December 17, 2014

Marsdan yeni xəbərlər var: Metan qazı və üzvi birləşmələr

Əldə edilən yeni faktlar, bir vaxtlar Marsda həyatın yaranması və inkişaf etməsi üçün bütün əlverişli şərtlərin mövcud olduğunu bir daha təsdiq edir. NASA-lı mütəxəssislər "Curiosity" marsoxodunun iki üzvi molekul mənbəyinə rast gəldiyini bildiriblər. Qeyd edilir ki, orqanika aylar əvvəl tapılmış, lakin bu müddət ərzində onun Yer mənşəli olmadığına əmin olmaq üçün ətraflı araşdırmalara ehtiyac duyulmuşdur.

Kəşfiyyatçı aparat Mars atmosferindəki qısamüddətli metan payı artımını qeydə aldıqdan sonra, qayaların birində aparılan qazıntıdan qalmış tozcuq nümunələrində karbon birləşmələri tapıb. 

İlk tapıntı "Curiosity"-nin bortuna yerləşdirilmiş SAM cihazı vasitəsilə qeydə alınıb. 20 ay ərzində Mars atmosferini 12 dəfə araşdıran cihaz, 2013-cü ilin sonu və 2014-cü ilin əvvəlində orta metan payındaki 10 qat artımı aşkara çıxarıb.

Mütəxəssislər rəyinə görə, bu, lokal metan qaynağının mövcudluğundan xəbər verir. Lakin bioloji və ya qeyri-bioloji mənşəyə sahib olduğunu öyrənmək üçün əlavə tədqiqatlar aparılmalıdır, alimlər deyir. Yerdəki metan qazının 95%-i isə, məlumdur ki, mikroorqanizmlərdən qaynaqlanır.

İkinci tapıntı isə Kamberlend adı verilmiş qayanın qazılmasından sonra əldə edilib. Bu dəfə alimlər daha çox sevinib, çünki ilk dəfə Qırmızı planetin birbaşa səthi nümunələrində üzvi birləşmələrə rast gəlinib.

Birləşmələrin Yerdən marsoxodla təsadüfən Marsa aparılmış olmadığına, həqiqi Mars mənşəli olduğuna əmin olmaq üçün alimlər aylarla araşdırma aparıblar. Yekunda da birmənalı nəticə əldə edilib - orqanika Marsa aiddir. Kəşfin Marsdaki həyatla bağlı məlumatlar verdiyini ifadə etmək üçün isə bir qədər tezdir.

"Bu tapıntı çox böyük ümidlər vəd edir. Orqanika vacibdir, çünki analiz işlərində necə formalaşdığını və bu günə qədər qaldığını anlamağımıza kömək edir. Bu, həm də keçmişdə Qeyl kraterinin üzvi birləşmələr üçün əlverişli şərtləri olduğuna dair çoxlu məlumatlar təmin edir. İndi bizim məqsədimiz yaxınlıqdaki yerlərdə bir qədər fərqli və hətta daha zəngin materiala sahib ola biləcək digər oxşar nümunələr tapmaqdır", - Massaçusets Texnologiya İnstitutundan olan professor Rocer Sammons deyir.

Həmçinin oxuyun:

Marsda həyatın ilk sübutları - alimlər isə tələsmir
Qədim Mars gölləri həyatı tam dəstəkləyirdi
"Fila" modulu kometdə üzvi birləşmələr tapmışdı
daha ətraflı...

Azərbaycanlıların etnogenezinə dair

Azərbaycanlıların etnogenezi - müasir azərbaycanlı etnosunun, Cənub-Şərqi Qafqaz və Şimal-Qərbi İran ərazilərində, çoxsaylı və müxtəlif etnik və dil elementləri bazisindəki formalaşması prosesidir. Müasir azərbaycanlı etnosunun formalaşması çoxəsrli proses olub və "Şərq Tarixi"nə (2002) əsasən, XV-ci əsrin sonlarında yekunlaşıb.

