June 25, 2014

Kompüter modeli zaman səyahətini təsdiqlədi

Alimlər fotonlar köməyilə kvant hissəciklərin zaman səyahətinin mümkünlüyünü göstərən modeli hazırlamağa nail olublar. Nəticələrə əsasən, bu prosesdə standart kvant mexanikası qanunları pozula bilər.

Avstraliyanın Kvinslend Universitetindən olan fiziklər kompüter təcrübəsini modelləşdirmək vəzifəsini qarşıya qoyaraq, 1991-ci ildə irəli sürülmüş kvant səviyyəsində zaman səyahətini sübut etməyə çalışıblar. Onlar, ayrı fotonun maraqlı davranışını modelləşdirə biliblər. Belə ki, foton "köstəbək dəliyi" içərisindən keçərək və məkan-zamanda keçmişə ötürülərək, özü ilə qarşılıqlı əlaqəyə girib.

Tədqiqatçılar iki ssenari hazırlayıb. Birincidə hissəcik dəlikdən keçərək öz keçmişinə qayıdır və özü ilə əlaqəyə girir. İkinci ssenaridə isə foton başqa sıravi bir hissəciyə təsir göstərir. Alimlər hesab edir ki, apardıqları təcrübə iki böyük fizika nəzəriyyəsinin birləşdirilməsinə qatqı təmin edir, hansıların ki indiyəcən çox da ortaqlığı olduğu deyilə bilməzdi. Bunlar Eynşteynin ümumi nisbilik nəzəriyyəsi (ÜNN) və kvant mexanikasıdır.

"Eynşteynin nəzəriyyəsi ulduz və qalaktikaların dünyasını izah edir, kvant mexanikası isə əsasən elementar hissəciklər, atomlar və molekulların xüsusiyyətlərini araşdırır", - Martin Rinqbauer qeyd edir.

ÜNN hər hansı bir obyektin zamanda keçmişə yollana biləcəyinin mümkünlüyünü dəstəkləyir, hansı ki belə halda qapalı zamanaoxşar əyriliyə (closed timelike curve) düşür. Lakin bu proses bir sıra paradoks doğura bilər: məsələn, zaman səyahətçisi valideynlərinin tanış olmasına maneə ola, bu da onun özünün dünyaya gəlməsini mümkünsüzləşdirə bilər.

1991-ci ildə təklif edilmiş fərziyyəyə görə, kvant dünyasında zaman səyahəti belə paradoksları istisna edə bilər, çünki Heyzenberqin qeyri-müəyyənlik prinsipinə əsasən, kvant hissəciklərin xassələri dəqiq müəyyən olunmur.

Avstraliyalı alimlərin kompüter təcrübəsində ilk dəfə kvant hissəciklərin oxşar ssenaridə davranışı öyrənilib. Bundan başqa yeni maraqlı effektlər aşkarlanıb, hansıların ki özlərini büruzə verməsi standart kvant mexanikasında mümkünsüzdür. Misal üçün, kvant sistemin müxtəlif hallarının dəqiq ayırd edilə biləcəyi məlum olub ki, əgər kvant nəzəriyyəsi çərçivəsində qalsaq, bu, tamamilə istisnadır.

Həmçinin oxuyun:

Zamanda informasiya mübadiləsi mümkündür
Zaman səyahətçisi internetdə axtarılır

Qaranlıq materiya nəhayət tapılmış ola bilər
daha ətraflı...

Qaranlıq materiya nəhayət tapılmış ola bilər

İki kosmik cihaz maddi kainatımızın böyük bir hissəsini təşkil edən və "qaranlıq materiya" adlanan sirli maddə formasına aid ola biləcək siqnal qeydə alıb.

NASA tərəfindən buraxılmış kosmik rentgen rəsədxanası "Chandra" və kosmik rentgen teleskopu "XMM-Newton" eyni anda 70-dən çox qalaktik sistemdən yayılan rentgen şüalanması siqnalını qeydə almağa nail olub. Rentgen şüalarının mənşəyi hələlik tam müəyyənləşdirilmiş olmasa da, bir çox alimlər şüalanmanın qara materiyaya aid hissəciklərin dağılmasından meydana gəldiyini hesab edir.

