June 17, 2014

Çin rəsmən elm nəhənginə çevrildi

Çin son on illik ərzində yad texnologiyaları oğurlayan və onları təqlid edən ölkədən bir çox sahədə ABŞ-ı üstələyən elm və texnologiya super gücünə çevrildi.

Yerli, eləcə də xarici universitetlərin elm və mühəndislik ixtisaslarına qəbul olunan tələbələrin artımı müşahidə edilən Çin uzun illərdir Amerika elminin liderliyi üçün təhlükə idi. Proceedings of the National Academy of Sciences jurnalında dərc edilən məlumata görə, Çin hökümətinin bu siyasəti nəhayət ki nəticələr verib: çinli universitet məzunları müasir elmi texnologiyaların bir addımlığındadır.

Amerikalı alimlərin illik tədqiqatları və keyfiyyəti hələlik onların liderliyini qoruyur, lakin bir çox sahələrdə Çinli həmkarlarının onları bu kriteriyalara görə qabaqladıqları sirr deyil. 1990-cı ildə çinli alimlər cəmi 6104 məqalə dərc etmişdisə, 2011-ci ildə bunların miqdarı 122 672-ə qədər qalxıb ki, bu da 1909 faizlik artım mənasını verir.

Hər il çinli mütəxəssislər amerikalılardan 2 dəfə artıq material dərc edir. Yeni elm nəhənginə çevrilmiş Çin kimya, fizika, riyaziyyat və texnologiya sahələrində ABŞ-ı geridə qoymaq üzrədir. Belə inkişafın səbəbi kimi son bir neçə il ərzində Çin hökümətinin dəstəyilə yeni ali təhsil ocaqlarının açılması göstərilir. Əgər 1998-ci ildə Çində təhsil ocaqlarının sayı 1022 idisə, 2008-ci ildə bu say 2263-ə qədər qalxdı.

Çin elminin inkişafında özəl sektor və sənaye müəssisələrinin də rolunun az olmadığı bildirilir: 1991-ci ildə belə müəssisə və şirkətlər büdcədən elmi tədqiqatlara 5%-dən artıq xərcləmirdisə, hal-hazırda buna təxminən 50% sərf edilir.

Nəticə göz qabağındadır: Çin, bir vaxtlar texnologiya oğurluğu ilə məşğul olan və xarici elmi təqlid edən ölkədən, öz elmini və texnologiyasını inkişaf etdirən elm super gücünə çevrildi.

Həmçinin oxuyun:

Çin Ay səthinə kosmik aparat göndərdi
Meymun genomları dəqiqliklə "redaktə edildi"
Yeni fotosintez üsulu
daha ətraflı...

June 14, 2014

NASA Titana göndəriləcək sualtı gəmini seçir

NASA-nın kosmik araşdırmalarda yerinə yetirəcəyi növbəti üç missiya Saturnun metan okeanlara sahib peyki Titana robotlaşdırılmış sualtı gəmi göndərmək, Marsda istixana tikmək və Günəş sistemi daxilindəki kometləri ələ keçirmək üçün kosmik cihazlar hazırlamaqdan ibarətdir.

Hər il NASA-nın proqramı çərçivəsində tədqiqatçı və mühəndislərə kosmik texnikalar üçün öz ideyalarını irəli sürmək imkanı yaradan NIAC, bu il də, hər birisi təxminən 100.000$ tutumunda olan 12 layihəyə üstünlük vermək niyyətindədir. Belə proqramlar alimlərə kainatın ən uzaq hissələrinə yollanacaq missiyalarla bağlı baş sındırmağa şərait yaradır.

"Titandaki karbohidrogenli göllərin Günəş sistemində analoqu yoxdur. Yerdən başqa bildiyimiz heç bir kosmik cismdə Titandaki kimi geniş və açıq maye səth mövcud deyil", - NASA tədqiqat mərkəzindən olan Stiven Oulson qeyd edir.

