June 8, 2014

Ayın mənşəyi aydınlaşdırılır

Alimlər ilk dəfə Ayın milyard illər əvvəl nəhəng kosmik cismin Yerlə toqquşmasından yaranmış olduğuna dair dəlillər əldə etdiklərini bildirirlər. "Apollon" missiyası çərçivəsində amerikalı astronavtların Aydan Yerə gətirdiyi qayalıq nümunələri üzərində aparılmış analiz işləri onların, "Teya" adını almış hipotetik cismə aid mineral izləri daşıdığını göstərir. Mütəxəssislər tapıntı sayəsində illər əvvəl irəli sürülmüş Ayın 4,5 milyard illik tarixi ilə bağlı hipotezin nəhayət təsdiq edildiyini deyirlər.

Hipotetik planet yunan mifologiyasında ay tanrıçası Selenanın anası "Teyanın" şərəfinə adlandırılmışdır. Toz və qayalıqlarla örtülü Teyanın Yerlə toqquşması hələ Günəş sisteminin erkən formalaşma mərhələsində baş verib. 1980-ci illərin əvvəllərində təklif edilmiş bu hipotez indiyədək heç bir fakta əsaslanmırdı. Bir tərəfdən analizlər göstərirdi ki, Ay qayalıqları Yer mənşəlidir, digər tərəfdənsə kompüter modelləri Ayın əsasən Teyaya aid qayalıqlardan formalaşmış olduğuna işarə edirdi. Get-gedə bu hipotezə ümidlər azalsa da, nəhayət ki, alimlər daha dəqiq analizlər nəticəsində Ayın Yerə aid olmayan qayalıqlardan qurulduğuna dair sübutlar əldə etdilər.

"Biz, Yer və Ay qayalıqlarının izotop tərkibində cüzi fərqliliklər aşkar etdik ki, bu da toqquşma nəzəriyyəsini təsdiq edir", - Göttingen Universitetindən olan Deniel Hertvarts qeyd edir.

Hertvarts və həmkarları tədqiqatda Yer və Aya aid qayalıqların izotop tərkibindəki oksigen fərqliliklərini dəqiqləşdirdikdən sonra nəticələrin Yer və Teyanın formalaşdığı qayalıqlar üçün identik olduğunu anladılar. Bu qəribə faktı izah etmək üçün mütləq Teyanın Yer yaxınlığında bir yerdə yarandığını və bu səbəbdən oxşar izotop tərkibləri olduğunu əlavə etmək lazımdır. Əgər belədirsə, o zaman Günəş sistemindəki planetlərin yalnız özünə xas kimyəvi tərkibi olduğuna dair hipotez təkzib edilməli olacaq.

Britaniya Açıq Universitetindən olan Maheş Manand isə əldə edilən sübutların hələlik kafi olmadığını və Ayın digər rayonlarına aid nümunələrin də gözdən keçirilməsinin vacib olduğunu deyir.

Həmçinin oxuyun:

Europaya avtomatik zond göndəriləcək
Asteroidin "anatomik atlası" tərtib olundu
İlk ekzopeyk tapılmış ola bilər
daha ətraflı...

June 5, 2014

"Emosional" robot təqdim edildi

Yapon firması Softbank və fransız firması Aldebaran Robotics tərəfindən hazırlanmış yeni "Pepper" adlı robot faktiki olaraq süni intellektə sahibdir. Belə ki, robot insan emosiyalarını oxuyaraq onlara cavab verə bilir. Robotun iş prinsipi "emosional mühərrik" və süni intellektə əsaslanır. Hava texnologiyası köməyilə "Pepper" jestləri, sifət ifadələrini və səsin emosional çalarlığını analiz etməyə qadirdir.

Mütəxəssislər robotun tamamilə təhlükəsiz olduğunu, insanların onunla eynən ailə üzvləri kimi sakit rəftar edə və ona müxtəlif vəzifələr əmr edə biləcəklərini bildirirlər. Yaxın gələcəkdə bütün dünyada satışa buraxılacaq robotu 1930$-a əldə etmək mümkün olacaq.

