June 3, 2014

"Meqa-Yer" tapıldı

İsveçrə, İtaliya və Böyük Britaniyadan olan alimlərdən ibarət beynəlxaq tədqiqatçı qrup Kepler teleskopu vasitəsilə "Kepler-10c" adı verilən planeti kəşf edibSuperWASP rəsədxanası köməyilə planetin strukturu araşdırıldıqdan sonra onun tamamilə yeni planet tipinə (Meqa-Yer) aid olduğu aydınlaşdırılıb. Belə ki, "Kepler-10c" Yerdən 17 dəfə ağırdır.

"Kepler" - NASA-nın Günəş sistemindən kənarda - digər ulduz sistemlərində yerləşən Yerə oxşar ekzoplanetləri kəşf etmək üçün hazırladığı astronomik peykdir. Bu, belə məqsədlə hazırlanmış ilk kosmik cihazdır. Aparat, planetlərin hərəkət qanunlarını kəşf etmiş alman riyaziyyatçısı və astronomu İohann Keplerin şərəfinə adlandırılıb.

Sərt səthə malik qeyri-adi planet silisium, dəmir və digər sərt qayalıqlardan ibarətdir. Yerdən təxminən 560 işıq ili uzaqlıqda yerləşir. Öz ulduzu ətrafında bir dövrü 45 Yer gününə bərabər olan "Kepler-10c"-nin diametri 29 min kilometr təşkil edir, bu da Yerin diametrini 2,3 dəfə üstələdiyini göstərir.

Alimlərin dediyinə görə, planetin qeyri-adiliyi bundan ibarətdir ki, bütün nəzəri modellər böyük və eyni zamanda sərt qayalıq səthə malik planetlərin mümkünlüyünü dəstəkləmir, çünki belə nəhənglərin güclü cazibə qüvvəsi sərt materiallardan başqa həm də kainatda çoxluq təşkil edən hidrogen və heliumu planetə cəzb etməli idi. Bu proses də "Kepler-10c"-ni sərt qayalıqlara sahib planetə deyil, daha çox Yupiterə oxşayan qaz nəhənginə çevirlməli idi.

"Belə planetlərin mövcudluğu kainatda həyatın necə inkişaf etmiş olduğu ilə əlaqəli tədqiqatlar üçün yeni üfüqlər açır", - Cenevrə Universitetindən olan Stefan Udri qeyd edir.

"Kepler-10c" ilə eyni ulduz sistemində yerləşən digər planet "Kepler-10b" isə Yerdən 3 dəfə ağırdır. Bu planet ulduzuna o qədər yaxındır ki, onun ətrafındaki dövrü cəmi 20 Yer saatı müddətinə tamamlanır. Nəzəri olaraq bu planetin əsasən maye dəmirdən ibarət olduğunu demək olar.

"Kepler-10c"-nin yaşının təxminən 11 milyard ilə bərabər olduğu bildirilir (müqayisə üçün - Yerin yaşı 4,5 milyard ildir). Belə ağır obyektlərin meydana gəlməsi üçün ağır elementlərə ehtiyac var. Planetin sıxlığı da onun sərtliyindən xəbər verir. Alimlər "Kepler-10c"-nin atmosferə sahib ola biləcəyini istisna etmirlər. Tədqiqat göstərir ki, belə ağır və sərt ekzoplanetlər hələ kainatın başlanğıcında formalaşıb, indiyədək varlıqlarını davam etdirə bilər.

Həmçinin oxuyun:

"Yerin əkizi" adına layiq planet kəşf edildi
Həyat zonasında yerləşən daha 3 "superyer" tapıldı
Fantastikanın belə təxmin edə bilmədiyi 5 qeyri-adi planet
daha ətraflı...

June 2, 2014

Qarabəniz yoxsa sarışın - cəmi bir hərflik fərq

İnsanın xarici görünüşü əsasən onun dəri və saçının rəngi ilə müəyyən edilir. Alimlər uzun müddətdir ki, belə əlamətlərin genetik əsası və təkamülünün axtarışındadırlar. Son 6 il ərzində minlərlə insan üzərində aparılmış tədqiqatlar nəticəsində yalnız sarışınlara xas minimum 8 DNT hissəsi aşkar edilib. Tapılmış bəzi genetik mutasiyalar eyni anda həm dəri, həm də saç rəngini dəyişdirməyə qadirdir. Digər mutasiyalarsa bədənin yalnız bir və ya bir neçə hissəsinin genetik informasiyasını dəyişdirdiyindən, məsələn, saç rəngini dəyişdirə, dəri rəngini isə olduğu saxlaya bilər.