Azərbaycanlıların etnogenezi prosesində Atropatena və Qafqaz Albaniyasının qədim avtoxton əhalisi iştirak edib. Bunlar, əsasən, irandilli xalqlar və yerli alban tayfaları olub. Yerli xalq E.Ə. birinci minillikdə buraya soxulan kimmerlər, skiflər və massagetlərlə (son ikisinin türkdilli yoxsa irandilli olduğu şübhəlidir), bizim eramızın birinci minilliyində hunlar, xəzərlər və bulqarlarla, birinci minilliyin ikinci yarısında isə oğuz və peçeneqlərlə qarışmağa başlayıb.

Britannika ensiklopediyasına əsasən, azərbaycanlılar olduqca qarışıq etnik mənşəyə sahibdirlər, ən qədim elementləri isə yerli Şərqi Qafqaz əhalisi və bəlkə də müasir İran dövləti ərazisində yaşamış midiyalılar olub. Bu yerli əhali İranda Sasanilərin hökmranlığı dövründə (III-VII əsrlər) farslaşdırılıb. Əhalinin türkləşdirilməsi prosesinin başlanğıcı kimi isə regionun XI əsrdə türk-səlcuqlar tərəfindən ələ keçirilməsi və sonraki illərdə davam edən, monqol işğalçılarının qərbə doğru hərəkəti nəticəsində türk xalqlarının miqrasiyasını hesab etmək olar. Britannikaya əsasən, etnik azərbaycanlıların əsas irsi komponenti oğuz türkləridir.


Ərəb işğalı dövründə alban əhalisinin böyük bir hissəsi İslama keçid alaraq, daha sonra isə türkləşdirilərək, gələcəkdə azərbaycan xalqının formalaşmasının əsasını qoyub. Lakin qafqaz albanları müasir azərbaycanlıların müəyyən qədər əcdadı hesab olunur, çünki türklərin Cənub Qafqaza köçündən daha əvvəl albanlar Zərdüştilərlə (İran) qarışmış, ərəblər tərəfindən isə islamlaşdırılmışdır.

Məşhur sovet və rus alimi, şərqşünas A.P. Novoseltsev hesab edir ki, "indiki azərbaycanlılar həmçinin qədim alban tayfalarının bir hissəsinin və Cənubi Azərbaycanın türkləşdirilmiş nəslidir".

Türk-səlcuqların Cənubi Qafqaza gəlişi yerli əhalinin böyük bir hissəsinin türkləşdirilməsi ilə yekunlaşıb və XI-XIII əsrlərdə artıq türkdilli azərbaycanlı etnosu yaranmağa başlayıb. Bəzi tədqiqatçılar Səfəvilərin hökmranlığı dövründə şiəliyin qəbul edilməsini azərbaycan xalqının formalaşması prosesinin son faktoru hesab edirlər.

Mitoxondrial, yəni anadan ötürülən irsilik daşıyıcıları göstərir ki, ermənilər və azərbaycanlılar, fərqli dillərdə danışan digər qafqaz və iran xalqlarına daha yaxın qohumdurlar. Qohum xalqların dil fərqliliyi olduğu üçün, bu məlumatlar azərbaycan və erməni dillərinin mənşəyini izah etməyə qadir deyil.


İran alimləri tərəfindən aparılmış Y-xromosomu araşdırmaları, ərazidə türk dilinin yayılmasına səbəb olan əsas amilin isə siyasi elitaya məxsus az sayda kişilər olduğunu göstərir, hansılar ki, populyasiyada çox az genetik iz qoymuşdurlar.

Antropoloji olaraq, azərbaycanlıların böyük bir hissəsi avropoid irqinin kaspi yarımtipinə aiddir. Buraya həmçinin kumıklar, saxurlar, tatlar, bəzi kürdlər və türkmənlər aid edilir. Kaspi tipini aralıq dənizi və ya hind-iran irqlərinin başqa bir növü olaraq da hesab edirlər.

