May 9, 2013

"Atam da insandır, uşağım da insan olacaq, eləysə fərqli bir növ necə meydana gələ bilər?"

Bir çox insanlar təkamülün necə gerçəkləşdiyini anlamırlar və adətən belə bir sual ortaya qoyurlar: "Atam da insandır, uşağım da insan olacaq, o zaman təkamül necə reallaşa bilər, fərqli bir növ necə meydana gələ bilər?Bu yazıda sizlərə bu hadisənin necə baş verdiyini izah etməyə çalışacağıq.

İlk öncə bunu demək lazımdır ki, təkamül və növləşmə 100-200 il ərzində gerçəkləşən bir hadisə deyil. Bunun baş verməsi üçün milyon illərə ehtiyac duyulur (təbii ki bu illər ərzində təkamülün sürəti azala və arta bilər). Zamanı axıb gedən bir fakt olaraq düşünəcək olsaq, bu anda hər birimiz bu zaman içərisində hərəkət etməkdə olan varlıqlarıq. Bu səbəbdən doğuluruq, böyüyürük, artırıq və ölürük. Bütün bunları orta hesabla 70-80 il içərisində edirik. 80 ilimizi kağıza kiçik bir xətt olaraq çəkdiyimizi düşünün.

Daha sonra, bu 80 ili göstərən xəttin başına, ana və atamızı əlavə etdiyimizi fərz edin. Onların birləşməsi nəticəsində biz var ola bildik. Biz onlardan doğulmuş olan bir fərdlərik. Və bəli, onlar kimi insanıq. Lakin diqqət yetirməyimiz lazım olan məsələ budur: Onlardan ciddi şəkildə fərqli xüsusiyyətlərimiz var. Davranışlarımız fərqlidir. Zəkamız fərqlidir. Meyllərimiz fərqlidir. Fiziki xüsusiyyətlərimiz müəyyən bir dərəcədə fərqlidir.

Daha da geriyə gedək. Ana və atamız üçün də 80 illik bir ömür xətti çəkək. Onların da ana və atalarını əlavə edək. Daha sonra onların da 80 illik ömür xəttlərini çəkək və onların da ana atalarını doğuş hissələrinə əlavə edək. Beləcə geriyə doğru getdiyimizdə, davamlı olaraq, ən azından uzun bir müddət insan fərdləri ilə qarşılaşarıq, bu qaçılmazdır. Lakin, məsələn 10 nəsil, 20 nəsil, deyək ki 50 nəsil geriyə getdiyimizdə, təxminən 4.000 il geriyə getmiş olarıq. Təkamül Biologiyası və onu maraqlandıran sahələr sayəsində bilirik ki 4.000 il əvvəl insan yenə insan idi. Amma yəqin ki, o dövrün fiziki, davranış və genetik xüsusiyyətləri baxımından günümüzdən tamamilə fərqli idi. İnsanların meylləri fərqli idi. Boyları fərqli idi. Ömürləri bizimkindən çox qısa idi, əksəriyyəti 30 yaşına çatmadan ölürdü. Həyatları təməldən fərqli idi. Bu, onların yetişdirilmə formalarını, bu səbəbdən bütün xüsusiyyətlərini dəyişdirirdi. Deyək ki ömürləri yenə 80 il idi (əslində 30 il qədər olsa da). Həmişə bir ömrü 80 il olaraq düşünərək daha da geriyə gedək...

Həmçinin buradakı bir başqa əhəmiyyətli məsələ, geriyə getdikcə daha çox insanı əhatə edən "nəsil ağacları" ilə toqquşmağımızdır. Yəni məsələn indiki vaxtda Azərbaycanda yaşayan bir A insanının nəsil ağacını çəkərək geriyə getdiyimizi düşünək. 4.000 il əvvələ qədər geri getdiyimizdə, yolda Gürcüstan, Ermənistan, İran, İraq, Türkiyə, Yunanıstan və s. ölkələrdən və hətta çox daha uzaq ölkələrdən insanların nəsil ağaclarını işin içinə daxil etməyə başlayarıq. Çünki bəlkə bizim 50-ci nəsildən babamızın soyu, Dünyanın tamamilə fərqli bir nöqtəsində idi. Yalnız köçlər və fərqli səbəblərlə, 50-ci nəsildən olan babamızın uşaqlarının və nəvələrinin fərqli istiqamətlərə dağılmasından ötəri o soy bizə qədər gəldi. Bu, Təkamül Müddətini anlamaq mövzusunda əhəmiyyətli bir məsələdir. Buna az sonra qayıdacağıq.