Sarışınların yayğın olduğu Şimali Avropa insanlarında KITLG geni var, hansının ki dəyişikliyi birbaşa saç rəngi ilə əlaqəlidir. Bu gen orqanizmdəki hüceyrələrin düzgün yerləşiminə və spesializasiyasına cavabdeh olan zülalı kodlaşdırır. Stenford Universitetindən olan Devid Kinqsli uzun müddətdir ki, təknukleotidli polimorfizmləri araşdırırdı. Alim, həmkarları ilə birlikdə tikanlı balıqların rəngini məhz bu genin dəyişdirdiyini tapmağa nail olmuşdu. Tikanlı balıqlar buzlaqların çəkilməsindən sonra duzlu göllərdə təcrid olunmuşdular və hər populyasiya bir-birindən ayrı inkişaf edirdi. Suyun şəffaflığından asılı olaraq, balıqlar daha tünd və daha açıq rənglər alırdı.

İndi isə Kinqslinin tədqiqatçı qrupu eyni dəyişikliklərin insanların da saç rənginə təsir etdiyini irəli sürüb. İlk öncə alimlər Niderland və İspaniya sakinlərindən alınan KITLG geninin nukleotid ardıcıllığını ətraflı araşdıraraq, saç rənginə təsir edə biləcək bütün təknukleotidli polimorfizmləri qeyd etdilər. Ardından hər bir polimorfizm hadisəsi üçün iki gen versiyası yaratdılar. Bunlardan birində kodun əsas hərfini saxlayaraq, digərində onu "əks" nukleotidlə əvəz etdilər (adenin-quanin). Bu genlər siçanların hüceyrələrinə yerləşdirildi. Nəticələrə əsasən, belə kiçik dəyişikliklər boz tükləri ağ tüklərlə əvəz etməsə də, çalarlıqda nəzərə çarpacaq qədər açıqlaşma baş verdi.

Laboratoriyada yetişdirilmiş insan hüceyrələri üzərindəki eksperimentlər göstərdi ki, təknukleotidli polimorfizm geni nə aktiv, nə də deaktiv edir, sadəcə onun aktivliyini təxminən 20% azaldır. Bu, saçın daha tünd və ya daha açıq rəng alması üçün kifayətdir. Başqa deyimlə, DNT-nin cəmi bir müəyyən nukleotidinin dəyişdirilməsi ilə çalarlığı fərqləndirmək olar.

Genetika nöqteyi-nəzərindən digər bəzi variasiyalardan fərqli olaraq, sarışınlara aid bütün stereotiplər təsdiqlənmiş deyil. Məsələn, məlumdur ki, kürən saçlı insanların genetik dəyişikliyi onların zülal strukturuna təsir etməklə yanaşı, həm də orqanizmdəki bir çox funksiyalara da təsir edir.

Həmçinin oxuyun:

Qədim avropalı mavi gözlü və qarabəniz idi
Alçaqboylular daha uzunömürlüdür
İnsanın ən qədim genomu canlandırıldı
daha ətraflı...

June 1, 2014

Anabioz həyata keçir: Xəstələr dondurularaq müalicə ediləcək

Xəstəyə ölüm diaqnozu qoyulduqda xəstə həqiqətən də ölü olur? Belə vəziyyətdə xəstəni diriltməyin hər hansı bir üsulu var? Gələcəyin uzun sürən kosmik səyahətlərini 70-80 illik insan ömrü ərzində necə reallaşdıra bilərik? Mütəxəssislərin dediyinə görə, əldə edilmiş yeni tibbi metodika sayəsində bu suallar cavablandırılacaq.

ABŞ-dan olan alimlər tibb tarixində ilk dəfə insanlar üzərində anabiozla əlaqəli kliniki sınaqlar keçirməyi planlaşdırır. Sınaqlar Amerika Dərman və Qida Komissiyası tərəfindən dəstəklənib. Uğurlu nəticələr alınsa, cərrahlar hətta ən ağır yaralı və çoxlu qan itirmiş insanların belə həyatlarını xilas edə biləcəklər. Bununla yanaşı metodika digər sahələrdə - gələcəkdə uzun sürən kosmik səyahətlərdə də istifadə edilə bilər.

