December 2, 2014

Marsda həyatın ilk sübutları - alimlər isə tələsmir

Uzun illərdir gözlənilən hadisə nəhayət baş verə bilər. Alimlərin dediyinə görə, Yerə düşmüş Mars meteoriti Tissint üzərində aşkar edilmiş üzvi molekullara aid izlər bioloji mənşəlidir. Analiz nəticələri Marsın bir vaxtlar yadplanetlilər üçün yuva olduğunu 99%-lik ehtimalla təsdiq edir.

Tissint meteoriti Yerə, Mərakeş ərazisindəki səhraya 2011-ci ildə düşmüşdü. Alimlər onun kimyəvi tərkibini öyrəndikdən sonra Tissintin Marsa aid fraqment olduğunu aydınlaşdırmışdılar.

Bu üzrə ən güclü nəzəriyyəyə əsasən, bir vaxtlar Mars səthinin altında yerləşmiş meteorit, planetlə iri asteroidin toqquşmasından sonra Qırmızı planeti tərk edib. Marsın cazibə qüvvəsini qətt etmək üçün kafi sürəti yığan Tissint kosmik məkana daxil olaraq, zamanla Yerə düşüb.

Tissint üzərində aparılan araşdırmalarda üzvi karbon birləşmələrinə aid izlərin tapılması sensasiyaya səbəb oldu. Növbəti tədqiqatlar bu birləşmələrin tamamilə yadplanetli mənşəli olduğunu və elə obyektin içərisindəcə kosmosa atıldığını göstərdi. Bundan sonra mübahisələr daha da qızışdı - üzvi birləşmələrin bioloji olub-olmadığı sirr olaraq qalırdı.

İndi isə, alimlərdən ibarət beynəlxaq tədqiqatçı qrupun apardığı işlər, birləşmələrin bioloji mənşəli olduğu ehtimalının hesab ediləndən daha yüksək olduğunu aşkara çıxarıb. Meteoritdəki karbon birləşmələri izlərinin ətraflı analiz işlərini aparan avropalı, çinli və yaponiyalı alimlər belə qənaətə gəliblər ki, üzvi birləşmələr meteoritə yeraltı sular köməyilə düşüb, tərkibindəki karbon isə nə maqmatik, nə də ki atmosfer mənşəlidir. Yəni, bu, yalnız bioloji olmalıdır.

Bu iddianı sübut edən bir çox göstəricilər var, misal üçün, karbon-13-ün karbon 12-ə nisbəti. "Phoenix" və "Curiosity" cihazları köməyilə əldə edilmiş məlumatlar, bu nisbətin Tissintlə müqayisədə Mars atmosferində daha yüksək olduğunu göstərir. Bu proporsiyadaki fərq Yerdəki göstəricilərlə ideal dərəcədə uyğunluq təşkil edir - xüsusilə Yer havasındaki karbonla kömür nümunələrindəki karbon arasında, hansılar ki eyni zamanda bioloji mənşəlidir.

Alimlər nəticələri vaxtından əvvəl əldə edilmiş yadplanetlilərə aid sübut hesab etsələr də, birmənalı cavab verməyə tələsmədiklərini deyirlər.

"Belə bir zərif mövzuda təkid etmək mənasızdır. Digər tədqiqat qruplarının nəticələri bizimkilə ziddiyyət təşkil etsə, mən artıq buna hazır olacam. Lakin gəldiyimiz yekun nəticələr, ən azı, Marsın keçmişində orada mövcud olmuş həyatla bağlı müzakirələrə yeni nəfəs verəcək", - Lozanna Dövlət Politexnik İnstitutundan olan Filip Jille qeyd edir.

Həmçinin oxuyun:

Qədim Mars gölləri həyatı tam dəstəkləyirdi
Marsa aid ən qədim meteoritlər
 "Yerlilərdən" Marsa 90 min məktub
daha ətraflı...