Dövrümüzdən 100 nəsil geriyə getdiyimizdə, 8.000 il geriyə getmiş olacağıq. Hələ insan, insandır. Lakin artıq 100 nəsil əvvəlki bir fərdi alıb, günümüzdəki bir fərdlə müqayisə edəcək olsaq, fərqliliklər siyahısı daha da uzun olacaq. Bioloji olaraq hələ "insan" (Homo sapiens) olan insan, fiziki olaraq olduqca fərqlidir. Daha da geriyə, 200 nəsil, 300 nəsil, 500 nəsil, 1.000 nəsil, deyək ki 2.500 nəsil getdiyimizdə, 200.000 il geriyə getmiş olarıq. Artıq bu nöqtədə ələ alacağımız bir insan fərdi ilə, günümüzdən ələ alacağımız insan fərdi o qədər fərqlidir ki, eyni növ olduqlarını söyləmək mümkün olmayacaq. Çünki hər insan ana-atadan, həmişə insan balalar doğulsa da, təbiətdə, xüsusilə vəhşi mühitdə yalnız müəyyən xüsusiyyətlərə sahib fərdlər həyatda qala bilirlər. Bu da, fiziki xüsusiyyətlərin müəyyən şəkillərdə seçilməsi və ötürülməsi deməkdir. Bu səbəbdən, yalnız ana/ata ilə bala əsasında baxsaq həmişə eyni növdən fərdlər doğulur. Lakin qarşılaşdırmağımızı və araşdırmağımızı daha geniş zaman aralığına bölsək, fərqliliklərin artmasından ötəri eyni canlıdan bəhs etdiyimizi iddia etmək getdikcə çətinləşəcək.

200.000 il əvvəl yaşayan Cro Magnon insanı, ən ilkin müasir insan fərdləri olaraq tanınmaqdadır. Əgər ömür xəttlərini daha da geriyə aparıb, on minlərlə nəsil geriyə getsəniz görəcəyiniz şey, getdikcə insandan uzaqlaşıb vəhşi heyvanlara bənzəyən fərdlər olacaq. Hər biri ana atasından alacaq, onları təkrarlayacaq, bənzəyəcək fərd kimidir. Amma araşdırma etdiyimiz aralığı genişlətdikcə bənzərliklər getdikcə azalacaq.

Bu şəkildə geriyə gedərək, əgər ömrün 80 ildə sabit olduğunu fərz etsək, 75.000 nəsil (6 milyon il) geriyə gedəcək olsaq qarşılaşacağımız, "insan" olmasını gözlədiyimiz fərdlər, indiki vaxtda görməyə vərdiş etdiyimiz şimpanzelərə bənzəyən canlılara çox bənzəyəcək. Bəlkə hələ insana aid bəzi xüsusiyyətlər görmək mümkün olacaq, ancaq əsla "Bəli, bu bildiyimiz insandır" demək mümkün olmayacaq. Lakin o canlının nəsli günümüzə doğru təqib edilsə, davamlı olaraq hər bir fərdin balaları ələ alınsa, hər səfərində kiçik fərqliliklər və təbiət tərəfindən, cütləşmə nəticəsində yaradılan müxtəliflik üzərində edilən seçmə nəticəsində, nəsillər sonunda getdikcə fərqləndirmə olduğu görülə bilər.

Burada başa düşülməsi lazım olan bir başqa məsələ budur: 6 milyon il əvvələ getdiyimizdə gördüyümüz əcdadların "şimpanzelərə" bənzədiyini dedik; ancaq bu əcdadlar qətiliklə şimpanze deyildirlər! Açıqlayaq: Necə ki, insan fərdlərindən birindən başlayıb keçmişə doğru getdiyimizdə, davamlı olaraq daha çox nəsil ağacını daxil etməyimiz lazımdırsa, 6 milyon il əvvəlinə getdiyimizdə də, şimpanzelərin nəsil ağaclarıyla qarşılaşdığımızı və bizim nəsil ağaçlarımızının onlarınkıyla toqquşduğunu görərik. Yəni, müasir dövrdə Azərbaycanda yaşayan bir insandan başlayıb geriyə doğru getdiyimizdə və eyni şəkildə müasir dövrdə Konqo çayı, Afrika ətrafında yaşayan şimpanzedən başlayıb geriyə getdiyimizdə, bizim və onların nəsil ağaclarının tam 6 milyon il, hətta bəlkə daha da əvvəlində toqquşduğunu görə bilərik. Bu da, insanlarla şimpanzelərin yaxın qohumluğunu ortaya qoyur.