Anabioz - orqanizmin elə bir halıdır ki, bu zaman canlılarda bütün həyat prosesləri (maddələr mübadiləsi və s.) o qədər zəifləyir ki, həyat təzahürləri müşahidə edilmir. Termin ilk dəfə 1873-cü ildə alman alimi Uilyam Preyer tərəfindən təklif edilib.

Tədqiqatçıların əsas vəzifəsi ağır yaralı insanların həyatını xilas etməyin üsulunu tapmaqdır. İnsanı süni ölümə salan "bədənin dondurulması texnologiyası" məhz bu məqsədlə inkişaf etdirilir. Bədən dondurulduqda həyati orqanlar bir növ yuxuya dalır və ən mənfi nəticəsi qida çatışmazlığı olur. Bu prosesdə isə həkimlər əlavə vaxt qazanırlar, dolayısı ilə xəstəni xilas etmək şansı da artmış olur.

İnsanı anabioz vəziyyətinə salmaq üçün Pittsburqdan olan həkimlər xəstənin qanını xüsusi duzlu məhlulla əvəz etmək istəyirlər - bu, bədəni içəridən soyudacaq. Süni qan dövranı cihazı köməyilə isə qan sirkulyasiyasını bərpa edərək, insanı yenidən "diriltmək" mümkün olacaq.

Proses, texniki olaraq, belə tətbiq ediləcək. Xəstənin aortasına soyuducu məhlul yeridilir. Məhlul ürəkdən keçərək xilas edilməli olan ilk orqana - beynə çatır. 15 dəqiqə sonra isə xəstənin bədəni 10 dərəcə soyumağa başlayır. Nəticədə xəstə nəfəs almağı dayandırır, ürəyi döyünmür və beyin aktivliyi qeydə alınmır. Faktiki olaraq, ölür. Lakin belə vəziyyətdə hüceyrələrdə maddələr mübadiləsi, demək olar ki, baş vermədiyindən, oksigenə ehtiyac duyulmur. Oksigensiz reaksiyalar müəyyən bir miqdarda enerji hasil edilməsini təmin edir, hansı ki belə vəziyyətdə lazımlı hesab edilir. Normal temperaturlarda hüceyrələr bu cür anaerob vəziyyətdə 2 dəqiqədən artıq yaşaşa bilmir, dondurulmuş vəziyyətdə isə onlar bir neçə saat ərzində sağ qalmağa qadirdir.

Ardından xəstənin bütün aparatlarını söndürərək, onu əməliyyət otağına köçürürlər. Ağır yaraları sağaltmış həkimlər daha sonra duzlu məhlulu bədəndən xaric edərək, qanı geri qaytarır və ən mühim mərhələ hesab edilən "diriltmə" müalicəsinə keçid alırlar.

"Biz, həyatı dayandırırıq. Amma bunu anabioz adlandırmaq daha çox elmi fantasika kimi səslənir. Bunu, təcili qorunub saxlanma və bərpa adlandırardım", - tədqiqatın başında duran cərrah Semüel Tişerman qeyd edir.

"Əgər xəstə öldükdən 2 saat sonra xəstəxanaya gətirilirsə, onu dirildə bilməyəcəyik. Amma əgər xəstəni öldükdən əvvəl anabioz vəziyyətinə salsaq, anatomik problem aradan qaldırıldıqdan sonra xəstə həyata qayıdacaq", - tədqiqatın müəlliflərindən olan Arizona Universitetindən olan Piter Ri deyir.

Canlıları anabioz vəziyyətinə salma texnologiyası hələ 2000-ci ildə inkişaf etdirilib. O vaxt Piter Ri donuzlar üzərində eksperiment aparmışdı. Nəticədə ölümə məhkum olan laboratoriya canlılarının 90%-i uğurla həyata qaytarılmışdı.