November 29, 2014

Florida kərtənkələləri 15 il və 20 nəsil ərzində sürətli təkamül keçirdi

Floridadakı adalarda araşdırmalar aparan alimlər yerli bir kərtənkələ növündə sürətli təkamülləşmə nümunəsi təsbit etdilər. Kubadan gətirilən və arealı işğal edən başqa kərtənkələ növü səbəbilə bu yerli kərtənkələlər cəmi 15 ildə təkamül keçirdilər. Bu işğalçı növlərlə təmasa keçmələrindən sonra, yerli kərtənkələlər nəsillər keçdikcə ağacların daha yüksək hissələrində yaşamağa başladılar. Lakin bu, daha nazik budaqlara uyğun olacaq şəkildə, daha güclü bir yapışma (tutma) sahəsi tələb edirdi. Bu kərtənkələlərdə cəmi 15 il ərzində nazik budaqlara daha yumşaq bir şəkildə yapışa biləcək ayaq strukturları təkamülləşdi.

Bu dəyişmə, heyrətamiz sürətdə baş verdi: Kubadan gələn kərtənkələlərin həyat sahələrinə daxil edilməsindən yalnız bir neçə ay sonra, yerli kərtənkələlər ağacların daha yüksək hissələrinə qaçmağa başladılar. 15 il müddətində (bu onlar üçün 20 nəslə uyğun gəlir), ayaqlarının səthləri daha geniş bir sahəni örtəcək şəkildə təkamülləşdi; beləcə daha yapışqan vəziyyətə gəldilər.

"Belə bir dəyişmə görəcəyimizi heç təxmin etmirdik. Lakin keçirdikləri təkamül sürəti və ölçüsü həqiqətən təəccüb doğurur. Bu təkamülü anlaya bilməyiniz üçün belə deyə bilərəm: əgər ki insanların boyu, bu kərtənkələlərin ayaqlarının təkamülləşmə sürətində təkamülləşmiş olsaydı, cəmi 20 nəsildə boy ortalamamız 1.75m-dən 1.93m-ə qalxardı. Başqa deyimlə, məsələn, ABŞ-dakı insanların boy ortalaması, hal-hazırda NBA-dəki basketbolçuların boy ortalamasına bərabər olardı. Hər nə qədər insanlar kərtənkələlərdən daha artıq yaşamış olsalar da, bu təkamül sürəti yenə də təkamülün normal ortalamasına görə çox yüksəkdir", - Austində yerləşən Texas Universiteti Təbiət Elmləri İnstitutunda işləyən və 24 oktyabr 2014-cü ildə Science jurnalında dərc olunan məqalənin baş müəllifi olan Yoel Stuart qeyd edir.

Araşdırılan yerli kərtənkələ Carolina anoles adıyla tanınan yaşıl anoles kərtənkələsidir. Bu canlılar ABŞ-ın cənub-şərqində yaşayırlar. Ərazini işğal edən, Kuba və Baham adalarından gətirilən növ isə qəhvəyi anoles kərtənkələsidir. Qəhvəyi anoles kərtənkələsi Cənubi Floridada ilk dəfə 1950-ci illərdə görülməyə başladı. Böyük ehtimalla, Kubadan idxal olunan əkinçilik məhsullarıyla gətirildilər. O vaxtdan Floridada sürətlə yayılırlar.

Aparılan son araşdırma, bir-birinə rəqib olan növlər arasında müşahidə edilən, təkamülçü bioloqların "xarakterik köçürülmə" adlandırdıqları bir xüsusiyyətin nadir və zəngin nümunələrindən biridir. Belə vəziyyətdə fərqli ekoloji mühitlərdə üstün hala gəlmək istəyən növlərdə, bir-birlərinə üstün gələ bilmələrini təmin edən fərqli xüsusiyyətlər təkamülləşir. Bunun ən klassik nümunəsi, Darvinin araşdırdığı alacəhrələrdir. Qalapaqos Adalarındakı 2 alacəhrə növündə, fərqli qida mənbələrindən istifadə edə bilmək üçün fərqli dimdik strukturları təkamülləşmişdir.

Tədqiqatçılar yaşıl və qəhvəyi kərtənkələlərin eyni qida mənbələrindən və arealdan istifadə etdikləri səbəbindən yaşıl kərtənkələlərin sürətli təkamülünün stimullaşdırıldığını hesab edirlər.

Həmçinin oxuyun:

Dinozavrlar soyuqqanlı deyildi
Dinozavrların yaşadığı şərtlərdə insanlar nəfəs ala bilməzdi
Arxa üzvlərin təkamülü aydınlaşdırıldı
daha ətraflı...

"Yerlilərdən" Marsa 90 min məktub

NASA-nın ilk uğurlu Mars missiyasının 50 illiyi şərəfinə amerikan şirkəti olan "Uwingu" Yer sakinlərindən Qırmızı planetə təxminən 90 min radio-məktub göndərib.