Bu bizə, Təkamül Biologiyasının möhtəşəm inteqrativ və açıqlayıcı gücünü bir daha göstərir: Eyni növə aid fərdlərin nəsil ağaclarını toqquşdurmaq üçün daha yaxın keçmişə getməyimiz kifayət edərkən, fərqli növləri toqquşdurmaq üçün çox daha gerilərı getməyimiz şərtdir. Ancaq kifayət qədər geriyə getsək, məsələn 47.500.000 nəsil geriyə gedəcək olsaq, yəni təxminən 3.8 milyard il əvvəlinə qədər bu nəsil ağacını davam etdirsək, yolda qarşılaşdığımız bütün canlıların nəsil ağaclarının bir-birləriylə toqquşduğunu görə bilərik, bu da əslində yer üzündə yaşayan bütün canlıların bir hüceyrədən təkamül etdiyini və bir-birləriylə qohum olduğunu göstərir. O zamandan günümüzə doğru yaxınlaşdığımızda isə, davamlı olaraq bölünmələr olacaq, fərdlərin fərqli istiqamətlərə, fərqli coğrafiyalara, fərqli təkamül pillələrinə sürünməyi nəticəsində fərqli növlər meydana gələcək. Bu növlər, dediyimiz kimi çox uzun illərin keçməsi nəticəsində meydana gəlməkdədir. Bəli, ana-atadan bənzər fərd doğulacaq; lakin müəyyən fərqliliklərə sahib olan fərdlərin, fərqli istiqamətlərə dağılıb, fərqli seçmə təzyiqləri altında qalmaları nəticəsində, nəsillər sonunda fərqli növlər meydana gələcəkdir.

Yəni nəsil ağacımızı geriyə doğru təqib etsək, əvvəl şimpanzelərlə, sonra qorillalarla, sonra oranqutanlarla, sonra tək-tək digər "primates" ya da primat qruplarıyla, sonra digər məməlilərlə, sonra yavaş-yavaş sürünənlərin nəhəng qruplarıyla, və s. şəklində bütün canlılarla addım-addım nəsil ağacımızın toqquşduğunu görərik. Bir bananla ortaq əcdadlarımızı (təbii ki, nə bitkiyə, nə də heyvana bənzəyən bu əcdad, sadə bir təkhüceyrəli orqanizmdir) görmək üçün milyardlarla il geriyə getmək lazım olarkən, bir balıq ilə ortaq əcdadımız üçün yüz milyonlarla il geriyə, bir məməli ilə ortaq əcdadımızı görmək üçün on milyonlarla il geriyə, bir primatla ortaq əcdadımızı görmək üçün milyonlarla il geriyə, bir Kanadalı ilə ortaq əcdadımızı görmək üçün yüz minlərlə il geriyə, uzaq qohumumuz ilə ortaq əcdadımızı görmək üçün bir neçə nəsil geriyə, qardaş və ya bacımızla ortaq əcdadımızı görmək üçünsə tək bir nəsil geriyə getməyimiz, yəni öz valideynlərimizə baxmağımız kifayətdir.

Beləcə, Darwin, bu ovsunlayıcı kəşfini sadəcə bu sözlərlə izah edirdi: "Bu həyat fikrində ehtişam var!"

Ümidvarıq yazımız ağlınızdakı bir çox qaranlıq qalan sualların üzərindən xətt çəkmişdir. Həmçinin, təkamülün və növləşmənin daha da geniş izahını almaq istəsəniz Növləşmə və Növləşmə Mexanizmləri adlı yazımızı oxumağınızı məsləhət görürük.
Yazını dostlarla bölüş

7 şərh var:

  1. Anonymous5/09/2013

    çox gözəl yazıdı....ancaq bir sual qaranlıq qaldı bəs nəyə görə bir hüceyrəlidən yaranan hər bir şey biri banana digəri kiviyə digəri qorillaya digəri isə meymuna bənzər insana dəyişir?!...

    ReplyDelete
    Replies
    1. Bunu belə anlamaq lazımdır. İlkin hüceyrə ikiyə bölünmüşdür. Biri indiki canlıları meydana gətirmək yoluyla irəliləmişdir, digəri isə bitkiləri. Bunların hər ikisi (canlılar və bitkilər) müxtəlif təkamül cığırlarıyla irəliləmişdir. Hər birisinin öz təkamül yolu var idi. Canlılara bölünən hissə müxtəlif seçmələr və izolyasiyalarla bu günki bütün canlıları meydana gətirmişdir. Bura, biz də aidik, meymunlar da, sürünənlər də. Sadəcə zamanla təbii faktorlara bir-birilərimizdən ayrılmışıq. Buna dair başqa bir geniş yazı hazırlayacağıq.

      Delete
    2. çox gözəl yazıdı. Çox sağ olun!