"O vaxt eksperimentlər apardıqdan sonra ölümün tərifinin dəyişdiyini anladım. Hər gün işdə xəstələrə ölüm diaqnozu qoyuram. Onlarda heç bir həyat əlamətləri olmur, ürək döyünmür, beyin aktivliyi dayanır. Kağızlara imza atıram, amma yenə də qəlbimin dərinliklərində anlayıram ki, onlar əslində ölməyiblər. Mən, onları müvəqqəti söndürə bilərəm. Amma bunun əvəzinə onları morqa göndərməli oluram. Bunun həlli olduğunu bildiyim üçün çox kədərlənirəm. Biz ki artıq hüceyrələri dondura bilərik", - Piter Ri əlavə edir.

Anabiozla əlaqəli ilk kliniki təcrübələrdə çoxlu qan itirdikdən sonra koma vəziyyətinə düşmüş 10 xəstə iştirak edəcək. Onlar üzərində alınan nəticələr ənənəvi üsullarla sağaldılmağa çalışılacaq bir neçə anoloji xəstə ilə müqayisə ediləcək. Alimlər uğurlu nəticələr alındığı təqdirdə, bunu gələcəkdə digər sahələrdə də istifadə edilə biləcəklərini bildirirlər. Bədənin müvəqqəti dondurulub bir müddət sonra yenidən işlək hala salına bilməsi fikri hələlik yalnız elmi fantastika hesab edilən uzun kosmik səyahətlər mövzusunda yeni ümidlər təmin edir.

Həmçinin oxuyun:

Həyat və ölüm arasındaki "sərhəd" nədir?
İlk avtonom süni ürək köçürüldü
Yaşlanma prosesi dal-dalı getdi
daha ətraflı...

May 29, 2014

Kosmosda həyat necə keçir?

Kosmonavtlar saçlarını necə qırxır? Çəkisizlikdə ağlasaq nə baş verər? Dişlərin yuyulmasından sonra diş məcununu hara tüpürməliyik? Beynəlxalq Kosmik Stansiyası astronavtı Kris Hedfild bütün kosmik sirrlərə aydınlıq gətirir.

Kosmos heyranları məkan deformasiyası, teleportasiya ötürücüləri, plazma silahları və yadplanetli həyatı haqda danışmağı sevir. Bununla yanaşı real kosmik həyatda başqa kifayət qədər maraqlı detallar da var və bunlar haqda yalnız orbital stansiyada olmuş insanlar xəbərdardır.

Kanadalı astronavt Kris Hedfild (açıq kosmosda olmuş ilk kanadalı) hazırladığı videoroliklərində bu sirrlərdən bir neçəsini öz izləyicilərinə təqdim edir: Beynəlxalq Kosmik Stansiyasında həyat necə keçir?

1. Kosmosda nəmli dəsmalı sıxsaq nə olar?



2. Dırnaqları tutduqda onların ətrafa dağılmaması üçün hava kanalından yararlanmaq lazımdır



3. Çörək qırıntılarının ətrafa dağılmaması üçün buterbrod hazırladıqda lavaşdan istifadə etmək lazımdır



4. Dişləri yuduqda məcundan qurtulmağın yeganə yolu onu udmaqdır



5. Astronavt qusduqda mayenin ətrafa yayılmasının qarşısını almaq üçün xüsusi paketlər hazırlanmışdır



6. Saçı qırxdıqda tüklərin dağılmaması üçün saç qırxan aparata tozsoran yerləşdirilmişdir



7. Kosmik desertlər plastik kisələr içərisində saxlanan pudinqlərdir



8. Tərəvəz və göyərti qurudularaq sellofanlara yerləşdirilir. İspanaq yeməzdən əvvəl isə onu yaxşıca islatmaq lazımdır



9. Astronavtlar əl yumaq üçün içərisində hazır sabunlu su olan flakonlar istifadə edir



10. Çəkisizlikdə çərəz qabını açmaq



11. Yuxuda olarkən təsadüfən uçmamaq üçün astronavtlar kayutanın divarına bağlanmış xüsusi geyimlərdə yatırlar



12. Kosmosda nəbadə ağlayasan, çünki sonra yaşdan qurtulmaq baş ağrısı olacaq


Həmçinin oxuyun:

daha ətraflı...

Antimaddə hara yox oldu?

Alman fiziklər bır sıra eksperiment keçirərək protonun maqnit hərəkətini dəqiq ölçməyə çalışıblar. Tədqiqatlarla müasir elmin ən böyük sirlərindən biri aydınlaşdırıla bilər. Nature jurnalında dərc edilən məqalədə içərisində yaşadığımız dünyanın necə formalaşdığına dair cavabların axtarışından bəhs edilir.

