May 26, 2013

Yaradılışçıların "Alverçi" Başlıqlı Video Saxtakarlığı

Bir neçə gün bundan əvvəl səhifəmizdə, Darwin'in şərəfinə Darwinius masillae adı verilmiş qədim primat növü fosilini paylaşmışdıq və indiyə qədər, təkamülün bizə doğru gəldiyi yolda kəşf olunmuş ən qədim primat fosili olduğunu bildirmişdik. Bu fosil insana doğru gələn təkamül yolundan bizə olduqca əhəmiyyətli məlumatlar verir (ilk əcdadlarımızın nəyə bənzədiyi mövzusunda). Görünür bu fosil Təkamül Biologiyasından anlayışı olmayan bəzi yaradılışçıları (Yaradılış yoxsa təsadüf?) həqiqi mənada "cırnadıb"
üstəlik bizim bu paylaşımımızı "təkzib etmək" məqsədiylə "ŞOK VİDEO" başlıqlı bir videorolik də hazırlayıb, insanları aldatmağa cəhd ediblər. Aldatmaq da bir bacarıqdır, bacarana can qurban!



Keçək əsas məsələyə:

Darwinius masillae qətiyyən insanlarla bütün primat növlərinin "ortaq əcdad"ı deyil! Belə bir məlumatı səhifəmizdəki postda da bildirməmişdik! Sadəcə həmin yerləşdirdiyimiz postda, məlumat azlığı səbəbindən (məhz bu səbəbdən həmin postu sildik) görünür harunpərəst yaradılışçılar dərhal hücuma keçmək və elmi məlumatları təhrif etmək qərarına gəliblər. Üstəlik, D. masillae fosilinin bir lemura aid olduğunu iddia etmək kimi bir zəhmətə də qatlanıblar! Nə səbəbə? 

BBC News'da yayımlanan bir məqaləni istifadə edib kişilər təkamül çürütmək eşqinə düşüblər. Bəli, bu fosil yeni kəşf ediləndə həqiqətən də insanlarla primatların ortaq əcdadı hesab edilirdi, çünki lazım olan bütün xüsusiyyətləri daşıyırdı. Amma hər nə qədər belə hesab edilsə də analizlər bu fosilin insanlarla primatların ortaq əcdadı olmadığını (yaradılışçıların qavraya bilmədiyi bir digər anlayışlar da "əcdad" və "ortaq əcdad"dır), milyon illər əvvəl əcdadlarımızdan ayrılıb fərqli bir qolu, lemurlara nisbətən yaxın qolu meydana gətirdiyini göstərdi. Amma heç bir elm adamı bu fosilin birbaşa lemur olduğu qənaətində deyil! Bu yalnız elm düşməni olan, lemur-bənzəri sözünü istifadə edib "böyük bir ustalıqla" lemura çöndərmə bacarığına sahib olan məşhur saxtakar, Harun Yahya ləqəbiylə tanınan Adnan Oktar cənablarının, üstəlik bir alimin belə buna bənzər olan hər hansı bir iddiasına əsaslanmayaraq, yalnız öz xəyal gücünə söykənərək ortaya atdığı bir uydurma ola bilər, və sözsüz ki elə budur (növbəti dəfə "Harun Yahyanın Saxtakarlıqları 2" başlıqlı daha bir məqalə hazırlayacağıq). Çünki D. masillae'nin skelet quruluşu, quyruq xüsusiyyətləri, çənə quruluşu, kəllə sümüyü bizim bildiyimiz lemurlardan olduqca fərqlənir və dolayısıyla bir lemur deyil. Belə bir iddianı irəli sürənin yalnız elmi məlumatlardan bixəbər olması lazımdır. Bu analizlər haqda ətraflı maraqlanmaq istəyənlər buraya daxil ola bilərlər. Həmçinin Journal of Human Evolution'da yayımlanan bir məqalədə paleontoloqlar Blythe Williams, Richard Kay, Christopher Kirk və Callum Ross, D. masillae'nin problemli qalan hissələrini analiz etmiş və düzgün təsnif etməyə nail olmuşdurlar.








"Bəs bunun insanlarla və digər primatlarla nə əlaqəsi?" deyə soruşa bilərsiniz. Təbiidir. Cavab verək. 

Bu fosil bizə təkamülümüzün ilk dövrlərində, bizə aid ola biləcək ilk əcdadların nəyə bənzədikləri, necə bir quruluşa, kəllə sümüyünə, daxili struktura sahib ola biləcəkləri mövzsunda çox əhəmiyyətli məlumatlar verir. D. masillae'nin əcdadlarının, ondan çox da fərqli quruluşa sahib olmayacağını açıq şəkildə deyə bilərik. Məntiqlə, bu növə olduqca bənzəyən, daha əvvəllər yaşamış olan əcdadları, Təkamül Biologiyası nöqteyi nəzərindən eyniylə bizim kimi bütün primatların ortaq əcdadı hesab edilməlidir. Bu da ümumilikdə bütün primatların ortaq əcdadlarının D.masillae'yə olduqca bənzəmiş olacağına dair işarə verir. Onsuz da bu fosilin analiz nəticələrinin təqdim edilməsindən sonra, növün bizlərə müasir lemurlardan çox daha yaxın olduğu ortaya çıxşmışdır! Məhz bu fosili istifadə edərək alimlər təkamülümüzün qədim və qaranlıq qalan yerlərini açığa çıxarmağa nail olmuşdurlar (dediyimiz kimi, bizə və bizim təkamülümüzə dair məlumatlar daşıyır). Bu tədqiqatlardan xəbərsiz olan, ümumilikdə biologiyadan anlayışları olmayan, elmi həqiqi qaynaqlardan oxumayıb, "Cənab" elm düşməninin saxta, lakin bər-bəzəkli kitablarına aldanan yaradılışçıların bizdə səhv tutmaları, açığı, bizə olduqca gülünc görünür. Hər halda Darwinius masillae fosilinin, heç bir elmi əsası olmadan, bir lemura aid olduğunu iddia edən savadsızlara nəyisə sübut etmək kimi bir məqsədimiz yoxdur, onsuz da bütün dünya elm müəssisələri və universitetləri təkamül təlimini qəbul etməklə birlikdə tədris də edir, lakin, təəssüf ki, ölkəmizdə elmi təhrif etmə məqsədini güdən bir neçə elm düşmənlərinin əsassız iddiaları elmi məlumatlardan daha tez yayılır və məşhurlaşır, bu da insanları elmdən uzaqlaşdırır. Bu səbəbdən də, həqiqi elmi çatdırmaq və əsassız iddialara qarşı elmi məlumatlarla bölüşmək əsas məqsədimizdir. Hər zaman dediyimiz kimi, sonda Elm qalib gəlir!
Yazını dostlarla bölüş

0 şərh var:

Post a Comment

 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top