2011-ci ildə NASA peykə Titan Mare Explorer adlı gəmisini göndərməyi planlaşdırırdı, lakin maliyyələşdirilmə ilə bağlı çətinliklər yaşandığından missiya təxirə salınmalı oldu. Oulson ümid edir ki, günlərin birində bu layihəyə yenidən qayıdılacaq. Buna baxmayaraq növbəti addımın Titana sualtı gəmi göndərmək olduğu da sirr deyil. Hər iki missiyanı da birləşdirmək olar, çünki təkcə səth araşdırmaları vacib nəticələr qazandırmaya bilər.

Yerdə radiodalğa siqnallarını qeydə almaq üçün sualtı qayıq səthə qalxmaq məcburiyyətindədir, Titanda isə belə bir problem yaşanmamalıdır: karbohidrogenlər radiodalğalar üçün şəffaf olacaq, ötürüləcək nəticələrsə orbital peykdən fasiləsiz olaraq qəbul ediləcək. Titanın okeanları ilə bağlı layihə NIAC tərəfindən dəstəklənsə, 2040-cı illərdə missiyaya start verilə bilər.

Daha bir maraqlı ideya Marsda hermetik istixana hazırlanması ilə əlaqədardır. İstixana köməyilə Qırmızı planetin yaşayış üçün nə dərəcədə əlverişli olduğu dəqiqləşdirilə bilər. Mars torpağının kiçik bir hissəsi şəffaf günbəz altında hermetizə edilərək, oraya günəş süasının düşməsi üçün şərait yaradacaq. Ardından həmin torpağa Yerdən gətirilmiş bakteriyalar yerləşdiriləcək, hansılar ki Yerin ən ekstremal şərtlərində belə yaşamağa qadirdir. Beləliklə missiya Marsın həyata nə dərəcədə uyğun olduğu suallarını cavablayacaq.

Digər bir layihə isə kometlərə eniş edəcək və onlar üzərində Günəş ətrafında dövr edəcək (əlavə yanacağa ehtiyac duymadan) kosmik cihazın hazırlanmasından ibarətdir. Hesab edilir ki, belə bir kosmik cihaz 5,6 il müddətinə Plutona çata bilər.

Həmçinin oxuyun:

NASA-dan yeni ion mühərrikləri
NASA Ayda bitkilər yetişdirəcək
Titan araşdırmaları üçün yeni robot hazırlandı
daha ətraflı...

June 13, 2014

Dinozavrlar soyuqqanlı deyildi

Alimlər yaşayan və nəsli kəsilmiş yüzlərlə növün inkişaf sürətini müqayisə edərək, dinozavrların maddələr mübadiləsi sürətini dəqiqləşdiriblər. Bu faktor sayəsində əvvəllər soyuqqanlı olduqları hesab edilən qədim sürünənlər bu sinifdən xaric edilib.

Aparılmış tədqiqatın nəticələrinə əsasən, milyon illər əvvəl Yer üzündə hökm sürmüş dinozavrlar nə soyuqqanlı, nə də istiqanlı canlılara aiddir. Heyvanların maddələr mübadiləsi və inkişaf sürəti arasındaki əlaqənin tapılması ilə dinozavrlar üçün tamamilə yeni "ara keçid" sinfi yaratmaq lazım olub. Fauna nümayəndələrini istiqanlı və soyuqqanlı sinflərinə ayırd etmədə əsas rolu məhz maddələr mübadiləsi yerinə yetirir.

Məməlilər və quşlar kimi istiqanlı heyvanlar tez-tez qidalanmaq məcburiyyətindədir. Qida da öz növbəsində enerjiyə çevrilərək, bədənin davamlı temperatur saxlanması, hərəkət və beyin fəaliyyətinə sərf edilir.

"Əgər ancaq buterbrodla qidalansaydım, mənə gün ərzində beş buterbrod lazım olardı. Mənim ölçülərimə malik olan sürünən isə həftəni iki buterbrodla yola verə bilərdi", - Nyu-Meksiko Universitetindən olan Con Qreydi qeyd edir.