Qəbul edilmiş nəzəriyyəyə əsasən, 13 milyard il əvvəl Böyük Partlayış (The Big Bang) toqquşduqda annihilyasiya oluna biləcək eyni miqdarda maddə və antimaddə doğurub. Sual yaranır: əgər kainatımızın əvvəlki mərhələlərində eyni miqdarda maddə və antimaddə mövcud idisə, həmin antimaddə hara yox oldu və yaşadığımız kainat niyə əsasən maddədən ibarətdir?

Son illər ərzində fiziklər bu sirrin üstünü açmağa çalışırdı. Ən perspektiv istiqamətlərdən biri hissəcik və antihissəciklərin maqnit hərəkətinin müqayisəsidir. Onlar arasındaki hətta cüzi fərq belə mövcud maddə və antimaddə assimetriyasını izah edə bilər.

Alman fiziklərin apardığı genişmiqyaslı tədqiqatlar bu sualların cavablandırılmasına kömək edəcək. Son tədqiqatda alimlər vacib nəticələrə yiyələndiklərini qeyd edirlər. Belə ki, ilk dəfə ayrı protonun maqnit hərəkətini dəqiqliklə ölçməyə nail olublar. Nəticələr Penninq tələsində ələ keçirilmiş hissəcik spektroskopiyası vasitəsilə əldə edilib. Tədqiqatın başında duran Andreas Mozer indiyədək bu vacib ölçünün heç vaxt bilavasitə ölçülmədiyini qeyd edir.

Hazırladıqları məqalədə alimlər protonun maqnit hərəkəti ölçüsünün dəqiqlik dərəcəsinin üç dəfə yaxşılaşdırıldığını bildirirlər -  0,000000003-ə qədər. Beləliklə, son 42 il ərzində ilk dəfə bu cür vacib fundamental konstant dəqiqləşdirilib. Penninq tələsində ayrı hissəcikləri istifadə edən yeni metodika tezliklə antiprotonun maqnit hərəkətinin daha dəqiq ölçülməsində tətbiq ediləcək.

Həmçinin oxuyun:

Antiqravitasiya axtarışları başlandı
İşıqdan materiya əldə ediləcək
Nobel mükafatına layiq kəşfə imza atıldı
daha ətraflı...

Hokinq İngiltərə millisinin uğur düsturunu təqdim etdi

2014-cü il futbol üzrə dünya çempionatında İngiltərə millisinin uğuru hansı faktorlardan asılı olacaq? Məşhur britaniyalı nəzəri fizik Stiven Hokinq bu sualı cavablandırmağa çalışır.

Futbol üzrə 2014-cü il dünya çempionatı 12 iyun-13 iyul tarixləri arasında Braziliyada keçiriləcək. İngiltərə millisi D qrupunda rəqibləri olan Uruqvay, Kosta-Rika və İtaliya komandaları ilə mübarizə aparmalı olacaq. Stiven Hokinq, vətənini təmsil edən İngiltərə futbol millisinin dünya çempionatında qələbə şansını necə artıracağı barədə açıqlama verib. Nəzəri fizik 1966-cı ildən bəri millinin çıxışlarına təsir edən əsas faktorları araşdıraraq, uğurlu oyun göstərmək üçün lazımlı olan optimal şərtləri izah edən xüsusi düstur hazırlayıb.

"Sivilizasiyanın başlanğıcından bəri insanlar dünya quruluşunun nizamına dair biliklərə yiyələnmək üçün alışıb-yanırdılar. Bir çox hadisələrin izahedilməz olduğu fikri onları məmnun etmirdi. Futbol üzrə dünya çempionatı da həmin seriyadan olan hadisədir", - Hokinq qeyd edir.

Tədqiqatın nəticələrinə əsasən, İngiltərə millisi qırmızı formada çıxış etməlidir. Hokinqin dediyinə görə, futbolçular 4-3-3 sxemi (4 müdafiəçi, 3 yarımmüdafiəçi və 3 hücumçu) ilə fizioloji nöqteyi-nəzərindən özlərinə daha əmin olacaqlar. Hokinq izah edir ki, qapıya penalti yerinə yetirildikdə qapıçıların sola və ya sağa tullanması nəticəsində qolun qarşısı 18%-lik ehtimalla alına bilər. İngiltərə millisinin qələbə şansı həm də ekoloji faktorlardan asılıdır.