"Hər hansı bir insanda empatiya azlığı, emosiya və ya oxuma problemi olduğunu demək istəyəndə onu robotla müqayisə edirlər. Bəşəriyyət tarixinin ilk emosional robotunu təqdim edirik", - Masayosi Son qeyd edir.

Tezliklə belə robotlar insanları əvəz edərək yalnız istehsal sahəsində deyil, həm də ev işlərində, ev heyvanlarına və qocalara nəzarətdə istifadə ediləcək. Xatırladaq ki, hal-hazırda ev robotları Honda və Panasonic kampaniyaları tərəfindən də təkmilləşdirilir.

"Emosional robotlar həyatımıza yeni boyut və texnologiya ilə qarşılıqlı əlaqəmizdə yeni yollar açacaq. Bu, perspektivli reallığın hələ başlanğıcıdır", - Bruno Mezonye deyir.

Qeyd edək ki, məşhur astrofizik Stiven Hokinq bu yaxınlarda verdiyi açıqlamada süni intellektli robotların bəşəriyyətin inkişafındaki ən böyük səhv ola biləcəyini ifadə edib. Alim, gələcəkdə robotların bütün sahələrə yiyələnərək insanlar üzərində qura biləcəkləri hakimiyyətindən ehtiyatlandığını dilə gətirməkdən çəkinməyib.


Videonu izləmək üçün klikləyin

Həmçinin oxuyun:

Hokinq: "Süni intellekt bəşəriyyətin ən böyük səhvi ola bilər"
Yaponiya kosmosdan enerji əldə edəcək
Toxunuş hissiyatlı robot əl hazırlandı
daha ətraflı...

Tapılmış çənə sümüyü fosili məməlilərin mənşəyinə işıq tutur

Avstraliyanın Viktoriya əyalətində tapılan bu kiçik çənə sümüyü fosili yaşayan bütün məməlilərin təkamülünə və mənşəyinə işıq tutur.

Tapıntı ilə bağlı məqalə Monaş Universitetinin saytında dərc olunub. Bishops adı verilən bu yeni məməli növü bizlər də daxil olmaqla bütün məməlilərin əcdadı ola bilər. Təxminən 100 milyon il əvvəl yaşamış olan bu kiçik məməli, o dövrlərdə dinozavrlardan qorunmaq üçün ehtimalla ağaclıq yerlərdə yer altında qazdıqları tunellərdə yaşayırdılar. Çənə fosili yalnız 1,6 sm olan bu kiçik canlının boyu böyük təxminən 15-18 sm ölçüsündədir.

Heyvanın çənə sümüyü fosilini araşdıran antropoloqlar, heyvanın gecələr ortaya çıxıb omnivor (bitkilər, heyvanlar, göbələklər) qidalandığını ifadə edirlər.

"Bishopsun sürünənlərdən plasentalı məməlilərə keçiddə mükəmməl bir nümunə olduğunu düşünürük. Bishopsun çənə quruluşu müasir plasentalı məməlilərə oxşasa da, daha çox sürünənlərin çənə quruluşuna bənzəyir. Bu səbəbdən məməlilərin təkamülündə əhəmiyyətli bir nümunədir", - tədqiqatda iştirak edən Monaş Universitetindən olan antropoloq Karen Yavzki qeyd edir.

Həmçinin oxuyun:

Məməlilərin son əcdadı tapıldı
Nəhəng ördəkburun fosilləri tapıldı
Ən qədim doğan sürünən fosilləri tapılı
daha ətraflı...

June 4, 2014

Kapteyn ulduz sistemindən iki yeni ekzoplanet

Queen Mary Universitetindən olan astronomlar nəhayət ki Günəş yaxınlığında yerləşən Kapteyn ulduzu orbitində dövr edən iki ekzoplanetin tapıldığına dair açıqlama verib. Planetlərdən biri - Kepler b'nin ulduzu ilə arasındaki məsafəsi orada maye suyun və yadplanetli həyatının mövcudluğunu dəstəkləyir. Üstəlik ulduz sistemi Yerdən cəmi 13 işıq ili uzaqlıqda yerləşir.