Bioloqlar heyvanların qida istehlakını "endotermik" (istiqanlılar üçün) və "ektotermik" (soyuqqanlılar üçün) strategiyalarına bölür. Con Qreydi isə hesab edir ki, hər iki sinfdən də fərqlənən dinozavrlar üçün orta "mezotermik" strategiyanı hazırlamaq lazımdır.

İçərisində 21 dinozavr növü olmaqla, ümumilikdə 381 növün inkişaf sürəti müqayisəsi və öyrənilməsi bu iddianı sübut etmək üçün kifayət edib. Tapılmış yetkin və gənc canlılara aid sümüklərin ölçü müqayisəsi işi sayəsində təqiqat üçün əsas yaranıb. Nəsli kəsilmiş növlərin inkişaf sürəti həm də onların maddələr mübadiləsi sürətini öyrənməyə yardım təmin edib. Nəticələrə əsasən, belə parametrlərə görə dinozavrlar təkamüldə soyuqqanlılar və istiqanlılar arasındaki keçid sinfini təmsil edir.

Bəzi mütəxəssislərin rəyinə görə, yeni "mezotermik" sinfə həmçinin tunes balığı, bəzi köpəkbalıqları və yexidna kimi növləri də aid etmək olar.

Həmçinin oxuyun:

Dinozavrlar istiqanlı idilər?
Dinozavrların yaşadığı şərtlərdə insanlar nəfəs ala bilməzdi

Təkamül nəzəriyyəsinə əlavələr edilə bilər
daha ətraflı...

June 8, 2014

Ayın mənşəyi aydınlaşdırılır

Alimlər ilk dəfə Ayın milyard illər əvvəl nəhəng kosmik cismin Yerlə toqquşmasından yaranmış olduğuna dair dəlillər əldə etdiklərini bildirirlər. "Apollon" missiyası çərçivəsində amerikalı astronavtların Aydan Yerə gətirdiyi qayalıq nümunələri üzərində aparılmış analiz işləri onların, "Teya" adını almış hipotetik cismə aid mineral izləri daşıdığını göstərir. Mütəxəssislər tapıntı sayəsində illər əvvəl irəli sürülmüş Ayın 4,5 milyard illik tarixi ilə bağlı hipotezin nəhayət təsdiq edildiyini deyirlər.

Hipotetik planet yunan mifologiyasında ay tanrıçası Selenanın anası "Teyanın" şərəfinə adlandırılmışdır. Toz və qayalıqlarla örtülü Teyanın Yerlə toqquşması hələ Günəş sisteminin erkən formalaşma mərhələsində baş verib. 1980-ci illərin əvvəllərində təklif edilmiş bu hipotez indiyədək heç bir fakta əsaslanmırdı. Bir tərəfdən analizlər göstərirdi ki, Ay qayalıqları Yer mənşəlidir, digər tərəfdənsə kompüter modelləri Ayın əsasən Teyaya aid qayalıqlardan formalaşmış olduğuna işarə edirdi. Get-gedə bu hipotezə ümidlər azalsa da, nəhayət ki, alimlər daha dəqiq analizlər nəticəsində Ayın Yerə aid olmayan qayalıqlardan qurulduğuna dair sübutlar əldə etdilər.

"Biz, Yer və Ay qayalıqlarının izotop tərkibində cüzi fərqliliklər aşkar etdik ki, bu da toqquşma nəzəriyyəsini təsdiq edir", - Göttingen Universitetindən olan Deniel Hertvarts qeyd edir.

Hertvarts və həmkarları tədqiqatda Yer və Aya aid qayalıqların izotop tərkibindəki oksigen fərqliliklərini dəqiqləşdirdikdən sonra nəticələrin Yer və Teyanın formalaşdığı qayalıqlar üçün identik olduğunu anladılar. Bu qəribə faktı izah etmək üçün mütləq Teyanın Yer yaxınlığında bir yerdə yarandığını və bu səbəbdən oxşar izotop tərkibləri olduğunu əlavə etmək lazımdır. Əgər belədirsə, o zaman Günəş sistemindəki planetlərin yalnız özünə xas kimyəvi tərkibi olduğuna dair hipotez təkzib edilməli olacaq.