"Uwingu" şirkəti Mars araşdırmalarının 50-ci illiyini qeyd etmək üçün qeyri-adi təklif irəli sürüb. Belə ki, bəşəriyyət tarixində ilk dəfə olaraq yerlilər radio vasitəsilə Marsa məktub göndəriblər.

Bu hadisə Beam Me to Mars layihəsi çərçivəsində, 28 noyabr 1964 tarixində baş tutmuş "Mariner-4" adlı avtomatik planetlərarası stansiyasının kosmosa buraxılmasının 50-ci ilinin qeyd edilməsi məqsədilə həyata keçirilib. Məhz bu kosmik cihaz Mars ətrafında ilk uğurlu uçuşu reallaşdırıb. Bundan başqa yad planetin yaxın məsafədən şəkillərini çəkərək Yerə ötürən ilk cihaz adını da daşıyır.

Aksiyada iştirak etmək üçün könüllülər, həcmindən asılı olaraq, məktublar üçün 5-100$ arası məbləğində ödəniş etməli olublar. Göndərilmiş zarafatyana və ciddi məktublar arasında adlar və fotoşəkillər də yer alıb. Qeyd edilir ki, Qırmızı planetə həmçinin layihəni dəstəkləyən müxtəlif kosmik təşkilatların 25-dən çox loqotipi göndərilib. Məktubların müəllifləri arasında bəzi məşhurlara da rast gəlmək olar.

"Uwingu" şirkəti yığılan vəsaitin digər ambisiyalı layihələrin həyata keçirilməsinə sərf olunacağını bildirib.

Həmçinin oxuyun:

"Mars One" layihəsi üçün 1058 nəfər seçildi
Hindistan Marsa doğru
Qədim Mars gölləri həyatı tam dəstəkləyirdi
daha ətraflı...

Neandertallar və Homo sapiens ayrı növlərdir

Yeni bir tədqiqatın nəticələri bir daha təsdiq edir ki, neandertallar və Homo sapiens fərqli növlər olub.

"SUNY Downstate" tibb mərkəzindən olan mütəxəssislər müasir texnologiyaların köməyilə neandertalların modern insanın alt növünü deyil, tamamilə fərqli növü təmsil etdikləri versiyasına güclü dəlil əldə ediblər. Alimlər Homo sapiensHomo neanderthalensis növlərinin burun müqayisəsi analizləridən sonra belə qərara gəliblər. Qeyd etmək yerinə düşər ki, dəyişkənliklərilə fərqləndiyi üçün burnun forması və ölçüsü antropoloji araşdırmalarda vacib diaqnostik əlamət hesab edilir.

Tədqiqatda antropoloqlar əldə olan kəllə sümüklərini öyrənib, daha sonra isə burun boşluğunun iç strukturunun 3D rəqəmsal görüntüsünü yaradan xüsusi sistemdən yararlanıblar. Ətraflı araşdırmanın ardından neandertalların yuxarı nəfəs yollarının bizimkindən fərqli funksiyaya malik olduğu bəlli olub. Antropoloqlar qeyd edir ki, Homo neanderthalensis'in bədən quruluşu planı da həmçinin insandakından fərqlənir, buna görə də bu iki növü bir-birindən ayırmaq lazımdır.

Əgər neandertallar bu gün də yaşasaydılar, ən yaxın bioloji qohumlarımız şimpanzelər deyil, məhz onlar olacaqdı - genetika da bunu təsdiqləyir. Uzun müddətdir ki, elm ictimaiyyətində nəsli kəsilmiş növ olan Homo neanderthalensis'in bizdən ayrı, yoxsa bizim alt növümüz olduğu mövzusunda müzakirələr gedirdi. Son illərdə tapılan qalıqlar və müasir metodlar sayəsində artıq neandertalların müstəqil növ olduğu versiyası daha çox məşhurluq qazanır.


Neandertalların nəslinin kəsilməsinin əsas səbəbi, müasir elmi tapıntılara əsasən, bizimlə rəqabət apara biləcək gücdə olmamaları idi. Bəzi tədqiqatçılar isə bunun səbəbinin, neandertalların daha soyuq və daha quru iqlimlərdə yaşamalarını mümkünsüz edən spesifik burun quruluşu olduğunu hesab edirlər.