"Əminliklə siqnalın qaranlıq materiyadan yayıldığını demək üçün hələlik tezdir. Lakin əgər bu versiya təsdiqlənərsə, o zaman söhbət çox böyük kəşfdən getmiş olacaq. Biz, əldə edilmiş nəticələrin belə şərhinin yoxlanış mərhələsindəyik", - Harvard-Smitson astrofizika mərkəzindən olan Əsra Bülbül qeyd edir.

Qaranlıq materiya işıq süalarını udmadığı və yaymadığı səbəbindən belə adlanır. Lakin onun cazibə qüvvəsi adi maddəyə təsir etdiyindən, təsdiqlənmiş olmasa da, indidən mövcud olduğunu demək olar. Kainatın 80%-dən də artıq hissəsinin qaranlıq materiyadan təşkil olunduğu hesab edilir.

Uzun illərdir mütəxəssislər qaranlıq materiyanın komponentləri roluna mümkün namizədlər kimi bir sıra ekzotik hissəcikləri təqdim edirdi. Bunlardan biri steril neytrino adlanan hipotetik neytrino növüdür, hansı ki dağıldıqda rentgen şüaları yaymağa başlayır. Alimlər hesab edir ki, rentgen teleskopları tərəfindən ələ keçirilmiş siqnallar həmin steril neytrinolar tərəfindən hasil edilmiş ola bilər. Amma siqnal qeydə alındığı vaxt cihazlar həssaslıq dərəcəsindən kənarda olduğundan, detektorların səhv etdiyi də istisna olunmur.

Bundan başqa alternativ versiya da var: həmin siqnallar qalaktik sistemlərin adi maddələrindən qaynaqlanmış ola bilər. Lakin belə bir nəzəriyyə müasir kosmologiya faktları ilə ziddiyyət təşkil edir.

Həmçinin oxuyun:

İşıqdan materiya əldə ediləcək
Yeni materiya forması kəşf edilmiş ola bilər
Kvant fenomeni zamanı illüziyalaşdırır
daha ətraflı...

Kainat ilkin mərhələdəcə dağılmalı idi

Fiziklər yeni kəşf edilmiş Hiqqs bozonunun kütləsini, bu yaxınlarda cazibə dalğalarının tapılması ilə təsdiqlənmiş kosmik inflyasiya nəzəriyyəsində hesablamağa çalışıblar. Alimlərin hesablamasına görə, kainatımız Böyük Partlayışdan (The Big Bang) dərhal sonra dağılmağa məhkum idi.

Tədqiqatın nəticələrinə əsasən, Böyük Partlayış hadisəsindən bir mikrosaniyə sonra kainat dağılmalı idi. Ən azından əgər müasir Hiqqs bozonu və Böyük Partlayış nəzəriyyələrini qəbul etsək, belə bir yaranışın çətinlikləri göz qarşısında olacaq.

"Hal-hazırda Böyük Partlayışdan sonra ən çox məşhurluq qazanmış nəzəriyyə kosmik inflyasiyadır. Maddənin sürətli genişlənməsi bizi yeni energetik məkana çıxarır, hansında ki dünya dərhal dağılmalı idi", - London Krallıq Kollecindən olan Robert Hoqan qeyd edir.

Fiziklər nəticələri bir müddət əvvəl tapılmış Hiqqs bozonu xüsusiyyətlərində və cazibə dalğaları izlərində cəmləşdiriblər. Hiqqs bozonu digər elementar hissəciklərin kütləsinə cavabdehdir, cazibə dalğaları isə kosmik inflyasiyanı təsdiqləyərək, həm də digər parallel kainatların mövcudluğuna dair məlumatlar təmin edir.

Böyük Partlayışdan sonra işə düşmüş yeganə qüvvə cazibə deyildi. Müasir hipotezlərə əsasən, bütün kainatı əhatə edən Hiqqs sahəsi adlanan energetik sahə də mövcud olmalıdır, hansı ki bütün kainatı dələrək, hissəciklərə kütlə verir.