      Delete
  2. Anonymous5/12/2013

    sağolun cavaba görə...

    ReplyDelete
  3. Əllərinizə sağlıq ;)

    ReplyDelete
  4. Mutasiyalar, insan bədəninə dair bütün məlumatların şifrəli olduğu DNT üzərindəki təsadüfi dəyişikliklərdir. Mutasiyalara radiasiya, kimyəvilər kimi faktorlar səbəb olar. Təkamülçülər, mutasiyaların canlıları təkamülləşdirdiyini iddia edirlər. Halbuki mutasiyalar canlılara daim zərər verərlər, onları inkişaf etdirməzlər,onlara yeni xüsusiyyətlər (məsələn qanad, ağciyər kimi orqanlar) qazandıra bilməzlər. Onları ya öldürər ya da şikəst buraxarlar. Mutasiyaların bir canlını inkişaf etdirdiyini, ona yeni xüsusiyyətlər qazandırdığını iddia etmək, bir zəlzələnin bir şəhəri daha inkişaf etmiş və müasir bir hala gətirdiyini, və ya bir kompüterə çəkiclə vurulduğunda daha üstün modelinin ortaya çıxacağını iddia etməyə bənzər. Necə ki müşahidə edilmiş heç bir mutasiyanın genetik məlumatı artırdığı görülməmişdir.

    ReplyDelete
    Replies
    1. Mutasiyaların 10% qədər faydalıdır. Buna bir çox misallar çəkmək olar. Misalçün, E. coli bakteriyası Laktozanı parçalaya bilmir (laktoza intoleransı). Lakin Boston Universitetindən olan prof. John Cairns və qrup həmkarlarının apardıqları və New Scientist jurnalında yayımladıqları bir təcrübəyə görə, Mu adlı bir bakteriyofaq istifadə edərək genetik materialda olan beta-galactosidase genində meydana gətirilən bir mutasiya sayəsində bakteriyaların Laktozanı həzm etməyə başladıqları ortaya çıxmışdır. Daha sonradan fərqli üsullarla bənzər təcrübələr təkrarlanmış və eyni nəticələr əldə olunmuşdur. Bu da bakteriyalar üçün bir faydalı mutasiya nümunəsi hesab oluna bilər.

      Daha sonra. 2001-ci ildə edilən bir araşdırmanın nəticəsinə görə, insanlarda olan CCR5 adlı bir gendə meydana gələn 32 silinmə tipli mutasiya nəticəsində bu gen baxımından homoziqot fərdlərdə HİV müqaviməti, heteroziqotlarda isə HİV əlamətlərinin ortaya çıxmasında gecikmə meydana gəldiyi sübut edilmişdir. Bu, faydalı mutasiyalara daha bir nümunədir.

      Daha bir misal. Bennett, Mitt və Lenski'nin Evolution jurnalında yayımlatdıqları bir tədqiqata görə, tədqiqatçılar 2.000 nəsil ərzində 37 santiqrad dərəcədə yaşamağa uyğunlaşan E. coli bakteriyası yetişdirməyə nail olmuşdurlar. Daha sonra bu populyasiyadan 3 nümunə populyasiyası alınıb 32 dərəcədə, 37 dərəcədə və 42 dərəcədəki mühitlərə yerləşdirilmiş və bir daha 2.000 nəsil keçməsi gözlənilmişdir. Bu nəsillərin adaptiv müvəffəqiyyətləri (təkamül dəyişmələri) davamlı olaraq təqib edilmişdir. İlk dəfə 32 dərəcəyə atılan nəsilə görə, 2.000-ci nəsil 10% daha adaptiv müvəffəqiyyətə sahib olan fərdlərdən meydana gəlmişdir, yəni populyasiya içərisində yeni temperatura istiqamətli bir təkamül müddəti reallaşmışdır. Oxşar şəkildə, 42 dərəcəyə buraxılan ilk nəsilə görə, 2.000-ci nəsil 20% daha müvəffəqiyyətli olmuşdur. 37 dərəcədə buraxılmış fərdlərdə heç bir adaptiv dəyişiklik müşahidə olunmamışdır. Bu vəziyyətin nəsillər içərisində meydana gələn mutasiyalara bağlı bir müxtəlifliyin seçilməsindən və yığılmasından qaynaqlandığı təsdiq edilmişdir. Bu da faydalı mutasiyalara bir nümunə hesab olunmalıdır.

      Hələ bunlarla birlikdə, zərərli ya da neytral mutasiyalara uğramış, lakin təbii faktorlar səbəbiylə faydalı nəticələrə yiyələnmiş olan mutasiya növlərini də əlavə etmək olar.

      Delete

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top