Sovet və rus antropoloqu Valeri Alekseyevə əsasən, qədim qafqaz albanları regionun ən tünd göz və saç rənginə sahib olublar və sirr deyil ki, müasir azərbaycanlıların gözü Qafqazın ən qara rəngli gözü hesab olunur. Alim hesab edir ki, "türkdilli xalqlarla ünsiyyət, əlaqə və bununla bağlı olaraq türk nitqinə keçid azərbaycan xalqının antropoloji xüsusiyyətlərinin formalaşmasına heç bir gözə dəyəcək səviyyədə təsir göstərməyib".

İstinad buradadır
daha ətraflı...

December 14, 2014

Kainatdaki həyatı qamma-partlayışlar məhv edir

50 ilə yaxındır ki, yadplanetliləri axtarırıq, lakin kosmosda bir mikroorqanizm nümunəsinə belə rast gələ bilməmişik. Bu dəfə bu sualı özünüzə daha diqqətli verin: Niyə? Alimlərin gəldiyi yeni qənaətə görə, qamma-partlayışlar kainatda həyatın yayılması prosesini məhdudlaşdırır. Yerdəki kütləvi canlı qırılmalarının əsas səbəbinin də bu partlayış şüalanmaları olduğu bildirilir.

Avropa və Barselona universitetlərindən olan professorlar Tsvi Piran və Raul Ximenez tərəfindən aparılan tədqiqatda qıza və uzun qamma-partlayışlara aid məlumatlardan yararlanılıb. Bu qısa partlayışları Günəş törədir və cəmi bir neçə saniyə davam edirlər. Canlı orqanizmlər üçün həyati hər hansı bir təhlükələri yoxdur.

Qamma-şüalar yayan uzun partlayışlar isə öldükdən sonra Supernovalara çevrilən ulduzlardan qaynaqlanır. Onlar, həmçinin neytron ulduzlar toqquşduqda da meydana gəlir. Alimlər hesab edir ki, belə partlayışlar ozon qatını məhv edərək, bir çox orqanizmlərin məhvinə gətirib çıxara bilər.

Aparılmış son araşdırma nəticələrinə əsasən, uzun qamma-partlayışlar hətta bizim planetə belə təsir edib. Son bir milyard il ərzində belə partlayışların 60%-lik ehtimalla Yerdə kütləvi qırılma və ya nəsil kəsilmə hadisələrinə səbəb olduğu hesab edilir. Söhbət, xüsusilə, 440 milyon il əvvəlki qırılmadan gedir.

Qalaktika periferiyasında yerləşən planetlər uzun qamma-şüalanmalara daha az səviyyədə məruz qalır, çünki onların ətrafında daha az ulduz (dolayısıyla da daha az şüalanma payı) yerləşir.

Əldə edilmiş daha bir mühüm nəticəyə görə isə ümumən kainatda həyat 5 milyard ildən qədim tarixdə meydana gələ bilməzdi. Məsələ burasındadır ki, kainatın daha qədim dövrlərində qalaktik sistemlər bir-birinə daha sıxcam vəziyyətdə idi ki, bu da qamma-şüalanmalara məruz qalma ehtimalını dəfələrlə artırırdı.

Həmçinin oxuyun:

Marsda həyatın ilk sübutları - alimlər isə tələsmir
"Yadplanetliləri taparıq... siyasətçilər qoysa"
Kosmosda başqa həyat var?
daha ətraflı...

Həyatın yaranması prosesi laboratoriyada təkrar edildi

Yerdə həyat təxminən 4 milyard il əvvəl, planetin meteorit bombardmanına məruz qaldığı dövrdə yaranıb. Bu hadisə elm tarixində son ağır bombardman dövrü adlanır. Bir çox alimlər kimi, Praqada yerləşən Çexiya Respublikası Elmlər Akademiyasından olan Svatoplak Siviş də bu hadisələrin üst-üstə düşdüyünü təsadüf hesab etmir. Planetimizlə toqquşmuş hər hansı bir meteoritin buraya həyat gətirməsi ehtimalı olduqca mümkündür.

