February 20, 2014

Çoxhüceyrəlilər inkişaf üçün oksigenə ehtiyac duymurdu

Dəniz süngərlərini araşdıran alimlər Yerin ilk çoxhüceyrəli orqanizmlərinin təkamülü üçün oksigenə heç də ehtiyac olmadığını aydınlaşdırdılar. Əldə edilən məlumatlar müasir elmi təsəvvürlərlə ziddiyyət təşkil edir. Tədqiqatla əlaqədar məqalə Proceedings of the National Academy of Sciences jurnalında dərc edildi.

"İlk çoxhüceyrəli canlıların meydana gəlməsi atmosferdə oksigen payının artması ilə üst-üstə düşürdü. Bildiyim qədərilə, bu orqanizmlərin hansı miqdarda oksigenə ehtiyac duyduğunu yoxlamaq heç kimin ağlına gəlməmişdi. Buna görə də biz yoxlamaq qərarına gəldik. Apardığımız tədqiqat göstərdi ki, oksigen çatışmazlığı çoxhüceyrəli həyatın yaranmasına maneə törətməməli idi", - Odense'də yerləşən Cənubi Danimarka Universitetindən olan Daniel Mills deyir.

Mills və həmkarları oksigen miqdarına nəzarət edilə bilən bir akvariumda yaşayan bir neçə dəniz süngərləri (Halichondria panicea) üzərində tədqiqat apardıqdan sonra belə qənaətə gəldilər. Bioloqların fikrincə, müasir dəniz süngərləri Yerin ilk çoxhüceyrəli canlılarının ən yaxın analoqu hesab edilə bilər. Bu da onların əcdadlarının 560-540 milyon il əvvəl hansı şərtlərdə yaşadıqları mövzusunda məlumatlara yiyələnməyə kömək edir.

Alimlər suyun oksigen miqdarını azaldaraq süngərlərin hətta 0,5% oksigen ehtiva edən şərtlərdə belə yaşamağa davam edə bildiyini aydınlaşdırdılar. Bu məlumat qədim çoxhüceyrəli həyatının hətta oksigen yoxluğunda mövcud ola biləcəyini göstərir. Tədqiqatçılar hansı səbəblərdən çoxhüceyrəlilərin təkhüceyrəlilərdən xeyli sonra təkamülləşdiyini anlamaq üçün alternativ izahlar hazırlamalı olduqlarını bildirirlər.

"Görünür ki, bu prosesdə həm də digər ekoloji və təkamül mexanizmləri rol oynayıb. Bəlkə də həyat, təkamülün çoxhüceyrəli canlılığın mövcudluğu üçün zəruri olan hüceyrə mexanizmləri inkişafına xeyli zaman sərf etməsi səbəbindən, uzun müddət mikroblar halında mövcud olub. Yəqin ki, çoxhüceyrəli həyatının kifayət qədər ağır inkişaf etdiyi səbəbindən qədim Yerdə heyvanlar yox idi", - Mills son olaraq qeyd edir.

Həmçinin oxuyun:

Çoxhüceyrəlilərin yeni əcdadı məlum oldu
Üç milyard illik orqanizmlərin genomları oxundu
Həyat su damlalarında yaranmış ola bilər
daha ətraflı...

February 19, 2014

Bu planetin 1 ili bizim 8,5 saatımıza bərabərdir

Gün ərzində sizin işdə keçirdiyiniz və ya evdə yataraq keçirdiyiniz vaxtın 700 işıq ili uzaqlıqdakı planetin 1 ilinə bərabər olduğunu təsəvvür edin. "Kepler 78b" adlı bu planet öz günəşi (ulduzu) ətrafındakı 1 dövrünü sadəcə 8,5 saatda tamamlayır.

ABŞ-ın Massachusetts Texniki İnstitutundan (MİT) olan alimlər Yer ilə eyni ölçülərdəki bu planetin indiyə qədər kəşf olunmuş ən qısa dövr müddətinə sahib olan planetlərindən biri olduğunu bildirdi. Öz ulduzuna xeyli yaxın olan Kepler 78b yaşayış üçün əlverişli deyil. Səth temperaturu 2760 dərəcə selsidən çoxdur. Planetin öz ulduzuna olan yaxınlığının Merkurinin Günəşə olan yaxınlığından 40 dəfə artıq olduğu məlumdur. Səth quruluşunun isə hərəkətdə olan lava okeanından ibarət olduğu hesab edilir. Planet tamamilə dəmir elementindən təşkil olunmuşdur.

Kepler 78b alovlar içindəki səthindəki materialların səbəb olduğu radiasiya kombinasiyalarından əks olunan işıq seli sayəsində alimlərin diqqətini cəlb etmişdi. MİT professorlarından olan Josh Winn belə qeyd edir: "Əslində bu planetin məhv olmama səbəbi onun çox sıx kütləyə sahib olmasıdır. Bu xüsusiyyəti planeti daha da inanılmaz edir".