Həmçinin oxuyun:

Neandertallar mərhələlərlə təkamülləşib
Neandertallar bizə genlərinin 20%-i verdi

Siqaret asılılığı neandertallardan qaynaqlanır
daha ətraflı...

November 18, 2014

"Fila" modulu kometdə üzvi birləşmələr tapmışdı

Almaniya Aerokosmik Mərkəzindən (DLR) alınan məlumata görə, "Fila" kosmik cihazı yuxu rejiminə keçmədən əvvəl komet üzərində üzvi birləşmələrə rast gəlib. Nəzəri olaraq, həmin birləşmələrin həyatın yaranması prosesində iştirak etmiş ola biləcəyini demək olar.

"Fila" 67P/Churyumov-Gerasimenko adlı kometin atmosferini araşdırdıqdan sonra molekullar aşkar edib. Onlardan bir hissəsinin tərkibində karbon atomları var ki, bu kimyəvi element olmadan həyatı təsəvvür etmək mümkün deyil. Yalnız dəqiq nəticələr əldə edildikdə, alimlər kimyəvi birləşmələrin tərkibini açıqlayacaqlarını bildirirlər. Bunlar sadə (metanol və ya metan) olduğu kimi, mürəkkəb (aminturşuları) birləşmələr də ola bilər. Əgər alimlər soladolanmış aminturşularını tapsalar, həyatın bizim planetə məhz kometlərlə gətirildiyi versiyasını təsdiq etmiş olacaqlar.

Bununla yanaşı "Fila" modulunun kometdə qazıntı işi apararaq torpaq tərkibi ilə bağlı məlumatlara yiyələndiyi, lakin hələlik alimlər tərəfindən ətraflı araşdırılmadığı qeyd edilir.

Kometlərin zənginliyi bundan ibarətdir ki, Günəş sisteminə aid və minimal dəyişikliyə uğramış relikt maddələri daşıyırlar. Onlar sayəsində Churyumov-Gerasimenko kometi həyatın Yerdə özbaşına yaranmış olduğuna, yaxud kənardan düşdüyünə aydınlıq gətirəcək.

Avropa Kosmik Agentliyi tərəfindən hazırlanmış Rozetta aparatı 2004-cü ilin 2 martında kosmosa buraxılıb. Rozetta zondunun eniş modulu olan "Fila" on illik kosmik səyahətin sonunda 2014-cü ilin 12 noyabrında kometə endirilib. Kometin çökəkliyinə endiyi üçün orada ilişib-qaldığından və lazımi miqdarda Günəş enerjisi ala bilmədiyindən, əsas batareyaları tükənəndən dərhal sonra 15 noyabr tarixində modul yuxu rejiminə keçməli olub. Lakin xoşbəxtlikdən "qəflət yuxusuna" dalmadan əvvəl, əldə etdiyi dəyərli məlumatları Yerə ötürməyi bacarıb.

Həmçinin oxuyun:

"Fila"dan pis xəbər var: Əlaqə kəsildi
"Fila" modulu ilk dəfə komet üzərinə eniş etdi
Hindistan Marsa doğru
daha ətraflı...

November 15, 2014

Gələcəyin seksi

Bu gün seks haqda nəinki yazırlar, onu həm də internetdə nümayiş etdirir və insanları onunla məşğul olmağa çağırırlar. İntimə artıq heç kəs "müqəddəs" münasibəti göstərmir. Bəlkə də bu səbəbdən seks və sevgi iki fərqli qütbə ayrılıb. "Həqiqi sevgi" hələlik müasir texnologiyaların təsiri altına tam düşməyib, seks haqda isə eyni sözləri deyə bilməyəcəyik. Gəlin müasir texnologiyalara və seks prototiplərinə baxıb, onun gələcəkdə necə bir forma alacağını təsəvvür etməyə cəhd edək.

Gender və seksual oriyentasiya

Qərb insanı artıq fərdin gender və seksual oriyentasiyasının doğuşdan təyin edilmədiyinə əmin olub. Bu gün insanların əməliyyatlara üz tutaraq cinslərini dəyişdirməsi, demək olar ki, daha heç kəsi maraqlandırmır. Bundan başqa bir çox transseksuallar skeptiklərə, cinslərini dəyişdirdikdən sonra öz həyatlarının necə yaxşı istiqamətə doğru çevrildiyini sübut etmək üçün qəhrəmancasına maarifləndirmə işləri aparırlar. Bunun ən parlaq nümunəsi Matrix trilogiyasını və Dumanlı Atlas (Cloud Atlas) filmini öz qardaşı Endi ilə birlikdə yaradan Lana Vaçovskidir.