Siviş və həmkarları həyat əlamətləri daşıdığı ehtimal edilən bir hipotetik meteoritin erkən Yerlə toqquşması prosesini modelləşdirmək qərarına gəliblər. Onlar, tədqiqatda erkən Yer modelinə PALS qurğusundan güclü lazerlə formamid (planetimizdə mövcud olmuş maye) nümunələri atıblar.

Nəticədə nümunələrin temperaturu 4.200 dərəcəyə qədər qalxıb, rentgen şüaları və güclü ultrabənövşəyi şüalanma təsirləri altında isə kimyəvi radikallar meydana gəlməyə başlayıb. Bu radikallar, öz növbəsində, hidrogenlə reaksiyaya girib, formamidlərin qalığı isə nukleinlərin kimyəvi əcdadı olan 2,3-diaminomaleonitril (DAMN) generasiya edilməsinə səbəb olub.

Sivişin başçılıq etdiyi qrup reaksiyanın yekun produksiyalarını öyrəndikdə, RNT-nin bütün dörd əsaslarını (adenin, quanin, sitozin və urasil) aşkar edib. Bu əsasların üçü isə həmçinin DNT-də iştirak edir.

Yerdəki həyatın mənşəyində formamidin mühüm rol oynadığı ideyası ilk dəfə 2001-ci ildə iki italyan alimi - Raffaele Saladino və Ernesto Di Mauro tərəfindən irəli sürülmüşdü. Formamid, erkən Yer atmosferində olmuş sinil turşusunun su ilə reaksiya girməsindən sonra meydana gəlir. Saladino və Di Mauro formamiddən dörd əsasların generasiyasının fərqli üsullarını istifadə etmək qərarına gəlmişdilər. Onlar, Sivişin yeni tədqiqatını "sərt nəzəri əsaslandırma və təcrübi məlumatların bir yerdə təqdim edildiyi ilk hadisə" olaraq adlandırırblar.

Daha əvvəlki araşdırmalar göstərmişdi ki, bir sıra meteorit tipləri hazır nukleotid, o cümlədən adenin və quanin daşıyırlar. Lakin bu tədqiqatın gedişatında aydın oldu ki, səma cismlərinin planetlə toqquşması da həmçinin həyatın təməl bloklarının meydana gəlməsini mümkün edə bilər. Hərçənd ki, bəzi mütəxəssislər meteorit bombardmanı kimi dəhşətli hadisələrin həyatı yaratmadığı, əksinə onu məhv etdiyi qənaətindədirlər, yeni əldə edilmiş məlumatlar bombardman sayəsində həyat üçün mühüm komponentlərin Yerə düşməsi və orada inkişafının mümkünlüyünü maksimal qədər dəstəkləyir.

Həmçinin oxuyun:

Millerin unudulmuş təcrübəsi yenidən analiz edildi
Kometlər "amin turşusu fabrikləri" ola bilər
Süni ilkin hüceyrəyə "can verildi"
daha ətraflı...

December 12, 2014

Yerdəki suyun mənşəyi kometlər deyildi?

Planetimizdəki suyun mənşəyi mövzusunu əhatə edən mübahisələr yenidən qızğın xarakter alır. Churyumov-Gerasimenko kometi yaxınlığındaki su buxarının tərkibinə dair məlumatlar əldə edildikdən sonra, suyun Yerə kometlər vasitəsilə düşdüyü versiyası şübhələr doğurmağa başlayıb.

Uzun müddətdir ki, elm ictimaiyyəti Yerdəki suyun mənşəyi sualına cavabın "kometlər" olduğunu iddia edirdi. Alimlər ilkin okeanların buxarlanmasından sonra, müasir qlobal okeanın suyunun planetimizə məhz kometlərlə gətirilmiş olduğunu düşünürdülər.

Bu mövzu onsuz da daha əvvəldən şübhəli idi, çünki komet nəzəriyyəsi konkret sübutlara ehtiyac duyurdu. Bu yerdə alimlərə köməyə bəzi kometlərə çatmış və oradaki mövcud buz halında suyun tərkibini öyrənmiş kosmik cihazlar gəlir.