Planet Cygnus (Siqnyus) ulduz qrupunda yerləşir. Daha da dəqiqləşdirsək, Kepler 78b sistemində olan bu planetin dövr etdiyi ulduzunun ətrafında daha 2 planet var. Ancaq onlardan Yerə ən çox bənzəyəni elə Kepler 78b-dir. Ətrafında çox zərif atmosferi var.

Bu planet Kepler teleskopundan əldı edilən məlumatlar vasitəsilə kəşf olunub. Teleskop kosmosda yerləşdirilib və ulduzlardan yayılan işıqları araşdıraraq onların ətrafında planetlərin olub olmadığını müəyyən edir. Sizə çox mənasız bir vəzifə kimi görünə bilər. Ancaq Yer bənzəri planetləri araşdıraraq bizə yeni bir evin axtarışını təmin edir. 150 mindən çox ulduzdan yayılan işığı analiz edən bu teleskop, planetlər ulduzun qarşısından keçərkən onların mövcudluğunu təsdiq edə bilir. Bu prosesi lampanın qarşısındakı milçəyin necə kölgə yaratdığını təsəvvür edərək anlaya bilərsiniz.

Ölçüsü isə Yerin ölçülərinə yaxındır demişdik. Belə ki, Yerdən cəmi 20% böyükdür. Yer kürəsinin diametrinin 12742 km olduğunu bilirik. Kepler 78b-nin diametri isə 14800 km-dir.

Həmçinin oxuyun:

Fantastikanın belə təxmin edə bilmədiyi beş qeyri-adi planet 

Qaynaq: Elm Qurdu
daha ətraflı...

Marixuana immun sistemini İİV-dən qoruyur

ABŞ-dan olan tədqiqatçılar marixuananın faydasını tapdıqlarını açıqladılar. Marixuananın komponentləri immun sistemini insanda immunçatışmazlığı virusundan (İİV) qoruya bilər. Tədqiqatın nəticələri AIDS Research and Human Retroviruses jurnalında dərc edildi.

Amerikadan olan alimlər aparılmış tədqiqatların nəticələrinə əsaslanaraq marixuananın tərkibindəki komponentlərin immun sistemini insan immunçatışmazlığı virusundan qoruya biləcəyini deyirlər.

Marixuana, elmi adı cannabis - kənafdan (və ya çətənə) hazırlanan psixoaktiv vasitə. İnsan orqanizminə təsiri kənafdaki psixoaktiv maddələrlə (kannabinoidlər) əlaqəlidir, ən təsirlisi delta-9-tetrahidrokannabinoldur. Mütəxəssislər üç əsas kənaf növləri olduğunu bildirirlər: Cannabis sativa, Cannabis indica və Cannabis ruderalis. Cannabis ruderalis tərkibində ən az tetrahidrokannabinol olan növdur.

Alimlər tədqiqatda meymunlar üzərində təcrübələr apararaq marixuananın tərkibindəki əsas psixoaktiv komponent tetrahidrokannabinol (THK) istifadəsinin bağırsaqda yerləşən immun hüceyrələrini qoruduğunu aydınlaşdırdılar.

Təcrübələrin nəticələrinə görə THK T-hüceyrələrini (limfositlər) qoruyaraq bağırsaqda İİV aktivliyinin qarşısını alır.

İİV - insanda immunçatışmazlığı virusu, son mərhələsi QİÇS adıyla tanınan infeksion xəstəliyə səbəb olur. Virus selikli qişanın birbaşa əlaqəsi və ya İİV daşıyan qan, sperma, vaginal ifrazatlar, döş südü və s. yollarla ötürülür.

Mütəxəssislər qeyd edirlər ki, marixuananın komponentləri ən az xəstəliyin inkişafını yavaşlada bilər. Perspektivdə alimlər tetrahidrokannabinol modifikasiyasını İİV ilə mübarizə üçün istifadə etməyi planlaşdırırlar.

Həmçinin oxuyun:

Siqaret asılılığı neandertallardan qaynaqlanır
Elektroşok vasitəsilə xatirələr silindi
Yaşlanmağın sirri tapıldı
daha ətraflı...

Stiven Hokinq sağala bilər

Amerikalı alimlər Stiven Hokinqin xəstəliyi ilə mübarizə aparmağın üsulunu tapmağa nail oldular. Həmçinin onun xəstəliyindən əziyyət çəkən bir çox digər insanı müalicə etməyin də. Tədqiqatın nəticələri Nature Medicine jurnalında dərc edildi.

