötürülərək, özü ilə qarşılıqlı əlaqəyə girib.

Tədqiqatçılar iki ssenari hazırlayıb. Birincidə hissəcik dəlikdən keçərək öz keçmişinə qayıdır və özü ilə əlaqəyə girir. İkinci ssenaridə isə foton başqa sıravi bir hissəciyə təsir göstərir. Alimlər hesab edir ki, apardıqları təcrübə iki böyük fizika nəzəriyyəsinin birləşdirilməsinə qatqı təmin edir, hansıların ki indiyəcən çox da ortaqlığı olduğu deyilə bilməzdi. Bunlar Eynşteynin ümumi nisbilik nəzəriyyəsi (ÜNN) və kvant mexanikasıdır.

"Eynşteynin nəzəriyyəsi ulduz və qalaktikaların dünyasını izah edir, kvant mexanikası isə əsasən elementar hissəciklər, atomlar və molekulların xüsusiyyətlərini araşdırır", - Martin Rinqbauer qeyd edir.

ÜNN hər hansı bir obyektin zamanda keçmişə yollana biləcəyinin mümkünlüyünü dəstəkləyir, hansı ki belə halda qapalı zamanaoxşar əyriliyə (closed timelike curve) düşür. Lakin bu proses bir sıra paradoks doğura bilər: məsələn, zaman səyahətçisi valideynlərinin tanış olmasına maneə ola, bu da onun özünün dünyaya gəlməsini mümkünsüzləşdirə bilər.

1991-ci ildə təklif edilmiş fərziyyəyə görə, kvant dünyasında zaman səyahəti belə paradoksları istisna edə bilər, çünki Heyzenberqin qeyri-müəyyənlik prinsipinə əsasən, kvant hissəciklərin xassələri dəqiq müəyyən olunmur.

Avstraliyalı alimlərin kompüter təcrübəsində ilk dəfə kvant hissəciklərin oxşar ssenaridə davranışı öyrənilib. Bundan başqa yeni maraqlı effektlər aşkarlanıb, hansıların ki özlərini büruzə verməsi standart kvant mexanikasında mümkünsüzdür. Misal üçün, kvant sistemin müxtəlif hallarının dəqiq ayırd edilə biləcəyi məlum olub ki, əgər kvant nəzəriyyəsi çərçivəsində qalsaq, bu, tamamilə istisnadır.

Həmçinin oxuyun:

Zamanda informasiya mübadiləsi mümkündür
Zaman səyahətçisi internetdə axtarılır

Qaranlıq materiya nəhayət tapılmış ola bilər
daha ətraflı...

Qaranlıq materiya nəhayət tapılmış ola bilər

İki kosmik cihaz maddi kainatımızın böyük bir hissəsini təşkil edən və "qaranlıq materiya" adlanan sirli maddə formasına aid ola biləcək siqnal qeydə alıb.

NASA tərəfindən buraxılmış kosmik rentgen rəsədxanası "Chandra" və kosmik rentgen teleskopu "XMM-Newton" eyni anda 70-dən çox qalaktik sistemdən yayılan rentgen şüalanması siqnalını qeydə almağa nail olub. Rentgen şüalarının mənşəyi hələlik tam müəyyənləşdirilmiş olmasa da, bir çox alimlər şüalanmanın qara materiyaya aid hissəciklərin dağılmasından meydana gəldiyini hesab edir.

"Əminliklə siqnalın qaranlıq materiyadan yayıldığını demək üçün hələlik tezdir. Lakin əgər bu versiya təsdiqlənərsə, o zaman söhbət çox böyük kəşfdən getmiş olacaq. Biz, əldə edilmiş nəticələrin belə şərhinin yoxlanış mərhələsindəyik", - Harvard-Smitson astrofizika mərkəzindən olan Əsra Bülbül qeyd edir.

Qaranlıq materiya işıq süalarını udmadığı və yaymadığı səbəbindən belə adlanır. Lakin onun cazibə qüvvəsi adi maddəyə təsir etdiyindən, təsdiqlənmiş olmasa da, indidən mövcud olduğunu demək olar. Kainatın 80%-dən də artıq hissəsinin qaranlıq materiyadan təşkil olunduğu hesab edilir.

Uzun illərdir mütəxəssislər qaranlıq materiyanın komponentləri roluna mümkün namizədlər kimi bir sıra ekzotik hissəcikləri təqdim edirdi. Bunlardan biri steril neytrino adlanan hipotetik neytrino növüdür, hansı ki dağıldıqda rentgen şüaları yaymağa başlayır. Alimlər hesab edir ki, rentgen teleskopları tərəfindən ələ keçirilmiş siqnallar həmin steril neytrinolar tərəfindən hasil edilmiş ola bilər. Amma siqnal qeydə alındığı vaxt cihazlar həssaslıq dərəcəsindən kənarda olduğundan, detektorların səhv etdiyi də istisna olunmur.

Bundan başqa alternativ versiya da var: həmin siqnallar qalaktik sistemlərin adi maddələrindən qaynaqlanmış ola bilər. Lakin belə bir nəzəriyyə müasir kosmologiya faktları ilə ziddiyyət təşkil edir.

Həmçinin oxuyun:

İşıqdan materiya əldə ediləcək
Yeni materiya forması kəşf edilmiş ola bilər
Kvant fenomeni zamanı illüziyalaşdırır
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top