Burada qeyd etmək vacibdir ki, şərti olaraq, kometləri Neptun orbitinin hüdudlarından kənarda yerləşən Koyper Qurşağı'ndan gələn "yaxın" və orbitləri daha geniş ərazini, hipotetik sahə olan Oort Buludu'nun xarici hüdudlarını əhatə edən "uzaq" kateqoriyalarına ayırmaq olar.

1986-cı ildə kosmik zondlar vasitəsilə Halley adlı "uzaq" kometin nüvəsi öyrənilmişdi. Məlum olmuşdu ki, nüvəsindəki suyun (buzun) tərkibi Yerdə rast gəlinən suyun tərkibindən xeyli fərqlənir. Bu səbəbdən də o vaxt astronomlar Oort Buludu'ndan olan kometlərin çətin ki Yerdəki okeanların yaranmasında rol oynamış ola biləcəyi qənaətinə gəlmişdilər.

Üç il əvvəl isə alimlər Koyper Qurşağı'ndan olan Hartli-2 kometinin məlumatlarına yiyələnib, komet buzu hissəciklərindəki deyterium izotopu payı kimi əsas parametrə əsaslanaraq, oradaki suyun tərkibinin planetimizdəki suyun tərkibi ilə oxşar olduğuna aydınlıq gətirmişdilər. Beləliklə də, Yeri su ilə təmin etmiş kosmik cismlərin məhz "yaxın" kometlər olduğu yəqin edilmişdi.

İndi isə, avqust ayında Churyumov-Gerasimenko kometi orbitinə çatmış "Rozetta" kosmik zondu Yerə yeni məlumatlar ötürərək, alimləri daha əvvəlki nəticələri yenidən gözdən keçirməyə vadar edib. Əldə edilmiş son nəticələrə əsasən, komet buzunun tərkibindəki deyterium Yer suyu tərkibindəkindən xeyli çoxdur. Yəni, Yer suyunun mənşəyində "yaxın" kometlərin rolu olduğu nəzəriyyəsi şübhə altına alınır.

Tədqiqatın müəlliflərindən olan Bern Universiteti professoru Ketrin Altveqq isə hesab edir ki, son məlumatlara əsaslanaraq, Yerə suyun kometlərlə olmasa da, asteroidlərlə gətirilmiş ola biləcəyinin mümkün olduğunu demək olar.

Bu tədqiqatın nəticələri ilə çox da razı qalmayan Merilend Universitetindən olan Maykl Eyhern isə bildirir ki, "Rozetta" zondunun qazandırdığı məlumatlar möhtəşəmdir, lakin kometlərin Dünya okeanının formalaşmasında rolu olduğunu tam istisna da etmir - ehtimalla, su başqa bir komet tipi vasitəsilə Koyper Qurşağı'ndan Yerə gətirilib. Hər halda yekun qərarlara gəlmək üçün tədqiqatların davam etdirilməsi vacibdir.

Həmçinin oxuyun:

"Fila" modulu kometdə üzvi birləşmələr tapmışdı
Kometlər "amin turşusu fabrikləri" ola bilər
Yerlə toqquşmuş asteroid okeanları turşulaşdırdı
daha ətraflı...

Dinozavrların ən yaxın qohumu toyuq çıxdı

Britaniyalı alimlər toyuq və hindtoyuqlarının quşların ortaq əcdadı olan lələkli dinozavrlara münasibətdə digər quşlardan daha az xromosom dəyişikliyinə sahib olduqlarını, yəni daha yaxın qohumluqları olduğunu aşkar ediblər.

Quşların dinozavrlardan ayrılaraq təkamülləşdiyi müasir elmdə mübahisə edilməyəcək faktdır. Buna baxmayaraq alimlər dinozavrların qırılmasından sonra lələklilərin inkişafının hansı səbəblərdən baş verdiyi mövzusu ətrafındaki müzakirələrini davam etdirirlər. Bu yerdə quşlar və onların sürünən əcdadlarının genom müqayisəsi tədqiqatları köməyə gəlir.