Tədqiqatçılar beyin toxumalarındaki iltihablarla, xüsusilə də dağınıq sklerozla əlaqəli xəstəlikləri müalicə etməyin üsulunu tapdıqlarını açıqladılar. Mütəxəssislər qanda əvvəllər məlum olmayan tənzimləyici hüceyrələri aşkar etməyə nail oldular, hansılar ki ehtiyac olduqda hiperaktiv T-hüceyrələri (beyin toxumaları iltihablarının təşəbbüskarları) ilə mübarizə aparmağa qadirdirlər.

Nəticədə bu hüceyrələrin FoxA1 adlanan molekulu yaratmağa cavabdeh olduğu aydınlaşdırıldı. Bu, məhz iltihabları yatıran molekuldur.

Alimlər ümid edirlər ki, kəşfləri beyin toxumalarındaki iltihabların səbəb olduğu xəstəliklərdən əziyyət çəkən insanlara kömək edəcək. Bu insanlar arasında yan tərəf amiotrofik sklerozdan əziyyət çəkən məşhur astrofizik Stiven Hokinq də var.

Yan tərəf (lateral) amiotrofik skleroz həm də motor neyronların xəstəliyi, motor-neyron iflici, Şarko xəstəliyi və s. adlanır. Bu, mərkəzi sinir sisteminin yavaş irəliləyən, degenerativ xəstəliyidir. Üst və alt hərəkət edici neyronların məğlubiyyəti ilə xarakterizə edilir. Bütün bunlar iflic və ardından əzələlərin atrofiyasına gətirib çıxarır. Tənəffüs yollarının infeksiyaya yoluxması və tənəffüs muskulaturası çatışmazlığı isə ölümə səbəb olur.

Həmçinin oxuyun:

Ölümsüzlük mümkündür
Hokinq sayəsində öyrəndiklərimiz
Hokinq: "Qara dəliklər mövcud deyil"
daha ətraflı...

Nanomühərriklər canlı hüceyrə içərisində işlədi

Pensilvaniya Ştatı Universitetindən (ABŞ) olan biokimyaçı və biomühəndislərdən ibarət tədqiqatçı qrup ilk dəfə insanın canlı hüceyrəsi içərisinə mikroskopik sintetik mühərrikləri yerləşdirərək ultrasəs və maqnit dalğaları köməyilə onları idarə etməyə nail oldu.

Bu kiçik mühərriklər alimlər tərəfindən hələ on il əvvəl hazırlanmışdı. İndiyəcən bu nanomühərriklər insanın canlı hüceyrələrində yoxlanılmamış, yalnız xüsusi cihazlarla laboratuar şərtlərdə istifadə edilmişdi.

"Bundan əvvəl heç kim bu nanomühərriklərin necə hərəkət etdiyini, hüceyrə içərisindəki struktura necə təsir göstərdiyini və canlı hüceyrənin onlara necə mexaniki cavab verdiyini görməmişdi. Bizim tədqiqatımız sintetik nanomühərriklər istifadə edilərək hüceyrə biologiyasının yeni araşdırmalarını aparmaq üçün parlaq dəlilidir. Biz bu nanomühərrikləri hüceyrəyə içəridən mexaniki təsir göstərmə üsulları ilə xərçəng və digər xəstəliklərin müalicəsi üçün istifadə edə bilərik. Həmçinin oxşar üsullar gələcəkdə bilavasitə toxumada qeyri-invaziv şəkildə dərmanların daşınması və hüceyrədaxili cərrahiyə çətinliklərinin həll olunması üçün imkan təmin edəcək", - Pensilvaniya Ştatı Universitetindən olan kimyaçı və fizik Thomas Mallouk qeyd edir.

Rutenium və qızıl hissəciklərindən hazırlanmış mikroskopik sintetik mühərriklər görünüş baxımından raketləri xatırladır. Onlar, canlı hüceyrə içərisində hərəkət edə və lazım olduqda hüceyrə membranasını ikiyə bölə bilir.

"Əvvəlki mühərriklərimiz zəhərli yanacaq növləri ilə işləyirdi və bioloji maye içərisində hərəkət edə bilmirdi, bu səbəbdən o vaxt onları insanın hüceyrələri içərisində araşdırmağa heç bir imkan yox idi. Bu məhdudiyyət ciddi çətinlik idi", - Thomas Mallouk davam edir.


Elektron mikroskop altında HeLa
hüceyrələrinin bölünməsi
Mallouk və fransız fizik Mauricio Hoyos nanomühərrikləri ultsasəs və maqnit dalğalarının köməyilə hərəkətə gətirməyin mümkün olduğunu aydınlaşdırdılar. Tədqiqatda alimlər nanomühərrikləri insanın HeLa hüceyrələrinə yerləşdirdilər.