Robert Hoqan öz həmkarı Malkolm Feyrbeyrnlə birlikdə Hiqqs bozonu kütləsini hesablayıb işin içinə qataraq, kosmik inflyasiyanı yenidən yaratmağa çalışıb. Məlum olub ki, yeni doğulmuş kainatımız kvant fluktuasiyalar səbəbindən intensiv titrəyişlərə məruz qalmalı idi. Bu titrəyişlər də Hiqqs sahəsini parçalayaraq, bütün ilkin kainat sistemini ən aşağı energetik səviyyəyə endirərək, faktiki olaraq, onu dağıtmalı idi. Əgər kainat məhv olmalı idisə, onun hal-hazırki mövcudluğunu necə izah etmək olar?

"Yəqin ki, nəzəriyyələrimizdə gözdən qaçırdığımız hər hansı fiziki faktorlar mövcud ola bilər. Onların mövcudluğu haqda hələlik heç nə bilmirik", - Robert Hoqan deyir.

Nümunə üçün supersimmetriya nəzəriyyəsini qeyd etmək olar. Bu nəzəriyyəyə əsasən, bizə məlum istənilən elementar hissəcik super-ortağa sahibdir, lakin təəssüf ki, bunlardan heç biri təcrübi olaraq təsdiqlənə bilməyib. Tezliklə hazırlanacaq daha güclü kollayderlər köməyilə bu sirli hissəciklərin aşkar ediləcəyi istisna olunmur.

Həmçinin oxuyun:

Antimaddə hara yox oldu?
Nobel mükafatına layiq kəşfə imza atıldı
Yeni "Big Bang" baş verə bilər
daha ətraflı...

June 23, 2014

Niyə stress infarkta səbəb olur?

Alimlər niyə xroniki stressin infarkta səbəb olduğuna aydınlıq gətiriblər. Məlum olub ki, stress orqanizmdə kəskin leykosit istehsalına səbəb olur, bu da öz növbəsində damar tıxanıqlığı ilə nəticələnir.

Həkimlər uzun müddətdit ki xroniki stressin ürək-damar xəstəliklərinə səbəb olduğunu bilirdi, lakin belə təsirin mexanizmi sirr olaraq qalırdı. Stressin səbəb olduğu həddən artıq ağ qan hüceyrələri hasili qan damarlarının içəri divarlarında "tıxac" meydana gətirərək, qan dövranını yavaşladır və laxtalanma miqdarını artırır.

Harvard Tibb Məktəbindən olan Mattias Narendorf qeyd edir ki, ağ qan hüceyrələri müxtəlif infeksiyalarla mübarizədə böyük rola malik olsa da, miqdarı həddindən artıq olduqda zərər də verə bilər.

Harvardlı alimlər təcili yardım şöbəsindən olan 29 tibb işçisindən aldıqları qan nümunəsini araşdıraraq, stress və infarkt arasındaki əlaqəni aydınlığa çıxarmağa çalışdılar. Məlumdur ki, belə müəssisələrdə iş şəraiti təcili davranmaq və sair məsuliyyətlər səbəbindən davamlı stresslə əlaqəlidir.

İş və boş vaxtlarında həkim və tibb bacılarından alınmış qan nümunələrini yoxlayaraq, tədqiqatçılar stress və immun sistemi vəziyyəti arasındaki əlaqəni aşkar etməyə nail olublar. Nəticəyə əsasən, güclü stress sümük iliyinin kök hüceyrələrini aktivləşdirərək, çoxlu miqdarda ağ qan hüceyrələri - leykosit hasilinə gətirib çıxarır. Alimlər bundan başqa siçanlar üzərində də bir sıra təcrübələr aparıb. Nəticələr oxşarlıq təşkil edib: güclü stress əlamətləri olan siçanlarda da çoxlu leykosit istehsalı müşahidə edilirdi.

Mütəxəssislər qeyd edir ki, stress infarkta səbəb ola biləcək faktorlardan yalnız biridir. Bunlar arasına həm də orqanizmdə yüksək xolesterin səviyyəsi, yüksək təzyiq, siqaret istifadəsi və bəzi genetik faktorlar əlavə edilə bilər.