Bir müddət əvvəl Almaniya üçüncü cinsin olduğunu qəbul edən ilk Avropa ölkəsi oldu. Yəni, valideynlər uşağın cinsini dəqiqləşdirdikdə "qeyri-müəyyən" variantını da seçə bilərlər. Uşaq böyüdükdə isə özünü istənilən cinsə aid edə bilər. Bu qanun əsasən hormonları və reproduktiv orqanları bir cinsə 100% aid olmayanlar üçün aktual olacaq.

Dünyanın bir çox ölkələrində homoseksualizm dövlət səviyyəsində qəbul edilir. Bununla yanaşı Facebook, Microsoft, AppleIntel kimi iri texnoloji resurlar da həmcinslərin nigahını dəstəklədiklərini bildirərək, homoseksuallar və transseksualların cəmiyyətin bərabər hüquqlu nümayəndələri olduğunun qəbul edilməsi prosesini sürətləndirirlər.

İnteraktiv porno-oyunlar

Hazırki texniki imkanların səviyyəsini nəzərə alaraq, taktil (sensor) hissləri və qoxuları doğuran və onları birbaşa beynə ötürən kamera və geyimlərin tezliklə reallığa çevriləcəyini deyə bilərik. Ələxsus bununla əlaqəli texnologiyalar artıq mövcuddur. Misal üçün, bu yaxınlarda yarıçılpaq modellər üzərində təqdimatı baş tutmuş Oculus Rift kaskasının bacarıqları, yumşaq dildə desək, heyrətləndirir. Onları insanlardan ayırmaq, demək olar ki, mümkün deyildi. Kaskanın Xbox Kinect-in hərəkətləri kimi fiksə edən qurğularla bağlantısı sayəsində interaktiv porno-oyunlara dalmaq mümkün olur.


Seks və kompüter oyunları

Virtual reallıq texnologiyalarının inkişafı ilə seks kompüter oyunlarının ayrılmaz hissəsinə çevrilə bilər. Oyunçular həm digər istifadəçilərlə, həm də xəyali personajlarla seksual əlaqə yaşaya bilərlər.

Hazırda Yaponiya və Koreyada "virtual partnyorlar" olduqca populyardır, hansılar ki istifadəçi ilə birbaşa əlaqə yarada bilməsələr də, hərəkətlərə reaksiya verə bilirlər. "Ağıl xalları" bağlantısı və hərəkət detektoru köməyilə bir yapon entuziast öz yanında yapon vokaloidi Xatsune Mikunu yarada bilib. Çəkdiyi videoda istifadəçinin sığallama və zərbələrinə personajın reaksiya verdiyini görmək olar.

Virtual oyunun real həyata təsiri bəzən absurd səviyyəyə çatır. Nümunə olaraq, Second Life virtual aləmi istifadəçilərinin evləndiyi, orgiyalarda iştirak etdiyi və hətta real həyartda yad avatarlara qısqanclıq səbəbindən boşandıqları kimi hadisələri qeyd etmək olar.


Robotlar bizi əvəz edir

Süni intellektin, realistik materilların və çevik parametr təyinedilməsinin təkmilləşdirilməsi ilə yaxın gələcəkdə robotlar istifadəçilərin bütün ehtiyaclarını qarşılaya biləcəklər. Bununla da onlar, seks-industriya sahəsi işçilərinin müəyyən hissəsini əvəz edəcəklər. ABŞ-da dünyada ilk dəfə olaraq seks üçün planlaşdırılmış androidlər satışa buraxılıb. Virtual reallıq qurğusu köməyilə robotların xarici görünüşünü dəyişmək mümkün olacaq. Yaponlar artıq mexaniki siluetin prototipini nümayiş etdiriblər, hansının ki üzərinə animasiyalaşdırılmış qız holoqramı yüklənib. Bundan başqa, Lars fon Triyerin "Nimfoman" filminin pornoqrafik səhnələrinin çəkilişi üçün aktyorların sifətini onları əvəz dublyorların vücuduna ötürən texnologiyadan yararlanılıb.