Kent Universitetindən olan alimlər toyuq, hindtoyuğu, hindbülbülü, dalğalı tutuquşu və ördək daxil olmaqla, beş quş növünün bütöv genomlarını öyrənərək, onları müqayisə ediblər. Tədqiqatda ümumilikdə 22 genom gözdən keçirilib ki, bunlardan da biri sürünənlərə aid olub. Alimlərin araşdırmadaki digər bir məqsədinin isə lələkli dinozavrın kariotipini hazırlamaq olduğu bildirilir.

"Külli miqdarda kiçik mini-xromosomlara sahib olduqları səbəbindən, quşların genomları digər onurğalı nümayəndələri arasında xüsusi seçilir. Genlərlə xeyli zəngin bu genetik material hissələrinin dinozavrlarda da olduğunu güman edirik", - Daren Qriffin qeyd edir.

Tədqiqatın nəticələri lələkli dinozavrlara münasibətdə ən az xromosom dəyişikliyinə məruz qalmış növün toyuqlar olduğunu göstərib. Xromosom dəsti göstəricilərinə əsasən, ikinci yerdə isə hindtoyuqlarıdır.

Bununla yanaşı tədqiqatda öyrənilən canlılar arasında ən sürətli təkamül keçirmiş növlərin dalğalı tutuquşu və hindbülbülünün əcdadları olduğu da bəlli olub. Bu fakt isə oxuyan quşlar və onlara yaxın növlərin digər lələklilərlə müqayisədə daha cəld templərlə təkamülləşdiyi haqda bəhs edən nəzəriyyəni təsdiq edir.

Həmçinin oxuyun:

Yer tarixinin ən böyük quşu tapıldı
Lələklərin sirli mənşəyi: uçuş yoxsa "cazibədarlıq"?
Dinozavrlar soyuqqanlı deyildi
daha ətraflı...

December 7, 2014

"New Horizons" yuxudan oyandı: Pluton araşdırmaları başlanır

NASA-nın avtomatik planetlərarası stansiyası "New Horizons" uğurla yuxu rejimindən çıxarılıb. Cihazın bütün sistemləri normal vəziyyətdədir.

"New Horizons" zondu kosmosa 2006-cı ildə buraxılmış və 1873 gün müddətində yuxu rejimində qalmışdı - bu, səhayəti müddətinin üçdə ikisi qədərdir. Hibernasiya adlanan bu rejim ərzində enerjiyə qənaət etmək üçün cihazın bütün ikinci dərəcəli sistemləri söndürülmüşdü.

Bu oyanış "New Horizons" üçün əsas məqsədə çatmaq yolunda son addımdır. Aparatın vəzifəsi Pluton və onun peyk sistemlərini araşdırmaqdan ibarətdir. Yanvar ayından etibarən işlərə başlayacaq cihaz, 260 milyon km uzaqlıqdan cırtdan planet haqda maksimum məlumat toplamağa çalışacaq.

"New Horizons" əvvəllər mümkün olmayan bır sıra yeni üsullarla Plutonun maqnit sahəsini, atmosferini və topologiyasını öyrənəcək. Bununla yanaşı zond Yerə, peykləri ilə birlikdə Plutonun fotoşəkillərini ötürəcək. Bu peyklər arasında ən çox marağa səbəb olanı isə Xarondur ki, o da eyni zamanda cırtdan planet hesab olunur.

Cihaz 14-15 iyul 2015 tarixində Plutona maksimal qədər yaxınlaşmış olacaq, lakin planetin orbitinə girməyərək, daha da uzaqlara yol alacaq. Belə ki, NASA "New Horizons" zondunu başqa missiyalar üçün də istifadə etmək qərarı verib. Aparat Plutonu ötüb, Koyper Qurşağına daxil olaraq, orada NASA-nın seçdiyi potensial obyektləri araşdırmağa başlayacaq.

Həmçinin oxuyun:

Plutonun peyki Xaronda yeraltı okean mövcud ola bilərdi
Saturnun peyki Enseladda okean tapıldı
Europaya avtomatik zond göndəriləcək
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top