Həmçinin oxuyun:

Anabioz həyata keçir: Xəstələr dondurularaq müalicə ediləcək
Üç valideyndən olan uşaqlar gəlir
Süni qan erası başlayır
daha ətraflı...

June 22, 2014

İradə azadlığı illüziyadır?

Amerikalı alimlərin apardığı eksperimentlər insanlarda iradə azadlığı mövcudluğunu şübhə altına alıb. Alimlər təcrübədə iştirak edənlərin beyin vəziyyətini müşahidə edərək onların "təsadüfi olaraq" verəcəkləri qərarları əvvəldən dəqiqliklə proqnoz etməyə nail olublar.

Neyrofizioloq Bencamin Libetin məşhur təcrübəsində könüllü iştirakçılara öz istəklərindən asılı olaraq bu və digər siqnallara reaksiya vermələri təklif edilmişdi. İştirakçıların başına taxılmış elektrodlar isə hər hansı bir qərar qəbul olunduqda beyin aktivliyini qeydə alırdı.

Kaliforniya Universitetindən olan alimlər bu təcrübəni böyütmək qərarına gəliblər. Belə ki, bu dəfə könüllülərdən boş ekrana baxmaları və hər hansı bir görüntü peyda olduqda baxışlarını sağa-sola dəyişərək dərhal reaksiya vermələri istənilib.

Tədqiqatçılar iştirakçılara düşünmək üçün bir dəqiqə belə vermədən elə qərar verildiyi andaca beyin aktivliyini araşdırmaq istəyirdilər. Nəticələrə əsasən, iştirakçının reaksiyasını onun beyin davranışı ilə hələ siqnal verildikdən əvvəl proqnozlaşdırmaq mümkündür.

"Hər hansı bir görüntü peyda olduqdan əvvəl beynin vəziyyəti iştirakçının sağa yoxsa sola baxacağını tam müəyyənləşdirir. Bu da o deməkdir ki, ilk baxışdan təsadüfi görünən qərarlar beynin hazırki aktivliyindən asılıdır", - Cessi Benqson qeyd edir.

Bu beyin aktivliyini "fon gurultusu" kimi xarakterizə etmək olar. Lakin, faktiki olaraq, insan düşünmədən, təsadüfi olaraq seçim etdikdə, məhz bu "gurultu" onun qərarına cavabdeh olacaq. Alimlər "beyin gurultusunun" xarakteristikalarını bildikləri üçün iştirakçının təcrübədə hansı seçimi edəcəyini əvvəldən dəqiqliklə proqnozlaşdırırdılar.

Əgər qərar və ya seçimlərimiz beynimizdə məlum informasiyalar çərçivəsində müəyyənləşdirilirsə, elə isə əsrlərdir teoloq və filosofların üzərində baş sındırdığı iradə azadlığı nədir? Və ya iradə azadlığı mövcuddurmu, yoxsa insanın uydurduğu anlayışlardan biridir? Alimlər hələlik iradə azadlığı mövzusunda fizioloji proseslərə əsaslanmağın lazım olduğunu bildirirlər.

Həmçinin oxuyun:

Yuxularımıza necə nəzarət edə bilərik?
Beynimizin içindəki kompüter oyunları
Alkoqol gözdə cəlbediciliyi artırır
daha ətraflı...

Neandertallar mərhələlərlə təkamülləşib

İspaniyanın şimalında yerləşən Sima de los Huesos adlı mağarada aşkar edilmiş kəllə sümükləri şüurlu insanın Avropaya köç etməsindən xeyli əvvəl orada hökm sürmüş ovçu növlərin erkən təkamülünü anlamaq üçün imkan yaradıb. Bələ ki, fərqləndirici üz cizgilərinin mərhələlərlə təkamülləşdiyi məlum olub.

Tədqiqatda Madriddə yerləşən Komplutense Universitetindən olan Xuan Luis Arsuaqa Ferreras və həmkarları 17 kəllə sümüyünü ətraflı araşdıraraq, onları əldə olan həm neandertallara, həm də insan əcdadlarına aid fosillərlə müqayisə ediblər.