Süni intellekt üzərində çalışan mütəxəssislər əmindirlər ki, insanlar 2050-ci illərdən virtual reallıqdan yararlanmadan robotlara aşiq olacaq, onlarla ailə quracaq və onlara öz həqiqi yoldaşları kimi münasibət göstərə biləcəklər.

Məsafə seks üçün maneə deyil

Çox yaxın zamanda insanların, bir-birlərinin ehtiyaclarını uzaq məsafədən qarşılayacaqlarını təmin edəcək qurğular hazırlana bilər. Məsələn, bu yaxınlarda Dure x kampaniyası hissiyatlı alt paltarların prototipini təqdim edib. Bu alt paltarlarının bəzi hissələri, oraya smartfondan siqnal ötürdükdə vibrasiya effekti meydana gətirir. Interaxon kampaniyası isə beyin dalğalarına reaksiya verə bilən ucuz (200$-dan aşağı) baş halqası istehsal etmək fikrindədir. Hiperrealistik Fleshlight simulyatoru sayəsində məsafə seksinin bu gün də mümkün ola biləcəyini vurğulamaq olar.

Küçələrdən ixtisaslaşdırılmış müəssisələrə

Yeni texnologiyaların yaranması ilə hətta Qərb ölkələrində seks-industriyası sahəsində çalışanlar daha rahat və təhlükəsiz iş şərtlərinə keçid ala biləcəklər. Onlar, kompüter şəbəkələri, onlayn reklam və şəxsi marketinq kimi imkanlardan yararlanaraq, vasitəçilərə ehtiyac duymadan öz karyeralarını yürüdəcəklər.

Orijinal məqalə buradadır

Həmçinin oxuyun:

Seks beyin fəaliyyətini gücləndirir
Seks üçün iki ayaq üzərinə qalxdıq?
Üç valideyndən olan uşaqlar gəlir
daha ətraflı...

"Fila"dan pis xəbər var: Əlaqə kəsildi

Modulun Yerlə əlaqəsi kəsildiyi barədə Avropa Kosmik Agentliyinin (AKA) tvitter hesabında məlumat verilir. "Fila" Churyumov-Gerasimenko kometi üzərində cəmi 56 saat iş apara bildi.

"Eniş modulumuz yuxuya daldı. Şirin yuxular, Fila", - AKA məktubunda yazır. Cihazla əlaqənin Bakı vaxtı ilə 4.36-da kəsildiyi qeyd edilir. Modul yuxu rejiminə keçid alaraq, elmi araşdırma məlumatlarını Yerə ötürməyi dayandırıb. Bu ana qədər isə "Fila" alimləri maraqlandıran, bəşəriyyət tarixində ilk dəfə komet qazılması nəticələri kimi bir çox məlumatları Yerə göndərməyə nail olub.

Buna baxmayaraq modulla əlaqəni yenidən bərpa etmək şansımız qalır. Mütəxəssislər aparatın üzünü lazımi istiqamətə 35° çevirməyə nail olublar. Belə ki, bir neçə gün əvvəl "Fila" kometə eniş etdikdə, qayalarla əhatə olunmuş kölgəli ərazidə ilişib qaldığından, üzərinə yerləşdirilmiş günəş batareyaları ehtiyac duyulan enerjini ala bilməmişdi. Bu vaxt alimlər cihazın komet üzərində cəmi bir neçə gün araşdırma apara biləcəyi barədə pis proqnoz vermişdilər ki, bu da özünü doğrultdu - əsas batareyalar tükəndikdən sonra, "Fila" yuxuya daldı.

"Fila" modulu "Rozetta" aparatı tərəfindən 12 noyabr 2014 tarixində 67P/Churyumov-Gerasimenko kometinə endirilmişdi. Kosmik layihənin əsas məqsədləri Günəş sisteminin keçmişi haqda ətraflı məlumat toplamaq, kometin nüvə parametrlərini müəyyən etmək, onun kimyəvi tərkibini öyrənmək, habelə kometin zamanla aktivlik dəyişikliklərini aydınlaşdırmaqdan ibarət idi.

Həmçinin oxuyun:

"Fila" modulu ilk dəfə komet üzərinə eniş etdi
Yaponiya kosmik lift inşa edəcək
NASA Titana göndəriləcək sualtı gəmini seçir
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top