Britaniya Açıq Universitetindən olan Maheş Manand isə əldə edilən sübutların hələlik kafi olmadığını və Ayın digər rayonlarına aid nümunələrin də gözdən keçirilməsinin vacib olduğunu deyir.

Həmçinin oxuyun:

Europaya avtomatik zond göndəriləcək
Asteroidin "anatomik atlası" tərtib olundu
İlk ekzopeyk tapılmış ola bilər
daha ətraflı...

June 5, 2014

"Emosional" robot təqdim edildi

Yapon firması Softbank və fransız firması Aldebaran Robotics tərəfindən hazırlanmış yeni "Pepper" adlı robot faktiki olaraq süni intellektə sahibdir. Belə ki, robot insan emosiyalarını oxuyaraq onlara cavab verə bilir. Robotun iş prinsipi "emosional mühərrik" və süni intellektə əsaslanır. Hava texnologiyası köməyilə "Pepper" jestləri, sifət ifadələrini və səsin emosional çalarlığını analiz etməyə qadirdir.

Mütəxəssislər robotun tamamilə təhlükəsiz olduğunu, insanların onunla eynən ailə üzvləri kimi sakit rəftar edə və ona müxtəlif vəzifələr əmr edə biləcəklərini bildirirlər. Yaxın gələcəkdə bütün dünyada satışa buraxılacaq robotu 1930$-a əldə etmək mümkün olacaq.

"Hər hansı bir insanda empatiya azlığı, emosiya və ya oxuma problemi olduğunu demək istəyəndə onu robotla müqayisə edirlər. Bəşəriyyət tarixinin ilk emosional robotunu təqdim edirik", - Masayosi Son qeyd edir.

Tezliklə belə robotlar insanları əvəz edərək yalnız istehsal sahəsində deyil, həm də ev işlərində, ev heyvanlarına və qocalara nəzarətdə istifadə ediləcək. Xatırladaq ki, hal-hazırda ev robotları Honda və Panasonic kampaniyaları tərəfindən də təkmilləşdirilir.

"Emosional robotlar həyatımıza yeni boyut və texnologiya ilə qarşılıqlı əlaqəmizdə yeni yollar açacaq. Bu, perspektivli reallığın hələ başlanğıcıdır", - Bruno Mezonye deyir.

Qeyd edək ki, məşhur astrofizik Stiven Hokinq bu yaxınlarda verdiyi açıqlamada süni intellektli robotların bəşəriyyətin inkişafındaki ən böyük səhv ola biləcəyini ifadə edib. Alim, gələcəkdə robotların bütün sahələrə yiyələnərək insanlar üzərində qura biləcəkləri hakimiyyətindən ehtiyatlandığını dilə gətirməkdən çəkinməyib.


Videonu izləmək üçün klikləyin

Həmçinin oxuyun:

Hokinq: "Süni intellekt bəşəriyyətin ən böyük səhvi ola bilər"
Yaponiya kosmosdan enerji əldə edəcək
Toxunuş hissiyatlı robot əl hazırlandı
daha ətraflı...

Tapılmış çənə sümüyü fosili məməlilərin mənşəyinə işıq tutur

Avstraliyanın Viktoriya əyalətində tapılan bu kiçik çənə sümüyü fosili yaşayan bütün məməlilərin təkamülünə və mənşəyinə işıq tutur.

Tapıntı ilə bağlı məqalə Monaş Universitetinin saytında dərc olunub. Bishops adı verilən bu yeni məməli növü bizlər də daxil olmaqla bütün məməlilərin əcdadı ola bilər. Təxminən 100 milyon il əvvəl yaşamış olan bu kiçik məməli, o dövrlərdə dinozavrlardan qorunmaq üçün ehtimalla ağaclıq yerlərdə yer altında qazdıqları tunellərdə yaşayırdılar. Çənə fosili yalnız 1,6 sm olan bu kiçik canlının boyu böyük təxminən 15-18 sm ölçüsündədir.

Heyvanın çənə sümüyü fosilini araşdıran antropoloqlar, heyvanın gecələr ortaya çıxıb omnivor (bitkilər, heyvanlar, göbələklər) qidalandığını ifadə edirlər.