Hələ 19-cu ərsin sonlarında kəşf edilmiş Kapteyn məlum olan ikinci ən sürətli ulduzdur və qalaktika örtüyünə - qalaktikamız orbitində dövr edən ulduz buludlarına daxildir. Kütlə baxımından Günəşdən 3 dəfə kiçikdir. Bu qırmızı cırtdan ulduzu hətta həvəskar teleskoplarla belə izləmək olar.

Astronomlar Çilidə yerləşən La Silla rəsədxanasındaki HARPS teleskopu spektrometrinin təmin etdiyi məlumatlarla Kapteyn ulduz sistemindəki kiçik yırğalanmaları ölçdülər. Bununla yanaşı tədqiqatda HIRES və PFS kimi daha iri teleskoplardan istifadə edildi.

Məlumatlar əsasında Kapteyn b və Kapteyn c adı verilən iki planet aşkar edildi. Kapteyn b Yerdən minimum 5 dəfə ağırdır, 11,5 milyard il yaşındadır və orbital dövrü 48 Yer gününə bərabərdir. Yəni planet yetərincə istidir ki, səthində maye suyun mövcudluğunu mümkün etsin. Maye su isə, bildiyimiz qədərilə, kainatda həyatın yaranmasını təmin edən əsas maddədir. İkinci planet Kapteyn c özü ilə birlikdə ağır "superyeri" təqdim edir. Bir ili 121 günə bərabərdir. Astronomlar hesab edir ki, Kepler b'dən fərqli olaraq, Kepler c'də şiddətli soyuqlar səbəbindən maye suyun mövcudluğuna ehtimal yoxdur.

Hələlik məlum olan sadəcə planetlərin bəzi xarakteristikalarıdır: təxmini kütlə, orbital dövr və ulduz ilə aradaki məsafə. Alimlər qeyd edir ki, bir neçə il sonra hazır olacaq yeni nəsil əlatlər köməyilə hər iki planetin atmosferi araşdırılaraq, oradaki su və yaşayış kimi ehtimallar təsdiq edilə bilər. Buna baxmayaraq alimlər xüsusilə Kapteyn b'yə daha çox əhəmiyyət verdiklərini gizlətmirlər. Belə ki, yadplanetlilərin evi ola biləcək ən qədim planet Kapteyn b kosmik miqyasda Günəş sisteminin bir addımlığındadır - bizdən cəmi 13 işıq ili uzaqlıqda yerləşir.

Həmçinin oxuyun:

"Meqa-Yer" tapıldı
Qanimeddə həyat ehtimalı yüksəkdir
Həyat ola biləcək planetlərin sayı daha çoxdur
daha ətraflı...

Üç valideyndən olan uşaqlar gəlir

Tezliklə Böyük Britaniyada üç valideyndən olan uşaqlar doğula bilər. Belə ki, mayalanma prosesində uşağın iki gələcək valideyni ilə birlikdə sağlam mitoxondriyə sahib "ikinci ana" da iştirak edəcək. Belə dölləndirmə texnologiyası anadan ötürülən DNT qüsurlarının səbəb olduğu ölümcül xəstəliklərlə mübarizə üçün inkişaf etdirilib. Bu xəstəliklər anadan balaya ötürülən mitoxondri qüsurları ilə ortaya çıxır. Statistikaya əsasən mitoxondri içərisində daşınan xəstəliklər yeni doğulan hər 6500 uşaqdan birində görülür, hansılar ki əzələ distrofiyası, korluq, ürək çatışmazlığı və digər bir çox təhlükəli xəstəlikləri meydana gətirir.

Britaniya insan embriologiyası və dölləndirilməsi idarəsi (HFEA) iki qadının yumurta hüceyrəsi və bir kişinin sperması istifadə ediləcək yeni mayalanma üsulu üçün şərtlər təqdim edir. Belə mayalandırma ilə doğulacaq uşaqlara hər üç valideyndən genetik irsilik ötürüləcək.

"Getdiyimiz istiqamət metodun təhlükəsizliyini təsdiq edir, amma yenə də bizi nələrin gözlədiyini dəqiq proqnozlaşdıra bilmirik, bu səbəbdən hələlik diqqətli olmağa çalışırıq. Sağlam uşaq doğulmayanadək bu texnologiyaların 100% təhlükəsiz olduğunu ifadə edə bilmərik", - HFEA-nın bir yerə topladığı elmi konsiliumun iştirakçılarından olan Robin Lovel-Bac qeyd edir.