Bu hüceyrələrə yerləşdirilən nanomühərriklər ultrasəs dalğaları ilə istiqamətləndirilərək hüceyrə toxuması ilə hərəkət edirdilər. Ultrasəs gücü aşağı olduqda nanomühərriklər çox zəif hərəkət edir və hüceyrəyə minimal təsir göstərirdi. Ultrasəsin gücü və dolayısıyla nanomühərriklərin sürəti atrırıldıqda isə onlar hüceyrə içərisini qarışdıraraq və hüceyrənin "divarını" deşərək orqanellər ilə qarşılaşırdılar.

"Azad hərəkət nanomühərriklərə hüceyrələri seçərək məhv etməyi təmin edə bilər. Misal üçün, əgər siz onların köməyilə xərçəng hüceyrələrini axtarıb məhv etmək istəyirsinizsə, bütün nanomühərriklərin eyni istiqamətdəki hərəkəti əvəzinə onların müstəqil hərəkəti daha yaxşı olacaq. Nanomühərriklərin canlı hüceyrələrə təsir göstərmə bacarığı tibb üçün böyük perspektivlər açır. Bir gün nanomühərriklər insan bədəni içərisində səyahət edə, bir-biri ilə ünsiyyət qura və bir çox müalicə və diaqnostika növlərini yerinə yetirə biləcəklər. Bu texnologiyanın praktikada tətbiqi üçün bir çox müxtəlif üsullar mövcuddur, kəşfimizsə bizi irəliyə apardı", - Thomas Mallouk son olaraq deyir.

Həmçinin oxuyun:

Plastik hüceyrə yaradıldı
Kök hüceyrələrini əldə etməyin yeni üsulu tapıldı
Yeni nəsil spermalar: Transgenik heyvanlar
daha ətraflı...

Türk genomunun 8%-i monqol genlərindən ibarətdir

Oksford və London Universitetlərindən olan mütəxəssislər 95 müxtəlif xalqın genetik quruluşunu araşdıraraq köç, müharibə və ticarət səfərləri kimi tarixi hadisələrin genetik quruluş üzərində yüz illərdir silinməyən izlər buraxdığını aşkar etdilər. Məsələn, 13-cü əsrə damğasını vuran Çingiz Xanın Avropaya qədər çatan Monqol İmperiyasının genetik izlərinə bu gün də rast gəlmək mümkündür.

Məşhur elmi jurnal Nature Genetics'də dərc edilən tədqiqatın nəticələrinə görə uyğurlarda 50%, özbəklərdə 39%, Türkiyə türklərində isə 8% monqol geni olduğu müəyyən edilmişdir. Müstəmləkəçilik, kölə ticarəti, ipək yolu ticarəti kimi bir çox tarixi hadisənin də genetik xəritənin formalaşmasında rol oynadığı qeyd olunur.

Çindəki etnik qruplardan olan "Tu" xalqında avropalıların DNT izlərinə rast gəlinməsi bunun bir nümunəsidir. Bu vəziyyətin meydana gəlməsində 11-ci əsrdə İpək Yoluyla bölgəyə gedən tacirlərin təsiri olduğu hesab edilir.

İtaliyanın şimalında isə yaxın şərq genləri müəyyən olunmuşdur. Bu genlərin e.ə. 776-cı ildə İtaliyaya köç edən Lidiyalılardan gəlmiş ola biləcəyi düşünülür. Kölə ticarətinin bir nəticəsi olaraq Afrika genlərinin demək olar ki dünyanın hər yerinə yayıldığı müşahidə edilir.

Həmçinin oxuyun:

Genetik oxşarlıq nədir?
Naməlum insan növünə aid izlərə rast gəlindi
Neandertal genlərini oğurladıq
daha ətraflı...

Toxunuş hissiyatlı robot əl hazırlandı

Dennis Aabo Sorensen 27 yaşında ailəsiylə birlikdə tətildə olarkən fişəng qəzası nəticəsində sol əlini itirmişdir. Keçən il 36 yaşlı bu danimarkalı sinir sistemi ilə əlaqə quraraq obyektləri tutub hərəkət etdirməsini təmin edən yeni bir protez əli sınaqdan keçirmək şansı əldə etdi. Hətta daha da əhəmiyyətlisi, Science Translational Medicine jurnalında 5 fevral 2014 tarixində dərc edilən bir hesabata görə, Dennis Aabo Sorensen qəzadan bəri keçən 9 ildə ilk dəfə toxunduğu obyekti həqiqətən hiss etdi.

Protez əlin hiss xüsusiyyətləri Silvestro Micera ilə İtaliyada yerləşən Sant'Anna Tədqiqat Mərkəzindəki (Scuola Superiore Sant'Anna) və İsveçrədə yerləşən Lozan Federal Texnologiya İnstitutundakı (Ecole Polytechnique Federala da Lausanne) həmkarları tərəfindən inkişaf etdirilmişdir.

Qaynaq: Popular Science
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top