"Bishopsun sürünənlərdən plasentalı məməlilərə keçiddə mükəmməl bir nümunə olduğunu düşünürük. Bishopsun çənə quruluşu müasir plasentalı məməlilərə oxşasa da, daha çox sürünənlərin çənə quruluşuna bənzəyir. Bu səbəbdən məməlilərin təkamülündə əhəmiyyətli bir nümunədir", - tədqiqatda iştirak edən Monaş Universitetindən olan antropoloq Karen Yavzki qeyd edir.

Həmçinin oxuyun:

Məməlilərin son əcdadı tapıldı
Nəhəng ördəkburun fosilləri tapıldı
Ən qədim doğan sürünən fosilləri tapılı
daha ətraflı...

June 4, 2014

Kapteyn ulduz sistemindən iki yeni ekzoplanet

Queen Mary Universitetindən olan astronomlar nəhayət ki Günəş yaxınlığında yerləşən Kapteyn ulduzu orbitində dövr edən iki ekzoplanetin tapıldığına dair açıqlama verib. Planetlərdən biri - Kepler b'nin ulduzu ilə arasındaki məsafəsi orada maye suyun və yadplanetli həyatının mövcudluğunu dəstəkləyir. Üstəlik ulduz sistemi Yerdən cəmi 13 işıq ili uzaqlıqda yerləşir.

Hələ 19-cu ərsin sonlarında kəşf edilmiş Kapteyn məlum olan ikinci ən sürətli ulduzdur və qalaktika örtüyünə - qalaktikamız orbitində dövr edən ulduz buludlarına daxildir. Kütlə baxımından Günəşdən 3 dəfə kiçikdir. Bu qırmızı cırtdan ulduzu hətta həvəskar teleskoplarla belə izləmək olar.

Astronomlar Çilidə yerləşən La Silla rəsədxanasındaki HARPS teleskopu spektrometrinin təmin etdiyi məlumatlarla Kapteyn ulduz sistemindəki kiçik yırğalanmaları ölçdülər. Bununla yanaşı tədqiqatda HIRES və PFS kimi daha iri teleskoplardan istifadə edildi.

Məlumatlar əsasında Kapteyn b və Kapteyn c adı verilən iki planet aşkar edildi. Kapteyn b Yerdən minimum 5 dəfə ağırdır, 11,5 milyard il yaşındadır və orbital dövrü 48 Yer gününə bərabərdir. Yəni planet yetərincə istidir ki, səthində maye suyun mövcudluğunu mümkün etsin. Maye su isə, bildiyimiz qədərilə, kainatda həyatın yaranmasını təmin edən əsas maddədir. İkinci planet Kapteyn c özü ilə birlikdə ağır "superyeri" təqdim edir. Bir ili 121 günə bərabərdir. Astronomlar hesab edir ki, Kepler b'dən fərqli olaraq, Kepler c'də şiddətli soyuqlar səbəbindən maye suyun mövcudluğuna ehtimal yoxdur.

Hələlik məlum olan sadəcə planetlərin bəzi xarakteristikalarıdır: təxmini kütlə, orbital dövr və ulduz ilə aradaki məsafə. Alimlər qeyd edir ki, bir neçə il sonra hazır olacaq yeni nəsil əlatlər köməyilə hər iki planetin atmosferi araşdırılaraq, oradaki su və yaşayış kimi ehtimallar təsdiq edilə bilər. Buna baxmayaraq alimlər xüsusilə Kapteyn b'yə daha çox əhəmiyyət verdiklərini gizlətmirlər. Belə ki, yadplanetlilərin evi ola biləcək ən qədim planet Kapteyn b kosmik miqyasda Günəş sisteminin bir addımlığındadır - bizdən cəmi 13 işıq ili uzaqlıqda yerləşir.

Həmçinin oxuyun:

"Meqa-Yer" tapıldı
Qanimeddə həyat ehtimalı yüksəkdir
Həyat ola biləcək planetlərin sayı daha çoxdur
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top