Bu üsul həmçinin yeni gen terapiyası növünə qapı açır. Genetik dəyişiklikləri mühim edən metod sayəsində dəyişdirilmiş informasiya nəsillər ərzində ötürülə biləcək. Gen terapiyası əleyhdarları isə bunun gələcəkdə insan üzərində genetik modifikasiyalar aparılmasına qədər inkişaf edəcəyini deyərək, etirazlarını bildirirlər. Buna baxmayaraq alimlər yeni mayalandırma üsulunun nə qədər tez həyata keçsə, insanlar üçün bir o qədər faydalı ola biləcəyini deyirlər. Səhiyyə Nazirliyindən olan Salli Devisin sözlərinə görə, bu, həm də uşaqları ölümdən xilas etməyin çarəsidir.

Yaxın perspektivdə hökümətin dəstəyi ilə tədqiqatlar aparılacaq. Yalnız bundan sonra qanunvericiliyə ediləcək dəyişikliklərin vaxtı aydınlaşdırıla bilər.

"Mitoxondri donorluğu sistemi ağır mitoxondrial xəstəlikləri olan qadınlara da gələcəkdə irsi genetik xəstəliklərdən əziyyət çəkməyəcək uşaqlara sahib olmağa şans yaradacaq", - Səhiyyə Nazirliyi nümayəndəsi sözlərinə əlavə edir.

Həmçinin oxuyun:

Anabioz həyata keçir: Xəstələr dondurularaq müalicə ediləcək
Spermatozoid və yumurtanın "sirli tanışlığı" aydınlaşdırıldı
Yeni nəsil spermalar: Transgenik heyvanlar
daha ətraflı...

June 3, 2014

Bürokratiya elmi məhv edir

Dörd Nobel mükafatı laureatı daxil olmaqla, 30-dan çox məşhur alim müasir maliyyə sisteminin elm qarşısındaki manealəri və təhlükələrinə dair məktub imzalayıb. Alimlərin yazdığına görə, dövrümüzdəki bürokratik sistem elmin nəhəng kəşfləri qarşısında əngəldir və hər kəsi bununla bağlı xəbərdar etmək lazımdır.

Mütəxəssislər qeyd edir ki, hər hansı bir elmi tədqiqatın maliyyələşdirilməsi ilə bağlı yaşanan çətinliklər nəhəng elmi kəşflər üçün maneədir. Alimlərin apardığı bəzi tədqiqatlar uzunmüddətlidir və davamlı maliyyələşdirmə tələb edir. Belə tədqiqatlar insanlıq və onun gələcəyi üçün faydalı olsa da, nə qədər uzun sürsə, bir o qədər artıq maliyyə dəstəyinə ehtiyac duyur. Bu səbəbdən də müasir elm durğunluq təhlükəsi ilə qarşı-qarşıyadır.

Məktubu yazan London Universitet Kollecindən olan geoloq Donald Breyben bu yaxınlarda yeni bir kitab dərc edib. Kitabı son 30 il ərzində elmi tədqiqatları maliyyələşdirməyin necə çətin hal aldığından bəhs edir.

"XX-ci əsrin alimləri öz hənəng elmi kəşflərini müasir maliyyə sistemində edə bilməzdilər. Bu mövzu ilə əlaqəli diskussiyalar hər hansı bir tərəfin güzəştlərə getməməsi səbəbindən axır-əvvəl arxa plana keçir", - Breyben qeyd edir.

Alimin araşdırmalarına görə Maks Plank mövcud sistemin məhdudiyyətləri çərçivəsində enerji kvantını kəşf etmək üçün şans əldə edə, Piter Mitçell isə enerjinin bioloji membranda başqa şəklə düşmə mexanizmini tərtib edə bilməzdi.

Məktubu imzalayan alimlərdən dördü Nobel premiyası laureatı adını daşıyır: Con Holl (fizika üzrə Nobel mükafatçısı, 2005), Dadli Herşbax (kimya üzrə Nobel mükafatçısı, 1986), Harold Kroto (kimya üzrə Nobel mükafatçısı, 2004) və Riçard Con Roberts (fiziologiya və tibb üzrə Nobel mükafatçısı, 1993).