Nəticədə beyinlərinin eynən qədim heydelberq adamı formasında olduğu aydın olub. Lakin alın qövsləri və kiçik iti kök dişləri artıq neandertalı daha çox xatırladırdı ki, bu da qədim neandertalların çənələrini hələlik naməlum bir vəfizə üçün istifadə etdiklərini göstərir. Xuan Luis Arsuaqa Ferreras özü hesab edir ki, onlar dişlərini ələ keçirmə aləti kimi istifadə etmiş ola bilər.

Əldə edilən başqa bir maraqlı nəticəyə görə, neandertallar öz fərqləndirici cizgilərini uzun müddət ərzində mərhələlərlə təkamülləşdiriblər.

Alimlər Sima de los Huesos mağarasının unikallığından bəhs edirlər, çünki bu mağara özü ilə birlikdə qədim insan növlərinə aid nəhəng fosil kolleksiyası təqdim edir. Tapıldığı 1980-ci illərdən bəri, neandertallarda da daxil olmaqla, nəsli kəsilmiş növlərə aid dəyərli məlumatlar qazandıran əsas mağara hesab olunur. Son 30 il ərzində buradan insan və digər qohum növlərə aid təxminən 7 min sümük çıxarılıb.

Həmçinin oxuyun:

Neandertallar danışa bilirdi?
Neandertallar bizə genlərinin 20%-i verdi
Tapılmış əl sümüyü təkamül boşluğunu doldurur
daha ətraflı...

Britaniyada kreasionizm tədrisi qadağan edildi

Böyük Britaniya höküməti kreasionizm (yaradılışçılıq) tədrisinə qarşı tətbiq etdiyi qadağaların sərhədini genişləndirib. Əvvəllər bu qadağa yalnız dövlət məktəblərinə aid idisə, indi həyatın Tanrı tərəfindən yaradılması konsepsiyasını "açıq" məktəb və akademiyalar da tədris etməyəcək.

Hökümətin qəbul etdiyi yeni qərara əsasən, dövlət tərəfindən maliyyələşdirilən bütün Birləşmiş Krallıqlar məktəblərində kreasionizm və ya digər hər hansı bir "psevdoelm" konsepsiyasının yeridilməsi qanunsuzdur - əks təqdirdə həmin məktəb dövlət büdcəsindən maliyyə dəstəyi almaqdan məhrum ediləcək.

"Açıq" məktəb və ya akademiyalar - dövlət tərəfindən maliyyələşdirilən müstəqil qeyri-kommersiya qurumlarıdır. Lakin yerli hökümət oradaki təhsil prosesinə nəzarət etmir.

Britaniya Humanistlər Assosiasiyası (British Humanist Association) qanunvericiliyə əlavə edilmiş dəyişikliklərlə əlaqədar press-reliz buraxıb və bundan sonra şagirdlərə təkamül təlimi tədrisinin gücləndirilməsi lazım olduğunu bildirərək, kreasionizmin elmi fakt olmadığı üçün məktəblərdə qadağan olunmasını dəstəkləyib.

Assosiasiyanın üzvlərindən olan Riçi Tompson qeyd edir ki, belə qərarın təməlində bu fakt dayanır ki, hər bir gənc şəxsiyyətin yüksək keyfiyyətli, hərtərəfli və balanslaşdırılmış təhsil almaq haqqı var.

"Buraya, təkamül nəzəriyyəsinin vahid konsepsiyası olduğu biologiya daxildir, hansının ki öyrənilməsi insan həyatının necə yarandığının anlaşılması üçün vacibdir. Digər tərəfdən, kreasionizm kimi ideyaları elmi formada tədris etmək olmaz, bunun da səbəbi aydındır - belə ideyalar elmi deyil", - Tompson sözlərinə əlavə edir.

Həmçinin oxuyun:

Təkamül təlimi və Yaradılışçılıq
Elmi və Dini düşüncə arasındakı fərqlər
Avropa Şurası Parlament Assambleyasının 1580 saylı Qətnaməsi
daha ətraflı...
 
Copyright © 2014 Həyatın Təkamülü • All Rights Reserved.
Distributed By MyBloggerThemes | Design By Templateure
back to top