"Temperaturun 5 dərəcə artması qələbə şansımızı 59% azaldır. Millimiz dəniz səthinin ən az 500 metr hündürlüyü səviyyəsində ikiqat artıq qələbə qazanır", - Hokinq deyir.

Bununla yanaşı fizik matçların İngiltərə vaxtı ilə 15.00-da başlanmasının daha sərfəli olduğunu açıqlayır - belə olduqda qələbə şansı bir neçə dəfə artır. Futbolçuların uğurlu çıxışının isə hakimlərdən asılı olduğunu hesab edir. Statistikasına əsasən, hakimlərin avropalı olduğu qarşılaşmaların 63%-ndə İngiltərə millisi qalibiyyət qazanıb. Bütün bunlara baxmayaraq, Hokinq Braziliya millisini yaxşıca dəyərləndirməyin vacib olduğunu vurğulayır.

"Bütün riyazi və rasional fikirlər burada işləmir - mən ingilisəm və çempionatın finalı yolunda bizim uşaqlara azarkeşlik edəcəm. Lakin Braziliya millisindən çəkinməmək üçün ağılsız olmalısan. Onlar, futbol üzrə bütün əvvəlki çempionatların 30%-i qazanıblar və məlumdur ki, öz vətənlərində oynadıqları səbəbindən iqlim və psixoloji üstünlükləri var", - Hokinq son olaraq əlavə edir.

Həmçinin oxuyun:

Hokinq: "Süni intellekt bəşəriyyətin ən böyük səhvi ola bilər"
Hokinq mərci udduğunu hesab edir
Hokinq: "Qara dəliklər mövcud deyil"
daha ətraflı...

Təkamül nəzəriyyəsinə əlavələr edilə bilər

Amerikalı alimlər ilk dəfə dəniz daraqlılarının genetik şifrəsini oxuyaraq, təkamül nəzəriyyəsinin təməl qanunlarını şübhə altına salıblar.

Florida Universitetindən olan alimlər "dəniz gəlmələri" adlanan daraqlıların strukturunu araşdıraraq, onların genetik şifrəsini oxumağa nail olublar. Tədqiqatın nəticələri göstərib ki, daraqlılar təkamül prosesində unikal sinir sistemi formalaşdırıblar, hansına ki heç bir digər növdə rast gəlinmir.

İndiyəcən hesab edilirdi ki, heyvanlar aləmi nümayəndələrinin sinir sistemi sıravi sinir hüceyrəsindən mürəkkəb beynə qədər inkişaf edib. Lakin daraqlıların yenicə əldə edilmiş genetik məlumatı təkamülün onlar üçün fərqli istiqamət seçdiyini göstərir. "Dəniz gəlmələri" neyronların formalaşmasına cavabdeh olan genlərə sahib deyil. Bununla yanaşı orqanizmlərində sinir impulslarının ötürülməsini təmin edə biləcək kimyəvi maddələr də yoxdur. Onların sinir sistemi digər mexanizmlərlə işləyir.

Bir çox mütəxəssislər əldə edilmiş nəticələrlə heyvanlar aləminin yenidən təsnif edilə biləcəyini bildirir, çünki daraqlıların genetik informasiyası ənənəvi təkamül nəzəriyyəsinə bir sıra dəyişikliklər edilməsinin vacib olduğunu göstərir. Bundan başqa aparılmış tədqiqat sayəsində neyronların formalaşması üçün lazımlı olan və elmə məlum olmayan müxtəlif maddələr kəşf edilmiş ola bilər, bu da tibb sahəsində Altshaymer və Parkinson kimi xəstəliklərin müalicəsində əhəmiyyətli irəliləyişlər etməyimizə gətirib çıxara bilər.

Alimlər əlavə edir ki, daraqlılar həm də möhtəşəm regenerasiya bacarığına malikdir. Onlar, sinir hüceyrələrini bərpa edərək hətta ən güclü zədələri belə sağalda bilirlər.

Həmçinin oxuyun:

Çoxhüceyrəlilərin yeni əcdadı məlum oldu
Çoxhüceyrəlilər inkişaf üçün oksigenə ehtiyac duymurdu
İnsanlar və kalmarların gözü niyə oxşardır?
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top