Həmçinin oxuyun:

Universitet mühazirələri darıxdırıcı və faydasızdır
Hokinq İngiltərə millisinin uğur düsturunu təqdim etdi
Televizor seyr etmək insanın təkamülünü gecikdirir
daha ətraflı...

"Meqa-Yer" tapıldı

İsveçrə, İtaliya və Böyük Britaniyadan olan alimlərdən ibarət beynəlxaq tədqiqatçı qrup Kepler teleskopu vasitəsilə "Kepler-10c" adı verilən planeti kəşf edibSuperWASP rəsədxanası köməyilə planetin strukturu araşdırıldıqdan sonra onun tamamilə yeni planet tipinə (Meqa-Yer) aid olduğu aydınlaşdırılıb. Belə ki, "Kepler-10c" Yerdən 17 dəfə ağırdır.

"Kepler" - NASA-nın Günəş sistemindən kənarda - digər ulduz sistemlərində yerləşən Yerə oxşar ekzoplanetləri kəşf etmək üçün hazırladığı astronomik peykdir. Bu, belə məqsədlə hazırlanmış ilk kosmik cihazdır. Aparat, planetlərin hərəkət qanunlarını kəşf etmiş alman riyaziyyatçısı və astronomu İohann Keplerin şərəfinə adlandırılıb.

Sərt səthə malik qeyri-adi planet silisium, dəmir və digər sərt qayalıqlardan ibarətdir. Yerdən təxminən 560 işıq ili uzaqlıqda yerləşir. Öz ulduzu ətrafında bir dövrü 45 Yer gününə bərabər olan "Kepler-10c"-nin diametri 29 min kilometr təşkil edir, bu da Yerin diametrini 2,3 dəfə üstələdiyini göstərir.

Alimlərin dediyinə görə, planetin qeyri-adiliyi bundan ibarətdir ki, bütün nəzəri modellər böyük və eyni zamanda sərt qayalıq səthə malik planetlərin mümkünlüyünü dəstəkləmir, çünki belə nəhənglərin güclü cazibə qüvvəsi sərt materiallardan başqa həm də kainatda çoxluq təşkil edən hidrogen və heliumu planetə cəzb etməli idi. Bu proses də "Kepler-10c"-ni sərt qayalıqlara sahib planetə deyil, daha çox Yupiterə oxşayan qaz nəhənginə çevirlməli idi.

"Belə planetlərin mövcudluğu kainatda həyatın necə inkişaf etmiş olduğu ilə əlaqəli tədqiqatlar üçün yeni üfüqlər açır", - Cenevrə Universitetindən olan Stefan Udri qeyd edir.

"Kepler-10c" ilə eyni ulduz sistemində yerləşən digər planet "Kepler-10b" isə Yerdən 3 dəfə ağırdır. Bu planet ulduzuna o qədər yaxındır ki, onun ətrafındaki dövrü cəmi 20 Yer saatı müddətinə tamamlanır. Nəzəri olaraq bu planetin əsasən maye dəmirdən ibarət olduğunu demək olar.

"Kepler-10c"-nin yaşının təxminən 11 milyard ilə bərabər olduğu bildirilir (müqayisə üçün - Yerin yaşı 4,5 milyard ildir). Belə ağır obyektlərin meydana gəlməsi üçün ağır elementlərə ehtiyac var. Planetin sıxlığı da onun sərtliyindən xəbər verir. Alimlər "Kepler-10c"-nin atmosferə sahib ola biləcəyini istisna etmirlər. Tədqiqat göstərir ki, belə ağır və sərt ekzoplanetlər hələ kainatın başlanğıcında formalaşıb, indiyədək varlıqlarını davam etdirə bilər.

Həmçinin oxuyun:

"Yerin əkizi" adına layiq planet kəşf edildi
Həyat zonasında yerləşən daha 3 "superyer" tapıldı
Fantastikanın belə təxmin edə bilmədiyi 5 qeyri-adi planet
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top